Mühazirə 10. Oxu təliminin metodikası


Oxu materiallarının tematikası və xarakteri



Yüklə 131,74 Kb.
səhifə2/5
tarix01.01.2022
ölçüsü131,74 Kb.
#50719
növüMühazirə
1   2   3   4   5
Mühazirə 10. Oxu təliminin metodikası

10.2 Oxu materiallarının tematikası və xarakteri

Proqramda hər bir təlim ili üzrə oxunun məzmunu və tematikası verilmişdir. Proqramın tələbinə görə, I sinifdə şagirdlər məktəblilərin həyatı, ailə, ailədə vəzifə bölgüsü, onun istirahəti, insanların yaxşı və pis hərəkətləri, ananın bayramı, vətənimiz, xalqın sosial qayğıları və s. haqqında parçalar oxumalıdırlar. II-III siniflərdə bu mövzuların bir çoxu təkrarlanır və məzmun nisbətən mürəkkəbləşdirilir.

Proqrama daxil olmuş 2-ci qrup materiallar ilin fəsilləri, hər bir fəsildə heyvanlar, quşlar və bitkilərin həyatı, insanların əməyi haqqında maraqlı parçalar və məqalələrdir.

3-cü qrup materiallar isə tarixi xarakter daşıyır. Azərbaycanın tarixi keçmişi, oğuzlar, bizim türklüyümüz, ulu babalarımızın adət və ənənələri, zəhmətkeş xalqın azadlıq uğrunda mübarizəsi, Azərbaycanda demokratik hakimiyyət uğrunda mübarizə, vətənimizin düşmənlərdən qorunması, elmi-texniki yeniliklər, müstəqil Azərbaycan dövləti, dövlət quruculuğu və firavan həyat uğrunda mübarizə, dünya zəhmətkeşlərinin həmrəyliyi və s. kimi materiallar bu qəbildəndir.

Uşaq ədəbiyyatı bədii və elmi-idraki əsərlərdən ibarətdir. Elmi-idraki ədəbiyyata bədii-kütləvi və elmi-kütləvi əsərlər daxildir. Bu təsnifi bir qədər açmağa çalışaq. Uşaq bədii ədəbiyyatının məqsədi oxuculara müəyyən mənəvi təsəvvürlər vermək, onların qarşısında bədii obrazlar aləmini açmaq, kiçikyaşlı məktəbliləri kitabın müsbət nümunələrinə uyğun hərəkət etməyə yönəltməkdir. Uşaq elmi-idraki ədəbiyyatının başlıca məqsədi öz oxucularında əqli fəallığı tərbiyə etmək, onları böyük elm aləmi ilə ünsiyyətə yönəltməkdir. Onu da qeyd edək ki, hər hansı uşaq ədəbiyyatına (o cümlədən bədii ədəbiyyata) elmi biliklərin elementləri daxil edilir. Yeni biliklərin mənimsənilməsi həmişə oxucuda müəyyən nöqteyi-nəzərin, insani keyfiyyətlərin tərbiyəsi ilə əlaqədardır. “Nədir? Kimdir?” adlı məktəblilər üçün ensiklopediya elmi-kütləvi materiala, H.Zərdabinin, A.Şaiqin quşların və cücülərin həyatından bəhs edən nağılları, R.Rzanın heyvanlar və quşlara aid ensiklopediyası isə elmi-bədii materiallara misal ola bilər.

Elmi-kütləvi mətnlərdə elmi xarakterli səbəb-nəticə əlaqələri olur. “Meşə həkimi” mətnində uşaq qardaşından öyrənir ki, ağacdələnin sinəsi ağ, kəkili qırmızı, qalan yerləri qara olur. Onun dimdiyi uzun və möhkəmdir. O, qabığın altında, gövdədə olan qurdları tapıb yeyir. Bu mətndə başlıca məqsəd ağacdələn, onun meşəyə xeyri haqqında bilik vermək olduğundan onun təsviri tamamilə yerinə düşür.

Bədii əsərlərdə qəhrəmanın aydın təsvir olunması zəruridir. Elmi-bədii mətnlərdə isə hadisələrin qəhrəmanı olan insan arxa plana keçir, məsələn, II sinif dərsliyində X.Hasilovanın “Buyurun əyləşin” hekayəsində qəhrəmanın xarakteri açılır, uşaqlara nümunə göstərilir. Ayağı yaralı Nazim tramvayda qalxıb yerini qoca kişiyə verir. Oxucuda ona məhəbbət hissi baş verir. O, yadda qalan obrazdır. “Təyyarədə” mətnində isə məqsəd təyyarə, təyyarə meydanı, təyyarənin uçuşu, ondan baxanda yerin necə görünməsi və. s. haqqında məlumat verməkdir. Elçinin gördükləri, arzuları oxucunun diqqətini cəlb etmir. Elçin bədii obraz kimi yadda qalmır.

Kiçikyaşlı məktəblilərə bu xarakterdə materialın verilməsində başlıca məqsəd şagirdləri ətraf aləmdə olan əşya və hadisələrlə tanış etmək, onların zehnini sadə biliklərlə zənginləşdirməkdir.

Təbiətşünaslığa dair materialların içərisində şagirdlərə sanitar-gigiyena vərdişlərinin aşılanması da mühüm yer tutur. Uşaqlara insan bədəninin quruluşu, ona qulluq edilməsi, yoluxucu xəstəliklərə qarşı mübarizə aparmaq haqqında biliklər verilir. Bir çox mətnlərdə kimya, fizika, astranomiya, biologiya və s. haqqında sadə, lakin elmi məlumatlar öz əksini tapır.

İbtidai siniflərdə dərsliklərə daxil edilmiş tarixi materiallar, əsasən, tarixi günlərdə, bayramlarda oxunur, oxunu həyatla əlaqələndirməyə imkan verir. Xalqımızın milli azadlıq uğrunda mübarizəsi haqqında mətnlərin oxunması, şagirdlərə bilik verməklə yanaşı, onlarda vətənə, keçmişdəki nailiyyətlərimizə maraq və məhəbbət, düşmənə nifrət hissi də tərbiyə edir.

Vətənpərlik tərbiyəsi vətənə sevgi, məhəbbət və məsuliyyət hissinin, hər an öz vətəninin, xalqının müdafiəsinə qalxmağa hazır olmağın aşılanmasıdır. Görkəmli pedaqoqların təcrübəsi təsdiqləyib ki, uşaqlar gözlə gördüklərini daha yaxşı qavrayırlar. Buna görə də uşaqlarda vətənpərvərlik ruhunu yüksəltmək üçün, ilk növbədə, onlara vətənin qəhrəmanlarını tanıtmaq lazımdır. Şagirdlərə qəhrəmanların kecdiyi şanlı döyüş yolundan danışmaq, bununla bağlı materiallardan istifadə etmək olar. Məqsəd şagirdin vətən uğrunda döyüşən qəhrəmanı öz aləmində canlandıraraq onu təsəvvür etməsinə nail olmaqdır. Döyüşlərdə iştirak etmiş qəhrəmanlarımızla görüşlərin keçirilməsi vacib hesab olunur. Qəhrəmanla üzbəüz əyləşib onunla ünsiyyətdə olan uşaqda vətənpərvərlik hissinin formalaşması ücün münbit zəmin yaranır. Uşaqlar digər insanlarla müqayisədə qəhrəmanların verdikləri tövsiyələri daha tez qəbul edirlər.

Əlamətdar günlər ərəfəsində uşaqlarla vətənpərvərlik mövzusunda işin aparılmasına xüsusi diqqət yetirmək lazımdır.

Azərbaycan dili dərslərində əlavə oxu materiallarından istifadə şagirdlərdə sərbəst, düzgün, sürətli, ifadəli oxumaq, dialoqa girmək, öz fikirlərini ifadə etmək bacarıqları formalaşdırır. Onlar müxtəlif oxu materiallarından istifadə etməklə Azərbaycan xalqının tarixi, əxlaqi-mənəvi dəyərləri, adət-ənənələri haqqında ilkin məlumatları sadə formada təqdimetmə bacarığına yiyələnirlər. Məsələn, 20 Yanvar hadisələri ilə bağlı əlavə oxu materialları şagirdlərdə bu faciənin necə baş verməsi, kimlər tərəfindən törədilməsi, xalqımızda yaratdığı dərin kədər, eyni zamanda əsl qəhrəmanlıq nümunəsi olması haqqında xeyli təsəvvür yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan müəlliminin ən birinci vəzifəsi vətənpərvər vətəndaş yetişdirməkdir!”

Bu cür insanların yetişdirilməsində ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Çünki hələ əlifba təlimi dövründən başlayaraq onları azad düşüncəli, fəal, demokratik, vətənpərvər vətəndaş kimi yetişdirmək müəllimlərin məqsədi olmalıdır. Müəllimlər təkcə bilik verməklə kifayətlənməməli, şagirdlərimizi günün tələbləri səviyyəsində yetişdirməlidirlər.

Oxunun növləri. Oxu nitq fəaliyyətinin mühüm növlərindən biri olmaqla avtomatlaşanadək uzun inkişaf yolu keçir. Oxu vərdişi ucadan nitq planında işlənib, tədricən, özünün inkişaf etmiş mərhələsi olan səssiz (öz-özünə) oxu fəaliyyətinə çevrilir. Deməli, oxu səsli (ucadan) və səssiz (öz-özünə) olur. Savad təlimi dövründə ilkin oxu vərdişi ucadan oxumaq şəklində aşılanır. Ucadan oxu həm də tələffüz, ümumiyyətlə, nitq inkişafı üzrə məşqdir. Ucadan oxu şagirdlərin fəaliyyətinin daim müəllimin (həmçinin yoldaşlarının) nəzarəti altında saxlanmasına şərait yaradır.

Əlifba təlimi dövründə, həmçinin II sinifdə ucadan oxu oxunun şüurluluğunun təmin olunması üçün əlverişli şərait yaradır. Səsli oxu prosesində oxunan parça bütün sinif tərəfindən diqqətlə dinlənilir və eşidilir. Uşaqlar oxuyandan nümunə götürməklə yanaşı, onun səhvlərinə düzəliş də verirlər. Ucadan oxu zəif və utancaq uşaqların oxu vərdişinin inkişafına güclü təsir göstərir. Səsli oxu daim nəzarət altında olduğundan rəvanlığı, ifadəliliyi ilə fərqlənir.

Səsli oxu prosesində müxtəlif növ kollektiv ümumsinif işləri (növbə ilə oxumaq, rollar üzrə oxumaq, xorla oxumaq və s.) asanlıqla təşkil olunur. Səsli oxu vərdişinin aşılanması üçün savad təlimi dövründən etibarən şagirdlərin fərdi oxularına düzəliş verilməli, xorla oxu prosesi təşkil olunmalıdır. Bu məqsədlə maqnitofon yazılarından istifadə etmək, şagirdin oxusundakı səhvləri özünə tapdırmaq faydalıdır.

Oxunun digər növü səssiz oxu yaşlı adamların həyatında az qala yeganə oxu prosesinə çevrilir. Səsli oxudan fərqli olaraq səssiz oxuda tələffüz prosesi elə bil dayanır, demək olar ki, nitq hərəki prosesi baş vermir. Bu isə öz növbəsində sürətlə oxumağa imkan verir. Səssiz oxu görmə qavrayışının inkişafına kömək göstərir.

Əlifba təlimi başa çatdıqdan sonra tədricən şagirdlər səssiz oxumaq vərdişinə də yiyələnməli olurlar. II sinifdə sinif və ev tapşırıqlarının xarakterindən asılı olaraq getdikcə səssiz oxu səsli oxunu üstələyir. Təcrübə göstərir ki, səssiz oxumaq vərdişi çox yavaş inkişaf etdiyindən hər dərsdə əsərin səssiz oxunması, məzmununa dair sual-cavab, məzmunun nəql edilməsi üzrə rəngarəng çalışmalar yerinə yetirilməlidir. Səssiz oxunun şüurluluğunu təmin etmək üçün mətnin məzmununa dair müəyyən şəkillər fikirləşmək, mətni hissələrə ayırıb başlıqlar vermək, müəyyən hissəni tapmaqla seçmə oxuya və ya nəqletməyə hazırlaşmaq, müəyyən ifadələri seçib dəftərə yazmaq və s. şəklində iş gedir. İlk dövrlər səssiz oxu üçün kiçikhəcmli maraqlı mətnlər verilməli, sonralar həcminə və məzmununa görə tədricən çətinləşdirilməlidir.

Səssiz oxu vərdişinə yiyələnmiş şagird sinfin ümumi işinə maneə olmur, ictimai yerlərdə başqalarının diqqətinin yayınmasına yol vermir. Adətən, şagirdlər səssiz oxuya yenicə alışma prosesində yalnız baxmaqla (gözlə) oxuya bilmir, dodaqaltı tələffüzdən istifadə edirlər. Belə pıçıltı sinifdə intizamı pozur, uşaqların diqqətini yayındırır. Dodaqaltı tələffüzün qarşısı vaxtında alınmadıqda bəziləri yaşlaşdıqda da səssiz oxuya bilmirlər



Yüklə 131,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin