Fonetik prinsip. Son zamanlarda fonetik prinsip ilə yanaşı fonematik prinsip termini də işlənir və bu terminlər iki prinsipi ifadə edir. Fonetik prinsip tələffüz olunan səsin yazıdakı hərflə ifadəsi prinsipi mənasında, fonematik prinsip isə müxtəlif çalarlıqlarda tələffüz olunan səslərin vahid əsası sayılan fonemin yazıdakı hərflə ifadəsi prinsipi mənasında işlənilir. Biz isə burada fonetik prinsip terminini hər iki prinsipin birləşməsini ifadə edən bir termin kimi işlədirik. Müasir Azərbaycan dili orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində də fonetik prinsipdən belə geniş mənada istifadə olunmuşdur.
Ümumiyyətlə, bu və ya digər sözün tərkibindəki səslərin tələffüz olunduğu kimi hərfi işarələrlə yazıda əks olunması yazı ilə tələffüz arasında uyğunluğu təmin etdiyi üçün orfoqrafiya qaydalarının daha çox fonetik prinsip əsasında qurulması, əlbəttə, əlverişlidir. Məsələn, Azərbaycn dilində söz köklərinin çoxu bu prinsipə görə yazılır və buna görə də bir çox söz köklərinin yazılışı çətin olmur: al, alma, as, ağ, ata, ana, ol, ot, biz, bir, qaş, xala və s. Belə söz köklərinin yazılışı hətta ayrı-ayrı şivələrdə danışanların yazısında ciddi bir çətinliyə səbəb olmur. Çünki belə sözlərin tələffüzü ilə yazılışı arasında, demək olar ki, fərq yoxdur; hətta belə sözlərin çoxu şivələrin əksəriyyətində bir cür tələffüz olunur.
Burada belə bir cəhəti xüsusi olaraq qeyd etməliyik ki, fonetik prinsipi düzgün başa düşməyərək “tələffüz etdiyin kimi yaz” düsturunu çox geniş mənada izah edib, “hər kəs öz şivəsində yaza bilər” nəticəsini çıxarmaq doğru deyildir.
“Sözün tələffüz edildiyi kimi yazılması”anlayışı məhdud mənada işlənilən bir anlayışdır. Burada ümumi ədəbi tələffüz nəzərdə tutulur, həm də bu tələffüzdə, hətta müxtəlif çalarlıqla əlaqədar olan səslər-səs variantları yox, məhz belə səslərin vahid əsası sayılan fonemin yazılması nəzərdə tutulur. Məsələn, müəyyən şəraitdən asılı olaraq bəzi saitlər uzun tələffüz olunur (a:li, sa:kit, tə:lim), bəzi cingiltili samitlər karlaşmış çalarlıqda da tələffüz olunur (ulduz, kitab, azad). Lakin belə halda çalarlıq mahiyyətli səs variant hesab olunur, əsas fonem isə həmin sözlərdə yazılan hərflərin ifadə etdiyi fonemlərdir(a, ə, z, b, d). Buna görə də fonetik prinsipin fonematik mənada da işlənildiyini unutmaq olmaz. Məhz yuxarıdakı nümunələrdə“tələffüz etdiyin kimi yaz” formulunu “tələffüz etdiyin səsin əsası olan fonemin hərfi işarəsi ilə yaz” mənasında başa düşmək lazımdır.
Fonetik prinsip bu və ya digər şərait ilə bağlı olaraq sözlərin fonetik tərkibində əmələ gələn dəyişikliyin tələffüzdə qanuniləşmiş növlərini də əhatə edir. Məsələn, bəzən kar samitlərin cingiltiləşməsi (otaq- otağa, çiçək-çiçəyin), bitişdirici samitlərin artırılması(ata-n-ı, ata-s-ı, ata-y-a), şəkilçi qəbul edərkən bəzi sözlərin kökündəki müəyyən saitin düşməsi (oğul-oğlu, ağız-ağzı), xüsusən Azərbaycan dili üçün daha çox əlamətdar sayılan ahəng qanunu əsasında şəkilçilərin variantlarla tələffüzü kimi fonetik hadisələrin yazılışı da fonetik prinsiplə əlaqədardır. Çünki belə hallarda sözdə əmələ gələn dəyişiklik tələffüzdə əks olunur və bu da tələffüzə uyğun surətdə yazıya köçürülür.
Belə faktlar bir daha sübut edir ki, fonetik prinsipdən daha çox istifadə etmək ədəbi dil normalarının sabitləşdirilməsi, ümumiləşdirilməsi, həm düzgün yazı(orfoqrafiya), həm də düzgün tələffüz (orfoepiya) qaydalarını asanlıqla mənimsəmək nöqteyi- nəzərindən əlverişlidir. Belə bir prinsipə əsaslanan qaydaların təlim işində də böyük asanlığa səbəb olduğu şübhəsizdir.
Fonetik prinsipin bir sıra üstünlüklərinə baxmayaraq, demək lazımdır ki, dil vahidlərinin hamısının yazılışını fonetik prinsip əsasında qurmaq mümkün deyildir. Çünki bir sıra söz kökləri morfoloji dəyişikliyə uğradıqda, yəni müəyyən fonetik şəraitə düşdükdə tələffüzcə az-çox dəyişmiş olur. Bəzən yazıda müəyyən sözün fonetik tərkibini mühafizə etmək əslinə uyğunluq, tarixilik, ənənəvilik və s. kimi xüsusiyyətlər baxımından daha əlverişli və məqsədəuyğun sayılır.