Sevgi çiçəyinin vətəni Gölbaşı



Yüklə 157,36 Kb.
tarix23.02.2017
ölçüsü157,36 Kb.
#9378

Sevgi çiçəyinin vətəni Gölbaşı

«Bizi hər yerdə sevgi ilə qarşılayırdılar»


2007-ci ilin 7 mayında Azərbaycan Respublikası Mingəçevir Bələdiyyəsi və Türkiyə Cümhuriyyəti Başkənd Ankaranın Gölbaşı Bələdiyyəsi arasında qardaşlaşmış şəhərlər anlaşması qəbul edildi.

Anlaşmaya görə hər iki bələdiyyə mədəni, iqtisadi və şəhərlərin planlaşdırılmasında bir-birinə qarşılıqlı yardımçı olacaq, bələdiyyə üzvləri və qulluqçularının gediş-gəlişini təşkil edəcək, hər iki şəhər əhalisinin bir-birləri ilə tanış olmalarına və şəhərlərin inkişafına nail olacaqlar.

Əsas məqsədlərdən biri bələdiyyyə üzvlərinin görüşərək fəaliyyətləri barədə bir-birlərinə bilgilər vermək, təcrübə mübadiləsi aparmaq, öyrəndikləri işdə tətbiq etəmkdir. Əslində bələdiyyələr barədə yeni bilgilər qazanmaq, təcrübədən bəhrələnmək bizə lazım idi.

40 ildən çox fəaliyyətdə olan bələdiyyə (Gölbaşı Bələdiyyəsi 1965-ci ildən işləyir) yeddi yaş yarımlıq bələdiyyədən nə öyrənə bilərdi ki? Onların baş amacı dili bir, soyu bir, adət-ənənəsi bir qan qardaşları ilə tanış olmaq, ölkəmizi, şəhərimizi gəzmək, inkişafımızı öz gözləri ilə görmək və buna sevinmək idi. Ona görə də hər iki tərəf görüşə, canlı təmasa can atırdı. Nəhayət ki, bir illik rabitə əlaqəsindən sonra görüşlər gerçəkləşdi.

Bu il iyunun 27-30-da Gölbaşı Bələdiyyəsinin 5 üzvü və başkanı Abdul Nasır Haşlak şəhərimizin qonağı oldular. Onlar bu müddətdə bələdiyyədə, İcra Hakimiyyətində, Polis Şöbəsində maraqlı görüşlər keçirdilər, şəhərimizin görməli yerlərini, müəssisələrini gəzdilər, Şəkiyə səyahət etdilər. İyunun 30-da polis günü münasibətilə şəhər stadionunda təşkil olunmuş bayram tədbirlərinin iştirakçısı oldular və xoş təəssüratla ölkəmizi tərk etdilər.

Təxminən bir həftə sonra, iyulun 5-9-da qarşılıqlı olaraq, Mingəçevir Bələdiyyəsinin 5 üzvü (sədr ilə birlikdə) və yerli musiqiçilərdən ibarət 8 nəfərlik heyət Gölbaşı Bələdiyyəsinin dəvəti ilə Baş Kənd Ankaranın Gölbaşı ilçəsinə səfər etdi.

Əvvəldən qeyd edim ki, şəhərimizdən böyük heyətin dəvətində iki məqsəd güdülürdü. Bələdiyyə üzvlərinin səfərinin məqsədini yuxarıda göstərmişdim. Musiqiçilərimiz isə hər il Gölbaşıda keçirilən Uluslararası Gölbaşı Göllər, Andezit (daş) və Sevgi çiçəyi festivalında çıxış üçün dəvət olunmuşdular. Burarda haşiyəyə çıxmaq yerinə düşər ki, sevgi çiçəyi adlandırılan çiçək yalnız Gölbaşıda yetişir. May, iyun aylarında çiçək açır. Bu çiçək şəhərin simvoluna çevrilib.

O da maraqlıdır ki, çiçək, göl, daş adı ilə beynəlxalq festivalda dünyada yalnız Gölbaşıda keçirilir.

İkinci haşiyəyə də ehtiyac yaranır: Gölbaşı Moğan və Eymur gölləri ətrafında salınmış ilçədir (rayon tipli şəhərdir). Şəhərin (22 kəndi var) bütün istirahət guşələri Moğan gölünün sahilindədir. Yerli əhali bu gölü göz bəbəyi kimi qoruyur: heç kəs gölə zibil atmaz, çimmək olmaz, restoranlar, kafelər oraya çirkab su axıtmazlar…

Əhalisi bizdəki kimidir: Təxminən 100 min. Şəhərin tarixi Mingəçevirdən qədim olsa da, şəhərsalma müasir üslubdadır.Bələdiyyə 4 mərtəbədən yuxarı bina tikməyi qadağan edib. Küçələri genişdir, yollar birtərəflidir, genişdir, asfalt örtük bütün yollara salınıb. Havası yayda bizdəkindən az fərqlənir. Günorta isti olur, amma kölgəyə çəkilsən, sərinlənərsən. Azşam saat 9-dan sonra ətrafdakı dağlardan soyuq hava gəlir, pencək geyməsən üşüyərsən.

Bütün bu gözəlliklərə baxmayaraq, onların da bizim şəhərdə gördüklərindən həsəd apardıqları bir məqam var. Gölbaşıda ağac çox azdır. Torpaq çınqıllı olduğundan bir ağacı yetişdirmək üçün dəridən-qabıqdan çıxırlar. Bələdiyyə başkanı söhbətlərindən birində arzusunu dilə gətirdi: «Kaş Mingəçevirin yaşıllığı, su anbarı, Kür çayı bizdə olardı!»

Nümayəndə heyətimizin yerləşdiyi dörd ulduzlu «Patalya» oteli də Moğan gölünün kənarında salınmışdı.

Gölbaşıya çatdığımız gün, yerbəyer olandan sonra proqramımız bələdiyyə üzvləri və qulluqçuları ilə görüşlə başladı. Musqiçilər məşq etmək üçün oteldə qaldılar.

Qeyd edim ki, bizim üçün çox ciddi, maraqlı proqram hazırlanmışdı. Proqramın məzmununu nəzərinizə çatdırıram. ( Yeri düşdükcə, bəzi məqamları açıqlamaq şərti ilə):



  • Bakı –İstanbul-Ankara reysi ilə üçüş;

  • Qarşılanma: Ankara-Gölbaşı: «Patalya» otelində yerləşmə;

  • Gölbaşı Bələdiyyəsinin inzibati binasında bələdiyyə üzvləri və qulluqçuları ilə tanışlıq;

Bələdiyyənin bir neçə binası var. Hər binada 4-5 şöbə (müdürlük) yerləşir: özəl qələm müdürlüyü, təmizlik işləri müdürlüyü, sağlık işləri müdürlüyü, strateji geliştirmə, satınalma, park və bahçeler müdürlüyü və s.

Bələdiyyə üzvlərinin əsas iş yerləri başqa sahələrdədir. Onlar aydı bir dəfə Məclis iclasına toplaşır, qərarlar verirlər. Bütün işləri müdürliklər (qulluqçular) yerinə yetirirlər. Bələdiyyə başkanı birbaşa seçildiyindən iki səsə malikdir. Bələdiyyənin 16 üzvü var: 8-i iqtidar, 7-si müxalifətdəndir. Başkan da iqtidar AKP-ni təmsil edir. Səsvermədə 8:8 alınarsa, başkanın səsi əsas sayılır.

Həmin gün, saat 16-da bələdiyyənin əvvəldən planlaşdırılmış iclası var idi. Biz həmin iclasda iştirak etdik. Gündəliyə 7 məsələ çıxarılmışdı. Məsələlərdən biri iqtidar təmsilçiləri ilə müxalifət arasında qızğın mübahisəyə səbəb oldu: «Vətəndaşların torpaq üçün ödədikləri rüsumun 25% azaldılması və ödəmə müddətinin 10 ilə qədər uzadılması». Gərgin müzakirədən sonra səsvermə ilə məsələ daha dolğun hazırlanmaq üçün komissiyaya qaytarıldı.

İclasdan sonra bizi Moğan gölunün ətrafına – bələdiyyənin saldığı parklarla tanışlığa apardılar. Gölün ətrafındakı rapkların salınmasına 35 milyon ABŞ dolları xərclənib. Bu işdə Böyük şəhər bələdiyyəsi yardımçı olub. Parklar bir-birindən fərqli üslubda, bir-birindən gözəl, rəngarəng əyləncə guşələri ilə zəngin şəkildə salınıb.Parkın bir ərazisində əhalinin şənbə, bazar, bayram günlərində ailəliklə dincəlməsi, kabab bişirməsi, dincəlməsi üçün hər cür şərait yaradılıb.


6 iyul

Bələdiyyənin istehsal və xidmət sahələri ilə tanışlıq:

Gölbaşı bələdiyyəsi son 4 ildə (A.Nasır Haşlak başkan seçildikdən sonra) xeyli işlər görüb, yeni-yeni iştehsal və xidmət sahələri açıb. Bələdiyyənin ixtiyarında irili-xırdalı yüzə qədər maşın texnikası vardır: asfaltbasan, qreyder, buldozer, yük maşınları, susəpən, dərmanyayan maşınlar və s. Taxta sexləri, daşyonan sexlər, daş döşəmə istehsalı sexləri.

Sahələrdən sahələrə keçərkən şəhərin küçələrini də seyr edirdik. Çox təmiz, səliqəli, geniş küçələr idi. Günortadan sonra əmniyyət müdiri (polis rəisi) Ahmet Akgünlə görüş təşkil etdilər. O, çox istiqanlı, gülərüz, səmimi insandır. Bizi doğmaları kimi qəbul etdi. Zatən artıq doğmalaşmışdıq da. Miqngəçevir şəhər polis şöbəsinin rəisi Ələsgər Bədəlov ATƏT-in Mingəçevirdə həyata keçirdiyi «Cəmiyyət dəstəkli polis» layihəsi Gölbaşıda olmuş, əmniyyət müdiri ilə münasibətlər qurmuşdu.

Ahmet bəy məmurluqdan başqa, həm də gözəl rəssam və musiqisi imiş. Polis idarəsində rəsmlər çəkmək üçün xüsusi emalatxana yaradılıb. Rəsm prosesinin özəlliyi ondadır ki, burada karandaş, fırçı ilə şəkil çəkilmir. Ağac və çiçəklərdən hazırlanmış mayenin ustünə təbii rənglər çilənir, sonra incəliklə çiçək rəsmləri çəkilir və mayenin üzərinə kağız sərilərək ehtiyyatla götürülür. Çiçəyin rəngbərəng fonun əksi kağıza hopur. .. və rəsm hazırdır.

Rəisin dediyinə görə bu çox qədim incəsənət növüdür. Bu işlə həm, ənənəmizi yaşadırıq, həm də para qazanırıq.

Əmniyyət müdiri qeyd etdi ki, texnologiya asandır, əsas məsələ rəngləri, fon yaradan mayeni əldə etməkdir. İzahatdan sonra bələdiyyəmizin sədri Cavanşir Yusubov da bir rəsm çəkdi.

Ahmet bəy öz əl işlərindən hərəmizə birini bağışladı. Görüşümüzün sonunda o sədrimizə konvert verdi və bildirdi ki, burada əmək haqqından cüzi para var. İmkansız köçkünlərdən birinə verərsiniz. (Onun xahişini Mingəçevirə qayıdandan sonra yerinə yetirdik).

Daha sonra , əmniyyət müdiri ilə birlikdə Gölbaşının qaymakamı (valisi) Hakan Uzunun qəbuluna getdik. Bələdiyyə başkanı qaymakamla bizi tanış etdi, səfərimizin səbəblərini ona açıqladı.

Bu məqamda qəribə bir hadisə baş verdi: Vali söhbət üçün tərcüməçiyə ehtiyac olub olmadığını soruşdu. Başkansa bildirdi ki, ən təmiz türk dili elə Azərilərin dilidir. Anlaşmaq üçün vasitəçiyə ehtiyac yox.

Qısa görüşdən sonra rəsmi şəxslər, qonaqlar və işçilər Qaymakamın binasının qarşısına toplaşdıq.Burada artıq yüzlərlə adam var idi. Nəhayət ki, hamının gözlədiyi məqam yetişdi. IV Uluslararası Gölbaşı Göllər, Andezit və Sevgi çiçəyi festivalının açılışına start verildi.

Əvvəlcə orkestr «İstiqlal marşı»nı çaldı. Hamı əlini sinəsinə qoyub oxuyurdu. Türkiyənin bayrağı qaldırıldı. Sonra Gölbaşı bələdiyyəsinin başkanı A.N.Haşlak , Mingəçevir Bələdiyyəsinin sədri C.Yusubov və Qaymakam H.Uzun çıxış etdilər. Çıxışında bələdiyyə başkanı fəxrlə qeyd etdi ki, festivala Azərbaycandan –qardaş Mingəçevirdən nümayüəndələr gəlib.Bu gəliş festivalımızı daha da təravətləndirəcək.

Qaymakamın binasının qarşısından Moğan gölünün sahilinddəki (festivalın keçiriləcəyi parkadək) izdihamlı yürüş başladı. Qabaqda orkestr, ondan sonra xüsusi forma geymiş uşaqlar, sonra rəsmi şəxslər, qonaqlar, şəhər əhalisi musiqi sədaları altında bəzədilmiş küçələrlə irəliləyirdilər. Hamının üzü gülürdü, isti olmasına baxmayaraq , 4-5 km yol piyada qət edildi. Hər 10 dəqiqədən bir mikrafonda elan verirdilər: «Gölbaşı bələdiyyəsinin başkanı A.N.Haşlak və Azərbaycanın Mingəçevir bədəliyyəsinin sədri C.Yusubov sizi salamlayır. Hamını festivala dəvət edirik.».

Küçələrdə gəzişənlər, eyvanlardan baxanlar izdihama qoşulur, qoşulmayanlar əl hərəkətləri ilə izdihamı salamlayırdılar. Nəhayət ki, 2 saatdan sonra yürüş iştirakçıları parkda festival üçün hazırlanmış meydançaya çatdıq. Festivalın ilk günü ənənəvi olaraq milli güləşlə başladı. Kiçik yaşlı uşaqlardan tutmuş Avropa, dünya çempionları olmuş 100-ə yaxın idmançı yarışlara qoşulmuşdu. Aparıcı və hakimlər qədim libasda balaban və nağaranın sədaları altında yarışları idarə edirdilər.Ən maraqlısı yağlı güləş idi. Yaşlı ağır çəkili güləşçilər vedrə ilə başlarına zeytun yağı tökərək bədənlərini yağlayıb qurşaq tuturlar. Belə yarış çox uzun çəkir. Çünki rəqibin bədənindən yapışmaq , fənd işlətmək çətin məsələdir.Burada yalnız gec yorulan qalib gəlir. Həddən artıq baxımlı yarışlar gecə saat 12-dək davam etdi. Qaliblərin medallarla təqdim olunma mərasimində aparıcı bizi–Azərbaycandan gələn müsafirləri özünəməxsus şirinliklə azarkeşlərə və oyunçulara tanıtdı. Bir qurup pəhləvana medalları Mingəçevir Bələdiyyəsinin üzvləri (Cavanşir Yusubov, Əliqismət Kərimov, Coşqun Abdullayev, Mustafa Muradov və Zahid Qasımlı) təntənəli şəkilədə təqdim etdilər. Festivalın 1-ci günü bununla yekunlaşdı.

7 iyul

Festivalın 2-ci günü Cıdır meydanında at yarışları ilə başladı. İki dəstəyə bölünmüş atçılar bir-birlərinə ağac ox atır, rəqib ağacı (oxu) tutarsa, xal qazanır, ağac (ox) oyuçuya dəyərsə, komanda xal itirir. Bunlar hamısı at belində baş verməlidir.Yarışın başqa şərtləri də var idi. Birinci dəfəydi belə oyun görürdüm. Ona görə də bəzi şərtləri anlaya bilmədim. Amma festivalın yürüşlərlə, güləşlə, cıdırla başlaması ilə təşkilatçıların nə demək istədiyini gözəl anlayırdım: «Ey türk oğlu, sənin babaların at belində güc göstərərək yürüşlə dünyaya sahiblik edib. Kökünü unutma! Sən güclüsən! Vətəninə xor baxanları oxla, kürəyini yerə vur! Yürüşə hazır ol!!!»,



Şadyanalıq, istirahət qələbədən sonra olmalıdır: Festivalın konsert proqramı da həmin mərasimlərdən sonra –axşam saat 6-da başlandı. Səhnə açıq havada müasir avadanlıqlarla təchiz olunmuş halda qurulmuşdu. Bizim tərəfdən səhnənin tərtibatına və ansamblımızın yerləşdirilməsinə cavabdehlik mənə həvalə olunmuşdu. Məni ilk növbədə məraqlandıran məsələ özümüzlə götürdüyümüz Azərbaycanın dövlət bayraqlarını (2 ədəd iri, 20 ədəd kiçik ölçülü bayraq aparmışdıq) görkəmli yerlərdən asmaq idi… Tərtibatçılarla mübahisədən sonra bayraqlarımızı səhnənin ən uca hissəsindən asdıq. Kiçik bayraqları isə tamaşaçı qismində tədbirdə iştirak edən bələdiyyə tərəfindən sünnətləri təzəcə olmuş uşaqlara (belə uşaqların sayı 115 idi) payladıq. Bilsəniz, uşaqlar bayraqları almaq üstündə necə «dava» salırdılar?! Bayraq əldə edə bilməyənlərdən hətta ağlayanlar da oldu. Bayrağa sahib olmuş uşaqlar konsert boyu bayrağı fəxrlə başlarının üzərinə qaldırır, «Azəri, azəri» deyə qışqırırdılar. Bu, bizdə qürur hissi oyadırdı.

Konsert yerli incəsənət ustalarının çıxışı ilə başlandı. Mustafa Özkan bir neçə mahnı oxudu. Sonra qədim türk rəqslərinin nümayişi oldu. Çox gözəl qurulmuş rəqslər idi.

Nəhayət bizim proqramı elan etməyin vaxtı çatdı. Festivalı «Səs» TV-nin aparıcısı Qonça xanım aparırdı. Bizimkilər səhnədə hazırlıq işləri apararkən, o mənə yaxınlaşıb: «Bəlkə özün aparasan, qorxuram adları səhv salam» deyə müraciət etdi.

Festivala dəvət üçün Gölbaşı bələdiyyəsinə təşəkkürümü bildirdikdən sonra türkçülüklə bağlı düşüncələrimi tamaşaçılarla paylaşdım və ansaml üzvlərini təqdim etdim. Proqramımızı Oqtay Vəliyevin ifasında «Azərbaycan « mahnısı ilə başladıq. Ardınca Aydın Quliyev «Sizə salam gətirmişəm» mahnısını oxudu. Alim Vəliyev (qarmon), Ayaz Qasımovun(tar), Faiq Cəlilovun (kamança) gözəl ifaları, Sevda Tağıyevanın, Dürdanə Əliyevanın milli rəqsləri (Mələk Tağıyevanın quruluşunda) alqışlarla qarşılandı. «Sarı gəlin», «Olmaz-olmaz», «Yol ver türkün bayrağına», «Azərbaycan maralı» və başqa mahnılarımızı müğənnilərlə bərabər tamaşaçılar da ifa etdilər.

Konsertimizdə bir sürpriz də hazırlamışdıq. Türk qonaqlarımız Mingəçevirdə olanda bizə «Moğan şer axşamları» adlı kitabça bağışlamışdılar. Kitabçada Gölbaşı Bələdiyyəsinin himayəsi altında keçirilən «Şer axşamları»nda oxunmuş yerli şairlərin şerlərindən nümunələr verilib. Kitabçanı vərəqləyərkən diqqətimi bələdiyyə başkanı Abdul Nasır Haşlakın «Ne yazar!» şeri cəlb etdi. Şer çox mənalı, axıcı, oxunaqlı, musiqiyə yatımlı idi. Məşq vaxtı Aydın Quliyevə bu şerə mahnı bəstələməyi təklif etdim. Bir neçə cəhddən sonra mahnı hazır oldu.

Bu mahnını tamaşaçılara belə elan etdim: «Siz başkanınızı qurucu, işgüzar adam kimi tanıyırsınız. Amma onun şer yazdığını çoxlarınız bilmirsiniz. Şerinə mahnı bəstələnməyini isə heç biriniz bilmirsiniz. Çünki o mahnı ilk dəfə burada Azərbaycan müğənnisinin ifasında səslənəcək».

Sürprizimiz baş tutdu. Tamaşaçılar mahnını coşqu ilə qarşıladılar. Başkanın özü təəccübünü, heyranlığını gizlədə bilmirdi.

Saat yarımlıq proqramımızda başkan səhnəyə qalxaraq təşəkkürünü bildirdi və iştirakçılara gül dəstələri bağışlandı. Ansambl üzvləri alqışlarla səhnəni tərk etdilər. Elə o andaca «Ses» TV-nin aparıcısı Qonça xanım ifaçılarımızı öz televiziya verilişinə dəvət etdi.

Səhnənin yanında quraşdırılmış iri ekranda Gölbaşı bələdiyyəsinin illik fəaliyyətini əks etdirən filmin nümayişi ilə festival işini davam etdirdi. İl ərzində salınmış parklar, bağlar, fəvvarələr , asfalt örtükləri, görülmüş təmizlik və abadlıq işləri gözlərimiz qarşısında canlandı. Bu bir növ bələdiyyənin seçicilərə verdiyi hesabat idi. (öyrənilməli işdir, Zarafat deyil 15 min seçici eyni vaxtda hesabatı dinləyir və görür. Həmin hesabat həm də disk şəklində maraqlananlara paylanılır).

Film bitdi və səhnəyə gənclərin hay-küyü, qışqırtısı ilə Türkiyənin məşhur pop-starı Haluk Levent daxil oldu… və minlərlə tamaşaçını şarqısı, rəqsi ilə yerindən oynatdı. Haluk Leventin konsertindən sonra hər tərəfdən havaya fişənglər buraxıldı. Səmada atəşfəşanlıq yarandı. Bu, festivalın yekunlaşmasına işarə idi.

8 iyul

Proqramda Ankaraya səyahət nəzərdə tutulmuşdu. Ankara ilə Göblbaşı arası 6-10 km məsafədir. Gölbaşıdan Ankaranın bəzi hündür binaları görünür.



İlk olaraq bələdçilərimiz bizi Ankaranın mərkəzindəki məşhur qülləyə çıxardılar. Qüllədən şəhərin hər yeri görünürdü. Qarşımızda möhtəşəm mənzərələr açılmışdı. Qədim Ankara qalasını gəzərkən bir anlıq özümüzü İçərişəhərdə hiss etdik: Dar küçələr, ibr, ikimərtəbəli evlər, daş döşənmiş səkilər. .. oxşar mənzərə.

Amma böyük ibr fərq onda idi ki, Ankara qalası tikildiyi günldən heç bir dəyişikliyə uğramayıb. Burada heç bir əlavə tikinti aparılmayıb. Evlərin 2-ci mərtəbələrində yaşayış gözə çarpırdı., 1-ci mərtəbəsində hədiyyələr satılan dükanlar sıralanmışdı. Qala içəri şəhərdən qədim olsa da, görkəmini dəyişməmişdi. Orada içri şəhərdəki kimi villalar, səfirliklər, supermarketlər yox idi. Çünkim qalaya əlavələr etmək yasaqdır və hamı dabunu gözəl bilir.

Sonra bizi Atatürkün mavzoleyinə apardılar. Atatürkün məzarını ziyarət etdik. Muzey çox böyük idi. Atatürklə bağlı nə varsa, orada öz əksini tapmışdı: Atatürkün şəxsi əşyaları, sənədləri, ona verilmiş hədiyyələr, onunla çiyin-çiyinə vuruşmuş şəxslərin fotoları, büstələri və s.

Çanaqqaladakı qanlı döyüşlərin maketi canlıdan az fərqlənirdi. Atatürkün divar boyu qızıl hərflərlə yazılmış türk əsgərinə müraciətləri nəzəri cəlb edirdi. ..Bir neçə gün vaxt lazım idi ki, bütün eksponatları diqqətlə izləyəsən. Sonuncu çıxışda iki xatirə kitabı qoyulmuşdu: biri uşaqlar üçün, digəri böyüklər üçün.Cavanşir müəllim və mən təəssüratlarimızı kitaba yazdıq.

Ümumiyyətlə, xalqın, dövlətin qurucusu Mustafa Kamal Atatürkə təsviredilməz dərəcədə məhəbbəti var və bunu hər anda hər addımda hiss edirsən.

Balkanlarda ən böyük məscid olan Kocatepe camesi də Ankaradadır. Cameni gəzərkən, məscidin imamı bildirdi ki, burada eyni vaxtda 15 min adam namaz qıla bilər.

Bizi süni şəlalələrlə əhatələnmiş Mədəniyyət və İncəsənət Mərkəzinə apardılar. Mərkəzin binasından şəhərə baxarkən hündür bir yerdə dalğalanan Azərbaycan bayrağı diqqətiizi cəlb etdi. Maraq bizi götürdü. Oraya getməyə can atdıq. Dedilər həmin bayraq Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş abidənin üzərində qurulub. Abidəni Keçiörən bələdiyyəsi ucaldıb. Bildirdilər ki, bələdiyyə başkanı sizinlə görüşə gələcək. Çorx keçmədi ki, Keçiörən bələdiyyəsinin başkanı Turqut Altınok Mərkəzə gəldi və bizimlə səmimi görüşdü. O, Mingəçeivrdə olub, 3-cü dəfə bələdiyyə başkanı seçilib. Keçiörən Ankaranın ən böyük 2 bələdiyyəsindən biridir. 700 minə yaxın əhalisi var.Turqut bəy bizə bələiyyənin gördüyü işlərdən danışdı və hər birimizə Ankaranın-Keçiörənin gözəl guşələrini əks etdirən kitablar, açıqcalar, albomlar hədiyyə etdi…Abidənin yanında şəhidlərin ruhuna fatihə verdik, şəkillər çəkdirdik…

…Çarşıları gəzdikdən sonra Ankaranı tərk etdik.


9 iyul

Səhər əvvəldən planlaşdırıldığı kimi bələdiyyə sədrləri və musiqiçilərimiz «Ses» TV-nin studiyasında oldular və saat yarımlıq»Sabahın qonçaları» adlı verlişdə iştirak etdilər. Veriliş maraqlı alındı və Azərbaycanda da o verilişə baxanlar olub.

Gölbaşı bələdiyyəsində son görüşümüzdə onlara belə səmimi qəbul üçün təşəkkürümüzü bildirdik və Mingəçevirdən apardığımız hədiyyələri payladıq.

Bir neçə bələdiyyə üzvünün müşayəti ilə Ankaraya-Eseboğa hava limanına gəldik. Ankara-İstanbul-Bakı reysi ilə Vətənə döndük. Səfərdən bizə ancaq xoş təəssüratlar qaldı. Hər yerdə sevgi ilə qarşılanırdıq. Həqiqətən də, Gölbaşı sevgi çiçəyinin vətəni olmağa layiqdir!


ZAHİD QASIMLI

Minəgəvir Bələdiyyəsinin üzvü.

Mingəçevir-Gölbaşı

2007-ci il







Yüklə 157,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin