Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu
(Giriş üçün)
Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun məktəblilərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəli sistem yaratmaq məqsədilə verdiyi məlum əmri məhz şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına yönəlmiş əvəzsiz perspektivi olan layihəyə doğru atılmış zəruri bir addımdır.
Mütaliə mədəniyyəti insan həyatında böyük rol oynayır. Şifahi və yazılı nitq şəxsiyyətin formalaşmasının mühüm vasitələrindəndir. Bu, onlara təhliletmə, müşahidə, insanı bir fərd kimi öyrənmək bacarığını aşılayır.
Mədəni nitqin əsası ilk öncə ailədə qoyulur, sonra isə fərdin bağça, məktəb mərhələsində davam etdirilir: özəyi anadan, bağçada tərbiyəçi-müəllimdən, məktəb illərində oxu kitablarından, ədəbiyyat dərsliklərindən, əlavə bədii oxu vəsaitlərindən, əlbəttə ki, dil-ədəbiyyat müəllimlərinin verdiyi bilikdən, dil nümunələri ilə zəngin radio-televiziya verilişlərindən qaynaqlanır, onların əvəzsiz zəhməti hesabına formalaşıb yaranır. Məhz bunların sayəsində uşaqlarda söz ehtiyatı artır, düzgün dil vərdişləri, mədəni danışıq adəti formalaşır. Şəxsi ünsiyyət, ümumilikdə, onun təfəkkür tərzi, dünyagörüşü, bunların sayəsində yaradılan elmi təsəvvürlər də fərdin nitq inkişafında əvəzsiz rol oynayır. Orfoqrafik və orfoepik normalara yiyələnməklə sinifdə müəllim və yoldaşları qarşısında ifadəli oxu, müxtəlif fənn mövzularını səliqəli və rəvan şəkildə çatdırmaq uşaqların mədəni nitqini inkişaf etdirir. Müəllim və nümunəvi şagird kollektivinin mədəni, səlis, məntiqli danışığından yararlanmaq fərdin düzgün tələffüz vərdişlərini, mədəni danışıq tərzini, yazı mədəniyyətini də (inşa yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatdırır.
Qrammatikada təlim dili dil qanunlarının tətbiqini öyrənir. İfadəli oxu, şeirlərin əzbər söylənilməsi prosesi şagirdlərin nitqinin püxtələşməsi, səlisləşməsilə yanaşı, onların elmi və bədii düşüncəsinin formalaşmasına da təsirini göstərir. Bu vaxt dil müəlliminin nitqi, pedaqoji ustalığı, rəvan oxu və deklomasiya qabiliyyəti, gözəl danışığı, nəcib hərəkətləri, hətta geyimi, mimika və jestləri şagirdlərin nitqinin müsbətə doğru cilalanmasına səbəb olur, canlı nümunə kimi onların bədii və estetik zövqünün formalaşmasına təkan verir. Deməli, valideynlərin, müəllimlərin, televiziya aparıcılarının diksiyası, tərəf-müqabili ilə ünsiyyət qabiliyyəti, hadisəni şərh etmək bacarığı şagirdləri gözəl danışmağa ruhlandırır. Onlar fikin dəqiq ifadəsi üçün sözləri düzgün seçməyə, hər sözün, ifadənin məna tutumunu bilməyə, onları öz yerində işlətməyə çalışırlar.
Mövzuya, mətnə uyğun sözləri seçib işlətmək, fonetik normaları gözləməklə nitqin təbiiliyinə, axarlığına, gözəlliyinə xələl gətirən quru, rəsmi tələffüzdən qaçmaq, cümlələri qrammatik və üslubi cəhətdən düzgün qurmaq, hər sözün, ifadənin ahənginə, vurğusuna diqqət yetirmək mədəni nitqin əsas şərtlərindəndir.
Görkəmli şəxsiyyətlərin yubileyinin təşkilinə məktəblilərin cəlb olunması, müxtəlif şeir müsabiqələri, bilik yarışlarının keçirilməsi şagird şəxsiyyətinin hərtərəfli inkişafına müsbət təsir göstərir.
Dostları ilə paylaş: |