Press-reliZ 01 iyul 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 54.79 Kb.
tarix12.02.2017
ölçüsü54.79 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
01 iyul 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • ELAN!

  • REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  • AZAD AZƏRBAYCAN” TELEVİZİYASININ MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

  • AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBELYASININ SESSİYASINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI MÜZAKİRƏLƏR KEÇİRİLİB

  • RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • YASAMAL RAYON İCRA BAŞÇISININ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASI İCRAATA QƏBUL EDİLDİ

  • BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

  • TELEJURNALİST MƏTBUAT KONFRANSI KEÇİRİB

  • BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASININ TƏMSİLÇİLƏRİ AZƏRBAYCANDA MEDİANIN DURUMUNU ARAŞDIRIBLAR

  • VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU


ELAN!

2 İYUL SAAT 11.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Bu həftə” qəzetinin baş redaktoru Yaqut Şamilqızı övladının həbs olunması zamanı və sonrakı dövrdə hüquq-mühafizə orqanlarının qanunsuzluqlara yol verməsi ilə bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər və hüquq müdafiəçiləri dəvətlidirlər.



ELAN!

      2 İYUL SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Biləsuvar rayon İsmətli kənd sakini Ağayev İxtiyar Ağakərim oğlu pay torpaq sahəsinin qanunsuz zəbt olunması ilə bağlı mətbuat konfransı keçirəcək.  

     Tədbirə jurnalistlər və hüquq müdafiəçiləri dəvətlidirlər.

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azad Azərbaycan” telekanalının çəkiliş qrupunun peşə fəaliyyətinə mane olunmasını, həmçinin kanalın operatorunun fiziki təzyiqə məruz qalmasını qətiyyətlə pisləyir və bunu mediaya qarşı təzyiq kimi qiymətləndirir.

Belə ki, bu gün (01 iyul) Yasamal Rayon Hərbi Komissarlığından hərbi çağırışla bağlı reportaj hazırlamaq istəyən telekanal əməkdaşlarına – müxbir Zaur Zahidoğluna və operator Ramin Şahbazova çəkiliş aparmağa icazə verilməyib və hərbi komissarlığın səlahiyyətlisi operatora fiziki təzyiq göstərib.

RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. Bundan əlavə bu əməl Cinayət Məcəllənin 309.2-ci maddəsi (fiziki zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) ilə cinayət məsuliyyəti yaradır.

RATİ qeyd edir ki, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, ona qarşı fiziki təzyiq, xüsusilə də vəzifə səlahiyyətlərini aşmaqla zor tətbiq etmə faktı cinayət əməli olduğuna görə, bu əməli törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.  

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır. 


AZAD AZƏRBAYCAN” TELEVİZİYASININ MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB
Bu gün (01 iyul) Yasamal Rayon Hərbi Komissarlığında (RHK) “Azad Azərbaycan” televiziyasının (ATV) çəkiliş qrupuna peşə fəaliyyətini yerinə yetirməyə izacə verilməyib və operator Ramin Şahbazov qarşı fiziki təzyiq edilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) telekanalın “Son Xəbər” proqramının redaktor assistenti Aygün Nurəddinqızı məlumat verib. O bildirib ki, hərbi çağırış başladığı üçün çəkiliş qrupu reportaj hazırlamaq məqsədilə Yasamal RHK-da olublar. “Lakin hərbi komissarın adı hələlik məlum olmayan kapitan rütbəli müavini əməkdaşlarımızın çəkiliş aparmasına icazə verməyib. O, kameranı operatorun əlindən almağa çalışıb və ona fiziki zor tətbiq edib” – deyən A.Nurəddinqızı vurğuladı ki, aldığı yumruq zərbələrindən R.Şahbazovun sifəti tanınmaz hala düşüb. O, əlavə etdi ki, hər iki əməkdaş baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinə (RPİ) şikayət ediblər.

Yasamal RHK-nın özünü təqdim etməkdən imtina edən əməkdaşı RATİ-yə bildirib ki, ATV-nin əməkdaşları çəkiliş üçün icazə almadıqları üçün onlara şərait yaradılmayıb. İnsidentin bu səbəbdən yarandığını deyən RHK əməkdaşı bildirdi ki, ATV-nin çəkiliş qrupu komissarlığın müharibə veteranı olan polkovnik-leytenant rütbəli əməkdaşını təhqir etdikləri üçün onları inzibati binadan uzaqlaşdırıblar.

Yasamal RPİ-nin növbətçi hissəsindən özünü təqdim etməyən əməkdaş onlara bu hadisə elə bir şikayət daxil olmadığını dedi.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə müdiri Ehsan Zahidov da hadisə barəsində məlumatsız olduğunu bildirib.


AVROPA YAYIM BİRLİYİNİN BAŞ ASSAMBELYASININ SESSİYASINDA AZƏRBAYCANDA SÖZ AZADLIĞI İLƏ BAĞLI MÜZAKİRƏLƏR KEÇİRİLİB
Bu gün (1 iyul) Bakıda Avropa Yayım Birliyinin (AYB) Baş Assambleyasının 64-cü sessiyası öz işinə başlayıb. Sessiya zamanı Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı panel təşkil edilib.

Paneldə çıxış edən Media Mərkəzinin rəhbəri Gülnarə Axundova Azərbaycandakı jurnalistlərin peşəkarlığının aşağı olduğunu, xeyli sayda qəzetlərin çap olunduğunu, yerli telekanallar və radiolarla yanaşı xarici radiostansiyaların fəaliyyət göstərdiyini bildirdi. Bununla belə bir baş redaktorun, 2 bloggerin həbsdə olduğu, məlumat əldə etmək sahəsində problemlərin mövcudluğu da qeyd edildi. Axundova Azərbaycanda söz azadlığının ümumiyyətlə olmamasını söyləyə bilməyəcəyini vurğuladı. Daha sonra çıxış edən blogger Əli Novruzov media azadlığı ilə bağlı vəziyyətin elə də ürəkaçan olmadığını bildirdi. Novruzov bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin həbsi ilə bağlı sessiya iştirakçılarına əlavə məlumat verdi, YouTube-da yerləşdirilmiş hakimiyyəti tənqid edən satirik video rolikin onların həbsinin əsas səbəbi olduğunu vurğuladı. Paneldə sonuncu olaraq çıxış edən ATƏT-nin Media Azadlığı üzrə keçmiş Nümayəndəsi Mikloş Haraşti G. Axundovanın xarici radiostansiyalarla bağlı qeydinə münasibət bildirdi. Haraşti Azadlıq, BBC və Amerikanın Səsi radiolarının yerli FM tezliklərdə yayımına qadağanın qoyulduğunu və əslində onların fəaliyyətinin xeyli dərəcədə məhdudlaşdırıldığını qeyd etdi. O çıxışında bir müddət əvvəl Azərbaycanda həbsdə olmuş jurnalistlərin sayının çox olduğunu və onların saxta ittihamlarla həbs edildiyini vurğuladı.

Sessiyanın ilk gününün sonunda iştirakçıların AYB tərəfindən qəbul ediləcək yekun sənədi ilə bağlı fikirləri soruşuldu. Bir sıra texniki təkliflərlə yanaşı Azərbaycanda “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və 2 bloggerin adlarının bu sənədə daxil edilməsinin vacibliyi ilə bağlı təkliflər də səsləndirildi. Yekun sənədin sabah qəbul ediləcəyi gözlənilir.
RAMİZ MEHDİYEVİN “XURAL” QƏZETİNƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (01 iyul) Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmə prosesi keçirilib

Məhkəmədə iddiaçı tərəfin nümayəndəsi Anar Bağırov, cavabdeh tərəfdən isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iştirak edirdi.

İddiaçı tərəfin nümayəndəsi Anar Bağırov bildirdi ki, 23 may 2010- cu il tarixli, buraxılışında Elçin Uğurtac adlı müəllif tərəfindən yazılmış “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə akademik Ramiz Mehdiyevin şərəf və ləyaqəti alçaldılmaqla yanaşı, təhqir edilib və ona böhtan atılıb. Buna görə də, iddianın təmin olunmasını hakimdən xahiş etdi.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə bildirdi ki, məqalədə heç bir təhqir elementi yoxdur. “Lakin istənilən halda qarşı tərəfin mövqeyini “cavab haqqı” olaraq dərc etməyə hazırıq” – deyə Əvəz Zeynallı qeyd etdi.

Hakim növbəti prosesini 2 iyul saat 17.10-a təyin etdi.

Qeyd edək ki, iddiaçı “Xural” qəzetinin 23 may 2010-cu il tarixli buraxılışında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırıb.

Qeyd edək ki, Xural” qəzeti 2002-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb və həftəlik dərc olunur.


YASAMAL RAYON İCRA BAŞÇISININ XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİASI İCRAATA QƏBUL EDİLDİ

Dünən (30 iyun) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçının nümayəndələri Zahir Niftəliyev və Azər Tağıyev, cavabdeh Yaqub Muradzadə və onun nümayəndələri - Əlibaba Rzayev və Şəhriyar Əliyev iştirak edirdilər.

Hakim ötən prosesdə Əlibaba Rzayevin Yasamal rayon icra hakimiyyətinin məhkəməyə təsir imkanlarının olmasını əsas gətirərək, iddiaya başqa məhkəmədə baxılması barədə təqdim etdiyi etirazına məhkəmə sədri tərəfindən baxıldığını və təmin edilmədiyini bildirdi.

Əlibaba Rzayev isə məhkəməyə verilən etirazın apellyasiya məhkəməsi tərəfindən baxılmalı olduğunu və məhkəmə sədrinin bu etirazla bağlı qərar qəbul etməsinin qanunsuz olduğunu bildirdi. O, həmçinin iddiaya səbəb olmuş fikirlərinin KİV-də işıqlandırılmadığını, yalnız şikayət ərizələrində yer aldığını əsas gətirərək, iddianın icraata qəbul edilməməsi ilə bağlı vəsatət qaldırdı.

İddiaçının nümayəndələri isə vəsətətin əsassız olduğunu bildirərək iddianın icraata qəbul edilməsini xahiş etdilər.

Hakim iddianı icraata qəbul edərək, növbəti prosesi 7 iyul saat 16:30-a təyin etdi.

Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-ci ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

Xatırladaq ki, İ.Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına yazdığı şikayət məktublarında təhqir və böhtana məruz qaldığını hesab edərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.
BAKI APELLYASİYA MƏHKƏMƏSİ RATİ-NİN ELMİN BƏDƏLOVUN MƏHKƏMƏSİ İLƏ BAĞLI MÜRACİƏTİNİ CAVABLANDIRIB

Bu gün (1 iyul) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə-jurnalist Elmin Bədəlovun Nəsimi rayon Məhkəməsinin  5 aprel tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Hakim C.Səfiyeva ötən proseslərdə olduğu kimi bu dəfə də media nümayəndələrinin və müşahidəçilərin açıq keçirilən məhkəmə prosesinə buraxılmasına icazə vermədi.

Prosesdə şikayətçi E.Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdeh tərəfdən isə vəkil İlqar Cavadlı və ADNA-dan nümayəndə qismində “Neft Mexanika” fakültəsinin dekanı Qasım Məmmədov iştirak ediblər.

Prosesin gedişi barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) iddiaçının vəkili Fariz Namazlı məlumat verib:

“Biz media nümayəndələrinin açıq keçirilən məhkəmə prosesinə buraxılması ilə bağlı hakimə müraciət etdik. Hakim C.Səfiyeva bildirdi ki, müraciət bu gün Apellyasiya Məhkəməsinin sədrinə təqdim ediləcək” - deyən vəkil F. Namazlı əlavə etdi ki, hakim növbəti prosesi 2 iyul saat 14:30-a təyin edib.

Qeyd edək ki, jurnalistləri və müşahidəçiləri açıq keçirilən məhkəmə iclaslarından kənarlaşdırdığına görə, RATİ bu barədə Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə və Ombudsman Elmira Süleymanovaya müraciət edib.

Bu gün (01 iyul) Bakı Apellyasiya Məhkəməsinin təşkilat şöbəsinin müdiri Rəşad Məmmədovun RATİ-yə göndərdiyi məktubda bildirilir ki, sözügedən şikayət üzrə 10.06.2010-cu il tarixdə keçirilən prosesdə iclas başlayandan sonra media nümayəndələrinin icazəsiz şəkildə daxil olmalarına hakim icazə verməmişdir. Həmçinin məktubda vurğulanır ki, hər bir şəxs, o cümlədən media nümayəndələri qapalı keçirilən məhkəmə prosesləri istisna olmaqla Bakı Apellyasiya Məhkəməsində keçirilən bütün məhkəmə proseslərində iştirak edə bilərlər.

Xatırladaq ki, hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşı olan Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb.
TELEJURNALİST MƏTBUAT KONFRANSI KEÇİRİB
Bu gün (01 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində telejurnalist Dilşad Məmmədova rəhbəri olduğu “DeeM-prodakşn” MMC ilə “Nur” klinikası arasında yaranmış maliyyə problemləri ilə bağlı mətbuat konfransı keçirdi.

D.Məmmədova bildirdi ki, 2008-ci ildə “Nur” klinikası ilə müqavilə bağlayıb. “1 illik müqaviləyə əsasən, “DeeM-prodakşn” klinikanın sponsorluğu ilə veriliş hazırlayaraq, ANS telekanalında yerləşdirməli və klinikanın rəhbəri Mehparə Məmmədova reklam haqqı olaraq, hər ay üçün bizə 6000 manat ödəməli idi. İlk proqram həmin il iyunun 22-də efirə çıxıb və M.Məmmədova bizə yalnız 1 ayın pulunu ödəyib. İkinci ay o, bildirdi ki, həm maliyyə problemləri yarandığından, həm də Azərbaycanda olmadığından, hələlik pulu ödəyə bilmir. Buna görə də, özü zamin duraraq, 3 bankdan mənim adıma kredit götürdü ki, işləri həll edim” – deyən D.Məmmədova bildirdi ki, üçüncü ay M.Məmmədova xərclərinin çox olduğunu və pulu ödəyə bilməyəcəyini deyib. Bundan sonra verilişin efirə verilməsi dayandırılıb.

D.Məmmədova vurğuladı ki, götürülən kreditləri ödəyə bilmədiyi üçün banklar onu məhkəməyə verib.

O özü isə “Nur” klinikasının müqaviləyə əsasən ödəməli olduğu 62.200 manatı almaq üçün 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırıb. “Mehparə Məmmədova isə iddia edir ki, guya 18 min manat ödəyib. Buna görə də, paralel olaraq, Vergilər Nazirliyinə də müraciət etmişəm” – deyən şikayətçi əlavə etdi ki, məhkəmədə iddia təmin olunmadığı üçün, şikayət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianı qismən təmin edərək, “Nur” klinikasının 4500 manat ödəməsi barədə qərar çıxarıb. Bu qərarla bağlı hər iki tərəf Ali Məhkəməyə kassasiya şikayəti verib.

Dilşad Məmmədova mətbuat konfransında bildirdi ki, işi ilə yanaşı ailəsi ilə birlikdə yaşadığı evi də itirib.


BEYNƏLXALQ JURNALİSTLƏR FEDERASİYASININ TƏMSİLÇİLƏRİ AZƏRBAYCANDA MEDİANIN DURUMUNU ARAŞDIRIBLAR
Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təmsilçiləri Oliver Money Kirle və Adrien Kollin iyun ayının 23-dən 30-na kimi Azərbaycanda səfərdə olublar.

BJF-nin Azərbaycan üzrə təmsilçisi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ) Müşfiq Ələsgərli bildirib ki, BJF təmsilçilərinin səfərinin məqsədi Azərbaycanda medianın durumu ilə bağlı obyektiv araşdırma aparmaqdan ibarət olub. Bu məqsədlə onlar Prezident Aparatında (media sektorunda), Böyük Britaniyanın Azərbaycandakı səfirliyində, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Media departamentində, Avropa Komissiyasının Azərbaycan nümayəndəliyində, Azərbaycan Mətbuat Şurasında, Demokratik Jurnalistlər Liqasında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda, həmçinin, müxtəlif jurnalist təşkilatları və KİV redaksiyalarında görüşlər keçiriblər.

Qonaqlar həmçinin, BJF-nin Avropa Komissiyasının maliyyə yardımı ilə Azərbaycanda həyata keçirdiyi “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində görülən işlərlə maraqlanmış, layihə çərçivəsində gerçəkləşdirilən “Həmkarlar təşkilatları təlimləri”ndə iştirak etmişlər.

Ələsgərli qeyd edib ki, BJF təmsilçilərinin növbəti iki ildə intensiv şəkildə Azərbaycana gəlişi və media ilə bağlı proseslərə aktiv şəkildə qatılmaları razılaşdırılıb.


VİCDAN MƏHBUSLARINA DƏSTƏK MARAFONU

  


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qarşıdan gələn 22 İyul Milli Mətbuat Günü  ilə əlaqədar həbsdə olan 3 vicdan məhbusuna (”Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, bloggerlər Emin Milli (Abdullayev), Adnan Hacızadə) və onların ailələrinə maddi və mənəvi yardım göstərmək məqsədi ilə “Vicdan Məhbuslarına Dəstək” xeyriyyə marafonu keçirir. İyunun 22-dən iyul ayının 22-dək davam edəcək marafonda yığılmış məbləğ jurnalistlərin  ailələrinə paylanacaq. Marafonda iştirak etmək könüllüdür və 18 yaşına çatmış hər bir Azərbaycan və xarici ölkə vətəndaşları iştirak edə bilər. Marafonda həm fərdi həm də kollektiv şəkildə iştirak etmək mümkündür. Marafonda iştirak üçün minimal və maksimal məbləğ məhdudiyyəti yoxdur. Beləliklə marafonda imkanından asılı olmayaraq söz azadlığını dəstəkləyən hər bir şəxs iştirak edə bilər. Sonda marafonda yığılmış məbləğ və iştirakçıların adları RATİ-nin internet saytında və mətbuatda dərc ediləcək, həmçinin vicdan məhbuslarının ailə üzvlərinə təqdim olunacaq. Adının dərc olunmasını istəməyən marafon iştirakçısı şərti adla (kodlaşdırılmış ad) iştirak edə bilər. Şəffaflığın təmin edilməsi üçün qəbzin 1-ci hissəsi iştirakçıda, 2-ci hissəsi isə təşkilatçıda qalır.

Qeyd edək ki, hər üç şəxs hakimiyyəti tənqid etdiklərinə görə həbs olunduqları üçün, yerli və beynəlxalq ictimaiyyət onları vicdan məhbusu kimi tanıyıb. Eynulla Fətullayev 2007-ci ilin aprel ayından, Emin Abdullayev və Adnan Hacızadə isə 2009-cu ilin iyul ayından həbsdədirlər.

Marafonda iştirak etmək istəyən hər bir şəxs RATİ-nin (+ 994 12) 418-03-34, (+ 994  12) 418-55-34, (+ 994 77) 398-48-38, (+ 994 70) 398-48-38, (+ 994 55) 816 40 04) nömrəli telefonlara və irfs.az@gmail.com elektron ünvanına müraciət edə bilər.

MARAFONDA İŞTİRAK ET, VİCDAN MƏHBUSLARINA DƏSTƏK OL!


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
: groups -> 19747944
19747944 -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
19747944 -> Press-reliZ 17 mart 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 20 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 21 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 26 noyabr 2009-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 16 aprel 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 25 fevral 2010-cu IL Bakı, Azərbaycan


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə