MÖVZU 1.
KURSUN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ
1.1. Müasir elmlər sistemində iqtisadi nəzəriyyənin yeri və rolu
Bəşəriyyətin keçdiyi mürəkkəb və ziddiyyətli yüksəliş yolunun, müxtəlif ictimai-iqtisadi quruluşların, fərqli təsərrüfat sistemlərinin ümumi inkişaf qanunauyğunluqlarının, onların özünəməxsus cəhətlərinin tənqidi surətdə təhlil olunub öyrənilməsində, ən başlıcası isə bu zəngin təcrübədən yaradıcılıqla faydalanmaqda, ictimai elmlərin tərkib hissəsi sayılan iqtisadi nəzəriyyənin müstəsna əhəmiyyəti vardır.
İnsanlar yaşadıqları cəmiyyəti, onun enişli-yoxuşlu inkişaf mərhələlərini və hazırda gəlib çatdığı sosial–iqtisadi səviyyənin konkret göstəricilərini, eyni zamanda gələcək yüksəliş istiqamətlərini elmi biliklər əsasında öyrənib müəyyənləşdirirlər.
Ümumiyyətlə elm dedikdə - təbiət, cəmiyyət və insan təfəkkürünün inkişaf qanunları haqqında vahid biliklər sistemi başa düşülür. Hələ qədim dövrlərdə elm öz tədqiqat sahələrinə görə təbiət və cəmiyyət elmlərinə ayrılmışdı. Müasir dövrdə elm – ictimai (sosial), təbiət və texniki elmlərə bölünür.
Geniş əhatəli iqtisad elminin nəzəri və metodoloji əsası olan iqtisadi nəzəriyyənin müxtəlif problemlərini bilmək, qarşıya çıxan gündəlik, habelə gələcək qayğıları səriştəli həll etmək yolunda dövlət xadimlərinə, siyasətçilərə, diplomatlara, işgüzar bizneslə məşğul olanlara, gələcək mütəxəssislərə sadə peşə sahibi insanlara da, şübhəsiz faydalıdır. Tanınmış iqtisadçı Q.Mənkyü (ABŞ) qeyd edir ki, sadə işlərdən başlamış ən yüksək məsuliyyətli vəzifələri yerinə yetirərkən “iqtisad elminin sərt qayda-qanunlarına bələd olmaq” həmişə yardımçı və köməkçi rolunu oynayacaqdır.
Mütəxəssislərin fikrincə, iqtisad elmi mütləq hökmlər vermək və uzunömürlülüyü ilə öyünə bilməz. Çünki, həyat inkişaf edib irəlilədikcə, iqtisadi sistemlər dəyişdikcə, elm-texnika sahəsində yeni nailiyyətlər qazanıldıqca, daha mükəmməl materiallar və resurslar meydana çıxdıqca, istehsalın və insanların tələbatları, zövqləri dəyişdikcə, şübhəsiz iqtisad elminin (nəzəriyyənin) qarşısında duran problemlər də yeniləşir. Lakin iqtisadiyyatın əsas vəzifəsi - insanların müxtəlif təyinatlı tələbatlarını ödəmək üçün maddi (mənəvi) nemətlər istehsal etmək və müxtəlif təyinatlı xidmətlər (servis dairəsi) göstərməkdir.
Bu iqtisadi vəzifə isə təbii resursların müəyyən məhdudluğu və insanların maddi, habelə mənəvi tələblərinin artması, hətta sonsuzluğu ilə bağlıdır. Müasir anlamda iqtisad elmi mövcud resursların məhdudluğu və tələblərin sonsuzluğu şəraitində, maddi nemətlərin (xidmətlərin) istehsalı, bölgüsü, mübadiləsi, istehlakı prosesində insanların iqtisadi fəaliyyətinin təhlilidir.
Cəmiyyətdə baş verən geniş əhatəli iqtisadi proseslər təbiidir ki, ümumi tələblə təklifin qarşılıqlı əlaqəsi, qiymətlər mexanizmi vasitəsilə, bazar rəqabəti şəraitində müəyyən enib-qalxmalarla həyata keçirilir. Ona görə də, müxtəlif istiqamətli iqtisadi nəzəriyyələrin qarşısında cəmiyyət üçün son dərəcədə vacib əhəmiyyətə malik olan belə bir suala ən səmərəli cavab tapmaq durur: “nə istehsal etməli, necə istehsal etməli, kim üçün istehsal etməli?” Deməli, iqtisad elmi və nəzəriyyəsi qısa şəkildə “kim, nə, necə?” sualına cəmiyyət miqyasında optimal cavab axtarır. Bu isə o qədər də asan bir məsələ deyildir.
Müxtəlif istehsalçılardan, çoxsaylı alıcılardan, ümumi və fərdi maraqlardan, daxili və xarici amillərdən asılı olaraq, iqtisadi nəzəriyyə öz qarşısında duran vəzifələri uğurla həll etmək üçün, şübhəsiz bir sıra şərtlərlə, subyektiv-obyektiv maneələrlə, ciddi əngəllərlə rastlaşır. Lakin iqtisad elmi, bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində həmişə bu problemlərə cavab axtarmışdır.
Cəmiyyətin təsərrüfat həyatı problemlərinə yanaşıb, onları konkret şəraitə uyğun həll etmək yolunda iqtisad elminin rolunu yüksək qiymətləndirən Amerika iqtisadçısı P.Samuelson, iqtisadi nəzəriyyəni elmlərin şahı adlandırmışdı. Nobel mükafatı laureatı M.Fridmen (ABŞ) iqtisadi nəzəriyyəni insanı heyran edən maraqlı elm kimi səciyyələndirmişdir.
Riyazi məntiqin banilərindən biri B.Rassel (İngiltərə) iqtisad elmini xeyli asan hesab edərək, bu sahədə məşğul olmaq istəməmişdi. Əksinə, alman fiziki M.Plank iqtisad elminin çətin olduğunu söyləyərək, fizika-riyaziyyat sahəsinə keçmişdi. İqtisadçı A.Heylləronner bu peşə üçün “dəvə dözümü və müqəddəs adamlara xassələr” lazım olduğunu qeyd etmişdi. Təbiidir ki, iqtisadçı daim öyrənməli və öz üzərində çalışmalıdır, çünki belə olmasa, iqtisadçı musiqi əsərini qiymətləndirən kar adama oxşayacaqdır.
Müasir mərhələdə, planlı sosialist inzibati amirlik iqtisadi sisteminin dağılıb, bazar münasibətlərinin formalaşdığı postsosialist və postsovet ölkələrində, o cümlədən də Azərbaycan Respublikasında iqtisad elmi, habelə onun ayrı-ayrı sahələri qarşısında mühüm vəzifələr durur.
Bütövlükdə bir sistem halında iqtisad elminin həm nəzəri, həm də əməli (təcrübi) istiqamətləri vardır. Bu mənada iqtisadi nəzəriyyə pozitiv və normativ kimi hissələrə ayrılır.
İqtisadi nəzəriyyə əksər hallarda cəmiyyətin başlıca iqtisadi problemlərinin həlli və bunun üçün necə fəaliyyət göstərildiyi ilə məşğul olub, izah edir. İqtisadi nəzəriyyə bir elm kimi ilk növbədə cəmiyyət həyatında gedən prosesləri hərtərəfli təhlil edir, faktları izah edir və yaranmış vəziyyətin dolğun mənzərəsini yaradır. Lakin obyektiv yaxud subyektiv səbəblər üzündən apardığı təhlil əsasında öz məsləhət və tövsiyələrini vermir. Cəmiyyət həyatında baş verən iqtisadi proseslərə belə yanaşma üsuluna pozitiv mövqe deyilir və bu cür təhlil pozitiv nəzəriyyəyə aid edilir. Məsələn pozitiv iqtisadi nəzəriyyə konkret bir ölkənin timsalında istehsalın azalması, işsizlik səviyyəsinin artmasını göstərə bilər, lakin bu mənfi proseslərin necə aradan qaldırılması yolları haqqında öz tövsiyələrini vermir.
Pozitiv nəzəriyyədən fərqli olaraq, normativ iqtisadi nəzəriyyə yaranmış vəziyyəti təsvir etməklə yanaşı, ondan çıxış yollarını da göstərir. Normativ nəzəriyyə iqtisadi hadisə və proseslərin gələcək meyllərini, inkişaf istiqamətlərini görərək, öz konkret məsləhətlərini, tövsiyələrini verir. Təbiidir ki, normativ iqtisadi nəzəriyyə pozitiv iqtisadi nəzəriyyəyə nisbətən iqtisadçılar və mütəxəssislər arasında daha çox mübahisələrə səbəb olur. Çünki həmin proseslər (iqtisadi artım, yığım norması, yeni iş yerləri açılması) birmənalı qarşılanmır, müxtəlif qrupların yaxud şəxslərin maraqlarına toxunur.
Tarixən bəşəriyyətin keçdiyi inkişaf yolu boyunca mövcud olmuş cəmiyyətlərin həyatı, ictimai-siyasi, iqtisadi-sosial və mədəni-əxlaqi sahələrin vəhdəti kimi səciyyələnir. Doğrudur, qarşılıqlı əlaqə və təsir nəticəsində tam bir sistem kimi fəaliyyət göstərən cəmiyyət həyatında bu cəhətlərin hansınınsa çatışmaması, yaxud nöqsanı, bütövlükdə cəmiyyət həyatına öz təsirini göstərəcəkdir. Deməli, bütün cəhətlərin normal və ahəngdar fəaliyyəti sahəsində iqtisadi sistem yaşayıb inkişaf edə bilər.
Lakin bu da danılmaz faktdır ki, cəmiyyət həyatının sahələri arasında iqtisadiyyat, həyatın davamı və insanların yaşayıb inkişaf etməsi üçün həqiqətən həlledicidir. İqtisadiyyat anlayışı geniş mənada cəmiyyət həyatının təməlini təşkil etdiyindən, iqtisad elmi də bütün iqtisadi bilik dairələrini əhatə edir. İlk mərhələdə təsərrüfat və onun idarə olunması qanunları mənasını daşıyan bu anlayış, hazırda mürəkkəb, habelə çoxcəhətli bir fəaliyyət dairəsini, yəni bütövlükdə iqtisadiyyatı əhatə edir.
Məlumdur ki, insan cəmiyyəti formalaşdığı ilk addımlarından başlayaraq indiyədək həmişə iqtisadiyyatla, təsərrüfatla bağlı olmuşdur. Vaxtilə yalnız təbiətin hazır məhsullarından, təbii nemətlərindən istifadə etməklə kifayətlənmiş insanlar, tədricən əkinçilik və maldarlıqla məşğul olmuş, sənətkarlıq şeyləri hazırlamış, müxtəlif emalatxanalar təşkil etmiş, fabrik və zavodlar tikmiş, nəqliyyat vasitələrini təkmilləşdirmiş, elektrik və atom enerjisindən istifadə etməyi öyrənmiş, kosmosu fəth etməyə başlamışlar.
İnsan cəmiyyəti və onun yaşayışının əsası sayılan təsərrüfat həyatı sahələri genişləndikcə, iqtisadiyyatı daha səmərəli yollarla inkişaf etdirmək üçün elmi-nəzəri biliklərə ehtiyac artmışdır. Həyat irəliləyib inkişaf etdikcə, insanların təsərrüfat əlaqələri genişləndikcə, ayrı-ayrı ölkələr arasında ticarət münasibətləri yeni sahələri əhatə etdikcə, şübhəsiz bu proseslər haqqında olan iqtisadi nəzəriyyələr də dəyişmişdir.
Müxtəlif məktəb və istiqamətlərindən asılı olmadan, ölkənin və dünyanın təsərrüfat həyatındakı iqtisadi artım, yığım və istehlak, tələb və təklif, qiymət və rəqabət, inflyasiya və işsizlik, maliyyə və pul-kredit sistemi, büdcə və vergilər, investisiya və xarici borclar, başqa ölkələrlə xarici iqtisadi-ticarət əlaqələri və beynəlxalq valyuta-kredit münasibətləri, inteqrasiya və qloballaşma proseslərinin sosial-iqtisadi nəticələri kimi aktual problemlər həmişə iqtisadi nəzəriyyənin diqqət mərkəzində durmuşdur.
Dostları ilə paylaş: |