93
General Hacıbaba Zeynalov iki hərbi Akademiyanın məzunu olmuşdur. O, 1939-cu ildə
M.V.Frunze adına hərbi Akademiyanı, 1948-ci ildə isə Baş Qərargah Akademiyasını əla
qiymətlərlə bitirmişdir.
Müharibədən sonra general Zeynalov korpus komandanının müavini, sonralar 402-ci
Azərbaycan atıcı diviziyasının komandiri olmuşdur. Hərbi işi hədsiz dərəcədə sevən general
yorulmaq bilmədən çalışırdı.
O, diviziyanın hissələri üçün atəşgahlar, tank və artilleriya üçün poliqonlar, avtodromlar
və digər mühüm obyektlər yaradırdı. General Zeynalov əsgərlərin yüksək döyüş bacarığına
yiyələnməsi üçün var qüvəsi ilə çalışırdı.
Tez və səliqəli iş görən, sözdə də konkret və qısa danışan general Zeynalov həm də çox
tələbkar komandir idi. O, həmişə cəsarətli və işgüzar zabitləri nümunə göstərərdi. General-mayor
Zeynalov ictimai xadim kimi də fəal vətənpərvər idi, respublika Ali Sovetinin deputatı, Mərkəzi
Komitənin üzvü olmuşdu.
1956-cı ildə Hacıbaba Zeynalovun misilsiz hərbi xidməti nəzərə alınaraq ona general-
mayor rütbəsi verilib. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəisi işləyən istedadlı
komandir, Sovet Ordusu üçün bacarıqlı, yüksək ixtisaslı, Vətənin, xalqın keşiyində ayıq-sayıq
dayanan zabitlər yetişdirirdi.
Hərbi məktəbdə bu gün general Zeynalovun adını ehtiramla çəkirlər. Məktəbin “Şöhrət
muzeyi”ndə keçmiş rəisə həsr olunmuş ayrıca guşə var. Gələcəyin zabitləri bu guşənin qarşısına
tez-tez yığışır, generalın keçdiyi şan-şöhrətli döyüş yolunu maraqla öyrənirlər.
İstefada olan polkovnik Konstantin Oletskinin xatirələrindən:
- General Zeynalov Bakı hərbi məktəbinə 1957-ci ildə gəldi. Onun məktəbə gəlişi ilə
kursantların tədris prosesində müharibədən sonrakı döyüş təcrübəsinin üstün cəhətlərinin tətbiq
edilməsi dövrü başlandı. Təlim sahəsində böyük təcrübəsi olan general Zeynalov özünün Frunze
adına Akademiyada və Baş Ştabın Voroşilov adına Akademiyasında aldığı dərin biliyə
əsaslanaraq, kursantların səhra şəraitində təlimini qətiyyətlə təşkil etməyə başladı. Zabit və
müəllimlərdən tələb edirdi ki, kursantları müharibədə tələb olunan hər şeyə öyrətsinlər.
O, məktəbin zabit heyətində komandirlik və müəllimlik vərdişlərinin tərbiyə olunmasına,
təkmilləşdirilməsinə də böyük diqqət yetirirdi. Gündəlik işində məktəbin təlim bazasını
möhkəmləndirməyi də unutmur və bunu tabeliyində olanlardan da tələb edirdi. O deyirdi ki,
“...savadlı, mənəvi və fiziki cəhətdən möhkəm zabitləri yalnız döyüşə maksimum yaxın olan
şəraitdə tərbiyə etmək olar. Bundan ötrü də kursantların təlim-tərbiyəsi üçün hər cür lazımi şərait
yaratmaq lazımdır”.
Bilavasitə onun rəhbərliyi ilə müasir avtotank parkı, üzgüçüluk hovuzu tikilmiş, təlim
düşərgəsi təkmilləşdirilmiş, kabinetlər ən yeni avadanlıqla təchiz edilmişdir.
General-mayor Hacıbaba Zeynalovun rəhbərliyi və şəxsi iştirakı ilə qısa vaxtda ali
riyaziyyat, fizika, texniki tank hazırlığı və xarici dillər kafedraları yaradılaraq avadanlıqla təchiz
edilmişdir. Kursantlara kimya, elektroradiotexnika, elektronika, pedaqogika, psixologiya fənləri
tədris edilməyə başlandı.
Bu gün Azərbaycan SSR Ali Soveti adına Bakı Ümumqoşun Komandirləri Məktəbinin
ölkənin qabaqcıl Ümumqoşun məktəblərindən biri hesab olunmasında şübhəsiz general
Zeynalovun xidməti böyükdür.
O, nikbin və təvazökar bir insan idi. Onu tanıyanların, onunla işləyənlərin, ondan dərs
alanların hamısının xatirəsində Zeynalov beləcə qalacaqdır.
Hacıbaba Zeynalovun böyük sərkərdəlik qabiliyyətini yüksək qiymətləndirən partiya və
hökumətimiz onu Lenin ordeni, üç dəfə “Qırmızı bayraq” və “Qırmızı Ulduz” ordenləri ilə,
çoxlu medalla, fəxri fərmanlarla mükafatlandırmışdır.
Onun ölməz əməllərini əbədiləşdirmək məqsədilə xalqımız Xəzərin mavi sularında üzən
bir gəmini “general Zeynalov” gəmisi adlandırmış, doğma şəhəri Gəncənin küçələrindən birinə
onun adını vermişdir.
Dostları ilə paylaş: