Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə11/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   7   8   9   10   11   12   13   14   ...   147
 Sentyabr, 1969. 

 

  

 




 

51

ON ILDƏN SONRA 

 

Sonra çiskinlənməyə başladı  və o, kürəyini köhnə  məscidin hasarına söykəyib 



pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma 

cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da 

orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu 

kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə 

sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı. 

Külək yaman bərkidi,  əslində burada dayanmaq adamın lap atasını yandırır; 

sonra ona elə  gəldi ki, bu saat bığlı kişi yenə başını  məscid minarəsinin darısqal 

pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə  gəlib veyllənirsən burda?!», o da 

cavabını verəcək: « – Sənə  nə var, atovun məhləsidir?», bığlı kişi də onu 

hədələyəcək ki, düşürəm aşağı, ananı  ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, 

kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. 

Bir dəfə  təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin 

bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə  xələl 

toxunmasın, hərçənd zırramanın biridir. 

Amma bu dəfə  bığlı kişi başını  məscid minarəsinin pəncərəsindən çıxarıb 

boylanmadı. 

Üç ay var idi ki, məscidi çəkmə fabriki eləmişdilər; qabaq yaxşı idi – səssiz-

səmirsiz, lal-karlar idarəsi idi; indi lal-karlar təzə binaya köçüblər yəqin, bunlar 

gəlib əvəzinə, bu bığlı kişini də Allah kimi qaldırıb qoyublar göyün yeddinci qatına 

– minarənin kəlləsinə. 

Əcəb soyuqdur, heç belə soyuq olmamışdı bu il, deyəsən, qar yağacaq; 

paltosunu Vovagildə qoymuşdu; paltosu dəblə tikilmiş palto idi, atası iki ay bundan 

əvvəl Moskvadan gətirmişdi, amma istəmirdi o palto ilə  Sənubərin yanına getsin, 

hətta bir dəfə  ağlına gəlmişdi ki, pul yığıb sırıqlı alsın, həmişə  Sənubərin yanına 

gələndə bu sırıqlını geysin, amma sonra vaz keçdi bu fikirdən – lap uşaqlıq olardı 

bu.  


Qışın qaranlığından olmaz – hələ axşam saat beş yoxdur, amma indidən qaranlıq 

çökür hər tərəfə, bığlı kişi də minarədə  işığı yandırıb – darısqal pəncərə bu 

minarənin tək gözü idi elə bil, dünyaya baxırdı. Sənubərgil də işığı yandırıb yəqin, 

buradan görünmür – həm pəncərələrindəki pərdə qalındır, həm də  işıqları  zəifdir. 

Sinifdə  də  işığı yandırıblar yəqin, uşaqlar indi coğrafiya dərsi keçir: Izrail 

Solomonoviç dayanıb arxası  xəritəyə, üzü uşaqlara tərəf, çağırır bir-bir dərsi 

soruşur, kim də haranı göstərirsə xəritədə – bu, Kosta-Rikadır, bu, Dardanel boğazı, 

bu da mən nə bilim hara – o saat görür, elə bil zalımın başının dalında da gözü var.  

Izrail Solomonoviç, şübhəsiz ki, onun da belinə bir dənə «iki» yapışdıracaqdı – 

sonra gəl düzəlt görüm necə düzəldirsən?! – amma «iki»nin qorxusundan 

qaçmamışdı  dərsdən, kitab indi də qayışının altındadır, başqa dərslərdə oxuyub 

hazırlaşa bilərdi – Izrail Solomonoviçin dərsi dördüncü dərs idi, özü də kitabı bircə 

dəfə oxuyan kimi yadında qalırdı – Sənubərə görə qaçmışdı dərsdən, Sənubərə görə.  

Birinci dərsdən sonra Vovayla birlikdə qaçdılar – Izrail Solomonoviçin dərsi 

gələndə Vovanın canına üşütmə düşür,  Əzrailin biridir də bu Izrail Solomonoviç, 

Vova neyləsin? – əvvəlcə getdilər Vovagilə, onlarda bu vaxt heç kim olmur, sonra 

paltosunu çıxarıb gəzə-gəzə gəldi bura; Sənubərin anası da çıxıb getmək bilmir ki, 

bilmir. 



 

52

Sənubərə görə  səhərdən dayanıb burda, adamın ürəyini sıxan bu erkən 



qaranlıqda, bu küləkdə, bu qış çiskinində, bu təkgözlü minarənin yanında, Sənubərə 

görə. Bunu bütün dünyada heç kim bilmir, bir o bilir, bir də Sənubər, deməyib heç 

kimə, deməz heç kimə. Qabaqlar bir şey olmazdı ortada, amma uşaqlara yüz cür 

yalan deyərdi qızbazlığı barədə, indi isə heç kimə heç nə demirdi, ona elə gəlirdi ki, 

başqaları bunu bilsə, bu, bir növ, oğurluğa oxşayar, elə bil, onlardan – ondan və 

Sənubərdən – nə isə oğurlamış olarlar.  

Sənubərin anası axır ki, çıxdı qapıdan. 

O, məscidin hasarına qısıla-qısıla bir az yuxarı qalxıb tini buruldu və dayandı. 

Sənubərin anasının ardınca qapıdan bir kişi də çıxdı, danışa-danışa ikisi də küçə 

ilə üzüaşağı düşdü. 

O, bir az gözləyib tini buruldu və  qənbər döşənmiş küçəni keçib Sənubərgilin 

çöl qapısından içəri girdi; yarımca mərtəbə yuxarı qalxan bu taxta pilləkənlər, bu 

qaranlıq dəhliz, bir az tozlu, bir az da əhəng qoxulu bu hava həmişəki kimi yenə də 

onun sinəsinə bir ilıqlıq gətirdi; barmağını büküb arakəsmə qapısını yavaşca 

taqqıldatdı. 

Içəridən Sənubərin səsi gəldi: 

– Keç içəri, bağlamamışam. 

O, qapını itələyib içəri girdi, sonra da qapının cəftəsini bağlayıb balaca 

arakəsmə ilə otağa tərəf getdi. 

Sənubər həmişəki yerində oturmuşdu – divanın küncündə, özü də həmişəki kimi 

– ayaqlarını  yığmışdı altına, nazik barmaqları ilə lafsan yubkasının üstündən 

baldırlarına saldığı şalın saçaqlarını oynadırdı. Yenə də Sənubərin qarşısındakı taxta 

kətilin üstündə bir balaca his edən nöyüt pilətəsi yanırdı, bu pilətənin iyi və istisi 

otağa dolmuşdu. O, həmişə bu otaq barədə fikirləşəndə  nə  pəncərədəki bu qalın 

pərdələri, nə  də otağın ortasındakı bu dördkünc mizi, nə üzü ağarmış  qəhvəyi 

meşinli divanı, nə küncdəki bu köhnə alman radioqəbuledicisini, nə üçgöz güzgünün 

üç tərəfinə  də düzülmüş cürbəcür fotoşəkilləri, nə  də yerə salınmış bu palazı 

görürdü; o bu otaq barədə fikirləşəndə, birinci növbədə, bu nöyüt pilətəsinin iyini və 

istisini hiss edirdi; bu pilətənin iyi və istisi onun beş aydan bəri ürəyində gizlətdiyi, 

heç kimə demədiyi və heç kimə deməyəcəyi xoşbəxtliyinin örtüyü idi. Bir dəfə 

«Səadət sarayı»nın yanından keçəndə təzəcə kəbin kəsdirmiş bəylə gəlini görmüşdü. 

Gəlinin üzünü çox incə, ağ duvaq örtmüşdü. Bax, bu nöyüt pilətəsinin iyi və istisi də 

həmin duvaq kimi onun xoşbəxtliyinin örtüyü idi – onda belə fikirləşmişdi. 

– Yenə tində dayanıb gözləyirdin? – Sənubərin köşək gözləri gülümsəyə-

gülümsəyə altdan-yuxarı onu süzdü. 

 Əlbəttə, həmişəki kimi dedi ki, yox, elə indicə gəlmişəm. Sənubər də həmişəki 

kimi bic-bic güldü. Hərdən Sənubərin elə vaxtı olurdu ki, onu kiçiltmək, 

balacalaşdırmaq, bəlkə də alçaltmaq istəyirdi, gah yaşdan söz salırdı, gah məktəbdən 

söz salırdı, gah da elə  hərəkətlər edirdi ki, o, bayram yumurtası kimi pörtürdü, az 

qalırdı siçan deşiyinə girsin, amma nə qədər hirslənsə də, nə qədər pərt olsa da, nə 

qədər acıqlansa da, Sənubərdən incimirdi, çünki Sənubərdən inciyə bilmirdi, çünki 

bilirdi ki, Sənubər onu çox istəyir, bütün bunları isə elə-belə edir, şıltaqlıq naminə.  

O bu balaca otaqda özünü bütün daxili ilə kişi hiss edirdi, dərsdə oturub Izrail 

Solomonoviçin məzəmmətlərinə qulaq asarkən ürəyində fikirləşirdi ki, nə yaxşı 

bütün bu əskik söhbətlər, bu məktəb dəsgahı, evlərindəki danlaqlar, qardaşı ilə dava-

dalaşı – hər şey bu balaca otaqdan kənardadır.  




 

53

Sənubər yenə həmişəki kimi, əllərini pilətənin üstünə qaldırıb oda tutdu, sonra 



dedi ki, gəl sən də əllərini oda tut. O, pilətəyə yaxınlaşıb əllərini oda tutdu, pilətənin 

istisi bütün bədəninə bir hərarət gətirdi, sonra Sənubər onun əllərini öz əllərinin 

içinə alıb ovuşdurdu, sonra onu özünə tərəf dartdı: 

– Bir bura gəl görüm e!.. 

O, həmişəki kimi, palazın üstündə diz çökdü, Sənubər onun başını sinəsinə 

sıxdı, barmaqlarını cod qara saçlarında gəzdirdi və yanağından öpdü. O, tez başını 

çəkib ayağa qalxdı, çünki həmişə belə anlarda, nədənsə, – səbəbini başa düşə 

bilmirdi – qəhərlənirdi və qorxurdu ki, ağlasın. 

Bir söz demək xətrinə soruşdu ki, bayaq ananla evdən çıxan o kişi kim idi elə? 

Sənubər dedi ki, Ağahüseyndir. Soruşdu ki, Ağahüseyn kimdir? Sənubər də cavab 

verdi ki, qohumumuzdur, uzaq... 

– Nəçidir e?  

– Tramvaysürəndir də... 

– Sizə niyə gəlir?  

– Mən nə bilim? – Sənubər çiyinlərini çəkdi. – Üçüncü dəfədir gəlir. 

 O  yenə  nə isə soruşmaq istədi, amma soruşmadı. Ağahüseynin adı bu balaca 

otaqdakı zəif elektrik lampası ilə, bu pilətə iyi və pilətə istisi ilə, Sənubərin bu köşək 

gözləri ilə uyuşmurdu, yad səslənirdi və o, bir daha bu adı çəkmək istəmədi; indicə 

o, divanda Sənubərin yanında oturacaqdı, bir əlini onun çiyninə qoyacaqdı, sonra o 

biri  əlini yavaş-yavaş içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə 

qoyacaqdı və durub gedənə qədər beləcə oturacaqdılar. 

O, pencəyini çıxarıb divanda oturmaq istədi, amma yadına düşdü ki, kitab-dəftər 

qayışının altındadır, bayaq paltosunu Vovagildə  çıxardanda ağlına gəlməyib ki, 

bunları da orada qoysun; kitab-dəftəri burada çıxarmaq olmazdı: birdən Sənubər 

«Coğrafiya» kitabını görər. «Coğrafiya» kitabında isə yazılıb ki, səkkizinci sinif 

üçün dərs vəsaitidir, amma Sənubər elə bilir ki, o, doqquzda oxuyur. Əslində 

əvvəllər Sənubər elə bilirdi ki, o, onuncu sinifdə oxuyur. 

Onlar məktəbin həyətində qutab alarkən tanış olmuşdular. Sənubər 132 nömrəli 

məktəbdə oxuyurdu – Azərbaycan məktəbində, o isə 134 nömrəli məktəbdə 

oxuyurdu – rus məktəbində. Məktəbləri bitişik idi, həyətləri də bir idi. Onda 

Sənubərin xırdası olmamışdı qutabsatana versin, qutabsatan da Sənubərin 

manatlığını xırdalamırdı, xırdası yox idi. O, Sənubərə xırda vermişdi – ikisi də qutab 

almışdı. Sənubər də üç-dörd gündən sonra onu həyətdə görüb xırdanı qaytarmışdı. 

Sənubər gözəl deyildi, həmişə də nimdaş geyinərdi. O heç ağlına gətirə bilməzdi 

ki, bir vaxt gələcək və bu qutab alan qız onun ilk məhəbbəti olacaq – o inanırdı ki, 

bu ilk məhəbbətdir, ilk böyük məhəbbət. Doğrudur, il yarım bundan əvvəl 

qonşuluqlarında yaşayan bir arvada vurulmuşdu; evdə oturanda qulağı  həmişə 

səksəkədə olardı: həmin arvad eyvana çıxıb paltar sərəndə zivəni dartardı, çarxdan 

səs çıxardı, o da, bilərdi ki, sevgilisi eyvandadır, tez öz eyvanlarına çıxıb tamaşa 

edərdi, amma bu, yavaş-yavaş sönüb getdi, çünki əsl məhəbbət deyildi – bunu 

sonralar başa düşdü. Sənubərgilə gəldiyi ilk gündən sonra. 

Əvvəlcə salamlaşırdılar elə-beləcə, sonra günlərin bir günündə həyətdən birlikdə 

çıxdılar, necə oldusa, Sənubəri evlərinə ötürdü, Sənubər də onu evə çağırdı, dedi ki, 

heç kim yoxdur evdə, o da qalxdı yuxarı, heç bilmədi necə qalxdı. 




 

54

Bu otaqda ilk görüş idi onda, ilk dəfə idi ki, bu pilətə iyini və istisini hiss etdi, 



ilk dəfə idi ki, Sənubərin köşək gözlərini gördü. Onda Sənubərə demişdi ki, onuncu 

sinifdə oxuyuram, həm də demişdi ki, on səkkiz yaşım var. Sənubər sonra bildi ki, 

onuncu sinifdə oxumur, təsadüfən bildi, amma səkkizinci sinifdə oxumağını da 

bilmirdi, elə bilirdi ki, doqquzda oxuyur, həm də elə bilirdi ki, onun on yeddi yaşı 

var, daha bilmirdi ki, onun on altı yaşı var. 

Sənubərin özünün on yeddi yaşı tamam olmuşdu, onuncu sinifdə oxuyurdu. O 

həmişə  Sənubər barədə fikirləşəndə suçlu adamlar kimi ürəyindən bir üşütmə 

keçirdi: Sənubər əvvəl-axır biləcəkdi ki, yaşda ondan böyükdür, həm də biləcəkdi ki, 

iki sinif aşağıda oxuyur. Doğrudur,  əvvəl-axır bunu biləcəkdi, amma onda bunun 

daha bir o qədər də mənası olmayacaqdı, çünki onda evlənmiş olacaqdılar.  

– Pencəyini niyə çıxartmırsan? 

Dedi ki, çıxartmır, bir azdan gedəcək, işi var. Elə-belə, ağzına gələni dedi, 

əslində axşam doqquza kimi burada qalmaq istəyirdi, günorta evdən çıxanda 

demişdi ki, dərsdən sonra Vovayla kinoya gedəcəklər. 

– Nə  işin var, ananla qonaqlığa gedəcəksən? – Sənubərin köşək gözləri 

gülümsədi yenə. 

O, Sənubərin sualını qulaqardına vurdu, çünki Sənubərin, deyəsən, yenə həvəsi 

gəlmişdi, yenə onu alçaltmaq istəyirdi, o isə, nədənsə, bu axşam başqa axşamlardan 

daha artıq pərtləşmək istəmirdi, ümumiyyətlə, nədənsə, bu axşam ona başqa 

axşamlardan daha artıq  əziz idi – niyə belə hiss edirdi, səbəbini özü də bilmirdi. 

Söhbəti dəyişdi: 

– Ağahüseyn niyə gəlir e, sizə? – Özü də bilmədi ki, Ağahüseyn yenə haradan 

düşdü yadına. 

– Mən nə bilim? – Sənubər həmişəki kimi alt dodağını dişlədi və lap büzüşdü 

elə bil, elə bil otaqda şaxta idi. – Deyəsən, anam ona ərə gedir. 

– Anan ərə gedir? 

– Deyəsən. 

Sənubərin heç kimi yox idi, təkcə anası var idi. Sənubərin anası dəmir yolunda 

işləyirdi, bələdçi idi, iki gün evdə otururdu, üç gün səfərdə olurdu, ya da üç gün 

evdə otururdu, bir gün səfərdə olurdu. Bu gün də səfərə çıxmışdı, sabah qayıdacaqdı. 

Iki gündən sonra yenə gedəcəkdi. O, bir dəfə  də olsun Sənubərin anası ilə  kəlmə 

kəsməmişdi, heç yaxından  əməlli-başlı görməmişdi də onu, amma nədənsə, xoşu 

gəlmirdi Sənubərin anasından, özü də buna təəccüb edirdi ki, niyə. 

– Necə yəni ərə gedir? 

– Necə, necə yəni? Ərə getmək bilmirsən nədir? 

Əlbəttə, o bilirdi ki, ərə getmək nə deməkdir və onun ürəyindən gizli bir qorxu 

keçdi: Sənubərin anası  ərə getsəydi, onların görüşləri necə olacaqdı? Ağahüseyn 

burada qalacaqdı, burada, bu balaca otaqda, onların bu balaca otağında? 

– Əşşi, özünün xarabası var, təzə binada ev alıb. – Sənubər həmişə onun ürəyini 

oxuyurdu. O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir – 

utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun 

fikirləşdiyini deyirdi, həmişə onun ürəyindən xəbər verirdi, hansı söhbəti 

xoşlamadığını, hansı hərəkətdən xoşlandığını o saat hiss edirdi, hərdən elə olurdu ki, 

o, ürəyində bir mahnının havasını çalırdı, birdən Sənubər həmin mahnını nazik səsi 

ilə pəsdən oxumağa başlayırdı.  



 

55

Sənubər yenə əlini onun cod qara saçlarında gəzdirdi, yəni ki, qorxma, mən bu 



otaqdan gedən deyiləm, sonra qayğıkeş-qayğıkeş ona baxdı, sonra yenə onun başını 

özünə tərəf çəkib sinəsinə sıxdı, yanağından öpdü.  

O bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini də, məktəbi də, 

uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə etməyib bütün ömrü boyu 

beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu 

balaca ürəyin çırpıntısını  həmişə beləcə hiss edəydi, təki bu nöyüt pilətəsi beləcə 

yanaydı  həmişə, amma yenə başını  çəkdi, yenə qorxdu ki, ağlayar, bilmirdi 

nədəndir, həmişə belə dayananda onun ürəyi kövrəlirdi. 

O,  əlini Sənubərin çiyninə qoydu. Sənubər özü onun o biri əlini götürüb içi 

dovşan dərili qolsuz kürkün üstündən sinəsinə qoydu. 

Həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu, 

ona elə  gəlirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni 

titrəyir, Sənubər də bunu hiss eləyirdi və gülürdü, Sənubər beləcə gülümsəyəndə o, 

elə hesab edirdi ki, bu – məhəbbətdir. 

Sonra Sənubər özü iki əlini də kürkün üstündən onun əlinə yapışdırıb var gücü 

ilə sinəsinə  sıxdı, sonra onun yanaqlarından yapışıb özünə  tərəf çəkdi və 

dodaqlarından öpmək istədi. O, başını Sənubərin əlləri arasından dartıb çıxartdı – ən 

çox belə şeylərdən utanırdı. 

– Vallah, lap uşaqsan sən, lap uşaqsan! Bilmirəm sənin nəyinə vurulmuşam? 

Sənubərin köşək gözləri güldü yenə. – Yəqin boy-buxununa, zırpılığına. 

O cavab vermədi və üzünü Sənubərin çiyninə  qısdı. O bilirdi ki, bütün sifəti 

alışıb-yanır və istəmirdi ki, Sənubər bunu görsün. O bilirdi ki, bir azdan bədəninin 

uçuntusu keçib-gedəcək, bir azdan Sənubərin ürəyinin döyüntüsü onu təmənnasız bir 

aləmə çəkib aparacaq. Bu təmənnasız aləm bu balaca otaqdan – onların otağından, 

bu balaca otaqdakı pilətə iyi və pilətə istisindən, bu pilətə iyini və pilətə istisini 

təpədən dırnağa kimi bütün bədənlərilə hiss edən Sənubərdən və ondan ibarət idi; 

lap kiçicik bir aləm idi, amma elə-belə kiçicik aləm yox, onların kiçicik aləmi idi. 

O istəyirdi ki, Sənubər barədə  hər hansı bir arvad barədə fikirləşəcəyi kimi 

fikirləşməsin. O heç vaxt cəhd etməmişdi ki, Sənubəri çılpaq görsün. O, çılpaq 

qızlar göstərilən kinolara üç-dörd dəfə gedib baxmışdı, amma istəmirdi ki, Sənubəri 

çılpaq görsün. Hərdən gecələr yuxuda Sənubəri çılpaq görərdi, o saat da yuxudan 

oyanardı, Sənubərin çılpaq bədənini başından çıxarmaq istərdi, futbol barədə 

fikirləşərdi, gələcəkdə yazacağı ssenarilər, çəkəcəyi filmlər barədə fikirləşərdi, 

haçandan-haçana təzədən yuxuya gedərdi. 

O, sövq-təbii hiss edirdi ki, əgər bu cür olmasa, Sənubər onun başını döşlərinə 

sıxarkən heç vaxt ürəyi kövrəlməyəcək. Düzdür, o, bu kövrəklikdən qorxurdu, 

qorxurdu ki, Sənubər bunu görər, gülər: «Vallah uşaqsan!», amma ürəyinin lap 

dərinliklərində – elə dərinliklərində ki, özü də bunu üzə çıxarmağa ürək eləmirdi – 

hiss edirdi ki, bilirdi ki, uşaqlıq olsa da, əslində bu kövrəklik anı onun üçün həyat 

deməkdir, yaşamaq deməkdir. Sənubər də bunu bilirdi və buna görə  də  hərdən 

kefinə düşəndə onu lap cin atına mindirirdi. 

– Uşaqsan, xalis uşaqsan! Ola bilməz ki, sənin on yeddi yaşın olsun! Ola 

bilməz! Zırpısan, amma mən bilirəm, düz on yaşın var. Üzünü də yalandan hər gün 

qırxırsan ki, tük gəlsin. 




 

56

– Yox, on iki yaşım. – O həmişə belə cavab verirdi ki, on yeddi yaşında olmağı 



doğruçu çıxsın, indi də belə dedi, amma hiss elədi ki, yavaş-yavaş dilxor olur. Həm 

də ona görə dilxor olur ki, Ağahüseynin adı yenə də hardansa girmişdi başına; əlini 

içi dovşan dərili qolsuz kürkdən çəkdi. – Lap on bir yaşım var.  

– Yaxşı, yaxşı, burnunu sallama. – Sənubər onun burnunu tutub dartdı, elə 

ehmallıca dartdı ki, sifətindəki qızartı keçib getdi. – Doğrudan, sənin atan böyük 

adamdır?  

Haradansa Sənubərin başına girmişdi ki, onun atası böyük adamdır guya, özü də 

idarəyə maşınla gedib-gəlir. 

– Adamdır də... – O nə  qədər fikirləşirdisə  də bu suala başqa cavab tapa 

bilmirdi; bir dəfə istəmişdi ki, atası barədə yalandan təsirli, lap faciəli bir əhvalat 

quraşdırıb danışsın, amma danışmamışdı, çünki yaşından və oxuduğu sinifdən başqa 

daha yalan demək istəmirdi Sənubərə; atası teatrda rejissor idi və nədənsə, ona elə 

gəlirdi ki, atasının rejissor olduğunu bilsə, Sənubəri gülmək tutacaq, həm də o, 

Sənubərin gözündən düşəcək – niyə belə fikirləşirdi, heç özü də başa düşə bilmirdi. 

– Əgər böyük adamdırsa, niyə sənə palto almır? 

O ən çox bu cür sözlərdən dilxor olurdu, çünki bu cür sözlərdən sonra özünü bu 

balaca otaqda əsl kişi hiss edə bilmirdi və bu cür sözlərdən sonra həmişə  çıxıb 

gedirdi və bir müddət özünü vaxtında doğulmayan, həyata vaxtında gəlməyən insan 

sanırdı, heç kimin onu başa düşmədiyini, hamının ona yad olduğunu fikirləşirdi, 

özünü faciəli tənhalıqda hesab edirdi, sonra yenə  də yavaş-yavaş bu pilətənin iyi 

burnuna gəlirdi, bu pilətənin istisini hiss edirdi. Sənubərin köşək gözlərini görürdü, 

onun nazik qabırğalarını ovcunun altında duyurdu və  dərindən nəfəs alırdı ki, nə 

yaxşı dünyada bu balaca otaq var, nə yaxşı dünyada bu nöyüt pilətəsi var, nə yaxşı 

dünyada Sənubər var. Sənubərin də köşək gözləri var. 

– Mən getdim. 

Sənubər divanın üstündən ayağa qalxıb onun qolundan yapışdı. 

– Bir az otur. Yaxşı da, otur bir az. 

O, dediyi sözdən dönən deyildi – hər halda özü barədə bu fikirdə idi. 

– Işim var. 

– Yaxşı da, otur bir az. Daha heç nə demərəm, vallah. Otur bir az. 

O əyilib palazın üstünə düşmüş şalı qaldırdı və hiss etdi ki, doğrudan da, bir az 

oturmalıdır, çünki Sənubər lap uşaq kimi yalvarırdı; o, lap təəccüb etdi, çünki 

Sənubər heç vaxt bu cür uşaq kimi yalvarmazdı, ona elə gəldi ki, bu saat çıxıb getsə, 

Sənubər bu balaca otaqda yetim qalacaq. 

O, divanda oturdu. 

– Mənim bir dənəmsən! Səndən başqa heç kimim yoxdur, bircə  dənəmsən 

mənim! – Sənubər dizləri üstə çöməlib onun yanında oturdu və ona qısılaraq 

boynunu qucaqladı. 

– Yaxşı, bəsdir. – O yenə də özünü əsl kişi hiss edirdi. 

Sənubər ona daha da bərk qısıldı. Bu gün nə isə birtəhər idi. Sənubər, elə bil lap 

kimsəsizləşmişdi, lap balacalaşmışdı. Birdən-birə o özünü Sənubərin həyatdakı 

yeganə  mənəvi dayağı hesab etdi və  qızın saçlarından öpdü. Sənubərin saçının iyi 

həmişə onu məst edirdi və o bu qoxudan çəkinirdi, çünki, bu zaman dünyanın  ən 

sentimental adamı olurdu – bunu özü də bilirdi, amma heç nə edə bilmirdi. 




 

57

O, cibindəki siqaretlərdən birini çıxartdı və başını pilətəyə uzadıb siqareti odda 



yandırdı, – bu otaqda siqareti həmişə belə yandırardı. Siqaretdən xoşu gəlmirdi və 

bilirdi ki, heç zaman əməlli-başlı siqaret çəkən olmayacaq, amma bu balaca otaqda 

hərdən elə anlar olurdu ki, o nə deyəcəyini, nə edəcəyini bilmirdi və bu zaman 

siqaret çəkirdi.  

Sənubər bu gün, doğrudan da, lap qəribə olmuşdu; hərdən ondan ayrılırdı, 

birinci dəfə görübmüş kimi heyran-heyran ona baxırdı, sonra yenə ona qısılırdı. O 

isə, bu baxışlar altında özünü Sənubərin qəyyumu sanırdı və nə isə təntənəli bir söz 

demək istəyirdi, amma nə deyəcəyini bilmirdi. 

O, Sənubərin saçlarını bir də öpdü və dedi:  

– Biz evlənəndən sonra həmişə bu otaqda ikimiz bir yerdə olacağıq.  

O, doğrudan da, belə fikirləşirdi və buna inanırdı da; əslində indidən öz 

evlərində özünü qonaq hiss edirdi; o, hələ lap uşaqlıqdan kinorejissor olmaq 

istəyirdi, məktəbi qurtarandan sonra gedib Moskvada kinematoqrafiya institutuna 

girəcəkdi, amma indi fikirləşirdi ki, məktəbi qurtarandan sonra daha Moskvaya 

getməyəcək, Bakıda qalacaq, öz evlərindən çıxacaq, gedib bir yerdə işləyəcək – çox 

güman ki, şoferlik edəcək, çünki maşın sürə bilir və onlar evlənib bu otaqda 

yaşayacaqlar. Əvvəllər bircə şey onu düşündürürdü ki, bəs, Sənubərin anası harada 

qalacaq? O istəyirdi ki, yalnız ikisi – Sənubər və o bu otaqda yaşasınlar, başqa heç 

kim. Sənubərin anası da başqalar sırasında idi. Indi Sənubərin anası özü öz ayağı ilə 

çıxıb gedir, Ağahüseynə ərə gedir – özü bilən yaxşıdır. 

– Heç nəyə əl vurmayacağıq bu otaqda, elə beləcə qalacaq. 

Birdən Sənubər dartınıb ondan aralandı və onun heç vaxt görmədiyi bir nifrətlə 

qışqırdı: 

– Allah vurmuşdu bu otağı! Zəhləm gedir bu otaqdan! Bezmişəm bu otaqdan. 

Hər daşına tüpürüm bu otağın. 

O, heyrətlə  Sənubərə baxırdı. Sənubər isə bu heyrətin fərqinə varmırdı. O heç 

təsəvvürünə gətirə bilməzdi ki, bu balaca otağa – onların otağına – bu qədər nifrət 

edir. Axı, niyə, niyə axı? – O, sinəsini dəlik-deşik edən bu sualı Sənubərə vermədi, 

nədənsə, birdən-birə  Sənubərə yazığı  gəldi, bilmədi niyə, yenə  də  Sənubərin 

saçlarını öpmək istədi, amma Sənubər başını kənara dartdı: 

– Işin olmasın məndə! Burax məni, – dedi! – Azı on yaş kiçikdir anamdan! Mən 

neyləyəcəyəm? Çıxıb gedəcəklər, kef eyləyəcəklər özləriyçün! Bəs, mən 

neyləyəcəyəm? Bu dörd divar arasında qalıb neyləyəcəyəm? 

Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs, o? 

Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və 

buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal 

sakitləşdi, elə bil üstünə soyuq su tökdülər, onun ardınca atılıb dedi ki, getmə, daha 

deməyəcəyəm, yalan deyirəm, elə-belə deyirəm, getmə, tək qalmaq istəmirəm, 

istəmirəm tək qalım burda, getmə. 

O, tələsik arakəsmədən keçib dəhlizə çıxdı və qapını ardınca çırpdı, qorxdu ki, 

yenə tab gətirməz, yenə qalar orda; siqareti tullayıb pilləkənlərlə aşağı düşdü. 

Sulu qar yağırdı. Onun kauçuk altlı  çəkmələri qənbərin üstündə sürüşürdü, az 

qalırdı  yıxılsın, amma o, səkiyə  çıxmırdı – belə dilxor vaxtlarında həmişə  qənbər 

döşənmiş bu küçənin tən ortası ilə düşərdi, bu, son dərəcə kinematoqrafik idi və o, 

hərdən özünü lap ekranda da görərdi. 

Bu saat o yenə  həyatın vəfasızlığı barədə düşünürdü, heç kimin onu başa 

düşmədiyindən sinəsi od tutub yanırdı. 



 

58

Əlləri  şalvarının cibində küçənin ortası ilə üzüaşağı düşə-düşə birdən yenə  də 



nöyüt pilətəsinin iyini və istisini duydu, amma bu duyğu həmişəki kimi onu o saat 

qızışdırmadı – Sənubərin bayaqkı sözlərindən tamam sarsılmışdı: « – Mən bu dörd 

divar arasında qalıb neyləyəcəyəm?» Bəs, o! Bəs, o kimdir?  

O, yenə də uğursuz taleyi barədə düşünməyə başladı, soyuq da ki, xəncər kimi 

kəsirdi. 

Arxadan bir maşın siqnal verdi, sürücü də pəncərədən başını çıxarıb qışqırdı ki, 

küçənin ortasına niyə düşmüsən belə, başın bədəninə ağırlıq edir? O, tələsik səkiyə 

çıxdı, heç sürücüyə cavab verməyə  də macal tapmadı – maşın ötüb getdi və bu 

maşın birdən-birə onun bədbin fikirlərini də dağıtdı və o, yenə də qorxdu ki, indicə 

geri dönüb təzədən Sənubərgilə gedəcək, ayaqlarını altına yığıb pilətənin qabağında 

oturmuş Sənubər də köşək gözləri ilə ona baxıb gülümsəyəcək: «Hə, nə oldu, bəs, 

çıxıb getmişdin?» 

O, Vovagilə gedirdi ki, paltosunu götürsün, amma özü də hiss edirdi ki, paltonu 

götürmək istəmir, çünki Sənubər tək-tənha qalmışdı o balaca otaqda; ömründə 

Sənubəri bu cür görməmişdi, ömründə  təsəvvür etməzdi ki, Sənubərin balaca 

cüssəsinə bu qədər nifrət sığışa bilər; niyə, axı, niyə bu balaca otağa – onların 

otağına – bu qədər nifrət edir? Deməli, bütün bu beş ay ərzində Sənubər ondan gizli 

bu balaca otağa – onların otağına – nifrət edirmiş... Indi tək oturub, orda nöyüt 

pilətəsinin qabağında, divanın üstündə, ayaqlarını da həmişəki kimi yığıb altına, şal 

da dizlərinin üstündədir, özü də gözünü pilətəyə dikib nazik barmaqları ilə  şalın 

saçaqlarını oynadır; bənizi lap ağarmışdı, dodaqları titrəyirdi acığından, hamısı da 

bu balaca otağa görə – niyə, niyə axı? 

O, başa düşdü ki, bir neçə  dəqiqədən sonra qayıdıb Sənubərgilə gedəcək, hiss 

etdi ki, Sənubərin bu saat tək-tənha nöyüt pilətəsinin qarşısında oturmasına – özü də 

lap balacalaşmış Sənubərin, lap kimsəsizləşmiş Sənubərin – dözmək mümkün deyil. 

Vovagil karamel fabrikinin yanında olurdular. Bu məhəllədən həmişə şirniyyat 

iyi gələrdi. Bu şirniyyat iyi, nədənsə, faciəli filmləri onun yadına salardı  və bu 

zaman o özünü daxilən zəngin, daxilən dövlətli bir adam hiss edirdi, çünki onun 

hamıdan gizlin balaca bir otağı var idi və bu otaqda Sənubər var idi və Sənubərin 

köşək gözləri var idi, bu köşək gözlər hərdən gülürdü, hərdən tutulurdu. 

O heç vaxt ac qalmamışdı, heç vaxt darısqallıq çəkməmişdi, heç bir faciə 

görməmişdi, amma bütün bunları doğma hiss edirdi, elə bil aclıq da çəkmişdi, 

faciələr də görmüşdü; o, aclıq çəkmiş, pis dolanmış adamların hisslərini duyurdu – 

hər halda, ona belə gəlirdi. Hərdən özünü faciələr keçirmiş bir adam kimi təsəvvür 

edirdi və bu cür anlarda onun yeganə  mənəvi pənahgahı bu idi ki, hamıdan gizlin 

balaca bir otağı var və bu otaqda Sənubər var. 

O, yenə  də ovcunun altında Sənubərin nazik qabırğalarını hiss etdi, onun 

ürəyinin döyüntüsünü duydu... 

Köhnə məscidin minarəsindəki işıq sönmüşdü, bığlı kişini yəqin düşürtmüşdülər 

aşağı, dördçarxlı sankasını sürüb getmişdi evlərinə; indi oturub uşaqları ilə çörək 

yeyirdi. Bəlkə, heç uşaqları yoxdur? Hər halda, bir adamı olmamış olmaz.  

O, barmaqlarını büküb arakəsmə qapısını taqqıldatdı. Içəridən Sənubərin səsi 

gəldi: 

– Gəl. Bağlamamışam. 

O, bir balaca qızardı, çünki Sənubər bilirdi ki, o qayıdacaq və o qayıdıb. 



 

59

Sənubər yenə də ayaqlarını altına yığıb divanın küncündə oturmuşdu, saçaqlı şal 



yenə  də baldırlarının üstündə idi, nöyüt pilətəsi yenə  də divanın qarşısındakı taxta 

kətilin üstündə yanırdı, yenə  də nazik barmaqları ilə  şalın saçaqlarını oynadırdı; 

gözlərini qaldırıb ona baxdı – elə bil başqa adamın gözləri idi bu gözlər. 

O, ayaqüstə otağın qapısı  ağzında dayanmışdı, nə isə bir söz demək istəyirdi, 

amma deyə bilmirdi və buna görə pərt olmuşdu. Sənubər onu çağırdı ki, gəl bura; 

özü də elə çağırdı, elə bil lap taqəti kəsilmişdi. O, Sənubərin bu cür səsini heç vaxt 

eşitməmişdi, bu səs onun ürəyinə bir xof gətirdi, suçlu adamlar kimi addımlayaraq 

gəlib divanda Sənubərin yanında oturdu, Cənubər də o saat onu qucaqlayıb başını 

pencəyinə qısdı və özünü tamam itirmiş halda hiss etdi ki, Sənubər hıçqırır. Əvvəlcə 

bilmədi nə eləsin, sonra soruşdu ki, nə olub? – Heç özü də bilmədi ki, necə soruşdu. 

Sənubər daha da bərkdən hıçqırdı. Için-için ağlayırdı  Sənubər, bütün bədəni 

titrəyirdi. 

O özünü lap itirdi. Ömründə heç kim onun yanında bu cür ağlamamışdı. 

Sənubərin saçlarını öpməyə başladı; sonra başa düşdü ki, bu dəfə özünü saxlaya 

bilməyəcək; qəhərdən boğula-boğula: «– Nə olub, axı, sənə? – dedi. – Nə olub?»  

Sənubər heç nə demədi, birdən-birə onun yanaqlarını iki əli arasına alıb dəli 

kimi üz-gözünü öpməyə başladı və şor tamlı göz yaşı onun bütün sir-sifətinə yayıldı 

və o, doğrudan da, özünü saxlaya bilmədi; Sənubər yenə  də onun başını sinəsinə 

sıxdı, cod saçlarını qarışdırdı, yanağından öpdü; o, həmişəki kimi, başını Sənubərin 

sinəsindən çəkmədi, çünki özü öz göz yaşlarından utanırdı. 

– Mənim səndən başqa heç kimim yoxdur! Heç kimim yoxdur səndən başqa! 

Hər gün gələcəksən mənim yanıma. Sənsiz bir günüm olmasın. Bircə  dənəmsən 

mənim! – Birdən Sənubər onun başını qaldırıb düz gözlərinin içinə baxdı və dedi: – 

Istəyirsən elə indi sənin olum?  

 O,  əvvəlcə bu sözlərin mənasını başa düşmədi, necə  yəni istəyirsən elə indi 

sənin olum, bəyəm Sənubər onunki deyildi? Sonra ürəyindən bir üşütmə keçdi, 

sonra da hirsləndi. Sənubərin axmaqlığına hirsləndi. 

– Hə, istəyirsən? – Sənubər yer üzündəki bütün əzab-əziyyətlərə sinə  gərə 

biləcək bir tərzdə təkrar etdi. 

 O,  başını  Sənubərin  əlləri arasından çəkib ayağa qalxdı  və elə bil ki, nə 

edəcəyini bilməyərək pəncərəyə yaxınlaşdı, təkcə bunu dedi ki, lap səfehsən! Sonra 

pəncərənin qalın pərdəsini kənara çəkib küçənin o biri tərəfindəki məscidə baxdı, 

ona elə  gəldi ki, kim isə  məscidin hasarına qısılıb bu pəncərəyə baxır, sonra başa 

düşdü ki, bu onun özüdür. 

– Lap səfehsən. – O, bir də dedi və hiss etdi ki, Sənubərə sarı çevrilə bilmir, 

utanır. – Nə olub e, sənə?  

Sənubər arxadan onun çiyinlərini qucaqladı: 

– Heç nə, heç nə olmayıb mənə. Istəyirəm ki, sən mənim olasan. Istəyirəm ki, 

sən heç vaxt məni tək qoymayasan. Qorxuram tək qalmaqdan. 

O, Sənubərə  tərəf çevrilib qızı qucaqladı. Onlar heç vaxt bu cür ayaqüstə 

qucaqlaşmamışdılar. O, elə bil ki, kənardan bu duruşlarına baxdı: teatrda artistlərin 

bir-birini qucaqlamağına bənzəyirdi bu qucaqlaşma, amma Sənubər lap balaca idi, 

lap cılız idi, özü də quş kimi çırpınırdı onun qolları arasında, teatrda artistlər bir-

birini qucaqlayanda belə çırpına bilməzdilər. 

– Tək niyə qalırsan? – dedi. – Bəs, mən nəyəm? Mən nəyəm bəs? 

 Sənubər elə bil bu sözləri gözləyirdi, yenə dəli kimi onun üz-gözündən öpməyə 

başladı; Sənubər heç vaxt bu cür qızğın, həm də bu cür köməksiz olmamışdı. 



 

60

O, Sənubəri bərk-bərk qucaqladı, elə bil hamıdan, hər  şeydən qoruyurdu 



Sənubəri; elə bərk qucaqladı ki, birdən özü də qorxdu – Sənubərin beli sınar.  

– Bəs, mən nəyəm? Mən nəyəm bəs? – Təkrar etdi, çünki başqa söz tapa 

bilmirdi. 

– Sən həmişə mənim olacaqsan? – Sənubər onun qolları arasından çıxıb yaşdan 

parıldayan gözləri ilə düz onun gözlərinin içinə baxdı. 

– Əlbəttə. – O istədi ki, yenə nə isə desin, desin ki, bu nə sözlərdir ki, danışırsan, 

lap qəribə adamsan, bəyəm başqa cür ola bilər, başqa cür ola bilməz axı; amma heç 

nə demədi. 

– Sən ömründə qoymayacaqsan ki, mən tək qalım! 

– Əlbəttə. 

– Sən hər gün mənim yanıma gələcəksən! Mən həmişə oturub səni 

gözləyəcəyəm. 

O, daha heç nə demədi, çünki Sənubərin bu sözləri daha lap mənasız görünürdü, 

bütün bunlar aydın məsələ idi və bütün bu söhbətlər bu balaca otağa yaraşmırdı.  

Sənubər onu divana çəkib yanında oturtdu və  əlini götürüb içi dovşan dərili 

qolsuz kürkünün üstündən sinəsinə qoydu və o, başa düşdü ki, bu, Sənubərin 

təşəkkürü, mükafatı, bəxşişidir. 

Sənubərin rəngi lap solmuşdu; bu solğunluq onun balaca cüssəsini lap 

kiçiltmişdi, balaca çənəsinin altındakı damarlar lap gömgöy göyərmişdi, köşək 

gözləri lap alacalanmışdı – bilmirdin nə rəngdədir – ürəyi də elə yavaş vururdu, elə 

bil bu saat dayanacaq. Birdən ona elə  gəldi ki, Sənubər ölə bilər. Bu fikrin 

gözlənilməzliyindən onu soyuq tər basdı. 

– Sənə nə oldu? – Sənubər bir az ürkmüş halda onun gözlərinin içinə baxdı. 

– Heç nə. – O, əlini Sənubərin sinəsindən çəkib alnının tərini sildi.  

Sənubər gözlərini ondan çəkməyərək soruşdu: 

– Sən fikirləşəndə rus dilində fikirləşirsən? 

 Sənubər hərdən elə suallar verirdi ki... 

– Rusca da, azərbaycanca da. 

– Yox, sən həmişə rusca fikirləşirsən, mən bilirəm, azərbaycanca danışırsan, 

amma rusca fikirləşirsən. – Sənubər gülümsəyib onu qucaqladı. – Sən rusca 

romanlar oxuyacaqsan, – bilirsən necə romanlar? Hind filmləri kimi – sonra mənə 

azərbaycanca danışacaqsan, hə? 

– Lap qəribə qızsan e sən. – Onu gülmək tutdu. 

Sənubər hər bir hind filminə üç-dörd dəfə baxırdı, hamısını da ona danışırdı – 

danışanda da gözləri dolurdu – o da, canını dişinə tutub qulaq asırdı. 

– Danışacaqsan, hə? 

– Hə. – O, yenə güldü. 

Sənubər gözlərini nöyüt pilətəsinə zilləyib nə barədəsə fikirləşirdi. O heç vaxt 

Sənubərin nə barədə fikirləşdiyini tapa bilməzdi, elə bilirdi ki, Sənubər bir şey 

barədə fikirləşir, amma Sənubər tamam başqa şey barədə fikirləşirdi. 

Birdən Sənubər ayağa qalxdı:  

– Istəyirsən sənin üçün yemək bişirim?  




 

61

O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğunu hiss 



etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər 

bu cür sözləri yalnız anasından eşitmişdi – «Nə yeyirsən, bişirim səninçün» və o, 

indi başa düşdü ki, bütün tanışlıqları  ərzində  Sənubərdə  həmişə öz anasını 

görmüşdür – özü də bunu bilməyib, amma həmişə belə olub. Qəflətən ağlına gələn 

bu fikir elə bil onu sehrlədi, elə bil Sənubər də birdən-birə cana gəldi, üzünün 

solğunluğu getdi, köməksizliyi, kimsəsizliyi öldü, elə bil bu zəif elektrik lampası da 

otağı daha artıq işıqlandırdı, elə bil bu otaq da böyüdü birdən-birə, amma yenə də 

onların otaqları idi – onun və Sənubərin, elə beləcə də qaldı. 

 – Bu saat sənin üçün yemək bişirəcəyəm, oturub bir yerdə yeyəcəyik. – Sənubər 

onun cavabını gözləmədən arakəsməyə  çıxdı, arakəsmədəki pəncərə sürahisinin 

altındakı karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki soğan götürdü, bir göz 

qırpımında soyub çuqun tavaya tökdü, arakəsmədəki balaca dolabdan bir şüşə 

günəbaxan yağı  çıxarıb tavaya tökdü və tavanı  gətirib nöyüt pilətəsinin üstünə 

qoydu və bir azdan günəbaxan yağının iyi və cızıltısı otağı bürüdü. 

O, ikinci siqareti çıxarıb taxta kətilə sarı  əyildi və tavanın altından pilətənin 

odunda yandırdı, siqaretdən dərin bir qullab vurub günəbaxan yağında kartof 

qızardan Sənubərə baxa-baxa özünü dünyanın  ən xoşbəxt insanı hiss etdi; sonra 

ayağa qalxıb bu balaca otaqda – onun və Sənubərin otağında – bir az var-gəl etdi, 

nöyüt pilətəsinin yanında dayanıb dodaqlarını  Sənubərin saçlarında gəzdirdi. 

Sənubər üzünü ona tutub:  

– Bu saat hazır olacaq, – dedi, özü də elə dedi, elə baxdı ki, o özünü saxlaya 

bilməyib yenə də dodaqlarını Sənubərin saçlarında gəzdirdi.  

... O, yerində uzanıb qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan 

atasının xorultusu gəlirdi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də 

yatmışdı, amma o yata bilmirdi. Əslində o yatmaq istəmirdi, gözlərini yumurdu, 

Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də  Sənubər günəbaxan yağında 

kartof qızardırdı  və  hərdən ona baxırdı, onun da dodaqları  Sənubərin saçlarında 

gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi, çünki bu qoxu onu 

gələcəyə  çəkib aparırdı, həmin gələcəkdə dünyanın  ən xoşbəxt iki nəfəri 

yaşayacaqdı, bu iki nəfər öz balaca otaqlarında oturub günəbaxan yağında qızarmış 

kartof yeyəcəkdilər və həmişə bir-birilərini sevəcəkdilər. 

Onların neçə aylıq görüşləri heç vaxt bugünkü kimi şirin olmamışdı. O, hiss 

edirdi ki, bu saat Sənubər də öz gecə köynəyində divanın üstündə uzanıb, güllü 

yorğanına bürünüb onun haqqında fikirləşirdi. 

Onlar heç vaxt gələcək birgə  həyatlarından danışmazdılar, hərdən o, divanın 

üstündə oturub Sənubərin saçlarını öpəndə – ürəyi kövrələn vaxt – bu barədə 

danışmaq istəyirdi, amma hər dəfə  də  Sənubər ona gülərdi, o da o saat söhbəti 

dəyişərdi. Bu gün isə  Sənubər özü danışdı: gələcəkdə ikisi bir yerdə necə 

yaşayacaqlarından, ona nələr bişirəcəyindən, onun işdən qayıtmağını necə 

gözləyəcəyindən, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacağından, 

xəstələnəndə onun belinə banka salacağından... 

O, heç özü də bilmədi ki, necə yuxuya getdi və bütün gecəni yuxuda özünü 

təyyarədəymiş kimi hiss etdi – elə bil hey uçurdu, hərdən qalxırdı, hərdən enirdi və 

yuxuda özü də bilirdi ki, bu yuxudur, bilirdi ki, çarpayısında uzanıb yatıb, öz 

evlərindədir, heç hara getmir, amma ürəyi elə hey uçurdu. 



 

62

Səhəri gün məktəbdə  uşaqlar ona dedi ki, Izrail Solomonoviç dünən birinci 



dərsdə sizi görübmüş – səni də, Vovanı da – bildi ki, dərsdən qaçmısınız. Vova 

qorxusundan birtəhər oldu, amma o, bu xəbərin fərqinə varmadı, çünki dünyanın ən 

müstəqil adamı idi və heç kimdən çəkinmirdi, heç nədən qorxmurdu, yalnız 

gözləyirdi, gözləyirdi ki, iki gün gəlib keçsin, Sənubərin anası yenə  səfərə  çıxıb 

getsin, o yenə  Sənubərgilə getsin, yenə öz balaca otaqlarındakı divanın üstündə, 

nöyüt pilətəsinin qarşısında otursunlar, yenə  əlini içi dovşan dərili qolsuz kürkün 

üstündən Sənubərin sinəsinə qoysun, yenə dünənki kimi söhbət etsinlər, yenə 

gələcək birgə günlərini, balaca otaqlarındakı birgə  həyatlarını aynadaymış kimi 

görsünlər, sevsinlər bir-birilərini. 

Axşam evdə anası ondan soruşdu ki, sənə nə olub, gözümə birtəhər dəyirsən? O 

da anasının üzünə baxıb:  

– Nə olacaq e, heç nə olmayıb! – dedi və özü də bilmədi ki, niyə qışqırır. 

Vaxt elə yavaş keçirdi ki, bilmirdi neyləsin. O, Sənubərgilin məktəbinə 

getməzdi heç vaxt, hərdən lazım olanda həyətdə dayanıb onu gözlərdi, sözünü deyib 

çıxıb gedərdi. Onlar heç vaxt birgə  gəzməyə  çıxmamışdılar, heç kinoya da 

getməmişdilər. Bir dəfə Sənubər köşək gözlərini qıyıb demişdi: «– Bilirəm, məndən 

utanırsan, mənimlə camaatın gözünə görünməyə utanırsan, yaraşmıram sənə». O da 

qıpqırmızı  qızarmışdı. Sonralar neçə  dəfə istəmişdi Sənubərlə birlikdə  gəzməyə 

çıxsın, amma Sənubər əvvəlcə gülmüşdü, sonra da demişdi ki, yox, elə yaxşısı budur 

ki, oturaq evciyəzimizdə. 

Bu gün günorta məktəbin həyətində  Sənubəri nə  qədər gözləmişdisə  də görə 

bilməmişdi – deyəsən, Sənubər dərsə gəlməmişdi. 

Ikinci gün Izrail Solomonoviçin dərsi var idi və sinfə girən kimi onu ayağa 

qaldırdı, qalın  şüşəli çeşməyinin altından acıqla onu süzüb soruşdu ki, srağagün 

harada idin? 

– Dərsdən qaçmışdım. 

Sinfə elə sükut çökdü ki, milçək uçsaydı, səsi eşidilərdi. Izrail Solomonoviç 

heyrətlə ona baxıb heç nə demədi və o yerində oturdu. 

... Sənubərin anası qapıdan çıxanda o, yenə  məscidin hasarına qısıla-qısıla tini 

burulub dayandı. Birdən bığlı kişi minarədən başını çıxarıb qışqırdı: 

– Hə, gəlmisən yenə? 

O, başını yuxarı qaldırdı. Bığlı kişi, həmişəki kimi, gözlərini bərəltdi. O heç özü 

də bilmədi necə oldusa, bu dəfə sözləşmək  əvəzinə,  əlini qaldırıb yellədi, yəni 

salam-əleyküm. Bığlı kişi də, deyəsən əvvəlcə bir şey qanmadı, sonra başını tərpədib 

gülümsədi, sonra da başı minarənin içində yox oldu. 

Sənubərin anası gözdən itdi. 

O, tini buruldu və  qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından 

içəri girdi və bir göz qırpımında dəhlizdəki taxta pilləkənləri qalxıb barmağı ilə 

qapını taqqıldatdı. 

Içəridən Sənubərin səsi gəldi: 

– Gəl, açıqdır, bağlamamışam. 

O, qapını açıb içəri girdi, sonra qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə 

otağa tərəf gəldi və yerində donub qaldı. 



 

63

Sənubər otağın ortasında ayaq üstə dayanmışdı,  əynində onun heç vaxt 



görmədiyi yaşıl don var idi. Bu yaşıl don par-par parıldayırdı, elə bil bu saat alışıb 

yanacaqdı. Sənubərin bütün sifəti gülürdü – gözləri də, təbəssümü də. Sənubər bu 

yaşıl donu ilə birlikdə bu otaq dolu xoşbəxtlik içində itib-batmışdı, bu yaşıl donun 

ətəklərini sığallaya-sığallaya özü öz görkəmindən ləzzət alırdı. Nə taxta kətil var idi 

divanın qabağında, nə  də nöyüt pilətəsi. Bu otaq da onların otağı deyildi, silinib-

süpürülmüş lap yad bir otaq idi, təzəcə yuyulmuş taxta döşəmə iyi gəlirdi bu 

otaqdan. 

– Iki gündür harada itib-batmısan? – Sənubər gözlərini yaşıl donundan ayırıb 

ona baxdı. 

Onun ürəyi düşdü. O bildi ki, fövqəladə bir hadisə baş verib və bu hadisə onun 

həyatı ilə bağlıdır və pis hadisədir bu; əslində o, qapını açıb ayağını arakəsməyə 

qoyan kimi hiss etmişdi ki, nə isə  əvvəlki kimi deyil, nə isə çatışmır – nöyüt 

pilətəsinin iyiydimi, ya nəyidisə – bilmirdi, amma hiss etmişdi.  

Sənubər yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı və 

fırlana-fırlana da dedi: 

– Ərə gedirəm e! Ağahüseyn mənimçün gəlirmiş bizə! ...Indi nişanlanırıq, yayda 

mən məktəbi qurtarandan sonra evlənəcəyik!.. 

 O, hiss etdi ki, bu saat qaçıb Ağahüseyni öldürmək lazımdır, amma ürəyinin lap 

dərinliklərində bunu da hiss etdi ki, artıq hər  şey qurtarıb, qurtarıb gedib hər  şey, 

artıq heç kimi və heç nəyi yoxdur. 

– Bəs... bəs, sən sevinirsən? – Heç özü də bilmədi ki, necə soruşdu, lap yad bir 

adamın səsinə oxşayırdı bu səs.  

– Ərə gedirəm də, ay axmaq! – Sənubər yenə yaşıl donunun ətəklərindən tutub 

gülə-gülə otağın ortasında fırlandı. Dünən kinoya getmişdik... Bilirsən nə  əntiqə 

kinoydu!.. Oğlan maşın altda qalır, iki ayağını da kəsirlər. Sevgilisi əvvəlcə bunu 

bilmir. Elə bilir ki, oğlan ona naxələf çıxıb, sonra... 

O, Sənubərin nə danışdığını  eşitmirdi, bilirdi ki, bu saat Sənubərgildədir, 

Sənubər dünən baxdığı filmi danışır, amma nə danışdığını  eşitmirdi. O, heç nə 

barədə fikirləşə bilmirdi, heç nə düşünmürdü, eləcə otağın qapısı  ağzında dayanıb 

Sənubərə baxırdı və əslində Sənubəri də görmürdü, hər tərəfi yaşıl rəng görürdü, bu 

yaşıl rəngi tərli şüşə arxasından görürdü, hər tərəf par-par parıldayan yaşıl şüa idi. 

– Bir azdan yenə  gələcək, bu gün də teatra gedəcəyik. – Daha tək 

oturmayacağam burda. Daha mən haçan istəsəm gəzməyə gedəcəyik. Sabah da 

gedib onun evinə baxacağıq, təzə binadadı da evi, tramvay parkının işçiləri üçün 

tikiblər. Hamamı da var içində... 

O yenə də heç nə eşitmirdi, yenə də tərli şüşə arxasından ancaq rəng görürdü, 

özü də şüşə lap tərləmişdi, yaşıl şüalar suya dönmüşdü lap və o, hiss edirdi ki, belə 

olmaz, belə baxmaq olmaz, amma heç nə edə bilmirdi, eləcə dayanmışdı otağın 

qapısı ağzında.  

– A-a... Nə olub sənə? Ağlayırsan? ... – Sənubər yaxınlaşıb ona baxdı, sonra 

əlindən tutdu. 

O, daha özünü saxlaya bilməyib o biri əli ilə gözlərini qapadı. O özü başa 

düşürdü ki, belə olmaz, lap biabırçılıqdır, amma heç nə edə bilmirdi.  



 

64

– Bəsdir... Sən mənim canım, bəsdir... Lap uşaqdır e... Mən heç səni belə 



bilməzdim, lap uşaqsan e, sən... – Sənubər onun əlini ovuşdura-ovuşdura elə hey 

deyirdi, özü də ürəkdən deyirdi. – Bəsdir də, yaxşı... Istəyirsən yenə öpüm səni? 

Bəsdir də, bəsdir... Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi 

qurtaracaqsan, sonra institutu qurtaracaqsan, onda yenə görüşəcəyik səninlə ... On 

ildən sonra yenə görüşəcəyik səninlə... On ildən sonra sən lap yekə kişi olacaqsan... 

O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına 

dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı, 

qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü. 

Taxta pilləkənləri düşüb, bir müddət qaranlıq dəhlizdə dayandı; bu saat o, 

hamıdan artıq özündən utanırdı  və buna görə  də qaranlıqda dayanmaq istəyirdi. 

Sonra cibindəki üç siqaretdən birini çıxarıb yandırdı və dərin qullab vurub tüstüsünü 

sinəsinə çəkdi, bir anlıq gözləri qaraldı, başı da gicəlləndi bir balaca, sonra siqareti 

yerə atdı, ayağı ilə sıxıb söndürdü və küçəyə çıxdı. 

Əlləri cibində səki ilə üzüaşağı düşürdü. Birdən göyün yeddinci qatından bığlı 

kişinin səsi gəldi: 

– Hə, gedirsən? 

O, çönüb məscidin minarəsinə  tərəf baxdı: bığlı kişi yenə  də başını minarənin 

darısqal pəncərəsindən bayıra çıxarıb ona baxırdı. Bığlı kişi gülümsədi və başını 

tərpətdi, yəni, işində ol. O, əlini qaldırıb yellədi və  nədənsə, elə bil bir balaca 

yüngülləşdi. 

On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə 

görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə 

balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı.  

O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəsi yox, 

ancaq və ancaq bircə nəfər Sənubəri olmayacaq, amma o istəyirdi ki, həmişə bircə 

nəfər Sənubəri olsun. 

O sövq-təbii hiss edirdi ki, on ildən sonra dodaqlarını  Sənubərin saçlarında 

gəzdirəndə daha ürəyi kövrəlməyəcək və elə bil ki, indidən bu kövrəkliyin həsrətini 

çəkirdi. 

O hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-belə, olsa-

olsa, küçədə rastlaşa bilərdilər, salamlaşıb ötəcəkdilər, bəlkə heç 

salamlaşmayacaqdılar və keçmişləri yada salıb bu günlərə güləcəkdilər, bu günlərə 

yuxarıdan aşağı baxacaqdılar. O hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə 

yuxarıdan aşağı baxsın, ələ salsın bu günləri. 

Sonra birdən-birə ona elə gəldi ki, elə bil indidən on il böyüyüb, əvvəlki adam 

deyil daha. 

Onun başına cürbəcür başqa fikirlər də  gəlirdi və bütün bunlar barədə 

fikirləşmək üçün gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istədi, 

amma yadına düşdü ki, sabah Izrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır 

əməlli-başlı – Izrail Solomonoviçlə zarafat etmək olmaz. Cibindəki siqaretləri 

çıxarıb tullayaraq – gecələr anası ciblərini yoxlayırdı – Vovagilə tərəf üz tutdu ki, 

paltosunu götürüb evlərinə getsin. 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin