Nəzəriyyənin elmi-tədqiqatdakı rolu
Elmi nəzəriyyə kifayət qədər inkişaf etmiş biliklər sistemi olub, bu sahədə
vahid əsasda mövcud olan qanunların kəşfinə və irəli sürülən hipotezlərin
əsaslandırılmasına imkan verən hadisələr toplumunu təsvir və izah edir. Elmi
nəzəriyyə bu yolla yoxlanılmış biliklərin vahid sistemi sayılır. Nəzəriyyəyə daxil
olan müddəalar və nəticələr əsaslandırılır və sübut edilir.
Elmi nəzəriyyənin əsas məqsədi əsaslı (ideal) obyektlərin, onların xassələri
və münasibətləri (qanunlar, prinsiplər) haqqında sübutların yaradılmasından
ibarətdir. Bu baza bilikdən istifadə etməklə sırf məntiqi olaraq çoxlu sayda
nəticə əldə etmək (quraşdırmaq, proqnoz etmək) mümkündür. Əsas şərt
ondan ibarətdir ki, ifadə olunmuş nəticə müəyyən empirik asılılıqların köməyi
ilə interpretasiya edildikdə o, real obyektin (təbii hadisələr, praktiki və psixoloji
proseslər və s.) xassələrini maksimal əks etdirsin. Ayrıca hallarda nəticə
nəzəriyyəni yoxlamayıb, onu dəqiqləşdirir və ya genişləndirir.
Elmi nəzəriyyənin elementləri anlayış, kateqoriya, termin, mühakimə, elmi
müddəa, ideya, konsepsiya, qanun, qanunauyğunluq, elmi fənlər və sairəni
əhatə edir [14]. Əsas elementləri yaxından nəzərdən keçirək [15]:
Anlayış - predmetləri onların məlum əlamətləri şəklində dərk edilməsi
formasıdır.
Kateqoriya - predmet və hadisələrin daha çox ümumi xassələrini və
münasibətlərini ifadə edən ümumi, fundamental termindir.
Elmi termin - elmi anlayışın adıdır.
Mühakimə - nəyisə təsdiq və ya inkar edən düşüncə tərzidir.
Müddəa - formulə olunmuş fikrin elmi sübutudur.
İdeya - nəzəriyyə və konsepsiyanın məzmununu ifadə edən əsas fikirdir.
Konsepsiya - elmi ideyaların birləşməsindən yaranan nəzəri baxışlar
sistemidir. Konsepsiya nəzəriyyədən fərqli olaraq, deduktiv nöqteyi nəzərdən
sona çatdırıla bilməyən fərdi biliyin işlənməsi və genişləndirilməsi ilə bağlıdır.
Onlar problemin mənasının başa düşülməsinə yönəlir. Burada obyektiv
dərketməyə baxılmır.
Qanun - proseslər arasında obyektiv, daxili, vacib və davamlı əlaqəni təsvir
edir. Qanunlar elmi-tədqiqat işlərində açar rolunu oynayır və ilkin olaraq
təkliflər, hipotezlər şəklində irəli sürülür. Əldə olunan faktların, sınaq
materialların köməyi ilə qoyulan iddia „təmizlənir“, təkmilləşdirilir və sonda
qanun şəklinə salınır. Beləliklə, qanun hadisə daxilində obyektiv, faktiki, təkrar
olunan və dayanıqlı əlaqələri əks etdirir.
Qanun anlayışı fəlsəfi kateqoriya kimi digərlərindən gec qəbul edilmişdir. Bu
onunla izah olunur ki, qanun faktların atributu kimi, insan fəaliyyətində
hadisələri əks etdirən kateqoriyalardan sonra meydana gəlmişdir.
Qanunauyğunluq - müəyyən məkan və zamanla bağlı olan hadisə və
proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən az
stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər sərt
kəmiyyət
göstəricilərinin
köməyi
ilə
təsvir
etmək
mümkündür.
Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan
sistemlərə aid edilirlər.
Elmi prinsip - elmi nəzəriyyənin əsas elementlərindən biri olub, elmin
müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintez- edici
və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri arasında daimi
mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan fərqli olaraq,
elmi prinsip özlüyündə elmi nəzəriyyənin elementlərinə qoyulan tələbatları
müəyyənləşdirir (Qalileyin nisbilik prinsipi, Borun natamamlıq prinsipi,
Dalamber prinsipi, sadəlik prinsipi və s.).
Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur [15]:
1. Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olmalıdır. Bu müəyyən
sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına
imkan yaradır.
2.
Nəzəriyyə prosesin, obyektin müəyyən xassələrinin tam təsvirini
mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk
bazası olan prinsip, anlayış, abstraktsiya, ideallaşdırma və aksiomların
köməyi ilə təsvir olunmalıdırlar.
3.
Nəzəriyyəyə daxil olan komponentlər arasındakı əlaqələr izah
olunmalıdırlar. Bir müddəadan başqasına keçidə imkan verən münasibətlər
formalaşdırılmalıdır.
4.
Nəzəriyyə daxilində inkarlıq olmamalı və onun sınaq nəticələri ilə uyğun
gəlməsi təmin edilməlidir.
Qeyd olunan tələbatları ödəyən nəzəriyyələr müəyyən göstəricilərinə görə
fərqlənirlər. Bu göstəricilərə evristiklik, konstruktivlik və sadəlik aiddir.
Nəzəriyyənin evristikliyi onun proqnozlaşdırılmış və izahedici imkanlarını
əks etdirir. Bu həqiqi nəzəriyyə üçün əsas arqument sayılır. Burada onu
demək yerinə düşərdi ki, nəzəriyyənin riyazi aparatı vacib rol oynayır. O, dəqiq
kəmiyyət proqnozları verməklə, daha yeni proseslərin kəşfinə aparır.
Konstruktivlik dedikdə nəzəriyyənin əsas müddəa, prinsip və qanunlarını
müyyən qaydalar üzrə sadə yoxlanması nəzərdə tutulur. Nəzəriyyənin
sadələyi ümumiləşdirilmiş qanun və məlumatların ixtisar və sıxlaşdırılması
sayəsində əldə edilir. Nəzəriyyəni təkçə statistik yox, həm də dinamiki
qiymətləndirmək olar. Nəzəriyyə növü nə qədər çox faktlara aid edilərsə, o
daha çox üstünlüyə malik olur.
Dostları ilə paylaş: |