Nİzami GƏNCƏVİ



Yüklə 2.24 Mb.
Pdf просмотр
səhifə1/17
tarix19.07.2017
ölçüsü2.24 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

                                                                                                               

  

                                                                                                               

NİZAMİ GƏNCƏVİ 
SİRLƏR  
XƏZİNƏSİ 
'LİDER"NƏŞRİYYAT"  
BAKI-2004 
  
  

                                                                                                               

Bu əsər "Nizami. Lirika. Sirlər xəzinəsi. Şərəfnamə " 
(Bakı, Yazıçı, 1988) kitabı əsasında 
təkrar nəşrə hazırlanmışdır 
Farscadan tərcümə edəni   
 
Xəlil Rza Ulutürk 
və izahların müəllifi: 
Ön sözün müəllifi 
 
 
Xəlil Yusifli 
və elmi redaktor:  
 
filologiya elmləri doktoru, 
professor 
894.361'1 - dc 21 
AZE 
Nizami Gəncəvi. Sirlər xəzinəsi. "Lider nəşriyyat", Bakı, 2004, 
264 səh. 
"Sirlər  xəzinəsi"  poeması  "Xəmsə"nin  birinci  kitabıdır.  Bu  əsərdə  dahi  Azərbaycan 
şairi Nizami Gəncəvi qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, 
ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini 
bildirmişdir. 
ISBN 9952-417-06-1 
© "LİDER NƏŞRİYYAT", 2004 
  

                                                                                                               


                                                                                                               

NİZAMİ GƏNCƏVİ VƏ ONUN 
"SİRLƏR XƏZİNƏSİ" POEMASI 
    Dahi  Azərbaycan  şairi  və  mütəfəkkiri  Nizami  Gəncəvi  bəşər 
mədəniyyətinin  yetirdiyi  nadir  şəxsiyyətlərdəndir.  Söz  dünyasının  günəşi, 
hələ  sağlığında  ikən  əsərləri  möcüzə  sayılan  Nizami  özü  də  yaradıcılığının 
dəyərini  yaxşı  bilmişdir.  Şair  "Sirlər  xəzinəsi"  poemasında  belə  bir  fikir 
yürüdür  ki,  elmin,  mədəniyyətin,  ədəbiyyatın  inkişafında  dəmir  bir 
qanunauyğunluq  var.  Nizami  özündən  əvvəlkilərlə  müqayisədə  şeri  elə  bir 
əlçatmaz  yüksəkliyə  qaldırmışdır  ki,  sonradan gələn  sənətkarlar  artıq ondan 
yüksəyə  qalxmaq  xülyasına  düşməmiş,  onun  yolu  ilə  getməyi,  ona 
bənzəməyi,  onun  şagirdi  olmağı  özləri  üçün  fəxarət  saymışlar.  Nizami 
mövzularında əsərlər yazmaq, ondan mənalar iqtibas etmək artıq bir ənənəyə
çevrilmişdi. 
Nizami  Gəncəvi  1141-ci  ildə  Gəncə  şəhərində  anadan  olmuşdur.  Şairin 
əsərlərindən anlaşılan budur ki, o, təhsilini də öz doğma şəhərində almışdır. 
Bu dövrdə Gəncə  şəhərində təhsil  almaq  üçün  kifayət  qədər  geniş  imkanlar 
var idi. Şair "Xəmsə"də adının İlyas, atasının adının Yusif, babasının adının 
Zəki  Müəyyəd  olduğunu  göstərmişdir.  Alimlər  onun  babasının  adındakı  iki 
sözdən  birinin  ləqəb  olduğunu  düşünürlər  ki,  bu  da  şairin  mövqe,  hörmət 
sahibi  olduğunu  düşünməyə  əsas  verir.  Şair  əsərlərində  ancaq  Nizami 
təxəllüsünü  işlətmişdir.  Bu  söz  nizamlı,  ölçülü  sözə,  nəzmə,  başqa  ifadə  ilə
desək, şerə mənsub olan adam deməkdir. Nizaminin ləqəbini bəzi qaynaqlar 
Nizaməddin,  yaxud  Cəmaləddin  kimi  yazırlar,  ancaq  şairin  əsərlərində  bu 
ləqəbi təsdiqləyəcək əlamətlər yoxdur. 
Nizami  dayısının  adını  Xacə  Ömər  kimi  xatırlayır,  onun  ölümünü  özü 
üçün böyük itki sayır, "Leyli və Məcnun" poemasındakı Səlim Amiri surəti 
ilə dayısına olan məhəbbətini əks etdirir. Xacə Ömər adının əvvəlindəki Xacə
sözünü  isə  müxtəlif  şəkillərdə  izah  edirlər.  Ağa  mənasında  işlənən  bu  söz 
daha  çox  vəzirlərin,  tacirbaşı  və  başqa  yüksək  rütbə,  mövqe  sahiblərinin 
adının əvvəlinə artırılırdı. Bizə görə bu adam yüksək rütbəli bir ziyalı, bəlkə
Gəncədə mədrəsə müdiri və ya buna bənzər vəzifə sahibi olmuşdur. 
  

                                                                                                               

Nizaminin  doğulduğu,  ömrü  boyu  yaşadığı  və  vəfat  etdiyi  yer  Gəncə
şəhəridir.  Bütün  qədim  və  etibarlı  mənbələr  də  onun  Gəncədən  olduğunu 
yazır. Nizami əsərlərinin XIV-XV əsrlərə aid əlyazmalarında şairin Gəncəyə
gəlmə  olduğu  barədə  heç  bir  qeyd  yoxdur.  Ancaq  Nizami  əsərlərinin  XVI 
əsrdə  və  sonralar  köçürülmüş  nüsxələrində  "İqbalnamə"nin  bir  yerində  şair 
Gəncədən  danışan  zaman  fikir  yarımçıq  kəsilərək  aşağıdakı  dörd  misra 
artırılmışdır: 
Gəncə dənizində olsam da pünhan,  
Yerim Qum şəhridir, yurdum Qohestan.  
Təfrişdə Ta adlı bir kənd dayanıb,  
Nizami ad-sanı ordan qazanıb! 
Burada söhbət İranın Qum vilayətindən, oradakı Təfriş adlı elmin Ta adlı
kəndindən gedir. Qohestan Qum vilayətinin şərqində böyük bir ərazinin tarixi 
-  coğrafi  adıdır.  Nizami  irsinin  ən  gözəl  bilicilərindən  biri  kimi  tanınan  və
şairin  əsərlərini  yeddi  cilddə  şərhlərlə  birlikdə  nəşr  edən  Vəhid  Dəstgerdi 
yuxarıdakı  misraları  yersiz  bir  artırma  sayır.  V.Dəstgerdi  Nizaminin  Əcəm 
İraqından  olduğunu  iddia  etsə  də,  yuxarıdakı  misralarda  irəli  sürülən  fikri 
qəbul  etmir.  Dəstgerdinin  Nizamini  iraqlı  hesab  etməsi  şairin  tez-tez  İraqı
tərifləməsi,  ora  getməyi  arzu  etməsinə  əsaslanır.  Halbuki,  Xaqani  də  dönə-
dönə İraqı vəsf etmiş, ora getmək arzusunu bildirmişdir, ancaq onun şirvanlı
olduğu məlumdur.  
Nizami İraqa getmək arzusunu bildirərkən müxtəlif şəkillərdə Gəncəni öz 
vətəni, öz ölkəsi kimi qeyd etməyi unutmur. "Ləl öz mədənindən çıxmayınca 
ona qiymət verilməz" deyən şair köklü, əsilli bir gəncəli olduğunu bir daha 
nəzərə  çarpdırır.  Təəssüflər  olsun  ki,  XVI  əsrdən  sonra  yazılan  bir  çox 
təzkirələrdə  Nizaminin  babasının,  yaxud  atasının  İranın  Qum  vilayətinin 
Təfriş elinin Ta kəndindən olduğu barədə və bu kimi fikirlər yürüdülmüşdür. 
Nizami yaradıcılığa çox erkən başlamış, ilk çağlardan sarayların diqqətini 
cəlb  etmişdir.  Dərbənd  hakimi  Bəybars  ibn  Müzəffərə  göndərdiyi  hər  şeirə
görə  qiymətli  hədiyyələrə  layiq  görülmüş,  ərməğanı  olan  Afaq  adlı  qadınla 
evlənmiş  və  ondan  da  1174-cü  ildə  Məhəmməd  adlı  bir  oğlu  olmuşdur. 
"Xosrov  və  Şirin"  poeması  yazılarkən  bu  qadın  artıq  həyatda  yox  idi. 
Sonralar  şair  daha  iki  dəfə  evlənsə  də,  Afaqı  ömrü  boyu  böyük  sevgi  ilə
xatırlamış, taleyinin uğursuzluğundan gileylənmişdir. 
  

                                                                                                               

Nizami  1209-cu  il  martın  12-də  doğma  şəhəri  Gəncədə  vəfat  etmişdir. 
İndi onun məzarı üzərində möhtəşəm bir məqbərə ucalmaqdadır. Dahi şair və
mütəfəkkirin  adı  doğma  vətəni  Azərbaycanda  əbədiləşdirilmiş,  əsərləri 
dəfələrlə  kütləvi  tirajla  nəşr  olunmuşdur.  Nizami  Gəncəvinin  anadan 
olmasının 800 və 840 illik yubileyləri geniş qeyd edilmişdir. 
* * * 
Nizaminin ilk iri həcmli əsəri "Sirlər xəzinəsi" poemasıdır. Yaxın və Orta 
Şərq  ədəbiyyatında  didaktik  poema  janrının  ən  qiymətli  nümunəsi  olan  bu 
əsər  dahi  şairin  yaradıcılığında  epik  şeir  sahəsində  ilk  qələm  təcrübəsi  idi. 
Əsər  hicri  tarixilə  570-ci  ildə  yazılmışdır  ki,  miladi  təqvimilə  1174-1175-ci 
illərə  uyğun  gəlir.  "Azərbaycan  ədəbiyyatı  tarixi"nin  birinci  cildində  (Bakı, 
1960) mexaniki səhv nəticəsində poemanın 1170-ci ilin əvvəllərində yazıldığı
göstərilmişdir. Təəssüf ki, bu mexaniki səhv sonra yazılmış bütün əsərlərdə, 
o cümlədən dərsliklərdə təkrar olunmuşdur. Poemadakı 
Beş yüz ilə yetmiş olub, qalx, oyan,  
Gün qalxıb, məclisə gəl durmadan 
beyti və bir sıra başqa faktlar poemanın 1174-cü ilin avqustundan 1175-ci ilin 
iyul  ayına  qədər  olan  dövrdə  yazıldığını  təsdiq  etməkdədir.  Poemanın  bəzi 
əlyazmalarında  olan  artırma  misralara  görə,  əsər  1176-cı  il  sentyabr  ayının 
30-da  tamamlanmışdır.  Bu,  yəqin  ki,  əsər  yazılandan  bir  qədər  sonra 
köçürülən nüsxələrdən birinin tarixidir. 
"Sirlər  xəzinəsi"  adından  da  göründüyü  kimi,  zahirən  Nizamiyə  qədər 
Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  geniş  yayılan  didaktik  əsərlər  silsiləsinə
daxildir.  Mövzuca,  məqsədcə  müəyyən  dərəcədə  "Kəlilə  və  Dimnə", 
"Qutadqu  bilik",  "Hədiqətül-həqiqə",  "Siyasətnamə",  "Qabusnamə",  "Cəhar 
məqalə"  və  b.  kimi  əsərlərə  yaxın  olan  "Sirlər  xəzinəsi"  həm  də  onlardan 
fərqlənir. Dahi şair sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona 
daha yüksək humanist, demokratik istiqamət vermişdir. 
Sənai Qəznəvi artıq XII əsrin əvvəllərində "Hədiqətül-həqiqə" ("Həqiqət 
bağçası") poeması ilə didaktik poema janrını yeni bir yüksəkliyə qaldırmışdı.  
"Hədiqətül-həqiqə"dən əlavə bir sıra kiçik 
  

                                                                                                               

poema,  çoxlu  qəsidə,  qəzəl  və  rübailər  müəllifi  olan  Sənainin  yaradıcılığı
farsdilli  poeziyada  humanist  fikirlərin  təsdiqi  baxımından  xüsusi  mərhələ
təşkil edir. XII əsrin bir çox şairləri, o cümlədən Əbül-Üla Gəncəvi, Xaqani 
Şirvani humanist poeziya sahəsində onun varisi olmaları ilə fəxr etmişlər. 
Dahi  Azərbaycan  şairi  Nizami  Gəncəvinin  də  öz  ilk  poemasını  Sənai 
Qəznəvinin "Hədiqətül-həqiqə" əsərinə nəzirə kimi yazması təsadüfi deyildir. 
Bu,  Nizaminin,  özündən  əvvəlki  humanist  şeirin  nailiyyətləri  ilə
hesablaşması,  ona  biganə  qalmaması  ilə  izah  edilməlidir.  Şair  sələfinin 
əsərinin  adına  uyğun  ad  seçməklə  bərabər,  onun  bəzi  fikirlərinə  də  şərik 
olduğunu bildirmiş, hətta bir çox hekayələrini onun hekayələri ilə mübahisə
şəklində yazmışdır. "Sultan Mahmud və qarı" hekayəsi ilə "Sultan Səncər və
qarı" hekayələri dediklərimizə misal ola bilər. 
Bir  həqiqətdir  ki,  Nizaminin  "Sirlər  xəzinəsi"  məzmunu,  mündəricəsi, 
humanizmi,  aşıladığı  fikirlər  və  sənətkarlıq  baxımından  Sənainin 
poemasından  qat-qat  yüksəkdə  durur.  "Sirlər  xəzinəsi"nin  özündə  də  bu 
həqiqət müəllif tərəfindən aydın şəkildə göstərilir: 
Gəldi iki namə iki ölkədən,  
Hər biri bir Bəhramı tərif edən.  
Köhnəcə kandan o tökübdür zəri,  
Tapdı təzə bəhrdə bu gövhəri.  
Qəznədə qaldırdı o, yerdən ələm,  
Vurdu bu Rum sikkəsinə bir rəqəm.  
Olsa da ol sikkədə söz zər kimi,  
Yaxşı bil ondan zərimi, sikkəmi.  
Azsa da ondan yükümüz, varımız,  
Yaxşıdır ondan ki, xiridarımız.
1
 
Nizami  özü  aydın  şəkildə  Sənainin  didaktik  poema  janrında  dəfələrlə
işlənmiş  vəzn  və  formadan  istifadə  etdiyini  (Sənainin  əsəri  xəfif  behrində
yazılmış,  hekayələr  müəyyən  prinsip  gözlənmədən  verilmişdir)  göstərməklə
onun əsərini qızıla bənzədir. Başqa sözlə, Sənainin poemasının yüksək ədəbi 
qiymətini etiraf edir. 
                                                          
1
"Sirlər xəzinəsi"ndən götirilən şeir parçalarının tərcüməsi bizimdir. Orijinalın vəznini saxlayan 
bu tərcümə əsərdəki fikir gərginliyini daha aydın nəzərə çarpdırır. 

                                                                                                               

"Sirlər  xəzinəsi"ni,  sözün  həqiqi  mənasında,  Nizaminin  yaradıcılıq 
manifesti adlandırmaq olar. "Xəzinə" adını şair əsərə təsadüfən verməmişdir; 
"Sirlər  xəzinəsi",  doğrudan  da,  həyatın  ayrı-ayrı  sahələrini  əhatə  edən, 
cəmiyyətin müxtəlif təbəqələrinin rəngarəng surətlər silsiləsini yaradan, yeni 
fikirlər, ideya və qənaətlər ifadə edən bir əsərdir. Böyük şair didaktik poema 
janrının  imkanlarından  bacarıqla  istifadə  edib,  oxucu  ilə  lirik  monoloqlar 
şəklində  söhbət  edir,  onu  düşündürən,  narahat  edən  problemlərə  toxunur, 
bütün  hallarda  orta  əsrlərin  qatı  zülməti  içərisindən  işığa,  həqiqətə,  xeyrə 
səsləyir. 
Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalət (söhbət) 
və  bu  məqalələri  epik  lövhələrlə  əks  etdirən  20  kiçik  hekayədən  ibarətdir. 
Kitabın  tamamlanması  haqqında  kiçik  bəhslə  poemaya  yekun  vurulur. 
Başlanğıcda  şair  tovhid,  minacat,  nət  adlı  başlıqlar  altında  Allahdan, 
peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. 
Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi 
dini  ifadələrlə  olsa  da,  çox  ciddi  ictimai  problemlərə  toxunur.  Nizaminin 
sənətkar mövqeyi bu hadisələrə münasibətdə də açıq-aydın diqqəti cəlb edir; 
şair  oxucunu  həyəcanlandırır,  şairin  əhvali-ruhiyyəsi,  ürək  təlatümləri 
oxucuya  da  sirayət  edir.  Məlum  olur  ki,  bütün  bu  təriflər,  müraciətlər  əsil 
mətləbə  keçmək  üçün  bir  bəhanədir.  Zəmanəsindən  son  dərəcə  narazı  olan 
şair  Allaha  və  peyğəmbərə  də  böyük  ideallar  naminə  müraciət  edir,  qədim 
düzlük  və  doğruluq,  təmizlik  dövrünün,  islamın  ilk  illərinin  həyatını
qaytarmağa çağırır: 
Pərdəni at, təkcə özün çıx çölə,  
Pərdə mən olsam da, onu məhv elə.  
Çərxə öz acizliyini et bəyan,  
Aç dəxi dünya düyünün durmadan.  
Nəqşini poz, durma tez ol ruzgarın,  
Surətini məhv elə ulduzların...  
Kim ki sevir zülməti, nurdan sən et,  
Kim ki sevir cövhər, ərəzdən gen get...  
Zülm oduna tezcə su tök bir görək,  
Torpağın altında qoy itsin külək... 
Son misralar şairin həyəcanını daha aydın ifadə edir. Şeirdə dörd ünsür (od, 
su, torpaq, hava) ancaq zahiri poetik gözəllik xatirinə yox, 
  

                                                                                                               
10 
böyük fikirlərin obrazlı ifadəsi üçün xatırlanır. Zülm və ədalətsizlik alovları
üzərinə  su  tökülsün,  ədalət  bərpa  edilsin,  mənəm-mənəmlik,  qürrə,  başqa 
sözlə,  özbaşınalıq,  haqsızlıq  yeli  torpağa  gömülüb  yox  olsun  -  deyən  şairi 
narahat  edən  onun  zəmanəsi,  insanların  taleyidir.  Eyni  həyəcanlı,  narahat 
çağırış peyğəmbərə müraciət hissəsində də özünü aydın göstərir. 
Poemanın  müqəddiməsində  şeir  və  sənət  məsələlərinə  də  xüsusi  diqqət 
yetirən şair sözün meydana çıxması, insan həyatında rolu, onun qiyməti və s. 
haqqında  söhbət  açır.  Sözü  xilqətin  birinci  gözəli  adlandıran  Nizami  doğru 
göstərir  ki,  qələm  hərəkətə  başlayan  zamandan  dünyanın  gözünü  sözlə
açıbdır.  Söz  insanın  canı,  bədən  isə  onun  mənzilidir.  Bayraqlar  söz  qədər 
qələbə çala bilməz, söz hər şeydən qiymətlidir: 
Kimsə alıb söz və zəri bir sabah  
Sərrafa göstərdi, dedi: - Ey qoçaq,  
Köhnə qızıl, ya təzə söz yaxşıdır?  
Söylədi usta: - Təzə söz yaxşıdır.  
Qasid olub söz haraya getmədi?  
Söz kimi kimsə bir işi etmədi. 
Göründüyu  kimi,  Nizami  sözə  geniş  mənada  yanaşır,  dilin,  bədii  sözün, 
nitqin, yazının bəşəriyyətin inkişaf tarixindəki misilsiz rolundan, onun müasir 
həyatda əhəmiyyətindən danışıb, sözü insanın canı və özü hesab edir. Nizami 
ümumiyyətlə sözdən danışdıqdan sonra şeir haqqında söhbət açır, ərşin ötən 
bülbülü  saydığı  şairin  zəhmətinə  yüksək  qiymət  verir,  onu  peyğəmbərlərə
yaxın  tutur.  Şair  və  şeir  qarşısında  ciddi  ictimai  vəzifələr  qoyan  Nizaminin 
fikrincə, şeir insanları tərbiyə etmək vasitəsidir. 
Kim ki sözə verdi sığal, sahmanı,  
Sözlə bişirdi çiy olan insanı. 
Nizami şeirin asan yazılmadığını, dərin düşüncələr, yaradıcılıq iztirabları
nəticəsində yarandığını qeyd edir. Onun yaratdığı hər söz canın bir parçasıdır, 
qəlbin dişi ilə yonulmuş heykəldir; o, yeni söz üçün axtarışa başlayanda gah 
ölür, gah dirilir. Şair yaradıcılıq prosesinə çox ciddi bir iş kimi yanaşır, onun 
ağırlığından danışır. 
  

                                                                                                               
11 
Mədən açıb tapmaq üçün bir göhər,  
Yeddi göyə fikri salar rəxnələr.  
Yaxşı sözü övladına tay tutar,  
Səy edib ilham ataya oxşadar.  
Xoş nəfəsi canlara dinclik verər,  
Hər sözü dillərdə gəzər sərbəsər.  
Nəqqaşısa kim bu gözəl dilbərin,  
Bil ki, o, şairdir, oxu sözlərin. 
Əsil  sənətkar,  həqiqi  şair  haqqında  Nizaminin  qənaəti  belədir.  Dahi  şair 
sözü hörmətdən salan alçaq adamlara, var-dövlət və şöhrət xatirinə ona-buna 
mədhiyyə yazanlara da biganə qalmır, onları nifrətlə xatırlayır. Nizami dünya 
İntibahının  ən  qüdrətli  şairlərindən  biri  kimi  poeziya  sənətinə  onun  insana, 
həyat  həqiqətinə  xidməti  baxımından  qiymət  verir.  Şairin  fikrincə,  hər  şeir 
qaralayanı, qafiyə qoşanları şair adlandırmaq olmaz: 
Çoxlu çaparlar bu yolu getdilər,  
Alçaq olanlar onu xar etdilər.  
Diddi bu söz, parçaladı bağrımı,  
Söz bəzəyən tökdü sözün abrım.  
Candır ürək meyvəsinin qiyməti,  
Onlar üçün yox su qədər hörməti.  
Tapdı əlindən necə ey çərx, aman,  
Yaltaq olub şerə düyünlər salan... 
Qızıl üçün saralıb-solan, qızılla sözü qiymətdən salan, söz ləlini qiyməti 
olmayan  daş-qaşa  dəyişən  bu  şaircikləri  Nizami  alçaq  adlandırır.  Zahirən, 
saraylarda yüksək mövqe tutan bu adamların özlərini alçaltdığını Nizami həm 
nifrət  və  qəzəb,  həm  də  ürəkağrısı  ilə  qeyd  edir.  O,  saray  şairi  vəzifəsinin 
aqibətindən  söz  açır,  saraylarda  bir  müddət  zərli  don  geyənlərin  axırda 
qurğuşun  yediyini,  civə  kimi  zərdən  ötrü  ölənlərin  axırda  Sultan  Səncərin 
dəmiri ilə məhv olduqlarını xatırladır. Nizami şeiri ucuz tutmağı rəva görmür, 
şairdən ağır zəhmət, böyük iradə tələb edir. 
Xalq  və  hökmdar  problemi  Nizami  poeziyasının,  o  cümlədən  "Sirlər 
xəzinəsi"nin əsasını təşkil edir. Çox vaxt bu problemi ədalətli 
  

                                                                                                               
12 
hökmdar  ideyası  şəklində  ifadə  edirlər.  Guya  Nizaminin  məqsədi  ədalətli 
hökmdar surəti yaratmaq imiş ki, şair sonrakı əsərlərində buna çalışmış, lakin 
arzuladığı ideal hökmdar surətini İskəndərin simasında, son əsərində yarada 
bilmişdir.  Nizami  yaradıcılığında  xalq  və  hökmdar  probleminin  həllinə, 
inikasına  bu  cür  yanaşmaq  birtərəfli  və  yanlışdır.  Nizaminin  məqsədi  ideal 
şah obrazı yaratmaq olsaydı, ilk əsərindən başlayaraq son əsərinəcən istənilən 
qədər ədalətli şah surətləri yarada bilər, onlarda heç bir nöqsan da görməzdi. 
Nizami dühasının böyüklüyü ondadır ki, mütəfəkkir şair xalqla hökmdar, 
fərdlə  cəmiyyət  arasındakı  münasibətləri  və  bu  münasibətlərin  kölgəli 
cəhətlərini  qorxmadan,  cəsarətlə  açıb  göstərə  bilmiş,  onların  səhvlərini, 
cinayətlərini  üzlərinə  deməkdən  çəkinməmiş,  ibrətləndirmək,  qorxutmaq, 
öyrətmək,  xəbərdarlıq  etmək  yolu  ilə  onları  ədalətə,  insanlığa,  sülhə
istiqamətləndirmişdir.  Əsərlərində  şahların  ədalətini  təsvir  etmək  Nizami 
üçün  az  əhəmiyyətlidir,  dövrün  hökmdarlarını  isə  xəcalətləndirmək, 
utandırmaq,  həvəsləndirmək,  ağıllandırmaq  yolu  ilə  ədalətə  yönəltmək, 
onların  ədalətli  olmasına  nail  olmaq  şairin  zəngin  ədəbi  irsinin  əsas 
qayələrindən birini təşkil edir. 
"Sirlər  xəzinəsi"  əsərindəki  bir  çox  məqalət  və  hekayələrini  də  şair  onu 
çox  narahat  edən,  düşündürən  problemə  həsr  etmişdir.  "İnsanın  mərtəbəsi 
haqqında"  birinci  məqaləti,  "Ədalət  və  insafı  gözləmək  haqqında"  ikinci 
məqaləti,  "Padşahın  rəiyyətə  qayğı  göstərməsi  haqqında"  üçüncü  məqaləti, 
hekayələrdən  "Özündən  naümid  olub  bağışlanan  padşahın  hekayəsi", 
"Nuşirəvan və bayquşların söhbəti", "Sultan Səncər və qarı", "Zalım padşahla 
zahidin  dastanı",  "Bir  şahzadənin  hekayəsi"  və  başqalarını  xatırlamaq 
kifayətdir.  Həmin  hekayə  və  məqalətlərdə  hamını  düşündürən  aktual  bir 
məsələ  -  hökmdarın  xalqla  rəftarı  məsələsi  qoyulub  həll  edilir.  Dahi  şair 
dövrünün zalım hökmdarlarını gah axirətlə qorxudur, gah zülmün bu dünyada 
onlara zərər, ziyan yetirəcəyini xatırladır, onları xalqın qəzəbi ilə hədələyir. 
Aləmi kim fəth eləyər zülm ilə.  
Mülkü ədalətlə alarlar ələ.  
Məmləkət ədlilə olar payidar,  
İşlərin əql ilə olar bərqərar. 
  

                                                                                                               
13 
Dövrün  hökmdarlarının  cılızlığını,  bir  heç  olduğunu  Nizami  müxtəlif 
boyalarla poemasının bir çox yerlərində nəzərə çarpdırır. Dəhşətlisi odur ki, 
qız kimi özünə sığal verib əyləncələrlə gün keçirən bu adamlar xalqı olmazın 
müsibətlərə  düçar  edir,  nahaq  qanlar  tökür,  kəndləri,  şəhərləri  xarabalığa 
çevirir,  ölkənin  abadlığı,  xalqın  rifahı  qeydinə  qalmırlar.  Bunları  gördükcə, 
düşündükcə  şairin  qəzəbi  tüğyan  edir,  söz  qılıncını  çəkib  bu  qorxunc 
düşmənə qarşı hücuma keçir. 
Zülm eləmək yaxşı deyil heç zaman,  
Tökmə nahaq qan, gedər abrın-həyan.  
Hümməti xalqın pis olar, qorx aman,  
Məzlum ahından çəkin, ey hökmran.  
Hümmət o yerdən ki, salar bir nəzər,  
Baxma həqarətlə, əsər göstərər.  
Bir neçə hümmətli kişi, sal yada,  
Neylədi hümmətlə böyük Mahmuda...  
Eylə zülm xəncərini sən kənar,  
Oxlarına olmayasan ta düçar.  
Şahlıq üçün şərtdir ədalət fəqət,  
Aləmə zülm oldu, yetər, bir sənət. 
Dahi Nizaminin zalım hökmdarlara qarşı bu qəzəbli hayqırtısı, hədələyici 
nərəsi  onun  xalqın  oğlu  olduğunu,  xalqın  dərdini  öz  dərdi  kimi  yaşadığını
bütün  aydınlığı  ilə  sübut  etməkdədir.  Bu,  xalq  qəzəbi  və  narazılığının  ən 
parlaq  poetik  inikası  idi.  Dövrün  əli  qılınclı  ağaları  haqqında  bu  şəkildə
cəsarətlə danışmaq həm də zamanın, ictimai-siyasi həyatda baş verən böyük 
irəliləyişin, xalq şüurunun oyanmasının nəticəsi idi. 
"Nuşirəvan və bayquşların söhbəti" hekayəsi romantik planda işlənsə də, 
real  həyatın  eybəcərliklərini  çox  doğru  əks  etdirir.  Əsərin  qəhrəmanı  olan 
Nuşirəvan  islamdan  xeyli  əvvəl  yaşamış  Sasani  hökmdarıdır.  Lakin  burada 
təsvir  edilən  həyat  Nizami  dövrünün  həyatıdır.  Nuşirəvanın  ov  zamanı
qarşılaşdığı  mənzərə  XII  əsrin  mənzərəsi,  Nizaminin  gördüyü,  yandığı
faciənin  təsviridir.  Şair  ədalətsizliyin,  qətl  və  qarətin  həddini  aşdığını
göstərmək  üçün  maraqlı  bir  üsul  işlətmişdir;  həmişə  xarabalıq  sevən 
bayquşlar şahı yaxşı tanıyırlar. Onlar əmindirlər ki, əgər şahları budursa, az 
bir vaxta min-min kənd xarabaya çevriləcəkdir. Quş dili bilən vəzirin köməyi 
ilə bayquşların söhbətini dinləyən Nuşirəvan xəcalət çəkir, əməllərini yadına 
salıb peşman olur. 
  

                                                                                                               
14 
Burda  Nizami  Nuşirəvanın  daxili  monoloqunu  verir.  Bu  düşüncə-
monoloq hekayənin ən güclü hissəsidir. Şahın bütün bəd əməlləri öz dili ilə
sadalanır, xəcil, peşman olduğu onun öz dilindən söylənir: 
Barmağını dişlədi şah: Zülmə bax.  
Quşlara çatmış sitəmimdən soraq.  
Gör necə zülm eylədim insanlara,  
Bayquş oturtdum evə, eyvanlara.  
Özgə malın zülm ilə aldım, yetər,  
Qaldım ölümdən nə qədər bixəbər.  
Oldu bu gün zülm tamaşa mənə,  
Vay ola məhşər günü rüsva mənə.  
Bəli, qiyamətdə tamam bunları,  
Hey soracaqlar tökülən qanları.  
Ah! Nə qədər yetdi məlamət mənə,  
Bəsdir ömürlük bu xəcalət mənə.  
Söylə, bu vardan ki bilinmir sayı,  
Sam nə götürdü, ya Süleyman nəyi? 
Şahın dili ilə deyilən bu sözlər Nizami əsrinin ədalətsiz şahları üçün ciddi 
ittiham  idi.  Bu  ittiham  canilərin  yaşamağa  haqqı  olmadığını,  onları  məhv 
etmək,  etdikləri  günahların,  qarət  elədikləri  malların,  tökdükləri  qanların 
hesabını  bir-bir  soruşub  cəzalarını  vermək  lazım  olduğunu  göstərir.  Bu 
hissədə  güclü  bir  inkar  da  var.  Lakin  Nizami  romantik  sənətkar  kimi 
qəhrəmanı dəyişdirir; Nuşirəvan ədalətli işlər görməyə başlayır, tarixdə Adil 
Nuşirəvan adı ilə tanınır. Bu, şairin arzusu idi. O istəyirdi ki, dövrünün zalım 
hakimləri Nuşirəvan kimi hərəkət etsinlər. Ancaq bunlar söz idi. Nizami də
hiss edirdi ki, sözlərə əhəmiyyət verən azdır. Bununla belə, şair sənətin təsir 
gücünə  inanır,  söz,  sənət  vasitəsilə  əməl,  iş  tələb  edirdi.  "Bəhanə  gətirmə, 
bunlar  sözdür,  səndən  isə  iş  tələb  olunur.  Əgər  işlər  sözlə  düzəlsəydi, 
Nizaminin işləri göylərə ucalardı". Bu etirafda, bu inamda müdrik, mübariz, 
narahat  bir  qəlbin  ağrıları  gizlənmişdir.  Şahın  darğası  sərxoş  halda  gələrək 
kimsəsiz  qanın  təhqir  edir,  filan  gecəyarısı  filanı  filan  küçədə  kim  öldürüb 
deyə sorğu-suala tutur, canini onun evində axtarır. Qarı bu cinayətin necə, nə
üçün baş verdiyini dəqiq başa düşür. Əgər şahın darğası sərxoş olarsa, canilər 
qan tökəcəklər. Camaat təhqir olunacaq, şahın ədaləti yox olacaqdır. 
  

                                                                                                               
15 
Dəxlini mülkün talayır oğrular,  
Dul qarılardan çəkilir sorğular. 
Şahın  üzünə,  hərəkətlərinə  diqqətlə  baxan  qarı  onu  yaxşıca  öyrənir, 
hökmdarın  bu  zülmdə  iştirak  etdiyini,  özbaşınalıq  və  cinayətlərə  şərait 
yaratdığını  başa  düşür.  Bu  yerdən  hekayənin  ikinci  hissəsi  başlayır.  Əgər 
birinci  hissədə  qarı  şikayətçidirsə,  ikinci  hissədə  bir  ittihamçı  -  xalq 
ittihamçısıdır. Qarı onu şahlığa layiq olmayan qul, qarətçi, utanmaz, hünərsiz, 
oğru  adlandırır.  Qarının  bu  sözləri  ildırımtək  çaxır,  alov  kimi  saçılır. 
Hekayənin  axırında  Nizami  lirik  ricətə  keçir,  əsərdə  təsvir  edilən  hadisələri 
öz dövrü ilə əlaqələndirərək yazır: 
İndi ədalətdən, aman, yox soraq,  
Qaçmış o, Simürğə aparmış pənah.  
Mavi bu çardaqda abır yox daha,  
Əsla bu torpaqda görünmür həya.  
Qalx, Nizami, yaş axıt sən yenə,  
Qan yaşı səp qanlar olan qəlbinə. 
Böyük sənətkarın xalqın halına nə qədər ürəkdən yandığını, elin faciəsinə
necə acı göz yaşları tökdüyünü, sadə adamların dərdindən ayrı bir dərd-qəmi 
olmadığını  göstərən  və  şərhə,  izaha  ehtiyacı  olmayan  bu  alovlu,  həm  də
fəryad dolu misraları Yaxın və Orta Şərq İntibahında humanizm ideyalarının 
ən yüksək, misilsiz bir ifadəsi kimi qiymətləndirsək, səhv etmərik. 
Dərin  ifşaedici  məzmunu  etibarilə  "Zalım  padşahla  zahidin  dastanı"  və
"Sultan  Səncər  və  qarı"  hekayələri  bir-birinə  çox  yaxındır.  Əgər  "Sultan 
Səncər  və  qarı"da  şah  məmurlarının  cinayətləri  və  şahın  bu  cinayətlərə
laqeydliyi  əks  olunmuşsa,  "Zalım  padşahla  zahidin  dastanı"nda  feodal 
gerçəkliyinin  başqa  bir  kölgəli  cəhəti  açılıb  göstərilmişdir.  Sultan  Səncər 
şikayətləri  eşitmir,  əhəmiyyət  vermir,  cinayətkarları  cəzalandırmır,  onlara 
şərait  yaradırsa,  bu  hekayədə  təsvir  edilən  zalım  padşah  daha  qəddardır.  O, 
hər  tərəfi  casuslarla  doldurmuşdur,  haqq  deyən  dilləri  kəsdirir,  şahın 
zülmündən  şikayət  eləyənləri  məhv  etdirir.  Onun  ölkəsində  şahın  əleyhinə
danışmaq ən qorxulu cinayət sayılır. Bu isə Nizami dövrünün mənzərəsidir. 
Ona görə də Y.E.Bertels bu hekayəni "Sirlər xəzinəsi"nin açarı və poemanın  
  

                                                                                                               
16 
ən  yaxşı  hekayəsi  adlandırır.  Doğrudan  da,  Nizami  "Sirlər  xəzinəsi"  ilə
zəmanəsinin eybəcərliklərinə güzgü tutmuş, hər şeyi olduğu kimi göstərən bir 
poeziya aynası yaratmışdır. 
"Zalım  padşahla  zahidin  dastanı"nda,  adından  görundüyü  kimi,  iki  əsas 
surət  vardır:  zalım  padşah  və  doğruçu  qoca.  Zalım  padşah  ordusuna, 
xəzinəsinə,  casuslarına  güvənir,  doğruçu  qoca  isə  düzlüyə.  Zalım  padşah 
hamını qanla qorxudub susdurmaq, özünə tabe etmək, qul vəziyyətinə salmaq 
istəyir. Doğruçu qoca isə düzlüyündən dönmür, zalımın inadını sındırır, onu 
özünə  təslim  edir.  Düzlüyün  qarşısında  cəlladın  qılıncı  əlindən  düşür, 
qəzəbdən  bozarmış  üzü  gülümsünməyə  məcbur  olur.  Doğrudur,  bu  bir 
romantikadır, lakin onda güclü, inkar-edilməz bir həyat həqiqəti var. Düzlük 
eybəcərliyin, zalımlığın, qəddarlığın üzünə güzgü tutub onu özünə baxmağa, 
utanmağa,  öz-özünü  inkara  məcbur  edir.  Zalım  zalımlığını  danır,  haqqında 
zalım deyən qocanı qətlə yetirməyə hazırlaşdığı halda fikrini dəyişir, onu ifşa 
və  inkar  edən,  heçliyini  qorxmadan  üzünə  deyən  gücsüz,  zəif,  onsuz  da 
öldürüləcəyini düşünüb şahın yanına kəfən geyinib gələn, cəsarətli, ifşaedici 
sözlərindən  dönməyən  doğruçu  qocaya  cəza  verə  bilmir,  əksinə,  onu 
mükafatlandırır.  Düzlük  əyriliyə,  ədalət  zalımlığa,  İntibah  orta  əsrlərə  qalib 
gəlir.  Əyrilər  çox  olduğu  kimi  düzlər  də  çoxdur.  Zalım  padşahın  casusu 
varsa,  doğruçu  qocanın  da  sevənləri,  çətinə  düşəndə  köməyinə  gələnləri, 
gözlənilən təhlükəni xəbər verənləri var. Şərin casusluq edən nökərləri varsa, 
xeyrin  də  müjdə  gətirənləri  var.  Nizami  bu  iki  cəbhəni,  qüvvələrin 
tənasübünü doğru görür və əks etdirir. 
Nizami  poeziyasında  ictimai  siniflərin,  hakim  təbəqələrlə  xalqın  bu 
şəkildə qarşı-qarşıya qoyulması, xalqın böyük gücünə inam, hökmdar və xalq 
probleminin tamamilə demokratik baxımdan düzgün həlli Yaxın və Orta Şərq 
İntibahının ən böyük nailiyyətlərindən biri idi. 
Nizami  bununla  da  kifayətlənmir,  yeniliyin  köhnəliklə  mübarizəsi, 
köhnəliyə  qarşı  amansız  döyüşkən  mövqe  tutması  fikrini  irəli  sürür.  O, 
əsrlərin  dumanı  arxasından  gələcəyə  baxaraq,  yeni  ideyaların  qələbəsi  üçün 
yollar  göstərir.  Bu  məsələdə  ona  əxiliyin  mübariz  humanist  baxışları
istiqamət  verir.  Xalq  içərisində  böyüyüb  yaşayıb  müdrikləşən,  şəhər 
sənətkarları ilə daim təmasda olan, qəlbi xalqın azadlığı və xoşbəxtliyi üçün 
döyünən,  qələmi  ilə  "kiçik"  adamların  hüququnu  müdafiəyə  qalxan  qüdrətli 
sənətkarı XII əsrin ən xəlqi fikir cərəyanlarından 
  

                                                                                                               
17 
olan,  ayrıca  birlik  formasına  çevrilən  əxilikdən  kənarda  təsəvvür  etmək 
olarmı?  Ona  görə  də  şairin  poemasındakı  bir  çox  fikirlər  əxiləri  şəhər 
sənətkarlarının  bu  mübariz  birliyini  yada  salır.  Nizami  yeniliyin  köhnəliklə
mübarizəsindən  danışanda  əxilər  kimi  düşünərək  köhnə  əqidələri,  köhnə
budaqları  cəsarətlə  doğrayıb  tökməyi  məsləhət  bilir.  Fəallığa,  hərəkətə
üstünlük verir. 
Nizami  dünyanın  zənginliyi,  daimi  inkişafı,  get-gedə  daha  da 
gözəlləşməsi haqqında son dərəcə heyranlıqla danışır. Şairə görə, həyat daim 
irəliyə  doğru  inkişafdan  ibarətdir;  fikirlərdə,  baxışlarda  daim  bir  hərəkət  və
irəliləyiş vardır. 
Gündə bu bağdan yeni bir bar gələr,  
Hər şirinindən də şirin meyvələr.  
Çoxlu həmaildir ürəklər tamam,  
Hər biri xoşdur o birindən müdam.  
Həm bu yolun yolçuları bax ki sən,  
Zirək olur dəstə ötən dəstədən. 
Bu  irəliləyiş  və  inkişaf  zamanı  köhnəliklə  yenilik  qarşı-qarşıya  gəlir. 
Köhnəlik öz yerini asanlıqla güzəştə getmir, yeniliksə onunla vuruşmaq, ona 
qalib gəlməklə özünü təsdiq edə bilər. Dahi şair əxilər kimi mübariz, döyüşən 
bir mövqedə duraraq köhnəliyi rədd edir. 
Nizaminin yeniliklə köhnəliyin qarşılıqlı münasibəti haqqındakı fikirlərini 
"Bir  şahzadənin  hekayəsi"  yekunlaşdırır.  Hekayədə  göstərilir  ki,  Mərvdə
yaşayan  gənc  bir  şahzadə  ölkəni  yeni  qayda  ilə  idarə  etmək  istərkən 
ətrafındakı  mühafizəkar,  dövlətli  adamların  ciddi  müqavimətinə  rast  gəlir, 
ölkə ona asi olur. Köhnələr təzəyə qarşı üsyan edib onu ölümlə hədələyirlər. 
Ümidini  itirən,  bədbinləşən  gənc  şahzadə  fikirli-fikirli  yuxuya  gedir. 
Yuxusunda bir qoca ona bu vəziyyətdən qurtulmağın yolunu öyrədərək deyir: 
Ey təzə ay, köhnə olan bürcü sök,  
Ey təzə gül, köbnə budaqları tök.  
Ölkə səninlə ola ta bərqərar,  
Şadlıq elə, sən də yaşa bəxtiyar. 
Deməli, yeniliyin qələbəsini təmin etmək üçün onun qarşısını alan maneələr 
aradan götürülməli, məhv edilməlidir. Nizaminin yenilik 
  

                                                                                                               
18 
tərəfdarı  olan  şahzadə  qəhrəmanı  da  məhz  belə  edir.  Yuxudan  oyanan  kimi 
iki-üç  düşməni  aradan  götürür,  köhnə  qayda-qanunu  pozaraq  yeni  qayda-
qanun  yaradır,  ölkə  yeniləşir,  abadlaşır.  Bu,  Nizami  dövrü  üçün  son  dərəcə
cəsarətli  bir  ideya  idi.  Qəhrəmanın  qəti  hərəkəti  ilə  razı  olan  şair  hekayəyə
əlavə etdiyi lirik ricətdə bu ideyanı daha da dərinləşdirir, qətiyyət və inamla 
belə yazır: 
Ölməlidir mülkə pozuqluq salan,  
Qovmalıdır olsa qoşun bədgüman,  
Qol-budaq atmaz təzə şax, bil ki, sən.  
Köhnə budaqları əgər kəsməsən.  
Kəsməsən arxın önünü aşikar,  
Göylərə qaldırmaz əli göy çinar.  
Sən bulağın gözlərini açmasan,  
Gözdən axıtmaz su bu yer heç zaman. 
Şairin qənaəti budur ki, köhnəlik özbaşına təslim olmaz, onu güc,lə, silah 
yolu ilə təslim etmək lazımdır. 
"Ovçu,  it  və  tülkü"  hekayəsində  biz  inamlı  bir  şəxsin  təntənəsi  ilə
qarşılaşırıq.  Ovçunun  sədaqətli,  qoçaq  iti  birdən  yoxa  çıxır.  Ovçu  çox 
kədərlənir, lakin canını dişinə tutub gözləyir, inamını itirmir, gücündən artıq 
bir  səbrlə  dözür.  Bir  tülkü  gəlib  ovçuya  istehza  edir,  itinə  qarşı  vəfasız 
olduğuna,  ondan  ötrü  qəm  çəkmədiyinə  görə  ona  tənə  edir.  Ovçu  tülküyə
inamla belə cavab verir: 
- Hamilədir zil gecə,  
Bir gün olar qəm keçəcək gör necə,  
Mən bu dar ovlaqda onunçün şadam,  
Şadlıq ilə qəm qala bilməz müdam...  
Qaçdısa bir dəm itim, ey hiyləgər,  
Sən kimi bir ovla geri tez dönər. 
Ovçu bu  sözləri  deyib  qurtarmamış  toz dumanı  qalxır,  it  duman  içindən 
çıxıb tülkünü tutur. Ən ümidsiz halda belə inam insanı mükafatlandırır. Dahi 
şair bu dərin fəlsəfi məzmunlu hekayəni inam haqqında himnlə bitirir: 
  

                                                                                                               
19 
Kimdə inam olsa iradətlə yar,  
Daim olar sonda səadətlə yar.  
Getsə inamla ayaq olmazmı baş?!  
Böylə fikirlə zərə dönməzmi daş?!  
Olsa inamla qədəmin üstüvar,  
Daima oddan su, sudan od çıxar.  
Başqa olurlar inam əhli tamam,  
Bizlər ayaq, oldu baş onlar müdam. 
Əməyə  və  əmək  adamına  dərin  məhəbbət  Nizami  yaradıcılığını
səciyyələndirən  əsas  keyfiyyətlərdəndir.  Şair  başqa  əsərlərində  olduğu  kimi 
"Sirlər  xəzinəsi"ndə  də  bu  mövzuya  xüsusi  diqqət  yetirir,  əməyi  insanın 
zinəti, yaraşığı, onu hər cür bəlalardan qoruyan bir vasitə sayır. Nizami belə
hesab  edir  ki,  hər  bir  adam  işləməli,  zəhməti  ilə  dolanmalıdır.  İstər 
məqalətlərdə,  istərsə  də  ayrı-ayrı  hekayələrdə  onun  insanı  işləməyə  çağıran 
hərarətli çağırışlarını eşidirik. 
Ey əxi, nəfs itdir, onu çək dara,  
Ruzi üçün açma əl alçaqlara.  
Dadına paxıl rizqini, ye torpağı,  
Torpaq olub, olma rəzil tapdağı.  
Qoy əlinə, qəlbinə batsın tikan,  
İşlə, çalış durma bekar bircə an. 
"Süleyman  və  əkinçi",  "Kərpickəsən  qocanın  dastanı"  hekayələrində
Nizami  öz  fədakar  zəhməti  ilə  ruzi  qazanan,  zəhmət  çəkməyi  özünə  borc 
bilən sadə adamların heyranedici surətini yaradır. Nizami əmək adamlarından 
həmişə  dərin  məhəbbət,  yüksək  hörmət  hiss  ilə  danışır,  onları  hər  cəhətdən 
başqa  adamlara,  xüsusən  əməyə  xor  baxan  tüfeyli  hakim  təbəqəyə  qarşı
qoyur.  Quru  bir  çöldə  dırnağını  bel,  alın  tərini  su  edib  məhsul  becerən 
əkinçini  görən  Süleyman  peyğəmbər  onun  zəhmətini  mənasız  sayır,  qocanı
toxumu  zay  etməməyə  çağırır.  Lakin  əkinçi  öz  ağıllı  cavabı,  sonsuz  inamı, 
insanın  həyatda  vəzifəsi  haqqında  sağlam  təsəvvürü  ilə  müdrik  peyğəmbər 
Süleymanı  utandırır.  Otdan-ələfdən  özünə  paltar  toxuyub,  kərpic  kəsməklə
əldə elədiyi qazancla dolanan qoca bir kişi qızğın işlədiyi vaxt yanına tüfeyli 
bir gənc gəlir. Nizaminin təsvirindən görünür ki, bu gənc varlı təbə- 
  

                                                                                                               
20 
qəyə  mənsubdur.  O,  qocaya  məsləhət  görür  ki,  yaşı  ötmüşdür,  daha 
işləməsin,  heç  kəs  ondan  bir  parça  çörək  əsirgəməz.  Qoca  ağıllı,  mərdanə
cavabı ilə həmin avara gənci utandırır, onu öz nadanlığı, tüfeyliliyi üçün göz 
yaşı  tökməyə  məcbur  edir.  Qocanın  sözlərində  sağlam,  ayıq  bir  həyat 
fəlsəfəsi  gülümsəyir,  hər  kəsi  öz  həyatına  nəzər  salmağa,  kim  olduğunu 
anlamağa  yönəldir.  Nizami  əsərlərində  əmək  və  əmək  adamlarına  belə
sağlam  münasibət  şairin  yaradıcılığındakı  demokratizmin,  humanizmin  ən 
parlaq ifadəsidir. 
İsa  peyğəmbərlə  əlaqədar  verdiyi  bir  hekayədə  Nizami  müdrik  bir 
insanın  surətini  yaradır.  Bazarın  başında  bir  dəstə  adam  qarğa-quzğun  kimi 
bir  it  cəmdəyini  dövrəyə  alıb,  onun  üfunət,  xəstəlik  mənbəyi  olmağından 
danışır,  dodaq  büzürlər.  Növbə  İsa  peyğəmbərə  çatanda,  o  söyləyir  ki,  heç 
inci  də  bu  itin  dişləri  qədər  ağ  ola  bilməz.  Bu  sözlər  hər  kəsi  heyran  edir, 
hamı  başını  aşağı  dikib  gedir,  çünki  düşündüklərinə,  danışdıqlarına  görə 
xəcalət çəkirlər. 
Nizami  özü  xarakteri  etibarilə  həmişə,  hər  yerdə  hünər  və  gözəllik 
axtarmış,  tovuz  quşunun  əlvan  rənginə  baxmış,  heç  kəsdə  eyib 
axtarmamışdır.  Dahi  şairin  misilsiz  poeziyası,  hekayədə  olduğu  kimi,  orta 
əsrlər  cəmiyyətinin  eybəcərliklərini  göstərməklə  bərabər,  onun  işıqlı  və
təqdirəlayiq cəhətlərini də görmüş və əks etdirmişdir. 
Nizami yaradıcılığının böyük idraki əhəmiyyəti də məhz bunda, həyatı
ziddiyyətli  şəkildə  göstərməsindədir.  Şair  "Sirlər  xəzinəsi"ndə  dövrün  geniş
bədii  mənzərəsini  yaratmış,  ən  müxtəlif  məsələlərdən  danışmış,  müxtəlif 
təbəqələrin  həyatından  söhbət  açmışdır.  Əfsanəvi,  tarixi  şəxsiyyətlərdən 
tutmuş  müasir  dövrün  adi  adamlarına  qədər  hamı  burada  əks  olunmuşdur. 
Peyğəmbərlər,  şahlar,  xəlifələr,  ruhanilər,  kəndlilər,  kərpickəsənlər,  əlsiz-
ayaqsız  qarılar,  avara,  tüfeyli  şəhər  gəncləri,  yeniyetmə  uşaqlar,  darğalar, 
oğrular,  zəvvarlar,  saray  əyanları,  yəhudi,  atəşpərəst,  müsəlman,  xristianlar, 
saray xidmətçiləri, sufilər, varlı şəhərlilər - Nizami poemasındakı adamların 
ümumi və qısa siyahısı belədir. Ancaq dahi şair ilk poemasında bununla da 
kifayətlənmir. Adəmdən başlamış müasirlərinə qədər insanlığı bütün keçmişi, 
bu  günü  və  sabahı  ilə  əks  etdirməyə  çalışan  şair  insanı  yaşadığı  təbiətdən, 
canlı və cansız aləmdən təcrid olunmuş şəkildə deyil, onunla birlikdə təsvir 
edir.  Şair  nədən  danışırsa  danışsın,  onu  müasir  həyat,  müasir  insanlar 
düşündürür,  haqsızlıq,  ədalətsizlik,  zülm  və  özbaşınalıq  hökm  sürən  bu 
dövrünsə adamları əsasən məhdud görüşlü, 
  

                                                                                                               
21 
tamah,  şöhrət  və  şəhvət  əsiri  olan  insanlardır.  Nizamini  daha  çox 
kədərləndirən  də  odur  ki,  məhz  belələri  başqalarına  ağalıq  eləyir,  özlərini 
yüksək tuturlar. 
Aləmə bax, başçıları kimdilər,  
Adlıların adlıları kimdilər. 
"Sirlər  xəzinəsi"  zəngin  və  mürəkkəb  məzmunlu,  yüksək  sənətkarlıqla 
yazılmış  bir  əsərdir.  Azərbaycan  İntibahının  qiymətli  bir  abidəsi  kimi  bu 
əsərin  əhəmiyyəti  ondadır  ki,  insanlığın  nurlu  sabahına,  sadə  adamlara 
məhəbbətlə doludur. 
Nizaminin  "Sirlər  xəzinəsi"  əsərinin  bir  neçə  tərcüməsi  mövcuddur. 
Həmin tərcümələrin hər birində uğurlu cəhətlərlə yanaşı nöqsanlar da var. Biz 
bu  nəşr  üçün  Xəlil  Rza  Ulutürkün  tərcüməsini  daha  məqsədəuyğun  saydıq. 
Poema Xəlil Rzanın yazdığı şərhlərlə birlikdə oxuculara təqdim olunur. 
Xəlil Yusifli

                                                                                                               
22 

                                                                                                               
23 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə