Mövzu: “Azərbaycan dilində işgüzar və akade


Nitqə hazırlıq zamanı plan tutma



Yüklə 262,64 Kb.
səhifə89/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   85   86   87   88   89   90   91   92   ...   142
1634046683046 Mühazirələr 1

5.Nitqə hazırlıq zamanı plan tutma 

Plan nitqin yazılı növündə ardıcıllığı, şifahi növündə isə fikrin sistemli olmasını təmin edir. Hər hansı bir nitqin quruluşu plan əsasında giriş, əsas hissə, nəticədən ibarət olur. Hətta bəzi natiqlər planı bölmələrə, yarımbölmələrə, maddələrə, bəndlərə də bölür. Bu təcrübə özünü doğrultmur. Əsas fikri mətləbdən uzaqlaşdırır. Plan tərtib olunarkən natiq onu nitqin ideyası ilə bağlamalıdır. Planın tərtib olunmasında nitqin mövzusuna uyğun forma seçilməlidir. Plan nitqin ardıcıl şəkildə ifadə olunmasına köməklik göstərir.

Natiqin söylədiyi fikirlərin yadda saxlanmasına, xatırlanmasına yardım edir. Tərtib olunan plandan monoloji nitqə keçid başlanır. Təcrübəli natiqlər planı yarımbölmələrə ayırsalar da, onu vahid forma kimi qəbul edirlər. Nitq zamanı planda qoyulmuş bütün məsələlər şərh olunmaya da bilər, bunların tam əhatə olunması vacib də deyil.

Qeyd etdik ki, hazırlanan nitq üç hissəyə bölünür:



  1. Giriş

  2. Əsas hissə

  3. Nəticə

Nitqin giriş hissəsində natiq dinləyiciləri ilk andan ələ almalı və onların diqqətini özünə cəlb etməlidir. Fikrini, mülahizələrini elə qurmalı və nitqə başlamalıdır ki, auditoriyada maraq oyatsın. Natiq giriş hissəsində nitqin sonrakı hissələri üçün şərait yaradır. Əgər o, girişdə dinləyiciləri maraqlandırıbsa, ələ ala bilibsə, onların diqqətini cəlb edibsə, o biri hissələrdə müvəffəqiyyət qazanacağına şübhə yoxdur. Əksinə, göstərilən prinsiplərə əməl edə bilməyibsə, müvəffəqiyyətdən danışmağa dəyməz. Nitqin giriş hissəsi şablon xarakteri daşımamalıdır. Natiq düşdüyü vəziyyəti və dinləyiciləri, onların əhval-ruhiyyəsini nəzərə almalı, nitqin müqəddiməsini də bu şəraitə uyğun qurmalıdır. Nitqin giriş hissəsindən bəhs edən M.Əsgərov yazır:

«Söylənilən nitqin girişini (müqəddiməsini) nəhəng və əzəmətli bir binanın — auditoriyanın qızıl açarına bənzətmək mümkündür. Məlumdur ki, şifahi nitq söylənilən nitqdir. Natiq nitqindən isə əsas məqsəd ünsiyyət yaratmaq və əsas ideyanı, fikri, mənanı auditoriyaya çatdırmaqdan ibarətdir. Bu cəhətdən natiqlə auditoriya arasında əksər hallarda monoloji nitq formasında ünsiyyət yaranır.

Natiq nitqinin müqəddiməsi (giriş) dərin və böyük psixoloji təsir qüvvəsinə malik olmalıdır. Aristotelin nitqin müqəddiməsini poetik əsərin proloquna bənzətməsi heç də təsadüfi deyildir».

Dövrümüzün böyük şairi olmuş ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor, alovlu natiq olmuş Bəxtiyar Vahabzadə «Müəllimlərin VI qurultayında» çıxış edərkən nitqini belə başlamışdır:



Əziz və hörmətli müəllimlər! Sizi respublika müəllimlərininVIqurultayı münasibətiilə yaradıcı ziyalılar adından təbrik edir, gənc nəslin tərbiyəsikimi mühüm və şərəfli işinizdə sizə uğurlar diləyirəm.

Müəllim bizim ilk dostumuz, mənəviatamız, anamızdır. «Müəllim» sözü dar lüğəti mənasından çıxıb daha böyük mənalar kəsb edir, misilsiz məzmuna malik olmuşdur. Məndən olsaydı, əlifbadakı sıra qanunlarını pozub «müəllim» sözünü bütün dillərin lüğətində ilk söz kimi yazardım.

Böyük yunan filosofu Əflatundan xəbər aldılar:


— Atanı çox sevirsən, ya müəllimini? Filosof cavab verdi:
— Müəllimimi!
— Nə üçün? — deyə xəbər alanda, o, belə cavab verdi:
— Atam məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı.

Bu, çox böyük sözdür. Yerdən göyə qalxmaq — yerin səviyyəsində duran böyük fikirlər, böyük ideyalarla yaşamaq, gələcəyə qanadlanmaq deməkdir. Bizi hələ uşaq ikən böyük fikirlər və böyük əməllərlə silahlandıran, gözümüzü dünyaya açan, əllərimizdən tutub bizi sirlər dünyasına aparan, bizə uçmaq üçün qanad verən müəllimimizdir. Müəllim beyinlərə fikir, ideya toxumu səpir, gözlərə işıq, ürəklərə od verir. Ən ümdəsi də bizə düşünmək öyrədir. Bu qədər böyük və lazımlı bir vəzifəni cəmiyyət müəllimə tapşırmışdır». Gətirilən misaldan aydın olur ki, şair — natiq nitqin ən əsas və ciddi mərhələsi olan müqəddiməni nə qədər gözəl, cəlbedici, sadə, aydın bir şəkildə qurmuşdur.

Yaradıcı nitqin əsasını, canını təşkil edən əsas hissə natiqə məharətini göstərmək üçün geniş meydan açır. Nitqin əsas hissəsində natiq yaradıcılıq vaxtı nə müvəffəqiyyət qazanıbsa, nə bilik əldə edibsə, onu hərtərəfli dinləyicilərə (həm ümumi şəkildə, həm xüsusi şəkildə, həm konkret şəkildə, həm də təhlil etmək yolu ilə) çatdırır. Əgər natiq yazdıqlarını oxumaqla kifayətlənib, işini bitmiş hesab etsə, onda bu nitq dinləyicilər tərəfindən məqbul hesab edilmir (xüsusilə, akademik natiqlik).

Nitqin əsas hissəsində natiq üzərinə düşən bütün çətinlikləri güclü məntiqlə, dolğun və sadə fikirləri ilə aradan qaldırmağı bacarmalıdır. Fikrin və müddəaların aparıcı qüvvəsi olan əsas hissə natiqin səviyyəsini göstərir. Natiqin elmi biliyinin, dünyagörüşünün meyarı məhz əsas hissədir. Nitqin əsas hissəsi ardıcıl, inandırıcı, məntiqi fikirlərin daha möhkəm, kəsərli olması ilə fərqlənməlidir. Natiq nitqinin əsas hissəsində dinləyiciləri həm öyrətməli, həm də mövzunu onlara oxutmalıdır. Yaddan çıxarmaq olmaz ki, nitqin ideyası əsas hissədə açılır. Məhz bu hissədə nitqinin hansı ideyaya xidmət etdiyi müəyyən olur. Natiq elmi biliyini, əxlaqi sifətlərini, nə məqsədə xidmət etdiyini, əqidəsini, həyatda əxz etdiyi bütün keyfiyyətləri nitqin əsas hissəsində əks etdirir.

Nitqin ən məsuliyyətli və nisbətən çətin hissəsi olan əsas hissədə natiq bütün prinsiplərə, tələblərə əməl etməlidir. Yeri gəldikcə nitqdə ümumiləşdirmə aparmalı və ya konkretliyi üstün götürməlidir. Natiq yeri gəldikcə səsini də vəziyyətə uyğun çatdırmalıdır.

Nitqin əsas hissəsi onun süjetini, quruluşunu, məqsədini, mövzusunu, vəzifəsini təşkil edir. Yalnız bunu yadda saxlamaq lazımdır ki, nitqin əsas hissəsi əldə edilmiş bütün çoxcəhətli faktların, mülahizələrin elmi şərhini tamamlamaqla bərabər, fikrin yekunlaşdırılmasına köməklik göstərir.

Bundan sonra nəticəyə keçmək üçün yol açılır. Nəticə söylənilən nitqin yekunu və sonuncu hissəsidir. Nitqin nəticə hissəsində bitkinliyin hiss olunması, silsilə xarakteri daşıyan fikirlərin, mülahizələrin yekunu diqqəti cəlb etməlidir. Natiq nitqin nəticə hissəsində fikri uzatmamalıdır. Əks halda bu uzunçuluq auditoriyanı yorar və onlar fikri qavraya bilməzlər. Nəticə yığcam, aydın, təsirli və əsasən, bitkin olmalıdır. Nitqin sonunda məzmunun qavranılması, ideyası, məqsədi və vəzifəsi ardıcıl şəkildə bir-biri ilə əlaqələnməlidir. Burada müəyyən vaxt bölgüsünə riayət etmək lazımdır. Nitqin nəticə hissəsində müəllif irəli sürdüyü fikirlərin ümumi məcmusunu bir yerə toplayıb yekunlaşdırır. Nəticə həm natiqin, həm də auditoriyanın qarşısında duran problemlərin, sualların, mübahisəli fikirlərin həllində gəldikləri ümumi yekdil rəyin (bu rəy müxtəlif də ola bilər) yekunudur. Əgər nəticədə fikir müxtəlifliyi olarsa, (məsələn, elmi mübahisələr) deməli, bu məsələ diqqətdən kənarda dayanmamalıdır. Nəticədə natiq öz fikrini, mülahizələrini zorla auditoriyaya qəbul etdirməməlidir. Bu yalnız elmi yolla, inandırma yolu ilə mümkün ola bilər.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin