Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası



Yüklə 264 Kb.
Pdf просмотр
tarix10.06.2017
ölçüsü264 Kb.

İş № 2-1(105)-295/2016

Q Ə R A R

Sumqayıt Apelyasiya Məhkəməsinin

inzibati-iqtisadi kollegiyası

Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı,

hakimlər Nəsibov Nazim Məcid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət

tərkibdə, Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə,

iddiaçı Mahmudov Nizam Məmmədbağır oğlunun,

onun vəkili Əliyev Yusif Musa oğlunun və

cavabdehin nümayəndəsi Piriyev Nəriman İsmayıl oğlunun iştirakları ilə,

İddiaçı – Mahmudov Nizam Məmmədbağır oğlunun cavabdeh – Dövlət Sosial

Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı cavabdehin üzərinə işlədiyi

müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına hesablanması və ona güzəştli

şərtlərlə 12.04.2016-cı il tarixdən əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin

üzərinə qoyulması barədə inzibati mübahisəyə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2-1(85)-790/2016 saylı qərarından iddiaçı

tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati

binasında (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) 10 oktyabr 2016-cı il tarixdə

şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası



MÜƏYYƏN ETDİ:

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2-1(85)-

790/2016 saylı qərarı ilə iddia rədd edilərək, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir

(hakim İ.Quliyev).

Həmin qərardan iddiaçı apelyasiya şikayəti vermişdir.

İŞİN HALLARI:

İddiaçı Mahmudov Nizam Məmmədbağır oğlunun cavabdeh Dövlət Sosial

Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı cavabdehin üzərinə 13.07.1979-cu il

tarixdən 01.10.1979-cu il tarixədək SUM 8-in dəmir yollarının dəmir yolu sahəsində 4-

cü dərəcəli tərtibatçı, 01.10.1979-cu il tarixdən 02.03.1987-ci il tarixədək maşinist

köməkçisi, 11.06.1987-ci il tarixdən 27.08.1987-ci il tarixədək 54360 saylı hərbi hissədə

dəmir yolunda maşinist köməkçisi, 07.09.1987-ci il tarixdən Azərbaycan Respublikası

Sənaye Nazirliyinin Sənaye Tikinti Quraşdırma İdarəsinin 8 saylı Tikinti Quraşdırma

İdarəsində dəmir yolu sexində 5-ci dərəcəli tərtibatçı və 26.08.1988-ci il tarixdən

30.03.1998-ci il tarixədək Sumqayıt İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində dəmir

yolu sahəsində 7-ci dərəcəli teplovoz maşinisti işlədiyi müddətlərin sosial sığorta stajına

daxil edilərək, iş stajına hesablanması və ona güzəştli şərtlərlə 12.04.2016-cı il tarixdən

əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia

ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13.07.1979-cu il tarixdən

30.03.1998-ci il tarixədək dəmir yolunda ağır və zərərli işlərdə tərtibatçı, maşinist

köməkçisi və teplovoz maşinisti işlədiyindən və həmin peşələr Azərbaycan Respublikası


Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan “güzəştli

şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və

göstəricilərin Siyahısı”nın 2.1.4-cü bəndinə əsasən onun güzəştli şərtlərlə yaşa görə əmək

pensiyası almaq hüququ verən peşə kimi qeyd olduğundan, həmin dövlər güzəştli

şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi nəzərə alınmaqla ona 57 yaşının

tamam olduğu 12.04.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin

edilməlidir.

İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir.



APELYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ

TƏRƏFLƏRİN İZAHATLARI:

Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Y.Əliyev apelyasiya şikayətini

müdafiə edərək çıxışında göstərdi ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və

qanunsuzdur. Belə ki, qərar qəbul edilərkən Azərbaycan Respublikasının Nazirlər

Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş «Güzəştli

şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və

göstəricilərin Siyahısı»nın 21.4-cü bəndinə və «Əmək pensiyaları haqqında” Azərbaycan

Respublikası Qanununıın 9.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya

məhkəməsi qanunu səhv təfsir etmişdir. Belə ki, qeyd olunan Siyahının 21.4-cü bəndinə

əsasən iddiaçının 13.07.1979-cu il tarixdən 30.03.1998-ci il tarixədək işlədiyi qatar

tərtibatçısı, maşinist köməkçiləri, teplovoz maşinisti vəzifələri güzəştli şərtlərlə yaşa görə

əmək pensiyası hüququ verən peşə kateqoriyasina aiddir və buna görə də o, istər əvvəlki

01.01.1993-cü il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan

Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən, istərsə də 01.01.2006-cı

ildən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun

9.1-ci maddəsinə əsasən o, 57 yaşına çatdığı və 25 il iş stajına malik olmaqla bu

müddətin 13.07.1979-cu ildən 30.03.1998-ci ilədək olan hissəsi əmək şəraiti zərərli və

ağır olan digər işlərdə çalışdığı üçün onun iddiası təmin olunmalı idi. O, 01 mart 1959-cu

il tarixdə doğulmuş və ona görə də ona 12.04.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək

pensiyası təyin olunmalı idi. Cavabdehin bu imtinası əsassızdır və məhkəmənin gəldiyi

nəticə qanuna uyğun deyildir. İddiaçı 1998-ci ildən indiyədək Biləcəri Lokomativ

deposunda işləyir.

Məhkəmə iclasında DSMF-nun nümayəndəsi bildirdi ki, onun iddiası təmin

olunması üçün əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə 6 gün

məzuniyyət ödənilməlidir. Bunu isə məhkəmə sorğu ilə iddiaçının iş yerindən almalı idi.

İddiaçı özü həmin arayışı alıb məhkəməyə təqdim edəndə artıq məhkəmə qərarını elan

etmişdi. Ona görə həmin arayış apelyasiya şikayətinə əlavə edilmişdir.

«Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş

yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək

şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və

göstəricilərin müvafıq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə)

calışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik

olduqda və bu müddətın azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı

20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa,

əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun

mənasına əsasən müvafiq icra hakimiyyəti orqanı kimi AR Nazirlər Kabineti başa

düşülür və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Siyahıya əsasən


iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun olmasına baxmayaraq məhkəmənin

iddianı təmin etməməsi barədə gəldiyi nəticəni başa düşmək olmur. Belə ki, məhkəmə bir

tərəfdən Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Siyahısına əsasən qatar

tərtibatçısı, maşinist köməkçisi, teplovoz maşinisti vəzifələrinin güzəştli şərtlərlə yaşa

görə əmək pensiyası hüququ verən peşə kateqoriyasına aid olduğunu qeyd edir, digər

tərəfdən isə iddianı təmin etmir. Ona görə də, vəkil Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin

olunması barədə yeni qərarın qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında iddiaçı N.Mahmudov apelyasiya şikayətini

müdafiə edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli

qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul

olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi N.Piriyev apelyasiya

şikayətini qəbul etməyərək, onun təmin olunmamasını və Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını

məhkəmə kollegiyasından xahiş etdi.



HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə

əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə

mahiyyəti üzrə baxaraq həll edir.

Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən tərəflərin

izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini

müzakirə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi nəticəsinə

gəlir.


Belə ki, işdən görünür ki, iddiaçı 13.07.1979-cu il tarixdən 01.10.1979-cu il

tarixədək SUM 8-in dəmir yollarının dəmir yolu sahəsində 4-cü dərəcəli tərtibatçı,

01.10.1979-cu il tarixdən 02.03.1987-ci il tarixədək maşinist köməkçisi, 11.06.1987-ci il

tarixdən 27.08.1987-ci il tarixədək 54360 saylı hərbi hissədə dəmir yolunda maşinist

köməkçisi, 07.09.1987-ci il tarixdən Azərbaycan Respublikası Sənaye Nazirliyinin

Sənaye Tikinti Quraşdırma İdarəsinin 8 saylı Tikinti Quraşdırma İdarəsində dəmir yolu

sexində 5-ci dərəcəli tərtibatçı və 26.08.1988-ci il tarixdən 30.03.1998-ci il tarixədək

Sumqayıt İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində dəmir yolu sahəsində 7-ci dərəcəli

teplovoz maşinisti işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına

hesablanması və ona güzəştli şərtlərlə 12.04.2016-cı il tarixdən əmək pensiyası təyin

edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu

maddəsi güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslərin dairəsini

müəyyən edir.

Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq

yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və

ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra

hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların,

kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12

il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik

olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə

güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.



Göründüyü kimi

qanunvericilik müəyyən qrup

istehsalatlarda, peşələrdə, vəzifələrdə

işləyən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsinin

şərtlərini müəyyənləşdirərək bunun üçün

müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul etmişdir.

 

“Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,



peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

İddiaçı həmin Siyahının 21.4-cü bəndinə uyğun olaraq ona tərtibatçı, maşinist

köməkçisi, teplovoz maşinisti kimi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini

tələb edir.

Həmin Siyahı ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 35

kateqoriya müəyyən edilmişdir. Həmin kateqoriyaların otuz dördündə konkret sahələr

üzrə işləyənlərin dairəsi müəyyən edilmiş, axırıncı kateqoriyada isə, ümumi peşələr

müəyyən edilmişdir. İddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün

istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli

12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ

verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü

bəndində dəmiryol nəqliyyatında çalışan işçilərin güzəştli şərtlərlə əmək pensiyası almaq

hüququnun olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsi qərarında hesab etmişdir ki, güzəştli şərtlərlə əmək

pensiyasının verilməsinə əsas olan tərtibatçı, maşinist köməkçisi və teplovoz maşinisti

peşəsi yuxarıda adı qeyd olunan Siyahı ilə müəyyənləşdirilmiş konkret kateqoriyaya, yəni

dəmiryol nəqliyyatı sahəsində həmin peşələrdə işləyən işçilərə aid olduğundan həmin

norma ümumi norma kimi təfsir edilməməlidir.

Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli

şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni

olmuşdur.

Bundan başqa birinci instansiya məhkəməsinin qərarında qeyd edilir ki, “Əmək

pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi

günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya

hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər

qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin

edilir. Sözügedən normada güzəştli şərtlərlə əmək pensiyasının əvvələr qüvvədə olmuş

qanunvericiliyə əsasən təyin olunması müəyyən edilmişdir. İddiaçı “Əmək pensiyaları

haqqında” Qanunun qüvvəyə mindiyi günədək 25 ildən çox sığorta stajına malik olsa

da, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21

iyun 1993-cü il 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya

hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”larında

da dəmiryol nəqliyyatında maşinist köməkçisi, teplovoz maşinisti peşələrində işləyən

şəxslərə güzəştlərin şamil edildiyi müəyyən edilir.

Beləliklə, birinci instansiya məhkəməsi qərarında hesab etmişdir ki, nə hal-hazırda

qüvvədə olan, nə də köhnə qanunvericiliyə görə iddiaçının işlədiyi peşənin ona güzəştli

şərtlərlə əmək pensiyası hüququ verən peşə olması müəyyən edilməmişdir və işlədiyi

sahə isə dəmir yolu nəqliyyatı hesab olunmadığından inzibati orqanın imtinası əsaslı

olmuşur.


Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda

göstərilən əsaslarla iddianı rədd edərək düzgün nəticəyə gəlməmişdir.

Belə ki, N.Mahmudovun əmək kitabçasından görünür ki, o 13.07.1979-cu il

tarixddən 02.03.1987-ci il tarixədək, 11.06.1987-ci il tarixdən 27.08.1987-ci il tarixədək,



07.09.1987-ci il tarixdən 30.03.1998-ci il tarixədək dəmir yolu sahəsində dəmir yoluna

aid vəzifələrdə işləmişdir.

İnzibati orqan 19.01.2016-cı il tarıxli 62/4460 saylı məktubunda iddiaçının

13.07.1979-cü ildən 02.03.1987-ci il tarixədək və 07.09.1987-ci ildən 30.03.1998-ci

ilədək işlədiyi vəzifənin Dəmiryol Nəqliyyatına aid olmadığı və Nazirlər Kabinetinin 23

yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq olunan siyahıda nəzərdə tutulmadığından ona

güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında”

Qanunun 9, 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının əvvəllər

qüvvədə olmuş qanunvericiliyə əsasən təyin olunması müəyyən edilməlidir.

Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa

görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin

Siyahısı”nın XXVIII. Nəqliyyat bölməsinin “1. Dəmir yolu nəqliyyatı. Dəmiryol

lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində

“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, “teplovozlarda maşinist

köməkçiləri”, “qatar tərtibçiləri” güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdir.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında iddiaçının

işlədiyi sahənin dəmir yolu nəqliyyatı hesab olunmaması dəlilləri ilə razılaşmır.

Belə ki, “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci

maddəsində “nəqliyyat” anlayışı aşağıdaki kimi verilmişdir: Azərbaycan Respublikasının

ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış yüklərin və insanların

daşınma vasitələridir, o cümlədən dəmir yolu, avtomobil, dəniz, daxili su, hava, şəhər və

şəhərətrafı elektrik, metropoliten, həmçinin Azərbaycan Respublikasının ərazisində

yerləşən magistral boru kəmərləri;

Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nəqliyyat

dövlət, xüsusi və bələdiyyə mülkiyyət növlərinə əsaslanır. Bütün nəqliyyat

mülkiyyətçiləri bərabər hüquqa malikdirlər və qanunla eyni cür müdafiə olunurlar.

Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müəssisələr dəmir yolu

nəqliyyatı müəssisələri olmasa da, həmin müəssisələr əsas fəaliyyətindən başqa dəmir

yolu vasitəsi ilə də yüklərin daşımasını həyata keçirirdi. İddiaçının həmin müəssisələrdə

peşə fəaliyyəti dəmir yolu nəqliyyatı ilə bağlı olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin III hissəsinə

əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə

başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə

tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissəsilərinə görə konstitusiyada təsbit

edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq

qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş

hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə

görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul

edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın

hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında

iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin

üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində



nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh

tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən

(hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina

olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul

edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu

hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik

qoyur.


Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, inzibati

orqanın imtinası əsassız olmuşdur, ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci

instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə

əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını

dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya

qismən) yeni qərar qəbul edə bilər.

Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi

birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin

qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiya

məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 69, 87.6, 89, 94.1-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçının apelyasiya şikayəti təmin edilsin.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli 2-1(85)-

790/2016 saylı qərarı ləğv olunsun.

Yeni qərar qəbul edilsin.

İddia təmin edilsin.

Mahmudov Nizam Məmmədbağır oğlunun 13.07.1979-cu il tarixdən 01.10.1979-

cu il tarixədək SUM 8-in dəmir yollarının dəmir yolu sahəsində 4-cü dərəcəli tərtibatçı,

01.10.1979-cu il tarixdən 02.03.1987-ci il tarixədək maşinist köməkçisi, 11.06.1987-ci il

tarixdən 27.08.1987-ci il tarixədək 54360 saylı hərbi hissədə dəmir yolunda maşinist

köməkçisi, 07.09.1987-ci il tarixdən Azərbaycan Respublikası Sənaye Nazirliyinin

Sənaye Tikinti Quraşdırma İdarəsinin 8 saylı Tikinti Quraşdırma İdarəsində dəmir yolu

sexində 5-ci dərəcəli tərtibatçı və 26.08.1988-ci il tarixdən 30.03.1998-ci il tarixədək

Sumqayıt İxtisaslaşdırılmış Mexanizasiya İdarəsində dəmir yolu sahəsində 7-ci dərəcəli

teplovoz maşinisti işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iş stajına

hesablanması və ona güzəştli şərtlərlə 12.04.2016-cı il tarixdən əmək pensiyası təyin

edilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə

qoyulsun.

Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə

minir.


Qərarın təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi

kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti

verilə bilər.



Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Afaq Nuriyeva



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə