[5]
Maddə 9. Tullantıların emalı şərtləri [27]
Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir:
tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi;
texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi;
tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması;
tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması;
ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması;
yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması;
tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;
tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;
Maddə 10. Tullantıların emalı yerlərinə tələblər
Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır.
Tullantıların emalı yerləri və texnologiyaları seçilərkən insan səhhətinə və ətraf mühitə ziyanlı təsir barədə ekoloji ekspertizanın tələbləri əsasında müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] müəyyən etdiyi şərtlər nəzərə alınmalıdır.
Tullantıların emalı yerlərinin ətraf mühitə təsirini müəyyən etmək məqsədilə ətraf mühitin monitorinqi aparılmalıdır.
Tullantıların emalı yerlərində mərz nişanları və nəzarətli girişlər olmalı, texnoloji məntəqələrin ətraf mühit üçün tamamilə təhlükəsizliyi təmin edilməlidir. Bu məqsədlə nəzərdə tutulmayan yerlərdə tullantıların yerləşdirilməsi və emalı qadağandır.
Tullantıları emal edən müəssisələrin fəaliyyəti tullantıların həcminin azaldılmasına və zərərsizləşdirilməsinə yönəldilməlidir. Bu müəssisələr öz fəaliyyətini nizamnamələrində nəzərdə tutulan qaydada və tullantılara mülkiyyət hüququnu təsdiq edən sənədlər əsasında həyata keçirirlər.
Tullantıları emal edən müəssisələrdə müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Səhiyyə Nazirliyi] tərəfindən təsdiq edilən qəza hallarının ləğv edilməsinə dair tədbirlər planı olmalıdır.
Maddə 11. Tullantıların yerləşdirilməsinə tələblər
Tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları] icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir.
Tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə obyektlərin tikintisi üçün yer seçərkən müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi və yerli icra hakimiyyəti orqanları] razılığı ilə xüsusi (geoloji, hidroloji və s.) araşdırmalar aparılmalı və lazım gəldikdə ictimai rəy nəzərə alınmalıdır.
Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq , turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. [28]
Tullantıların basdırılma yerləri müvafiq icra hakimiyyəti orqanlarının [Azərbaycan Respublikasının Nazirlər Kabineti] müəyyən etdiyi qaydada tullantıların basdırılma yerlərinin dövlət reyestrinə daxil edilir.
Müvafiq icra hakimiyyəti orqanları [Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və yerli icra hakimiyyəti orqanları] ilə razılaşdırılan qaydada mülkiyyətçi tərəfindən basdırılma yerlərinin monitorinqi aparılmalıdır.
Tullantıların yerləşdirildiyi obyektlərin və ya sahələrin mülkiyyətçiləri bu obyektlərin və ya sahələrin istismar müddəti başa çatdıqdan sonra lazımi bərpa işləri aparmalıdırlar.
Tullantıların toplanmasını səmərəli təşkil etmək məqsədilə qiymətli komponentlər (yeyinti və toxuculuq məhsullarının tullantıları, müxtəlif metallar, kağız və s.) ayrı-ayrılıqda toplanmalıdır.
Dostları ilə paylaş: |