Rza xəLİlov- 70



Yüklə 2,72 Mb.
səhifə4/27
tarix02.01.2022
ölçüsü2,72 Mb.
#1858
1   2   3   4   5   6   7   8   9   ...   27
Oruc Əliyev: Muxtar müəllim, çox sağ olun. Bugünkü yığıncaq haqqında məlumat verdiniz. Rza müəllim Böyük Vətən müharibəsinin bitməsinə bir il qalmış Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi də Bakı şəhərində bitirib. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət xaricdə, Ərəbistanda çalışıb. 90-cı illərdə isə Türkiyə Cümhuriyyətinə gedib, orada müəllim kimi fəaliyyət göstərib. Bununla yanaşı, onun əsas fəaliyyəti Ədəbiyyat İnstitutu, Folklor şöbəsi ilə bağlı olub. O, görkəmli folklorşünas Məmmədhüseyn Təhmasibin rəhbərlik etdiyi şöbədə işləyib. Elmi rəhbəri də Məmmədhüseyn müəllim olub. Rza müəllimin elmi fəaliyyəti nağılşünaslıqla bağlıdır. O, 1989-cu ildə namizədlik işini bitirib. Bu işi sonralar da davam etdirib. O, həm də tərcüməçi kimi fəaliyyət göstərib. Mən daha çox onun toplama işi ilə bağlı danışmaq istəyirəm. 80-ci illərdə bir

müşavirə keçirildi. O müşavirədə respublikanın ən görkəmli mütəxəssisləri, alimləri iştirak edirdi. Orada folklorun toplanılması ilə bağlı bir çox fikirlər söyləndi. Məlum oldu ki, uzun müddətdir ki, bu iş kölgədə qalıb. Bu məsələyə xüsusi bir diqqət yetirilməyə başlanmalıdır. Qərara alındı ki, toplama işinə xüsusi fikir verilsin və bu sahədə dönüş yaradılsın. Elmi fəaliyyətlə yanaşı toplama işi başlıca məsələdir. Toplama həmişə diqqət mərkəzində olmalıdır. Məlum olduğu kimi, 30-cu illərdən sonra bu sahədə böyük bir boşluq yaranmışdı. Mübahisəli məsələlər var idi: necə toplamaq lazımdır, haradan toplamaq lazımdır? Bundan sonra bir neçə qrup yaradıldı və belə qərara alındı ki, toplamaya gedərkən əməkdaşlar öz kəndlərinə deyil, fərqli bölgələrə ezam olunsunlar. Bu prinsiplə müəyyən qruplar yaradıldı və ezamiyyətlərə gedildi.

Biz Rza müəllimlə keçən əsrin 80-ci illərində ardıcıl olaraq bir neçə il Dərbənd bölgəsində və Şamaxıda ezamiyyətdə olduq. Həmin bölgələri küçəbəküçə, kəndbəkənd gəzib dolaşdıq, onlarla söyləyici ilə söhbətlər aparıb, xeyli folklor nümunələrini yazıya ala bildik. Həmin nümunələrin bir bölümünün qəzet və jurnallarda çap olunmasına da nail ola bildik. Bunun da gələcək toplama prosesində müsbət nəticəsi olduğunu gördük.

Məlum olduğu kimi, Azərbaycan folklorunun toplanması sahəsində uzun illər ərzində neçə-neçə folklorşünaslar əmək sərf etmiş, xeyli dəyərli işlər görmüşlər. Biz bu zəngin təcrübədən həmişə yararlanmalıyıq. Onu da qeyd edək ki, folklor nümunələrinin toplanması, yazıya alınması, nəşri olduqca məsuliyyətli, ağır bir yaradıcılıq prosesidir. Bu prosesə müxtəlif zamanların baxışları, yanaşmaları da bir qədər fərqli olmuş, bu da ortaya çıxan işlərdə özünü göstərmişdir. Şübhəsiz ki, folklor nümunələrinin toplanması, yazıya alınması zamanı şifahi danışıq dili, hər bir söyləyicinin danışıq tərzi gözlənilməli, folklor nümunələri canlı təqdim olunmalıdır. Ancaq bu işdə hazır, şablon çərçivələr müəyyənləşdirmək mümkün deyildir. Hər bir bölgənin folklor nümunələrinin sistemli şəkildə toplanması orijinal nümunələri və məlum nümunələrin variantlarını aşkara çıxarmağa imkan verir.

Onu bir daha yada salım ki, Rza müəllimlə birlikdə onlarla söyləyicidən folklor nümunələrini yazıya almışıq. Qeyd edim ki, yazıya alınan nümunələrdə hər bir söyləyicinin həyatı, yaşayışı, dünyagörüşü, psixologiyası bu və ya digər dərəcədə özünü göstərir. Odur ki, toplayıcı hər bir söyləyiciyə fərdi yanaşmalıdır. Bir faktı yada salmaq istəyirəm. İki nəfər Dərbəndin uzaq kəndlərinin birində iki yaşlı qadın söyləyici ilə söhbət edə-edə ehtiyatla onların söylədiklərini yazıya alırdıq. Bu zaman bizimlə ezamiyyətdə olan üçüncü yoldaşımız içəri daxil olub əlindəki maqnitafonu işə salaraq yüksək tonla bildirdi ki, biz indi Dərbəndin filan kəndindəyik, burada folklor nümunələrini yazıya alırıq. Bunu eşidən kimi həmin qadınlar dedilər: “Biz heç nə bilməz var”. Bundan sonra onlardan bir kəlmə də olsun söz ala bilmədik.

Hər bir söyləyici ilə söhbət edərkən müxtəlif mənzərələrlə qarşılaşırdıq. Misal üçün, dərbəndli Sədulla dayı (Məmmədov Sədulla Əsədulla oğlu) danışmağa birbaşa başlamırdı. Bir xeyli danışdıqdan sonra əsas mətləbə gəlib çıxırdı. Bəzən isə söhbətini başlamayıb deyirdi ki, sabah görüşüb söhbət eliyərik. O, danışmağa başlamazdan əvvəl xüsusi hazırlaşırdı. Çox aramla, təmtəraqlı bir tonda söhbət edirdi. Çox ciddi, qətiyyətli bir insan olan Sədulla dayı bəzən birdən bir nağılı danışarkən dayanıb hönkürtü ilə ağlamağa başlayırdı. Bir qədər fasilədən sonra isə yenidən söhbətini təmkinlə davam etdirirdi. Özü də son dərəcə həvəslə aydın bir üslubda danışırdı. Çox maraqlıdır ki, onun danışığında ləhcə çox cüzi şəkildə özünü büruzə verirdi. (Dediyinə görə o, xeyli müddət Türkmənistanda və Qazaxıstanda yaşamışdı). Sədulla dayıdan fərqli olaraq Pərviz dayı (Kərimov Pərviz) həmişə elə bil hara isə tələsirdi, çox tez-tez danışırdı, son dərəcə baməzə adam idi. Onun söylədiyi nümunələr də elə öz xarakterinə uyğun səslənirdi, özü də o, tamamilə ləhcədə söhbət edirdi.

Tanış olduğumuz maraqlı söyləyicilərdən biri də Dadaş müəllim idi (Dadaşov Dadaş Hacı Soltan oğlu). O, bizə çox köməklik göstərirdi. Bizimlə birlikdə ev-ev gəzib bir çox söyləyicilərlə tanış olmağımıza, söhbət etməyimizə imkan yaradırdı. Dadaş müəllim rus təhsilli idi. Ana dilini də bütün incəliklərinə qədər bilən Dadaş müəllim ləhcədə danışırdı. Çox iti yaddaşa sahib olan Dadaş müəllimin dilindən xeyli inancları yazıya almışıq.

Dərbənddə repertuarını yazıya aldığımız ən maraqlı söyləyicilərdən Niftulla dayını xüsusilə qeyd etmək istəyirəm. Onun dilindən xeyli nümunəni, o cümlədən 4 dastanı yazıya ala bilmişik. Onunla sonralar da əlaqə saxlayırdıq, məktublaşırdıq. Rza müəllim Niftulla dayı ilə axıra kimi əlaqə saxlayırdı, daha sonra isə onun ailəsi ilə əlaqəni kəsməmişdi. Onun bir neçə şeirini çap etdirmişdik. Buna görə çox sevinirdi.

Biz sonra toplama işini Şamaxıda davam etdirdik. Kərimov Əjdər Nemət oğlu, Məmmədova Pərvizə Ağaməmməd qızı, İbadov İbadulla Əhməd oğlu, Əzizov Bəhram Gülməmməd oğlu, Babayev Ağabala Dadaş oğlu, Ağayev Əli Ağamalı oğlu kimi çox maraqlı söyləyicilərdən folklor nümunələrini yazıya ala bildik.

Maraqlı bir hadisəni də yada salmaq istəyirəm. Bir dəfə nurani simalı, yaşlı bir kişini görüb onunla söhbət etməyi qərara aldıq, ancaq ona birdən-birə yaxınlaşmadıq. Onun arxasınca xeyli yol getdik. Yayın isti günlərindən biri idi. O, şəhərin lap ucqarında bir darvazadan içəri keçdi. Biz də həmin qapıya çatdıq. Birdən Rza müəllim üzünü mənə tutub dedi ki, gəl geri qayıdaq. Mən təəccüblə ona baxdım. Belə imkanı niyə əldən verməliyik deyə düşündüm. Görəsən, müxtəlif təbiətli insanlarla dil tapıb, ünsiyyət yaradan Rza müəllim niyə belə eliyir. Dedim ki, o başdan-ayağa folklordur. Rza müəllim daha bir söz demədi, qapını döyüb içəri daxil olduq. Rza müəllimin söhbəti həmin adamla da çox yaxşı alındı.

Bütün bunları yada salmaqla onu demək istəyirəm ki, nəzəri cəhətdən hazırlıqlı olan Rza müəllimin bilik və bacarığı onun toplayıcılıq fəaliyyətində, eləcə də çoxsaylı tərtib işlərində özünü daha aydın şəkildə göstərir. Rza müəllim elmi yığıncaqlarda, müzakirələrdə də maraqlı ideyaları, fikirləri, çıxışları ilə seçilir. O, bu gün yaradıcılığının ən yetkin dövrünə qədəm qoyub. Onu təbrik edir, yaradıcılığında uğurlar arzulayıram.


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin