Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 3.17 Mb.
Pdf просмотр
səhifə1/49
tarix07.06.2017
ölçüsü3.17 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   49

EROUSMİT 
 
 
 
Sinkler Luis 
 
I FƏSİL 
 
 
 
Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd 
yaşlı cırıq paltarlı bir qız əyləşmişdi. Onun anasını Mononqaxila yaxınlığında dəfn etmişdilər – gözəl adı 
olan bir çayın sahilində qəbrin üstünü qızın özü torpaqlamışdı. Atası furqonun döşəməsində qızdırma 
içində yatırdı, qızın hisli-paslı, cır-cındır geyinmiş bacı-qardaşları onun ətrafında oynaşırdılar. 
Yolayrıcında, ot basmış yolun düz ortasında qız furqonu dayandırdı və xəstə qırıq-qırıq danışmağa 
başladı: 
– Emmi, yaxşı olardı ki, furqonun ağzını düz Sinsinnatiyə döndərəydin. Ed əmini tapa bilsək, məncə, o bizi 
evinə qəbul edər.   
– Heç kim bizi qəbul etmək istəməz,  – qız dedi,  – nə qədər ki gedə bilirik, irəli gedək. Qərbə doğru! 
Orada çox şey görəcəyəm!  
Qız axşama yemək hazırladı, uşaqları yatırtdı və uzun müddət ocağın kənarında oturdu. 
Bu qızcığaz Martin Erousmitin ulu nənəsi idi. 
 

 
Həkim Vikersonun kabinetindəki müayinə kreslosunda ayağını ayağının üstünə aşıraraq bir oğlan 
oturmuşdu və Qryein "Anatomiya"sını oxuyurdu. O, Uinnemak ştatından, Elk-Milzli  Martin Erousmit idi. 
Elk-Milzdə ( o zaman, 1897-ci ilə ildə bu, qırmızı kərpicli  və alma qoxulu evlərlə dolu yöndəmsiz bir kənd 
idi) danışırdılar ki, həkim Vikersonun kiçik cərrahiyyə əməliyyatları apardığı, bəzən diş çıxardığı, əksər 

hallarda isə mürgülədiyi qəhvəyi rəngli açma kreslo öz həyatını dəlləkxanada başlayıb. Söyləyirdilər ki, 
vaxtilə onun sahibinə "doktor Vikerson" deyirmişlər, amma illər keçdikcə yavaş-yavaş sadəcə, "dok"a 
çevrilib; "dok" həm yaşlı, həm də öz açma kreslosundan da tərs idi.   
Martin "Nyu-York Hazır Paltarların Hərracı"nda müdir işləyən C.C.Erousmitin oğlu idi. Bu dəliqanlı və tərs 
oğlan on dörd yaşında "dok"un qeyri-rəsmi və təbii ki, həm də pulsuz assistenti ola bilmişdi: o, şəhər 
ətrafındakı xəstələrə baş çəkməyə gedərkən "dok"u əvəz edirdi, hərçənd ki, "dok"u nəylə əvəz etmək 
mümkün olduğunu kimsə izah edə bilməzdi. Martin o qədər hündür olmasa da, boy-buxunlu oğlan idi: 
saçları, narahat gözləri qara rəngdəydi, dərisi isə ağappaq görünürdü; adama elə gəlirdi ki, bu ziddiyyət 
onun ehtiraslı dəyişkənliyinə işarə vurur. Hər halda, dördkünc başı və olduqca enli çiyinləri sayəsində 
qadın kimi zərif görünməkdən xilas olmuşdu. Onda gözəl həyat tərzi keçirən centlmenlərin "həssaslıq" 
adlandırdıqları iyrənc qorxaqlıq da yox idi. Dinləyərkən başını tez-tez tərpətməsi, sol qaşından hündürdə 
yerləşən sağ qaşının onun üçün xarakterik olan enerjili və sərbəst ifadə ilə yuxarı dartılması bu oğlanın 
özünü müdafiə edə bildiyinə işarə idi. Simasında hər şeyi bilmək istəyi kimi elə bir iddia oxunurdu ki, 
buna görə müəllimlər və məktəb direktoru onu qətiyyən sevməzdilər.  
Elk-Milzin bir çox sakinləri tək Martin də slavyan-italyan mühacirətinə qədər xalis amerikalı anqlosaks idi 
– başqa sözlə, onun damarlarında alman və fransız, şotland və irland, ola bilər ki, bir az da ispan, yəqin ki, 
müəyyən dərəcədə "yəhudi qanı" adlandırılan qarışıq, böyük miqdarda isə qədim ingilis, kelt, finikiyalı, 
roman, alman, daniyalı və isveç qanlarının qarışığından törəyən ingilis qanı axırdı. 
Martin "dok" Vikersonun yanında köməkçi işləməyə başlarkən Dahi Şəfaverici olmaq istəyinin ona hakim 
kəsildiyini tam əminliklə söyləmək olmazdı.  Düzdür, sıyrılmış yerləri sarıyanda, gözə sarğı qoyanda insan 
fiziologiyasında nə qədər valehedici və qeyri-adi şeylər gizləndiyini həmyaşıdlarına danışaraq onları 
qorxudurdu: bununla belə, öz yoldaşları arasında şöhrət qazanmaq istəyi heç də ona yad deyildi. Siqareti 
axıra qədər çəkib ürəkbulanma belə hiss etməyən keşiş oğlunu belə bir istək yerindən oynada bilərdi. 
Amma bu gün ciddi cəhdlə limfatik  sistem fəslini oxuyur, uzun və qarışıq sözləri ucadan  tələffüz edirdi; 
tozlu otaqda öz-özünə donquldanması isə insana daha çox  yuxu gətirirdi.  
Bu otaq "dok" Vikersonun tutduğu üç otaq arasında ən babatı idi; o baş küçəyə baxan pəncərələri ilə düz 
"Nyu-York Hazır Paltarların Hərracı"nın üstündə yerləşirdi. Otağın bir tərəfində üfunət iyi verən qəbul 
otağı, digər tərəfində isə Vikersonun yataq otağı vardı.  
"Dok" çoxdanın dulu idi. İstehza ilə "qadın səliqəsi" adlandırdığı şey haqqında qətiyyən fikirləşməzdi. 
Laxlayan şifoner və çirkli odeyalla örtülü açma çarpayısının qoyulduğu yataq otağını hərdənbir təmizlik 
həvəsi coşan Martindən başqa heç kim yığışdırmırdı.  
Bu otaq, eyni zamanda, həm kontor, həm həkim kabineti, həm cərrahiyyə otağı idi, həm qonaq və poker 
oyunu üçün nəzərdə tutulmuşdu, həm də ov və balıqçılıq ləvazimatlarının saxlandığı anbar rolunu 
oynayırdı. Qonur rəngdə malalanmış divarın yanında zooloji kolleksiya və tibbə aid qeyri-adi əşyaların 
yığıldığı şüşə şkaf, yanında isə Elk-Milz oğlanlarının tanıdığı əşyalar arasında ən qorxulu və ən cazibədar 
olan qızıl dişli skelet dururdu.  

Axşamlar, "dok" harasa gedəndə, Martin lovğalanmaq üçün oğlanları bu qaranlıq otağa gətirər və kibriti 
skeletin çənəsinə çəkərək yandırardı. 
 "Dok"un öz əli ilə hazırladığı və cilalanmış lövhəyə bərkitdiyi durnabalığının müqəvvası divardan 
asılmışdı. Pas atmış balaca sobanın yanındakı, tüpürcəyə bulaşmış və bomboz bozarmış linoleumun 
üstündəki yonqarla doldurulmuş qutu isə tüpürcəkqabını əvəz edirdi. Köhnə çürük stolun üstündə 
borcların qeyd edildiyi bir qalaq kağız vardı, "dok" adətən "haramzadələrdən borcları yığacağına" and 
içir, amma heç vaxt, heç bir şəraitdə heç bir borcludan pul tələb etmirdi. İldən ilə, onillikdən onilliyə, 
əsrdən əsrə adlayan arı pətəyi kimi çalışqan şəhərcikdə çox şey baş verirdi, ancaq həkimin həyatında heç 
nə dəyişmirdi.  
Ən natəmiz yeri alətlərin sterilləşdirilməsindən daha çox, səhər yeməyində yumurtaya bulaşan qabların 
yuyulması üçün istifadə olunan çuqun çanaq tuturdu. Onun kənarları boyunca qırıq sınaq şüşələri, balıq 
tutmaq üçün sınıq qarmaq, naməlum həblərlə dolu yarlıksız dərman şüşələri, mismarlarla kirpiyə 
döndərilmiş ayaqqabı dabanı, çeynənmiş siqaret kötükləri və  pas atmış cərrah bıçağına sancılmış 
kartoflar düzülmüşdü. 
Bu natəmiz, baxımsız otaq lap "dok" Vikersonun ruhuna bənzəyirdi, onun simvolu idi. Amma o, "Nyu-
York Hazır Paltarların Hərracı"nda bir-birinə oxşayan ayaqqabı qutuları yığınından daha çox maraq 
oyadır,  Martin Erousmiti tədqiqata və macəralara səsləyirdi. 
 

 
Oğlan başını qaldırdı, hər şeylə maraqlandığını göstərən qaşı yuxarı dartılmışdı. Pilləkənlərdən "dok" 
Vikersonun ağır addım səsləri eşidilirdi. "Dok" sərxoş deyil! Onu yatağına uzandırmaq lazım 
gəlməyəcəkdi. Amma "dok"un yataq otağına dəhlizdən keçib getməsi yaxşı əlamət deyildi. Oğlan 
diqqətlə qulaqlarını şəklədi və "dok"un içində əlüzyuyanın altındakı yamay romu saxlanan  kiçik şkafı 
açdığını eşitdi. Qurultu səsi gəldi. Sonra "dok" şüşəni yerinə qoydu və ayağı ilə qapını çırpdı. Hələ ki 
qorxulu bir şey yox idi. Şüşəni cəmi bircə dəfə ağzına yaxınlaşdırmışdı. İndi o birbaşa kabinetə keçsə, hər 
şey rahatca sovuşacaqdı. Amma "dok" hələ də yataq otağında dayanmışdı. Sonra əlüzyuyanın qapısı 
yenidən tələsik açılanda, "qurt-qurt" səsi eşidiləndə, bu  səs üçüncü dəfə təkrarlananda Martin içini 
çəkdi.  
Adətən "dok" bomboz şotka bığları ilə bir anlıq insan cildinə girmiş böyük, müəmmalı və xəyali bulud 
kimi otağa soxulanda onun yerişi daha gümrah olurdu. İndi isə o dəqiqə hücuma keçərək – bu, öz günahı 
barədə açılacaq söhbətin qarşısını almaq üçün adi vasitə idi – "dok" yazı stoluna yaxınlaşdı və gur-gur 
guruldamağa başladı: 
– Siz burada neyləyirsiniz, cavan oğlan? Burada neyləyirsiniz? Bilirdim ki, qapını bağlamasam, lənətə 
gəlmiş pişik içəri nəsə sürüyüb gətirəcək, – sonra o astadan hıçqırdı,  zarafat etdiyini göstərmək üçün 
gülümsədi, çünki insanlar "dok"un hansı əhval-ruhiyyədə olduğunu hər zaman başa düşə bilmirdilər.  

O, arada nə barədə danışdığını yaddan çıxararaq yenidən ciddi və sərt şəkildə sözünə davam etdi: 
– Qoca Qreyi oxuyursan? Yaxşı işdir… Həkimin kitabxanası əsasən üç kitabdan ibarət olmalıdır. Qreyin 
"Anatomiya"sı, Bibliya, bir də Şekspir. Öyrən! Səndən yaxşı həkim çıxa bilər. Zenitdə yaşamağa 
başlayarsan, öz senatorun kimi ildə beş min dollar qazanarsan. Çalış uğurunu göydə tut! Öz üzərində işlə. 
Əvvəlcə kolleci bitirərsən, sonra tibb fakültəsinə girərsən. Kimyanı öyrən. Latını. Elmləri! Mən pis 
həkiməm. Bir həsirəm, bir məmmədnəsir. Qoca sərsərinin biriyəm, əyyaşam. Sən isə…  Sən isə məşhur 
həkim olacaqsan. İldə beş min qazanacaqsan! 
Marreyin arvadının endokarditi  var. Onun üçün heç nə edə bilmirəm. Yanında oturmağa, əlindən 
tutmağa belə heç kimi yoxdur. Yollar isə, elə bil, lənətlənib. Meşənin arxasındakı drenaj borusu dağılıb. 
Lənət şeytana! Endokardit və… 
Sənə təhsil lazımdır, təhsil!  
Hər şeyi bünövrədən bilmək! Kimyanı. Biologiyanı. Mən isə onları 
öyrənməmişəm. Rahib Consun arvadı missis Cons elə bilir ki, mədəsində xora var. İstəyir əməliyyat 
olunmaq üçün şəhərə getsin. Xora, bəs necə?! Hər ikisi – həm rahib, həm də arvadı həddindən artıq çox 
yeyirlər. Niyə drenajı düzəltmirlər… Hə… Bir də… mənim kimi əyyaş olmaq lazım deyil. Oxumaq lazımdır – 
bilik yığmaq. Nəyi başa düşməsən, izah edərəm. 
Oğlan pişiklərin dalınca daş atmağa və topaldıqaç oynamağa həmişə hazır olan adi kənd uşağı olsa da, 
"dok" hər dəfə dili dolaşa-dolaşa elmin böyüklüyünü ona başa salmağa çalışanda, biologiyanın 
universallığı, kimyanın qalib çıxan dəqiqliyindən söz salanda lap xəzinə axtaranlar kimi həyəcanlanırdı. 
"Dok" qoca, şişman adam idi  – pinti və tənha… Qrammatikanı yaxşı bilmirdi,  ona görə də danışığı ilə 
istənilən adamı çaşdıra bilərdi; rəqibi həkim Nidhem haqqında söylədiyi fikirlər isə dava-dalaş salmaq 
üçün əməlli-başlı işə yarayırdı. Bununla belə, o, Martinin ürəyində əsl partlayış ola biləcək üfunətli 
kimyəvi təcrübələrə həvəs, bir də Elk-Milzdə hələ heç bir oğlanın görə bilmədiyi mikroskopik cücülərə 
diqqətlə baxmaq arzusu oyatmışdı.  
Doktorun səsi getdikcə daha boğuq çıxırdı. Qoca kresloya yıxıldı, onun baxışları dumanlı idi, alt dodağı 
sallanırdı. Martin yerinə uzanması üçün dil tökməyə başladı, amma "dok" təslim olmadı: 
– Yatmaq istəmirəm! Yox! Qulaq as. Sən başa düşmürsən, axı mən… Mən yaşlıyam. Qazandığım bütün 
bilikləri səninlə paylaşıram. Kolleksiyamı sənə göstərirəm. Bütün məmləkətdə yeganə olan muzeyi. Mən 
maarif pioneriyəm. 
Martin tünd rəngli cilası tutqunlaşmış  kitab şkafındakı əşyalara, bəlkə, yüzüncü dəfə idi ki nəzər salırdı: 
böcəklərə, slyuda tikələrinə, ikibaşlı buzov embrionuna, "dok"un hər müştəriyə həyəcanla  adını dediyi 
möhtərəm bir xanımın ciyərindən çıxarılmış daşlara… "Dok" şkafın qarşısında dayanmışdı, çox nəhəng, 
amma titrəyən şəhadət barmağını havada oynadırdı: 
– Bu kəpənəyə bax. Bu porthesia chrysorrhoea-dır. Dok Nidhem ömründə onun adını sənə deyə 
bilməzdi. Çünki  hansı kəpənəyin necə adlandırıldığını bilmir. Onun üçün sənin bilik alıb-almayacağın da 
vacib deyil. Bu adı yadında saxladın? – O, üzünü Martinə tərəf çevirdi – Qulaq asırsan? Sənin üçün 

maraqlıdır? Hə? Tfu, lənətə gələsən! Heç kim mənim muzeyim haqqında eşitmək istəmir – heç bir adam! 
Bütün məmləkətdə yeganə olan muzey haqqında! Mən qoca talesizəm! 
– Hə, əlbəttə ki, – Martin inandırmağa çalışdı, – muzeyiniz qəşəngdir. 
– Bura bax! Bax! Görürsən? Bax, bunu, şüşədəkini deyirəm! Bu appendiksdir!  Bizim mahalda kəsilmiş ilk 
appendiks. Onu mən kəsib çıxarmışam. Bəli! Bəs sən nə fikirləşirdin?! Qoca "dok" Vikerson mərkəzdən 
uzaq bir yerdə appendisiti əməliyyat edib. O, burada ilk muzey yaradıb. Düzdür, böyük deyil, amma bu, 
hələ başlanğıcdır. Mən "dok" Nidhem kimi pul yığmamışam, əvəzində ilk kolleksiyanın əsasını 
qoymuşam, ilk! 
O, yenidən kresloya yıxıldı və inildədi: 
– Sən haqlısan! Gedim yatım! Nəfəsim kəsildi! – Amma Martin ayağa qalxmaq üçün ona kömək edəndə, 
"dok" birdən-birə kənara sıçradı, stolun üstündə nəsə axtarmağa başladı, şübhə ilə ətrafa boylandı, – 
sənə nəsə vermək istəyirəm. Təhsilə başlamağın üçün... Qocanı unutma. Axı qoca Vikersonu xatırlayan 
kimsə olmalıdır, ya yox?  
"Dok" irəliyə uzanmış əlində botanika məşğələlərində istifadə etdiyi sevimli lupasını tutmuşdu. O, 
Martinin lupanı necə cibinə qoyduğuna tamaşa etdi, köksünü ötürdü, sonra yenə nəsə demək istədi, 
amma səssiz-səmirsiz yataq otağına keçdi. 
 
II FƏSİL 
 

 
Uinnemak  ştatı İndiana, İllinoyys, Oqayyo və Miçiqanla həmsərhəddir və onlar kimi Şərqlə Mərkəzi Qərbi 
özündə əks etdirir. Onun kərpicdən tikilmiş və çinarlarla kölgələnmiş kəndləri, müstəqillik uğrunda 
müharibəyə aparan dini əqidəsi və ənənələri Yeni İngiltərə ilə nəfəs alır. Ştatın ən böyük şəhəri olan 
Zenitin əsası 1792-ci ildə qoyub. Lakin Uinnemak buğda və qarğıdalı zəmiləri ilə, qırmızı anbarları və silos  
qalaqları ilə Mərkəzi Qərbə aiddir. Zenitin qədimliyinə baxmayaraq, əhali onun bir çox mahallarına ancaq 
1860-cı ildən yerləşməyə başlayıb. 
Uinnemak universiteti Moqalisdə, Zenitdən on beş mil aralıda yerləşir. Orada on iki min tələbə oxuyur. 
Oksford bu möcüzənin lap yaxınlığındadır. Bu universitet bapbalaca bir ilahiyyat məktəbidir, Harvard isə 
gənc centlmenlər üçün gözəl kollec hesab edilə bilər. Universitet yaxınlığında şüşə örtüklü beysbol 
meydançası var, onun binası bir neçə mil boyunca uzanır. Bu təhsil ocağı tələbələrə sürətli sanskrit, 
naviqasiya , hesabdarlıq, eynək çeşidləyiciliyi, sanitariya texnikası, provoslav poeziyası, gömrük qaydaları, 
şalğam yetişdirilməsi üsulları, avtomobillərin düzəldilməsi, Voronej şəhərinin tarixi, Arnold Metyunun  
üslubu, kimoparalitik miohipertrofiya diaqnostikası və univermaqların reklam olunması işinin öyrədilməsi 

üçün yüzlərlə gənc fəlsəfə doktoruna maaş verir. Universitetin rektoru pul qazanmaq və süfrə başında 
nitq söyləmək üzrə Birləşmiş Ştatlarda ilk mütəxəssis hesab olunur. Və Uinnemak bütün dünya 
universitetləri arasında öz qiyabi kurslarını radio ilə tədris etməyə başlayan ilk universitetdir. 
Bu, gənc aristokratlara  müxtəlif əhəmiyyətsiz şeyləri öyrədən hər hansı bir kollec deyil. Universitet ştatın 
vətəndaşlarının xüsusi mülkiyyəti hesab olunur. Ştatın vətəndaşlarının isə bu cür əxlaqlı həyat tərzi 
keçirən, bric oynayan, yaxşı avtomobillərdə gəzən, işlərdə təşəbbüskarlıq göstərən və yeri gəldikcə bu və 
ya başqa bir kitabdan sitat gətirən – halbuki onların kitab oxumağa vaxtı olmadığı hamıya aydındır  – 
qadın və kişilərin hazırlanmasına ehtiyacı var (ya da belə bir ehtiyaclarının olduğu onlara təlqin edilib). 
Bu, əsl "ford" zavodudur: istehsal etdiyi avtomobillər səs eləsə də, nöqsansız şəkildə standartlaşdırılır; və 
çox asanlıqla hissələrinin birini digərinin yerinə qoymaq olur. Uinnemak universitetinin nüfuzu və onun 
tələbələrinin sayı hər saat artır. Hər halda, 1950-ci ilə qədər onun daha güclü, daha qoçaq və daha təmiz, 
tamamilə yeni bir dünyəvi sivilizasiya yaradacağını gözləmək olar. 
 

 
1904-cü ildə  – Martin Erousmit elm və incəsənət bakalavrı adını alaraq tibb fakültəsinə qəbul olunmağa 
hazırlaşdığı vaxt Uinnemakda beş min tələbə oxuyurdu, amma bu universitet artıq kifayət qədər nüfuzlu 
idi.  
Martinin iyirmi bir yaşı vardı. O, hələ də hamar qara saçları ilə müqayisədə solğun görünürdü – amma 
qaçağan idi, basketbolda yaxşı mərkəzçi və həvəskar xokkeyçi kimi tanınırdı. Tələbə qızlar öz aralarında 
tez-tez onun "romantik xarici görünüşü" haqqında danışırdılar; amma bu, cinsiyyət problemlərinin kəşf 
olunmasına və öpüşlərlə zəngin axşam qonaqlıqlarına qədər baş verdiyindən, onlar Martinlə məsafəli 
davranırdılar; o isə məhəbbət hekayələrinin qəhrəmanına çevrilmək imkanının olduğundan hələ ki, 
xəbərsiz idi. İnadkarlığına baxmayaraq, Martin utancaqdır. Nəvaziş məsələlərində tamamilə təcrübəsiz 
olmasa da, bunu öz məşğuliyyətinə də çevirmirdi. Onun ətrafı tüpürcəklənmiş qarğıdalı çubuğu çəkməyi 
və çirklənmiş sviter geyinməyi kişi üçün fəxr sayan gənclərlə dolu idi.  
Universitet onun dünyasına çevrilmişdi. Artıq Martin üçün Elk-Milz mövcud deyildi. "Dok" Vikerson 
ölmüş, dəfn edilmiş və yaddan çıxmışdı. Martinin valideynləri oğlanlarına yalnız universiteti bitirməyə 
yetəcək qədər vəsait qoyub dünyalarını dəyişmişdilər. Kimya və fizika həyatının mənasına çevrilmişdi, 
gələn ildən isə onların yerini biologiya tutacaqdı.  
Kimya kafedrasının rəhbəri, "Dubl Edvards" ayaması ilə tanınan professor Edvard Edvards Martinin 
səcdəgahı idi. Kimyanın tarixi ilə bağlı Edvardsın bilgilərinin ucu-bucağı yox idi. O, ərəb dilində oxuyur və 
ərəblərin tədqiqatlar sahəsində hamını qabaqladığını söyləməklə həmkarlarını özündən çıxarırdı. Amma 
professor Edvardın özü heç vaxt tədqiqatla məşğul olmamışdı. Adətən, buxarının qarşısında əyləşir, 
ovçarkasını süzə-süzə bığaltı gülümsəyirdi. 

Həmin axşam dubl Edvards hamının məmnuniyyətlə gəldiyi adi  qonaqlıqlardan birini təşkil etmişdi. O,  
məxmər üzlü kreslosunun qəhvəyi rəngli söykənəcəyinə yayxanaraq  Martinin, bir də beş-altı gənc 
kimyaçı fanatın sevincinə rəğmən ingilis ədəbiyyatı müəllimi, doktor Normann Bramfitlə zarafatlaşırdı. 
Otaq ağzınacan şənlik, pivə və "Bramfitlə" dolu idi.       
Adətən hər təhsil müəssisəsində auditoriyanı həyəcana və lərzəyə gətirməyi bacaran qiyamçılar olur.  
Hətta Uinnemak universiteti kimi yaxşı bir universitetdə də belə biri vardı – bu, Norman Bramfit idi. 
Bramfitə özü haqqında əxlaqsız insan, aqnostik , sosialist kimi danışmağa qeyd-şərtsiz icazə verilmişdi, 
çünki hamıya məlum idi ki, o, öz əxlaqını qoruyub saxlayır, presviterian kilsəsinə sədaqətlidir və 
Respublika Partiyasının üzvüdür.  
Bu gün Bramfitin kefi kök idi. Hamını inandırmağa çalışırdı ki, hər dahi insanda yəhudi qanı var və bunu 
sübut etmək olar.  
Uinnemakda hər dəfə olduğu kimi, iudaizmdən söz düşəndə yenə də söhbət tibb fakültəsinin 
bakteriologiya professoru Maks Qotlibin üzərinə gəldi. 
Professor Qotlib universitetin müəmması idi. Hamı bilirdi  ki, o, yəhudidir, Almaniyada anadan olub, 
orada təhsil alıb, immunologiya üzrə apardığı tədqiqatlar ona Şərqdə və Avropada şöhrət qazandırıb.  
O, öz qəhvəyi rəngli köhnə-kürüş evindən nadir hallarda çıxardı; təbii ki, axşam laboratoriyaya qayıtmaq 
üçün oranı tərk etməsi nəzərə alınmazsa… Və bu şöhrət sahibinin mühazirələrində olmayan tələbələrin 
çox az hissəsi onu üzdən tanıyırdı. Amma hamı hündürboylu, arıq və qarabuğdayı tərkidünya barədə 
nəsə eşitmişdi. Onun haqqında minlərlə əfsanə gəzirdi.  
Danışırdılar ki, guya, o alman şahzadəsinin oğludur, çox varlıdır, amma digər professorlar kimi ona görə 
kasıb yaşayır ki, hətta insanların belə qurban verildiyi  gizli və bahalı təcrübələr aparır.  Deyirdilər ki, o, 
laboratoriya yolu ilə həyat yarada bilir, meymunları peyvənd edərək onlarla meymun dilində danışmağı 
bacarır, guya, iblisin pərəstişkarı və anarxist  kimi Almaniyadan qovulub. Bir də deyirdilər ki, o, hər axşam 
yeməyində gizli-gizli şampan şərabı içir. 
Ənənəyə görə, professor və müəllimlər tələbələrin yanında öz həmkarlarını təhlil edə bilməzdilər, amma 
heç kimin cəsarəti çatmırdı ki, Maks Qotlibi öz həmkarı hesab etsin. O, soyuq şimal-şərq küləyi kimi bir 
şey idi.  
…Doktor Bramfit natiqlik edirdi: 
– Cəsarətlə deyə bilərəm ki, elmin hüquqları məsələsində kifayət qədər liberalam, amma Qotlib kimi 
insanla… Əminəm ki, o, material qüvvə haqqında hər şeyi bilir, amma belə bir insanın digər qüvvələrin 
yaradıcısı olan həyati qüvvənin varlığına kor-koranə göz yummasına təəccüb edirəm. O, iddia edir ki, elm 
rəqəmlərə istinad etmirsə, deməli, dəyərli deyil! Çox yaxşı! Sizlərdən, gənc alimlərdən biri Ben Consonun 
elmini dərzi santimetri ilə ölçə bilsə, mən biz zavallı filoloqların gözəlliyə mənasız inamı və ideallara, 
röyalar dünyasına sədaqəti ilə yanlış yolda olduğunu etiraf edərəm. 

Martin Erousmit bu sözlərin dəqiq anlamını tam mənası ilə aydınlaşdıra bilməsə də, gəncliyinin coşqun 
çağında olduğundan bundan zərrə qədər də utanmadı. O, professor Edvardsın tənbəki tüstüsünün 
arasından dodaqaltı "tfu, lənətə gələsən!"ə bənzər nəsə  dediyini və Bramfitin sözünü kəsərək 
danışmağa başladığını eşidəndə rahat nəfəs aldı. Başqa vaxt olsaydı, Dubl lütfkar bir kinayə ilə Qotlibi 
"dəfn olunmuş işlərin ustası" adlandırar, onun başqa alimlərin yaratdığı  nəzəriyyələri dağıtmağa illər  
sərf etdiyini, özünün isə elmə yeni heç nə vermədiyini deyərdi. Amma bu gün Bramfit kimi gəvəzə 
filoloqların içərisində  antitoksiniləri  sintez etmək üçün təkbaşına gördüyü işlərə, iblisanə zövqlə öz 
müddəalarını Erlix, yaxud ser Almrot Raytın qənaətləri ilə eyni səviyyədə qoymasına görə Qotlibi 
tərifləyirdi. O, Qotlibin məşhur "İmmunologiya"   kitabı haqqında danışırdı; kitabı başa düşmək imkanı 
olan insanların doqquzundan ancaq yeddisi oxumuşdu. Bütün dünyada isə bu cür cəmi  doqquz adam var 
idi. 
Axşam miss Edvardsın məşhur ponçikləri ilə yekunlaşdı. Martin yaz gecəsinin toranlığı içində  öz 
pansionuna tərəf addımlayırdı. Qotliblə bağlı mübahisə onda qəribə bir həyəcan yaratmışdı. O, akademik 
uğurdan və kütləvi mühazirələrdən qaçaraq gecələr laboratoriyada təkbaşına işə qapılmağın gözəl ola 
biləcəyini düşünürdü. Heç vaxt Qotlibi görməmişdi, amma bilirdi ki, onun laboratoriyası əsas tibb 
korpusunda yerləşir. Martin uzaqdan görünən tibb şəhərciyinə doğru yol aldı. Qarşısına çıxan bəzi 
adamlar ehtiyatla və tələsik onun yanından ötüb keçirdilər. Martin kazarma kimi qaranlıq, meyit yarılan 
otaqda uyuyan ölülər kimi sakit görünən anatomiya korpusunun kölgəliyinə girdi. Əsas tibb korpusu öz 
qüllələri ilə uzaqdan görünürdü. Bu qaranlıq, müəmmalı, nəhəng bir bina idi. Onun qaralan divarının 
yüksəkliyində tənha işıq yanırdı. Martinin tükləri ürpəşdi. İşıq gözlənilmədən söndü, sanki, narahat 
edilmiş gecəquşu Martindən gizlənməyə çalışırdı. 
İki dəqiqə sonra adamayovuşmaz, təkəbbürlü asketin  hündür silueti tibb korpusunun daş artırmasında, 
əymə fənərin düz altında boy verdi. Onun qarabuğdayı yanaqları çuxura düşmüşdü, burnu nazik, azacıq 
donqar idi. O, evə yubanmış ailə sahibinə qətiyyən bənzəmirdi. Ətrafını görmürdü də... Siluet içini dəlib 
keçən  baxışlarla Martinə baxdı. Sonra belini büküb, bir-birinə keçirdiyi uzun barmaqlarını arxasına 
qoydu, öz-özünə donquldana-donquldana çıxıb getdi. Kölgə adam kölgələr arasında yox oldu.  
Bütün kasıb professorlar kimi onun da əynində köhnə palto vardı, amma nədənsə, o, Martinin yaddaşına 
yaxasında gümüş ulduz parlayan qara məxmər plaşla ilişib qaldı. 
 

 
Tibb fakültəsinə qəbul olduğu ilk gündən Martin Erousmitdə özündən razılıq hissi yaranmışdı. O, ali tibb 
məktəbi tələbəsi idi, buna görə də digər tələbələrdən daha romantik görünürdü; hər halda, həkimlər 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   49


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə