Telman Orucov Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər



Yüklə 4.8 Kb.
Pdf просмотр
səhifə1/11
tarix22.05.2017
ölçüsü4.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11

 
 
 
 
Telman Orucov 
 
Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər 
 
İnsan dünyanı və yaşadığı cəmiyyəti dərk etmək üçün onu araşdırmağa, təhlil 
etməyə cəhd edir. Bu vaxt o, müqayisə metodundan istifadə etməklə, keçmişə baş vurur. 
Tarixdəki oxşar hadisələrə nəzər yetirir və onu qayğılandıran suallara cavab tapdıqda, 
hətta izah əldə etdiyinə görə, azacıq da olsa təskinlik tapır. Axı cəmiyyətin hansısa 
durumunu təhlil etmək üçün məlum formul, düstur, metod yoxdur. Tarix güzgüsündə hər 
kəs öz dövrünün, onu əhatə edən insanların, mühitin xüsusiyyətlərini seyr etməyə çalışır, 
tarixə kiçik bir bələdçilik müasir dunyanı tədqiq etmək vasitəsinə çevrilir. Mütəfəkkirlər 
isə özlərinin ideal axtarışlarında bəşəriyyətin tarixinə xüsusi diqqət verirdilər. Tarix 
özünün təbiətdəki kimi eniş-yoxuşlu mənzərəsi ilə geniş müşahidə imkanı yaradır. Qədim 
yunanlar düz yol çəkməkdən imtina etməklə, buna görə onlar belə yollar tikən qədim 
perslərə hətta gülürdülər, dərəyə, təpəyə burulan yolun təbiətin bir hissəsi kimi cazibədar 
olduğunu və bu seyrlə yolçunu yormadığını əsas götürdükləri kimi, tarixin maraqlı, 
ziddiyytləri ilə adamı heyran edən səhifələrini oxumaqla irəliləyən mütaliə yolçusu da 
burada çox şeyi müşahidə edə, qiymətləndirə bilir.  
Təsviri sənət əsərində biz gözəlliyə valeh olduğumuz, insan portretlərində isə ona 
məxsus daxili aləmi açmağa yönəldilmiş yaxmaları, cizgiləri seyr etdiyimiz kimi, tarixin 
nümunələrində də aydın gözə çarpan cəhətlərilə yanaşı, gizlində qalan çalarları da üzə 

çıxarmağa çalışırıq. Bu yolla biz, əslində tarixi hadisələrə və şəxsiyyətlərə hərtərəfli, tam 
əhatəli qaydada qiymət vermək istəyirik. Üzdə nəzərə çarpan hissə dərin müşahidənin 
yaratdığı öz tamına tabe olur.  
Rəngkarlığa və ya heykəltəraşlığa bələd olmayan, səthi münasibət bəsləyən adam 
hansısa bir hissin təsirinə uyub, mahiyyətdən baş aça bilmədiyi kimi, tarixə naşılıqla 
müraciət edənlər də hadisənin və şəxsiyyətin zahiri, az əhəmiyyətli cəhətlərini əsas 
götürür, ona görə də bu biliyi müasir həyata tətbiq etdikdə əsasən səhv nəticələrə gəlib 
çıxır. Ona görə də tarixin irsinə sadə seyrçi kimi deyil, onu tam və düzgün dərk etməklə 
yanaşmaq lazımdır.  
           Tarix həm də paradokslarla doludur, bu paradoksları ən görkəmli şəxsiyyətlərin, 
həqiqi qəhrəmanların və dahilərin fəaliyyətində, dünya baxışında da tapmaq mümkündür. 
Bizim eradan əvvəl V əsrin  ikinci yarısında baş verən Peloponnes müharibəsində Afinaya 
«qızıl dövr» bəxş etmiş strateq Perikl şəhər-dövlətin əhalisini spartalıların hücumundan 
qapalı divarlar vasitəsilə qorumaq istədi. Bu tədbir Perikl strategiyasının zəifliyini, bir 
qədər sonra isə tam yararsızlığını göstərdi, əhaliyə böyük ziyan vurdu. Şəhərdə başlanan 
taun epidemiyası sakinlərin, o cümlədən Periklin özünün həyatlarını itirmələri ilə 
nəticələndi. Afinanın azadlığına, siyasi, iqtisadi və mədəni inkişafına böyük töhfə vermiş 
bir adam müharibə sınağından uğurla çıxmağı bacarmadı. Nisbətən kiçik sahədə sıx əhali 
kütləsi taunun ölüm saçan gücünü daha da artırdı. Əsrin sonunda isə zəifləmiş Afina 
məğlubiyyətlə üzləşməli oldu.  
Yaxud Böyük Kirdən sonra Persiya imperiyasının böyüməsində və inkişafında 
xüsusi xidmətləri olan I Daranın Avropaya keçib, Yunanıstanı işğal etmək planları baş 
tutmadı. B.e.ə. 490-cı ildə Afina yaxınlığında Marafon döyüşündə pers qoşunları 
darmadağın oldu. Herodotun yazdığına görə, afinalılar dənizə çatana qədər qaçan persləri 
təqib edir və öldürürdülər. Perslər gəmilərlə dəniz yolu ilə Afinaya çatmaq istədikdə, 
afinalılar barbarlardan əvvəl gəlib, şəhəri müdafiə etməyə tələsdilər. Barbarlar üzüb 
Asiyaya qayıtdılar. Təəssüf ki, I Daranın  varisi olan Kserks də on il sonra Afinaya yürüşü 
təkrar etməyi qərara aldı. O, Afinanı tutub Akropoldakı çox sayda sitayiş yerlərini dağıtdı. 
Lakin Afina donanması Salamin adası yanında pers donanmasını məhv etdi, sonrakı 
məğlubiyyətlər də Persiya dövlətinin hərbi gücünü sarsıtdı, çar Kserks artıq Elladanı fəth 
etmək arzusundan əl çəkməli oldu.  
Kserks başlanğıcda  yunan torpağına ayaq basan anda Fermopil keçidində spartalı 
döyüşçülərin kiçik dəstəsindən ağır dərs almışdı. Çar Leonidin başçılığı altında 300 
spartalı düşmənə qəhrəmancasına müqavimət göstərib, Kserksin 150 minlik ordusunun 
qarşısını kəsdi. Yalnız bir yerli yunanın satqınlığı hesabına perslər Yunanıstan ərazisinə 
keçə bilmişdilər. 300 spartalı düşmənə igidliklə müdavimət göstərib həlak oldu, lakin 
tarixə, bu qəhərmanlar insanlara öz topağı uğrunda ölümə getmək kimi görünməmiş ali 
bir mərdlik nümunəsi qoyub getdilər. I Daranın və Kserksin orduları ağır məğlubiyyətə 
düçar oldular, afinalılardan isə Marafon döyüşündəki qələbə şərəfinin, on il sonra isə 300 
spartalıdan təkrarı olmayan cəsarət və igidlik triumfunun parlaq xatirəsi qaldı.  

Makedoniyalı Böyük Aleksandrın sərkərdəlik məharəti, üç qitədəki əraziləri 
döyüşlə işğal etməsi, mübaliğəsiz demək lazımdır ki, özünə bənzər digər bir təkrarını 
tanımır. Belə bir hərbi düha heç də qüsurlardan xali deyildi, ömrünün son illərində o, 
yaxın adamlarının, özünün uydurduğu xəyanətindən şübhələnirdi. Şərqin təzim 
qaydalarına uyduğuna görə onu tənqid edən uşaqlıq dostu, onu Qranik döyüşündə 
qaçılmaz ölümdən xilas etmiş Kliti nizə zərbəsi ilə öldürmüşdü. O, gözəlliyi 
qiymətləndirməyi bacarırdı. Babilin möhtəşəm saraylarına və məbədlərinə valeh olmuşdu, 
lakin Persiya paytaxtı Persepolisdəki möhtəşəm Kserks sarayının yandırılmasına icazə 
vermişdi. Aleksandr öz ziyafətində iştirak edən attikalı qadın Taidanın, Afinanı məhvedici 
alovun dillərinə vermiş Persiya çarınının sarayını intiqam cavabı kimi yandırmaq barədə 
təklifini bəyənmişdi. Persepolis də Afina kimi viranedici alovun sərəncamına verildi. İstər 
Kserksin, istərsə də Böyük Aleksandrın şəhərləri mərhəmətsizcəsinə yandırması, 
vandalların Romadakı dağıdıcı əməllərindən çox-çox əvvəl törətdilmişdi, sonralar gözəl 
abidələri, məgər abidələri, tikintiləri məhv etmək kimi eybəcər hərəkətdən meydana 
gəlmiş termin olan vandalizm ilk nümunələri deyildimi? Maddi və mədəni abidələri məhv 
edənləri öz adı ilə adlandırmaq qəbahət sayılmalıdırmı?        
           Böyük Pyotr hakimiyyətə gəldikdə elə də böyük bir ərazisi olmayan Rus dövlətini 
qəbul edib, ölkədə Rusiya imperiyasını qoyub geğmişdi. O, ölkəsində elmin, 
iqtisadiyyatın, hərb sənətinin və dənizçiliyin inkişfına böyük təkan vermiş, Sankt-
Peterburq şəhərini salıb, onu paytaxta çevirmişdi. Lakin onun qəddarlığı da hədd 
tanımırdı, yaxın silahdaşı Menşikovu əsası ilə döyürdü, oğlu Alekseyi edam etdirmişdi. 
Böyük xərclərin öhdəsindən gəlmək üçün hər cür yeni vergi mənbələrindən istifadə  
edilirdi, hətta adamlar saqqal saxlamağa görə vergi ödəyirdilər.  Karl Marksın dediyi kimi, 
o, Rusiyada «barbarlığı barbar metodlarla çıxarırdı».  
Prussiyanın, sonra isə birləşdirilməsinə nail olduğu Almaniyanın uzun müddət 
kansleri olan Otto fon Birsmark öz vətəninə böyük xidmətlər göstərmişdi, bununla yanaşı, 
militarizmi də ön plana çəkmişdi. Dünyanı qan dənizinə döndərməyə çalışan Hitler kimi 
caninin cəhdləri yoluna o, özünə məxsus qaydada daş döşəmişdi.  
1868-ci il Meyci inqilabı Yaponiyanın iqtisadi, hərbi, siyasi inkişafında mühüm rol 
oynamışdı. Gənc imperator (mikado) Mutsihito ölkəsinin Avropa təcrübəsindən geniş 
istifadə etməsilə, feodalizmdən uzaqlaşıb, kapitalizmə keçməsinə, müasirləşməsinə şərait 
yaratmışdı. Bununla yanaşı, o, militarist Yaponiyasının təşəkkül tapmasının təməlini 
qoymuşdu. Bunun bəhrəsi kimi, Yaponiya 1941-ci ilin sonunda ABŞ-ın Pyörl-Harbör hərbi 
bazasına dəhşətli hücumla İkinci Dünya müharibəsinə daxil olmuşdu. 1945-ci ildə isə 
tarixdə yadellilərə tabeliyn nə olduğunu bilməyən Yaponiya ilk dəfə və ölkəni viran qoyan 
bir məğlubiyyətlə üzləşməli oldu.  
ABŞ parlamenti Franklin Delano Ruzvelt ölkənin Böyük Depressiyadan çıxması 
sahəsində özünün «Yeni kursu» ilə böyük rol oynamışdı. O, yeganə şəxsdir ki, dörd dəfə 
ölkə prezidenti seçilmiş, İkinci Dünya müharibəsində alman natsizmi və militarist 
Yaponiyası üzərində qələbəyə sanballı töhfə vermişdi. Birləşmiş Ştatlar bu müharibədən 
ən yüksək iqtisadiyyata malik olan ölkə kimi çıxmış, fövqəldövlətə çevrilmişdi. Belə bir 

görkəmli siyasi xadim əxlaq məsələlərində ümumi qaydalara o qədər də əhəmiyyət 
vermirdi, fiziki cəhətdən zəif olmaqla yanaşı, eşq macəralarından heç də imtina etmirdi. 
Bu misallar onu göstərir ki, ən böyük şəxsiyyətləri belə ideal insan səviyyəsinə 
qaldırmaq düzgün deyildir, onlar da bəşər övladına məxsus olan qüsurlardan heç də 
tamamilə azad ola bilmirlər. Bu qüsurlar onların böyük əməllərinə kölgə salmasa da, 
şöhrətlərinə heç də əlavə parıltı vermir. Belə paradoksları çox sayda sadalamaq olar. 
Qədim Romada qəbirlər, onlar heç də bizim təsəvvürümüzdəkilərə bənzəmir, 
yandırılmış cəsədlərin  külü doldurulmuş qabların saxlandığı çox mərtəbəli taxçalar idi, 
“kolumbari” – “göyərçin yuvası” adlanırdı. Çox sayda böyük şəxsiyyətlər sağlığında 
qartal, quzğun qiyafəsində olduqları halda, həyatdan getdikdən az sonra xırda 
göyərçinlərə, lap elə sərçələrə çevrilirlər. Onların əvvəlki heybətliliyinin azacıq xatirəsi də 
qalmır.Təlqin etdiləri qorxu, xof hesabına heybətli adlananların dəhşətdən xəbər verən 
şöhrəti, özləri o dünyaya köçdükdən sonra şaqren dərisi kimi qısalmağa, kiçilməyə, 
əslində yoxa çıxmağa başlayır.  
Tarix insanları öz misallarından öyrənməyə çağırsa da, çox vaxt buna nail ola bilmir. 
Böyük ingilis yazıçısı Bernard Şou isə məsləhət görürdü ki, tarixin dərslərindən dərs almaq 
lazımdır.  Lakin bir həqiqəti də inkar etmək olmaz ki, tarix öyrədə bilməsə də, ən azı, 
öyrənmək istəməyənləri cəzalandırmağı bacarır. Böyük Aleksandrın üç qitədə yaratdığı 
imperiya, yaradıcısının ölümü ilə parçalandı, ayrı-ayrı dövlətlərin meydana gəlməsinə 
səbəb oldu. İşğallara imza atanların çoxunun aqibəti belə olur, onların imperiyasından 
əsər-əlamət qalmır. Napoleon özünün böyük hərbi istedadına, sərkərdəlik bacarığına 
arxayın olub, növbəti qələbəsinə də şübhə etmədən Rusiyanı da işğal etmək istədi və 
nəhəng şöhrət qazanmış Böyük Ordusunu da itirməklə ən ağır məğlubiyyətə düçar oldu. 
Lakin Napoleon kimi hərb dühasından sonra da Avropanı, dünyanı qanlı müharibələrə 
cəlb edənlər heç olmazsa, onun başına gələnlərdən dərs götürmədilər.  
Mütləq sağlam insan bədəni olmadığı kimi, diaqnostika elə inkişaf etmişdir ki, ən 
sağlam adamda da hansısa xəstəlik əlamətlərini tapmaq mümkündür, mələyə bənzər bəşər 
övladı da yoxdur, çünki insan onu əhatə edən mühitin, ən başlıcası sotsiumun təsiri altında 
dəyişir, onun xarakterində və psixikasında, davranışında təkamülün nəticəsi özünü 
büruzə verir. Mələklər isə heç vaxt dəyişmirlər, birdəfəlik malik olduqları təbiət heç vaxt 
onları tərk etmir, hətta mələyə bənzədilən insanlar isə şəraitin təsiri altında  güclü 
dəyişikliyə məruz qalır, onun vaxtilə cazibədar görünən xüsusiyyətləri də çox keçməmiş 
yoxa çıxır. Yazıçı E. M. Remark adamların şüurunu inqrediyetlərlə dondurulmuş 
kolbasaya bənzədirdi, onlar beyinlərinə doldurulmuş fikirlərin, mülahizələrin daşıyıcısı 
rolunu oynayırlar. Şərait, mühit onların şüurunu, psixikasını istədiyi qaydada 
deformasiyaya uğradır, ona görə də yalnız az sayda adamlar şəraitin tabeliyindən 
uzaqlaşmağı bacarırlar.  
Real həyatda və hətta tarixdə mütləq xeyir təcəssümlərini tapmaq çətindir və 
əslində qeyri-mümkündür. Əksinə, mütləq şərə xidmət edənlər vardır və onlar İblisə 
sitayiş etdiklərinə görə hətta öyünürlər də. Mütləq xeyirə, mütləq layaqətə gəldikdə isə bu 
xüsusiyyələrin ölçü vahidi, hansısa bir etalonu yoxdur. Bəzən süni surətdə şişirdilən 

şəxsiyyətlər müəyyən vaxt keçdikdən sonra əvvəlki heyranlıq obyekti olmalarını itirir, 
onlara pərəstiş tamamilə yoxa çıxır, bunların yerini isə əvvəllər ört-basdır edilən şər 
əməllərin tənqidindən, ifşasından, məhkum olunmasından yaranan, əslində onu 
bütünlüklə qəbul etməmək, bəzən hətta ona qarşı nifrətə yaxın bir münasibət bəsləmək 
reallığı meydana çıxır. Bütlər dağılmağa başlayır, ən azı üzərində qərar tutduqları uca 
pyedestalı artıq onlar tərk etməli olurlar.  
Ümumiyyətlə, tarixə bütlər panteonu, qalereyası kimi baxmaq da düzgün deyildir. 
Cavanlıqda gözəlliyi ilə öyünən qız ətrafa ehtiras qığılcımları yaydığı, hamını özünə valeh 
etməyə çalışdığı halda, yaşa dolduqda, qocaldıqda əvvəlki bahardan bu payız dövründə 
əsər-əlamət də qalmır, heyranedici füsunkarlıq və təravət təcəssümü bütünlüklə yoxa çıxır, 
onları digər adi qadınlardan, demək olar ki, heç nə fərqləndirmir. Sitayiş edilən 
şəxsiyyətlər də çox vaxt belə gözəl qızlara bənzəyirlər, onlar da bir qədər sonra 
cazibədarlıq haləsini itirməyə başlayır və ya ondan bütünlüklə məhrum olurlar.  
Bəzən öyünülən, iftixar hissi ilə əhatə olunan həmin yarımmifik və ya mifik 
şəxsiyyətlərin də digər cəhətləri ön plana çəkildikdə, əvvəlki sitayiş haləsini hökmən 
itirmiş olurlar.  
Yəhudilər öz mənşələrinin 12 tayfadan götürdüklərini iddia edirlər. Bunun üçün ən 
etibarlı mənbə kimi, Bibliyaya istinad edilir. Üç dünya dininin səmavi kitab saydığı bu 
əsərdə həqiqətən də, Yaqubun (İakovun və ya Ceykobun), onun digər adı isə İsraildir,12 
oğlundan tərənən tayfalar İsrail xalqını əmələ gətirdiyi qeyd edilir. Həmin kitabı diqqətlə 
oxuduqda, onun oğlu Yusifdən (İosif və ya Cozefdən) başqa, digər oğlanları barədə verdiyi 
xarakteristika nəinki öyünmək üçün əsas vermir, əksinə, atanın dilindən onların 
əksəriyyəti haqqında qəbul edilməsi çətin olan, daha çox ar gətirən rəy meydana gəlir. 
Yaqub ölərkən oğlanlarına son sözlərlə müraciət edir və onların qüsurlarını heç bir ört-
basdıra yol vermədən səciyyələndirir. Ata bildirir ki, böyük oğlu Reyven onun kənizi ilə 
intim yaxınlıq etmiş, Simeon və Levi isə silahlı basqınla zorakılıq törətmiş, xeyli adam 
öldürmüşlər. Bu iki qardaş bacısı ilə məhəbbət əsasında yaxınlıq etmiş başqa tayfadan olan 
oğlanın atasının, həmin tayfanın başçısının hər cür şərt əsasında onların evlənməsi 
barədəki xahişini rədd etmiş, buna yalnız tayfanın kişi cinsindən olan bütün üzvlərinin, 
körpə uşaqdan tutmuş qoca adama qədər hamısına sünnət olduqdan sonra (yəhudilər 
körpə oğlan uşağı 8 günlük olduqda ona sünnət edirlər), bu izdivaca razılıq verəcəklərini 
vəd etmişdi. Tayfa başçısı problemi dinc yolla həll etmək naminə bu ağır şərti qəbul etmiş, 
tayfada sünnət olunanların hamısı – bütün kişi cinsindən olanlar yaralarına görə xəstə 
yatağında olanda, qızın anadan bir qardaşları olan Simeon və Levi üçüncü günü onların 
şəhərinə hücum edib, sakinlərin hamısını qırmışdı. Onlar şəhəri qarət etmiş, bütün 
qadınları və qız uşaqlarını əsir götürmüşdülər.  
Digər oğlu Cudeh barəsində deyilir ki, gözləri şərab içməkdən qan saçır, İsakar isə 
heç də eşşəkdən də yaxşı deyil. Den yol kənarındakı zəhərli ilan olacaqdır. 
Ata sevimli oğlu Binyamini (Bencamini)  qəddar canavara, Yusifi isə yaz guruna 
(kulana) bənzədir. Bencamin öldürdüyü qurbanlarını çeynəyib udacaqdır.  

Yaqub onu da qeyd edir ki, Allah mənə görə sizə də xeyir-dua verir. Buradan 
görünür ki, Allah da onun oğlanlarını iyrənc qüsurlarına elə bir əhəmiyyət vermirmiş. Ata 
öz oğlanlarının eyiblərini söyləməklə, 12 tayfanın mənşəyinin əslində necə olduğunu 
göstərmişdi. 
Bibliyada qədim yəhudiləri Babilə sürgünə qovan babilistanlılara nifrət yağdırılsa 
da, yəhudilərin özlərinin digər xalqlara qarşı qəddarlığına, qırğın törətmələrinə, qəribə də 
olsa, haqq qazandırılır. Hətta peyğəmbərlər çox asanlıqla yalana əl atırlar, qədim 
yəhudilərin liderləri öz məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul sayır, qan 
axıtmaqdan, insanları kütləvi şəkildə məhv etməkdən çəkinmirlər. Kənan (Xanaan və ya 
Kanaan) torpağına yenidən sahib olmaq üçün yəhudi peyğəmbəri İosif Navin (Coşua)  öz 
sələfi Moiseyin bu barədəkt tapşırığına əməl etmək üçün hər cür qəddarlığa əl atmağa 
hazırdır. Bunun üçün o, İerixon şəhərini dağıtmağı, əhalisini qırmağı qərara almışdı. 
Keşişlər yeddi dəfə şəhərin ətrafına dolandıqdan sonnra İosif Navin adamlarına 
dedi ki, Sahib (Allah) şəhəri sizə vermişdir, şəhərdəki hər şey dağıdılmalıdır. Təkcə yəhudi 
casuslarına kömək etmiş fahişə qadın Rahaba və onun yaxınlarına aman veriləcəkdir. 
Qiymətli olan şeylərin hamısı Sahibə satmaq üçün götürülməlidir. Belə çıxır ki, Allah 
qırğına olan kimi, qarətə də icazə vermişdir. Axı İosif Navinə Sahibin ordusu kömək 
etmişdi. Sonra onlar şəhəri yandırdılar. Görünür, yəhudilərin köhnə vətənlərinə 
qayıtmaları üçün Allah digər tayfaları bütünlüklə məhv etməyə belə razı imiş.  
Bədbəxt İerixon əhalisi onlara hücum edilən vaxt yəhudilərə heç bir pislik 
etməmişdi, tam günahsız idilər. Yəhudiləri ölkəsindən buraxmaq istəməyən Misir fironuna 
görə Allah misirlilərə dəhşətli bəlalar göndərmişdi. İerixonluları isə nədəsə 
təqsirləndirməyin özü belə çətin bir məsələ idi.  
Müqəddəs kitab əgər tam ədalətsiz qaydada baş verən insan qırğınlarında adi hal 
kimi qiymətləndirirsə, onda tarixdəki digər dəhşətlərə, qan axıdılmasına da haqq 
qazandırmaq cəhdi mümkündür. Bəlkə də, belə haqsızlıqların əks-sədası bizim günlərə də 
gəlib çıxır. Bu misallar bir daha göstərir ki, keçmiş zamanda görkəmli şəxsiyyət hesab 
edilənləri heç də bütləşdirməyə ehtiyac yoxdur. Dinlərə gəldikdə, onlar öz simvollarını, 
rəmzlərini yaradıb, onları sitayiş obyektinə çevirmək üçün hər cür vasitələrə əl atır, mif 
yaradıcılığı ilə məşğul olmaqdan da çəkinmirlər. Ona görə də müqəddəs kitablarda 
yazılan müddəaları sadəlövhlüklə qəbul etmək dini fanatizmə yuvarlanmağa aparıb 
çıxarır. Çox təəssüf ki, din xadimləri bir çox hallarda xurafatın güclənməsinə rəvac verirlər. 
Dini fanatizm də inancdan daha çox xurafata yol açır, mövhumatın əsarətinə düşənlər 
dindən, daha çox öz qəbahətlərini, təfəkkür zəifliklərini ört-basdır etmək üçün istifadə 
edirlər. Qatı cinayətkarlar bəzən ən sərt din, əslində xurafat təbliğatçılarına çevrilirlər. 
İnanc könülə, ruha aiddir, şüuru, təfəkkürü mövhumata təslim etmək isə inancın özünə 
xəyanət etməkdən başqa bir şey deyildir.  
Ona görə də tarixi hadisələr və şəxsiyyətlər barədə yazıları mütaliə edənlər hər 
sətiri, hər sözü sırf həqiqət nişanəsi kimi qəbul etməməli, bayağı cəhətlərə uymamalı, səhv 
nəticələrə gəlməyə yol verməməlidirlər. Onlar hadisənin baş verdiyi şəraiti, əks mövqedə 
dayananların qüvvələr nisbətini, baş aktyorun məqsədlərini, hansı siyasətə üstünlük 

verməsini, şəxsi ambitsiyasını və ya ölkəsinin, xalqının ümdə vəzifə və ehtiyacları rəhbər 
tutduğunu, bunlara xidmət etmək meylini araşdırıb, son qənaətə gəlməlidirlər. Tarixi 
hadisəyə və şəxsiyyətə qiymət vermək üçün hadisənin baş vermə səbəbini və ya 
şəxsiyyətin fəaliyyət vektorunu bilmədən, araşdırmadan səthi qaydada yanaşmaq səhv 
nəticə çıxarmağa gətirib çıxara bilər. Axı insanlar kimi hadisələr də dövrün məhsuludur, 
onların üzərindəki zaman möhürünü seyr etmədən hadisələrin hansı qütbə aid olduğunu 
müəyyən etmək də çətin olur. Səriştəli tədqiqat əvəzinə zahiri xüsusiyyətlərə görə 
hadisəyə və şəxsiyyətə bu və ya digər dərəcədə nişan vurmaq tarixi öyrənməkdən daha 
çox, onu təhrif etməyə gətirib çıxarır.  
Tarix – əsasən hadisələr və onlarda muhum rol oynayan şəxsiyyətləri təsvir edən bir 
zəncirvari mənzərədir. Hər bir hadisə keçmişlə əlaqədə olduğu, bəlkə də, birbaşa əvvəllər 
baş verənlərin davamı tək çıxış etdiyi kimi, keçmişin estafetini gələcəyə ötürməklə də 
məşğul olur. Onun həm də gələcəyə, yeni dövrə, mərhələyə təsir göstərmək imkanları 
olduqca böyükdür. Ona görə də öz övladlarını yeyən Kronosun adından götürülən xronika 
daim zamanı udmaqla məşğul olur, keçmişdən gəlib, indidən keçməklə gələcəyə 
ünvanlanır. Müasir insan özündə əcdadlarından, valideynlərindən gələn genləri daşıdığı 
kimi, müasir həyat da açıq müşahidə oluna bilməsə də, hətta uzaq keçmişin də 
əlamətlərini, xüsusiyyətlərini ən azı ənənələr şəklində özündə gəzdirir. Müasir həyat, 
insanın gözləri başın qabağında yerləşib, irəli baxdığı kimi, gələcəyə boylanır, öz 
xüsusiyyətlərini ona götürməyə cəhd edir.  
Tarix heç də yalnız təkcə böyük hadisələrin və faktların qeydə alındığı magistral yol 
deyildir, onların baş verdiyi dövrlərdə həm də, bəlkə də, çox sayda az əhəmiyyətli kiçik 
hadisələr də baş verir. Lakin onların irəli doğru gedişə bir təsir göstərmədiyini düşünmək 
də, hər bir zaman kəsiyinin mürəkkəbliyini inkar etməkdən, hadisələr toplumuna sxematik 
qaydada yanaşmaqdan xəbər verir. Ən böyük müharibələrdə belə, insan tələfatını və ya 
itkitsini bildirən statistika ilə yanaşı, saya-hesaba gəlməyən faciələr- fərdə, ailəyə və ya 
bütöv xalqa aid olan bədbəxtliklər seriyası mövcud olur. Bu faciələr, bəlkə də, 
müharibələri təsvir etməkdə heç hansısa bir uyğun gələn fon rolunu da oynamır, lakin 
gənclərin həyatının döyüşlərdə ot kimi biçilməsi, gəlinlərin ailə səadətinin şirinliyini 
dadmamış dul qalması, uşaqların yetim qalıb, atasız böyüməsi, yaşlı valideynlərin öz həlak 
olan övladlarının timsalında həyati dayaqlarını itirməsi, salnamələrdə, ümumiyyətlə 
statistik göstəricilərlə müqayisədə kölgədə qalır. Milyonlarla insanın döyüşdə, arxada isə 
aclıqdan və ya soyuqdan həlak olması ən böyük faciə olsa da, müharibə barədəki tarixi 
sənədlərdə sərkərdələr barədə əfsanələrə daha çox yer verilməklə belə kütləvi faciələr 
nəzərdən qaçılırır, guya axı onlar qələbə üçün elə br əhəmiyyət daşımır. Qələbənin 
ildönümü bayram edilən ölkələrdə sağ qalan veteranlara müəyyən ehtiram hissləri 
nümayiş etdirilir, onlardan daha artıq qələbənin çalınmasına xidmət göstərmiş həlak 
olanlar kütləsi isə yalnız ümumi bir sözlə yad edilir. Axı onların çoxu heç ailə 
qurmamışdılar, övladlarının dünyaya gəlməsinə sevinməmişdilər. Onlar adsız qəbirlərdə 
uyuyurlar, məşhur sovet mahnısında deyildiyi kimi, heç də ağ durnalara çevrilib göyə 
qalxmamışdılar.  

Biz yazılı mədəniyyət abidələrinə böyük hörmətlə yanaşırıq, axı onlarda tarixi 
kitablar kimi əbədi, zamandan asılı olmayan dəyərlər öz əksini tapır. Sıxışdırılmış zaman 
onları səthə çıxarır və bu vaxt zamanın əbədiliyini hiss etməyə başlayırsan.  
Tarixi hadisələrdən və şəxsiyyətlərdən bəhs edən kitablar, yazılar bizi daim ayıq 
olmağa, şər qüvvələrə qarşı mübarizədən çəkinməməyə çağırır. Biz həmin əhvalatlarda və 
faktlarda xeyirə qiymət verməyi öyrənirik. Xeyirin hər bir zəfərinə müasir həyatdakı 
uğurumuz kimi sevinməyə başlayırıq. Tarix bəşəriyyətin keçmişinə yönələn baxış, diqqət 
olmaqla yanaşı, minilləri əhatə edən zaman kəsiyində bizi düşündürən suallara cavab 
axtarmaq, öz maraq yanğımızı söndürmək cəhdidir. Tarixi öyrəndikcə zamanların əbədi 
əlaqəsi ilə tanış olmaq, onu hiss etmək imkanı qazanırıq.  
Nə qədər ki, bəşəriyyət mövcuddur, o heç dəöz keçmişinə biganə qalmayacaqdır. 
Çünki keçmişi öyrənmə, dərketmə gələcəyə olan yola, az da olsa, işıq salır. Gələcəyin 
bakirə səhifələrində də biz keçmişin izlərini görməyi bacarmalıyıq, çünki sabah dünənin və 
bu günün davamıdır, keçən günlərə söykənməklə öz mövcudluğunu daha dəqiq büruzə 
verə bilir. Ona görə də tarixə qısaca da olsa nəzər salmaq, ondan öyrənmək və nəticə 
çıcarmaq idrakın mühüm vəzifələrindən biri olmalıdır. Təklif olunan yazı da məhz belə 
faydalı işə xidmət etmək vəzifəsinə, azacıq da olsa, girişməyə cəhd edir. Tarix xəzinəsi o 
qədər boldur ki, orada çox sayda incilər tapmaq mümkündür və onlar heç də bəzək əşyası 
kimi deyil, təfəkkür üçün xüsusi dəyər kimi istifadə olunmalıdır.  
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə