Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə8/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

HEYVANDARLIQ

Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmaq məqsədilə ET Heyvandarlıq İnstitutu tərəfindən kənd təsərrüfatı heyvanlarının, quşların, balıqların və arıların yeni yüksək məhsuldar tip və xətlərin yaradılması üzrə seleksiya-genetik üsulların işlənməsi, məhsuldarlığının bazarın tələbinə uyğun yüksəldilməsində mütərəqqi texnologiyanın və süni mayalamanın tətbiqi üzrə 4 mövzuya dair 16 tədqiqat işi aparılmışdır.

Tədqiqat işləri respublikanın Abşeron, Mil-Qarabağ, Mil-Muğan, Gəncə-Qazax bölgələrində yetişdirilən qaramal, camış, qoyun, quş və arı populyasiyaları üzərində aparılmaqla nəticələri geniş tətbiq olunur.

Tədqiqatların əsası genetik fondların qorunub saxlanılması, bərpa edilərək təkmilləşdirilməsi problemlərinə, həmçinin yeni yem reseptlərinin işlənib hazırlanmasına həsr olunmuşdur.

Respublikanın bölgələrində yetişdirilən malqaranın yüksək məhsuldar Şvis və Holland cinslərindən istifadə etməklə məhsuldarlıq göstəricilərinin təkmilləşdirilməsi M.Əliyevin rəhbərliyi ilə X.Əliyeva, V.Mirzəyev tərəfindən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində olan Süni Mayalama Mərkəzi, AzETHİ-nin Yardımçı Təcrübə Təsərrüfatı və Bərdə rayonunun “Soyuqbulaq” kəndli fermer təsərrüfatında aparılmışdır.

Tədqiqatın məqsədi Gəncə-Qazax bölgəsində yetişdirilən mal-qaranın Holland və Şvis mənşəli buğalarla mayalandırılmasından alınan mələz cavanların istiqamətli yetişdirilməsini təmin etməklə, yüksək məhsuldar südlük mal naxırlarının yaradılması, Süni Mayalama Mərkəzində yetişdirilən Şvis və Simmental malların yerli şəraitə uyğunlaşmasının və onların bioloji-təsərrüfat xüsusiyyətlərinin öyrənilməsidir.

Fermerlərin marağına uyğun olaraq, tədqiqat işləri bazar iqtisadiyyatını təmin edə biləcək istiqamətə yönəldilmişdir. Nəzərə alınmışdır ki, respublikamızda Qara-ala cinsli südlük malın çox geniş miqyasda yayılması dövrü başlamışdır. Ona görə də alınmış mələzlərin böyümə və inkişafını və məhsuldarlıq göstəricilərinin elmi əsaslarla öyrənilməsi davam etdiriləcəkdir.

Təcrübə təsərrüfatlarında tədqiqat üçün seçilmiş heyvanların qruplaşdırılması, nişanlanması və təcrübə heyvanlarının saxlanmasına nəzarət fevral, mart aylarında yerinə yetirilmişdir. Təcrübə üçün seçilmiş cavanların qapan tərəzidə çəkilməsi və bədən ölçülərinin götürülməsi aprel ayında aparılmışdır. May, iyun, iyul, sentyabr aylarında isə təcrübə heyvanlarının bəslənməsinə və yetişdirilməsinə nəzarət edilmişdir.

Aparılan təcrübədən belə qənaətə gəlirik ki, buzovların tam dəyərli, yüksək keyfiyyətli yemlərlə təmin olunması gələcəkdə yüksək diri çəkili və ət çıxımına malik heyvanların yetişdirilməsini təmin edir.

Az.ETHİ-nin YTT-da və Bərdə rayon Soyuqbulaq kəndli-fermer təsərrüfatlarında doğulmuş buzovların valideynlərinin məhsuldarlığına əsasən seçilib istiqamətli yetişdirilməsi təmin edilmişdir. Onların 12-18 aylığında mayalanmasını təmin etmək üçün yemlənməsinə və bəslənməsinə nəzarət edilir.

Qaramalın ətlik istiqamətində təkmilləşdirilməsində və yetişdirilməsində Zebu və ixtisaslaşdırılmış ətlik qaramal cinslərindən istifadə olunması M.Əliyevin rəhbərliyi ilə Ş.Məmmədova və Ş.Vəliyeva tərəfindən aparılmışdır.

Tədqiqat işləri Göygöl rayonunun Alabaşlı Dövlət Damazlıq ətlik maldarlıq müəssisəsində aparılmışdır.

İşin məqsədi Respublikanın dağlıq və dağətəyi bölgələrində Zebu hibridlərindən istifadə etməklə, tezyetişən ətlik hibrid mal naxırını yaratmaq yolu ilə heyvanların ət məhsuldarlığını daha da yüksəltmək istiqamətində təkmilləşdirməkdən ibarətdir.

Təsərrüfatda cəmi 195 baş mal var ki, bunalrdan 70 başı hibrid inək, 3 başı Zebu buğası, 43 başı 2 yaşdan aşağı, 27 başı 2 yaşdan yuxarı cavan mal, 52 başı isə düyələrdir. Təsərrüfatda olarkən cavan erkək və dişi hibridlərin diri çəkilərini tək-tək tərəzidə çəkməklə öyrənilmiş, 9 aylıqda erkək hibridlərin diri çəkisi 191,7 kq, çəki artımı 554 q, dişilərinki isə 150 kq,çəki artımı 322 q, 12 aylıqda erkəklərdə 216, 5 kq, çəki artımı 275 q, dişilərdə 172, 5 kq, çəki artımı 250 q, 15 aylıqda erkəklərdə 266,0 kq, çəki artımı 550 q, dişilərdə 221 kq, çəki artımı 538 q, 18 aylıqda erkəklərdə diri çəki 357,5 kq, çəki artımı1016 q, dişilərdə isə 296,8 kq, çəki artımı 842 q olmuşdur.

Yaş qrupları üzrə hibrid cavanların diri çəkisi dəyişmişdir. Tədqiqatın nəticələrindən aydın olur ki, hibrid cavanları intensiv yemləmə və bəsləmə şəraitində saxlamaqla yüksək diri çəkiyə malik ətlik mal massivi yaratmaq mümkündür.

Camışların məhsuldarlığının yüksəldilməsi istiqamətində aparılan damazlıq-eleksiya işlərinin təkmilləşdirilməsi M.Həziyev, A.Mirzəyeva, Z.Hüseynova tərəfindən Yevlax rayonunun “Məmmədli” kəndli fermer təsərrüfatında aparılmışdır.

İşin məqsədi damazlıq-seleksiya işlərinin düzgün təşkili, “Murrah” cinsli camışların buğalarından istifadə etməklə “Azərbaycan camışı” cinsinin məhsuldarlıq göstəricilərinin daha da yüksəldilməsindən ibarətdir.

2015-ci il üçün mövzuya dair tutulmuş təqvim planına əsasən yanvar ayında təsərrüfatlarda ilk zootexniki hesabat işləri aparılmışdır. Fevral ayında fərdi camışlar üzərində nəzarət sağım aparılmış, süddə yağ faizinin təyin edilməsi üçün süd nümunələri götürülmüşdür.

“Məmmədli” kəndli-fermer təsərrüfatında yerli camışlardan (n=30, 40) 8,5% orta yağlılıqda 770-1095 kq süd sağılmışdır. Diri çəkisi orta hesabla 330-450 kq olmuşdur.

Aparılan təcrübələrin nəticəsinə görə, camışlardan bol və keyfiyyətli məhsul almaq üçün heyvanları doğuma yaxşı hazırlamaq, onları sağım dövründə normalaşdırılmış tam qiymətli yemlərlə yemləndirmək, sağım və bəsləmə texnologiyasına düzgün əməl etmək lazımdır.“Məmmədli” kəndli fermer təsərrüfatındakı yerli camışların diri çəkisi və süd məhsuldarlığının əlaqəsi öyrənilmişdir.

Müxtəlif formalı yelinlər arasında bütün göstəricilər üzrə fərq vardır. Demək olar ki, kasavari yelinlər bütün yelinlərdən məhsuldardır. Hətta kasavari və dəyirmi yelin forması camışların maşınla sağıma daha yararlı olması da müəyyən edilmişdir. Yelinlərin formalarına görə, hissələrin və yarım hissələrin süd məhsuldarlığını müəyyən etmək üçün laktasiyanın II-IV aylarında nəzarət sağım aparılmış, nəzarət sağım zamanı yelinin hər bir hissəsi ayrılıqda sağılmışdır. Məlum olmuşdur ki, yelin hissəsələrinin hamısında süd əmələgətirmə qabiliyyəti eyni deyildir. Belə ki, kasavari və dəyirmi yelinlərin dal hissələri qabaq hissələrinə nisbətən bir qədər çox südlü olduğu halda keçivari yelinlərdə isə dal hissələrinin süd məhsuldarlığı qabaq hissəsələrdən 2,5 dəfə çoxdur.

Abşeron bölgəsində yetişdirilən südlük malın yüksək məhsuldar Holland mənşəli törədicilərilə təkmilləşdirilməsi M.Əliyevin rəhbərliyi ilə H.Həsənov tərəfindən .Həsə

“Azərdamazlıq” birliyi, S.Əliyev adına Südçülük Maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində aparılmışdır.

İşin məqsədi mövzunun aparılmasında əsas məqsəd bazar iqtisadiyyatına uyğun olaraq orta hesabla 4000-4500 kq süd verən, yağlılığı 3,6-3,8 % olan mələz balalar almaq və Abşeronun ekstremal iqlim şəraitinə uyğunlaşmış Qara-ala cinsinin yüksək məhsuldar naxırını yaratmaqdan ibarətdir.

İş proqramı və mövzu təqvim planında nəzərdə tutulduğu kimi elmi-tədqiqat işlərinin aparılacağı təsərrüfatlar dəqiqləşdirilmiş, lazımi təşkilati və metodiki işlər icra edilmişdir.Daha sonra təcrübə altında olan inəklər zoobaytar xidmətindən keçirilmiş, xəstə, azməhsuldar və eksteryer nöqsanları olan inəklər çıxdaş edilmişdir. Uçot-hesabat işlərini həyata keçirmək üçün qeydiyyat kitabı tərtib edilmişdir.

“Azərdamazlıq” birliyi, S.Əliyev adına Südçülük Maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində tədqiqatın aparılması üçün 34 baş inək seçilərək hər birində 17 baş olmaqla, təcrübə və nəzarət qrupu yaradılmışdır.

Həmin inəklər cinsinə, yaşına, eksteryer quruluşuna, laktasiyasına və s. göstəricilərinə görə yoxlanılmış və məlum olmuşdur ki, hamısı qara-ala mənşəli olmaqla (QA x HF) 15 başı isə uzun ömürlüdür.

Təcrübə altında olan sağılan inəklərdə qısırlığın əmələ gəlmə səbəbləri öyrənilir və profilaktiki tədbirlər aparılır.

İri buynuzlu heyvanların çoxaldılmasında biotexnoloji üsulların elmi əsaslarla işlənməsi və tətbiqi M.Əliyev və G.Babayevin rəhbərliyi ilə M.Həziyev, Y Aslanov və E.Qasımov tərəfindən Yevlax rayonu “Məmmədli” kəndli fermer təsərrüfatında aparılmışdır.

İşin məqsədi mütərəqqi texnoloji üsulları tədbiq etməklə cavan heyvanlardan kökəldilmədə daha yüksək diri çəki artımına nail olmaqdır. İstehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması fermerlərin gəlirinin artması ilə təsərrüfatın rentabelli iqtisadi inkişafını təmin etməkdən ibarətdir.

2015-ci il üçün mövzuya tutulmuş təqvim planına əsasən təsərrüfatda ilkin zootexniki hesabat işləri aparılmışdır.

18 aylığından 24 aya kimi erkəklər və dişilər qruplar üzrə kökəltməyə qoyulmuş və onların gündəlik çəki artımı, bədən ölçüləri, indeksləri hesablanıb müqaisə edilmişdir.

Təcrübəyə qoyulmuş heyvanların 18-24 aylıq yaş dövründə canlı kütlə dinamikası öyrənilmişdir.

“Məmmədli” kəndli fermer təsərrüfatının ümumi torpaq sahəsi 100 hektardır. O cümlədən otlaq sahəsi 50 hektar, əkin yonca sahəsi 40 hektar, arpa sahəsi isə 10 hektardır.

Abşeron bölgəsində yayılmış südlük qaramalın ət məhsuldarlığının artırılması məqsədilə yemləmə texnologiyasının işlənməsi və fermer təsərrüfatlarında tətbiqi V.O.Hümbətov tərəfindən Abşeron rayon Sultan Əliyev adına südçülük-maldarlıq üzrə Damazlıq Dövlət kənd təsərrüfatı istehsalı müəssisəsində aparılmışdır.

Təcrübəyə qoyulmuş heyvanları 18-24 aylığa qədər intensiv bəsləmə şəraitində saxlamaqla diri çəkilərini 350-450 kq-a çatdırmaqla erkək və dişilərin yüksək məhsuldar olanlarını damazlıq kimi tələb olunan fermer təsərrüfatlarına satmaq, qalanlarını isə ətlik mal kimi bazar şəraitində satışa vermək məqsədilə Abşeron rayon Sultan Əliyev adına damazlıq təsərrüfatında Almaniyadan gətirilmiş təmizqanlı, qara-ala cinsli inəklərdən alınmış erkək və dişi buzovlar üzərində təcrübə qoyulmuşdur.

Təcrübədə hər birində 5 baş olmaqla (2 qrup) 1-3 aylıq yaşa qədər (2014-cü il dekabr-2015-ci il yanvar, fevral balaları) olan erkək və dişilər analoq olaraq istifadə edilmişdir.

Təcrübəyə qoyulmuş heyvanlar 6 aylıqda erkəkləri 168 kq, dişiləri isə 163 kq diri çəkiyə malik olmuşlar. Bu məqsədlə hər bir başa orta hesabla təcrübə başlanandan dövr ərzində 360 litr üzlü süd, 130 kq dəyirman qalığı olan buğda kəpəyi, 105 kq arpa yarması və 587 kq yonca otu verilmişdir (562 yem vahidi).

Təcrübədə olan heyvanlar 10 aylıqda erkəkləri 243 kq, dişiləri isə 239 kq diri çəkidə olmuşlar. Gündəlik diri çəki artımı erkəklərdə 670 qram, dişilərdə isə 690 qram olmuşdur. 1 kq diri çəki artımına erkəklər 9,1 yem vahidi, dişilər isə 9,15 yem vahidi sərf etmişlər.

Təsərrüfatlarda heyvandarlıq məhsullarının keyfiyyətinin təyin olunma texnologiyasının tətbiqi G.Babayev, B.Muradov, S.Nadirov tərəfindən Ağcabədi rayonu Hindarx kəndində, Bəxtiyar fermer təsərrüfatında və həmin rayonun Qiyamədinli kəndində Əliyev qardaşlarının fermer təsərrüfatlarında, Kürdoğlu kəndində Atamoğlan kəndli fermer təsərrüfatında və həmçinin HETİ-nin Yardımçı Təcrübə Təsərrüfatında aparılmışdır.

Bu təsərrüfatlarda mövcud olan sağmal inəklərin laktasya dövrlərinin təhlili aparılmışdır. Belə ki, Bəxtiyar fermer təsərrüfatında 4 baş Qara-ala inək laktasiyanın III dövründə və 3 baş Şvis cinsli inəklər isə laktasiyanın IV dövrünə görə,Əliyev qardaşlarının təsərrüfatında 5 baş Qara-ala cinsli inəklər laktasiyanın IV dövründə, 4 baş Qonur Qafqaz inəkləri isə laktasiyanın III dövründə qruplaşdırılmış, gündəlik süd məhsuldarlığı və südün keyfiyyət göstəriciləri təhlil olunmuşdur.

Müəyyənləşdirilmişdir ki, qara-ala cinsli, istər Şvis, istərsə də Qonur Qafqaz cinsli inəklərin laktasiyasının IV dövründə verdiyi südün yağlılığı I dövrə nisbətən yüksək olmuşdur. Süddə ümumi zülalın miqdarı da eyniylə yağ faizinə uyğun olaraq laktasiyanın ayları üzrə nəzərə çarpacaq dərəcədə artır. Həmçinin süddə kazeinin miqdarı da Qara-ala cinsində nəzərə çarpacaq dərəcədə laktasiyanın bütün dövrlərində Şvis və Qonur Qafqaz cinslərindəkindən fərqli dərəcədə yüksək olmuşdur.

Təhlil yolu ilə müəyyən edilmişdir ki, süddə yağ faizinin dəyişməsindən çox süddə zülalın və süd şəkərinin miqdarının çoxluğu kəsmiyin keyfiyyətinə çox təsir edir.

Seleksiya yolu ilə xırda buynuzlu heyvanların, quşların, balıqların və arıların yeni yüksəkməhsuldar tip və xəttlərin yaradılması Q.Abdullayevin və F.Mirzəyevin rəhbərliyi ilə aparılmışdır.

Seleksiya-genetik və yeni biotexnoloji üsullar əsasında toyuq, ördək, qaz və hinduşqaların genetik potensialının yüksəldilməsi proqramını işlənib hazırlanması və təkmilləşdirilməsi F.Mirzəyev, H.Mirzəyev, Y.Gözəlov, A.İbrahimova, Ş.Quliyeva tərəfindən Şəmkir rayonu Dəllər qəsəbəsində, şəxsi təsərrüfatda aparılmışdır.

Elmi tədqiqat işinin məqsədi, 2015-ci ildə yüksək məhsuldar, “Xayseks-Braun” krossunun xətt və hibridlərinin xoruz və toyuqlarının yerli populyasiyalardan olan quşlarla çarpazlaşdırılması nəticəsində yerli toyuqların damazlıq və məhsuldarlıq keyfiyyətlərini təkmilləşdirmək yolu ilə yerli toyuq genofondunun mühafizə etmək olmuşdur.

2015-ci ilin mart ayında, metodikaya uyğun olaraq, təsərrüfata gətirilmiş 50 baş yerli toyuqlardan seçilərək, hər birində 20 baş toyuq olmaqla iki qrup yaradılmışdır. Birinci qrupda (nəzarət qrupu) 20 baş yerli toyuqlarla 3 baş həmin cinsin xoruzları, ikinci qrupda isə (təcrübə qrupu) 20 baş yerli toyuqlarla 3 baş “Xayseks-Braun” cinsinin xoruzları birlikdə komplektləşdirilmişdir.

Yumurtanın inkubasiya olunması üçün şəxsi təsərrüfatda, tutumu 770 ədəd toyuq yumurtası olan, İLT-0,5 tipli inkubator şkafı mövcuddur ki, inkubasiyaya yararlı yumurtalar toplanaraq həmin inkubatora yerləşdirilmişdir. Təcrübənin aparılması üçün bütün baytar-sanitar tədbirləri həyata keçirilmişdir, daha doğrusu quş damlarında standartlara uyğun sanitariya işləri aparılmışdır.

Təcrübənin növbəti mərhələsində inkubasiyadan götürülmüş cücələr üzərində tədqiqat işi davam etdirilmişdir. Belə ki, hər qrupdan 50 baş, sutkalıq sağlam cücələr seçilərək quş damlarında yerləşdirilmişdir. Bəsləmə müddəti 131 gün (23 may-30 sentyabr) davam etmişdir.

Yerli gümüşü adler toyuqların, yüksək məhsuldar “Xayseks-Braun” krossundan olan xoruzlarla çarpazlaşdırılması nəticəsində alınmış I nəsl cücələr (təcrübə qrupu) öz iqtisadi göstəricilərinə görə yerli təmizqanlı gümüşü adler toyuqlqrından alınmış cücələrdən kifayət qədər yüksək olmuşdur.

Tədqiqat işinin gedişatı zamanı məlum olmuşdur ki, yerli populyasiyalardan olan toyuqların məhsuldarlıq göstəricilərinin yaxşılaşdırılmasında və yerli toyuq genofondunun qorunub saxlanmasında, yüksək məhsuldar krossların genetik materialından yaxşılaşdırıcı kimi istifadə olunması mühüm əhəmiyyət kəsb edir və yerli toyuqların damazlıq keyfiyyətlərinin yüksəldilməsinə də müsbət təsir göstərir.

Ətlik-südlük-yunluq istiqamətli Avasi cinsli qoyunların təmizlikdə və çarpazlaşdırma üsulları ilə yetişdirməklə baş sayının artırılmasına nail olmaq M.Məmmədov, S.Əliyeva, V.Mirzəyeva tərəfindən aparılmışdır.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun Yardımcı Təcrübə Təsərrüfatına Türkiyə Respublikasından (20 iyun 2004-cü ildə) gətirilmiş Avasi (İvesi) cinsli qoyunların təmizlikdə yetişdirilməsi və onların qoçlarının yerli (aborigen) qoyunlar (Bozaq, Qarabağ, və s.) çarpazlaşdırılaraq alınmış mələzlərin boy və inkişafını, məhsuldarlıq göstəricilərinin öyrənilməsi işləri aparılmışdır.

İşin məqsədi ətlik-südlük-yunluq istiqamətli Avasi cinsli qoyunları təmizlikdə yetişdirməklə yerli şəraitə uyğunlaşmasını (adaptasiya etməsini) öyrənmək və Avasi cinsli qoçlarla yerli aborigen (Bozaq, Qarabağ-Qaradolaq və s.) qoyunların çarpazlaşdırılmasından alınan mələzlərin baş sayının artırılmasına nail olmaqla, məhsuldarlıq göstəricilərinin öyrənilməsindən ibarətdir.

Təsərrüfatda 50 baş təmizqanlı Avasi cinsli qoyun yetişdirilir. Bunlardan da: törədici qoç 4 baş, ana qoyun 20 baş, şişək 5 baş, dişi toğlu 6 baş, erkək quzu 8 baş, dişi quzu 7 baş təşkil edir. Balavermə qabiliyyəti törədici qoçlarda və ana qoyunlarda yüksəkdir.

Avasi cinsli qoçlarda canlı kütlə orta hesabla 84 (65-97) kq, ana qoyunlarda 59 (51-57) kq təşkil etmişdir. Quzular doğulduqda erkəklər 3,7-4,6 kq, dişilər 3,6-4,4 kq çəkidə olmuşlar. III-VI aylarda müvafiq olaraq 20,2-29,1 kq, 19,3-28,5 kq təşkil etmişdir.

Yun məhsuldarlığı Avasi cinsli törədici qoçlarda və qoyunlarda yüksəkdir. Bir baş qoçdan orta hesabla 3,5 (3,0-4,4) kq, ana qoyunlarda isə 2,8 (2,2-3,4) kq yun qırxılmışdır.

Süd məhsuldarlığı Avasi cinsli qoyunlarda yerli qoyun cinslərinə nisbətən daha yüksəkdir. Ana qoyunlardan alınan südün miqdarı laktasiya ərzində yüksək olmaqla 155 litrə çatır.

Bozaq cinsli qoyunlarla Avasi cinsli qoçların çarpazlaşdırılmasından (A x B) alınan erkək quzuların canlı kütləsi doğulduqda orta hesabla 3,6-4,3 kq, dişi quzuların 3,5-4,2 kq təşkil edir. Mələz quzular sürətlə inkişaf edir və yüksək kütlə artımı əldə edilir, (xüsusəndə ilk üç ay müddətində süd əmər dövrdə). Alınmış mələzlərdə canlı kütlə, süd və yun məhsuldarlığı yerli cinslərə nisbətən yüksək olur. Belə ki, Bozaq cinsli qoyunların orta canlı kütləsi 37-54 kq olduğu halda, mələzlər 41-54 kq canlı kütləyə malik olurlar. Yun məhsuldarlığı isə Bozaq cinsli qoyunlarda 1,6-2,5 kq, mələzlərdə isə 2,2-3,1 kq təşkil edir.

Azərbaycan dağ merinosu cinsinin qorunub saxlanması və yeni yüksək məhsuldar xətlərin yaradılması M.Məmmədov, A.Mehdiyev, E.Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqat işi Şəmkir rayonunun “Koroğlu” adına Dövlət Damazlıq Müəssisəsində yetişdirilən zərifyunlu “Azərbaycan dağ merinosu” cinsli qoyunlar üzərində aparılır.

“Azərbaycan dağ merinosu” cinsi Azərbaycanda yaradılmış və yetişdirilən qoyunlar arasında yeganə zərifyunlu qoyunlardır. Onların sayı cəmi 950 baş olmaqla, bu baxımdan cinsin qorunub saxlanması günün vacib məsələlərindəndir. Cins üzərində damazlıq-yetişdirmə işləri düzgün aparılmadığından cinsin məhsuldarlıq göstəriciləri aşağı səviyyəyə enmişdir.

Tədqiqat işində “Azərbaycan dağ merinosu” cinsli 3-4 yaşlı ana qoyunlar seçilmiş, analoq üzrə iki qrup, hər qrupda 20 baş olmaqla, təcrübə və nəzarət qrupu yaradılmışdır. Bu qruplara 2 baş (hər 20 baş ana qoyuna 1 baş olmaqla) törədici qoç təhkim olunmuşdur. Alınmış balaların boy və inkişafı doğulduqda, 1, 3, 6 aylıq yaşda müqaisəli şəkildə öyrənilmiş, yüksəkməhsuldar fərdlər seçilərək saxlanılmışdır. Bununla yanaşı, ana qoyunların süd məhsuldarlığı, yun məhsuldarlığı və s. göstəriciləri öyrənilmişdir.

Alınmış nəticələrdən göründüyü kimi təcrübə qrupunda olan (inventar nömrəsi 41 olan törədici qoçun balaları) erkək və dişi quzular, nəzarət qrupunda olan (inventar nömrəsi 42 olan törədici qoçun balaları) həmyaşıdlarına nisbətən intensiv inkişaf etməklə yüksək çəkiyə malik olmuşlar. Belə ki, hər iki qrupun göstəricilərinə nəzər salsaq (erkək və dişi) görərik ki, təcrübə qrupunda olan törədici qoçun balaları nəzarət qrupunda olan törədici qoçun balalarının canlı kütləsinə nisbətən (erkəklərdə 40,0-38,8; dişilərdə 37,5-35,9) üstünlük təşkil etmişdir.

Respublikanın qərb bölgəsində yetişdirilən yeni tip Bozaq cinsli qoyunların məhsuldarlıq keyfiyyətlərinin yaxşılaşdırılması və təkmilləşdirilməsi M.Məmmədov, A.Mehdiyev, Ş.Əliyeva tərəfindən aparılmışdır.

Tədqiqat işinin aparıldığı təsərrüfat və material – Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Yardımçı Təcrübə Təsərrüfatı, orada yetişdirilən Bozaq cinsli qoyunlar olmuşdur.

Seçmə-taylaşdırma üsullarından istifadə etməklə Bozaq cinsli qoyunları təmizlikdə yetişdirmək, onların diri çəkilərini, süd, yun məhsuldarığını və balavermə qabiliyyətinin yüksəldilməsinə nail olmaq, həmçinin balaların normal şəraitdə saxlanmasına, böyümə və inkişafına nail olmaq, cütləşmə kompaniyasında istifadə edilən törədici qoçların verdiyi nəslin qiymətləndirilməsi və gələcəkdə xətt başçısının müəyyənləşdirilməsi məqsəd kimi qarşıya qoyulmuşdur.

Hal-hazırda təsərrüfatın qoyunları HETİ-nin YTT-nın ərazisində düşərgə otlaq şəraitində saxlanılır. Təsərrüfatda 228 baş qoyunlar saxlanılır ki, bundan da 4 başı törədici qoçlar, 94 başı ana qoyun, 19 baş şişək, 7 başı erkək toğlu, 10 başı dişi toğlu, 48 başı erkək quzu və 46 başı dişi quzu təşkil edir.

Tədqiqat işi hər birində 20 baş ana qoyun olmaqla iki qrup (təcrübə və nəzarət) üzərində aparılmışdır. Hər iki qrup düşərgə otlaq şəraitində saxlanmaqla heç bir əlavə yem verilməmişdir. Hər qrupa ayrı-ayrı qoç təhkim edilmiş (20 baş ana qoyuna 1 baş qoç) və təbii üsulla cütləşmə aparılmışdır.

Təcrübə qrupunda olan ana qoyunların süd məhsuldarlığı orta hesabla 71 L laktasiya müddəti 154 gün, nəzarət qrupunda isə müvafiq surətdə 65 L laktasiya müddəti 152 gün təşkil etmişdir. Südün keyfiyyəti hər iki qrupda yüksək olmaqla orta hesabla 7,3% yağlıqda olmuşdur. Onların südündən yüksək keyfiyyətli süd məhsulları hazırlanır, əsasən də pendir.

Bozaq qoyunlarının yunu yarımqaba olmaqla əsasən ağ-qara, ağ qonur (nadir hallarda qara) rəngdə olur. Onların yununda yağ tər az olduğundan təmiz yun çıxımı yüksəkdir. Yunun lifləri uzun və eyni qalınlıqdadır. Təcrübə qrupundakı Bozaq qoyunların yun məhsuldarlığı 2,1 (1,6-2,4) kq, həmin qrupa təhkim olunmuş qoçun yun məhsuldarlığı 3,0 kq, nəzarət qrupunda isə ana qoyunların 2,0 kq, qoçun 2,8 kq təşkil etmişdir. Balavermə qabiliyyəti qənaətbəxş olmaqla alınan balaların yaşam qabiliyyəti yüksəkdir və tez yetişkəndir.

Mil-Qarabağ cinsli qoyunların yun keyfiyyətlərini qoruyub saxlamaqla, ət məhsuldarlığının artırılması istiqamətində təkmilləşdirilməsi T.Sadıqov tərəfindən Beyləqan rayonunun II Aşıqlı kəndi “Vaqif”, İmamverdilər kəndi “Dostluq”, “Dədəş”, Tatallar kəndi “Mehdi” özəl damazlıq qoyunçuluq fermalarında aparılmışdır.

Hesabat dövründə özəl qoyunçuluq damazlıq təcrübə təsərrüfatlarında cəmi 3120 baş “Mil-Qarabağ” cinsli qoyunlar yetişdirilir. Ondan, “Vaqif” özəl qoyunçuluq fermasında 1103 baş, “Mehdi” qoyunçuluq fermasında 1185 baş və “Dədəş” qoyunçuluq fermasında 832 baş “Mil-Qarabağ” cinsli qoyunlar yetişdırilir. Təsərrüfatlarda mütəmadi olaraq baytar-profilaktiki və sanitar tədbirlər aparılmışdır.

Təsərrüfatlarda olan ana qoyun və şişəklər formalaşdırılıb. Sürülərə “Mil-Qarabağ” cinsinin yüksək məhsuldar elit və I sinif törədici qoçları 1:20 və 1:25 nisbətində ana qoyun sürülərinə təhkim edilmişdir.

Təcrübə təsərrüfatında “Mehdi” özəl damazlıq qoyunçuluq fermasında 685 baş və “Elçin” özəl damazlıq qoyunçuluq fermasında isə 650 baş qoyunlarda bonitirovka aparılmışdır.

“Mehdi”, “Vaqif” və “Dədəş” təcrübə təsərrüfatlarında ayrı-ayrı yaş qrupları üzrə cəmi 210 baş (hər təsərrüfatda 70 baş) qoyunların diri çəkisi qapan tərəzi ilə müəyyənləşdirilmişdir.

İlin başlanğıcından bütün təsərrüfatlarda qoyunlar bonitirə olunmuş və “Vaqif” qoyunçuluq fermasında 410 baş, “Dədəş” fermasında 370 baş,“Mehdi” təsərrüfatında 500 başdan ibarət ana qoyun sürüləri formalaşdırılmış, sürülərə genotipik elit və I sinif “Mil-Qarabağ” cinsli törədici qoçlar, 1:20; 1:25 nisbətində baxışdan keçirilməklə, ana qoyun sürülərinə təhkim edilmişdir.

Təcrübə təsərrüfatlarından cari ildə 900 baş damazlıq məqsədilə qoyunlar yetişdirilib və bölgənin ayrı-ayrı qoyunçuluq fermalarına satılmışdır.

Qala-Abşeron cinsli qoyunların damazlıq keyfiyyətini qorumaqla, seleksiya-genetik üsullarla məhsuldarlığının bazarın tələbinə uyğun yüksəltmək Ş.Məmmədov tərəfindən Abşeron rayonu “Güzdək” Dövlət Damazlıq Qoyunçuluq təsərrüfatında aparılmışdır.

Tədqiqat işinin təşkili zamanı təsərrüfatda cəmi 2923 baş “Qala-Abşeron” cinsli heyvanlar olmuşdur.

Təcrübə təsərrüfatında bir yaşdan yuxarı cavanlarda: erkək toğlularda 213 başda, dişi toğlularda 218 başda bonitirə aparılmışdır.

Təcrübə təsərrüfatında ana qoyun və şişək sürüləri formalaşdırılıb. Sürülərdə Qala-Abşeron cinsinin Elit və I sinif törədici qoçları 1:20 və 1:25 nisbətində ana qoyun sürülərinə təhkim edilmişdir.

Cari ildə 155 baş damazlıq qoyun yetişdirilib, bölgənin ayrı-ayrı fermer təsərrüfatlarına satılmışdır.

Xırda buynuzlu heyvanların, quşların, balıqların və arı populyasiyalarının məhsuldarlıq göstəricilərinin artırılması məqsədilə mütərəqqi yemləmə və bəsləmə texnologiyasının işlənməsi Q.Abdullayev, F.Musayevin rəhbərliyi ilə həyata keçirilmişdir.

Heyvanların yem payında yeni və qeyri ənənəvi yem əlavələrinin, bioloji-aktiv maddələrin və mineral əlavələrin tətbiqi və onların məhsuldarlığa təsirinin S.Qasımov, M.Həsənova tərəfindən aparılmışdır.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin