Əsas fondların təkrar istehsal xarakteristikası onların artması, təzələnməsi və sıradan çıxması göstəriciləri vasitəsilə təhlil olunur və öyrənilir.
Artma əmsalı baxılan dövrdə əsas fondların artımını əks etdirir və yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi müəyyən edilir.
İstehsal aparatının yeniləşməsi təzələnmə (yeniləşmə) əmsalı ilə müəyyən olunur və bu əmsal yeni istifadəyə verilmiş əsas fondların dəyərinin ilin axırına olan əsas fondların dəyərinə nisbətini əks etdirir. Əsas fondların artma və təzələnmə göstəriciləri qarşılıqlı əlaqəli kəmiyyətlərdir: artma əmsalının yüksəlməsi təzələnmə əmsalının artmasına və əksinə, təzələnmə əmsalının çoxalması artma əmsalının yüksəlməsinə səbəb olur.
Əsas fondların sıradan çıxma əmsalı baxılan dövrdə istifadədən çıxmış əsas fondların dəyərinin ilin əvvəlinə olan əsas fondların dəyərinə nisbəti kimi hesablanır. İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz əksini həm də istehsal gücündən istifadədə tapır. Firmanın istehsal gücü – müəyyən dövr ərzində (məsələn, ay, rüb, il) elm və texnikanın ən yeni nailiyyətlərinin, mütərəqqi texnoloji proseslərin və qabaqcıl istehsalat təcrübəsinin geniş tətbiqi, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsi əsasında, mövcud istehsal əsas fondlarından tam istifadə etməklə optimal nomenklaturada, çe- şiddə və keyfiyyətdə müəyyən məhsul buraxılışı üzrə maksimum imkandır. İstehsal gücü ayrı-ayrı sexlər, aqreqatlar, xətlər üzrə də müəyyən edilir. İstehsal gücü istehsal bölmələrinin (müəssisə, sex, istehsal sahəsi, iş yeri) il ərzində məhsul buraxmaq üzrə maksimum imkanlarını xarakterizə edən, istehsal potensialını əsaslandırmaq üçün çox qiymətli və hesablama metodikası nisbətən mürəkkəb olan texniki-iqtisadi göstəricidir. Bu göstəricinin əhəmiyyəti istehsal potensialının əsaslandırılması ilə bitmir; onun vasitəsilə habelə mövcud olan istehsal əsas fondlarının imkanları aşkar edilir, investisiyaya ehtiyacın həddi müəyyən edilir. İstehsal gücünün düzgün hesablanmasının mühüm bir əhəmiyyəti də firmanın perspektiv üçün avadanlığa tələbatının real həddini və təchizat işinin həcmini aşkar etməkdir. İstehsalı nəzərdə tutulan məhsulun həcmi ilə istehsal əsas fondlarının imkanını müqayisə etməklə əlavə istehsal gücləri və onların işə salınması üçün lazım olan əsaslı vəsait qoyuluşunun məbləğini müəyyən etmək olar. Faktiki məhsul buraxılışı həcminin maksimum mümkün olan istehsal həcmi ilə müqayisəsi birbaşa istehsal güclərindən və dolayısı ilə istehsal əsas fondlarından istifadə səviyyəsini aşkar edir.
İstehsal gücləri müəssisədə sifarişlər zənbilinin realizə olunması, istehsalın həcminin planlaşdırılmasında çox mühüm rol oynayır. İstehsal gücləri və onlardan istifadə dərəcəsi hər bir müəssisənin istehsal proqramını hazırlayarkən və əsaslandırarkən ilkin məlumat kimi istifadə olunur. Alınmış sifarişlərin yerinə yetirilməsi reallığı onun müvafiq texniki-iqtisadi hesablamalarla, xüsusən də istehsal güclərinin ölçüsü ilə əsaslandırmaq nəticəsində təmin edilir.
İstehsal gücü il üçün bütün məhsulun nomenklaturası üzrə hesablanır. Hər bir məhsul növü üzrə istehsal gücü—natural ölçü vahidlərində, ayrı-ayrı məhsul növləri üzrə isə – dəyər və natural ifadədə müəyyən edilir. Maşınqayırma və metal emalı müəssisələrində istehsal gücü konkret məhsul növlərinin buraxılışı üzrə hesablanmaqla yanaşı (planda qəbul edilmiş ölçü vahidində), həmçinin müqayisəli qiymətlərlə məhsul buraxılışı üzrə də müəyyən edilir. Geniş nomenklaturalı məhsul buraxan müəssisələrdə istehsal gücü hesablanarkən, mövqelərin iriləşdirilməsi, yəni konstruktiv və texnoloji cəhətdən yekcins məmulatların təmsil olunan məmulatlarla birləşdirilməsi mümkündür. Məmulat nomenklaturasının bir və ya bir neçə təmsil olunan məmulatla ölçülməsi, adətən, maşın vaxtı məsrəfləri və ya həmcins məhsulların hər növünə düşən norma-saat əsasında aparılır.
Dostları ilə paylaş: |