RƏsul rza seçİLMİŞ



Yüklə 9.66 Kb.
Pdf просмотр
səhifə1/13
tarix03.07.2017
ölçüsü9.66 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

__________________Milli Kitabxana_________________
RƏSUL RZA
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
BEŞ CİLDDƏ
II CILD
"ÖNDƏR NƏŞRİYYAT"
BAKI-2005

__________________Milli Kitabxana_________________
Tərtib edəni:
Anar
Redaktoru:
Arif Əmrahoğlu
894.3611-dc 21
AZE
Rəsul  Rza.  Seçilmiş əsərləri. Beş  cilddə.  II  cild.  Bakı,  "Öndər
nəşriyyat", 2005, 320 səh.
Bəşər  dərdinə sirdaş  olub  dünyanı  öz  "mən"i  üstündə kökləməyi  bacaran  Rəsul  Rza
sənətçi varlığının bütün mahiyyəti etibarilə XX yüzilin şairi kimi əsrin bütün təzadlarını,
yüksəlişini və ümidlərini, dövrün dərdlərini, faciələrini yaşamış və lirik-fəlsəfi əsərlərində
gah birbaşa açıq, gah da yasaqlar üzündən örtülü - Ezəp diliylə əks etdirmişdir.
Əsərlərinin beşcildliyinin II cildinə şairin müxtəlif illərdə yazdığı silsilə şeirlər daxil
edilmişdir. Narahatlıq və qayğı dolu şair ömrünün uzun və şərəfli axtarışlarının məhsulu
olan  bu  şeirlər  silsiləsi  özünün  yüksək  poetik  humanizmi,  dərin  fəlsəfi tutumluluğu  ilə
nəzər-diqqəti cəlb edir.
Kitabda  şairin,  sözlərinə mahnı bəstələnmiş  poetik  parçaları  ilə yanaşı  satirik-
yumoristik ruhda yazdığı şeirlərinə də yer verilmişdir.
ISBN 9952-416-67-8
© "ÖNDƏR NƏŞRİYYAT", 2005

__________________Milli Kitabxana_________________

__________________Milli Kitabxana_________________

__________________Milli Kitabxana_________________

__________________Milli Kitabxana_________________

__________________Milli Kitabxana_________________
Oxuya bilmədiyim kitab
PROMETEY
Yuxuda gördüm Prometeyi.
Qollarından zəncirlənmişdi
sal qaya daşma.
Bir quzğun
caynaqlarıyla
didirdi köksünü onun.
Prometey nə zəncir ağrısından,
nə köksünün
şırım-şırım yarasından
inləyirdi,
nə aman diləyirdi.
Gözlərində əks etmişdi
bir insan ocağının şöləsi.
Dodağında bir qələbə qımışığı vardı.
Prometey
iztirablarıyla bəxtiyardı!
1969
AĞASFER
İnsan Ağasferin faciəsini bilə-bilə
razılaşmadı.
"Dinmə! İnan!"
taleyilə.
Əbədi sərgərdanlıq qorxusu belə
onu azadlıq arzusundan
döndərə bilmədi.
İnkvizisiya,

__________________Milli Kitabxana_________________
ölüm düşərgələri də
onu
"Dinlə! Əyil!"
yollarına göndərə bilmədi.
1969
QALUANIN SON GECƏSİ
Yalqız deyiləm, tək olsam da.
Qəlbim,
beynimin qarışıq dalğaları,
intizarım, bir də Qalua;
özü yox, xəyalı.
Qarışıb fikirlərimə
son gecəsi ilə gəlib,
duelindən bir gecə əvvəl.
Gəlib Qalua -
Firəngistanın dahi balası.
Tanışam onunla 25 il olar;
onun ömür yaşından çox.
Tanış olmuşam
xatirələr vərəqlərində.
Bir gecədə işıqlı ulduz kimi
parladı dühası.
Mürəkkəb düsturlar
töküldü vərəqlərə rəqəm-rəqəm
ömründən bir səhər qalmış.
Düşünürəm,
hansı uğurlu gecədə
nəsib olacaq mənə
Qaluanın son gecəsi?
Deyirəm nəsib olsun kiməsə.
Olsun, səhəri duelli olsa da.
Birgecəlik sətirləri qalsın.
Əsrlər onları oxuyub
Yana-yana, qürurla nəfəs alsın.
Bakı-Mərdəkan,
12-14 mart 1980

__________________Milli Kitabxana_________________
O'HENRİNİN ÜMİD YARPAĞI,
XƏSTƏ QIZ VƏ HƏKİMİN ÖLÜMÜ
Gözləri pəncərədədir xəstənin.
Xəzan üfürür yarpaqları
budaqlardan.
Xəstənin gözləri son yarpaqdadır.
Yarpaqlar uçur bir-bir
xəstənin qürub günləri kimi.
Bir yarpaq,
yalnız bir yarpaq enmir budaqdan -
ümid yarpağı.
Günlər keçdi
ağlı-qaralı,
Yarpaq qırılıb solmadı.
Xəstə qız sağaldı.
Bir mərmər daşında yazıldı
ümid yarpağını yaratmış
rəssamın adı.
Budur gözəl həyat;
Ölümün bahasına olsa da,
bir ümid yarpağı
yarat.
10 mart 1980
OXUYA BİLMƏDİYİM KİTAB
E.Heminqueyə
Oxudum vərəqləri,
gah təəssüflə,
gah maraqla çevirə-çevirə.
Sevindim,
qəmləndim.
Səhifələrdəkilər
güldülər,
ağladılar.

__________________Milli Kitabxana_________________
Həsrət çəkib dərdə dözdülər.
Dinlədilər.
Danışdılar, danışdılar,
danışdılar.
Mən onlarla dostlaşdım,
düşmənləşdim.
Ürəklərinin içinə baxdım;
bir kirayənişin
yeni otağa baxan kimi.
Arzularını, ümidlərini duydum.
Çevirdim vərəqləri;
gah ümidlə,
gah qəzəblə,
gah riqqətlə,
gah əzabla,
gah laqeyd.
Mən istəsəydim
bir neçə səhifəni ötürüb,
bilərdim,
güllələdilərmi onu körpü başında,
ya yetişdimi sevdiyi qadına.
Bu mənim ixtiyarımda idi.
Lakin
ən yaxın dəqiqəmin
qarşı sahilində nə var?
Bilmirəm.
Hansı səhifədə axtarım
"Ömür" deyilən qəribə kitabın
son sətrini!
Bilmirəm.
Necə duyum uzaq günlərin
kədər, sevinc ətrini?
Bilmirəm.
Bilsəm də,
ən yüngül ağrının dadını;
eşidə bilmirəm,
köçəri quşlar kimi,
gedən günlərin
əbədi ayrılıq fəryadını.
yanvar, 1962

__________________Milli Kitabxana_________________
PİKASSO İLƏ SÖHBƏT
Sən Fransaya bağlısan,
Mən Azərbaycana.
Mənim Kəbəm Bakıdır,
səninki Paris.
Sən onsuz yaşaya bilməzsən,
(Parisdə yaşamayanda belə)
mən Bakısız.
Sən də kommunarlar şəhərinə vurğunsan,
kommunarlar yolundasan,
mən də.
Nə sən Parisdə vardın,
nə mən Bakıda
kommunarların qanı töküləndə.
Onlar düşmən gülləsinə hədəf oldu,
sən nadan sözünə.
Əsərlərini bəyənməyənlər də var;
rəsmin əlifbasını öyrənmədən.
Düz yolda gedənlər də var;
üzdəniraq,
boyunları dönmədən.
Ünvanına tək-tək
Qafiyəli hərzə də yağdırdılar.
O günlərdəki
yığın-yığın insan
tablolarını görmək üçün,
sərgi salonu qapılarını dağıdırdılar.
Yoldaş Pablo Pikasso!
Sən Fransada,
mən Bakıda.
Göyərçinlər uçur şəhərimin göylərində
Necə də bənzəyirlər sənin göyərçininə.
O göyərçin ki,
gəzdi dünyanı diyar-diyar,
ülfətin carçısı kimi;
sənin qəlbinin canlı parçası kimi.

__________________Milli Kitabxana_________________
Mən demirəm səni anlayıb,
sevməlidir hamı.
Heç olmasa, unudulmasın
bütün dillərdə tərcüməsiz səslənən
ağ göyərçinin salamı.
noyabr, 1961
ÇARLI ÇAPLİNƏ
Nə tez getdin, deyirəm,
Hələ dünyada nə qədər
gülə-gülə ağlatmalı vardı.
Hələ nə qədər insan yolundan
ləkə kimi silməli,
tikan kimi atmalı vardı.
Çarli!
Böyük ürəkli balaca adam.
Sənsiz kor qızların
1
taleyi necə olacaq.
Yenə də dünyada qızıl qızdırması
2
var axı
daha qaynar, daha amansız.
Sən mübarizə meydanında
gülüşünü döyüşə hazır qoydun
ən qorxulu silah kimi.
Özün necə vaxtsız getdin,
necə zamansız.
OXU, ROBERTİNO OXU!
Oxu, Robertino!
Sənin nə dərdin –
Bulaq suyu kimi təmiz
səsin var.
"Kor qızlar" Çaplinin "Böyük şəhərin işıqları" filmində kor qıza işarədir.
"Qızıl qızdırması" Çaplinin eyni adlı filminə işarədir.

__________________Milli Kitabxana_________________
Məncə, dünyanın
ən xoşbəxt adamıdır
ürəkdən, könüldən oxuyanlar.
Dünyanın qəlbinə tökmüsən
nəğmələrini;
xal-xal, avaz-avaz.
Dinlədikcə deyirəm:
- Qoca dünyamız gəncləşir yəqin;
elə gözəldir, yapışıqlıdır,
eşidimlidir nəğmələrin.
Çox dinləmişəm
həzin nəğmələrini
müdrik, qoca Şərqin.
Bir yeni dünya açır
qulaqlarımda
sənin büllur Şərqin.
Nə muğamatbazam,
nə caz aşiqi.
Hərdən susayıram
"Çahargah" üçün.
İstəyirəm aləm sükuta girsin,
dünyada tək qalım,
qəlbimlə baş-başa.
Qulaq asım, qulaq asım,
Qulaq asım
"Rast"ın yanıqlı hekayətinə,
"Yetim segah"ın şikayətinə.
Robertino!
Nə böyük səadətdir
nəğməçi olmaq;
insanları insanlaşdıran
köklərlə, xallarla
könüllərə dolmaq.
Belə kövrək, belə titrək
oxuyursan,
bəlkə görməmisən dünyanın
qarasını, ağını.

__________________Milli Kitabxana_________________
Fəryad nəğmələri
yandırmayıb
dilini, dodağını.
Günlərin acısını duymamısan,
dili nəğməli Robertino -
Balaca insan!
Bəzən bilməmək də səadətdir,
Robertino!

__________________Milli Kitabxana_________________
Hər fəslin öz gözəlliyi var
HƏR FƏSLİN ÖZ GÖZƏLLİYİ VAR
Yadıma düşdü
keçən qışın
büllur sırsıraları.
Təzə qar üstündə gördüyüm
quş, heyvan ləpiri də.
Gəzməkdə bəhs edə bilməz mənimlə
dostlardan biri də.
Yadıma düşür
küləkdə sovrulan,
tonqal çırtdaqları kimi
qarlarda oyanan
qış səhəri.
Yadıma düşür,
deyirdim əriməsin qar.
Buz sırğalarını salmasın
budaqlar.
Yadımdadır, o qış da,
o qar da.
Yadımdadır, ayrılmaq istəmədiyim
keçən yay da,
keçən bahar da.
yanvar, 1962
BAKIDA QAR
Küçələrə qar yağır.
Adamlara qar yağır.
Eyvanlara, damlara,
sərçələrə qar yağır.

__________________Milli Kitabxana_________________
Elə bil ki, budaqlar
əslində budaq deyil,
əyri çubuq uzanmış
qarların kölgəsidir.
Bakının küçələri,
elə bil, Bakı deyil,
boranlı, fırtınalı
bir şimal ölkəsidir.
Meydan, sahil, dağ, dərə
Təzə qarla doludur.
Keçib gedir adamlar.
Adamlar çəkməlidir,
Adamlar paltoludur,
Sərçələr ayaqyalın
İstəyirəm qışqıram:
- Uşaqlar, ay uşaqlar!
Qartopu oynayanda
paltarsız, ayaqyalın,
dən gəzən sərçələri
bir anlıq yada salın!
Bakı, yanvar, 1964
QIŞ GUNU
Pəncərəm buz bağlayıb
yarpaq-yarpaq,
Otağımda hərarət
sıfır üstü 23.
Küçədə çılpaq ağaclar
qısılıb bir-birinə.
Gətirə biləydim onları otaqcığıma -
qızınsınlar.
Yarpaq naxışa dəymə qızım, sınar!
Çağır gəlsin ağacları -
qızınsınlar.
yanvar, 1966

__________________Milli Kitabxana_________________
MƏN BAHARI DUYURAM
Hər yan qardır;
meşə, budaqlar, yollar,
evlərin üstü.
Bacadan burula-burula qalxır
təzə qar kimi ağappaq tüstü.
Şaxta hərdən dəcəlləşir;
qulağımı dişləyir.
paltomun qoluna girir,
yaxamla əlləşir.
Ancaq elə bil, hardasa, nəsə,
Bahar gəzir qışla nəfəs-nəfəsə.
Bəlkə şaxtanın
bir neçə saat sürən şiddəti,
bəlkə qarların azalmış bərəkəti,
bəlkə Günəşin
gündən-günə mehribanlaşan hərarəti
həm sevinc, həm kədər verir.
Yazı gələn,
qışı gedən xəbər verir.
Bəlkə, səbəb təqvimdir.
Bayaq qopardım
"Mart" yazılı varağı.
Bəlkə günortalar
sırsıralardan damcı-damcı tökülən
bahar özüdür;
qar yorğanı deşib
axtarır həsrət qaldığı torpağı;
- Gəlirəm mən, mən, - deyə, -
xəbər olsun qoynunda mürgüləyən
ota, çiçəyə.
Nigaranam mən səndən, - deyə.
Bəlkə,
könlümə sevinc pıçıldayan
bugünkü məktub,
mənə "bahar", "bahar" deyir ki,
qarı meydan-meydan,

__________________Milli Kitabxana_________________
şaxtası xəncər
qışı unudub,
deyəm: - Bahar yaxındır!
Bahar,
yolu bir neçə gecə-gündüz
çöllərdə, meşələrdədir.
Bəlkə də, ona görə ki,
bilirəm,
anamın doğma elində,
Araz, Kür sahilində,
indi qışın arxası yerdədir.
Odur ki,
qəlbimdə bahar sevdası,
bahar nəfəsi,
xatirimdə ala-çalpovun
mülayim küləyi,
dilimdə Novruz nəğməsi
axın-axındır.
Şaxta neyləyəcək mənə!
Bahar yaxındır!
Bahar yaxındır!
Peredelkino, 1960
NOVRUZGÜLÜ
Ot, quzu qırpımı!
Novruzgülü səpələnib hər yana;
yaşıl məxmər üstünə tökülmüş
mirvari danələri kimi.
Elə bil, ağ buluddan
damla-damla tökülüb.
Hər yanda novruzgülü!
Novruzgülü!
Bəlkə də, sabah
bir şaxta yandıracaq onu?
Yandırsın!
O xəbər verdi

__________________Milli Kitabxana_________________
baharın yaxın olduğunu.
Şaxtada məhv olsa da,
zalım bir hökmdar yanına gəlmiş
xoş xəbərli elçi kimi,
bu ölüm məhzun etməsə də heç kimi,
novruzgülü
nə gileylənər, nə küsər.
Yetər ki, o,
çöllərə, çəmənlərə
bahardan verdi xəbər.
Novruzgülü
nə gileylənər, nə küsər.
1958
YAZ GƏLİR
Pəncərəmi açmışam,
Günəş gəzir otaqda.
Küsmüş bir qonaq kimi
xəbərsiz getdi şaxta.
Bir qonaq ki,
söhbəti çox uzundu;
qəm gətirirdi səsi.
Bir qonaq ki,
iliklərə sızırdı
acı, soyuq nəfəsi.
Pəncərəmi açmışam.
Çöldən evə yaz gəlir.
Yaz yox,
yazın qoxusu.
Hələ yerin canından
çıxmamışdır soyuqların qorxusu.
Pəncərəmdən gələn yaz
yazılmamış bir nəğmənin
ilk xalları kimidir,
Bir körpənin xəyalları kimidir.
Həqiqətdir, əfsanəyə bənzəyir,

__________________Milli Kitabxana_________________
Bir xəyaldır, həqiqəti bəzəyir.
Hələ zərif çiçək kimi
özü küləkdə əsən ilıq,
yeni nəfəsdir.
Olsun, olsun, nə zərər.
Qışı yola salana,
baharı duymaq üçün
inanın, bu da bəsdir.
Havadan birəm-birəm
enir qar.
İnsanlar!
Ay insanlar!
Könlümüzdədir bahar.
Bakı, 1951
BAHAR
Haray çəkib gəlir bahar,
Daşır sellər, aşır sular.
Məndən sənə bir yadigar
Qalsın şirin sözüm, barı!
Əğyar nədir, qadam ona
Ki, baş qoşa adam ona.
Gözlərinin badamına
Qurban olum özüm, barı!
Keçən günü kim qaytarar?
Ürəyimdə bir arzu var:
Bənövşəni qatar-qatar
Yar telinə düzüm, barı!
Gözlərimi dikdim yola.
Dedim, bəlkə gəldin ola.
Nazın qədər səbrim ola,
Həsrətinə dözüm, barı!
Göyçay, 1959

__________________Milli Kitabxana_________________
PAYIZ YARPAQLARI
Sarısı, qırmızısı, solğun yaşılı var.
Elə bil,
Müxtəlif rəssamların
fırçasından düşüb
yarpaqlar.
Budaqbir,
kökbir.
Torpaq, su, havabir.
Düşünürəm: bu müxtəliflik nədir?
Nə bütün ağaclar
bir vaxtda bar verir,
nə bir vaxtda çiçək açır.
Görünür, təbiət də yeknəsəklikdən qaçır.
Açıq püstəyi də olur
yarpaqlar;
gümüşü, qızılı da.
Alavı da, mərcanı da olur
yarpaqlar.
Hər fəslin, hər iqlimin
tükənməyən rənglər kataloqu var.
Baxıram:
artıq baharı gedib, yayı gedib
payız yarpaqlarının.
Uşaqlıq günləri,
gənclik ayı gedib
payız yarpaqlarının.
Yoxsa, həsrətinin şiddətini, göynəyini
artırmaqçın yarpaqlar
belə al-əlvan eləyib köynəyini?
Amansızdır təbiətin hökmü;
hər canlının bir gün gəlir
yarpaq tökümü.
Bunu unutmasam,
unutmasa,
unutmasan;
daha xoşbəxt yaşayar insan.
noyabr, 1966

__________________Milli Kitabxana_________________
SALXIM SÖYÜDÜN SARI YARPAQLARI
Budaqların qotaz-qotaz
sallanıb suya.
Bilmirəm, xəzan qorxusu, ya
məhəbbətdir onları qulac-qulac
sığallayıb düzüb yan-yana.
Qoynuna alıb səni
durğun su - gümüş ayna.
Çubuqlara sarıköynək kimi
düzülüb yarpaqların.
Dimdiklərini uzadıb
su içirlər
sağa-sola baxa-baxa.
Bəlkə də, hörmətlə baş əyirlər
köklərinin beşiyi torpağa.
Sənə nahaq yerə
"məcnun söyüd" adı qoymayıblar.
Səndə bir aşiq həzinliyi,
bir xəzan riqqəti var.
Görünüşün qəm gətirir demirəm,
düşündürür məni.
Həyat - səhər,
ölüm - qürub.
Gündüzlərin, gecələrin
min insan ömrü boyu
tükənməyən sorğu-sualı
məni cavaba çəkir,
könlümdə ilişib asılı qalır.
- Barsız, - deyə səndən üz döndərmədim.
Mən bilirəm,
meyvələr müxtəlif olur.
Budaqlar var -
bara həsrət,
budaqlar var -
bar ucundan tələf olur.
Meyvə var qoxlayıb "oxqay", dedim.
Eləsi də var

__________________Milli Kitabxana_________________
baxdım, baxdım, dərmədim.
Yoxdursa da sənin barın,
mənə əzizdir kölgəsi
naxış-naxış sarı yarpaqların.
İstəyirəm xəfif bir yel olub
pıçıldayam qulaqlarına:
"Məcnun söyüd, qəm yemə,
az qalır, az qalır,
yeni yarpaqların baharına!"
fevral, 1962
YARPAQLAR TÖKÜLMƏSİN
Baxıram, baxıram, gözlərim doymur.
Heyrətə salır məni
payızın zərgər işi.
Qızıla bax!
Zümrüdə bax!
Yaquta bax!
Sallanıb gilə-gilə,
düzülübdür budaq-budaq.
O yanda dağlar,
bulud topası kimi
ağappaq.
Yeddi dərədən keçib gələn
əks-səda kimi
duyulur nəfəsi qışın.
Lakin payızdır,
payıza məxsusdur,
çölləri bəzəmiş həzin fəslin
hər yarpaq ülgüsü, hər naxışı.
Baxıram, baxıram,
Nə olar,
meşələr soyunmasın!
Yarpaqlar tökülməsin!

__________________Milli Kitabxana_________________
yanvar, 1962
İşıqlar üşüyəndə
LÖVHƏ
Günəş qızıl yaylığını dağ başında saldı, getdi.
Göy sularda şəfəqlənən işığını çaldı, getdi.
Təbiətdə nəyi vardı, bir qırpımda aldı, getdi.
Varmı duyan bu həsrəti yer üzündə, insan kimi?!
1936
GÜL SƏSLƏRİ
Masamın üstündə
büllur vaz.
Vazda güllər.
Ağgül,
qırmızı gül,
bir də sarı gül.
Elə bil, aşıq mahnısıdır.
Gözlərimi yumuram.
Saz səsi gəlir qulaqlarıma.
Ağ gül,
qırmızı gül,
bir də sarı gül.
Bu rənglərin
qarışıq naxışı,
otağımı baharlayan
ətirlər
könül dolusu qalaydı;
yaxşı-yaxşı.
Qalaydı belə,

__________________Milli Kitabxana_________________
solmayaydı barı, gül;
ağ gül,
qırmizı gül,
bir də sarı gül.
1973-1974
NƏRGİZ
Göyçayda bir qonaq evi var.
Həyətin yarısına asfalt salıblar.
Bir səhər çıxdım üzümü yuyum.
Gördüm, asfalt
bir neçə yerdən qalxıb qabar-qabar.
Bənd olmadım.
Dedim: - Bunda nə var?
Bir neçə gün sonra yenə
bu evdə qalmalı oldum.
Səhər çıxdım üzümü yuyum.
Gördüm qabarlar parçalanıb.
Asfalt döşəmənin hər yarasından
nərgiz topası qalxıb,
yaşıl bir alov kimi.
Orda-burda saralır,
nərgiz düyməçələri.
Püstə kimi yarılıb ortasından
neçələri.
Əlimə aldım asfalt parçasını,
yoxladım.
Bərkdi, daş kimi.
Nə ağacla, nə daşla qopasıdır.
Əlimi çəkdim,
zərif, yumşaq,
sevgilimin saçı kimi
sığallı nərgizə.
Adı nərgiz topasıdır.
Soyuq asfalt
məğlub olub həyat gücünə.

__________________Milli Kitabxana_________________
Zərif nərgiz
qalxıb düyməçə-düyməçə.
Qalxıb günəş eşqinə,
bahar eşqinə.
Dedim:
- Eşq olsun
həyatın gücünə!
1957
ÜZÜ KÜLƏYƏ
Külək arxadandır.
Asan atırıq addımlarımızı.
Külək gərilmiş qanad kimi
çırpınır çiyinlərimizdə.
Bir arxayınlıq nəğmələnir
könlümüzdə.
Külək qarşıdan əsir,
əsdikcə tələsir,
yolumuzu kəsir,
sinəmizə dirənir
muqavimət.
Qollarımızda yeni
uğurlar həvəsi artır.
Nə qulaqlarımız
laqeydlik nəğməsinə uyur,
nə könlümüz
arxayınlıq havasına batır.
Üzü küləyə -
Qüvvət ayaqlara!
Qüvvət biləyə!
Üzü küləklərə dözümlü
İnsan yolu.
Üzü küləyə, yüklənir
İnsan qızı, İnsan oğlu.
1978

__________________Milli Kitabxana_________________
KÖNLÜMƏ YAĞIŞ DÜŞÜB
Yağış yağır.
Adamlar qaçıb doluşur evlərə.
Baxıram həsrətlə.
Könlümə yağış düşüb;
elə bir yağış ki,
çıxarıb köynəyimi,
altında dura biləm doyunca;
"Oxqay", - deyib,
qaçam o yan-bu yana,
özümü yora biləm doyunca;
Elə bir yağış ki,
üzümü etibarla tuta biləm
damcılarına,
qorxmayam ki, çalar məni.
Elə bir yağış ki,
üstündə gəzə biləm ayaqyalın,
təşvişsiz, təlaşsız;
içinə girə biləm
müşəmbə papaqsız,
müşəmbə plaşsız,
otağıma girən kimi.
Könlümə yağış düşüb;
elə bir yağış ki,
nə yarpaqlara
sarı zərdab ləkə salsın,
nə ağaran qanımızdan
gözlərimizdə kölgə qalsın.
Könlümə yağış düşüb:
göy gurultulu,
ildırım şəfəqli,
iri ağır damcılı yağış;
adi buxardan doğan,
adi buluddan yağan,
sərin, ürək qıza bilən
yağış!..

__________________Milli Kitabxana_________________
Yolu çınqıllı,
yanı yosunlu
bulaqdan içdiyim su kimi;
körpə yuxusu kimi.
Saf, təmiz,
stronsi doxsana bulaşmamış
bir yağış.
1963
İŞIQLAR ÜŞÜYƏNDƏ
Pəncərə şüşəsində
nəm işıqlar titrəyir,
yağış yağır, deyəsən.
Bir dəli şeytan deyir,
Plaşını geyəsən,
girəsən yağışlığa.
Yağış yusun üzünü,
yağış yusun üstünü.
Pəncərə şüşəsində
nəm işıqlar səyrişir,
yenə küləkdir əsən.
Bir dəli şeytan
məni qıdıqlayır, elə bil.
Soyunub paltarını
yağışlığa girəsən,
yuyunasan tərtəmiz.
Hanı ağıllı şeytan!
Çəkib çıxarsın məni
nigaran dolaşıqdan.
Qoparsın gözlərimi
bu səyrişən, titrəşən
üşüyən nəm işıqdan,
üşüdən nəm işıqdan.

__________________Milli Kitabxana_________________
1966


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə