Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə7/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   2   3   4   5   6   7   8   9   10   ...   16

İPƏKÇİLİK
Kənd təsərrüfatının qədim və gəlirli təsərrüfat növlərindən olan ipəkçilik və arıçılıq uzun inkişaf tarixinə malik olmasına baxmayaraq, hələ də Azərbaycanda tut ipəkqurdları primitiv istehsal şəraitində bəslənilir. Təkcə onu demək kifayətdir ki, burada barama məhsulunun böyük əksəriyyəti kənd sakinlərinin tut ipəkqurdlarının yemlənməsi üçün lazımi tələblərə cavab verməyən şəraitdə istehsal edilir. Elmi nailiyyətlərlə yararlanmayan barama məhsulu istehsalının belə pərakəndəliyi istehsal prosesinin texnoloji rejim və parametrlərinin pozulması ilə müşahidə olunur ki, bu da məhsul itkisinə səbəb olur. Nəticə etibarı ilə barama istehsalının inkişafı ləngiyir, iqtisadi səmərəliliyini itirir və gəlirsiz bir sahəyə çevrilmiş olur. Bütün bunları nəzərə alaraq müasir dövrdə baramaçılığın qədim bir milli ənənəvi məşğuliyyət növü kimi iqtisadi baxımdan gəlirli sahə kimi qorunub saxlanılmasına və təsərrüfat məhsuldarlığının yüksəldilməsinə yönələn proqressiv ipəkçilik texnologiyasının yenidən işlənməsi çox mühüm əhəmiyyətə malikdir.

Arıçılıq da kənd təsərrüfatının faydalı sahələrindən biri olmaqla, insanları çox qiymətli qida və müalicəvi əhəmiyyətə malik olan bal, güləm, vərəmum, arı zəhəri, arı südü və mumla təmin edir. Bal və digər arıçılıq məhsulları uzun zamanlardan bəri məlum olan müalicəvi xüsusiyyətinə görə təbabətdə daha geniş istifadə olunur.

Bal arılarının məhsuldarlıq potensialının tam istifadə olunmasına pətəklərin keyfiyyəti, bitkilərin eyni zamanda çiçəkləməsi, iqlim şəraiti və s. bu kimi amillərlə yanaşı peşəkarlığa da ciddi təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, arıxanada işləmək insanın sağlamlığına, xüsusən də sinir sisteminə müsbət təsir göstərir.

Arıçılığa dair elmi-tədqiqat işlərinə başlamaq, avropa standartlarının tələblərinə cavab verəcək məhsulların və öyrəniləcək texnologiyaların səmərəli nəticələri istehsalatda tətbiq etməklə Respublikada arıçılığın inkişafında başlanğıc olacaqdır.


I. “İPƏKÇİLİK” və “ARIÇILLIQ” prоblemi
Toplanmış genofonddan, genetik və seleksiya üsullarından, həmçinin digər vasitələrdən istifadə etməklə avropa standartlarının tələblərini ödəyəcək yeni arı cinsləri və tut ipəkqurdu cins-hibridlərinin yaradılması, cinslərin təsərrüfat-bioloji təmizliyinin qorunub saxlanılması, daha da yaxşılaşdırılması, yüksək məhsuldarlığı təmin edəcək yeni texnologiyaların hazırlanması və istehsalata tətbiqi problemi altında tədqiqat işləri davam etdirilmişdir.

Bu istiqamətdə aparılmış elmi-tədqiqat işi A.Seyidovun rəhbərliyi ilə, N.Həsənov, H.Qədimova, Q.Məmmədov, Ş.Qasımov, A.Mirzəyeva, K.Savadova, S.Qocayeva, K.Qasımova, G.Məmmədova, K.Abbasova, S. Əliyeva, R.Hacıyev və V.Əliyeva tərəfindən icra edilmişdir.

Hesabat ilində“Müxtəlif mənşəli tut ipəkqurdu cinslərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi, istifadəsi və genofondun mühafizəsi” adlı tədqiqat işinin əsas məqsədi tut ipəkqurdu genofondunun qorunub saxlanılması, zənginləşdirilməsi, müxtəlif biotexnoloji göstəricilərinin öyrənilməsi və seleksiya üçün yararlılarının aşkarlanması olmuşdur. Yuxarıda göstərilənləri əsas götürərək cari ildə tut ipəkqurdunun genofondunda 100 cins saxlanılmışdır ki, bunlardan da 67-si institut əməkdaşlarının yaratdığı, 33-ü isə əcnəbi cinslərdir. Təcrübə zamanı hər cinsdən 1 təkrarda 200 qurd bəslənilmiş, yemləmənin sonunda bioloji və texnoloji göstəriciləri təyin edilmişdir. Yemləmənin nəticəsinə əsasən bio göstəricilər üzrə yerli cinslərdən Qafqaz, Vətən və Qarabağ, xarici cinslərdən isə Mziuri-4, Mziuri-1 və Mziuri-2 cinsləri digər müqayisə olunan cinslərdən daha üstün göstəriciyə malik olmuşlar ki, bu da həmin cinslərin seleksiyada istifadəsinə zəmin yaradır.

İkinci iş Az.ET İpəkçilik İnstitutu və Sofiya (Bolqarıstan) Kənd Təsərrüfatı Akademiyasının ipəkçilik və əkinçilik təcrübə stansiyası arasında bağlanmış birgə elmi əməkdaşlıq haqqında 5 illlik beynəlxalq müqavilə əsasında aparılan “Azərbaycan və Bolqarıstan cinslərinin çarpazlaşdırılması yolu ilə Avropa standartlarına cavab verən yüksək məhsuldar tut ipəkqurdu hibridlərinin yaradılması və sınağı” adlı tədqiqat işidir. Bu işdə məqsəd uzaq coğrafi mənşəli Azərbaycan və Bolqarıstan tut ipəkqurdu cinslərinin çarpazlaşdırılmasından istifadə etməklə Avropa standartlarına cavab verə bilən yeni tut ipəkqurdu hibridlərinin yaradılmasından, sınaq əsasında qiymətləndirilməsindən və ən yaxşılarının seçilib Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilməsindən həmçinin istehsalata tövsiyə olunmasından ibarətdir. Artıq tədqiqatın ikinci mərhələsi başa çatmış və öyrənilən hibridlər içərisində ən yaxşı nəticə göstərmiş Mziuri-1 Vətən x Valve-222 və onun əks kombinasiyası olan Valve-222 x Vətən hibridi rayonlaşdırılmaq üçün Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.

Hesabat ilində “Yapon hibridlərindən istifadə etməklə yüksək adaptivliyə, məhsuldarlığa və texnoloji xassələrə malik yeni plastik tut ipəkqurdu cinslərinin yaradılması”adlı tədqiqat işi də davam etdirilmişdir. Məqsəd əlverişsiz mühit şəraitində beynəlxalq standartlara cavab verən yüksək rəqabət qabiliyyətli tut ipəkqurdu cinsləri yaratmaqdır. Bu məqsədlə cari ilin yazında AzŞ-1 xəttinin 10-cu, AzŞ-2 xəttinin 9-cu və AzŞ-3 xəttinin 10-cu nəslinin, yay mövsümündə isə Az.Ş-3 xəttinin 11-ci nəslinin ailə yemləmələri aparılmışdır. Hər üç xətt üzrə müəyyən edilmiş bio-texnoloji göstəricilərin əksəriyyəti kifayət qədər yüksək olmuşdur. Belə ki, AzŞ-1, AzŞ-2 və AzŞ-3 xətlərində diri baramanın orta kütləsi 2,16; 2,07 və 2,04 q, barama pərdəsinin orta kütləsi 485; 447 və 419 mq, diri baramanın ipəkliliyi 23,0; 21,9 və 20,7 % olmuşdur.

2015-ci ildə aparılmış tədqiqat işlərindən biri də “Azərbaycanda yüksək məhsul verə bilən arı cinslərinin yaradılması texnologiyası” adlı tədqiqat işidir. Bunun üçün Respublikanın müxtəlif bölgələrindən Qabaqtəpə, Azərbaycan, Şahdağ və Gəncə populyasiyalarından ibarət genofond yaradılmışdır. Bu müxtəlif coğrafi mühitdən gətirilmiş arı cins və populyasiyaları üzərində tədqiqat işlərinə başlanılmışdır.

Cari ildə “Perspektivli tut ipəkqurdu cinslərindən istifadə etməklə yeni hibridlərin yaradılması, sınağı və yeni rayonlaşdırılmış cins-hibridlərin çoxaldılması” adlı elmi-tədqiqat işi də aparılmışdır. Apardığımız tədqiqat işinin məqsədi müxtəlif xüsusiyyətli, o cümlədən ipəkçilikdə ilk dəfə olaraq yüksək ekoloji dözumlüyə malik yeni yaradılmış cinslərdən istifadə etməklə yeni hibrid kombinasiyaları yaratmaq, hərtərəfli sınaqdan keçirmək, onların içərisindən ən yüksək məhsuldarlığa malik olan kombinasiyaları seçərək, seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etməkdən ibarətdir.

İşin aparılması üçün material kimi AzETİİ-də yaradılmış və yüksək ekoloji dözümlü Uğur, Xəyal, Qafqaz və Qarabağ cinslərindən, habelə onların çarpazlasdırılmasından alınmış 12 yeni hibriddən və nəzarət qismində respublikada rayonlasdırılmış Çinar x Mayak-1 hibridindən istifadə edilmişdir.

Təcrübənin 1-ci mərhələsinin aparılması üçün 4 cinsin sxem üzrə çarpazlaşdırılmasından alınmış 12 düzünə və tərsinə kombinasiyalı hibridlərdən istifadə etmək üçün toxum (qrena) materialı, nəzarət qismində isə Çinar x Mayak-1 hibridinin qrena materialı hazırlanmışdır.

Aparılmış tədqiqat zamanı müəyyən edilmişdir ki, hibrid sınağına cəlb edilmiş bütün valideyn cinslər əksəriyyəti bioloji göstəricilərinə görə nəzarət qismində götürülmüş Çinar və Mayak-1 cinslərindən bu və ya digər dərəcədə üstünlüyə malik olmuşlar. Bu da gələcəkdə yeni yaradılmış hibridlərin daha üstün göstəriciyə malik olacaqlarına əsas verir.

Onu da qeyd etmək lazımdır ki, 2016-cı tədqiqat ilində təcrübə işlərini davam etdirmək üşün Uğur x Xəyal, Uğur x Qafqaz, Uğur x Qarabağ, Xəyal x Qafqaz, Xəyal x Qarabağ, Qafqaz x Qarabağ və onların əks hibrid kombinasiyalarının hər birindən, eləcə də nəzarət qismində götürülmüş Çinar x Mayak-1 hibridlərinin hər birindən kifayət qədər qrena materialı hazırlanmısdır. Yuxarıda göstərilənlərlə yanaşı növbəti illərdə hibrid qrena hazırlamaq üçün hər bir hibridin valideyn cinsinin də qrena materialı əldə edilmişdir.

II. “Azərbaycanda ipəkçiliyin, arıçılığın yem bazasının möhkəmləndirilməsi, genofondun mühafizəsi və iqtisadi səmərəliliyin yüksəldilməsi” problemi
Bu problem özündə 6 elmi-tədqiqat işini birləşdirir və Ə.Sadıxov, R.Xəlilova, V.Məhərrəmova, Ş.Həsənzadə, F.Seyidov, E.Ələsgərov və Q.Mustafayeva tərəfindən icra edilir.

Azərbaycanda ipəkçiliyin, arıçılığın yem bazasının möhkəmləndirilməsi, genofondun mühafizəsi və iqtisadi səmərəliliyin yüksəldilməsi problemi özündə 6 elmi-tədqiqat işini birləşdirir və Ə.Sadıxov, R.Xəlilova, V.Məhərrəmova, Ş.Həsənzadə, F.Seyidov, E.Ələsgərov və Q.Mustafayeva tərəfindən icra edilir.

Qeyd edilən problemin həlli məqsədilə yüksək məhsuldarlığı, mövsümü yemləmələrdə istifadəsi perspektivli olacaq çəkil sort və formalarının yaradılması tədqiqat işi kimi davam etdirilməkdədir. İşin əsas məqsədi klassik və genetik metodlardan istifadə etməklə zəngin seleksiya materialı yaratmaq, tədqiqatın müxtəlif mərhələlərində onları öyrənmək, ən perspektivli sorta namizəd formaları aşkarlamaq və nəzarət kimi götürülmüş Gözəl-tut sortunu məhsuldarlığına görə ən azı 15-20% ötən sort-formaları seçib Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim etməkdir.

2016-cı ildə sort-sınaq yemləməsi aparılmış, bütün variantlar və təkrarlar üzrə barama əldə edilmiş, həm bioloji göstəricilər təyin edilmiş (erkək və dişilərdən ayrılıqda hərəsindən 10 baramada), həm də texnoloji göstəriciləri öyrənmək üçün (hər təkrardan erkək və dişi baramaların hərəsindən 12 ədəd olmaqla, cəmi 24 ədəd) nümunələr götürülmüş və Kox aparatında boğulmuşdur, otaq şəraitində qurudulmuş və açılmaq üçün tam hazır edilmişdir. Bioloji göstəricilərin öyrənilməsilə müəyyən edilmişdir ki, qurdların yaşama qabiliyyəti 42,33-48,66% arasında, bir baramanın orta kütləsi 1,82-1,91 qram, diri baramanın ipəkliliyi isə 15,58-18,33% arasında dəyişmişdir. Bu göstəricilər əsasında baramaya görə sortların yarpağının yemlik dəyəri, qidalılığı və bunların əsasında hektardan barama məhsuldarlığı hesablanmışdır. Eyni zamanda SNSMDK-ya təqdim etmək üçün nəzərdə tutulmuş S9-5, S9-7 və kontrol Gözəl-tut sortlarının botaniki təsviri aparılmışdır, yarpaqların və ağacların şəkilləri çəkilmişdir.

Yuxarıda göstərilənlərlə yanaşı məhsuldarlığın struktur element göstəriciləri olan müxtəlif sortların boyatan və boyatmayan birilllik zoğlarında yarpaqlanma, budağın yarpaqlılığı, bir yarpağın orta kütləsi, bir ağacdan yarpaq məhsulu və s. bu kimi göstəricilər də müəyyən edilmişdir.

Tədqiqat zamanı müəyyən edilmişdir ki, bir baramanın orta kütləsi 1,86-2,03 qram, diri baramanın ipəkliliyi isə 18,20-19,97%, 1 qr qurddan alınan barama məhsulu 1,99-2,59 kq arasında dəyişmişdir.

Hesabat ilində “Paxlalı bitkilərin (yonca, xaşa və s.) çiçəkləmə biologiyası və nektar məhsuldarlığı” adlı elmi-tədqiqat işi başlamışdır. Tədqiqat zamanı paxlalı bitkilərin əkin tarlalarının yaradılması aqrotexnologiyası da öyrənilmişdir. Tədqiqat işini aparmaqda məqsəd Gəncə-Qazax bölgəsində paxlalı bitkilərdən yonca, xaşa bitkisinin çiçəkləmə biologiyasını və nektar məhsuldarlığını öyrənməkdir.

Odur ki, həmin bitkilərə, yonca və xaşa bitkisinə suvarma, mineral və üzvi gübrələrin müxtəlif variantlarda verilməsi, onların böyümə və inkişafına, çiçəklərdə nektarın artmasının təsirini öyrənməkdir.

2015-ci ildə İnstitutda “Arıçılığın yem bazasını möhkəmləndirmək üçün akasiya və digər plantasiyaların salınma texnologiyası”na dair tədqiqat işi aparılmışdır. Arıçılığın inkişaf etdirilməsi üçün çox qiymətli bal verən akasiya ağaclarının intensiv böyüməsi, inkişafı və yaxşı çiçəkləməsi üçün əkin sxeminin və mineral maddələrə tələbatının öyrənilməsinə böyük ehtiyac vardır.

2015-ci ilin yazında hər bir təkrar üçün (4x1=4 kv.m, yəni 10 ağac üçün 40 kv.m) ayrıca dozada hesablanmaqla gövdədən 20 sm aralı verilmiş, dərhal üzəri örtülmüş və suvarılmışdır. Vegetasiya dövründə budaqlarda zoğların əmələ gəlməsi, çiçəklərin açması, çiçəyin tökülməsi, çiçəkləmə müddəti müəyyən olunmuşdur. Gübrələrdən ammonium şorası 34%-li, superfosfat 18%-li və kalium isə 57,3% -li olmaqla təsiredici maddə hesabı ilə fiziki çəkidə azot – 6,34 kq; fosfor 9,0 kq; kalium isə 2,70 kq hesabı ilə verilmişdir.

Aparılan tədqiqatın nəticəsində müəyyən olmuşdur ki, verilmiş mineral gübrələr ayrı-ayrılıqda çiçəklərin yaşama müddətinə təsir etmişdir.

Cari ildə “Azərbaycanda bal istehsalının təşkili, maliyyə təminatı və onun təkmilləşdirilməsi” adlı tədqiqat işi də davam etdirilmişdir.

Aparılmış çoxsaylı araşdırmalar nəticəsində arıçılıq təsərrüfatlarının təşkili formaları sahəsində beynəlxalq təcrübələri öyrənilərək ümumiləşdirilmiş və Azərbaycanda onun inkişaf istiqamətləri əsaslandırılmışdır. Eyni zamanda Azərbaycanda arıçılıq təsərrüfatlarının təşkil olunmasının konseptual-hüquqi əsasları işlənib və onların müasir standartlara cavab verən mütərəqqi modelləri müəyyən edilmişdir.
III. “Tut ipəkqurdunun, arıların və onların yem bazasının

xəstəlik və zərərvericilərinin öyrənilməsi, səmərəli bioloji və kimyəvi

mübarizə üsullarının işlənib hazırlanması” problemi
Bu problem altında 3 elmi-tədqiqat işi aparılmışdır. Qeyd edilən işlərin icrası professor R.Səlimovun rəhbərliyi ilə Ə.Allahverdiyev, E.Əhmədov, A.Məmmədova, Ş.Qasımov, S.Musayeva, K.Nağıyeva və G.Ələsgərova tərəfindən həyata keçirilmişdir.

Məlumdur ki, hər bir canlı orqanizmin həyatında xəstəlik və zərərvericilərin olması qaçılmazdır. Bu da bəslənilən canlını məhv etməklə yanaşı məhsuldarlığı da kəskin şəkildə aşağı salır. Bal arılarına ən çox zərər verən varroatoz törədicilərinin olduğunu nəzərə alaraq ” Gəncə-Qazax bölgəsində bal arılarında varroatoz xəstəliyinin öyrənilməsi və profilaktik tədbirlərin sınaqdan keçirilməsi” adlı tədqiqat işinə də başlanılmışdır.

Bal arılarının varroatozla yoluxması bütün dünyada və ölkəmizdə arıçılığa xeyli zərər vurur, hazırda bölgənin bir çox arıçılıq təsərrüfatlarında təsadüf edilməkdədir. Xəstəliyə əsasən yaz, yay və payız dövründə rast gəlmək olur.

Xəstəliyin törədicisi – Varroa Jacobsoni Oudemans gənəsi (Parasitiformes, Varroidae) – bal arılarının parazitidir. Bu gənə arıların və onların sürfələrinin xarici bədən səthinə yapışırlar. Gənə adi gözlə göründüyündən onu müəyyən etmək asandır.

Metodikada göstərilən mərhələyə uyğun Gəncə-Qazax bölgəsində mövcud olan bir neçə arıxanalarda və AzETİİ-nun arıxanasında varroatoz xəstəliyinin müşahidəsi aparılmış və arı ailələrində yoluxma dərəcəsi təyin edilmişdir.

Əsasən monofaq olan tut ipəkqurdlarını etibarlı yemlə təmin etmək üçün 2015-ci ildə “Tut güvəsinin çəkilliklərə vurduğu ziyan və ona qarşı kimyəvi mübarizə üsulları” adlı tədqiqat işi də davam etdirilmişdir.

Respublikamızın təbii coğrafi şəraiti, nektar ifraz edən bitkilərin çoxluğu və müxtəlifliyi arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Arıçılığın inkişafı ilə bağlı əsas faktor təbii iqlim şəraitidir ki, ölkəmizdə bu imkanlar var. Belə ki, mövcud 4200 bitki növünün 600-ü bal verən bitkilərdir. Qeyd edilən biomüxtəlifliyi nəzərə alaraq “Azərbaycanın müxtəlif bölgələrində arı balının biokimyəvi tərkibinin həmin ərazilərdə yayılmış bitki müxtəlifliyindən asılılığı” adlı tədqiqat işinə başlanılmışdır.

Bal təbiiliyinə, saxtalığına, zəhərliliyinə və tərkibində kənar qarışıqların olub-olmamasına görə təyin edilir. Bal orqanoleptik və laborator üsulla yoxlanılır.



BİTKİ MÜHAFİZƏSİ
Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda 2015-ci ildə mövzular planına uyğun olaraq “Azərbaycanda iqtisadi bölgələr üzrə bitkilərin zərərverici, xəstəlik və alaq otlarından mühafizəsində ekoloji cəhətdən təhlükəsiz, səmərəli yeni texnologiyaların tətbiqi əsasında inteqrir mübarizənin işlənib hazırlanması” problemi üzrə 11 elmi mövzuda 31 elmi-tədqiqat işi yerinə yetirilmişdir.

Elmi-tədqiqat işləri İnstitutun təcrübə sahələrində, Xaçmaz və Abşeron Təcrübə Stansiyalarında, Ucar və Saatlı Dayaq Məntəqələrində aparılmaqla mövzularda nəzərdə tutulmuş bölgələrin fermer, kəndli, icarə və s. özəl təsərrüfatlarında, Regional Aqrar Elm Mərkəzlərinin bölgələrdəki təcrübə sahələrində yerinə yetirilir. Azərbaycanda bütün bölgələr üzrə kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran zərərverici, xəstəlik və alaq otlarının növ tərkibləri araşdırılmış və tədqiqat işləri davam etdirilir.

Dənli taxıl bitkilərində zərərverici, xəstəlik və alaq otlarına qarşı kompleks mübarizə tədbirlərinin təkmilləşdirilməsi Akademik S.Məmmədovanın rəhbərliyi ilə aparılmışdır. Mil-Qarabağ iqtisadi bölgəsinin payızlıq taxıl əkinlərində yayılmış xəstəliklərə qarşı yeni mübarizə texnologiyasının işlənib hazırlanması H.Mahmudov, V.Abbasov tərəfindən yerinə yetirilmişdir.

Mil-Qarabağ iqtisadi bölgəsinin payızlıq taxıl əkinlərində 7 növ xəstəlik törədicisi – Helmintosporoz–Drechslera sorokiniana, Sarı pas–Puccinia striiformis West., Qonur pas–Puccinia triticina Eriks., Unlu şeh–Erysiphe qraminis DC., Bərk sürmə–Tilletia tritici Wint, Toz sürmə–Ustilaqo tritici Jens., Septorioz–Septoria tritici Brek. müəyyən olunmuşdur. Bölgənin Goranboy, Tərtər, Bərdə və Tərtər BTS-nin taxıl sahələrində becərilən sortların sarı və qonur pas, unlu şeh, bərk sürmə xəstəlikləri ilə sirayətlənmələri müəyyənləşdirilmişdir.

Bölgənin taxıl sahələrində ən geniş yayılan sarı pas xəstəliyi 41,5-50,6% və qonur pas 17,5-34,5% olmuşdur. Vegetsiya müddətində bu xəstəlik törədicilərinin inkişafı üçün abiotik amillər (temperatur - 15-280C və nisbi rütubət - 75-95%) əlverişli olmuşdur. Sarı pas və qonur pas xəstəliklərinin ilk nişanəsi əmələ gələn müddətdə Tilt (0,5 l/ha), Titan (0,5 l/ha), Alto Super (0,6 l/ha), Reks-Duo (0,4 l/ha), Bayleton (0,5 kq/ha) (etalon) fungisidlərin biri ilə 14 gündən bir olmaqla 2 dəfə çiləmə aparılmış, texniki səmərəlilik 78,8-84,7% təşkil etmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində taxıl əkinlərində zərərvericilərin növ tərkibinin müəyyənləşdirilməsi və başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təkmilləşdirilməsi S.Həsənov, G.Abdullayeva tərəfindən aparılmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsinin payızlıq buğda əkinlərində 10 növ zərərverici - taxıl böcəyi, ağqalxanlı sümürtkən böcək, taxıl mənənəsi, məftil qurdlar, çöl və tarla şıqqıldaq böcəkləri, yaşıl şala, taxıl zəliciyi, zərərli taxıl bağacığı, danadişi, adi taxıl sovkası aşkar edilmişdir.

Bölgədə becərilən buğda sortları (Nurlu-99, Aran, Əzəmətli-95, Bərəkətli-95, Şəki-1, Əkinçi) taxıl böcəyi (21,2%), zəlicik (15,3%), mənənə (6,2%), ağqalxanlı sümürtgən böcəyi (2,6%), məftil qurdlar (6,2%), danadişi (2,0%) və taxıl sovkası (2,6%) ilə sirayətlənmişdir. Başlıca zərərvericilərdən taxıl böcəyi və zəliciyin bir nəsil verdiyi aşkar edilmişdir. Taxıl əkinlərində adi taxıl mənənəsinə qarşı bioloji mübarizədə 1 m2 taxıl sahəsində orta hesabla 1600 ədəd mənənəyə qarşı 40 ədəd parabüzən sürfəsi buraxılmış və 15-ci gün 78,4 % bioloji səmərə alınmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsində kartofun yeni texnologiya üzrə becəril-məsi əsasında başlıca zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması Akademik S.Məmmədovanın rəhbərliyi ilə K.Hüseynov tərəfindən yerinə yetirilmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsinin kartof becərilən ərazilərində kolorado böcəyi, adi danadişi, təkçıxıntılı danadişi, payız sovkası, çəmən bağacığı, taxıl böcəkləri, məftil qurdlar aşkar edilmişdir.

Bölgədə kolorado böcəyi, müxtəlif növ məftil qurdlar və iki növ danadişi kartof əkinlərinə ciddi zərər vuran və mənfi təsərrüfat əhəmiyyəti kəsb edən başlıca zərərvericilərdir. Kolorado böcəyi (28,6%) və məftil qurdların (6,6%) bölgənin bütün kartof əkinlərində, danadişinin isə aran və dağətəyi ərazilərdə yayıldığı (10% - yaşıl kütlə; 16,6%-kartof yumruları) aşkar edilmişdir. Bölgədə becərilən kartof sortları (Lorx, Kemerova, Nevskiy, Arinda, Telman, İmpala, Milva) başlıca zərərvericilərlə sirayətlənirlər.

Kolorado böcəyinə qarşı Syperkiller insektisidi (0,4 l/400 l su), Constar preparatı 0,4 L/ha dozada və Afidrid – 20SP (0,009 kq/400 l su) çiləmədən beş gün sonra müvafiq olaraq 93,6%; 94,7% və 98,8% texniki səmərəlilik göstərmişdir. Etalon variantda (Mosetam 92,1%; Ramplan 93,6%; Pestban 97,7%) isə texniki səmərəlilik 94,4% müəyyənləşdirilmişdir.

Danadişiyə qarşı Foliton insektisidi 1,5 l/100 kq kəpək, Pestban 4E preparatı 1,5 L/100 kq kəpək, Aqriqor 1,5 l/100 kq kəpək dozada müvafiq olaraq 78,9 %; 71,4%; 87,5%; (kartof yumrularının) texniki səmərəlilik göstərmişdir. Etalon variantda (Folidol 1 l/ha; Malation 65 EM- 2,0 L/ha) texniki səmərəlilik müvafiq olaraq 73,6 və 64,2 % (kartof yumrularının) aşkar edilmişdir.

Quba-Xaçmaz iqtisadi bölgəsində açıq sahədə becərilən pomidor bitkisinin xəstəliklərinin növ tərkibinnin dəqiqləşdirilməsi və başlıca xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması C.Ağayevin rəhbərliyi ilə S.Eyyubov tərəfindən aparılır.

Bölgədə pomidor bitkisinə ziyan vuran əsas xəstəliklər – qara ayaq, fitoftora, makrosporioz, fuzarioz və vertisilyoz soluxmalar, təpə çürüməsi, bakterial xərçəng, strik, stolbur və eyni zamanda 7 növ qeyri – infeksion xəstəlik də aşkar edilmişdir. Bölgədə Sultan, Titan, Volqoqrad sortları becərilir.

Xaçmaz rayonunun pomidor əkinlərində fitoftora xəstəliyinin yayılması 31,3%, makrosporioz xəstəliyinin yayılması 20,7%, fuzarioz və vertisilyoz soluxmaların yayılması 13,7%; təpə çürüməsi xəstəliyinin yayılması 4,5%; bakterial xərçəng xəstəliyinin yayılması 3,6%; stolbur xəstəliyinin yayılması 3,2%; strik xəstəliyinin yayılması 1,8% təşkil etmişdir.

Şabran rayonunda isə fitoftora xəstəliyinin yayılması 29,4%, makrosporioz xəstəliyinin yayılması 20,4%, fuzarioz və vertisilyoz soluxmaların yayılması 12,4%; təpə çürüməsi xəstəliyinin yayılması 4%; bakterial xərçəng xəstəliyinin yayılması 3,0%; stolbur xəstəliyinin yayılması 2,7%; strik xəstəliyinin yayılması 1,3% təşkil etmişdir. Fitoftora xəstəliyinə qarşı Ridomil (2,5 kq/ha) (etalon) preparatı 74,3%, Ordan (3 kq/ha) isə 74,1% texniki səmərəlilik göstərmişdir.

Abşeron iqtisadi bölgəsi şəraitində örtülü sahədə becərilən tərəvəz bitkilərinin zərərverici və xəstəlikləri, onlardan başlıca ziyanlı növlərinə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması və tətbiqi C.Ağayev, B. Bağırov, N.Dadaşov, M.Məlikov tərəfindən aparılmışdır.

Abşeron bölgəsi şəraitində örtülü sahədə xiyar bitkisinin müxtəlif sortları üzərində 7 qeyri-infeksion, 12 infeksion xəstəlik qeydə alınmışdır. Bu xəstəliklər sırasında Peronosporoz, Fusarioz, kök çürümələri, Askoxitoz, Unlu şeh, Qonur ləkəlik, Bakterial ləkəlik, mozaika virus xəstəlikləri daha geniş yayılmışdır.

Xiyar bitkisinin üzərində 13 növ zərərverici - Fır nematodları, Fır gənəcikləri, bostan mənənəsi, böyük kartof mənənəsi, İstixana ağqanadlısı, Tütün ağqanadlısı, Tutun tripsi, Kaliforniya tripsi, Danadişi, Bostan sovkası aşkar olunmuşdur. Bölgədə başlıca zərərverici istixana ağqanadlısı (bitkilərin sirayətlənməsi 52%), tor gənəciyi (bitkilərin sirayətlənməsi 61%), bostan mənənəsi (bitkilərin sirayətlənməsi 48%), fır nematodları (bitkilərin sirayətlənməsi 32%), tripslər (bitkilərin sirayətlənməsi 18%) yayılmışdır.

Pomidor əkinlərində Qliokladin 0,5 ml/litr məsarif normasında Fuzarioz xəstəliyinə qarşı (64,1-59,1%), Vertisilioza qarşı (56,9-50,6%), Rizaqtonioza qarşı (52,2-44%) qənaətbəxş təsir göstərmişdir.

Örtülü sahədə pomidor bitkisinə pomidor minalayıcı güvəsi ziyan vurur. Bölgə üzrə zərərvericinin yayılması 68,7 % olmuşdur. Pomidor güvəsi il ərzində 7 tam nəsil vermişdir. Bununla yanaşı pomidor bitkisinə istixana ağqanadlısı (44,6%), tor gənəsi (39%), Trips (32%), fır nematodlar (53%) ziyan vurmuşdur. Pomidor güvəsinə qarşı mübarizədə Konfidor, Talstar preparatlarını tətbiq etməklə 72-80% texniki səmərəlilik alınmışdır.

Mil-Qarabağ iqtisadi bölgəsində şəkər çuğundurunun başlıca xəstəlikləri və onlara qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması X.Yaqubova, H.Məsimova tərəfindən aparılmışdır.

Bölgədə şəkər çuğunduru sahələrində 7 növ xəstəlik Kökyeyən, Peronosporoz, Alternarioz, Unlu şeh, Serkosporoz, Boz çürümə, Pas qeydə alınmışdır. Xəstəliklərdən Peronosporoz (16,5-18,3%), Unlu şeh (61,8-67,5%) və Serkosporoz (35,5-47,8%) geniş yayılmışdır.

Unlu şeh xəstəliyinin təsirindən məhsul itkisi 20,6%, bitkilərin xəstəliklə sirayətlənməsi 51,4%, Serkosporoz xəstəliyinin təsirindən isə məhsul itkisi 18,2%, bitkilərin xəstəliklə sırayətlənməsi isə 46,3% olmuşdur. Xəstəliklərə qarşı 14 gündən bir olmaqla 3 dəfə çiləmə aparılması məqsədə uyğundur. Bu məqsədlə Alto-super 0,6 l/ha, Deks-Duo 0,4 l/ha və Bayleton 0,5 kq/ha preparatları 77,3% texniki səmərə vermişdir.

Gəncə-Qazax iqtisadi bölgəsində açıq və örtülü şəraitdə becərilən xiyar aqresenozunda başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması R.Novruzova tərəfindən aparılmışdır.

Bölgənin açıq və örtülü şəraitdə becərilən xiyar əkinlərində 9 növ zərərvericiyə (minalayıcı milçək, adi və birçıxıntılı danadişi, xiyar bağacığı, ağqanadlı, tarla şıqqıldaq böcəyi, fır nematodu, tor gənəciyi və bostan mənənəsi) təsadüf edilmişdir. Bölgədə açıq şəraitdə becərilən xiyar sortlarının ağqanadlı ilə sirayətlənməsi orta hesabla 11,3%, bostan mənənəsi ilə - açıq şəraitdə 24%, tor gənəciyi ilə açıq şəraitdə 15,6%, danadişi ilə 14% sirayətləndiyi aşkar edilmişdir.

Xiyar əkinlərində tor gənəciyinin 5, ağqanadlının isə 4 nəsli, örtülü şəraitdə becərilən xiyar əkinlərində tor gənəciyinin 7, ağqanadlının isə 4 nəsli inkişaf edir.

Bostan mənənəsinə qarşı Bifenstar preparatı 0,3 l/ha dozada 88,8%, Fenrox 0,75 l/ha məsarif normasında 93%, etalonda isə Dumble 1 l/ha məsarif normasında 89% texniki səmərəlilik göstərmişdir.

Çoxillik bitkilərdə zərərverici və xəstəliklərə qarşı yeni mübarizə texnologiyalarının işlənib hazırlanması K.Hüseynovun rəhbərliyi ilə yerinə yetirilmişdir.

Quba-Xaçmaz iqtisadi bölgəsinin meyvə bağlarında başlıca zərərvericilərdən alma meyvəyeyəni, şərq meyvəyeyəni və alma yaşıl mənənəsinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi M.Aslanov, Z.Ağabalayev tərəfindən aparılmışdır.

Bölgənin meyvə bağlarında alma meyvəyeyəni, alma yaşıl mənənəsi, şərq meyvəyeyəni, gənələr və s. geniş yayılmışdır. Bölgə şəraitində alma meyvəyeyəninin – 2 nəsil, şərq meyvəyeyəni 5 nəsil, alma yaşıl mənənəsi 11 nəsil verir. Alma meyvəyeyəninə qarşı 100 meyvədə 1 – 2 ədəd tırtıl olduqda kimyəvi mübarizənin aparılması zəruridir. Bu zaman Matador 250 ml/ha, etalonda Arrivo-200 ml/ha preparatı çilənəcək. Alma yaşıl mənənəsinə qarşı kimyəvi mübarizədə Qoldplan 0,30 kq/ha , etalonda Poliqor 3 l /ha istifadə olunur.

Quba-Xaçmaz iqtisadi bölgəsinin meyvə bağlarında (alma) yayılmış xəstəliklərin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca zərərli növlərə qarşı inteqrir mübarizə tədbirlərinin təkmilləşdirilməsi H.Aslanov tərəfindən aparılır.

Bölgənin alma bağlarında yayılmış xəstəliklər – dəmgil, unlu şeh, pas, qara xərçəng, bakterial xərçəng, sitosporoz, meyvə çürüməsi, xırdayarpaqlılıq qeyd edilmişdir.

Qrani Smit, Fuji, Conaqold, Aydared, Renet des Renetes, Qala, Conaqoret, Çelencer; əvvəlkilər – Montano, Qolden Delişes sortlarının dəmgil və unlu şeh xəstəliklərinə sirayətlənmə dərəcələri öyrənilir. Dəmgil və unlu şeh xəstəliklərinə qarşı Koçide 2000 preparatı ilə (2kq/ha), Strobi (200qr/ha), Skor (200qr/ha) ilə çiləmə aparılır.

Abşeron bölgəsi şəraitində narın xəstəlik və zərərvericiləri, onlardan başlıca ziyanlı növlərə qarşı inteqrir mübarizə tədbirlərinin hazırlanması və tətbiqi O.T.Məmmədov, Ş.İ.Qəhrəmanov tərəfindən aparılır.

Abşeron bölgəsində narın başlıca zərərvericiləri olan nar mənənəsi və nar meyvəyeyəninin yayılması öyrənilir.

100 meyvədə 1-2 tırtılın zədəsi olduqda nar meyvəyeyəninə qarşı kimyəvi mübarizə iqtisadi cəhətdən səmərəlidir. Nar mənənəsinə qarşı Suprakor insektisidi 1,5 l/ha məsarif normasında, Poliqor preparatı 2 l/ha məsarif normalarında çilənir.

Dəmgil xəstəliyinə qarşı erkən yazda ABC preparatının 1% -li məhlulu tətbiq olunmuş, səmərəlilik 55% olmuşdur. Çiçəkləmədən qabaq Vivando 50% preparatı 0.2 l/ha tətbiq olunmuş, çiçəkləmədən sonra Poliram 2.5 kq/ha məsarif normasında tətbiq edilir. Meyvə çürüməsi xəstəliyinə qarşı Poliram 2.5 kq/ha, Poliram 2.5kq/ha + Strobi 0.25 kq/ha qatılaraq tətbiq olunur.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində meyvə ağaclarının sorucu zərərvericilərinin növ tərkibinin dəqiqləşdirilməsi və başlıca növlərə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması C.İbrahimov tərəfindən aparılır.

Gəncə-Qazax iqtisadi bölgəsinin meyvə bağlarında tədqiqat illərində sorucu zərərvericilərdən 16 növ- Armud bağacığı, Alma yaşıl mənənəsi, Qanlı mənənə, Armud fır gənəciyi, Qoz fır gənəciyi, Gilas mənənəsi, Qoz iri mənənəsi, Qoz kiçik mənənə, Komstok yastıcası, Kaliforniya çanaqlı yastıcası, Akasiya yalançı çanaqlı yastıcası, Qırmızı alma gənəciyi, Gavalı mənənəsi, Şaftalı mənənəsi, Şaftalı zolaqlı mənənəsi aşkar edilmişdir.

Mövsüm ərzində Armud bağacığı 2, alma yaşıl mənənəsi 9 nəsil verir. Armud bağacığına qarşı Platin Malation preparatı 3,5 l/ha dozada 97%, etalonda isə (Matador- 0,3 l/ha) 95% texniki səmərəlilik göstərmişdir.

Azərbaycanda üzüm bitkisinin zərərverici, xəstəlik və alaq otlarına qarşı ekoloji cəhətdən təhlükəsiz mübarizə texnologiyalarının işlənib hazırlanması S.Cabbarovun rəhbərliyi ilə aparılmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında yayılmış zərərvericilərin növ tərkibinin müəyyənləşdirilməsi əsasında başlıca növlərə qarşı inteqrir mübarizə tədbirlərinin işlənib hazırlanması Q.Məmmədov, G.Seyidova tərəfindən aparılmışdır.

Bölgədə becərilən yerli Rkasiteli, Mədrəsə, Bolqar, İtalyan muskatı, Bayan- şirə və s. və xarici Merlo, Kaberno-sovinyon, Prima, Sürah, Qara pino, Şardane, Alikant, Rislinq- maqaraç, Sovinyon- blank, Perlet, Marselin, Qrenaj, Uqni- blank, Sultani, Aleksandriya və s. üzüm sortlarında tədqiqat aparılmışdır. Bölgə şəraitində üzüm salxım yarpaqbükənin 3, bağ hörümçək gənəsinin 5, üzüm fır gənəsinin 6 nəsil verdiyi aşkar edilmişdir.

Hesabat ilində üzüm salxım yarpaqbükəninə qarşı feromon tutucusu + BTB 0,4 kq/ha + Fitoverm 4 l/ha məsarif normasında 62,8%, digər variantda hər nəslə qarşı Superkor preparatının 0,3 l/ha məsarif normasında çiləmə aparılmış, 81,6% texniki səmərəlilik alınmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində üzüm sortlarının başlıca xəstəliklərinin öyrənilməsi (mildyu, oidium, antraqnoz və boz çürümə) onlara qarşı yeni preparatları tətbiq etməklə mövcud mübarizə sxeminin təkmilləşdirilməsi S.Cabbarov, H.Mahmudov, V.Abbasov tərəfindən aparılmışdır.

Bölgənin üzüm bağlarında ildə antraknoz və oidium xəstəlikləri geniş yayılmışdır. Antraknoz xəstəliyinin törədicisinin inkişafı üçün orta sutkalıq temperaturun 15-28°C, nisbi rütubətin 80-90%, Oidium xəstəlik törədicisinin inkişafı üçün orta sutkalıq temperaturun 13-35°C, nisbi rütubətin 55-65% olması ən əlverişli şərait hesab olunur.

Antraknoz xəstəliyinə qarşı Koperhidin 0,3 kq/ha, Ridomilin 2,5 kq/ha fungisidlərinin biri ilə 14 gündən bir 3 dəfə çiləmə aparılmış və 65,2% texniki səmərəlilik, Oidium xəstəliyinə qarşı salxımlarda sirayətlənmə 2% olduqda Vivando-0,2 l/ha, Ansar-0,25 l/ha və Bayletonun 0,5 kq/ha məsarif normalarının biri ilə 14 gündən bir 3 dəfə çiləmə aparılmış, 79,6% texniki səmərəlilik alınmışdır.

Abşeron iqtisadi bölgəsində üzümün başlıca zərərverici və xəstəliklərinə qarşı ekoloji cəhətdən təhlükəsiz, səmərəli mübarizə tədbirlərinin öyrənilməsi və mövcud mübarizə tədbirlərinin təkmilləşdirilməsi C.Ağayev, N.Ağayeva, M.Tağıyev tərəfindən aparılmışdır.

Bölgənin üzüm sahələrində üzüm salxım yarpaqbükəni və tor gənəsi geniş yayılmışdır. Üzüm salxım yarpaqbükənin yayılması 22,9%, tor gənəsinin yayılması 13,5% müşahidə edilmişdir.

Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında yayılan alaq otlarının növ tərkibinin və iqtisadi ziyanlı həddinin öyrənilməsi əsasında alaq otlarına qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması F. Ağayev tərəfindən yerinə yetirilir.

Gəncə-Qazax iqtisadi bölgəsinin üzüm bağlarında alaq otları ilə sirayətlənmə dərəcəsi 3 rayon üzrə öyrənilmiş və müşahidələr nəticəsində Şəmkir rayonunun fermer təsərrüfatlarında – 45 növ alaq otuna, Tovuz rayonunda – 42 növ və Qazax rayonu üzrə 36 növ alaq otuna rast gəlinmişdir. Bu rayonlarda üzüm əkini sahələrində alaq otları ilə sirayətlənmə dərəcəsi orta səviyyədədir.

Gəncə-Qazax iqtisadi bölgəsində pomidor bitkisinin zərərverici və xəstəliklərinə qarşı hazırlanmış mübarizə sxeminin təkmilləşdirilməsi C. Hüseynov, P.Məhərrəmov, K.Məmmədova tərəfindən yerinə yetirilir.

Bölgədə pomidor bitkisində pambıq sovkası, pomidor minalayıcı güvəsi, mənənə, tütün tripsi, hörümçək gənəsi, xəstəliklərdən - fitoftora, makrosporioz, yarpaq qıvrılması virus xəstəliyi və qeyri - infeksion təpə çürüməsi aşkar edilmişdir.

Etalonda – xəstəliklərə qarşı; 68%-li it. Ridomil Qold (2, kq/ha), 68%-li it Akrobat (0,3%-li), 0,4%-li xloroksimed funqisidləri, virus xəstəliyinə qarşı 0,15% Tagiant preparatı, təpə çürüməsinə qarşı 0,4%-li Xloroksimed, pambıq sovkasına 2,5%-li e.k. Desis (0,8 l/ha), hörümçək gənəsinə qarşı 47%li e.k. Omayt (1,5 l/ha) preparatlarından və pomidor minalayıcı güvəsinə qarşı cinsi feremon tutucusundan istifadə edilmişdir.

Pambığın başlıca xəstəliklərinə (vilt və hommoz) qarşı yeni fitonsidlərin alınması və bioloji preparatları tətbiq etməklə kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması Z.Bağırova, R.İsmayılova tərəfindən aparılmışdır.

Fitonsidlərdən Hommoz xəstəliyinə qarşı nisbətən yüksək səmərə verən yovşanın quru kütləsindən alınmış ekstraktı 1:10 nisbətində səpindən qabaq toxumların isladılıb səpilməsi nəticəsində filqə yarpaq fazasında 33,7%, əsas yarpaq fazasında 25% texniki səmərə olmuşdur. Pambığın Vilt xəstəliyinə qarşı zirinc bitkisinin meyvəsindən alınmış Fitonsidin 1:10 nisbətində (ləti sıxma yolu ilə) səpindən qabaq toxumların isladılıb səpilməsində 41,3% texniki səmərə alınmışdır. Hommoz xəstəliyinə qarşı yüksək səmərə etalon variantda olmuşdur. Bu variantda toxumlar səpindən qabaq Maksim Star preparatının 1,5 kq/ton məsarif norması ilə 24 saat isladılıb səpilmişdir. Filqə yarpaq fazasında texniki səmərəlilik 52,3%, əsas yarpaq fazasında isə 48,7% təşkil etmişdir.

Bioloji aktiv maddələrdən və entomofaqlardan istifadə etməklə kələm əkinlərində ekoloji cəhətdən təhlükəsiz mübarizə tədbirlərinin işlənib hazırlanması Q.Bayramov, G.Abdullayeva, G.Seyidova tərəfindən aparılmışdır.

Gəncə-Qazax iqtisadi bölgəsinin kələm əkinlərində 5 növ zərərverici kələm sovkası, kələm mənənəsi, kələm milçəyi, adi danadişi, kələm ağ kəpənəyi qeydə alınmışdır. Bu zərərvericilərdən kələm mənənəsinin (21,6%) və kələm ağ kəpənəyinin (12,6%) geniş yayıldığı müəyyənləşdirilmişdir. Zərərvericilərə qarşı feremon tutucusu, bioloji preparat, habrabrakon tüfeylisi və yeddinöqtəli parabüzən böcəyin tətbiqi aparılmış və kələm əkinlərində kələm ağ kəpənəyinə qarşı bioloji səmərəlilik 50%, mənənəyə qarşı parabüzən böcək isə 11,2% bioloji səmərəlilik göstərmişdir. Bölgədə kələm sortlarının Bəyaz Lahana; Slava; Amager-611; Qribovskiy- 147 sortları becərilir.

Azərbaycanda daxili karantin zərərvericilərin tədqiqi əsasında kompleks mübarizə tədbirlərinin təkmilləşdirilməsi Akademik S.Məmmədovanın rəhbərliyi ilə yerinə yetirilir. Gəncə-Qazax iqtisadi bölgəsi şəraitində müxtəlif tut və çəkil sortlarında zərərvericilərin yayılması, inkişafı və onlardan başlıcalarına qarşı bioloji və kimyəvi mübarizə tədbirlərinin işlənib hazırlanması S.Məmmədova, D. İsgəndərova tərəfindən aparılmışdır.

2015-ci ildə tut güvəsinin qışlamış puplarından kəpənəklərin ilk uçuşu may ayının III ongünlüyündə (25 may) müşahidə olunmuş, zərərvericinin 6 nəsli inkişaf etmişdir. Stasionar sahədə təbii entomofaqlardan 2-5-7 və 14 nöqtəli parabüzən böcəkləri nabis, orius, kompiloma, yırtıcı trips, yirtıcı gənə, hörümçəklər, qızılgöz və habrobrakon tüfeylisinə rast gəlinmişdir.

Gəncə-Qazax bölgəsi şəraitində karantin küknar hermesinin yayılması, inkişafı və ona qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması S.Məmmədova, Q.Yusibov, K.Məmmədova tərəfindən aparılmışdır.

Bölgə şəraitində hermes çəkil bitkisinin gövdəsinə və yarpaqlarina ziyan vurmur. Zərərverici ancaq gövdədən inkişaf edən bir və ikiillik budaqların gövdəyə yaxın - ikinci yarusa qədər hissəsində qidalanır.

Hermesə qarşı 40%-li yeni Roqor və Aqriqor preparatları 0,2-0,3%-li kəsafətliklərdə, 2,5%-li Desis preparatı 0,8-1,0 l/ha məsarif normasıında sınaqdan keçirilmişdir. Preparatlar 0,2%-li kəsafətlikdə 75,1-74,2%, 0,3%-li məhlul isə 78,2-77,5% texniki səmərəlilik göstərmişdir. Etalon variantda texniki səmərəlilik 56,2-60,5% olmuşdur.

Abşeron iqtisadi bölgəsi şəraitində Amerika Ağ kəpənəyinin qısa və uzun müddətli proqnozunun işlənib hazırlanmasında elmi metodların təkmilləşdirilməsi və tətbiqi C.Ağayev, N.Ağayeva tərəfindən aparılmışdır.

2015-ci ildə Abşeronda AAK-nin 1-ci nəslinin ocaqlarda yayılması genişlənmiş, ocaqların say dinamikasında artım müsahidə edilmişdir.

Maştağada sağlam pupların sayı orta hesabla 4,6 ədəd/m2, Buzovnada 3,8 ədəd/m2, Bilgəhdə 3,0 ədəd/m2, Novxanıda 2,9 ədəd/m2, Mərdəkanda 1,6 ədəd/m2 olmuşdur. Abşeronun şimal və şimal qərb sahilyanı ərazilərində AAK-nın ocaqlarının artması növbəti ildə ərazilərdə kütləvi yayılma ehtimalını artırır.

Quba Xaçmaz iqtisadi bölgəsi şəraitində Amerika Ağ kəpənəyinin qısa və uzun müddətli proqnoz metodlarının təkmilləşdirilməsi S.Eyyubov, M.Aslanov tərəfindən aparılmışdır.

Bölgədə AAK-nın 2014-cü ilə nisbətən 2015 – ci ildə qış ehtiyatı 10% az olmuşdur. Amerika ağ kəpənəyinin yayılması azalmış, ancaq ocaqlar şəklində müşahidə edilmişdir. Zərərverici Quba – Xaçmaz bölgəsi şəraitində 2 tam və üçüncü yarımçıq nəsil vermişdir. Hər nəslin tırtılları 28 – 31 gün intensiv qidalanmışdır.

Zərərvericinin Xaçmaz rayonunun ərazisində 5,3%, Şabran rayonu ərazisində 4,0% yayılması qeyd edilmişdir. 2016–ci ildə Amerika ağ kəpənəyinin yayılması cari ilə nisbətən aşağı olacaq.

Pomidorun karantin minalayıcı güvəsinə qarşı mübarizə tədbirlərinin işlənib hazırlanması C.Hüseynov, Q.Yusibov, D.İsgəndərova tərəfindən aparılmışdır.

Pomidor sahəsində pomidor minalayıcı güvəsinin qışlamadan çıxmış kəpənəklərinin ilk uçuşu 6 may tarixində müşahidə olunmuşdur. Pomidor güvəsinə qarşı Surender preparatının 0,06%-li məhlulu ilə aparılmış çiləmədə 82,2% texniki səmərəlilik aşkar edilmişdir. Zərərvericiyə qarşı Desis, Cartap və Dursban preparatlarından hər hansı birini tətbiq etmək olar.

Xiyarda Nitrat azotunun icazə verilən norması 150 mq/kq, pomidorda 150 mq/kq, qarpızda 60 mq/kq, yemişdə 90 mq/kq və çiyələkdə 60 mq/kq-dır.

Taxıl toxumlarının yarımquru üsul ilə dərmanlanmasında yeni texnologiya və texniki vasitələrin işlənib hazırlanması A.Məmmədov, U.Həsənov tərəfindən aparılmışdır. Az.ETBMİ-də taxıl toxumlarının yarımquru üsul ilə dərmanlanması üçün yeni qurğu hazırlanmışdır. Qurğu fermer təsərrüfatları üçün səmərəli iş prinsipinə malikdir, qurğu üzərində əlavə işlər davam etdirilir.

Pambıq sovkasına qarşı bioloji mübarizədə entomofaqların yayılması üçün yeni texnologiyanın və qurğunun işlənib hazırlanması A.Məmmədov tərəfindən aparılmışdır.

Pambıq sovkasına qarşı bioloji mübarizə məqsədi ilə entomofaqları yayan (habrobrakon tüfeylisi) qurğu hazırlanmaşdır. Qurğuda mövcud olan bankalara zərərvericinin populyasiya sıxlığına müvafiq olaraq 5:1 nisbətində olmaqla hər bir bankaya 250 ədəd habrobrakon yerləşdirilir. Qurğu kultivatorun kövdəsinə bərkidilir və traktorun kabinasından pult vasitəsilə idarə edilir. Habrobrakonların uçuşu monitor lövhə vasitəsi ilə izlənilir.

Respublikanın bölgələri üzrə (Şirvan, Muğan, Mil-Qarabağ) müxtəlif aqrosenozlarda ekoloji faktorların təsirinin, pupların fizioloji vəziyyətinin, riyazi üsullarla öyrənilməsi əsasında pambıq sovkasının proqnoz metodlarının təkmilləşdirilməsi E.Xəlilov, A.Soltanov, S.Мehdiyev tərəfindən yerinə yetirilir.

2015-ci ildə vegetasiya müddətində iqlim amillərinin çoxillik göstəricidən xüsusilə temperaturanın müsbət 15 - 17Cº yüksək, yağıntıların miqdarının isə 55-60 mm az olmaqla havanın nisbi nəmliyin 24-26% azalması pambıq sovkasının pomidor, qarğıdalı və pambıq bitkiləri üzərinə qoyduğu yumurtalara təsir edərək mayasızlığının çoxilliklə müqayisədə xeyli yüksək olmasına səbəb olmuşdur. Pambıq sovkasının yumurtalarında baş verən ümumi myayasızlığın Muğan və Mil-Qarabağ bölgəsində pomidorda 66%, qarğıdalıda 75%, pambıqda 58%, Şirvanda isə müvafiq olaraq 68%, 70% və 65% olması dəqiqləşdirilmişdir.

2015-ci il üçün bölgələr üzrə pambıq sovkasının azsaylı olması, çoxilliklə müqayisədə yumurtalarda mayasızlığın yüksək, pupların diri çəkilərinin və piy bədənin zəif olması növbəti ildə zərərvericinin miqdarının azsaylı, populyasiya sıxlığının isə zəif olacağın proqnozlaşdırılmışdır.

Siçanabənzər gəmiricilərin inkişafına ekoloji və antropogen amillərin təsirinin və fizioloji vəziyyətinin dəqiqiləşdirilməsi əsasında inkişaf proqnozu metodlarının təkmilləşdirilməsi V.Salahov tərəfindən aparılmışdır.

2015-ci ilin qış mövsümində yağmurların miqdarının çoxillik göstəriciyə bərabər olması yanvar-fevral aylarında isə temperaturanın çoxillik göstəricidən az olması çöl siçanlarının həyat tərzləri üçün əlverişsiz olmaqla onların populiyasiya sıxlığının daha da zəif və miqdarının isə xeyli azalmasına səbəb olmuşdur.

Aparılan tədqiqat işlərinin nəticələri 2016-cı ildə gəmiricilərin suvarılan taxıl, yonca əkinlərində və dəmyə taxıl və dağətəyi yonca sahələrində populyasiya sıxlığının zəif, miqdarının isə azsaylı olacağını proqnozlaşdırmağa əsas vermişdir.

Respublika şəraitində meşə zərərvericilərinin inkişafına biotik və abiotik amillərin təsirinin dəqiqləşdirilməsi əsasında proqnoz metodlarının təkmilləşdirilməsi F.Hüseynov tərəfindən aparılmışdır.

2015-ci ildə Şirvan və Gəncə-Qazax bölgələrində aparılan müşahidə və hesabat işlərində dəyişik ipəksarıyanın tırtıllarının palıd və cökə ağaclarının yarpaqlarının daha az zədələnməsi (1-4%) müəyyən edilmişdir. Zərərvericinin yumurta topalarının miqdarının az olması 2016-cı ildə dəyişik ipəksarıyanın sıxlığının zəif, miqdarının isə az saylı olmasına zəmin yaradır.

Azərbaycanda kənd təsərrüfatı bitkilərində zərərverici, xəstəlik və alaq otlarının yayılmasında Fitosanitar vəziyyətin dəqiqləşdirilməsi əsasında kompleks mübarizə tədbirlərinin tövsiyə edilməsi S.Məmmədova, S.Cabbarov, E.Xəlilov, C.Hüseynov, F.Ağayev, K.Hüseynov, C.Ağayev, H.Mahmudov, Q.Bayramov, S.Eyyubov tərəfindən aparılmışdır.

Azərbaycanda kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran zərərverici, xəstəlik və alaq otlarının yayılmasında fitosanitar vəziyyət dəqiqləşdirilmişdir. Bütün iqtisadi bölgələri əhatə etməklə taxıl, pambıq, pomidor, xiyar, kələm, kartof, soğan, şəkər çuğunduru, qarğıdalı, tumlu meyvə bitkiləri (armud, alma, heyva), çəyirdəkli meyvə bitkiləri (gilas, albalı, ərik, şaftalı, gavalı), üzüm, nar, xirnik və s. bitkilər üzərində tədqiqat işləri aparılmışdır.

Azərbaycanda bütün bölgələr üzrə kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran zərərverici, xəstəlik və alaq otlarının növ tərkibləri araşdırılmış və bu tədqiqat işləri davam etdirilir.


AQROMEXANİKA
2015-ci ildə institutun mövzu planı üzrə aqrar sektorda ən vacib məsələlərin həllinə yönəlmiş “Respublikanın aqrar-sənaye kompleksi üçün enerji və vəsaitqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi, tədqiqi və tətbiqi” istiqamətində qarşıya qoyulmuş həlli vacib olan 3 problemin həlli ilə əlaqədar 7 mövzu üzrə 12 elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin 12 mərhələsinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Taxılçılıq məhsullarının istehsalında mütərəqqi texnologiyaların və texniki vasitələrin istifadəsinin elmi cəhətdən əsaslandırılması E.Nağıyevin rəhbərliyi altında aparılmışdır.

Mövzu üzrə aparılan ədəbiyyat, patent və internet axtarışları nəticəsində dünyanın qabaqcıl ölkələrində torpağın səpinqabağı becərilməsində istifadə edilən texnologiyaların və texniki vasitələrin vəziyyəti geniş təhlil edilmişdir. Yerli şəraitə uyğun kombinə edilmiş aqreqatın texnoloji sxemi verilmiş və maket nümunəsi hazırlanmışdır.

Heyvandarlıq təsərrüfatları üçün enerji və vəsaitqoruyucu texnologiyanın işlənməsi və tədbiqi N.Nuriyevin rəhbərliyi altında aparılmışdır.

2015-ci ildə respublikada mövcud olan fərdi sahibkar və ailə-kəndli heyvandarlıq təsərrüfatlarında süd emalının mövcud vəziyyəti araşdırılmış və təhlil olunmuşdur. Müəyyən edilmişdir ki, süd məhsullarının emalının inkişafının əsas şərti ucuz, kiçik qabaritli və az enerji tutumu olan texnoloji qurğuların yaradılmasıdır. Bu məqsədlə südün pasterizasiyasının müasir vəziyyəti, texnika və texnologiyasının vəziyyəti təhlil olunmuş, süd emalının mövcud üsulları araşdırılmış, südün istilik (termik) emalı üçün yeni texnoloji sxem tövsiyə edilmişdir.

Bundan başqa heyvandarlığın əsas problemi olan – yemlə təmin olunması geniş araşdırılmış və bu sahədə geniş islahatların aparılmasına ehtiyac olduğu müəyyənləşdirilmişdir.

Respublikanın ASK (Aqrar Sənaye Kompleksində) texniki servis və təmir xidmət bazalarının təşkilinin elmi əsaslandırılması S.Sadıxovun rəhbərliyi altında aparılmışdır.

2015-ci il üçün tərtib olunmuş proqram metodikaya və təqvim planına uyğun olaraq aşağıdakı işlər görülmüşdür:

Respublika üzrə mövcud texnika və kənd təsərrüfat maşınlarının rayonlar üzrə miqdarı haqqında, respublika üzrə mövcud olan texniki servis və təmir müəssisələrinin miqdarı haqqında məlumatlar toplanılmışdır.

Toplanmış məlumatların monitorinqi aparılmış, təhlil olunmuş və illik hesabatın tərtib olunmuşdur.

Toplanan məlumatlar geniş təhlil edilərək təmir və servis bazalarının ilkin variantı tovsiyə ediləcəkdir.

Respublikanın bitkiçilik və heyvandarlıq fermer təsərrüfatlarının kiçik qabaritli enerji və vəsaitqoruyucu texnika ilə təchizatının araşdırılması və tələbatının müəyyənləşdirilməsi E.Paşayevin rəhbərliyi altında aparılmışdır.

Fərdi, ailə və kəndli-fermer təsərrüfatları üçün tələb olunan kiçik qabaritli maşın və qurğuların miqdarını müəyyənləşdirmək üçün xüsusi formada tərtib edilərək müvafiq rayonlara göndərilmişdir. Bunun əsasında Respublikanın “Aran” və “Yuxarı Şirvan” iqtisadi bölgələri üzrə məlumatlar toplanmış və prioritet sahələr üzrə kiçik qabaritli texniki vasitələrə tələbat öyrənilmişdir. Bu işlər başqa iqtisadi rayonlar üzrə də davam edir. Bunda başqa heyvandarlıq fermer təsərrüfatları üçün kiçik qabaritli, az enerji tutumu olan vəsaitqoruyucu qurğuların işlənməsi sahəsində “Quru ot doğrayan” qurğu Gəncə DMSS-da sınaqdan keçirilmiş və təsərrüfata tətbiqi tövsiyə edilmişdir.

“Qarğıdalı dənini qıçadan ayıran” qurğunun üzərində təkmilləşdirmə işləri sona çatmaq üzrədir. Yerinə yetirilən işlər üzrə 3 məqalə çap edilmiş, 3 qurğuya isə patent almaq üçün Rusiya Federasiyasından müsbət rəy verilmişdir.

Pambıq, üzüm və qərzəkli meyvə istehsalında mütərəqqi vəsait və enerjiqoruyucu texnologiyaların və texniki vasitələrin işlənməsi və tədbiqi Ş.Quliyev və H.Ələkbərovun rəhbərliyi altında aparılmışdır.

Hər 2 iş üzrə işlər təsdiq edilmiş təqvim planı üzrə yerinə yetirilir.

Kənd təsərrüfatında suvarma texnologiyaları müqayisəli şəkildə təhlil edilərək ən səmərəlisinin təyin edilməsi istiqamətində işlər tamamlanmaq üzrədir. Yeni tövsiyə ediləcək səmərəli və effektiv suvarma texnologiyasının elementlərinin dəqiqləşdirilməsi istiqamətində axtarışlar davam etdirilir. Üzüm bağlarında suvarma əməliyyatının layihələndirilməsi üçün texniki tapşırığın hazırlanmasının ilkin şərtləri işlənilir.

Kəndli fermer təsərrüfatlarında məhsulun ilkin emalında, saxlanılmasında və kənd təsərrüfatı istehsalının tullantılarının təkrar emalında vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin işlənilməsi İ.Hacıyev və İ.Əlyevin rəhbərliyi altında aparılmışdır.

Hesabat dövründə tutulmuş təqvim planı üzrə aşağıdakı işlər yerinə yetirilmişdir:


  • kəndli fermer təsərrüfatlarında biokütlənin, o cümlədən, saxlanması nəzərdə tutulan dənli bitkilərin və toxum materialının qurudulmasında istifadə olunan texnologiyaların və texniki vasitələrin, quruducu agentin hazırlanmasında alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsi məsələsində xarici və yerli təcrübə öyrənilmiş və təhlili aparılmışdır.

  • dənli bitkilər və toxum materialının kombinə üsulu ilə qurudulmasını təmin edən quruducu sistemin struktur sxemi işlənmişdir. Quruducu sistemə şnek tipli quruducu qurğu ilə yanaşı quruducu agentin hazırlanmasında istifadə olunan günəş kollektoru, istilik akkumlyatoru, sistemli blok elementləri daxil edilmişdir. Quruducu sistemin ətraf mühit şəraitindən asılı olaraq 4 əsas və 2 yardımçı iş rejimləri müəyyən edilmişdir. Taxıl və toxum materialının qurutma prosesini təmin edən blok elementlərinin əlaqələrinin funksional sxemi işlənmişdir.

  • məhsuldarliğı 500 kq/saat olan quruducu qurğunun layihələndirilməsi üçün quruducu qurğunun ilkin paramerlərinin hesabatı aparılmışdır. Hesabatda taxıl və toxum materialının ilkin nəmliyi 14-18%-dən 13,5% nəmliyə qədər qurudulmasına (iqlim şəraitini nəzərə almaqla) sərf olunan istilik enerjisinin miqdarı təyin olunmuşdur.

  • aparılmış araşdırılmanın nəticəsi kimi müəyyən edilmişdir ki, respublikamızda istehsal olunan dən üçün günəbaxan bitkisinin toxumunun miqdarı 20300 ton, dənlik qarğıdalının toxumunun miqdarı isə 200000 ton (2014-cü il üçün son məlumat) olmuşdur.

  • təyin edilmişdir ki, günəbaxan tumunun qabığını və qarğıdalı qıçasının xırdalanmasını “Фермер” tipli çəkicli xırdalayıcıda həyata keçirmək mümkündür.

Aparılan elmi işlər üzrə 3 məqalə çap edilmiş və 1 qurğuya Rusiya Federasiyasından patent alınmışdır.

Kəndli fermer təsərrüfatları üçün alternativ və bərpa olunan enerji mənbələri əsasında enerjiqoruyucu texnologiyaları və texniki vasitələrin işlənməsi və tətbiqi H.Abbasov tərəfindən yerinə yetirilmişdir.

Hesabat dövründə nəzərdə tutulmuş təqvim planına əsasən aşağıdakı işlər yerinə yetirilmişdir:


  • Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində məsələnin vəziyyəti araşdırılmışdır. Vəziyyətin araşdırılmasında internet resurslarından, ədəbiyyatlardan və laboratoriyanın keçmiş hesabatlarından istifadə edilmişdir;

  • günəş su qızdırıcısının kollektorunun yeni konstruksiyası işlənilmişdir;

  • kollektorun yeni konstruksiyasına uyğun olaraq su qızdırıcısının texnoloji sxemi tərtib edilmişdir.

Hesabat dövründə aşağıda göstərilən əsas nəticələr əldə edilibdir:

  1. İnstitutda patentləri alınmış bir sıra qurğuların (yem xırdalayan, ot doğrayan, qarğıdalı dənini qıçadan ayıran və mexaniki nehrə) nazirlikdə təqdimatı keçirilmiş və onlara kəndli-fermer təsərrüfatlarında olan təlabatı müəyyənləşdirmək məqsədilə Ərazi Kənd Təsərrüfatı İdarələrinə sorğu göndərilmişdir;

  2. Müxtəlif prioritet bitkilər (taxıl, pambıq, üzüm, tütün, yonca, kartof, tərəvəz, bostan, meyvə) üzrə hazırlanmış texnoloji xəritələr və “Respublikada 1000 ha əkin sahəsi üçün traktor və kənd təsərrüfatı maşınlarına olan təlabat normativləri” Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Rəyasət Heyətinin müzakirəsinə göndərilmişdir;

  3. İnstitutda layihələndirilərək təcrübi nümunəsi hazırlanmış 5 adda müxtəlif təyinatlı maşınlar Gəncə Dövlət Maşın Sınaq Stansiyasına sınağa təqdim edilmişdir;

  4. Aqrar Elm Mərkəzinə təqdim edilmək üçün 2 ədəd layihə-təklif hazırlanmışdır. Bunlar: 1. “Bioqaz istehsalında yaranan bioşlamdan damcı üsulu ilə suvarma texnologiyasının işlənməsi”. 2. “Qarğıdalı qıçasını örtükdən ayıran, qarğıdalı dənini qıçadan ayıran və qarğıdalı dənini xırdalayan texnoloji xəttin işlənməsi”.



KƏND TƏSƏRRÜFАTININ

İQTİSАDİYYАTI

Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda 1 elmi istiqamət və 1 problem, 4 mövzu üzrə tədqiqatlar davam etdirilmişdir.

2015-ci ilə dair mərhələlər üzrə yerinə yetirilən elmi-tədqiqat işləri ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış ” İnkişaf Konsepsiyasının, eləcə də aqrar sahənin inkişafı üzrə qəbul və təsdiq edilmiş müvafiq hüquqi-normativ sənədlərin əsas müddəalarını əhatə etməklə bərabər, aqrar sahədə idxalı əvəzləyən istehsal sahəsinin genişləndirilməsi və onun iqtisadi səmərəliliyinin yüksəldilməsi, bir sıra iqtisadi rayonlarda kənd təsərrüfatı kooperativlərinin formalaşdırılmasının iqtisadi mexanizminin hazırlanması, ölkədə ekoloji təmiz məhsul istehsalı potensialının müəyyən edilməsi, əkinə yararlı torpaqların istifadə vəziyyətinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuşdur.

Bunlarla yanaşı keçən dövr ərzində kəndin sosial-iqtisadi inkişafı və əhalinin yaşayış səviyyəsinin təhlili, aqrar sahənin inkişafına iqtisadi mexanizmin tətbiqinin qiymətləndirilməsi, Aran, Gəncə-Qazax və Dağlıq Şirvan iqtisadi rayonları üzrə toplanan məlumatların emalı və ərzaq təhlükəsizliyi ilə bağlı regional siyasi icmalların hazırlanması, təsərrüfatların tiplər üzrə seçimi, uçotun təşkil və monitorinq sisteminə cəlb edilməsi kimi vacib məsələlər də elmi-tədqiqat işinin əsas müddəalarını təşkil etmişdir.

Uzun və orta müddətli dövr üçün aqrar inkişaf strategiyaları” işi üzrə 2015-ci ildə yerinə yetirilən “Aqrar sahədə idxalı əvəzləyən istehsal sahəsinin genişləndirilməsi və onun iqtisadi səmərəliliyinin artırılması yolları” üzrə tədqiqat işi Q.Hacıyev, İ.Qarayev, R.İsgəndərov, R.Quliyev, M.Məmmədova, M.Kazımov, S.Paşayeva, S.Vəliyeva, F.Şamilov və G.Əhmədova tərəfindən aparılmışdır.

Tədqiqatın əsas məqsədi müasir iqtisadi şəraitdə milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini nəzərə alaraq aqrar sahədə idxalı əvəzləyən istehsal sahəsinin genişləndirilməsi və onun iqtisadi səmərəliliyinin artırılması yollarına dair təkliflər hazırlamaqdan ibarətdir.

Aqrar sahədə idxalı əvəzləyən istehsal sahəsinin genişlənməsi və onun iqtisadi səmərəliliyinin artırılması yollarını müəyyən etmək üçün bu sahədə idxalı əvəzləyən istehsalın inkişafına təsir edən təşkilati-iqtisadi amillər qiymətləndirilir. Bununla yanaşı ölkəmizin dünya birliyi ilə aqrar münasibətlərinin mövcud reallıqları və onun idxalı əvəzləyən istehsalın inkişafına təsiri yolları müəyyən edilmişdir.

Aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin uzun və orta müddətli dövr üçün inkişaf strategiyalarının hazırlanmasında biznes-planın tərtib olunması böyük əhəmiyyətə malikdir. Bununla yanaşı aqrar sahədə idxalı əvəzləyən istehsal sahəsinin genişlənməsi və onun iqtisadi səmərəliliyinin artırılması yollarını arayarkən elmi-texniki inkişafın prioritet istiqamətləri, eləcə də səmərəliliyi xarakterizə edən amillər və onun yüksəldilməsi yolları da müəyyən edilməlidir.

İqtisadi rayonlar üzrə kənd təsərrüfatı kooperativlərinin formalaşdırılmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətləri” adlı işin 2015-ci ilə dair “Abşeron, Dağlıq Şirvan və Gəncə-Qazax iqtisadi rayonlar üzrə kənd təsərrüfatı kooperativlərinin formalaşdırılmasının iqtisadi mexanizminin təkmilləşdirilməsi yolları” adlı mərhələsi Ə.Zeynallı, H.Xəlilov, V.Abbasov, F.İsgəndərov, T.Qorçiyeva, G.Həsənova, R.Qədirova, S.Məmmədova və S.Kərimli tərəfindən işlənmişdir.

Tədqiqat işinin məqsədi respublikada kənd təsərrüfatı istehsalı kooperativlərinin və ASK sahəsində istehlak kooperativlərinin iqtisadi müxanizminin nəzəri-metodoloji əsaslarını hazırlamaq və onun təkmilləşdirilməsi istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Hesabat ilinin doqquz ayı ərzində, ilk növbədə zəruri statistik məlumatlar toplanmış, sistemləşdirmə və ümumiləşdirmələr aparılmış, iqtisadi-statistik hesablamalar və təhlil işləri yerinə yetirilmişdir. Problemə dair iqtisadçı alimlərin yanaşmaları təhlil edilmiş və hər birinə münasibət bildirilmişdir. Təsərrüfat subyektlərinin tipoloji qruplaşdırılması aparılmış, kənd təsərrüfatının sahəvi iqtisadi mexanizminin tam təsvirini özündə əks etdirən sxem hazırlanmışdır.

ASK sahələrinin inteqrasiyasının əhəmiyyətinin elmi-nəzəri izahı verilmiş, inteqrasiyanın tipləri və növləri müəyyənləşdirilmiş, ona təsir edən amillərin əsasları şərh edilmişdir. Aqrar sahədə kooperasiya fəaliyyətinin iqtisadi mexanizminin növlər üzrə qiymətləndirmək üçün ən zəruri göstəricilər müəyyənləşdirilmiş, hesablamalar aparılmasının metodiki əsasları hazırlanmışdır. Kooperasiya sisteminin təsərrüfat mexanizminin səmərəli fəaliyyət göstərməsini təmin etmək məqsədilə: ticarətin təşkilinə diqqəti artırmaq, istehlak kooperativlərinin nəzdində tədarük və təchizat qurumlarını yaratmaq, istehsal kooperativlərini tam əmtəəlik təsərrüfat kateqoriyasına keçirmək siyasəti yürütmək, topdansatış ticarət şəbəkələri vasitəsilə dövlət dəstəyini təmin etmək, kooperativ subyektlərinin xammal və materiallarla təchizatının topdansatış qrumları vasitəsi ilə həyata keçirilməsi, kooperativ pərakəndə ticarətin yaradılması kimi məsələlər həll edilməlidir. Qiymət mexanizminin üç növündən: istehsalçı, istehlakçı və pərakəndə ticarət qiymətlərindən istifadə etmək, istehsal xərcləri, ümumtəsərrüfat xərcləri və tədavül xərclərinin təsnifatını hazırlamaq, onların hər birinin təyinatını, ödəniş formasını və mənbələrini dəqiqləşdirmək lazımdır.

Etibarlı ərzaq təminatı baxımından regionların istehsal potensialının optimallaşdırılması” işi üzrə “Ekoloji məhsul istehsalı potensialının optimallaşdırılması” adlı mərhələ S.Əliyev, B.Ataşov, F.Əhmədov, V.Əliyev, İ.Məmmədova, V.İsgəndərova və G.Sultanova tərəfindən tədqiq edilmişdir.

Tədqiqatın məqsədi aqrar sahədə ekoərzaq təminatının formalaşdırılması və ərzaq bazarının problemlərinin öyrənilməsi üçün respublikada ərzaq məhsulları istehsalının mövcud durumunu və perspektiv inkişaf istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Aparılan tədqiqat işi respublikamız üçün yeni bir sahədir. Müəyyən edilmişdir ki, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanununun 2008-ci ildən qəbul edilməsinə baxmayaraq ölkədə cəmi 5-6 ekoloji təmiz məhsul istehsal edən müəssisə mövcuddur ki, onların da əksəriyyəti beynəlxalq sertifikatlarla tam təmin edilməmişdir.

Ekoloji təmiz məhsul istehsalına nail olmaqdan ötrü əsas şərtlərdən biri ekoəkin üçün torpağın hazırlanmasıdır ki, bu da uzun müddət tələb edir. Ekosertifikatlar verən təşkilatların istehsal şərtləri ilə tanışlıq göstərir ki, bitkiçilik sahəsində ekoloji təmiz məhsul istehsalı qismən asan və tez başa gələn olsa da, heyvandarlıqda bu daha ağır və uzun vaxt tələb edən bir prosesdir. Burada heyvanların qidalandığı yemin nə dərəcədə ekoloji təmiz olması əsas şərtlərdəndir. Örüş və otlaqlarda otarılan heyvanlardan alınan məhsula ekosertifikat yalnız o halda verilə bilər ki, həmin örüş və otlaqlar ekoloji tələblərə cavab versin. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hazırda respublikamızda bu sahədə istehsal hələ qurulmamışdır. Buna görə də respublikamızda ekoistehsalın mövcud potensialı və perspektiv inkişaf imkanlarının tədqiqinə xüsusi diqqət yetirilir. Hazırda ekoloji məhsul istehsal edən cəmi bir neçə müəssisə mövcuddur ki, onların da istehsal göstəricilərini əldə etmək mümkün deyil. Bu istiqamətdə fəaliyyət göstərmək niyyətində olan fiziki və hüquqi şəxslər var, lakin onlar da tələb olunan sənədləşmənin mürəkkəb olması səbəbindən tərəddüd edirlər.

“Kənd təsərrüfatında istehsal potensialından istifadənin yaxşılaşdırılması istiqamətləri” adlı işin 2015-ci ilə dair “Əkinə yararlı torpaqlardan istifadə səviyyəsinin qiymətləndirilməsi” mərhələsi Ə.Rəhmani, V.Rzayev, S.Quliyev, K.İmkani, N.Vəlizadə və İ.Kazımzadə tərəfindən yerinə yetirilir.

Tədqiqatın məqsədi kənd təsərrüfatında istehsal potensialından istifadənin yaxşılaşdırılması istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.

Respublikanın inzibati rayonları üzrə əkinə yararlı əsas tip və yarımtip torpaqların istifadə səviyyəsi araşdırılıb, torpaqlar keyfiyyət göstəricilərinə görə qruplaşdırılıb, respublikanın ümumi torpaq fondunun mülkiyyət formaları və iqtisadi rayonlar üzrə tərkibi və strukturu müəyyənləşdirilibdir.

2015-ci ilin məlumatlarına əsasən ölkə üzrə 8641506 hektar ümumi torpaq fondunun 1724758 hektarı əkin, 167478 hektarı çoxillik əkmələr, 40877 hektarı dincə qoyulmuş sahələr, 108814 hektar biçənəklər, 2492649 hektar isə örüş-otlaqlar altında istifadə olunur. Bununla belə qeyd etmək lazımdır ki, kənd təsərrüfatına yararlı torpaq sahələrindən iqtisadi təyinatına görə düzgün istifadə edilmir və bir çox rayonlarda mövcud əkin torpaqları tam olaraq əkin dövriyyəsinə cəlb olunmur.

Planda nəzərdə tutulan məsələlər üzrə aparılan tədqiqatların nəticəsi əsasında müvafiq tövsiyə və təkliflər hazırlanmışdır.

“Aqrar sahəyə mütərəqqi iqtisadi mexanizmlərin tətbiqi istiqamətləri” adlı işin 2015-ci ilə aid “Aqrar sahənin inkişafına iqtisadi mexanizmlərin tətbiqinin mövcud vəziyyətinin qiymətləndirilməsi” mərhələsi E.Quliyev, İ.İbrahimov, İ.Xeyirxəbərov, T.Tağıyev, Q.İslamov, S.Ağayeva və C.Mustafayeva tərəfindən tədqiq edilmişdir.

Tədqiqatın əsas məqsədi kənd təsərrüfatında iqtisadi mexanizmin tətbiqinin təkmilləşdirilməsi əsasında məhsul istehsalını, xüsusilə ixrac yönümlü məhsul istehsalını artırmaqdan və bu sahədə çalışan işçilərin gəlirlərinin artırılması istiqamətlərinin elmi əsaslarla müəyyən etməkdən ibarətdir.

Problemə dair toplanmış məlumat və materiallar, statistik göstəricilər araşdırılıb sistemləşdirilmiş və təhlil edilmişdir. Aqrar sahənin inkişafına iqtisadi mexanizmin tətbiqinin mövcud vəziyyətini qiymətləndirmək üçün ilk növbədə məhsul istehsalçıları və xidmət sahələri arasında qarşılıqlı iqtisadi münasibətlər, daxili bazarın və yerli istehsalçıların mənafelərinin qorunması üçün idxal olunan kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarının tətbiqi, kənd təsərrüfatı məhsullarının satışı və s. məsələlər ətraflı öyrənilmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalı üzrə regional ixtisaslaşma səviyyəsi, torpaq-iqlim şəraiti, istehsal olunan məhsullar üzrə əmək tutumu baxımından əhalinin məşğulluq səviyyəsi, kənd təsərrüfatı məhsullarına bazarda satış qiymətlərinin müəyyən edilməsinin istehsalçıların marağına təsiri və s. məsələlərin geniş tədqiqi davam etdirilir. Araşdırmalar göstərir ki, aqrar islahatların həyata keçirildiyi dövrdən indiyə kimi kənd təsərrüfatında istehsal olunan məhsulların satış problemi hələ də qalmaqdadır.

Aqrar sahənin inkişafına iqtisadi mexanizmin tətbiqinin mövcud vəziyyətini qiymətləndirməsi problemlərinin araşdırılması istiqamətində aparılan işlər başa çatdıqdan sonra təklif və tövsiyələr hazırlanacaqdır.

Kənd yerlərində davamlı inkişaf və həyat səviyyəsinin yüksəldilməsi məsələləri işinin 2015-ci ilə dair “Kənd yerlərində sosial-iqtisadi inkişafın və əhalinin həyat səviyyəsinin mövcud vəziyyətinin təhlili” adlı mərhələsi Q.Allahverdiyev, E.Qasımova, Q.Ağamalıyeva, E.Quliyeva, Ş.Bayramova, S.Abbasova, G.Hüseynova, L.Qəribova, və G.Rzayeva tərəfindən yerinə yetirilmişdir.

Tədqiqatın məqsədi kənd yerlərində sosial-iqtisadi inkişafın və əhalinin həyat səviyyəsinin mövcud vəziyyətini araşdırmaqdan, onlara təsir edən amillərin inkişaf istiqamətlərini müəyyən etməkdən ibarətdir.

Hesabat ilində proqrama uyğun olaraq iqtisadi və inzibati rayonlar üzrə kənd yerlərində istehsal və sosial infrastrukturun mövcud vəziyyəti təhlil edilib qiymətləndirilmiş, kənd yerlərində istehsal və sosial infrastrukturun təkmilləşdirilməsi istiqamətləri araşdırılmış, kəndin sosial-iqtisadi problemlərinin həlli yolları müəyyən edilmişdir. Kənd yerlərində əhalinin həyat səviyyəsinin mövcud vəziyyəti təhlil edilərək onun dinamikası və sosial-iqtisadi amillərin təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, yerlərdə əhalinin hər nəfərinə ümumi məhsul istehsalı 1500-10000 manat, əhalinin hər nəfərinə düşən gəlirlər 266-6000 manat arasında dəyişir.

Əhalinin həyat səviyyəsinin yüksəldilməsi yollarının, ümumilikdə kənd yerlərində sosial-iqtisadi inkişafı təmin edən istiqamətlərin müəyyən edilməsi məsələləri üzrə müvafiq tövsiyə və təkliflər hazırlanır.

Kənd təsərrüfatında informasiya–monitorinq sisteminin formalaşdırılması mexanizminin təkmilləşdirilməsi yolları işi üzrə 2015-ci ilin “Aran və Gəncə-Qazax iqtisadi rayonlarında toplanan məlumatların emalı və ərzaq təhlükəsizliyi ilə bağlı qərar qəbul edənlər üçün regional siyasi icmalların hazırlanması” adlı mərhələsi R.Hüseyn, S.Salahov, V.Babayeva, S.Əliyeva, G.Mahmudova və A.Seyidova tərəfindən yerinə yetirilmişdir.

Tədqiqatın başlıca (uzunmüddətli) məqsədi kənd təsərrüfatı və ərzaq məhsulları sahəsində informasiya təminatı sisteminin təkmilləşdirilməsinə nail olmaq və bu əsasda “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan nəticələrin əldə edilməsinə köməklik etməkdən ibarətdir.

Hesabat dövründə Aran və Gəncə-Qazax iqtisadi rayonları üzrə ilk olaraq seçmə planın hazırlanması, uyğun təsərrüfatların tapılması və sistemə cəlb edilməsi, məlumatların toplanması və onların yoxlanması, sonra toplanmış məlumatların emalı, təhlil edilməsi işləri yerinə yetirilmişdir. İlk olaraq Azərbaycanda fermer təsərrüfatlarının tiplərə görə bölgüsü və Fermer Təsərrüfatlarının Məlumat və Monitorinq Sistemi (FTMMS) üzrə seçmə planın hazırlanması işləri aparılır. FTMMS-ə cəlb ediləcək təsərrüfatlar ailə kəndli və ev təsərrüfatları olacaq. Çünki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının əsas hissəsi bu təsərrüfatlarda istehsal edilir və Dövlət Statistika Komitəsi bu təsərrüfatlardan məlumat toplamır.

Seçmə planın hazırlanması zamanı məqsədlərin düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Bu məqsədləri iki əsas istiqamətdə qruplaşdırmaq olar:



  • Hazırda fermer təsərrüfatlarında mühasibat məlumatları mövcud deyil, bu da həmin təsərrüfatların istehsal fəaliyyəti haqqında tam təsəvvür əldə etməyə imkan vermir. Məqsəd isə təsərrüfat fəaliyyətinin səmərəliliyini qiymətləndirməkdən ibarətdir. Bu zaman fermerləırin gəlirləri, müxtəlif məhsullar üzrə istehsal məsrəfləri, kənd təsərrüfatı siyasəti ilə bağlı tədbirlərin nəticələri kimi iqtisadi göstəricilərin əldə edilməsi nəzərdə tutulur;

  • Məlumat toplanması prosesinin maksimum effektiv təşkili. Nə üçün bütün fermerlərdən məlumat toplanmır? DSK-nin 2005-ci il siyahıya alınmasına görə Azərbaycanda 1,2 milyon ailə-kəndli və ev təsərrüfatı mövcuddur və bütün təsərrüfatlardan məlumatların toplanması xeyli xərc tələb edir. Ona görə də, reprezentativ seçmə planının hazırlanması vacibdir. Yəni, bir neçə min təsərrüfat bütün kənd təsərrüfatı istehsalını təmsil edə bilər.

Qeyd edilənlərlə yanaşı müxtəlif amilləri nəzərə alaraq reprezentativ seçmə planı hazırlanmışdır ki, bu seçmə planına da ümumilikdə ölkə üzrə 2000 təsərrüfat daxil edilməlidir. Cari il üçün isə seçmə planına əsasən 8 iqtisadi rayon üzrə 1933 təsərrüfat daxil edilmişdir. Təsərrüfatlar iqtisadi rayonlar üzrə və təsərrüfat tiplərinə görə qruplaşdırılmışdır. Hazırda toplanmış məlumatların emalı, təhlil edilməsi və analitik hesabatların hazırlanması ilə bağlı işlər aparılır. Bu məqsədlə FTMMS məlumatlarından ibarət müvafiq cədvəllər hazırlanmışdır.

Respublikanın iqtisadi rayonlarında təsərrüfatların tiplər üzrə seçimi, uçot-hesabatın təşkili və monitorinq sisteminə cəlb edilməsi adlı işin 2015-ci il üzrə “Aran, Dağlıq Şirvan və Gəncə-Qazax iqtisadi rayonlarında təsərrüfat subyektlərinin tiplər üzrə seçimi, uçotun təşkili və monitorinq sisteminə cəlb edilməsi” mərhələsi M.Mehdiyev, A.Sadıqov, E.Zeynalov, H.Əhmədzadə, S.Bayramova və başqaları tərəfindən yerinə yetirilir.

Tədqiqatın başlıca məqsədi aqrar sahədə dolğun məlumatların əldə edilməsi, ailə-kəndli təsərrüfatlarında uçot-hesabat işlərinin təşkili və əldə edilmiş elmi nəticələr əsasında gəlirli təsərrüfat qurumlarının yaradılması istiqamətində maliyyə-təsərrüfat sisteminin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlamaqdan ibarətdir.

Şöbənin proqram-metodikasına uyğun olaraq Aran, Dağlıq Şirvan, Gəncə-Qazax iqtisadi rayonunda Təsərrüfat Məlumatları Monitorinq Sisteminin (TMMS) davam etdirilməsi üzrə nəzərdə tutulmuş işlər yerinə yetirilmişdir. Mövzunun mahiyyətindən asılı olaraq əvvəlki illərdə görülən işləri davam etdirməklə yanaşı hesabat ilində Gəncə-Qazax iqtisadi rayonu üzrə 300-dən artıq təsərrüfatda ilkin məlumat bazasının yaradılması istiqamətində işlər aparılmışdır. Aran, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonları üzrə toplanmış çoxsaylı məlumatlar təhlil etilmiş, təsərrüfatlarda uçot-hesabat işlərinin təşkilinin vəziyyəti araşdırılmış, gəlirli təsərrüfat qurumlarının formalaşdırılması istiqamətlərinə dair tövsiyə və təkliflər hazırlanmışdır. Eyni zamanda həmin təsərrüfatların mövcud vəziyyəti araşdırılmış, ailə tərkibi, əkin sahəsi, mal-qaranın və quşların baş sayı, tikililər və onların ölçüləri, malik olduqları avadanlıq və texniki təchizat və s. barədə məlumatlar əldə olunmuşdur. İlin sonuna kimi bu təsərrüfatların iqtisadi göstəricilərinin toplanması və təhlil edilməsi başa çatdırılacaqdır.

Hazırda təsərrüfatların tiplər üzrə seçimi və monitorinq sisteminə cəlb edilməsi işləri yerinə yetirilir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin