SƏrraf şİruyə



Yüklə 2,99 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix05.05.2017
ölçüsü2,99 Kb.
#16928
  1   2   3   4   5   6   7   8   9   ...   14

SƏRRAF ŞİRUYƏ 
 
 
  
 
 
 
 
 
 
 
 
 
SUSMA, ÜRƏK... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2015 

Sərraf Şiruyə             
                           
                          
 
 

 
Tərtib edəni və redaktoru: 
Araz YAQUBOĞLU 
 
 
Ön sözün müəllifi: 
Tofiq YUSİF 
 
 
“Susma, ürək...” şeirlər kitabının çap olunmasında 
göstərdiyi maddi dəstəyə görə Sərraf Şiruyəsevərlər 
adından Əliyev Nəsrəddin Məhəmməd oğluna 
təşəkkür edirik. 
 
 
Sərraf Şiruyə 
Susma, ürək... (şeirlər) 
Bakı, “SkyG”, 2015, 272 səh. 
 
 
Minillik  xalq  şeirimizin  görkəmli  nümayəndəsi 
Sərraf  Şiruyənin  “Susma,  ürək...”  adlı  kitabında  mil-
yonların dilinin əzbərinə çevrilən biri-birindən dəyərli 
şeirləri toplanmışdır.  
Ümidvarıq  ki,  kitab poeziyasevərlər  üçün  xüsusi 
bir töhfə olacaqdır. 
  
 
 
ISBN 978-9952-440-08-05 
 © “Sərraf Şiruyə”, 2015 
 

             
                           
                          Susma, ürək…
 
 

OVSUN 
  
Bu fələknən nərd atasan, 
Şeş-beş verən zərin ola. 
Ortalığa bəxt qoyasan, 
Aparmağa sərin ola. 
 
Söz yığasan demək üçün
Dost tapasan kömək üçün, 
Bu dünyanı yemək üçün, 
Ağlın, huşun dərin ola. 
 
Ay Şiruyə, al geyəsən, 
Yaman gözə gəlməyəsən. 
Bir deyənə beş deyəsən, 
Arxada bir nərin ola. 
 
Elə təkcə bu şeir bəs edərdi ki, Sərraf Şiruyə elin yad-
daşına  köçsün.  Halbuki,  belə  sığallı,  şirin  və  dərin  mənalı, 
dünya  ilə  qovğa  eyləyən  şeirləri  yüzlərlədir.  Bu  şeiri  o 
günü  radioda  İrandan  bir  aşıq  da  oxuyurdu.  Azərbaycanın 
bütün  bölgələrində  uşaqdan  böyüyə  qədər  kimi  dindirsən, 
yalan  olmasın,  bu  şeiri  sənə  əzbər  deyər.  Şiruyə  şeiri, 
Şiruyə qələmi, Şiruyə təbi, Şiruyə ovsunu budur! 
Mən burada Sərraf Şiruyənin tərcümeyi-halından danı-
şası deyiləm. Şairin yaradıcılığı, şairin şeirləri elə onun tər-
cümeyi-halıdır. Yalnız onu deməklə kifayətlənmək istərdim 
ki, şair Məmmədhüseynin, Aşıq Nəcəfin, Həsən Xəyallının 
yurdunda  dünyaya  gələn  Şiruyə  ayrı  Şiruyə  ola  bilməzdi, 
elə beləcə, necə var Sərraf Şiruyə olmalı idi. 
Nənəsi  Başxanım  Şəfiqızının  ilahi  təbindən  baş  alan, 
atası Həsən Xəyallının ilham dəryasında Şiruyə adlı bir tə-

Sərraf Şiruyə             
                           
                          
 
 

latüm yaranmalı idi və yarandı da. Onun doğulduğu şairlər 
ocağında  “Allaha  bəndəlik  etməyən”  Şiruyə  ilhamı  sözün 
ilahi  məqamına  yetməliydi.  Belə  də  oldu.  Qərbi  Azərbay-
canın  ulu  Göyçə  mahalının  bir  kəndindən  boy  atıb  bütöv 
Azərbaycana  oğul  olmaq  Sərraf  Şiruyə  kimi  barmaqla  sa-
yılası az-az insana nəsibdir. 
Deyirlər ki, zirvələr uzaqdan əzəmətli, vüqarlı görünür. 
Ucalığa  yaxınlaşdıqca  əvvəlki  heyrət  azalır.  Yaxınlarının 
gözündə  Sərraf  Şiruyə  bəlkə  də  elə  adi  Şiruyə  müəllimdir. 
Bu təbidir. Lakin, onu da bilmək lazımdır ki, Şiruyəni şeir-
lərilə  uzaqdan  tanıyanların  nəzərində  o  bir  nəhəng  istedad 
zirvəsidir ki, hər ucalıq hələm-hələm belə urvatla sevilməz. 
Haqdan gəlmə vergili şair ayrı necə ola bilər ki? 
Büllur gözlü həzin bir bulağın “Segah”ının ovsunundan 
kim  sehirlənməyib,  zirvələrdən  sellənən  şaqraq  bir  şəlalə-
nin “Mənsuriyyə” ecazından kim heyrətlənməyib ki, Sərraf 
Şiruyənin  cilvəli  şeir  çağlayışından  da  beləcə  sehirlən-
məsin, heyrətlənməsin? Şiruyənin poeziyasını ulu xalqımı-
zın  müdrikliyindən  qaynaqlanan  milli  ruh  və  milli  kalorit 
ballandırır,  qaymaqlandırır.  Onun  söz  düzümündən  hansı 
mövzu  nəğmələnirsə  nəğmələnsin,  o  mövzunun  cövhəri, 
mayası  istəkdən,  sevgidən,  vurğunluqdan  yoğrulur.  Həsrə-
tin göynəmindən gizildəyən Şiruyə şeirlərinin nüvəsində də 
həmin  istək,  həmin  sevgi,  həmin  vurğunluq  uyuyur.  Yəni 
onun  öz  dərdinə  də,  həsrətinə  də  vurğunluğu  var.  Çünki, 
dünyanın  necə  dünya  olduğunu  bilir,  insan  ömrünün  fəl-
səfəsini anlayır. 
 
Bu dünya insan üçün, 
Yalanıymış sən demə. 
Verdiyini hər nə var, 
Alanıymış sən demə. 

             
                           
                          Susma, ürək…
 
 

 
Başqa bir şeirində: 
 
Dünya oyuncaqdı naşı gözündə, 
Olur ağılsızın başı gözündə, 
Şahların quruyub yaşı gözündə, 
Gözlərində yaş apara bilməyib. 
 
 
Mənə Sərraf Şiruyənin iki kitabına ön söz yazmaq şərəfi 
qismət olub və hiss edirəm ki, hər iki siftəlikdə də onun tu-
fanlı  təbinə,  çağlar  ilhamına  layiq  söz  deyə  bilməmişəm 
(neyləyim ki, olanım budur?), sözümü deməyə də bilmirəm. 
Çünki,  onun  sehirli  yaradıcılığı  məni  elə  cazibəyə  salıb  ki, 
bu  qüvvənin  çevrəsində  cizginməkdən  başqa əlacım  qalmır 
və düzünü deyim ki, bu “əlacsızlıq” mənə ləzzət verir. 
Bu dəfə basmaqəlib söz tapdağından uzaqlaşıb, fikrimə 
nə gəlirsə, onu yazmaq istəyirəm və məncə bu, günah sayıl-
maz. 
Şiruyəni  tanımamışdan  onun  sözlərini,  nəğmələrini  ta-
nımışdım. 
Bir dəfə el şairi Alqayıtla bizə gəldilər. Süfrədən sonra 
“Şeir deyişməsi” başlandı, nə başlandı... Onlar da şeir oxu-
dular, mən də. Ev şeir qasırğasına düşmüşdü. Onda lap ya-
xından tanıdım ki, Şiruyənin özü də şeirləri qədər çılğın və 
istidir, səmimi və mehribandır, həm də qəzəbi vulkan kimi 
yığıb ürəyinə. Vay o günə ki, dediyin haqsız sözün üstündə 
israrlanasan,  təkid  edib,  səhvini  başa  düşməyəsən!  Onda 
döz  də  şeirin  hiddət  gürşadına!  Bir  dəfə  belə  bir  iş  Tərtər 
rayonunun  Qaradağlı  kəndinin  mədəniyyət  evində  Şiruyə 
ilə birlikdə hansı tədbirdəsə iştirak edəndə başıma gəlib. O 
vaxtdan tövbəliyəm. Nə isə... Əvvəl demişəm, indi də deyi-

Sərraf Şiruyə             
                           
                          
 
 

rəm:  “Bu  adam  bütün  varlığıyla  təpədən-dırnağa  şairdir!”. 
Belə şair olduğundandır ki, yazır: 
 
Şərəfsiz ölümə məndən xəbərsiz, 
Axdı gözlərimdən yaş, hayıf oldu. 
Zirvənin başından bir daş helləndi, 
Dəydi bir namərdə daş, hayıf oldu. 
 
Başı piy bağladı arsız bədənin, 
Mənliyi şöhrətə satan gədənin. 
Halal süfrəsindən aqil dədənin, 
Verildi nankora aş, hayıf oldu. 
 
Tamahın, nəfisin ağzı sulandı, 
Maya haramlaşdı, amal bulandı. 
Hörüklər kəsildi, gözlər boyandı, 
Yolunda gündə bir qaş, hayıf oldu. 
 
Fikri bilinmədi qara dinməzin, 
Elin sevincinə üzügülməzin. 
Çəkdi qayğısını qədirbilməzin- 
Fikirlər əlində baş, hayıf oldu. 
 
Şiruyə, de, danış nə var əyyamda, 
Mənəmlik baş alan bu dar əyyamda, 
Haqsız zəmanədə, bekar əyyamda, 
Ötüşdü ömür-gün, yaş hayıf oldu. 
 
Sərraf Şiruyə məncə çoxdan bu elin, bu obanın yadda-
şına köçüb və orada özünə elə yurd salıb ki, qərinələr keçsə 
də, zaman-zaman bu iz, bu yer Qobustan qayalarının yazı-
ları kimi silinməyəcək, aşınmayacaq. Sazlı-sözlü Azərbay-

             
                           
                          Susma, ürək…
 
 

can  dünyasının  yaddaşında  nəsildən-nəslə  keçərək,  əbədi 
yaşarlıq tapacaqdır. Çünki, Şiruyənin şeir dili, şeir danışığı 
öz doğma xalqının dili, xalqının danışığıdır. 
Onun Vətən sevgisi, Vətən istəyi pak sevgidir, halal is-
təkdir.  Bir daşı, bir ovuc  torpağı, hətta budağı,  yarpağı da 
Vətən  bilən  şairin  yurd  sevgisinə  heyrət  etməmək  olmur. 
Həmin daş da, torpaq da, budaq da bu Vətəndə olduğu üçün 
Vətəndir! 
 
Hər nazik bir cığır, adi bir keçid
Hər bələ, hər sızqa bulaq Vətəndir! 
  
O, Vətənə biganəliyi heç kimə, hətta doğma qardaşına, 
könül sirdaşına belə bağışlamayan vətəndaş şairidir: 
 
Şiruyə, yurdunu düşmən oxlasa, 
Bir ocaq yerini girov saxlasa. 
Bir yağı tapdasa, yad ayaqlasa, 
Torpaq qan ağlayar, daş ağrı çəkər. 
 
Mənim fikrimcə, əsl poeziya nümunəsi odur ki, o şeir-
də nəinki hər misranın, hətta hər sözün də pətəyi poetik fi-
kirlə elə dolsun ki, adamı  duyğulandırmağı, ehtizaza gətir-
məyi bacarsın. O şeiri ki, oxuyanda səni məhvərindən oyat-
madı, mənəvi dünyanı silkələmədi, səni çalxandırmadı, nə-
yə lazımdır ki?! Şeir gərək ovqatda dəyişiklik yaratsın. Şi-
ruyə şeiri belə şeirdir. 
Onun eşq aləmi də  özünəməxsusdur. Bu aləmdə  vüsal 
da var, hicran da, sevinc də var, iztirab da. Nə varsa, hamısı 
şair üçün əzizdir – vüsalı da, hicranı da, sevinci də, kədəri 
də. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 

Əlacsız dəhşətdir ölüm deyilən, 
Sevib-sevilməmək ölümdən betər. 
yaxud: 
A dağlar maralı, ellər gözəli, 
Gəl görüşək, sorağına gəlmişəm. 
Sən kərəmli ağa, mən günahkar qul, 
Kərəm umub, ayağına gəlmişəm. 
yaxud: 
Azdıq yollarını biz səadətin
Dözək əzabına indi firqətin. 
Qönçə ikən solan bu məhəbbətin 
Xəzan sorağına nə tez gəlmisən? 
yaxud: 
Şiruyəyəm, qəm başımdan çəkilməz, 
Məhəbbətim yad istəyə bükülməz. 
Özgə baxış, özgə əlnən tikilməz, 
Könül evim sökülüdü, sökülü. 
 
 
 
Sərraf  Şiruyənin  şeirlərində  Aşıq  Ələsgər  şeirinin  hik-
məti,  dadı-tamı  var,  Aşıq  Alı  şeirinin  göynəmi  var,  Dədə 
Şəmşirin  nəfəsi  var  və  bunlar  o  demək  deyildir  ki,  təqlid 
var, eynilik var. O deməkdir ki, duyğuların eyniliyi var, gö-
zəlliyə  məftunluq eynidir, Vətənə  məhəbbət eynidir, nəha-
yət, dərdə,  məlala, hicrana  dözüm  eynidir. Dostu Yelmara 
ünvanladığı şeirdə: 
 
Hər tərəfdən dərd yeriyib üstümə, 
Köməyə gəl, bir bərəm ol, bəndim ol. 
Taleyimdən gələn qismət acıdı, 
Bircə dəfə şəkərim ol, qəndim ol. 
 
 

             
                           
                          Susma, ürək…
 
 

rütbəm var, nə vəzifəm, – adsızam, 
Ona görə ağızlarda dadsızam. 
Kimsəsizəm, yuvasızam, yurdsuzam, 
Sən obam ol, ocağım ol, kəndim ol –  
 
 – deyərək, dostluğun təmənnasız dünyasında hansı tələblə-
rin  şərtləndiyinin  sətiraltı  mənasından  başqa,  həm  də  dar 
gündə,  dar  məqamda  dostların  nə  qədər  arzulandığını  və 
gərəkli olduğunu oxuculara çatdırır. 
“Həyatın qiymətini biz ölümə borcluyuq” Bəxtiyar Va-
habzadə fəlsəfəsi Şiruyə qələmində ayrı məcraya düşür: 
 
Sevinci qəm, dərmanı dərd,  
Şirini acı sevdirər. 
Dostu düşmən, mərdi namərd, 
Qardaşı bacı sevdirər. 
 
Hikmət deyək təzadlara, 
Al günəşə, yağan qara. 
Baharı qış, ağı qara, 
Gündüzü gecə sevdirər. 
 
 
 
Şiruyə  Qurani-Kərimin  “Nəfsini  qoru”  tapşırığını,  ba-
baların “İnsanın tamahı qılıncdan itidir” və yaxud “Artıq ta-
mah daş yarar, daş qayıdar baş yarar” hikmətini dərk etmə-
yənlərə necə də acı-acı gülür: 
 
Şöhrət xatirinə, var xatirinə, 
Bir-birini didənlər var, ay Allah! 
Beyni mədəsinə yedəkçi olan, 
Neçə-neçə bədənlər var, ay Allah! 
 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
10 
Xalqın içindən çıxıb onun xaininə çevrilən, yurdu, eli, 
obanı  taxt-taca,  tamaha  qurban  kəsən  və  ona  görə  də  bu 
milləti  ağlar  günə  qoyan,  Vətəni  namərd,  nankor  erməni-
lərin  tapdağına  təhvil  verən  vicdansız  və  şərəfsizlərə  qarşı 
Şiruyənin içindən nifrət püskürür. 
 
Biz gül əkib, gül becərib, gül umduq, 
Niyə alaq, ot göyərib bu yurdda? 
Nə tilsimdi, nə cadudu görəsən, 
Su quruyub, ot göyərib bu yurdda? 
 
Mat qalmışam, yoxdu canda hənirti, 
Heç göyərmir umduğumuz göyərti. 
İnsan verməliydi axı cücərti, 
Cin, fərişdə-zad göyərib bu yurdda. 
 
Bu dünyanın sirri varmış nə yaman, 
Qorxmaq gərək bu sehirdən, ay aman! 
Bu torpaq müsəlman, toxum müsəlman, 
Bəs niyə bədzad göyərib bu yurdda? 
 
 
 
Şiruyənin mərhum qardaşları Nəbi və İmanın xatirəsinə 
həsr  etdiyi  “Qardaşlarım”  və  “Qalmasın”  şeir  –  ağılarını 
oxumaq kifayət edir ki, onun içində  mürgüləyən həssas və 
kövrək duyğuları, göz yaşına bələnmiş dərdini-sərini duya-
san və hiss edəsən ki, Sərraf Şiruyənin kədəri nə deməkdir. 
Zənnimcə, şairləri şair edən səbəblərdən biri də təbiətin 
və məhəbbətin gözəlliyidir. Şiruyə ömrünün indiki çağında 
da təbiətdən və məhəbbətdən elə hərisliklə, çılğınlıqla yazır 
ki, görməyənlər deyər: “Bu şairin bığ yeri təzəcə tərləyir”. 
(Şiruyə elə beləcə də var). 

             
                           
                          Susma, ürək…
 
 
11 
Abbas  Tufarqanlıdan,  Aşıq  Alıdan,  Aşıq  Ələsgərdən, 
Zodlu  Abdulladan,  Növrəs  İmandan  sonra  yaranmış  cinas 
qəhətliyində  yeni  söz  tapıb,  təcnis  yazmaq,  həqiqətən  zor 
işdir.  Amma,  Şiruyə  üçün  bu,  elə  bil  ki,  sığallı  qoşmalar 
yazmaq  qədər  asan  bir  məsələdir.  Onda  da  qala  dodaq-
dəyməz cığalı təcnis ola. 
 
Talanan şəhərin, dağılan kəndin, 
Qalsa, nişangahtək hasarı qalar. 
Sərraf, hasarı qalar, 
Dərddən ha sarı qalar. 
Dağın qartalı getsə, 
Yerdə ha sarı qalar. 
Dindirsən yar deyin Yaxşılar ağlar, 
İstəkdən yadında ha Sarı qalar. 
 
Şiruyənin təcnisləri və cinas bayatıları tamamilə ayrıca 
bir elmi işin mövzusudur. 
Yazarlar  yaxşı bilirlər  ki, əruz sirli-sehirli bir aləmdir. 
Əruzun bəndi-bərəsi elə müdhiş sıldırımlıdır ki, yazmaq is-
təyəni vahiməyə salır. Şiruyə isə... 
 
Gözəlim, istərəm ki, can ilə canan qovuşa
Bu həsrət könlüm ilə istədiyi can qovuşa. 
 
O qədər vəslin üçün ahu-nalə eyləmişəm, 
Qorxuram kipriklərim arasında qan qovuşa. 
 
Bizim vüsal gecəmiz həsrəti-hicranı yıxa, 
Qovuşa bir-birinə, qovuşa, hər yan qovuşa. 
 
Necə şair-şüəra vəsf eyləyə bu gecəni, 
Şiruyə bu aləmə ürəkdən, candan qovuşa. 
 

Sərraf Şiruyə             
                           
                          
 
 
12 
Sərraf  Şiruyənin  yaradıcılığı  o  qədər  çox  cəhətli  və 
çoxşaxəlidir ki, həqiqətən adam bilmir harda başlayıb, har-
da  qurtarsın.  Bəlkə  də,  hiss  elədiniz,  mən  ha  çalışdım  ki, 
fikrimi  yığcam  şəkildə  sizə  çatdırım,  amma,  etiraf  edirəm 
ki,  bunu  bacarmadım.  Çünki,  Sərraf  Şiruyənin  söz  qasır-
ğasını  “ipə-sapa  yatırmaq”  mümkün  deyil.  Bir  şeirindən 
danışmaq  istəyirsən,  o  biri  inciyir,  o  birindən  söz  açmaq 
istəyirsən,  bu  biri  qalır.  Heç  birindən  də  keçmək  olmur. 
Maşallah, dostum o qədər məhsuldar işləyib, o qədər gözəl 
yazıb ki, adam doymaq bilmir. Buna görə də mənim yazım 
qısa  yox,  yarımçıq  alındı.  Güman  edirəm  ki,  bu  günahımı 
Şiruyə müəllim bağışlayar. 
Şiruyənin  iri  həcmli  əsərləri,  ələlxüsus,  poemaları  ta-
mamilə geniş bir diskusiyanın obyektidir. Həmçinin qəzəl-
lərinin, divanilərinin, təcnislərinin, gəraylılarının, bayatıla-
rının hər biri ayrı-ayrılıqda sirli-sehirli dünyadır. Ümumiy-
yətlə,  qardaşım  hansı  mövzudan  yapışır-yapışsın,  onu  çox 
asanlıqla  şirin  bir  şeirə  çevirir.  (Yazıqlar  olsun  bəzilərinin 
halına ki, bir şeir yazana qədər kipriyilə od götürür!). 
Oğul istəyir ki, Şiruyənin şeir dünyasını bir yerə cəmlə-
yib  yazı  yazsın!  Bu,  mənim  işim  deyil.  Burada  iki-üç  söz 
demək, dəryadan iki-üç damcı su götürmək kimi bir şeydir. 
Sərraf  Şiruyənin  son  dövrlərdə  yazdığı  poemalarının 
mövzusu əsasən ən ağrılı yaramızdan – Qarabağ Müharibə-
sindən  söz  açır.  Bu  irihəcmli  əsərlərdə  məkirli,  xəyanətkar 
niyyətlərinə  çatmaq  üçün  öz  ana-bacılarının  namusundan 
(bu  ifadəmə  görə  sizdən  dönə-dönə  üzr  istəyirəm)  vasitə 
kimi  istifadə  edən  ermənilərin  Azərbaycan  xalqının  başına 
zaman-zaman  gətirdikləri  müsibətlərin,  məşəqqətlərin  poe-
tik  bir  dillə,  tarixi  faktlarla  ifadəsi,  torpağımız  uğrunda 
ölüm-dirim  savaşına  qalxan,  şəhid  olan  ərən  igidlərimizin 
sücaətləri,  qəhrəmanlıqları  öz  əksini  yetərincə  tapmışdır. 

             
                           
                          Susma, ürək…
 
 
13 
Bu əsərləri oxumağa başlayan andan sona qədər şair sanki 
millətin  yaxasından tutub silkələyir, ermənini erməni kimi 
tanımadığı  üçün  onu  qınayır  və  daldığı  qəflət  yuxusundan 
oyatmaq  istəyir,  hamını  əsil  vətəndaş,  əsil  yurddaş  olmağa 
səsləyir. 
Onun  “Vətən  sənə  oğul  dedi”,  “Od  oğlu  od  içində”, 
“Cəsurlar”,  “Ölümdən  sonrakı  ömür”,  “Ölümdən  betər”, 
“75 yara” və ya “Dəmir Yelmar” kimi irihəcmli poemaları 
məhz  bu  qəbildəndir.  Sərraf  Şiruyənin  bu  əsərlərinin  hər 
biri erməni separatizminin, erməni vəhşiliyinin Azərbaycan 
xalqının taleyində yaratdığı göynəmli ağrıların, qanlı izlərin 
və  iyrənc  məkrin  real  faktlarla  ifadəsi,  həmçinin  Vətən, 
Torpaq  uğrunda  döyüşən,  canlarını  qurban  verən  oğul  və 
qızlarımızın qəhrəmanlıq dastanıdır. 
Şiruyənin “Loğman dağı”, “Ana torpaq” və “Göyçə ya-
man  göynədi”  poemaları  onun  nə  qədər  geniş  poetik  im-
kanlara malik olduğunu təsdiqləyən əsərlərdəndir. 
Şiruyənin dastanlar müəllifi kimi qazandığı şöhrət şeir-
lərinin ona gətirdiyi ad-sandan az deyil. Onun “Aşıq Nəcəf 
və  Gülüstan”  dastanı  Dədə  Ələsgərin  şəyirdi  Göyçənin 
Daşkənd  kəndindən  olan  çox  istedadlı  saz-söz  ustası  Aşıq 
Nəcəfin  sonu  faciə  ilə  bitən  həyatının  qəmli  hekayətidir. 
Qəddar və qansız ermənilər tərəfindən Aşıq Nəcəfin üç igid 
oğlunu  gözləri  qabağında  çala  qazıb  diri-diri  basdırmaları, 
özünün isə kürəyinə qaynar samovarı bağlayıb öldürmələri 
bu pak məhəbbət dastanının gözüyaşlı səhifələridir. 
Yazıqlar olsun ki,  möhtəşəm bir söz zirvəsi  olan Aşıq 
Nəcəfin ibrətamiz həyat və  yaradıcılığı Azərbaycanda bar-
maqla sayılası qədər az-az adama bəllidir. 
Şiruyə belə nadir şəxsiyyətləri üzə çıxaran, onların hə-
yat yollarını öz qələmiylə örnəyə çevirməyi bacaran sənət-
karlarımızdandır. 

Sərraf Şiruyə             
                           
                          
 
 
14 
Onun “Göyçəli Hacı Rəhim” dastanı sanki tarixi bir qəh-
rəmanlıq səlnaməsidir. Müəllif bu əsərdə Hacı Rəhimin necə 
qorxmaz,  cəsarətli  bir  igid  olmasının  təsvirilə  yanaşı,  Həcc 
ziyarətinə getməsindən, tədbirli, sanballı, sözü ötkəm, ümu-
miyyətlə,  ləngərli  “köhnə  kişi”lərdən  olmasından  çox  ma-
raqlı və şirin bir dillə danışır, o dövrün adlı-sanlı, qoçaq kişi-
ləriylə bizi tanış edir. Dastanda ən maraqlı məqamlardan biri 
Hacı Rəhimin erməni generalı Selikovun başını xəncərlə ne-
cə kəsdiyini təsvir edən səhnədir (Həmin xəncəri əziz bir xa-
tirə kimi şair Sərraf Şiruyə bu günə qədər saxlayır). 
Biz  gərək  özümüzə  bağışlamayaq  ki,  belə  xalq  qəhrə-
manlarımızı  hələ  də  millətimizə  yaxşı  tanıda  bilməmişik, 
onların  adlarını  əbədiləşdirmək  üçün  heç  nə  etməmişik! 
Heyiflər olsun! 
Ümumiyyətlə,  təbi  coşğun  Sərraf  Şiruyənin  uzun  illər 
boyu  bədii  düşüncələrinin  məhsulu  olan  “Ağlama,  bülbül, 
ağlama”  (1994),  “Ölümdən  sonrakı  ömür”  (1997),  “Cə-
surlar” (2000), “İgid ölər, adı qalar” (2002) və başqa kitab-
ları çağdaş poeziyamızın sanballı nümunələrindəndir. 
Yaratdığı  belə  gözəl  əsərlərinə  və  bənzərsiz  şeirlərinə 
görə Sərraf Şiruyə Azərbaycan Yazıçılar Birliyinə və Azər-
baycan Jurnalistlər Birliyinə üzv qəbul olunmuş, “Qızıl Qə-
ləm”,  “Məmməd  Araz”,  “Həsən  bəy  Zərdabi”  mükafatları 
laureatı diplomlarına layiq görülmüşdür. 
Əlbəttə, yaradıcı adamların əməyinin dövlət tərəfindən 
qiymətləndirilməsi, onlara fəxri adların verilməsi çox yaxşı 
haldır. 65 yaşını haqlamış Sərraf Şiruyənin də yüksək döv-
lət qayğısına mənəvi ehtiyacı var. Amma xalqın öz nəzərin-
də “Xalq şairi” olmaq da heç pis deyil. 

Yüklə 2,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin