3. Məhkəmə ona ölüm kəsəndən sonra Sokratın çıxışı
Bir azca gözləməyə tablaşmadınız, ay afinalı kişilər, insanlar arasında adınızın yamanlığa çəkilməsinə qol qoydunuz, şəhərimizi ələ salmaq istəyənlərə: siz ünlü bilgə Sokratı öldürən adamlar deyilmisiniz?—deməyə tutarqa vermiş oldunuz. Sizlərə ilişmək istəyənlər, mən bilgə olmasam da, belə deyib, sizləri qınayacaq, aşağılayacaqlar. Ancaq sizlər bir az tablasaydınız, mən elə özüm ölüb gedəcəkdim; mənim yaşıma baxın, onsuz da ölməyimə elə də çox qalmamışdı. Mən bunu sizlərin hamısına yox, ölümümə səs verənlərə deyirəm. Bu adamlara bir sözüm də var: ay kişilər, ola bilsin sizlər düşünürsünüz, mənə ölüm kəsilməsinin nədəni o oldu, mən özümü doğrultmaq, sizlərin ürəyini yumşaltmaq üçün yetərli olacaq sözləri burada tapıb deyə bilmədim. Belə olmadığını biləsiniz. Yetərli olmayan mənim sözlərim deyil, yetərli olmayan məndə sırtıqlığın, utanmazlığın olmamasıdır, bir də məndə, özümü sizlərə bəyəndirmək umdusunun olmamasıdır, sizlər çox istərdiniz, məni öz qarşınızda hönkürüb ağlayan, yalvarıb yaxaran, bir sözlə alçalmış bir durumda görəsiniz, başqalarını belə görüb, buna alışmısınız. Mən isə belə qorxulası durumlarla üzləşəndə, özümü qul sayağı alçaqlığa salmaq istəmədim, özümü doğrultmaq üçün burada elədiyim çıxışlarımdan da oxsınmıram, özümü sizlər istəyən sayaq doğrultmaqdansa, ölməyi üstün tuturam. Məhkəmədə də, döyüşdə də, ölümdən qorunmaq gərəkir. Deyək, döyüşdə yarağını atıb qaçmaqla, səni öldürmək istəyənə yalvarmaqla da, ölümdən qurtulmaq olar; ancaq bir çox durumlarda ölümdən qorunmağın başqa yolları da var, bunun üçün qorxub çəkinmədən sözün düzünü deyirsən. Ölümdən qaçmaq ağır deyil, ay kişilər, bundan qat-qat ağırı üzüqaralıqdan qaçmaqdır, o isə, ölümdən də artıq bir yeyinliklə adamın üstünə gəlir. Ona görə də indi məni,–qoca, üzü ölümə sarı gedən birisini,–qarşıdan gələn ölüm yavaş-yavaş özünü yetirib, yaxalayırsa da, ancaq məni suçlayan bu güclü, başıboş adamları onların üstünə yeriyən, bundan da qat-qat yeyin gələn üzüqaralıq yaxalayacaqdır. Mən onların istəmiylə, ölümə qovuşmağa gedirəm, onlar isə düzgünlüyün istəmi ilə, əyriliklərinə, yamanlıqlarına qovuşacaqlar; artıq nə mənim, nə də onların uğrağını(taleyini) dəyişmək olası deyil. Görünür, bu olasıların başa gəlməsi də düzgünlüyün ortaya çıxması üçündür.
İndi isə, ay məni suçlayanlar, bundan sonra başınıza nələr gələcəyini sizlərə söyləmək istəyirəm. Mən indi elə anlarımı yaşayıram, deyilənə görə ölümdən öncə yaşanan bu anlarda, insanların gələcəyi görmə duyğusu qat-qat güclənir. İndi ay kişilər, mən sizlərə dərin bir inamla deyirəm, məni öldürəndən sonra, çox keçmədən, sizlərdən bunun öcü alınacaq, özü də bu öc sizlər üçün, mənim ölümdən duyacağım acılardan qat-qat ağır olacaq. Məni öldürməklə, sizləri ömrünüzü istədiyiniz kimi boş-boşuna yaşamaqdan çəkindirən birini aradan götürmək istədiniz, ancaq bu istəyiniz doğrulmayacaq: bundan belə, sizin bu ölüvay dincliyinizi pozacaq çoxlu adamlar üzə çıxacaq, onları mən indiyə kimi toxdaq saxlamışdım, onlar biri-birindən gənc, biri-birindən artıq dözümsüz olacaqlar, sizin yaşamınızı ağuya döndərəcəklər. Elə düşünürsünüzsə, sizin düzgün yaşamadığınızı açıb ağardan, üzünüzə vuran adamları öldürməklə, sizi gözləyən qorxulu gələcəkdən yayına bilərsiniz, bərk yanılırsınız. Bu sayaq özünü qorumaq olası da deyil, yaxşı da deyil, ən qolayı, ən yaxşısı o olardı, sizlər düz danışanların ağızlarını yummaqdansa, qapıldığınız bu yamanlıqlardan əl çəkəydiniz. Mənə ölüm kəsən sizləri nələrin gözlədiyini deyib, çıxıb gedirəm. Ancaq indilikdə şəhərimizin ağalarının başlarının iş-gücdən ayılıb, məni öldürüləcəyim yerə göndərməsindən öncə, mənim ölümümə səs verməyən hakimlərlə qalıb, bir azca, burada baş verənlərdən danışmaq istərdim. Mənim ölümümü istəməyən kişilər, başıma yığışın! İndi artıq bizə danışmağı kimsə yasaq eləyə bilməz. Mən siz arxadaşlarıma, indi burada nə baş verdiyini anlatmaq istəyirəm. Ay hakim kişilər,-məncə, sizlərə burada tutduğunuz doğru yola görə hakim demək olar- burada keçirilən məhkəmədən öncə də, onun bütün gedişi boyu da, mənim başıma gələn çox anlaşılmaz olaylardan sizə danışmaq istəyirəm. İndicə burada da dediyim kimi, bütün ömrüm boyunca, ara vermədən tanrıdan gələn bir səs, məni görmək istədiyim gərəksiz, düzgün olmayan işlərdən çəkindirmişdir; ancaq indi burada mənim başıma özümün də gözləmədiyim bir iş gəldi, bilmirəm buna pislikmi deyim, yoxsa yaxşılıqmı, mən biləsi, belə işlərə adamlar yaxşılıq da demirlər; ancaq bu tanrıdan gələn səs, ertədən evdən çıxanda da, bu məhkəmənin qapısından içəri girəndə də, buradakı bütün çıxışlarım boyu da, bir yol da olsun, məni bunlardan çəkindirmədi. Axı qabaqlar, gərəksiz bir söz demək istəyəndə, sözümü ağzımda qoyub, məni saxlayan bu səs, indi məni nə elədiklərimdən, nə də danışdıqlarımdan çəkindirmək istədi. Bunu necə anlamalı? Qulaq asın, deyim: belə çıxır, bu məhkəmədə baş verənlər mənim yaxşılığım üçünmüş, deməli buçağacan, bizim ölümün insana qarşı baş verən bir yamanlıq olduğunu düşünməyimiz də yanlış imiş. Mən indi buna ürəkdən inanıram, bütün ömrüm boyu, haçansa yaxşılıqla qurtarmayacaq bir yolu tutmaq istəyəndə, tanrıdan gələn səs məni o andaca saxlayıb, bunu eləməyə qoymayıbsa, demək indi, bu baş verənlərin bundan ayrı bir yozumu ola da bilməz.
Gəlin bunu araşdırmağa çalışaq, ölümdə hansısa yaxşılığın olmasına umunc yeri varmı? Düzgün yanaşmağa çalışsaq, onda ölüm bu iki nəsnədən biri olmalıdır: birincidə bu, ola bilsin, öz diriliyindən bir yolluq ayrılmaqdır, belədirsə, onda ölümdən sonra nə baş verirsə biz onları duyası deyilik, ikincisi də, ola bilsin bu, öpözün(ruhun) yerdəyişməsi, onun buradan başqa bir yerə köçməsidir, adamların çoxluğunun danışdığına inansaq, bu elə belədir də var. Ölümdən sonra insan artıq nəsə duymursa, bu lap yuxu görmədən, yatmağa bənzəyir, oysa bu çox gözəl bir uğracaqdır. Mən bu konu üzrə belə düşünürəm, birdən birisi yuxu görmədən yatdığı bir gecəni götürüb, onu ömrünün bütün qalan gecələri, gündüzləri ilə tutuşdursa, bu günlərinin o yuxu görmədən yatdığı gecədən nə ilə üstün olduğunu düşünüb-daşınsa,- hansısa sıradan bir adammı, böyük bir xaqanmı olsa belə,- bunların arasında böyük bir ayırd olunası nəsnə tapa bilməzdi. Ölüm bu deməksə, o doğrudan da bir gözəl tapıntıdır, bütün ömrümüz—yaşadığımız gündüzlərlə, yatdığımız gecələrin sıralanmalarının toplusudursa, yuxu görmədən yatdığımız o gecələr də ömrümüzün bir parçası sayılırsa, ömrümüzün qalan parçalarının ondan bir üstünlüyü yox imişsə, ölüm də elə ancaq yuxu görmədən yatdığımız gecələrimizə oxşayır. Başqa yandan, ölüm öpözümüzün buradan başqa yerə köçməsidirsə, deyilənlər düzdürsə, yəni bütün ölənlər oradadırsa, onda bundan yaxşı nə ola bilər, ay hakim kişilər? Doğrudan da, bu doğru yoldan azmış,–üzdəniraq hakim deyilən kimsələrdən yaxa qurtarıb, Aidə* gedib çıxsan, orada ən yaxşı hakimlərlə–Minosla, Radamantla, Eakla, Triptolemlə qarşılaşacaqsan; elədirsə, yaşamlarında düzgünlükləri ilə ad çıxarmış bütün yarımtanrıların olduğu bir yerə köç etməkdən də gözəl bir iş olarmı? Sizlərdən hansı biriniz, Orfeylə, Museylə, Hesiodla, Homerlə görüşə bilmək üçün, nələrindən keçməzdi! Ölüm budursa, onda mən bir yol yox, dönə-dönə ölmək istərdim; başqasını bilmirəm, mənə qalsa, orada yanlış qurulmuş məhkəmələrlə öldürülmüş: Palamedlə, Telamonun oğlu Ayaksla görüşüb danışar , öz uğrağımı(taleyimi), onlarınkı ilə tutuşdurub bir toxdaqlıq da tapardım. Bundan başqa da, oralara gedib çatınca, burada olduğu kimi, orada olan adamları da yaxından tanımaq, anlamaq, onlardan hansılarının doğrudan bilgə olduqlarını, hansılarının ancaq belə görünmək istəyib, özlüyündə bilgə olmadıqlarını araşdırmaq da mənim üçün çox gözəl bir iş olacaqdır; ay hakim kişilər, istənilən adam nələrindən keçməzdi, Troyaya o böyüklükdə qoşun çəkməyi bacaran adamı görsün, Odisseyi, Sizifi, bu kimi çoxlu adlı-sanlı kişiləri, qadınları, yaxından tanısın; onlarla danışmaq, bir yerdə yaşamaq, tanrıdan gələn ən böyük bir ərməğan olardı. Bir də mən ona arxayınam, orada belə danışıqlara görə adamları öldürmürlər, axı deyilənə görə oradakı adamların hamısı ölümsüz olurlar.
Ona görə də, ay hakim kişilər, sizlər də ölümdən pislik gözləməyin; deyilənlərə inansaq, yaxşı insanlara nə öz ömründə, nə də ölümündən sonra tanrılar yamanlıq eləmirlər, tərsinə, onlardan öz qayğılarını əsirgəmirlər; baxın, elə mənim uğrağım(taleyim) da özbaşına belə olmadı, görünür indi ölüb, qocalıqdan duymalı olacağım çoxlu sarsıntılardan qurtulmağım, elə ən yaxşı yol sayılmalıdır. Bax elə buna görə də, tanrıdan gələsi səs məni burada elədiklərimdən çəkindirmədi, elə mən özüm də, sözün düzü, mənə ölüm kəsən bu hakimlərdən çox da incimirəm. Onlar mənim yaxşılığımı istəmədən, mənə korluq vermək üçün, ölüm kəsiblər; ancaq özləri də bilmədən mənə yaxşılıq eləyiblər. Mənim onlardan da, sizlərdən də, bir kiçicik diləyim də var: ay kişilər, birdən görsəniz, mənim oğullarım yaşa dolduqdan sonra, öz ərdəmliklərindən çox, axça qazanmaq üçün əlləşirlər, onlardan bunun öcünü alın, elə mən elədiyim təki, onları danlayıb-dansayıb dinclik verməyin; görsəniz düşkünlüyə qapılaraq, ancaq özlərini düşünürlər, onların sıxıb suyunu çıxarın, mən də elə sizlərin içində üzləşdiyim, özünü tanımaqdan yayınanların, özünün düşkünləklərinə boyaq vurub, üstünlük kimi gözə soxanların, beləcə sıxıb suyunu çaxaradım. Belə olarsa, onda sizlərin düzgün olaraq, mənim oğullarıma suçlarına görə kəsdiklərinizdən, elə mənə də pay düşəcəkdir. Bax indi buradan getməli olduğum an gəlib çatdı, sizlərin yaşamalı, mənim isə ölüb getməli olduğumuz çağlar başlayır, indi başladığımız bu yolla—bizlərdən hansımız yaxşılığa çatmağa doğru gedirik, bunu tanrılardan başqa bir kimsə bilmir.
DUYDURMALAR(şərhlər).
1. “Aristofanın komediyası”—Burada, bizim çağdan qabaq, 444-387-ci illərdə yaşamış yunan komediya yazarı, gerilikçi gələnəklərin qızğın qorucusu kimi tanınmış Aristofanın, “Buludlar” komediyasından söz açılır, Aristofan bu komediyasında Sokratı yanlış olaraq “sofist” kimi göstərmişdir.
2. Min—Əski çağlarda yunanıstanda 280 qramlıq çəkini bildirmişdir, bununla axçanı da ölçmüşlər, bir min axça, 280 qram gümüşün dəyərini bildirmişdir.
3. Delf tanrısı— Delf, Yunanıstanın Fokide bölgəsində şəhər olmuş, burada yunanların ellikcə tapındığı Apollonun Tanrı evi olmuşdur. Delf tanrısı adlandırılan Apollonun Tanrı evinin orakulu(öncəgörəni-fala baxanı), yunanlar arasında çox sayğılı kimsə sayılmış, o çağların insanları çox önəmli işlərini ona gənəşib, Apollonun istəmini öyrənərək başlamışlar.
4. “And olsun körəyə”—Əski çağlarda yunanlarda bütün durumlara görə tanrıların adına and içmək yolverilməz sayıldığından, sözarası, az önəmli işlərdən danışanda, bu sayaq and içmişlər.
5. Tanrıca—Yunan mifolojisində, birincidə tanrıların öz aralarında, ikincidə onların insanlarla sevişməsindən törəyən, tanrılardan bir basamaq(pillə) aşağıda duran, çoxlu ölməz tanrıcalar da olmuşdur.
6. “Fetidanın oğlu”—Burada Troya savaşının başlıca ərənlərindən olmuş Axillesdən söz açılır. Yunan mifolojisinə görə, Axilles öləri insan—Mirmidon çarı Peleylə, ölməz dəniz tanrıcası Fetidanın sevişməsindən doğulmuşdur. Anası Axillesi də ölməzliyə qovuşdurmaq üçün, onu yeraltı dünyada axan Stiks çayında çimizdirəndə, topuqlarını əlinin içində saxladığından, onlar qutsal suya toxunmamış, Axillesin topuğu onun öldürülə biləcəyi tək yer olaraq qalmışdır, sonradan onu Troya savaşında topuğundan oxla vurub öldürmüşlər.
7. Aid—Yunan mifolojisində, ölənlərin öpözlərinin(ruhlarının) köçüb getdiyi yeraltı dünya, buranın yönətimçisi də Aid adında tanrı sayılmışdır.
8. “Səslərin bu sayaq bolünməsi”—Sokratın məhkəməsində 501 andlı hakim olmuş, onlardan 280-i onun öldürülməsinə, 221-i isə ölümünə qarşı səs vermişdilər.
9. Drahm—Əski çağlar Yunnanıstanında, 4-7 qram arasında olan çəkini bildirmək üçün işlənmişdir, bir drahm axça, bu çəkidə olan gümüşün dəyərində sayılımışdır.
Dostları ilə paylaş: |