Uşaqlar heç düşündünüz mü? 2 Göylərdəki ehtişam Harun Yəhya İçindəkilər Giriş I fəsil: Kainatın yaradılışı



Yüklə 328.91 Kb.
səhifə3/6
tarix29.05.2017
ölçüsü328.91 Kb.
1   2   3   4   5   6

II Fəsil: Kainatın yaradılışı


Bu fəsildə sizə kainatı meydana gətirən göy cisimlərindən danışacağıq. Əlbəttə ki, Günəş, Ay və Yer bu göy cisimlərinin bizə ən yaxın və ən tanış olanlarıdır... Ancaq kainatın gözünüzlə görə bilmədiyiniz yerlərində başqa göy cisimləri də var.

Kosmosu mövzu götürən cizgi filmləri və ya kosmosla əlaqədar kinofilmlər barədə düşünün! Buludların yuxarısı, bu filmlərdə gördüyünüz ulduzlar, planetlər və asteroidlərlə doludur. Bunların hər birinə göy cismi deyilir. Bu göy cisimlərinin milyardlarlası bir yerə toplanaraq qalaktika dediyimiz nəhəng ulduz qrupları meydana gətirərlər. Göy cisimlərinin hamısı çox böyükdür. Məsələn, planetimiz digər göy cisimləri arasında kiçik sayıla biləcək bir planetdir. Lakin buna baxmayaraq, insanları, heyvanları, dağları, düzənlikləri, okeanları ağlınıza gələn hər şeyi üzərində daşıyacaq qədər böyükdür.

İndi istəsəniz səyahətimizə milyardlarla ulduzun bir yerdə olduğu, nəhəng ulduz qrupları olan qalaktikalarla davam edək!

Qalaktikalar

Qalaktikalar milyardlarla ulduzdan ibarətdirlər (unutmayın ki, ulduzlar Günəş kimi böyük göy cisimlərdir. Məsələn, Planetimiz və ya Ay bir ulduz deyil, sadəcə planetdirlər). Ən böyük qalaktikadakı ulduz sayı təxminən 3 trilyondur. Orta böyüklükdəki bir qalaktikada təxminən 200-300 milyard, kiçik bir qalaktikada isə təxminən 100 milyard ulduz var.

Burada azacıq dayanıb düşünək: Milyard sizin üçün nə ifadə edir? Məsələn, 1 rəqəminin yanına iki sıfır qoysanız 100 olar. Əgər buna bir sıfır da əlavə etsəniz 1000 olar. Bir sıfır daha əlavə edin, bu an qarşınızda 10 000 (on min) sayı olar. 10 000-ə qədər saya bilərsinizmi? Bəlkə sayarsınız, amma bu yəqin ki, xeyli vaxtınızı alar. Xəbəriniz varsa, hələ də milyarda çata bilmədik. O zaman 10 000-nin yanına iki sıfır da əlavə edək. Hal-hazırda qarşımızdakı ədəd 1 000 000 (bir milyon)-dur. Yenə qalaktikalardakı ulduz sayına çata bilmədik. Amma 1 000 000-un yanına üç sıfır daha əlavə etsəniz bu vaxt 1 000 000 000 (bir milyarda) çatarıq. 1 000 000 000-a qədər saya bilərsinizmi? Buna biz cavab verək: Bir milyarda qədər saymaq bir neçə on ilinizi aparar...

İndi isə, demək olar ki, qalaktikalardakı ulduz sayına yaxınlaşdıq. 1 000 000 000-ın yanına iki sıfır da əlavə etsəniz 100 000 000 000 (yüz milyard) alınar. Məhz bu, milyardlarla qalaktika arasında ən kiçiklərindən birində yerləşən ulduzların sayıdır.

İndi kosmosun nə qədər böyük olduğunu anladınızmı? Kosmosdakı bütün ulduzları saymağa çalışsanız, bunu heç dayanmadan ömrünüz boyu etsəniz də sayıb qurtara bilməzsiniz. Amma Yaradıcımız olan Allah, bu, gözünüzdə canlandıra bilməyəcəyiniz qədər böyük kosmosu yoxdan yaratmışdır və hər an bu ucsuz-bucaqsız kainatın hər yerinə hakimdir. Nəhəng kainatımızda baş verən hər şeyi, mövcud olan hər varlığı Allah bilir və görür. Rəbbimizin sonsuz qüdrəti bir Quran ayəsində belə bildirilir:

...O göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir. (Ali İmran surəsi, 29)

Biz yenə mövzumuza davam edək və Allahın yaratdığı qalaktikaları daha yaxından tanımağa çalışaq.

Böyük və orta böyüklükdəki qalaktikalarda bir qalaktika mərkəzi olar. Bu mərkəz, təxminən 100 milyard ulduzdan ibarət olan bir ulduz qrupudur. Qalaktika mərkəzinin ətrafında isə, böyük sürətlə fırlanan qollar var. Bu qollar, ulduzlar, qaz və toz buludlarından meydana gələr.

Qolları və mərkəzləriylə birlikdə qalaktikalar kosmosdakı ən böyük göy cisimləridirlər. Bu nəhəng göy cisimləri bir də öz aralarında qruplar meydana gətirərlər. Bəzi qalaktika qruplarında minlərlə qalaktika var. Bundan əlavə, bu qalaktika qrupları da öz aralarında təkrar qruplaşırlar. Bu müntəzəm qruplaşma belə davam edər.

İndi bura qədər sadaladıqlarımızı sıralayaq:

- Qalaktikalar milyardlarla hətta trilyonlarla ulduzdan ibarətdirlər.

- Böyük və orta böyüklükdəki qalaktikaların, qalaktika mərkəzləri var. Bu mərkəzlər təxminən 100 milyard ulduzun qalaktikanın ortasında toplanıb qruplaşması nəticəsində əmələ gəlmişdirlər.

- Qalaktika mərkəzinin ulduzlar, qaz və toz buludundan meydana gəlmiş qolları var. Bu qollar, böyük sürətlə qalaktika mərkəzinin ətrafında dayanmadan fırlanarlar.

- Qalaktikalar bir yerə toplanaraq qalaktika qruplarını meydana gətirərlər. Bəzən bir qalaktika qrupunda minlərlə qalaktika ola bilər. Qalaktika qrupları da öz aralarında qruplaşırlar.

Bütün bunlardan savayı, 100 milyard ulduzlu bir qalaktikanın kiçik bir qalaktika olduğunu unutmayın. Əlbəttə ki, hər bir ulduzun ən azı Günəşimiz qədər böyük olduğunu, eləcə də, bir çox ulduzun ətrafında planetimiz kimi irili-xırdalı planetlərin fırlandığını da...

Yaxşı, indi yaxşı şəkildə düşünüb cavab verin. Milyardlarla ulduz öz-özünə nizamlı şəkildə bir yerə toplana bilərmi? Ulduzlar bir-birləriylə və ya digər göy cisimləriylə (məsələn, planetimiz və ya digər planetlərlə) toqquşmadan hərəkət edə biləcəkləri tarazlığı öz-özlərinə meydana gətirə bilərlərmi?

Xeyr, ulduzların öz-özlərinə nizam və ya tarazlıq meydana gətirmələri qeyri-mümkündür. Deməli, ulduzların, bir-birləriylə toqquşmadan ilk yarandıqları gündən bəri, yəni milyardlarla ildir ki, böyük sürətlə fırlana bilmələri, onları yaradan, planlayan və təşkil edən biri olduğunu göstərir. Şübhəsiz ki, bu Yaradıcı, bütün kainatın hakimi olan Allahdır. Allah, kosmosdakı planetlər, ulduzlar və quyruqlu ulduzlar üçün saysız-hesabsız yollar yaratmışdır. Bu göy cisimləri öz yollarında bir-birləriylə toqquşmadan hərəkət edərlər.

İndi isə, kainatdakı səyahətimizə içində bizim də olduğumuz qalaktikayla davam edək!

Süd yolu qalaktikası

Süd yolu, planetimizin içində olduğu qalaktikanın adıdır. Süd yolu qalaktikası çox böyükdür. Əlbəttə ki, bütün böyük qalaktikalarda olduğu kimi, Süd yolunun da bir qalaktika mərkəzi var. Xatırlayırsınızsa, qalaktikalar hissəsində, qalaktika mərkəzinin nə olduğundan danışmışdıq. Bu mərkəzdə yerləşən ulduzlar daha yaşlı, qırmızı və sarı olan ulduzlardır. Qalaktikanın qollarındakılar isə, daha çox isti, gənc, mavi ulduzlardır. Həmçinin bu qollarda qaz və toz buludları da var.

Bu qalaktika spiralvari formadadır, əslində qalaktikanın forması tamamilə "külək gülünün" formasına bənzəyir. Yəni mərkəzindən kənara doğru açılan qolları var. Bu qolların sayı dörddür. Bunlardan birinin adı "orion qolu" dur. "Günəş sistemi" adlanan planetlər toplusu bu qolda yerləşir və bu topludakı planetlərdən biri də planetimizdir.

Günəş sistemimiz Süd Yolu qalaktikasının mərkəzə yaxın hissəsində yerləşir. Lakin yaxın olmasına baxmayaraq, mərkəzin ətrafındakı dövrünü, ancaq 220 milyon ilə tamamlayır.

Nəhəng Süd Yolu qalaktikası, milyardlarla ildir ki, bu formasını və hərəkətini davam etdirər. İçindəki ulduzlar, olduqca böyük sürətlə fırlandıqları halda, daim nizam içində və eyni orbit üzrə hərəkət edərlər.

Ancaq ulduzların öz-özlərinə belə bir forma meydana gətirməsi qeyri-mümkündür. Öz aralarında belə bir qərar verib ən uyğun şəkildə düzülmələri və hərəkət etmələri də qeyri-mümkündür. Bir bağçadakı daşlar barədə düşünün! Daşlar bir yerə toplanaraq, "bir hissəmizdə mərkəzi, digər hissəmizdə də qolları meydana gətirək və sonra da heç dayanmadan və sıranı pozmadan bağçada fırlanaq" kimi bir qərar verə bilərlərmi? Biri sizə belə bir şey gördüyünü söyləsə inanarsınızmı? Əlbəttə ki, inanmazsınız... Əlbəttə ki, Süd Yolu qalaktikasının təsadüfən meydana gəldiyini və ulduzların öz-özlərinə aldıqları qərarla hərəkət etdiyini söyləmək də ən azı bu bağçadakı daşlar nümunəsi qədər gülməli olar. Unutmayın ki, daşlar necə cansız varlıqlardırsa, göy cisimləri də cansız, şüursuz varlıqlardır.

Allahdan başqa heç bir güc, milyardlarla nəhəng ulduzu yaradıb onlar üçün nizamlı bir sistem meydana gətirə bilməz. Məhz bundan ötrü də, kainatla əlaqədar öyrəndiyimiz hər məlumat Allahın varlığını və üstün yaratma gücünü xatırladır. Həmçinin, Onun sonsuz ağlını və məlumatını bizə göstərir.

İndi isə, səfərin əvvəlindən bəri davamlı bəhs etdiyimiz ulduzlara gedən yola davam edək.



Ulduzlar

Ulduzlar və planetlər, kosmosdakı "dumanlıq" adlandırılan qaz və toz yığınlarının bir yerə toplanıb sıxılmaları nəticəsində meydana gəlirlər. Göy cisimlərinin mənbəyi olan dumanlıqlar bu səbəbdən ötrü kainatda olduqca əhəmiyyətli yerə sahibdirlər. Dumanlıqların ulduzlar kimi öz işıqları yoxdur. Bundan ötrü də, onları görmək çox çətindir. Ancaq içlərindəki qaz parladıqda, ulduzlardan gələn işığı əks etdirdiklərində və ya işıq mənbəyinin önünə keçdiklərində görünürlər.

Ulduzlar, ətraflarına istilik, işıq və enerji verirlər. Çox kiçik ulduzlar olduğu kimi nəhəng ulduzlar da var. Bununla yanaşı, çox böyük olduğunu düşündüyümüz Günəş orta böyüklükdəki bir ulduzdur və Günəşdən olduqca böyük ulduzlar var.

Bəs ulduzların müəyyən müddət yaşadıqlarını bilirdinizmi? Bəli, uşaqlar ulduzlar canlı deyildirlər, amma eynilə canlılar kimi doğular, yaşayar və ölərlər.

Yuxarıda da bəhs etdiyimiz kimi ulduzlar dumanlıqlardan meydana gələr və yaşamağa başlayarlar. Nəhəng bir ulduz ömrünü bitirəndə, şiddətli şəkildə partlayaraq kosmos boşluğuna dağılar. Bu ulduzun dağılan hissələrindən də daha kiçik ulduzlar və planetlər meydana gələr. Günəş, Günəş sistemi içindəki planetlər və bizim planetimiz də, qədim zamanlarda nəhəng bir ulduzun partlaması nəticəsində ortaya çıxmışdır.

İndi isə, Günəş sistemimizin qonağı olaq. Görək Günəş sistemiylə əlaqədar nələr öyrənəcəyik.



Günəş sistemi

Günəş sistemimiz, Günəş, doqquz planet və bu planetlərin altmış bir peykindən ibarətdir. Bu planetlər arasındakı boşluqda bir çox quyruqlu ulduz və asteroid var. Bütün bu göy cisimlərinin ən böyüyü olan Günəş isə, bütün Günəş sisteminin ürəyidir.

Günəş sistemimizin bir hissəsi olan bu doqquz planet, həm öz ətraflarında, həm də Günəş ətrafında sıralanmış şəkildə daim fırlanarlar. Günəşə ən yaxın olandan ən uzaq olana doğru planetlərin adlarını ardıcıl sadalayaq; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və Pluton. Gördüyünüz kimi planetimiz, Günəşə yaxınlıq ardıcıllığında üçüncüdür.

Günəş sistemində yerləşən hər planetin fərqli xüsusiyyətləri var. Bunlardan bəzilərinin temperaturu gülləni əridəcək qədər yüksəkdir. Bəziləri isə tamamilə buzlaqlarla örtülüdür. Bəzi planetlər tamamilə qazdan ibarətdirlər. Bəziləri isə Ay qədər kiçikdirlər.

Peyklərlə planetlər arasında çox uyğun bir əlaqə var. Planetlər peyklərini özlərinə doğru çəkirlər. Peyklər isə bu çəkimi tarazlayırlar. Əgər bu tarazlıq yaradılmasaydı, peyklər planetlərə yapışar və ya qopub gedərdilər.

Məsələn, Ay bir qədər yavaş fırlansaydı sürətlə Yer kürəsiylə toqquşardı. Bu isə planetimizin sonu olardı. Daha sürətli fırlansaydı, bu dəfə də planetimizdən getdikcə uzaqlaşar və artıq bizim peykimiz ola bilməzdi.

Səyahətimizə Günəş sisteminin ürəyi olan Günəşi araşdıraraq davam edək.

Günəş

Günəş, Günəş sistemindəki ən böyük göy cismidir. Çox isti və yanmaqda olan bəzi qazlardan ibarətdir. Bundan ötrü də, səthində hər saniyədə milyonlarla atom bombası partlayışı ilə eyni gücdə olan partlayışlar baş verir. Bu partlayışlar nəticəsində hündürlüyü planetimizin böyüklüyünün 40-50 misli qədər olan alovlar püskürər.

Bir alov topuna bənzəyən Günəş, səthindən çox böyük istilik və işıq yayar. Əgər, Günəş olmasaydı, daim gecə olardı və hər yer buzla örtülü olardı. Ən əhəmiyyətlisini isə, daha öncə söyləmişdik! Dünyada həyat, yəni biz ola bilməzdik.

Çünki kosmos (kosmos filmlərindən də xatırladığınız kimi) qaranlıq bir yerdir. Planetimiz də bu qaranlıq yerdəki bir göy cismidir. Bu qaranlıq yerdə planetimizi Günəşdən başqa işıqlandıracaq və isindirəcək bir göy cismi yoxdur.

Lakin Günəşdən yayılan işıq çox parlaqdır. Yəqin ki, buludsuz bir gündə Günəşə baxmısınız. Xatırlayın görək. Bir neçə saniyə baxandan sonra gözləriniz qamaşmışdı, elə deyilmi? Əslində, Günəşə bu parlaq işığından ötrü birbaşa baxmaq çox təhlükəlidir. Bu parlaq işıq gözlərimizə zərər verə bilər. Həmçinin, yayda uzun müddət Günəş altında qalmaq da təhlükəlidir. Hətta, dərimizdə uzunmüddətli müalicə tələb edəcək çox ciddi yanıqlar meydana gələ bilər. Çünki xüsusilə yay aylarında Günəşdən çox böyük istilik yayılar. Halbuki Günəş, Planetimizdən milyonlarla kilometr uzaqdadır və kosmosa yaydığı istiliyin yalnız mində iki hissəsi planetimizə çatar.

Bəs Günəşdən çox uzaqda yerləşməsinə baxmayaraq, planetimizdə istilik bu qədər yüksələ bilirsə, görəsən Günəşin səthindəki istilik nə qədərdir?

Elm adamları bu mövzuda təxmini rəqəmlər verə bilirlər. Amma bu temperaturu, bildiyimiz hər hansı bir şeyin hərarətiylə müqayisə edərək anlamaq qeyri-mümkündür. Günəşin səthindəki temperaturun 6 min dərəcə olduğunu, mərkəzində temperaturun isə 12 milyon dərəcəyə qədər yüksəldiyini bir düşünün... Bunu bizə məlum olan nəylə müqayisə edə bilərik ki? Əlimizlə 50⁰ C dərəcədən yüksək temperaturdakı suya toxunmağa dözə bilmərik. Ən qızmar yay günlərində belə havanın temperaturu ən çoxu 40⁰-50⁰ dərəcə arasında olar. Bu nümunədən də, Allahın Yerlə Günəş arasındakı uzaqlığı ən uyğun şəkildə yaratdığını anlayırıq. Günəş bizə bir qədər də yaxın olsaydı, Yer üzərindəki hər şey istidən qovrular və kül olardı. Lakin bir qədər də uzaq olsaydı, bu vaxt da hər şey buz bağlayardı. Əlbəttə ki, hər iki halda da həyat mümkün olmazdı.

Əslində, bənzər şəkildə Günəşin istiliyini daha az alan qütb bölgələri daimi buz təbəqəsiylə örtülü olub, daha çox olan Ekvator bölgələri isə daimi isti olar. Allah bu bölgələri bizə nümunə olması üçün yaratmışdır. Digər yerlər isə canlıların yaşaması üçün ən uyğun şərtlərdə yaradılmışdır. Bu Allahın bizə olan şəfqətini göstərir. Çünki, Allah Günəşlə Yer arasındakı uzaqlığı hazırkı kimi ən uyğun şəkildə yaratmasaydı, yerdəki həyat olduqca çətin olardı. Hətta olmaya bilərdi.

Ancaq əvvəlki səhifələrdə də qeyd etdiyimiz kimi Allah Günəşi və Ayı Yerdə həyatımızı rahatlıqla davam etdirə bilcəəyimiz kimi bir nizamla yaratmışdır. Bir Quran ayəsində Günəşin və Ayın Allahın əmri ilə hərəkət etdiyi belə bildirilir:

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən Günəşi və Ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)

Günəşin cazibə qüvvəsi

Kainatdakı saysız göy cisminin bir-birləri ilə toqquşmadan, bir nizam içində hərəkət edə bilmələri, "orbitləri"nin Allah tərəfindən çox incə hesab əsasında müəyyənləşdirilməsi sayəsindədir. Planetlərin Günəş ətrafında fırlanarkən hərəkət etdiyi yola "orbit" deyilir. Heç bir planet orbitindən ayrılıb başqa bir istiqamətə doğru hərəkət edə bilməz. Çünki planetlər Günəşin cazibə qüvvəsinin təsiri altındadırlar. Siz bu sətirləri oxuyarkən planetimizin Günəş ətrafındakı orbitində saatda təxminən 108 000 kilometr sürətlə hərəkət etdiyini bir düşünün. Bu sürətin nə qədər böyük olduğunu bu yolla anlaya bilərsiniz: Normal bir avtomobilin saatda çata biləcəyi ən yüksək sürət, orta hesabla saatda 200 kilometrdir. Yəni Yerin Günəş ətrafında fırlanma sürəti avtomobilin çata biləcəyi sürətin 540 misli qədərdir. Bu mövzuya dair digər bir nümunə isə belədir: bir güllə saatda təxminən 1800 kilometr sürətlə hərəkət edər. Yerin Günəş ətrafındakı fırlanma sürəti isə bir güllənin sürətinin 60 misli qədərdir.

Məhz Yerin bu yüksək sürətindən ötrü, Günəşin cazibə qüvvəsi çox əhəmiyyətlidir. Əgər Günəşin cazibə qüvvəsi zəifləsə, fövqəladə sürətindən ötrü Planetimizlə birlikdə kosmosa sovrularıq və bu planetimizin sonu olar...

Bunun tam əksi olduqda isə, yəni Günəşin cazibə qüvvəsi artdıqda, planetimiz sürətlə Günəşə yaxınlaşar və əriyərək buxarlanar. Əlbəttə ki, belə olan halda biz də yox olarıq. Bundan əlavə, Günəşin cazibə qüvvəsi orbitləri üzrə hərəkət edən planetlərin bir-birlərinə toqquşmalarına da mane olar. Bəs Günəşin bu planetləri özünə doğru necə sürətlə çəkə bildiyi barədə heç düşündünüz mü?

Əslində hər şey çox aydındır. Bu tarazlıqları yaradan və onları bu halıyla daim qoruyan üstün bir güc sahibi olan Yaradıcımız Allahdır.

Həmçinin cazibə qüvvəsinə sahib olan yalnız Günəş deyil. Günəş sistemindəki planetlərin də öz cazibə qüvvələri var. Məsələn, Yerin cazibə qüvvəsi, Ayı yerə doğru çəkər. Ay bu cazibə qüvvəsindən ötrü, sanki müəyyən uzaqlıqda asılı vəziyyətdə dayanar. Bu sayədə Yer kürəsi Ayla toqquşmaq kimi bir təhlükədən qorunmuşdur. Şübhəsiz ki, onu Yerin üzərinə düşməkdən qoruyan, Allahın üstün və sonsuz gücüdür.

Günəşin cazibə qüvvəsinə bənzəyən və insan həyatı üçün əhəmiyyətli olan bir cazibə qüvvəsi daha var. Bu da yerin cazibə qüvvəsidir. Bizi yer üzündə saxlayan, asanlıqla yeriyib qaçmağımızı təmin edən yerin cazibə qüvvəsidir.

Əlinizdə bir top olduğunu düşünün. Əllərinizi topdan çəkdikdə nə baş verər? Top yerə düşər elə deyilmi? Çünki yerin cazibə qüvvəsi onu özünə doğru çəkər. Lakin, bu topu kosmosda əlinizdən buraxsanız, top düşməz. Çünki, kosmosa çıxdıqda yerin cazibə qüvvəsinin təsiri yox olar. Buna görə də, cazibə qüvvəsinin varlığı bizim üçün çox əhəmiyyətlidir.

Amma çox əhəmiyyətli bir mövzu daha var: Cazibənin tam indiki səviyyədə olması da vacibdir. Əgər indikindən az olsaydı, bir qədər əvvəl söylədiyimiz kimi kosmosdaymış kimi havada yeriyər, yerə ayaq basa bilməzdiniz. Rahat hərəkət edə bilməz, daim bir yerdən başqa yerə sürüklənər, bir addım atdığınızda sıçrayıb tavana dəyərdiniz. Eləcə də, cazibə qüvvəsinin şiddəti çox olsaydı bu dəfə də yerə yapışacağınız üçün yeriyə bilməzdiniz. Təkcə yerdə sürünərək hərəkət edə bilərdiniz.

Lakin, bunların heç biri başımıza gəlməz. Çünki Allah yerin cazibə qüvvəsini həyatımız üçün ən uyğun səviyyədə yaratmışdır.

Bu mövzuda bir nümunə versək, bunu təsəvvürünüzdə daha yaxşı canlandıra bilərsiniz: Ayda da Yerdəki kimi cazibə qüvvəsi var. Ancaq bu cazibə qüvvəsi Yerdəkinə görə daha azdır. Bundan ötrü də, Ayda yaşaya bilməzsiniz. Şübhəsiz ki, televiziyada və ya kosmosla əlaqədar filmlərdə astronavtların Aydakı hərəkətlərini seyr edibsiniz. Bütün həyatımızı bu cür keçirə bilərdikmi? Əlbəttə ki, keçirə bilməzdik.

İndi isə, Günəşin cazibə qüvvəsinin təsiri altındakı planetlərə baş çəkərək səfərimizi davam etdirək.



Planetlər

Planetlərin ulduzların ətrafında fırlanan göy cisimləri olduğundan daha əvvəl danışmışıq. Bu başlıqda Planetimizin də içində olduğu Günəş sistemindəki planetləri araşdıracağıq. Günəş sistemini bir dairə kimi təsəvvür etsək, Günəş bu dairənin tam ortasında, yəni mərkəzində yerləşər.

Dairənin ən kənarındakı planet Plutondur. Pluton eyni zamanda, Günəşə ən uzaq və ən kiçik planetdir. Bu planeti müşahidə etmək olduqca çətindir, Habbl teleskopu belə, ancaq bunun səthində yerləşən bəzi sadə şeyləri ortaya çıxarda bilmişdir. Bu kiçik göy cismi, olduqca "soyuq"dur. Temperaturu təxminən -238⁰ C-dir! Qışda qarlı havalarda -2⁰-(-3⁰) dərəcəyə qədər azalan istilik dondurucu soyuqdur. Plutondakı -238⁰ C-lik temperatur isə bizim dözə bilmədiyimiz qış günlərindəki soyuğun təxminən 100 mislidir. Bu da həyatımıza son qoyacaq həddəki soyuq deməkdir. Pluton planeti bu qədər soyuq olmasından ötrü, çöldən bir buz yığını kimi görünər.

Günəş sisteminin mərkəzinə, yəni dairənin daxili hissəsinə doğru bir qədər də irəlilədikdə Neptunla qarşılaşarıq. Bu planet də olduqca "soyuq"dur: Səthinin temperaturu təxminən -218⁰ C-dir. Qazlardan ibarət olan atmosferi insan üçün zəhərlidir. Bundan əlavə, planetin səthində, sürətləri saatda 2000 kilometrə çatan qorxunc tufanlar əsər.

Mərkəzə, yəni dairənin ortasına doğru bir qədər də irəlilədikdə Uranla qarşılaşarıq. Uran Günəş sistemindəki üçüncü böyük planetdir. Atmosfer temperaturu təxminən -214⁰ C-dir, yəni bu planet də bizi bir saniyədə donduracaq qədər soyuqdur. Zəhərli qazlardan ibarət olan atmosferi, qətiyyən yaşamaq üçün əlverişli deyil.

Günəşə doğru səyahətimizə davam etsək, Saturnla qarşılaşarıq. Günəş sisteminin bu ikinci böyük planeti, ətrafındakı halqalarıyla tanınır. Bu halqalar qaz, buz və qaya parçalarından ibarətdir. Bu planetdə temperatur yenə yaşamağa imkan verməyəcək qədər aşağı olub -178⁰ C-dir.

Günəşə doğru bir qədər də irəlilədiyimiz vaxt, Günəş sisteminin ən böyük planeti olan Yupiterlə qarşılaşarıq. Yupiter, böyüklüyü Yerin diametrindən 11 dəfə çox olan bir planetdir (bu böyüklüyü daha yaxşı anlamaq üçün Yer kürəsi böyüklüyündə olan 11 planetin birləşdiyini düşünün!). Bu planetdə də şərtlər yaşamaq üçün əlverişli deyil. Çünki Yupiterdə heç bir quru parçası yoxdur və çox soyuq bir planetdir.

Yupiterdən sonra Mars gələr. Mars, Yerlə müqayisə edilə bilməyəcək qədər ölü bir planetdir. Marsda hər hansı bir canlının yaşaması qeyri-mümkündür. Bunun çox mühüm səbəbləri var: Birincisi, Marsın atmosferi yüksək miqdarda karbon qazı ehtiva edən zəhərli bir qarışıqdır. İkincisi, planetin üzərində heç su yoxdur. Üçüncüsü, Marsdakı temperatur təxminən -53⁰ C-dir. Dördüncüsü isə, Marsda çox güclü küləklər əsməsi və aylarla davam edən qum fırtınalarının meydana gəlməsidir.

Marsdan sonra qarşımıza çıxan mavi planet, dünyamızdır. Sizə Dünyamızın xüsusiyyətləri barədə ən axırıncı başlıqda geniş şəkildə məlumat verəcəyik. Ancaq indidən bunu xatırladaq ki, Dünyamız, üzərində canlıların yaşamasına imkan verən yeganə planetdir.

Günəşə doğru hərəkət edərkən qarşılaşacağımız növbəti planet Venera olacaq. Venera Günəş sistemində Günəş və Aydan sonrakı ən parlaq cisimdir. Bundan ötrü də, ən qədim dövrlərdən bəri insanlara məlumdur. Venerada dondurucu soyuqların əksinə, yandırıcı istilik hökm sürər. İstilik səthdə təxminən -450⁰ C-yə qədər çatar. Bu, gülləni belə əritməyə kifayət edəcək bir istilikdir. Veneranın digər bir xüsusiyyəti də, sıx karbon təbəqəsindən ibarət ağır atmosferə malik olmasıdır. Həmçinin Veneranın atmosferində kilometrlərlə qalınlıqda turşu təbəqələri var. Buna görə də, planetdə daima öldürücü turşu yağışları yağar. Belə bir mühitdə, heç bir canlı yaşaya bilməz.

Günəşə doğru hərəkət etməyə davam etsək Günəşə ən yaxın planet olan Merkuriyə çatarıq. Merkurinin ən maraqlı xüsusiyyəti, öz ətrafında çox yavaş fırlanmasıdır. Öz ətrafında fırlanma sürəti, demək olar ki, Günəşin ətrafında fırlanma sürəti qədər yavaşdır. Belə ki, Merkuri Günəş ətrafında iki dəfə fırlandıqda, öz ətrafında yalnız üç dəfə fırlanmış olar. Gecə ilə gündüzün bu qədər uzun olması, planetin bir üzünü qovurarkən, o biri üzünü isə dondurar. Bundan ötrü də, gecə ilə gündüz arasındakı temperatur fərqi təxminən 1000⁰ C-dir. Əlbəttə ki, belə bir mühit, heç bir canlının yaşamasına imkan verməz.

Buraya qədər öyrəndiklərimiz əsasında ortaya çıxan həqiqət, Yer kürəsi istisna olmaqla Günəş sistemindəki digər planetlərin yaşamaq üçün qətiyyən əlverişli olmamasıdır. Günəş sistemindəki planetlərin hər biri ölü və səssiz nəhəng cisimlərdir. Planetimiz isə həyat üçün lazım olan hər şeyin mövcud olduğu, rəngarəng səthə malik bir planetdir. Yamyaşıl meşələr və masmavi dənizləriylə kosmosdan çox gözəl görünür. Aya ilk gedən astronavtlar, Yer kürəsinin rəngli və parlaq görünüşü qarşısında heyrətə gəliblər.



Digər göy cisimləri

Günəş sistemindəki digər bəzi göy cisimləri də quyruqlu ulduzlar və asteroidlər və meteoritlərdir. Bunlar bundan təxminən 4 və ya 6 milyard il əvvəl içində Günəş sisteminin də meydana gəldiyi dumanlıqdan geriyə qalan göy cisimləridir.



- Quyruqlu ulduzlar (kometalar) donmuş haldakı qazlardan və tozlardan meydana gəlmişdir. Bunlar bəzən Günəşin ətrafında fırlanmağa başlayarlar. Quyruqlu ulduzlar Günəşə yaxınlaşdıqca istiliyin təsirindən səthi buxarlanmağa başlayar. Buxarlanma nəticəsində parlaq işıq ortaya çıxar. Nüvənin üzərində böyük qaz və toz topası meydana gələr. Bu qaz və toz topası "quyruq" adlandırılar. Həmçinin quyruğa bağlı yenə qaz və tozdan bir quyruq meydana gələr.

- Asteroidlər kosmosdakı qayalıq cisimlərdir. Ümumiyyətlə Mars və Yupiterin orbitləri arasında görülərlər. Asteroidlərin diametrləri ən çoxu 1000 km-ə qədər çata bilər.

- Meteoritlər əsasən asteroidlərdən və ya quyruqlu ulduzlardan qopan, kiçik daş və ya daş və dəmir qarışığından ibarət parçalardır. Yer kürəsi bir quyruqlu ulduzdan artıq qalan toz buludunun içindən keçəndə toz buludunun içindəki cisimlər atmosferdə yanarlar. Dünya atmosferinə daxil olduqda isinər və nazik bir xətt qoyarlar. Buna meteorit deyilər. Lakin bəzi meteoritlər tamamilə yanıb yox olmadıqlarından yer səthinə düşərlər.

Ancaq burada əhəmiyyətli bir mövzuya diqqət yetirməyinizi istəyirik: Atmosferə daxil olan meteoritlər çox nadir halllarda yer səthinə düşərlər. Düşdüklərində isə böyüklüklərinə görə dəyişən ziyanlar vura bilərlər. Planetimiz hər an bu təhlükə ilə üz-üzədir. Lakin Allah bu göy cisimlərini çox vaxt atmosferdə yanaraq yox olacaq və bizə zərər verməyəcək şəkildə yaratmışdır. Məhz bu, Allahın bizə olan şəfqət və mərhəmətinin, qorumasının bir göstəricisidir.

Bəli uşaqlar, ikinci fəslin sonuna gəldik. Bu fəsildə bəhs edilənlərdən sonra, Allahın kiçik və ya böyük, bütün göy cisimlərinə nəzarət etdiyini, hər an hamısını planlı və nizamlı şəkildə idarə etdiyini anlamış olmalısınız.



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə