Pedaqoji prosesin məqsədi, mahiyyəti və əlamətləri
Pedaqoji mənada kateqoriya deyəndə pedaqoji prosesdə cərəyan edən hadisələrin (qanunauyğunluq və qanunların, səbəb və nəticə əlaqələrinin) səciyyəvi cəhətlərinin ümumiləşmiş ifadəsi nəzərdə tutulur. Milli pedaqogikada bu cür başa düşülən beş kateqoriya müəyyənləşdirilib: təlim, tərbiyə, təhsil, psixoloji inkişaf və bunları özündə birləşdirən pedaqoji proses.
Məfhum da həm fəlsəfi, həm də pedaqoji mənada işlədilir. Fəlsəfi yanaşmada hər bir məfhumun məzmunu və həcmi açılır. Məfhumun əhatə etdiyi cisimlərdəki və ya hadisələrdəki ümumi əlamətlərin məcmusu onun məzmununu, həmin cisimlərin və ya hadisələrin özlərinin məcmusu isə onun həcmini müəyyənləşdirməyə imkan verir.
Bəs pedaqoji məfhum nə deməkdir? Müvafiq pedaqoji kateqoriya çərçivəsində cərəyan edən hadisələrin ən səciyyəvi cəhətlərinin ifadəsi pedaqoji məfhumdur. Məsələn, təlim kateqoriyasına aid olan sinif, dərs, onun tipləri və s. məfhumlardır, yaxud tərbiyə kateqoriyasının əhatə etdiyi tərbiyə üsulları, tərbiyənin prinsipləri və s. də pedaqoji məfhumlardır.
Bəs pedaqoji anlayış nədir? Hər hansı pedaqoji kateqoriya haqqında, yaxud pedaqoji məfhum haqqında adamların söylədikləri və ya yazdıqları fikirlər pedaqoji anlayışdır. Yəni eyni pedaqoji kateqoriya haqqında, yaxud pedaqoji məfhum haqqında adamların anlayışları üst-üstə düşə də, düşməyə də bilər.
Deməli, pedaqoji kateqoriyaların, məfhumların mahiyyətini mənimsəyən şəxslər pedaqoji elmin möhtəşəm zirvəsinə qalxmaq imkanı qazanmış olur.
|