Мир культуры



Yüklə 217,19 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix26.12.2016
ölçüsü217,19 Kb.
#3554
növüXülasə
1   2   3   4
 

 

İqtisadiyyat,  bazar  münasibətləri,  etika  və mənəviyyat  mövzusu nə  qədər  geniş-

dirsə, bir o qədər də şaxəlidir. Qeyd  edək ki, iqtisadi qanunlar hər zaman etik münasi-

bətlərə  bağlıdır,  mənəvi  faktorlar  iqtisadiyyata  təsiredici  faktorlar  sırasındadır.  Müasir 

dövrü  çox  vaxt rəqabət  dövrü adlandırırlar.  Amma  bu  və  ya digər  formada rəqabət  in-

sanlar arasında hər zaman olub.Rəqabət imperativləri iqtisadi davranış qaydalarının ləğ-

vi demək deyil. Məlumdur ki, hələ qədim dövrlərdə tacirlər ədəb-ərkan və yazılmamış 

əxlaq  normalarını  dərk  edərək  etik  məhdudiyyətlər  çərçivəsində  fəaliyyət  göstərməyə 

çalışıblar. Etik-fəlsəfi və iqtisadi ədəbiyyatı səhifələsək görərik ki, keçmişin etik biznes 

normalarına  uyğun  olaraq  sazişlərin  tək  bir  söz,  vəd  vasitəsilə  bağlanması  istisna  hal 

olmayıb.  Lakin  söz  qızıldan dəyərli  olub  və  bu  sözə  zamin  söz  verənin nüfuzu, həyatı 

olub. İslam dünyasında bu normalar dini normalarla, o cümlədən halal qazanc anlayışı 

ilə  sıx  bağlı  olub  və  bu  günə  kimi  bağlıdır.  İntibah  dövrünə müraciət  etsək  görərik ki, 

hələ vahid Avropa dövlətləri mövcud olmadığı zamanlar tacirlər mallarını piştaxtalarda 

elə yerləşdirirdilər ki, qonşu tacirlərə mane olmasınlar. Qeyri-rəsmi razılaşma və ədəb-

ərkan qaydaları, orta əsrin biznes-etikası belə idi.  

Biz keçmişi ideallaşdırmaq fikrində deyilik, ancaq qəbul etməliyik ki, müasir ba-

zar  münasibətlərində  etik  kodeksə  tez-tez  riayət  olunmur.  Əgər  kimsə  israr  etsəydi  ki, 

müasir  bazar iqtisadiyyatlarında qanun, mənəviyyat  və  gəlir əldə  etmə  istəyi  daim  üst-

üstə düşür – bu, yanlış fikir olardı. Burada tam əks hallardan bəhs edən, ciddi problem-




 

143


lərin mövcudluğunu göstərən müxtəlif və çoxsaylı misallar gətirmək olar. Adam Smitin 

«azad ticarət  və rəqabət insanları mənfəətə meyl  nəticəsində  zənginləşdirir» tezisi real 

həqiqətə  hər  zaman  uyğun  deyil. Eyni  zamanda  bazar  iqtisadiyyatına  cəlb  olunmuş 

dövlətlərin  zəif  nöqtələrinin  tənqidi  azad  bazarın  nəhəng  pozitiv  faktorlarını  kölgədə 

qoymamalıdır.  Azad  bazar  –  yüksək  inkişaf  səviyyəsi  olan  keyfiyyətli  sistemdir,  eyni 

zamanda yazılmış və yazılmamış qanun və qaydaları olan xüsusi münasibətlər sistemi-

dir. Demək olar ki, yazılmamış qanunlarla nizamlanan münasibətlər məkanı elə bazarın 

etik  məkanıdır.  Bazarın  növü  (forması)  dövlət  və  bazar  arasında  mövcud  olan  mü-

nasibətləri  müəyyənləşdirir.  Bunların  arasında  elə  bazar  növləri  var  ki,  onlar  sosial 

münasibətləri  və  istehsalı  formalaşdırır,  elə  bazar  münasibətlərinə  də  rast  gəlmək  olar 

ki, orada dövlət «azlıq», bazar isə «çoxluq» təşkil edir. “Dövlət kapitalizmi” modelində 

iqtisadiyyatın aparıcı sahələrinə dövlət nəzarət edir və o, sosial sahədə fəal deyil. Adə-

tən burada böyük korrupsiya risklərilə bərabər dövlətin istehsalçıya spesifik münasibəti 

müşahidə  olunur.  Sosial  dövlətlərdə  isə  sosial  ədaləti  pozmamaq  naminə  və  təbəqə-

lərinin  toqquşmasına  yol  verməmək  məqsədilə  güclü  proqramlardan  istifadə  olunur. 

Bazar  iqtisadiyyatı  sisteminin  bəzi  ideoloqları  belə  münasibətlər  sistemini  tənqid  edir. 

Onlar belə hesab edirlər ki, bazar kifayət qədər sərt və gəlir-mənfəət baxımından effek-

tiv  olmalıdır.  Digərləri  isə  düşünürlər  ki,  sosial  ədalət  və  stabilliyin  maksimal  gəlirin 

qurbanına  çevrilməsi  düzgün  deyil.  Burada  bazar  iqtisadiyyatının  etik  problemlərinə 

riayət  olunması  şüarı  ön  plana  çəkilir.Bu  mövzu  ətrafında  olan  diskussiyalara  mü-

nasibətlərini bildirən məşhur iqtisadçılar Stenli Fişer, Rudiger Dornbuş və Riçard Şma-

lenzi yazırlar: “Yoxsulların xeyrinə olan sosial müavinatlar səviyyəsinin yüksəldilməsi 

və dövlət tərəfindən həyata keçirilən sosial proqramlar bəzi hallarda yoxsulların iqtisadi 

statusunu  dəyişdirmək  üçün  stimullarını  zəiflədir.  Bu  cür  vəziyyət  mükəmməllikdən 

uzaq  olan  stimullar  sistemini  formalaşdırır:  burada  şəxsi  maddi  rifahı  təmin  etmək 

məsələsi  şəxsi  səylər  hesabına  deyil,  dövlətin  səyləri  hesabına  reallaşdırılır”.  (С. 

Фишер, Р. Дорнбуш, Р. Шмалензи «Экономика». М., 1993, стр.396). 

Digər tərəfdən, S. Fişer, R. Dornbuş və R. Şmalenzi hesab edirlər ki, yüz faizlik 

bazar  iqtisadiyyatı  reallıqda  mövcud  deyil.  Dövlət  bu  və  ya  digər  formada,  müxtəlif 

səbəblər  üzündən  bazar  münasibətlərinə  müdaxilə  etmək  zərurətilə  üzləşir.  Son  illərin 

qlobal maliyyə böhranı iqtisadçı alimlərin fikrini təsdiq edir. Məhz dövlətlərin müdaxi-

ləsi nəticəsində ABŞ-da, Avropa ölkələrində iqtisadi fəlakətin qarşısını almaq mümkün 

olmuşdur. Əlbəttə, qlobal maliyyə böhranın səbəbləri müxtəlifdir, lakin qeyd etməliyik 

ki,  korporativ  etik  qaydaların  pozulması  bu  səbəblər  sırasındadır.  Çoxsaylı  tədqiqatlar 

göstərdi ki, trans-milli şirkətlər tərəfindən maliyyə göstəricilərinin saxtalaşdırılması şir-

kətlər çərçivəsindən çıxaraq cəmiyyət miqyasında böyük bəlalar törətmişlər, milyonlarla 

insanları işsiz qoymuşlar, iqtisadi həyatı tənəzzül və böhrana doğru aparmışlar.  

Prinsipial bir məqamı qeyd etmək lazımdır ki, “ekoloji etika”, “bazar münasibət-

ləri  etikası”,  “tibbi  etika”  və  sair terminlər  şərti  qəbul  olunmalıdır.  Mənəvi,  əxlaqı  ori-

yentiri müəyyən edən yeganə etika elmi mövcuddur. Söhbət insan həyatının mənəviyya-

tına dair bilgilər sistemindən gedir. Etikanın xüsusiyyəti ondan ibarətdir ki, mənəvi ide-

yaların mənimsənməsinə doğru daxili hazırlıq olmalıdır. Etika – əxlaq qanunlarının yı-

ğını deyil. Hər kəs bildiyi kimi hərəkət edir, ancaq həyat yollarında hər kəs, “istiqamət 

göstərən cığıra” ehtiyac duyur. Məhz bu «istiqamət göstərən cığır» rolunu etika əzəldən 

öz üzərinə götürüb. Başqa «etikalar»a qalanda isə, onlar professional fəaliyyət sahələri-

nin spesifikliyini göstərmək üçün istifadə oluna bilər.  

Bazar münasibətlərində hər zaman kiminsə maraqlarına toxunulur, mənəviyyatla 

uyğun olan, biznesmen nüfuzunu yüksəldən və yaxud onu işgüzar insan kimi hörmətdən 

salan hərəkətlər edilir. Müasir bazar iqtisadiyyatında biznesmenin imici böyük əhəmiy-

yət  kəsb  edir.  Nüfuzlu  iş  adamının  şifahi  razılığı  ilə  sazişlər  bağlana,  onların  rəs-

miləşdirilməsi isə sonra da baş tuta bilər. Lakin belə hallar bazar iqtisadiyyatı əsasında 



 

144


fəaliyyət göstərən hər bir cəmiyyətə eyni dərəcədə şamil edilə bilməz. Cəmiyyətdə çox 

şey etibar amilindən asılıdır. «Analitik yolla müəyyən edilib ki, insanlararası etibarın ən 

aşağı dərəcəsi (son həddi) 33,3% - dir. Statistika göstərir ki, Avropa ölkələrində «insan-

lara  etibar  edirsinizmi»  sualına  müsbət  cavab  verən  insanların  sayı  İtaliyada  50-60%, 

Almaniya, Fransa, Böyük Britaniya və Danimarkada 85-90%-dir. Rusiyada isə etibarın 

səviyyəsi  çox  aşağıdır:  ancaq  35%  respondentlər  «insanlara  etibar  edirlərmi»  sualına 

müsbət cavab verib (Г. Баранов, Н. Баранова «Рынок и этика: к проблеме интерак-

тивности рыночно - экономического и этического сознания» Кемерово, 2001, стр. 

154-159).  Müəlliflər  hesab  edirlər  ki,  müxtəlif  səbəblərdən  bazar  iqtisadiyyatı  və  etik 

şüur  arasında  qarşılıqlı  təsir  yaranmayan  ölkələrdə  mükəmməl  sivil  bazarın 

formalaşması mümkün deyil.  

İnkişaf  etmiş  ölkələrin  biznes  dairələrində  “qırılmış  nüfuzla  yaşamaqdansa  ya-

şamamaq  yaxşıdır”  prinsipinə  çoxları  tərəfindən  riayət  edilir.  Son  iyirmi  ilin  təcrübəsi 

göstərdi  ki,  MDB  ölkələrinin  bazar  iqtisadiyyatı  münasibətlərinə  qoşulması məntiqidir 

və bu, dünyada cərəyan edən təsərrüfat proseslərinə bağlıdır. Eyni zamanda post-sovet 

və Qərb ölkələri iqtisadiyyatlarının humanitar-psixoloji aspektlərinin uzlaşması məsələ-

si xüsusi aktuallıq kəsb edərək günləlikdə duran vacib məsələlərdən biridir. Etiraf etmək 

lazımdır ki, bəzi hallarda post-sovet məkanının iş adamları azad bazar dəyərlərini adek-

vat şəkildə anlamır və bu, böyük problemə çevrilir. Əlbəttə, zəruri anlam üçün müvafiq 

stimullar olmalıdır. Digər tərəfdən, “insanlar qarşılıqlı münasibətlər sisteminə hansı hə-

yat  prinsipləri  ilə  gəliblər”  sualına  cavab  verilməlidir.  Bu,  tamahkarlıq  prinsipləri, 

motivləri  da  ola  bilər, layiqli  biznesin  inkişafı istəyidə.  Yeni müstəqil  dövlətlər  yetkin 

bazar münasibətlər yolunun faktiki olaraq başlanğıcındadır. Təbii ki, qısa zamanda mak-

simal  gəlir  əldə  etmək  istəyi  burada  istisna  hal  deyil.  Məlumdur  ki,  azad  iqtisadiyyat, 

“bazarın  görünməz  əli”  vasitəsilə  insanın  şəxsi  eqoistik  mənafeyini  ictimai  rifaha  çe-

virən mexanizmdir. Lakin o, heç kimə heç bir zəmanət vermir. Zəmanət üçün qanunlar, 

əxlaqi  normalar,  şirkətlərin  ümumi  rifaha  yönələn  ideologiyası  olmalıdır.Buna  misal 

olaraq BillQeytsin fəaliyyətini qeyd etmək olar. O, Uorren Baffetlə birgə şəxsi vəsaitlər-

lə  QİÇS,  onkoloji  və  başqa  xəstəliklərə  qarşı  elmi  işləri  maliyyələşdirən  fond  yaratdı. 

B.Qeyts  şəxsən  bu  fonda  rəhbərlik  edir.  Bununla  birgə  o,  dünya  ictimaiyyətinə  şəxsi 

var-dövlətinə  münasibətini  nümayiş  etdirərkən  deyir  ki,  bu  var-dövlətdən  onun  üç 

övladına ancaq bir faizi çatır. Qalan vəsait dünyada mövcud olan haqsızlıqla mübarizə 

üçün cəmiyyətə qaytarılmalıdır, o cümlədən də uşaq ölümü ilə mübarizəyə, çünki hər il 

aclıqdan və xəstəliklərdən dünyada milyonlarla uşaq tələf olur. Planetin ən varlı insanı 

hesab edir ki, bütün varidatını varislərinə qoysa, onlara ən pis qayğı göstərmiş olar. İcti-

mai rifahı  və  biznesi  belə  qavrama heç nədən  yaranmayıb.  Amerikada əxlaqi  biznesin 

tarixçiləri tarixdə  vicdanlı milyoner adı  altında  məşhur  olan  Henri  Fordu  qeyd  edirlər. 

Vicdanlılıqdan  əlavə  o,  yüksək  ictimai  məqsədlərə  meyl  edərkən  XX  əsrin  əvvəlində 

Amerikanı  iqtisadi  depressiyadan  çıxartmışdır.  Məşhur  «Mənim  həyatım  və  nailiy-

yətlərim» kitabının girişində o qeyd edir ki,tamahkarlıq məqsədi güdsəydi, yaranan me-

todların  dəyişməsinə  meyl  etməzdi.  Əgər  ancaq  varlanma  haqda  düşünsəydi,  mövcud 

sistem onun üçün çox əlverişli olardı; o, kifayət qədər Fordu pulla təmin edirdi. Lakin o, 

qulluq ictimai məsuliyyəti unutmadı. 

Henri Ford bizə sanki deyir:iş adamı (biznesdə təsadüfi insan yox) bazar iqtisa-

diyyatı sistemində ümumi rifahı unutmamalıdır; sistemin özü biznesin əxlaq qaydalarına 

zəmanət  vermir,  insanlar  bunu  edir.  Məhz  bu  səbəbdən  çoxları  «azad  bazar  şəraitində 

dürüst  olmaq  daha  əlverişlidir»  fikri  ilə  razılaşıram,  amma  digər  tərəfdən,  bu  tezisə 

tənqidi  yanaşıram.  Təəssüflə  qeyd  etməliyik  ki,  azad  bazar  iqtisadiyyatında  dürüst  ol-

maq  hər  zaman  əlverişli  deyil.  Bəzi  hallarda  məhz  əyrilik  çox  vaxt  müvəffəqiyyətin 

rəhni olur. Misal olaraq qeyd edək ki, XX əsrin 90-cı illərində MDB məkanında qeyri-

qanuni  vasitələrlə  böyük  müəssisələri  və  xammal  mənbələrini  əldə  edən  insanlar  mil-



 

145


yonçu oldular. Qərbə üz tutsaq görərik ki, burada da azad bazar münasibətlərinin möv-

cudluğu  dələduzluqdan  zəmanət  deyil.  Korporasiyaların  şəffaf  mexanizmləri  fəaliyyət 

göstərməlidir.  Məhz  bəzi  şirkətlərin  şəffaf  çalışmaması  üzündən  dövlətlər  üçün  böyük 

problemlər yaranır. Son illərin qlobal maliyyə  böhranına nəzər salsaq görərik ki, AAA 

(ən yüksək) reytinqə malik olan şirkətlər belə gərgin şəraitdə çökdü. Onların çökməsi öz 

növbəsində böyük sosial problemlər yaratdı və bu dramatik nəticənin səbəblərindən biri 

şirkətlərin qeyri-şəffaf fəaliyyətidir.  

Biznes  etikanın  müxtəlif  mədəniyyətlərdə  özəl  xüsusiyyətləri  mövcuddur. 

Azərbaycanda  biznesin  əsas  xüsusiyyəti  onun  qısamüddətliliyi  deyil.  Bu  hal  bir  çox 

dövlətlərdə müşahidə oluna bilər, xüsusən iqtisadi keçid mərhələsində olan dövlətlərdə. 

Diqqəti başqa bir tərəfə yönəldək. Bütün mədəniyyətlərdə biznes etikanın ideya əsasları 

mövcuddur.  Bu,  həm  müsəlman,  həm  xristian,  həm  də  başqa  mədəniyyətlərə  aiddir. 

İslam  dünyasında  biznesin  əsasları  fundamental  İslam  prinsipləri  ilə  bağlıdır.  Burada, 

məlum  olduğu  kimi  sələmçilik,  alkoqol  biznesi  və  mərc  oyunlar  qadağandır.  İslam 

dünyasında  biznes  şəriətə  zidd  ola  bilməz.  Lakin  bu,  o  demək  deyil  ki,  İslam  ölkələri 

bazar  iqtisadiyyatı  çərçivəsində  fəaliyyət  göstərə  bilmir.  Rusiya  alimləri  tərəfindən 

aparılan tədqiqatlar göstərir ki, İslam dünyasında müsbət dəyişikliklər baş verir. Belə ki, 

İslam  ölkələrində  əhəmiyyətli  iqtisadi  nəticəyə  meyl  kifayət  qədər  güclüdür.  Müsbət 

nəticəyə  nail  olmaq  istəyini  “G7”  vətəndaşlarının  67%-nə  şamil  etmək  olarsa,  Rusiya 

vətəndaşları  arasında  bu  göstərici  44%-dir.  Bu,  56,3%-ə  bərabər  göstəricisi  olan  beş 

İslam  dövlətinin  orta  göstəricisindən  aşağıdır.  Sosioloji  layihələr  müəlliflərinin  əsas 

fikri odur ki, bazar iqtisadiyyatı münasibətləri biznesmenlərdə və sıravi insanlarda fərqli 

davranış  stereotiplərinə  stimullar  yaradır.  (“Этика  национального  капитализма»  - 

“Коммерсант” 23.10.2006, стр. 8). 

Bazar  iqtisadiyyatı  spesifik  sistemdir.  Bu,  əldə  edilmiş nailiyyətlərlə  kifayətlən-

məyən, hərəkəti stimullaşdıran, daim təkmilləşdirmə yolu ilə gedən xüsusi və qarşılıqlı 

münasibətlər sistemidir. Məhz bu səbəbdən bazar iqtisadiyyatı şəraitində möhtəşəm iq-

tisadi  nəticələrə  nail  olmaq  mümkündür.  Bazar  iqtisadiyyatı  innovasiyalar,  inkişaf  və 

kapitalın  formalaşmasını  tələb  edir.  Burada  innovasiyaların  rolu  çox  önəmlidir.  Bunu 

MDB məkanında da dərk edirlər. Təsadüfi deyil ki, kadrlar, yüksək peşəkarlıqla seçilən 

insan  resursları  probleminin  mövcudluğuna  baxmayaraq  Rusiyada  ABŞ-nın 

“SiliconValley”-nı təkrarlayan Skolkovo elmi innovasiya mərkəzi yaradılır.Bu məqsəd-

lə dövlət potensial əməkdaşlara ən yüksək məvacib və ən münasib iş şəraiti təklif edir. 

Rəqabət mühiti çeviklik, qərarların tez bir zamanda qəbulunu, qabaqlayıcı tədbir-

lər  və  bəzən  “rəqiblərin  kənarlaşdırılmasını»  tələb  edir.  Rəqabət  probleminə  dair  geniş 

ədəbiyyat  mövcuddur.  Burada  ən  populyar  müəlliflərdən  biri  məşhur  C.  Trout  sayılır. 

Onun  “Positioning.  The  battle  for  your  mind”  əsəri  bestsellerlər  sırasındadır.  (Bax:  Al 

Ries  and  JackTrout  “Positioning.  Thebattleforyourmind”.NewYork,  A  Time  Warner 

Company.  1993).Belə  olduğu  halda  rəqabət  və  iqtisadi  etika  necə  uzlaşa  bilər?  Bu 

məsələ ilk növbədə qanunlar vasitəsilə tənzimlənir. Əgər biz avtarkiya deyil, azad bazar 

münasibətləri barəsində danışırıqsa, onda bilməliyik ki, azad bazar münasibətləri yalnız 

ümumi, hamının qəbul etdiyi qaydalar əsasında inkişaf edə bilər. Bu qaydalar universal 

xarakterli  olmalıdır.  Sivil  bazar  münasibətləri  ümumi  qaydalara  əsaslanaraq  biznes 

fəaliyyətə qoşulmaq üçün heç kimin qarşısında keçilməz sədd qurmaq iqtidarında deyil. 

Müasir dövr bizimlə qloballaşma terminləri ilə danışır. Demək olar ki, biz qlobal 

azadlıq  fenomeninin  yaranmasını  müşahidə  edirik.  İnformasiya  texnologiyalarının  ya-

ratdığı misilsiz imkanlar, dövlətlər arasında sərhədlərin götürülməsi insanlar üçün yeni, 

keçmiş dövrlərdən tam fərqli şərait formalaşdırır. Hamımız yüksək sürətlə cərəyan edən 

siyasi, iqtisadi, mədəni qloballaşmanın şahidləriyik. İqtisadi qloballaşmanın ən mühüm, 

açar sözlərindən biri “şəffaflıqdır”. Şəffaf iqtisadiyyat hazırda iqtisadi terminologiya hü-

dudlarını aşaraq etik, mənəvi anlayışa çevrilmişdir. Söhbət ondan gedir ki, şəffaf iqtisa-



 

146


di fəaliyyət təkcə iqtisadi tələb deyil o, müasir dövrün etik imperativdir. Azad bazar mü-

nasibətləri  azad  insanlarsız,  onların  şəffaf  iqtisadi  fəaliyyəti  olmadan  mümkün  deyil. 

Dünyanın hər bir guşəsində bu sadə və eyni zamanda çətin həqiqəti dərk etməyə başla-

mışlar. Müasir bazar iqtisadiyyatının etik problemləri iqtisadiyyatın şəffaflıq, dürüstlük 

məsələlərini  əhatə  edir.  Bazar  iqtisadiyyatı  şəraitində  etik  davranış  korporativ  sosial 

məsuliyyəti dərk etmək deməkdir, iş adamlarının layiqli biznes qurması deməkdir.  

Beləliklə,  bizə  etik  qaydalar  çərçivəsindən  çıxmayan  azad  bazar  münasibətləri, 

sivil  biznes  lazımdır.  Məhz  bu  səbəbdən  burada  problemi  aşkarlayan  konkret  bir  sual 

qoymaq  istərdik:  azad,  sivil  bazar  münasibətlərinin  inkişafı  üçün  nəyi  dərk  etmək 

lazımdır? İlk növbədə, sərhədsiz, açıq, şəffaf dünyanın mövcudluğunu. Digər tərəfdən, 

ümumi  iqtisadi  rifahda  maraqlı  olan  sahibkarlar  sayının  çoxalması  zərurətini.  Eyni 

zamanda, fəaliyyətində iqtisadi etika prinsiplərini rəhbər tutan sahibkarların əksəriyyətə 

çevrilməsi  ehtiyacını.  Yalnız  iqtisadi  etika  norma  və  qaydalarına  riayət  edən  iş 

adamları dövlətimizi inkişaf etmiş iqtisadiyyatlar səviyyəsinə yüksəltmək iqtidarındadır. 

Bu, davamlı inkişaf strategiyasının tələbidir.  


Yüklə 217,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin