Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında


Məhkəmə ekspertizasının aparılmasının əsasları



Yüklə 489,47 Kb.
səhifə8/11
tarix02.01.2022
ölçüsü489,47 Kb.
#38380
1   2   3   4   5   6   7   8   9   10   11
QANUN

Maddə 21. Məhkəmə ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Maddə 22. Məhkəmə ekspertizasının aparılması
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.

Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.

Tədqiqat prosesində ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.

Məhkəmə ekspertizasının aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə müvafiq olaraq müəyyən edilir.
Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin təşəbbüsü ilə ekspertizanın aparılması
Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə Tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda ekspertizanın müdafiə Tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.
Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.

Məhkəmə-tibb (məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir.

Məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması, о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.

Məhkəmə ekspertizası idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir.

Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 24. Məhkəmə ekspertizasının aparılmasında məhdudiyyətlər

Məhkəmə ekspertizası idarəsi rəhbərinin işdə maraqlı olduğunu təsdiq edən hallar müəyyən edilərsə, məhkəmə ekspertizasının aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış tədqiqat isə dərhal dayandırılmalıdır.

Ekspert, Azərbaycan Respublikasının prosessual qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal dayandırmalıdır.

Məhkəmə ekspertizasının aparılması, bu maddənin birinci və ikinci hissələrinin tələblərinin pozulması ilə həyata keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi istifadə edilə bilməz. Belə olduqda, məhkəmə ekspertizasının təyin (sifariş) edilməsi məsələsi yenidən həll edilir.


Maddə 25. Proses iştirakçılarının məhkəmə ekspertizasının aparılmasında iştirak etməsi

Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə bilərlər.

Məhkəmə ekspertizasının aparılmasında iştirak edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə edə bilməzlər, lakin məhkəmə ekspertizasının predmetinə dair ekspertə suallar və izahatlar verə bilərlər.

Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin məhkəmə ekspertizası ekspertlər tərəfindən aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş nəticələrin yekunlaşdırılması mərhələsində proses iştirakçılarının iştirakına yol verilmir.

Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər və həmin şəxsə verilmiş icazənin ləğv edilməsi barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldıra bilər.
Maddə 26. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyi və onun məzmunu

Aparılmış tədqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla, məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində aşağıdakılar göstərilir:

məhkəmə ekspertizasının aparıldığı tarix və yer;

məhkəmə ekspertizasının aparılmasının əsasları;

məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs haqqında məlumat;

məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;

Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyət barədə ona xəbərdarlıq edilməsi;

məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar;

məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat obyektləri və iş üzrə materiallar;

məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat;

istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri;

tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrinin əsaslandırılması və dürüst ifadə olunması.

Məhkəmə ekspertinin (ekspertlərinin) rəyini əks etdirən materiallar rəyə əlavə edilir və onun tərkib hissəsini təşkil edir. Tədqiqatın gedişatı, şəraiti və nəticələrini özündə əks etdirən sənədlər məhkəmə ekspertizası idarəsində saxlanılır. Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin tələbi ilə həmin sənədlər işə əlavə olunmaq üçün onlara göndərilə bilər.

Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapır.
IV fəsil


Yüklə 489,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin