İntibahın baş verməsinə şərait yaradırdı. Azərbaycan və bütövlükdə İslam Şərqi fəlsəfəsində
İntibah yerli fəlsəfi irsin qədim yunan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf edərək, sonradan
Qərb və Şərq fəlsəfəsinin inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi fikrinin İntibahı
təbiətşünaslıq elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi və s.
mənəvi mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi təlimlərini bəhrələndirən
fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi.
XI–XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini yunan-Roma
fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə fərqlənən Şərq
peripatetizmi, işraqilik, sufilik və s. cərəyanların fəlsəfi ideyalarını əks etdirən xüsusi
risalələrdə, təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə və fəlsəfi poeziyada əksini
tapmışdı. Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi
fikrin müxtəlif sahələrini təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş
diapazonu və dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olmuşdur.
Azərbaycanda İslam peripatetizmi. Azərbaycanda feodal istehsal münasibətlərinin tam
bərqərar olub inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm
arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib
inkişaf etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam
dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları. XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı
Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin (993-1066) adı ilə bağlıdır. Onun bir sıra qiymətli
əsərləri (“Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Metafizika
elminin mövzusuna dair traktat”, “Mövcudluğun mərtəbələri”) olmuşdur. Bunların içərisində
“Təhsil kitabı” xüsusi yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək
üçün mühüm mənbələrdən biri olmuşdur.
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq problemləri
sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölərək
göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edilməsi mümkün olmayan
varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qalan mövcudluqlardır. Zəruri və ya
vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu
cəhətdən zəruri olmayanlardır. Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb
və nəticə arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə nəticə
bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir.
14
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı
əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və
formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa
tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və
o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan
asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir.
Ə.Bəhmənyarın “Təhsil kitabı”nda dünyanın vəhdəti məsələsinin anlaşılmasına dair
fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, vahid materiya və
forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası hesab edir. Onun fikrincə, bu
mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir.
Dünyadakı bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən
daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələri bir-birilə
əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və
göstərilir ki, “hər dərk edilən şey dərk edəndə təzahür edir”, duyğular, qavrayışlar maddi
varlıqların düzgün sürətləri, inikaslarıdır. Əqli və ya rasional idrak da onun diqqətindən
kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü
adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin
predmetinə, vəzifələrinə, problemlərinə “Təhsil kitabı”nda geniş yer vermişdir.
XIII əsrdə yaşamış Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi (1193-1248) böyük
filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ öz sağlığında, habelə
sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi Azərbaycanın Xalxal vilayətinin Xuanc
qəzasında anadan olmuş və orada təhsil almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi
vəzifəsini tutmuşdur.
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, “Məntiqə dair
xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb qanununun şərhi” bu
Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi (874-950), İbn Sina.
Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan Əfzələddin Xunəçinin yaradıcılığında
xüsusilə məntiq məsələləri geniş işıqlandırılmışdır. Burada anlayış və onun tə'rifi, hökm,
istidlal və onların növləri ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır.
Azərbaycan filosofu Aristotel ənənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur.
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud (?-1365),
Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) və b. görkəmli
filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın bir sıra kitabxanalarında
saxlanılır.
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri də
Nəcməddin Naxçıvanidir (?-1253).
|