Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   27
etməmişdi – nəhəng seybanın kölgəsində, öz yelləncəyində, acığından dil-dodağını 
gəmirə-gəmirə, öz saatını – öz vaxt - vədəsini gözləmişdi; bir dəfə isə yaxın 
tanışlardan biri həmin seybanın altında, generalitetin rəyini ifadə edərək, ona, guya 
generalitetin, xalqın, bu dəhşətli faciəni sakit dözümlə keçirdiyinə görə fəxr 
etdiyini demişdi. «Hər yerdə sakitlik və səliqə-sahman hökm sürür. Onda o, azca 
seziləcək tərzdə gülümsünüb: «Axmaq-axmaq danışmayın, dostum! – dedi. – Elə 
ən pisi də odu ki, sakitlik və əminamanlıqdı! Demək, bu bədbəxt faciənin adamlara 
zərrə qədər də təsiri olmayıb!» O günlər o, bütün qəzetləri sətirbəsətir, soldan-sağa, 
sağdan-sola oxuyur, orda rəsmi xəbərlərdən savayı daha nə isə tapmağa çalışır, 
rədioqəbuledicini yanına qoydururdu ki, bircə vacib xəbəri belə ötürməsin və 
nəhayət, günlərin bir günü arzusuna çatdı – Verakurs radiostansiyasından 
Riobambaya qədər bütün radiostansiyalar xəbər verdi ki, milli təhlükəsizlik 
xidməti sui-qəsd təşkilatçılarının izinə düşüb. «Bəs necə, kərtənkələ uşağı!» - o öz-
özünə, dodaqaltı dedi, radio isə ardını xəbər verirdi ki, sui-qəsdin təşkilatçıları, 
şəhərkənarı fahişəxanaların birində, minomyotdan atəş açılan binada aşkar edilib. 
«Bax belə, - deyə o dərindən nəfəsini dərdi - yazıq insanlar!» Lakin bütün 
bunlardan sonra, o yenə donuq üzüylə, fikrindən keçənləri, azacıq da olsa, üzünə 
buraxmadan, öz tor yelləncəyində uzanıb qaldı və öz-özünə: «Anam mənim, 
Bendisyon Alvarado, sən məni intiqam üçün qoru, əlimdən tut, mənə ilham ver!» - 
deyə-deyə yalvardı.  
O, anasının, onun yalvarışlarını eşidib xahişini yerinə yetirəcəyinə o qədər arxayın 
idi ki, tez bir zamanda özünü ələ alıb, dərd-qəm yükünü axır ki, bir kənara ata 
bildi. Bunu, baş qərargahdan onun yanına hesabata gələn ictimai asayişə məsul 
milli təhlükəsizlik zabitləri o dəqiqə hiss etdilər. «Mənim generalım, sui-qəsdin üç 
 
128

təşkilatçısının üçü də, ictimai asayişin mühafizə dəstələri ilə atışmada öldürüldülər, 
ikisi həbs edilib San-Xeronimo kameralarında yerləşdirilib!» O isə əlində meyvə 
şirəsi, öz tor yelləncəyində otura-otura: «Aha.» - dedi və sərrast atıcı əli ilə hamıya 
meyvə şirəsi süzdü. - «…O, həmişəkindən bir az da müdrik və həssas idi, o qədər 
həssas və diqqətcil idi ki, bizim ürəyimizdən keçənləri o dəqiqə hiss elədi və bizə 
siqaret çəkməyə icazə verdi. Bu, nə isə, ağlasığmaz bir şey idi… vəzifə başında 
siqaret çəkməyə icazə vermək!» «Bu ağacın altında biz hamımız bərabərik.» - o 
dedi və bazarda baş verən cinayətin necə qurulması və həyata keçirilməsi barədə, 
Şotlandiyadan, ayrı-ayrı partiyalarla səksən iki ov itinin gətirilməsi barədə, bu 
səksən iki itin iyirmi ikisinin müxtəlif səbəbdən ölməsi barədə, qalan altmışının 
cinayət məqsədi ilə təkcə Letisiya Nasarenonun boynundakı tülkü dərisinə yox, 
Letisiyanın özünə və uşağına qısqırdılması üçün xüsusi təlim keçməsi barədə 
ətraflı məruzəni sakitcə dinlədi. – «İtlərə bax, bu əşyaları iylədiblər, mənim 
generalım! Onlara saray çamaşırxanalarından oğurlanmış bax, bunları – Letisiya 
Nasarenonun korsajını, bax, bu yaylığı, bu corabları, uşağın bu mündirini 
iylədiblər, mənim generalım! Siz bu əşyaları tanıyırsız?» O, ona təqdim edilən 
əşyalara baxmadan, sakitcə: «Aha!» - dedi və diqqətlə izahatın ardına qulaq asdı: 
«Həmin bu altmış itə, hürmək lazım gəlməyəndə, susmağı öyrədibmişlər, onları 
insan ətinə dadandırıbmışlar, mənim generalım, Allahın işığına həsrət qoyub bağlı 
saxlayıbmışlar; onlarla bir neçə il, paytaxtdan yeddi mil aralıdakı baxımsız cin 
formasında təlim keçiribmişlər; bu fermada Letisiya Nasarenonun və uşağın boyu 
ölçüdə, onların geyimi geydirilmiş müqəvvaları tapılıb, bundan savayı itlərə, bu 
portretləri və qəzet foto-şəkillərini göstərərək, uşağı və Letisiyanı üzdən tanımağı 
öyrədibmişlər.» - deyə hərbçilər ona, səhifələrinə həmin şəkillər yapışdırılmış 
albomu göstərdilər ki, o, görülən işin dəyərini başa düşsün. - «Hərə öz xidməti 
borcunu yerinə yetirir, mənim generalım!» O isə, yenə onlara baxmadan bircə öz 
«Aha» - sını dedi və onda onlar ona, söhbətin ən vacib yerini açdılar; guman var ki, 
təşkilatçılar özbaşlarına hərəkət etmirdilər, onlar, mərkəzi xaricdə yerləşən hansısa 
gizli təşkilatın agentləri olublar. - «Bu, onların emblemidi, əla həzrətləri!» Və onlar 
ona, gizli təşkilatçıların emblemini – qaz lələyi ilə çarpazlanmış xəncər emblemini 
göstərdilər, o da: «Aha!» - dedi. Daha sonra onlar öz məruzələrinə davam edərək, 
bildirdilər ki, bütün təşkilatçılar, əvvəlki cinayətlərinə görə ədalət mühakiməsi 
orqanlarından gizlənən adamlardı. Sonra hərbçilər ona, bu adamların, polis 
məntəqələrindən yığılan cürbəcür foto-şəkilləri yapışdırılmış albomu göstərdilər: 
«Bax, bu üçü öldürülüb, bu ikisi isə həbs edilərək, San-Xeronimonun 
zirzəmilərində saxlanılır, mənim generalım! Onların taleyini necə həll etmək 
barədə qərarı siz verməlisiz! Bu, iyirmi səkkiz və iyirmi üç yaşlı Maurisio və 
Qumaro Ponse de Leon qardaşlarıdır. Onlardan biri, silahlı qüvvələr sıralarından 
qaçıb, daimi yaşayış yeri yoxdur, heç yerdə işləmir; o biri, kənd məktəbində 
dulusçuluqdan dərs deyir; bu adamı görəndə, həmin itlər sevincdən quyruqlarını 
hərləyir, bütün davranışlarıyla ona öz sədaqətlərini göstərirlər və bizcə bu, həmin o 
şəxsin günahkar olmasına şəksiz sübutdur, mənim generalım!» O, bu sözdən sonra 
da öz «aha»sını dedi, üstəlik günün nəticələri barədə rəsmi göstərişlərində, istintaqı 
aparan bu üç zabitin şərəfinə tərifli sözlər də qeyd etməyi unutmadı və onları: 
«Vətənə sədaqətli hərbi əsgər xidməti» medalı ilə təltif etdi; o, bu medalı zabitlərə 
 
129

şəxsən özü təqdim etdi və elə həmin təqdimat mərasimində də, Maurisio və 
Qumaro Ponse de Leon qardaşlarına güllələnmə hökmü kəsən hərbi məhkəməni 
yaratdı: «Əmr, əla həzrətləri fikrini dəyişməzsə, oxunduğu dəqiqədən qırx səkkiz 
saat ərzində yerinə yetirilməlidir!»  
Bütün bu qırx səkkiz saatı o dərin fikirlər içində, öz tor yelləncəyində tək-tənha 
uzana-uzana, əfv barədə dünyanın dörd bir səmtinindən axıb gələn yalvarışlara kar 
vəziyyətdə qaldı; radioyla Millətlər İcmasında gedən mənasız çərənləmələrə, bir 
qisim ölkələrdə unvanına yağdırılan söyüşlərə, digər ölkələrdə təriflənib müdafiə 
edilməsinə qulaq asdı; sonra öz nazirlərini qəbul edib, rəhmdillik barədə 
danışanlara da, qəti qərar qəbul edilməsini tələb edənlərə də eyni diqqətlə qulaq 
asdı; yolunu azmış iki qoyunun taleyindən narahat olan Roma Papasının şəxsi 
göstərişiylə qəbuluna can atan nunsini qəbul etməkdən imtina etdi; bütün ölkənin, 
onun susmasından narahat olub təlaşa düşməsi barədə xəbərlərə, uzaqdan eşidilən 
güllə-baranın səsinə qulaq asan tək, dinməz-söyləməz qulaq asdı. - «On bir ölən, 
səksən iki yaralanan var, mənim generalım, gəmi tam yararsız vəziyyətdədi!» - 
«Yaxşı.» - deyə o, yataq otağının pəncərəsindən, limanın girəcəyində alovlanan 
tonqala baxa-baxa dedi. Bu, San-Xeronimo hərbi bazasında ölüm cəzası kəsilmiş 
qardaşlar üçün hökmün yerinə yetirilməsini gözlədikləri son gecənin başlanğıcı idi. 
Həmin o dəqiqələr ərzində o, onların foto-şəkildə gördüyü üzlərini – eyni qaşları, 
bir cüt su damlası tək, bir-birinə bənzəyən üzləri təsəvvürünə gətirdi; onları, 
qorxudan əsim-əsim titrəyən bədənləriylə, tənha, köməksiz üzlərlə, boğazlarında 
nömrə yazılmış lövhəciklərlə, ölümə məhkumlar kamerasının fasiləsiz, gur işığı 
altında təsəvvürünə gətirdi və hiss elədi ki, onların da fikri bu dəqiqə ona yönəlib, 
hiss elədi ki, onlar, əfv ediləcəklərinə ümid bəsləyir və Allaha yalvarırlar; onun 
bircə hərəkətindən belə nə edəcəyini müəyyən eləmək mümkün olmurdu; o, öz adi 
iş gününü həmişəki qaydada başa vurdu, yataq otağının qapısı ağzında, onun hər 
dəqiqə qəbul edə biləcəyi yeni qərarını ictimaiyyətə çatdırmaq üçün növbə çəkən 
növbətçi zabitlə görüşərkən, zabitə baxmadan, etinasızcız halda: «Gecəniz xeyrə 
qalsın, kapitan.» - dedi, lampasını qırmağa keçirib üç qıfılı, üç kilidi bağladı, üç 
zənciri çəkib üzü üstə döşəməyə uzandı və hökmün qəddarlığından nəfəsini içinə 
çəkib qaralan şəhərin küçələrində, ara-sıra həyətlərdə hürüşən itlərin səsini, sanitar 
maşınlarının sirenasını, hansısa şübhəli bayram şənliyində atılan fişənglərin və 
musiqinin səsini dinləyə-dinləyə, həssas bir yuxuya getdi; gecənin bir aləmi kilsə 
zənglərinin səsinə yuxudan ayıldı… sonra bu səsə ikinci dəfə ayıldı, üçüncü dəfə, 
pəncərələrin şüşələrini və dəmir çərçivələrini cırmaqlayan yağışın səsinə ayıldı, 
yerindən, qaban tərpənişinə bənzər dolama-dolaşıq, ağır bir hərəkətlə – əvvəl dalını 
qaldırıb qabaq ayaqlarına dirənərək, sonra başını qaldıraraq, ayağa qalxdı; beləcə, 
ağır qaban hərəkəti ilə ayağa qalxandan sonra zabitə əmr verdi ki, əvvəla itləri 
onun pəncərələri altından yığışdırıb hara istəyirlər aparsınlar ki, onların səsini bir 
daha eşitməsin, amma öldürməsinlər, heyvanlar qocalıb əldən düşənəcən, dövlətin 
hesabına saxlanılsın; ikinci əmr bu idi ki, Letisiya Nasarenonu və uşağı həmin o 
taleyüklü çərşənbə günü müşayət edən günahkar əsgərlər azad edilsin; üçüncü əmr 
– Maurisio və Qumaro de Leon qardaşlarının təcili surətdə edam edilməsi barədə 
idi; özü də hərbi-səhra məhkəməsinin qərarındakı kimi, güllələnmə yoluyla yox, 
dörd ata bağlanıb şaqqalanmaqla; Ponse de Leon qardaşları, əmrdə yazıldığı kimi, 
 
130

atlarla şaqqalandı, bədənlərinin ayrı-ayrı hissələri nəhəng matəm səltənətimizin 
ayrı-ayrı məhəllələrində gözəgörünən yerlərdən asıldı ki, camaatın canına vəlvələ 
salsın.  
«Yazıq uşaqlar…» - o, nəhəng fil ayaqlarını sürütləyə-sürütləyə öz-özünə deyirdi, 
sonra qəfildən ehtiraslı bir səslə özü-özünə: «Anam mənim, Bendisyon Alvarado, 
mənə kömək elə, əlimdən tut, apar! Mənə, bu günahsız qana görə qisas ala biləcək 
bir adam bəxş et.» - deyə yalvarırdı. Özü də gecə-gündüz belə bir adamı 
arzulayırdı; elə bir adamı ki, fitri güdmək qabiliyyətinə malik olsun. O, bu adamı 
öz sayıqlama xəyallarında təsəvvürünə də gətirmişdi; gizli bir həyəcanla onu, 
rastına çıxdığı adamların arasında - onların gözlərinin dərinliklərinə baş vura-vura 
tapmağa çalışır, ətrafındakıların səsinə diqqət kəsilib onu, səsinin hansısa bənzərsiz 
ahəngindən tanımaq istəyirdi; arada bir, öz içinə – qəlbinin səsinə də diqqət 
kəsilirdi, yaddaşının künc-bucağını eşələyə-eşələyə, onu orda da tapmaq ümidini 
üzmək üzrəydi ki, həmin bu adam onun gözləri qarşısında qəfil bir 
gözlənilməzliklə, öz ecazkar gözəlliyi ilə özü peyda oldu. - «Bu, mənim gözlərimin 
bu vaxta qədər görüb seçdiyi adamların ən bənzərsizi idi, anacan!» O, keçmiş 
zadəganlar sayağı geyimdəydi; əynində, ilgəklərinə qardeniyalar taxılmış Henri 
Poul frakı, Pekover şalvarı və parıldayan gümüşü parçadan jilet vardı; bu, buzov 
böyüklüyündə, adamgözlü, qaraqabaq dobermanıyla Avropanın ən kübar 
salonlarında parlamağa alışmış bir adam idi - «Xose İqnasio Saens de la Barra. - 
deyə o, özünü təqdim etdi – Qulluğunuzda olum, əla həzrətləri!» Bu, kübar 
cəmiyyətinin azad fikirli nümayəndələrindən sonuncusu, bizim vətəndaş 
müharibəsinin qasırğasında əriyib itən, federalist kaudilyosu ordusu tərəfindən 
darmadağın edilən vətən torpaqlarından, böyüklük iddiası, nəhəng, melonxolik 
torpaqları və fransız ləhcəsiylə bir silinmiş otuz yeddi yaşlı, yeddi xarici dil 
bilməsindən, Dovil müsabiqəsində qazandığı dörd ov prizindən savayı heç nəyi 
olmayan, əsil-nəcabətli, gözəl kapral idi; orta boylu, qədd-qamətli, dərisi dəmir 
rənginə çalan, saçları, bir kəkilini çıxmaqla, qara rənglə rənglənmiş bu iradəli 
adam, möhkəm dodaqlarıyla, son dərəcə iti, qətiyyətli baxışlarıyla salon salon 
qobelenlərində təsvir olunan idillik bahar peyzajlarının fonunda rəngli foto-şəkillər 
üçün poza qurmağı xoşlayırdı; kapralı görcək, əla həzrətləri sinəsi dolu rahat nəfəs 
dərdi: «Bu, odur! Mənə lazım olan adam - budu!» Və Xose İqnasio Saens de la 
Barra, bircə şərtini kəsdikdən sonra bizim generalın yanında xidmətə düzəldi: «Əla 
həzrətləri mənə səksən beş milyon peso həcmində pul vəsaiti ayırır ki, həmin bu 
məbləğ barədə mən, sizdən savayı, heç kimə tabe olmadığım kimi, sizdən savayı 
heç kəsə də hesabat vermirəm. Öz tərəfimdən də söz verirəm ki, iki il müddətinə 
sizə, Letisiya Nasarenonun və oğlunuzun əsil qatillərinin başlarını təqdim 
eləyəcəm!» Şərt qəbul olundu. – «Razıyam!» General, Xose İqnasio Saens de la 
Barranı qısa müddət ərzində bir çox sınaqlardan keçirərək, qəlbinin gizli 
labirintlərinə baş vurub, iradəsinin nə dərəcədə qüvvətli olmağına, sədaqətinə əmin 
oldu, onun, heç nəyi şişrtmədən iş gördüyünün şahidi oldu, xarakterinin ən zəif 
cəhətinin şahidi oldu və bu ən zəif cəhəti dəqiqləşdirdi; ən sonuncu sınaq - Xose 
İqnasio Saens de la Barranın, düşünəlməmiş bir cəsarətlə generalı udduğu amansız 
domino oyunları idi. «Bu, mənim görüb tanıdığım cəsur adamların ən cəsarətlisi 
idi, anam mənim!» O, son dərəcə səbrli idi, qəhvənin yetmiş iki dəmləmə üsulunu 
 
131

bilirdi, malyuskaların cinsini ayırd edirdi, not qrammatikasından, korların 
əlifbasından başı çıxırdı, o, uzun-uzadı, dinməz-söyləməz mənim gözlərimin içinə 
baxa bilirdi və mən, bu sakit baxışların altında bilmirdim, başımı hara soxub 
gizlədim; çeçələ barmağındakı saf sulu almazını işıldadan incə əl hərəkətlərinin 
qarşısında çaşıb özümü itirirdim; bilmirdim, onun qəddar və sayıq bir ədayla, 
ayağının altında mürgü vuran, arada bir dərisini – diri məxmər örtüyünü tərpədən 
nəhəng itinin əlindən canımı hara qoyum, losyon ətri qoxuyan bu adamın əlindən 
hara qaçım, bədən əzizləməkdən və ölümdən qorxmayan bu heyrətamiz gözəllik 
sahibinin əlindən hara qaçım və bir gün mənə, qətiyyən hərbçiyə oxşamadığımı, 
yalnız hansısa ali məqsədlərə görə hərbçi olduğumu deməyə bu adamın cürəti 
çatdı. - «Siz bu hərbçilərin tayı deyilsiz, general! Bu adamlar, xırda ambissiyalı, 
sıravi, primitiv adamlrdı. Onlar üçün rütbə hakimiyyətdən irəlidi, onlar idarə 
etməkdən çox, əmr verməyi xoşlayırlar, nəyə yox, kiməsə xidmət edirlər, odu ki, 
onları idarə eləmək o qədər asandı ki, xüsusən birinin arasını o biriylə vuranda.» - 
o dedi və mən, bircə əziz dostum, Allah ona rəhmət eləsin, Rodriqo de Aqiları 
çıxmaq şərtiylə, bütün idarəçilik dövrümdə heç kimə vermədiyim hüquqları 
verdiyim bu parlaq adamdan öz fikirlərimi heç cür gizlədə bilməyəcəyimi fikirləşib 
gülümsündüm. «Və beləcə, general öz-özlüyündə Xose İqnasio Saens de la Barranı 
öz daxili, gizli imperiyasının sahibi elan etdi. Bu, gizli repressiyalar və qətllər 
xidməti idi, bu xidmətin dəqiq yeri də məlum deyildi; bu proses bütün ölkə boyu 
gedirdi və eyni zamanda heç yerdə heç nə baş vermirdi, həm də hər şey elə bil 
irreal idi, çünki bu işlərə görə məsuliyyət daşıyan yox idi, lakin, həm də bütün 
olanlar mövcud həqiqət, bu dəhşətli fantastika həm də acı reallıq idi; o öz 
görünməz qüvvəsiylə, hələ ali hərbçilər onun yüksək səviyyəli sirayətedici 
qüvvəsini hiss edəndən çox-çox əvvəl, dövlətin digər reqressiv orqanlarını özünə 
tabe eləmişdi» - general özü də bu qorxulu proesesin nə ilə nəticələnəcəyini 
əvvəlcədən bilmirdi. - «Mən, şahzadə geyimli iblisin fitvasına uyub, bu acgöz 
adamyeyənin caynağına nə vaxt keçdiyimi hiss eləmədim.» Günlərin bir günü isə 
o, prezident sarayına, içi kokos qozuyla dolu qalın çuval gətirib gəldi və onu, əl-
ayağa dolaşmasın deyə, bir kənara qoydurmağı əmr elədi. - «Bunu, lazımsız arxiv 
materilları yığılan şkafa soxun!» Çuvalı şkafa soxdular və bu barədə unutdular, üç 
gündən sonra isə, sarayın divarlarına hopub, buxar kimi güzgülərin üzünə çökən 
meyid iyindən nəfəs almaq olmurdu; biz, bu eybəcər üfunətin kökünü mətbəxdə 
axtardıq, tövlələri yoxladıq, bu iyi kabinetlərdən siqaret tüstüsüylə qovmağa 
çalışdıq, o isə müşavirə zalına doldu. Çürümüş qızılgül iyini xatırladan bu üfunəti, 
ən gizli dəlmə-deşiklərə – heç vaxt heç bir iyin gedib çatmadığı, hətta vəba illəri 
xəstəliklə yoluxmuş küləyin havası belə dəymədiyi yerlərə dolurdu; iy bizim 
ağlımıza gəlməyən yerdən – arxiv materiallarıyla dolu şkafın içindən - Xose 
İqnasio Saens de la Barranın göstərişiylə qoyulmuş, guya kokos qozuyla dolu, 
kobud çuvaldan gəlirdi; məlum oldu ki, bu çuval, onun generalla razılaşdığı kimi, 
ilk ödənişinə görə doldurulmuşdu; hər bir yiyəsinin ölüm səbəbi göstərilən 
şəhadətnaməsi olan altı ədəd kəsik baş.  
Burda, ürək damarlarının qocalıq sklerozundan on dörd may tarixində vəfat etmiş, 
radikallar partiyasının bünövrəsini qoymuş sonuncu böyük müharibə əlili, daş 
dövrünün nümayəndəsi, patrissiyalar nəslindən olan doxsan dörd yaşlı 
 
132

Nepomuseno Estralın, onun oğlu, atasıyla eyni gündə, həmin ürək xəstəliyindən 
əlli yeddi yaşında vəfat edən qomeopat - həkim Nepomuseno Estrad de la 
Fuentenin, şəhadətnaməsində göstərildiyi kimi, sərxoşluq əlbəyaxasında itiuclu 
alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort 
nəticəsində otuz iki yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü 
gün alkoqol zəhərlənməsindən ölən otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke 
Pinsonun – yəni gözəgörünməz Xasintanın, «On yeddi oktyabr» gizli hərəkatının 
lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam məhəbbəti uğrunda özünü, 
ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin başları vardı. 
– Beləlikl, altı baş, əla həzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!» O, 
ciyəri dəhşətdən və üfunətdən az qala ağzına gələ-gələ qəbzi imzalamışdı: «Anam 
mənim, Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun, o seçmə incə ədaları hara, 
ilgəyindəki gül hara, bu qaniçənlik hara?» ona isə ucadan: «Mənə bir də tasaxo* 
göndərməyin, naço**; şifahi izahlarınız kifayətdi.» - demişdi. Lakin Xose İqnasio 
Saens de la Barra bu sözə etiraz edərək: «Bizim sizinlə bağladığımız müqavilə kişi 
sözüdü, əla həzrətləri! Yox, əgər əsl həqiqətin gözünün içinə dik baxmağa sizin bir 
yeriniz çatmırsa, onda götürün, bu da sizin qızılınız, gəlin xudahafizləşək! Bu nə 
hərəkətdi?!.. Şəxsən mən özüm, işdi, əgər tələb olunarsa, doğma anamı belə 
güllələyərəm!» - demişdi. «Di yaxşı, Naço, - deyə general sülhpərvər səslə demişdi 
- bu qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!» Odu ki, 
yenə bir ucdan saraya, içinə guya kokos doldurulmuş, içi başla dolu həmin bu 
kobud parçalı çuvallar daxil olmağa başladı. Generalın da içalatı az qala ağzına 
gəlirdi və o: «Bunları burdan rədd edin!» - deyə əmr edirdisə də, başlara əlavə 
olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti qəbzi imzalayırdı; bu 
minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barışmaz siyasi 
düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə, başların 
sayı bu rəqəmə çatanda, yuxuda özünü, səhralıqda yeridikcə, arxasınca baş 
barmağının uzun-uzadı uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın 
simasında gördü və yuxudan, ağzı öd dada-dada ayılıb, sübh çağı fermada baş verə 
biləcək hansısa təlatümdən xoflanaraq, sönük xatirələr dəryasına qərq olaraq, kəsik 
başları hesablayır, hesabladıqca da elə bil qocalır, qulağının dibində cırıldayan 
zəhlətökən cırcıramanın səsini, çürük otların arasından eşidilən cücülərin 
cızıltıslarıyla qarışıq salırdı; - «Anam mənim, Bendisiyon Alvarado, - o fikirləşirdi 
– axı, nəyə görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda 
qalıb!»  
Düşmənlərin sayına gəldikdə, Xose İqnasio Saens de la Barra ona izah etmişdi ki: 
«Altmışına görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış 
milyonunu qazanacağıq!» «Bu ki, bütün ölkədi, lənət şeytana, - deyə o, çığırmışdı 
– belə getsə, biz bu işi heç vaxt başa çatdıra bilməyəcəyik!» - Lakin Xose İqnasio 
Saens de la Barra sakitcə: «Rahat yatın, general! Bizim işimiz, onlar bitib 
tükənəndə sona bitəcək!!!» - dedi. «Vəhşinin dediyi sözə bir bax!»  
Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə 
addım belə geri çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə, işıq 
ucu boyda belə yeri yox idi; o, iti doberman kimi, daimi iştirakıyla sahibində 
özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio ilk dəfə onun kabinetinə, dünyada 
 
133

yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe olan, civə kimi parlaq 
əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil olanda 
general: «İti qapının o üzündə qoyun.» - demişdi. Lakin Xose İqnasio Saens de la 
Barranın generalın sözünə əməl eləmək fikri yox idi: «Bu mümkün deyil, general! 
Dünyada hələ elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!» Odu ki, it 
daim öz yiyəsi ilə bir kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların 
gündəlik hesabatını çürüdənəcən, sakitcə onun ayaqları altında mürgüləyir, general 
səsini ucaldanda, dikəlib bütün vücuduyla amansız sıçrayışa hazır vəziyyət alırdı; - 
«Onun, dəhşətli dərəcədə qadın gözünə bənzər, insan gözləri mənə fikirləşməyə 
mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz köhnə 
adyutantlarımdan birinin başını taparkən, qəzəb içində yumruğumu stola çırpanda, 
onun üzü göz qırpımında buğlandı, bədəni, qaynar qazan kimi pıqqıldadı, dişlərini 
qıcıdı və o mənim üstümə atıldı.» Bu adyutant, onun sınaqdan çıxmış, çoxdankı 
domino müqabili, həm də demək olar, tanışı, dostu idi, odu ki, qəzəbini heç cür 
gizlədə bilmədi: «Daha bəsdi, lənət şeytana! Yığışdırın bu hərc-mərcliyi!» Lakin 
Xose İqnasio Saens de la Barra, həmişəki kimi onun hirsini, hansısa dəlil-sübutla 
yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general, onunla, 
vassalı kimi rəftar edən bu yeganə adama - Saens de la Barraya tabe olduğuna görə 
özünə min bir lənət yağdırır, bu tipin, onun daxilində qurduğu imperiyaya qarşı öz-
özlüyündə, təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarıno sirayət 
etməyə başlamış kölə tabeçiliyini canından çıxartmağa çalşırdı. - «Günü sabah bu 
biabırçılığa son qoyulacaq – o, ağzının içində deyirdi – daha bəsdir, lənət şeytana! 
Hər şey bir yana, Bendisyon Alvarado məni, əmr yerinə yetirmək üçün yox, əmr 
vermək üçün yaradıb!» Lakin bütün gecəni fikirləşib qurduqları, Xose İqnasio 
Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an bircə dəqiqənin içində 
darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur səsli, 
losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli 
çəlikli, incə ədalarından göz qamaşan, bu ən lazımlı və ən dözülməz adamın 
şikarına çevrilirdi; - «Gözümə dəyən adamlar içindən!» - deyə fikirləşirdisə də, 
onu görən kimi: «Şişirtmək lazım deyil, naço, öz vəzifə borcunuzu yerinə yetirin!» 
- deyirdi və yenə bir ucdan, içi kəsik başlarla dolu çuvalları qəbul edir, növbəti 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin