«Psixiatriya» və «psixopatologiya» anlayışları arasında fərq varmı?



Yüklə 313,12 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix02.01.2022
ölçüsü313,12 Kb.
#2541
  1   2   3   4


 

Şahin Böyükağa oğlu Əlibəyli 



«Psixiatriya» və «psixopatologiya» anlayışları arasında fərq varmı? 

 

 



Məşhur  alman  alimi  və  həkimi  İohann  Xristian  Reyl  (Johann  Christian  Reil) 

1803-cü  ildə  «psixiatriya»  və  «psixi  terapiya  üçün  hospital»  terminlərini  təklif  etmişdir. 

Ruhi xəstəliklər haqqında elm sahəsini ifadə etmək üçün İ. K. Reyl tərəfindən yaradılan 

«psixiatriya»  («psychiatry»)  termini  iki  yunan  sözünün  birləşdirilməsindən  ərsəyə 

gəlmişdir  ki,  psyche  –  ruh,  qəlb,  şüur,  düşüncə  və  iatreia  –  əlac  etmə,  müalicə  etmə, 

sağaltma  deməkdir.  Göründüyü  kimi,  «psixiatriya»  məfhumu  hərfən  «ruhun  müalicə 

edilməsi»,  «ruhun  sağaldılması»  kimi  məna  daşıyır.  Lakin  elə  həmin  dövrdən  etibarən 

«psixiatriya»  termini  narazılıq  doğurmuş,  etirazla  qarşılanmışdır.  Avstriya  psixiatrı  və 

nevroloqu  Teodor  Herman  Meynert  (Theodor  Hermann  Meynert)  belə  bir  terminin 

istiqamətləndirici  xüsusiyyətinin  həqiqətə  uyğun  gəlmədiyini,  reallığı  əks  etdirmədiyini, 

yalan  olduğunu  hesab  etmişdir.  Görkəmli  rus  psixiatrı  Vasili  Alekseyeviç  Gilyarovski 

XIX–XX  əsrlərin  hüdudunda  «psixiatriya»  terminini  «anaxronizm»  adlandırmışdır. 

Dövrünün böyük həkimi və alimi fikrini belə əsaslandırmışdır ki, həmin termin «ruhun və 

yaxud  psixikanın  bədəndən  asılı  olmadan  mövcud  ola, xəstələnə və  hətta  öz-özlüyündə 

müalicə edilə bildiyini nəzərdə tutmaqla», əsassız bir tələb ortaya qoymaqla yanlışlığa yol 

açır [2]. 

Barəsində  danışılan  elmi  ifadə  etmək,  onu  adlandırmaq  üçün  başqa  terminlər 

yeritməyə  dəfələrlə  cəhd  olunmuşdur.  Məsələn,  məşhur  rus  psixiatrı  Viktor  Petroviç 

Osipov onun yunan mənşəli terminoelementlərdən düzəltdiyi «tropopatologiya» termini ilə 

əvəz olunmasını təklif etmişdir ki, tropos – çevriliş, istiqamət, fəaliyyət üsulu, hərəkət tərzi 

və pathos – duyğu, hiss, əzab, xəstəlik, logos – söz, nitq, ağıl, məna, mühakimə, anlayış, 

ifadə,  təlim,  elm  deməkdir.  V.  P.  Osipovun  nəzərincə,  «tropopatologiya»  termini  hərfi 

məna etibarilə «davranış pozğunluqları haqqında elm» kimi açıqlanır. Məşhur rus psixiatrı 

və  nevroloqu  Vladimir  Mixayloviç  Bexterev  «psixiatriya»  termininin  yerinə  «patoloji 

refleksologiya»  adını  təklif  etmişdir.  Görkəmli  ukraynalı  psixiatr  Aleksandr  İvanoviç 

Yuşenko «psixiatriya» adının «personopatologiya» məfhumu ilə əvəzlənməsi fikrini irəli 

sürmüşdür [4; 5]. 

Əlbəttə,  təklif  edilən  yeni  adların  hər  birinin  özünəməxsus  çatışmazlıqları 

olmuşdur. Onların terminologiya şərtlərinə uyğun gəldiyinə heç kim etiraz etmək istəməz, 

amma  bununla  belə  bir  anlayış  olaraq  «psixiatriya»  termininin  yerini  tutmaq  iqtidarında 

olmadığını da unutmaq mümkün deyildir.  

«Psixiatriya» termininin uğursuz olduğunu bir neçə kontekstdən əsaslandırmaq 

olar ki, bunların arasında həmin adla «psixi xəstəliklərin yalnız müalicəsi haqqında elm» 

təəssüratı  yaranması  daha  çox  qabardılmalıdır.  Həqiqətən  yunan  mənşəli  «iatreia» 

terminoelementi  müvafiq  sözlərə  qoşulduqda  müalicə  işi  ilə  bağlı  bir  elm  sahəsi 

təsəvvürünü  doğurur.  Məsələn,  yaşa  dolmuş  orqanizmin  fizioloji  və  psixi  fəaliyyət 

xüsusiyyətlərini,  qocalığın  mahiyyətini  və  ictimai  problemlərini  öyrənən  elm  sahəsinə 

«gerontologiya»,  onun  qocalıq  dövrü  xəstəliklərinin  müalicəsi  ilə  məşğul  olan  sahəsinə 

«geriatriya» adı verilmişdir. Qərb ölkələrində «tibbi seksologiya» termini əvəzinə «seksual 



 

təbabət»  və  «seksiatriya»  istilahları  işlənir.  Sovet  imperiyasının  «seks»  sözündən 



istifadənin  əxlaqsızlığa  sürükləyəcəyindən  daim  ehtiyat  etdiyi  illərdə  məşhur  polyak 

həkim-seksoloqu,  professor  Kazimej  İmelinskinin  (Kazimierz  Imielinski)  bir  kitabının 

orijinal  adı  «Seksologiya  və  seksiatriya  eskizləri»  (polyak  dilində  «Zarys  seksuologii  i 

seksiatrii») olduğu halda, 1986-cı ildə tibb elmləri doktoru, professor Georgi Stepanoviç 

Vasilçenkonun redaktorluğu ilə biologiya elmləri namizədi Aleksandr Bruyenka onu rus 

dilinə «Seksologiya və seksopatologiya» («Сексология и сексопатология») kimi tərcümə 

etmişdir [3]. Burada «seks» sözünün arxasına «patologiya» terminoelementi qoşulmaqla 

cinsi pozğunluqlardan bəhs edən bir elmə işarə olunması məqsədi güdülmüş və buna nail 

olunmuşdur. 

Ümumiyyətlə, «patologiya» sözü bir çox elm sahələrinin adlandırılmasında kara 

gəlmişdir. 

Yaxın 


vaxtlara 

qədər 


«kardiopatologiya», 

«nevropatologiya», 

«psixopatologiya»,  «seksopatologiya»  və  başqa  məfhumlardan  geniş-boluş  istifadə 

edilmişdir.  Bu  mənada  «psixiatriya»  termininin  sinonimi  qismində  məhz 

«psixopatologiya»  istilahına  müraciət  olunmuşdur.  İlk  baxışda  belə  təəssürat  yaranır  ki, 

«psixiatriya»  termini  ilə  müqayisədə  «psixopatologiya»  istilahı  daha  münasib  və  uğurlu 

hesab  edilə  bilər.  Ancaq  «psixiatriya»  və  «psixopatologiya»  terminlərinə  münasibətdə 

müəlliflər arasında fikir ayrılığı var. Müəlliflərin bir qismi iddia edir ki, bunların arasında 

sərhəd  çəkməyə  heç  bir  lüzum  yoxdur.  Ancaq  başqa  müəlliflər  «psixiatriya»  və 

«psixopatologiya» 

terminlərinin 

eyniləşdirilməsinin 

əleyhinə 

çıxır, 


onların 

fərqləndirilməsini  vacib  sayırlar.  Maraqlıdır  ki,  «psixiatriya»  və  «psixopatologiya» 

terminlərinin  fərqləndirilməsi  fikrini  dəstəkləyən  həmin  müəlliflərin  özlərinin  arasında 

mübahisə yaranmışdır. Bu baxımdan bir neçə variant irəli sürülmüşdür:  

1) psixopatologiya psixi xəstəliyin hər ayrıca halında davranışdakı kənarlanmanı 

təsvir  etmək  və  aydınlaşdırmaq  məqsədilə  onun  öyrənilməsilə  məşğul  olan  elmdir  və 

«psixiatriya» ilə müqayisə edilməlidir;  

2)  psixopatologiya  psixiatriyanın  bir  bölməsi  olub,  psixi  xəstəliklərin, 

psixopatoloji proses və halların ümumi qanunauyğunluqlarını öyrənir, buna görə «ümumi 

psixiatriya» hesab edilə bilər;  

3)  psixopatologiya  psixi  proses  və  hadisələrin  normadan  kənarlanmasını  və 

xarakterinə görə xəstəlik dərəcəsinə çatmasını öyrənən elmdir;  

4)  psixopatologiya  yalnız  şizofreniya  və  depressiya  kimi  psixi  pozğunluqların 

ümumi  qanunauyğunluqlarını  tədqiq  edən  elmdir,  buna  görə  həmin  termin  psixi 

pozuntuların müalicəsinin praktik metodlarını deyil, onların yalnız bir neçə xüsusiyyətini, 

adətən etiologiyasını ifadə etmək üçün istifadə olunmalıdır;  

5)  psixopatologiya  psixiatriyanın  bir  bölməsi  olub,  «diaqnoz»,  «patogenez», 

«simptom»,  «sindrom»  və  başqa  tibbi  anlayışlardan  istifadə  etməklə  klinik  metodlar 

əsasında psixi xəstəliklərin klinik təzahürünü öyrənir;  

6) 


psixopatologiya 

psixiatriyanın  psixika,  şəxsiyyət  və  davranışın 

pozğunluqlarının  müxtəlif  aspektlərini,  onların  mənşəyini,  inkişaf  qanunauyğunluqlarını, 

klinik  təzahürlərini,  simptom  əmələ  gətirməsini,  sistematikasını,  diaqnostik  kriterilərini, 

psixi  proseslərin  pozulmasının  müayinəsi  metodlarını,  praktik  işdə  aşkara  çıxarılmış 

kənarlanmaların diaqnostik əhəmiyyətini öyrənən, psixi pozğunluqların tədqiqindən hasil 




 

olan  nəticələrdən  insan  psixologiyasının,  bir  tərəfdən  psixi  və  personal  kənarlanmaların 



qarşılıqlı  təsiri  proseslərinin,  digər  tərəfdən  mədəniyyət  və  sosial  proseslərin  qarşılıqlı 

bağlılığının başa düşülməsində istifadə olunmasını  araşdıran  interdissiplinar  (fənlərarası) 

bir sahəsidir;  

7) psixopatologiya xəstəliklər haqqında təlimin bir bölməsi olub, psixozların və 

başqa psixi pozğunluqların inkişafının, təzahürü və gedişinin səbəb, qanunauyğunluq və 

mexanizmlərini  öyrənir,  həmçinin  onların  təsnifatı  prinsiplərini  göstərir,  müalicəsi 

metodlarını işləyib hazırlayır və digər tərəflərini araşdırır; 

8)  psixopatologiya  əməli  əhəmiyyət  kəsb  etməkdən  əlavə  insan  haqqında 

ümumi təlimin psixologiyadan savayı daha bir vacib tərəfidir. 

Göründüyü kimi, psixopatologiya mövcud nöqteyi-nəzərlərin bir qisminə görə 

psixiatriyaya qarşı qoyulur, başqa hallarda onun bir bölməsi kimi nəzərdən keçirilir, bəzi 

hallarda psixiatriya hüdudundan kənara çıxmaqla xəstəliklər haqqında təlimin, hətta insan 

haqqında ümumi təlimin bir bölməsi kimi təqdim edilir.  

Əslinə  qalsa,  «psixiatriya»  və  «psixopatologiya»  terminlərini  qarşı-qarşıya 

qoymaq,  onlardan  birini  digərindən  üstün  tutmaq  olmaz.  Tibb  elminin  bir  sahəsi  olaraq 

«psixiatriya»  və  «psixopatologiya»  istilahlarının  eyniləşdirilməsində  elə  bir  qəbahət 

yoxdur.  Sadəcə  olaraq  son  illərdə  «patologiya»  sözünün  elm  sahələrini  ehtiva  edən 

terminlərə bir element kimi qoşulması ənənəsindən uzaqlaşma cəhdləri güclənmişdir. Buna 

görə «nevropatologiya», «psixopatologiya», «seksopatologiya» kimi istilahların işlənməsi 

erasının başa çatdığını zənn etmək olar. Bu barədə rusiyalı məşhur alim və həkim Qabriel 

Lazareviç Biliç 2007-ci ildə çap etdirdiyi «Seksologiya üzrə sorğu kitabı»nda haqlı olaraq 

qeyd  etmişdir:  «Seksopatologiyanın  ayrıca  fənn  kimi  ayrılması  süni  və  qondarma  bir 

şeydir.  Əgər  bu  prinsipdən  çıxış  edilərdisə,  onda  «uropatologiya»,  «pulmopatologiya», 

«kardopatologiya»,  «nefropatologiya»  kimi  sahələr  ayırmaq  lazım  gələrdi.  Belə  cəfəng, 

mənasız  nümunələrin  sayını  artırmaq  olardı.  Xoşbəxtlikdən,  bu  fikir  heç  kimin  başına 

girmir» [1]. 

Sonda bir şeyi qeyd edək ki, «psixopatologiya»  məfhumu təkcə «psixiatriya» 

termininin  sinonimi  qismində  işlənmir,  eyni  zamanda  psixi  xəstəliyin  simptom  və 

sindromlarının  məcmusunu  özündə  ehtiva  edir.  Bu  mənada  psixopatologiyaya 

münasibətdə əsasən iki cür baxış mövcuddur:  

1) psixopatologiya sadəcə hər hansı psixi xəstəliyin klinik cəhətdən təzahür edən 

əlamətlərinin  cəmidir  ki,  onu  psixi  sahənin  patologiyası,  psixi  xarakterli  pozuntuların 

məcmusu kimi nəzərdən keçirmək olar;  

2)  psixopatologiya  psixi  funksiyanın  icrasının  patoloji  patternidir  ki,  onu 

kənarlanma, distress, disfunksiya və yaxud təhlükəlilik patterni kimi təsvir etmək olar.  

 

Mətndə rast gəlinən personalilər haqqında qısa məlumat 




Yüklə 313,12 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin