Vladimir Sorokin – Snayperin Səhəri



Yüklə 35,99 Kb.
tarix09.03.2017
ölçüsü35,99 Kb.
#10794
Vladimir Sorokin – Snayperin Səhəri 

Səhər saat səkkizdə snayper mətbəxdə çayını içəndə bayırda güclü sulu qar ya­ğı­mı başladı. Lopa-lopa yağan qar az keçmə­miş pəncərədən görünən bomboz boşluğu da, karnizi də örtdü. Çayını bitirən snayper stəkanını yaxaladı, nəfəsliyi açıb küçəyə nəzər saldı. Damları və ağacları örtən qara, hələ ki, təkcə yaş asfalt təslim olmur, öz qaralığını qoruyurdu.


Bayıra tüpürən snayper nəfəsliyi ör­tüb, yır-yığışa başladı. Qırmızı yun jaketi­ni, isti qış şalvarını, qulaqlı papağını ge­yin­di, qardan seçilməmək üçün ağ rəngli xələtinə büründü, kətan çantasını çiyninə keçirdi, eyni parçadan qılıfı olan kara­bi­nini əlinə alıb eşiyə çıxdı.
Bayırda nəmişlik idi.
Qar aramsız ələyirdi, zibil qutularının həndəvərində iki nəfər itlə dolaşırdı, bir yük maşını mağazaya yan almağa çalışırdı.
Qılıfı çiyninə, əlcəklərini isə əllərinə taxan snayper, asfaltla yeriməyə başladı. İtlə gəzənlərə yetişəndə onlardan birisiylə salamlaşdı. Tanışı da gülümsünərək başını tərpətdi.
Bazar günü olsa da, tramvay ləbələb doluydu.
Güc-bəla kassaya yanaşan snayper dəliyə üç qəpiklik salıb, bir bilet cırdı. Sa­lona tərəf keçmək istəyəndə öz çantasıyla bir kişiyə toxundu.
Papağını düzəldən kişi onu süzüb:
- Barı tramvayda o şoğəribini yerə qoy da… – deyib donquldadı.
Bunu cavabsız qoyan snayper irəlilə­yərək, özünü boş oturacağa yıxdı.
Altı dayanacaqdan sonra, universamın yanında, təxminən hamı düşdü. Yarıboş salonu təbəssümlə süzən snayper yerini bir az da rahatladı.
Daha üç dayanacaq gedəndən sonra o da düşdü.
- Üçüncü Malenkov dalanı, ev sək­kiz… – deyə o, əlindəki kağız parçasını süzərək mızıldandı. – Haradasa buralar­dadır…
Çiynindəki qılıfa çəki-düzən verib, küçəylə irəliləməyə başladı.
Yan-yörəsində blok tipli evlər uca­lır­dı.
Skamyada oturan ağbirçək xəbər aldı:
- Səkkizinci ev? Budey burdadır dana!
Bunu deyərək o, çənəsiylə yaxınlıq­da­kı bir qrup evi göstərdi. Gözünü qıyan snayper soruşdu:
- Amma bunlardan hansıdır?
- Odey, o soldakı. Səkkizinci odur.
- Təşəkkür.
- Bir şey deyil.
Xəndəyin üstündən hoppanan snayper evlərə tərəf yönəldi.
Evlər müdirinin evini asanlıqla tap­dı. Qapı zənginə eşiyə çıxan dazbaş, nə isə gövşəyən, maykalı kişi başını yırğa­ladı:
- Məni axtarırsız? Keçin içəri.
Snayper:
- Yox, canım, sağ olun, – dedi. – Mən çardaqla əlaqədar gəlmişəm… bu da və­siqəm, – deyib əlini xələtinin yaxasından içəri apardı.
Evlər müdiri gülümsünərək:
- Barı bir bura keçin də. Bəyəm eşikdə də… – dedi.
İstəməsə də, snayper içəri keçib, vəsi­qə­ni ona uzatdı.
Sənədə əlüstü göz atan evlər müdiri:
- Hər şey aydındır… Bircə dəqiqə səbr edin… – deyib, əlindəki açar dəstə­sindən birisini ayırdı. – Orada qapı salxaq­dır, açanda onu bir az yuxarıya doğru dartın. Bir də oralarda ehtiyatlı olun, şüşə qırığı əlindən tərpənmək olmur…
Açar, başını tərpədən snayperin əlcək­li ovcunda əridi.
Çardaq qapısıyla xeyli əlləşməli oldu. Qapını itələyərək, açarı neçə yol burmalı oldu və handan-hana diziylə qapıya möh­kəm basmaqla bu işin çəmini tapdı.
Çardaq qaranlıq və rütubətli idi. Se­ment və pişik iyi verirdi.
Snayper yerə tüpürdü, qapını örtərək, ehtiyatla dar pəncərəyə yanaşdı. Ayaqları altında bəzən şüşə şaqqıldayır, bəzən isə kömür şlakı xırçıldayırdı.
Pəncərəni açdı, çantasını çıxarıb ayaq­larının yanına qoydu. Daha sonra qılıfdan çıxartdığı karabini üsulluca damın üstünə qoydu.
Qarla örtülü şiferin üstündən qanad­larını çırparaq pırıltıyla uçan bir göyərçin aşağılarda gözdən itdi.
Çantasını açan snayper oradan qeyd dəftərini və patron yığdığı parusin torba­cı­ğı çıxartdı.
Patron torbasını karabinin böyrünə qoydu, dəftərin son kərə yazılan səhifəsini açdı.
- Demək… Üçüncü Malenkov dalanı, ev… səkkiz, doqquz, doqquz “a”… aha… otuz dama.
Çantadan götürdüyü qələmi həmin səhifəyə qoyub, elə dəftər əlindəcə dama qalxdı.
Qar yenə də yağmağındaydı, amma əvvəlkinə nisbətən seyrək və narın idi. Qarlı dam örtüyü ayaqları altında quru-quru çırtıldayırdı. Karabinin kəmərini sol qoluna keçirən snayper əlindəki dəftər və patron torbasıyla ehmallıca aşağıya, damın lap ətəyinə endi. Burada navalçaya yaxın bir yerdə artıq pas tutmuş məftillərdən hörülmüş alcaq, metal məhəccər var idi.
Snayper bu məhəccər boyu navalçanın üstünə uzandı, torbasından yağ qoxuyan güllə darağını çıxarıb karabinə taxdı. Bunun ardınca saat kəmərinin altında saxladığı məxmər əskiylə optik nişan linzasını yaxşıca sildi.
- Səkkiz, doqquz, doqquz “a”… – deyib, 8, 9 və 9 “a” nömrəli evlərin ara­sındakı həyəti gözdən keçirdi, dodaqlarını fit çalar kimi büzüb, nəfəsini buraxdı.
Həyət çox iri idi.
Lap ortada taxta çəpərə alınmış sü­rüşmə qurğusu, yan-yörəsində uşaq oyun meydançasının köhnə-kühnə “göbələk­ləri”, bir az irəlidə isə qarajlar sırası gözə dəyirdi.
Snayper dəftəri yaxına çəkib, açdı.
Səhifənin baş tərəfində bayaq yazdığı “Üçüncü Malenkov dalanı, ev nömrə 8, 9, 9 “a” qeydi, onun altında isə otuz kvad­ratdan ibarət ensiz bir düzbucaqlı vardı.
Qoruyucunu boşlayıb, sürgünü geri çəkdi, tüfəngin qundaq qismini çiyninə keçirdincə uc tərəfində susdurucu olan qara lülə döşəməyə tuşlandı. Artıq həyət­də – sürüşmə yerində, bina girişlərində, qarajlar tərəfdə – adamlar gözə dəyirdi. Nişangahı qarajlar səmtə yönəltdi: budur, bir qapı açıqdır, içəridə birisi “Zaporojes” maşınının altında dəbələnir. O biri qarajın yanında da üç nəfər var.
Snayper bu üç nəfəri hədəf seçdi, amma oradan keçən bir qadın görüntünü örtdü. Snayper onu hədəf aldı. Yaşıl pal­to­lu bu kök qadının bir əlində ərzaq dolu tor zənbil, digərində isə bidon vardı. Hə­dəf­dəki “üstəgəl”i qadının qəhvəyi yaylığına tuşlayan snayper, nəfəsini qısıb, elə həmin hərəkətin davamı kimi tətiyi basdı.
Tanış və küt bir səs gəldi: pdum! Qundaq çiynində bir təkan yaratdı.
Qadın səndələdi, yük tutan əlləri yuxarıya dartındı, ayaqları büküldü. Arxası üstə düşdü. Asfalta düşən boş bidonun cingiltisi bir saniyə sonra snayperin qu­la­ğına dəydi.
O üç kişi qadına tərəf qaçdı.
Onların qadına tərəf əyilməsini göz­ləyən snayper, onlardan birinin peysərinə bir güllə sıxdı. Yoldaşları onu qucaqlayıb, qaraja tərəf sürütmək istədilər, amma ki, əbəs yerə – çünki heç ikicə addım atmamış birisi yerindəcə qacıyıb üzüüstə düşdü, digəri isə qarnını tutub, onun böyründə bükülüb qaldı.
Bayaqdan ayaqları “Zaporojes”in altın­dan çıxan kişi əlini ətəyinə silə-silə bayıra çıxıb, o üç nəfərə yaxınlaşdı. Bu, ucaboy və kürən birisiydi. Onun başını hədəf götürən snayper atəş etdi. Kürənbala gözə görünməyən çəkic zərbəsi yeyibmiş kimi ikiqat oldu, amma sonra əlini sinəsinə sıxaraq yerindən sıçradı, bir neçə metr qaçıb özünü skamyanın üstünə atmaq istəsə də, onun arxasına yumbalandı.
Snayper darağa yeni güllələr taxdı, lüləni qonan qar dənəciklərinin şehindən təmizlədi, dəftərə tərəf əyilib, beş damaya səliqə ilə “üstəgəl” işarəsi qoydu. Aradan keçən vaxt ərzində qar tamam kəsmişdi, açıq dəftərə ara-sıra düşən qar dənəcikləri daha çox snayperin başı üstündə dövrə vuraraq damın altında yox olurdular.
Üzbəüz binanın girişindən qadınla kişi çıxdı. Snayper nişangahı onlara yönəltdi. Kişi qısa kürk və ağ rəngli xəz papaq geymişdi. Gülümsünərək qadına tez-tələsik nələrsə deyən bu kişi bir əli ilə qadının qoluna girmişdi, o biri, sərbəst əli isə jestlərlə girinc idi. Onu maraqla dinləyən qadın dodaqlarının təbəssümünü samur xəzli yaxalığına gömməyə çalışırdı.
Kişinin iri papağını hədəfə gətirən snayper tətiyi basdı.
Pdum!
Səndələyən kişi üzüquylu yola sərə­ləndi.
Çaşqın qadın donub qaldı, çantası qo­lundan sürüşüb düşdü və az sonra onun nisbətən ləngiyən çığırtısı snayperə yetiş­di.
“Üstəgəl” işarəsi qadının kürəyinə oturdu.
Pdum!
Yola çökən qadın ağır-ağır bir böyrü üstə düşdü.
Yaxınlıqdakı kiçik dükandan çıxan iki qarı yerdə ağanayanları matdım-matdım süzürdülər. “Üstəgəl” işarəsi onlardan bi­ri­nin boz yaylığına qondu.
Pdum!
Barmaqlarını şanalayan qarı nənə kürəyi üstə yıxıldı. Digər qarı qışqırıb, yanını basa-basa evə tərəf götürüldü.
Pdum!
Ağbirçək sanki səndələdi, addımını yan atdı. Kötük ayaqları bükülüncə o da yerə sərildi.
Həyətə qırmızı “Moskviç” girdi. Qa­raj­lar tərəfə yan alaraq, tam o ölənlərin yanında durdu. Qapını açan göy jaketli, şişman kişi yerə sərələnənlərə tərəf qaçdı, yerdəki qan gölməçəsini görüncə əllərini, kağız tək ağaran üzünə apardı.
Pdum!
Şişmanın ağzı aralandı, başı geriyə qatlandı, sinəsinin ortasındakı xımxırda dəlikdən qan fəvvarəsi fışqırmağa başladı. Şişman kişi “körpü” vəziyyəti alacaqmış kimi geriyə doğru əyildi, əlləri çənəsinə tərəf uzandı. Bir göz qırpımı beləcə do­nub, geriyə yıxıldı. Tabsız ayaqları titrədi, dombalan gözləri göylərə sancıldı.
Snayper darağa yenə güllələr düzdü, dəftərə daha beş xaç işarəsi qoydu.
Haradasa alt tərəfdən zəif taqqıltı gəldi – görünür, dama yaxın üst mərtəbədə nəfəsliyi açdılar. Bunun ardınca radio səsi eşidildi. Gülünc təsir bağışlayan səsdən və zalda qopan qəhqəhələrdən təxmin etmək olardı ki, radioda Raykinin monoloqunu verirlər.
Təzə qarın bir çimdiyini götürən snayper bunu ağzına atdı.
Vurulmuş qadınla kişiyə tərəf iki nəfər – gen pijama şalvarında bir qocahal kişi və yaxası açıq ev xələtində bir yaşlı qadın qaçırdı.
Oraya birinci yetişən kişi ölü qadının donuq üzünə baxıb, onu silkələdi:
- Saşa! Saşacan! Saşa!
Onun xırıltılı səsi gəlib snayperə çatdı.
Yaşlı qadın ora çatınca qocanı bir yana itələdi, həyəcanla ölən qadının kürkünü açmağa çalışdı. Dizləri üstə düşən qoca başını əllərinin məngənəsinə saldı.
Pdum!
Qocanın başı yerindən oynadı, boynu­nun ardında tünd qırmızı ləkə peyda oldu. Qurdalansa da, başını qaldırammadı, böyrü üstə qaldı.
Pdum!
Onunla gələn xala da üzünü tutdu, qırışmış əllərinin arasından sürətlə qan axmağa başladı. O da üzüquylu ölü qa­dı­nın üstünə yıxıldı.
Snayper nişangahı pəncərələr boyu gəzdirdi.
Tül pərdəni aralayan cavan bir qız dəhşət içində aşağıda olub-bitənləri seyr edirdi.
Pdum!
Qız yıxıldı. Güllə pəncərədə dişli bir dəlik açmışdı.
Bir başqa pəncərənin nəfəsliyini cəld açan qadın da dışarı boylandı, əlini al qırmızı boyadığı dodaqlarına söykəyib, üzüaşağı nə isə çığırdı.
Pdum!
Güllə nəfəsliyin qırağından bir parça qopartdı, çığırtı qadının ağzındaca qaldı. Özünü aşağı atacaqmış kimi bir az da irəli gəldi, gözləri qara dama daşına döndü. Qolları üstünə düşən başını bir yol qal­dır­dı, sonra başı yenə ora düşdü. Ağzından daşan qan əllərini bürüdü.
Onun arxa tərəfindən, otağın içindən çığıraraq, yaralıya tərəf cuman hündür kişi xeylağı qadının çiyinlərindən yapışdı.
Pdum!
Kişi də getdi kütə.
Kəllə-mayallaq bir fraza deyən Raykin uzun, ara-sıra fit çıxaran bir qəhqəhəyə başladı. Qəflətən zaldakılar­dan qısıq səslə nəsə xəbər aldı. Zalda hay-küy yarandı. Raykin sualı bir də, uca­dan səsləndirdi. Zalda bayaqkından betər küy qopdu. Uzun pauzadan sonra o, yenə, sakit və ciddi tərzdə sözə başladı. Zal uğunub getdi.
Xaç işarələri qoyan snayper güllə darağını yenilədi və sürgünü çəkdi.
Ölən qarını yerdən qaldıran üç nəfər bina girişinə tərəf yönəldi. Başqa dörd nəfər isə digər qarını yerdən götürdü. Bu dördlükdən ucaboylu, enlikürək cavanı hədəf seçən snayper onun kürəyinin düz ortasına bir güllə sıxdı. Qara çökən cavan oğlan bir saniyəliyinə tabsız əllərini tərpətsə də, qəflətən yerindən qalxıb götürüldü. Amma on addım atandan sonra tab gətirməyib, yerə yumbalandı. Qalan üç nəfər də harayasa əkildi.
Artıq Raykin aramsız nə isə danışırdı, hırıldayan zal onun dediklərini güclə tuturdu.
Snayper bir cavanı nişan alıb, tətiyi basdı. Onun başının yanından ötən güllə digərinin ayağına tuş gəldi. Snayper:
- Sarsaq… – deyə mızıldandı və yaralının axırına çıxdı.
Raykin yenə qəhqəhə çəkdi, hıç­qır­dı və son olaraq nəsə çığırdı. Ona ün­van­lanmış alqışlar “Sabahınız xeyir!” mahnı­sına qarışdı. Diktor xanımın güm­rah səsi radio dinləyiciləri ilə vidalaşdı.
Qarının cəsədi artıq binanın giri­şin­dəydi, göy paltolu qadın giriş qapısını açıq tutmuşdu, iki kişi isə səndələyərək cəsədi içəri salmağa çalışırdı.
Pdum!
Onun arxasındakı kişi taqətsiz halda yerə aşdı.
Pdum!
Digər kişi cəsədin üstünə düşdü. Binanın içinə girən qadın bir an sonra yenə göründü, mərhumun əlini öz ovcuna aldı.
Pdum!
Qıvranan qadın mərhumun üstünə yıxıldı.
Snayper yeni xaçlar çəkdi. Hələ beş xana boş idi.
Torbasında darağın milçəsini axtarıb tapdı, amma güllə darağı əlindən sürüşüb düşdü, navalçaya dəyərək damın altında görüntüdən qeyb oldu.
- Bircə bu çatmırdı… – deyib snayper yerindən sıçradı, məhəccərdən aşağıya boylandı.
Güllə darağı xırda nöqtə kimi aşağı­da, skamyanın böyründə qaralmaqdaydı. Nişangahı bu nöqtəyə yönəldib baxdı – özüdür ki, var.
Yenidən məhəccərin dibinə uzandı, güllə darağını yerinə taxıb, aşağılara boylandı.
Həyət bomboş idi.
Qar üstündə bir dəstə meyit qaralırdı.
Qarajlar tərəfdə qaçan ala-bula bir it havanı qoxlayaraq, təşvişlə hürsə də, meyitlərə yaxınlaşmağa ürək etmirdi.
Snayper nişangahı yenidən pəncərə­lərə yönəltdi.
Az qala bütün pəncərələr pərdəli idi.
Nişangah halqası ağır-ağır pəncərə­lə­rin üzərində gəzdi. Bir pəncərədə pər­də azca dəbərdi. Snayper diqqətini topladı.
Pərdə azacıq aralandı və qara fonda gözlüklü bir qoca zühur etdi. “Üstəgəl” işarəsi onun üstünə gəldi.
Pdum!
Pərdə yırğalandı, qocanın üzü fondakı zülmətə qarışdı.
Nişangah yenə də pəncərələrdə gəzişirdi. Aşağıda uğultu qopdu.
Yandakı evin böyründən çıxan boz rəngli “Volqa” həyətə girdi. Ölən cavanın meyidinə çatıb dayandı, qapılar açıldı, qırmızı idman gödəkcəsi geymiş bir kişi və kürklü bir qadın maşından endi.
Kişi qan gölündə üzən cavanı üzü üstə çevirməyə başladı, qorxa-qorxa ora yana­şan qadın isə əlləriylə ağzını tutub, başını yırğaladı.
Pdum!
Qısaca çığıran qadın yolun üstünə çökdü.
Pdum!
Kişi də onun böyründə büzükdü.
Snayper qarı ovuclayaraq ağzına basdı.
Dizlərini qarnına yığan kişi kürəyi üstə çevrildi.
Yuxarıdan qanadların çırpıntı səsi gəldi. Snayperin lap yaxınlığına, məhəc­cərin üstünə qonan göy rəngli göyərçin öz anlamaz baxışlarını ona dikdi. Snayper ona bir çəngə qar atdı. Göyərçin ürküb getdi.
Uzaqda, aşağılarda, bir qapı çırpıldı və az sonra yolda bir fiqur qaraltı verdi. Snayper onu nişangaha gətirdi.
Səki ilə bu gələn evlər müdiri idi.
Yerdəki üç meyidə yanaşınca, o da­ya­nıb köksünü ötürdü, gözünü qıyıb pəncə­rələri süzdü. İdman gödəkçəsi geymiş kişi əvvəlki kimi arxası üstə qalmışdı, “Vol­qa”­nın qapıları açıq idi, motor da çalışırdı.
Meyidə tərəf əyilən evlər müdiri, qəddini düzəldəndən sonra bircə başını buladı.
Onu nişan seçən snayper barmağını tətiyə aparsa da, açarı ona qaytaracağını xatırladı və fikrindən daşındı.
Evlər müdiri yola düzəldi və binanın o biri başında tindən qıvraq hərəkətlə çıxan və əlində nəsə aparan qısaboy qocayla rastlaşdı. Ona sevincək əl uzadan qocaya, başıyla həyəti göstərən evlər müdiri qaşqabaqla nələrsə söylədi.
Qoca ona gözlərini bərəltdi. Evlər müdiri daha nə isə dedi, onu dəhşət içində dinləyən qoca, müdirin arxasındakı həyəti arabir onun çiyni üstdən süzürdü.
Qocanın başını hədəf götürüb, tətiyi basdı.
Pdum!
Nimdaş qulaqlı papaq qocanın başın­dan bir kənara uçdu, o, qorxudan yerə oturdu, amma qəflətən papağını yerdən qamarlayıb qaçmağa üz qoydu.
Pdum!
Güllə onun çiyninin üstündən keçdi. Qoca tini burulub qeybə çəkildi. Yan-yörəsinə baxınan evlər müdiri də onun ardınca aradan çıxdı.
Yan tərəfə tüpürən snayper yeni daraq taxdı.
Həyət elə əvvəlki kimi bomboş idi. İt ölən cavanın ayağını qoxlayırdı.
Radioda xəbərlər oxunurdu və bir qızın öz atasına qəhqəhələr içində nələrsə anlatdığı eşidilirdi.
Həyətə iki uşaq – bir qızla bir oğlan – girdi. Snayper onları hədəfə gətirdi. Onlar sürüşmə qurğusuna tərəf üz tutmuşdular, ayaqları sürüşdüyündən qız oğlanın əlin­dən möhkəmcə yapışmışdı. Oğlanın danış­dığı sözlərə gülən bu qızın beret altından çıxan xırda hörükləri titrəşirdi. Qovaq ağaclığını keçib, onlar qurğuya oturdular, oğlan ürəkli, qız isə ürkək-ürkək üzüaşağı sürüşdü.
Snayper oğlanı nişan aldı.
Pdum!
Oğlan yıxıldı, yerində dikələrək ayaq­larını altına yığdı. Ağzından qan axmağa başladı. Yırğalanaraq o, yanı üstə düşdü.
Qız ona yanaşdı.
Pdum!
Əlləriylə havanı yaran qız buzun üstünə quylandı. Bereti başından düşdü.
Son iki xaç işarəsini çəkən snayper tarixi yazıb, imza atdı, dəftəri örtdü. Kara­bini boşaltdı, atılmış güllə gilizlərini yığıb, torbaya atdı.
Aşağıdan nə isə bir musiqi sədası ucalırdı.
Pəncərədən çardağa keçən snayper, tor­banı və dəftəri çantasına qoydu, kara­binə qılıfını geyindirdi, bir kənarda qalaq­lanmış köhnə izolyasiya materialının üstünə işəyib, qapıya tərəf yönəldi.
Evlər müdiri evdə olmadığından çar­da­ğın açarını onun arvadına təhvil verdi.
Həyətə çıxınca ikilinin cəsədləri ya­nın­da dayanmış iki nəfərə rastladı.
“Volqa”nın qapıları bayaqkı kimi taybatay açıq idi, motor çalışmağındaydı, radio da nə isə qırıldadırdı. Yaxınlaşan snayperin gözlərinin içinə ümidlə baxan, rəngi avazımış hündürboy kişi:
- Dəhşətdir… – dedi. – Axı buna nə deyəsən, hə? Hanı bizim o tərifli milisimiz?! Yəqin domino çırpır hardasa?!
Canıyananlıqla başını tərpədən snay­per yoluna davam etdi.
Üçüncü skamyanın tuşuna çatanda çevik hərəkətlə əyilib darağı götürdü və cibinə dürtdü.
Yandakı evin arxasında mağaza var idi. Lap girişdə sosis satırdılar. Növbəyə duran snayper, özünün, bayaq gülləsindən qaçıb-qurtulan qocadan sonra olduğunun fərqinə vardı.
Yarım saatdan sonra növbə qocaya çatdı. Sosisləri torbası­na dolduran qoca satıcıya üç manat altı qəpik uzatdı. Dəmir pulları əyri-üyrü qazana atan satıcı üzünü snayperə tutdu:
- Sizə nə qədər?
- Bir kilo, – sözlərini mızıldayan snayper hazırladığı çanta­sı­nı bəri başdan irəli itələdi.

Tərcümə : Azad Yaşar
Yüklə 35,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin