Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə5/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   2   3   4   5   6   7   8   9   ...   27
Muxtar Kazımoğlu: Çox sağ olun, Oruc müəllim. Sözü Kamran Əliyevə vermək istəyirəm. Buyurun!

Kamran Əliyev: Çox sağ olun. Mən də iş yoldaşlarımıza, həmkarlarımıza böyük diqqətlə, qayğı ilə yanaşmaq işini alqışlayıram. Çox sağ olun ki, belə bir məclisi düzənləmisiniz. Rza müəllim haqqında danışmaq Azərbaycan folklorşünaslığının böyük bir dövrü haqqında danışmaq deməkdir. Sadəcə olaraq, Rza müəllimi folklorun içində olan bir şəxs kimi dəyərləndirməliyik. Yəni, 60-70-ci illərdən üzü bəri Rza müəllimin bu məsələlərlə çox isti əlaqələri olub. Onlar Rza müəllimin həyatında, fəaliyyətində xüsusi rol oynayıbdır.

Akademik Kamal Talıbzadə mənim elmi rəhbərim olub. Mən ondan çox məsələləri öyrənmişəm. Bəlkə də, bir çox insanlar müəyyən dövr keçdikdən sonra öz müəllimləri haqqında az danışırlar, bəlkə də, məndən çox danışırlar. Mən xüsusilə xatırlatmaq istəyirəm ki, Kamal Talıbzadə qeyri-adi elmi rəhbər idi. Təkcə onun elmi rəhbərliyi haqqında bir yaxşı kitab yazmaq olardı. Bəzən o, məni evlərinə dəvət edirdi. Kamal müəllimin xanımı Rəfiqə xanım bizə dərs demişdi, həm də Kamal müəllim tələbə vaxtı diplom müdafiə komissiyasının sədri olmuşdur. Mənə o vaxtdan demişdi ki, aspiranturaya gəl. Aspiranturaya qəbul olandan sonra mən hərdən Kamal müəllimgilə gedirdim. Rza müəllimingilin evi Kamal müəllimgilin evindən bir mərtəbə yuxarıda idi.

Mən Rza müəllimi Ədəbiyyat İnstitutunda işləyəndən sonra tanıdım. Daha doğrusu, Kamal müəllim onu mənə tanıtdı. Hüsü Hacıyev küçəsindəki Yazıçılar evi çox maraqlı bir binadır. Mən Rza müəllimin orada böyüməsi, ziyalıların arasında olması haqqında düşünəndə həmişə fikirləşirdim ki, görəsən, o bina Rza müəllimə nə verib? Bu il avqustun sonlarında istirahətdən qayıdanda televiziyada Zeynal Xəlil haqqında bir verilişə baxdım. Verilişə baxdığımı Rza müəllimə də söylədim. Bu verilişdən sonra Rza müəllim haqqında məndə müəyyən təəssüratlar yarandı. Maraqlısı budur ki, Zeynal Xəlil özü yaradıcılığında folklora bağlı bir şairdir. Mənim diqqətimi bir məsələ cəlb etdi. O, cavanlıqda bir poema yazıb: “Koroğlunun qocalığı”. Bir az sonra bir ssenari yazıb: “Qatır Məmməd”. “Qatır Məmməd” kinosu onun ssenarisi əsasında çəkilib. Bu iki fakt məndə qəribə bir təəssürat yaratdı ki, Rza müəllimin folklora gəlişi təsadüfi deyil. O, şərqşünasdı, onun folklora bağlılığı ailəsindən, nəslindən gəlir. Rza müəllimin folklora gəlməsi heç də elə-belə deyil. Zeynal Xəlilin bir gözəl mahnısı var: “Bu gecə” mahnısı. Hüseynağa Hadıyev oxuyurdu. Çox maraqlı mahnıdır: hər şey var, səma var, dəniz var, ay var, bircə sən yoxsan, əzizim. Çox maraqlı mahnıdır. O qədər təmiz, saf, ülvi bir münasibətdir ki, həqiqətən də, sevdiyinə yazıb. Mən dahi şairimiz Füzuli haqqında düşünürəm. Füzuli məhəbbət şairidir. Gözəl qəzəlləri var. Mən inanmıram ki, Füzuli hər hansı yazdığı şeirində o qədər sevib. Sadəcə, məhəbbət haqqında yazıb, monumental yazıb, obraz yaradıb. Amma Zeynal Xəlilin o mahnısında özünün sevgisi var. Çox saf və incədir: “Bircə sən yoxsan əzizim”. Və yaxud: “Kimlər gəldi, kimlər keçdi, bu dünyadan”. O da bunun kimi.

Yeri gəlmişkən, qeyd edim ki, Rza müəllim həyatında kədərli anlar da yaşayıb: bacısı qəflətən vəfat edib. Aşağıdakı misralar rəhmətliyin qəbirüstü yazısına çevrilib:

Hər kəsə sonadək çatmır səadət,

Hamını növbə ilə tapır fəlakət.

Rza müəllimin atasının misralarıdır. “Dədə Qorqud” eposunda Dəli Domrul gedib atasından, anasından can əvəzi istəyir. Amma ata-anası vermir. Müqayisə, bəlkə də, yerinə düşmür, amma Rza müəllimin atası 59 yaşında vəfat etdi və ömrünü Rza müəllimə verdi. Bu gün 70 yaşlı Rza Xəlilov 70 yaşlı Zeynal Xəlildir. Rza müəllimin həyatının bu cür maraqlı tərəfləri var ki, bizim yanımızda işlədiyinə görə onları o qədər də duymuruq, hiss etmirik.

Rza müəllim xaricdə tərcüməçi kimi fəaliyyət göstərib. 60-cı illərdə Misirdə – Qahirədə olub. Rza müəllim orada olanda Əbdül Nasir istefa verib, səhərisi gün xalq yenidən onu hakimiyyətə gətirib. Bu, Rza müəllimin tərcümeyi-halının Misir dövrü ilə bağlıdır. Mən onda uşaq idim, altıncı sinifdə oxuyurdum.

Rza müəllim 70-ci illərin əvvəllərində İraqda olub. Professor Abbas Zamanovun İraqla – prof.Əbdüllətif Bəndəroğlu ilə əlaqələri var idi. Oradan Abbas müəllimə jurnallar göndərirdi. Jurnalların üz qabığında Səddam Hüseynin şəkilləri olardı. Rza müəllim İraqda olanda S.Hüseynin hakimiyyətə gəlməsi ilə orada partiyalar yarandı. Bu, Rza müəllimin tərcümeyi-halının İraq dövrü ilə bağlıdır.

Sovet dövründə SSRİ-nin Yəmənlə əlaqələri genişlənmişdi. Rza müəllim Yəməndə olarkən Əli Abdullah Saleh həmin il hakimiyyətə gəlib. Bu, Rza müəllimin tərcümeyi-halının Yəmən dövrü ilə bağlıdır.

90-cı illərdə bizim ziyalılar da müxtəlif yerlərə işləməyə gedirdilər. Rza müəllim 1994-cü ildə Ərzurumda Atatürk Universitetində pedaqoji fəaliyyət göstərib. Ondan bir il əvvəl Süleyman Dəmirəl Türkiyədə hakimiyyətə gəlib. 2000-ci ildə Süleyman Dəmirəl hakimiyyətdən gedəndən sonra Rza müəllim Bakıya qayıdıb (2001). Bu, Rza müəllimin tərcümeyi-halının Türkiyə dövrü ilə bağlıdır.

Mən bunları təsadüf hesab etmirəm. Rza müəllim çox yaxşı tərcüməçi, elm adamı olmaqla bərabər, həm də çox həssas şərqşünasdır.

Rza müəllim əmək fəaliyyətinə M.Axundov kitabxanasında foto-laborant işləməklə başlayıb. Onun ötən əsrin 20-ci illərinin arxiv materiallarına olan marağı məhz həmin əmək fəaliyyəti ilə bağlıdır.

Rza müəllim düşüncə etibarı ilə kifayət qədər intellekt sahibidir. O, çox təmkinlidir. Davranışında hədsiz dərəcədə bir ziyalılıq ifadə olunur. Rza müəllimin düşüncəsinin bu cür olması öz nəslindən irəli gəlir. Rza müəllimin babası papaqçı olub. Atası Zeynal Xəlil də o haqda çox böyük qürurla danışıb. Rza müəllimin əmisi uzun müddət Kənd Təsərrüfatı Naziri olub. Digər bir əmisi İqtisadiyyat Universitetində dekan olub. Atası haqqında sizin kifayət qədər təsəvvürünüz var. Rza müəllimin təmkini onun həm öz ailəsindən – şəcərəsindən, həm də təhsilindən gəlir. Rza müəllimin atası həmişə deyərdi: “Mən Yelizavetpolda doğulmuşam, Kirovabadda yaşamışam, amma Gəncədə vəfat edəcəyəm”. Rza müəllimin atası hələ o vaxtlar bu düşüncədə idi.

Rza müəllimlə bir kollektivdə işləmək böyük fəxarətdir. Çox sağ olun.


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin