Ministry of agriculture of azerbaijan republic



Yüklə 1,31 Mb.
səhifə4/16
tarix07.01.2017
ölçüsü1,31 Mb.
#4943
1   2   3   4   5   6   7   8   9   ...   16

ÖRTÜLÜ SAHƏ. İsidilməyən yaz istixanası şəraitində pomidor, şirin bibər və xiyar bitkilərinin tezyetişən, məhsuldar (8,0- 9,0 və 7,0- 8,5 kq/m2), əsas xəstəlik və zərərvericilərə qarşı davamlı sortlarının, təmiz xətlərinin və hibridlərin yaradılması və tətbiqi işi Ə.Babayevin rəhbərliyi altında aparılmışdır.

Cari ildə örtülü sahə laboratoriyasında, pərdə örtüklü isidilməyən istixanalar şəraitində pomidor, xiyar və şirin bibər bitkilərinin seleksiya və ilkin toxumçuluğuna aid 3 elmi- tədqiqat işləri icra edilmişdir.

Pərdə örtüklü yaz istixanaları üçün pomidorun genofond materiallarının bitki tipləri üzrə tezyetişən, məhsuldar, əsas xəstəliklərə davamlı və müasir tələblərə uyğun yeni sort, izogen xətt, F1 hibridlərinin yaradılması, tətbiqi və ilkin toxumçuıuğunun təşkili Ə.Babayev və Z.Əliyeva tərəfindən aparılmışdır.

Cari ildə pərdə örtüklü isidilməyən yaz istixanası şəraitində pomidorun seleksiyası və ilkin toxumçuluğuna aid tədqiqat işlərində 17 sort nümunəsi qiymətləndirilmişdir. Bunların yeni alınmış 8 ədəd kolleksiya nümunələri başlanğıc material pitomnikində, 5 nümunə seleksiya pitomnikində, 2 nümunə nəzarət, 2 ədəd yeni yaradılmış sortlar isə müsabiqəli sort sınağı sahəsində qiymətləndirilmişlər.

Hibridlərin qiymətli təsərrüfat-bioloji əlamətləri kompleksinə görə sınağı zamanı nəzarət olaraq rayonlaşmış Bello və Ralli F1 hibridləri, indeterminant tipli sortlar üçün Şəlalə, determinat tipli sortlar üçün isə Şahin sortundan istifadə edilmişdir.

Başlanğıc material pitomnikində öyrənilmiş 8 nümunənin 4 ədədi kolleksiya sahəsində, digər 4 ədəd F2 hibridləri isə hıbrid sahəsində sınaqdan keçirilmişlər.

Kolleksiya sahəsində qiymətləndirilmiş 4 ədəd 363, 364, 365 və 366 nömrəli F1 hibridləri Çin və Tayvan mənşəli olub, Cerri tipli nümunələrdir.

Qiymətləndirmə zamanı bu nümunələr içərisində 365 və 366 nömrəli F1 hibridlərə üstünlük verilmişdir. Bu hibridlərin bitkiləri çox məhsuldar və sağlam olmaqla yanaşı, meyvələrinin iriliyi 20- 30q həddində, armudvari formalı, intensiv qırmızı rəngli və ləkəsiz olmuşlar.

Başlanğıc material pitomnikinin hibrid sahəsində Holland mənşəli 343, 344, 356, 357 nömrəli F2 populyasiyaları öyrənilmişdir.

Gələcək tədqiqatlarda bu populyasiyaların seçmələrindən istifadə ediləcəkdir.

Cari ilin tədqiqatlarında Seleksiya pitomnikində öyrənilmiş 5 nümunədən 4 ədədinə (357, 285, 322 və 339 nömrəli) üstünlük verilmişdir. Bu nümunələrin bitkiləri indeterminant və sağlam olmuşlar.

Bu nümunələr əsasında gələcəkdə seleksiya və ilkin toxumçuluq işləri davam etdiriləcəkdir.

Cari ildə nəzarət pitomnikində yeni yaradılmış və sabitləşdirilmiş 92-4-3 və 321-0 nömrəli nümunələrin qiymətləndirilməsi işi aparılmışdır. Məlum olmuşdur ki, 92-4-3 nömrəli nümunənin bitkiləri determinant tipli, sağlam və kompakt kolludur. Digər 321-0 nömrəli nümunənin bitkiləri isə indeterminant tipli olub, kollari sağlamdır. Hər iki nümunənin iri meyvələri iri (110-140q) , ləkəsiz, al qırmızı rəngdədir. Bu nümunələr perspektiv üçün əlverişlı hesab edilmişlər

Müsabiqəli sort sınağı sahəsində yeni, əlverişli 170 və 143 nömrəli sortların sınağı keçirilmişdir. Bunlardan 170 nömrəli yeni sort determinant tipli olub, kollarınn yığcamlığına, bitkilərin orta boyatma intensivliyinə, fuzarioz soluxması xəstəliyinə davamlılığına, eləcə də meyvələrin morfoloji əlamətləri kompleksinə görə, nəzarət Şahin sortundan üstün olmuşlar.

Cari ildə seçilmiş nümunələr orijinal və superelit bitkilərin meyvələrindən toxum tədarük edilmişdir.

Xiyar bitkisinin Dövlət Sınağında olan yeni “Bahar” sortunun ilkin toxumçuluğunun işlənməsi. İnsuxt əsaslı və ginoetsiy tipli mövcud genefond metariallarının əlverişli təsərrüfat əlamətləri kompleksinə görə qiymətləndirilməsi, seçilməsi və ilkin toxumçuluğunun təşkili Ə.Babayev və Z.Əliyeva tərəfindən aparılmışdır.

Cari ildə bir ədəd pərdə örtüklü isidilməyən istixana şəraitində, xiyarın hazırda Dövlət sınağında olan Bahar sortunun ilkin toxumçuluğna aid ilkin tədqiqatlar aparılmışdır.

Vegetasiya dövründə bitkilərdə iki dəfə sorttəmizləmə və bir dəfə aprobasiya işləri aparılmışdır. Nəticədə toxumluq bitkilər üç tipə ayrılmış, onların populyasiya tərkibi müəyyən edilmişdir. 2015-ci ilin may ayının 18-dən başlayaraq əmtəəlik və toxumluq xiyar meyvələrinin qeydiyyatı aparılmış, əmtəəlik meyvələr yığılaraq təhvil verilmişdir.

Məlum olmuşdur ki, çiçəklərin təbii tozlanması yolu ilə əmələ gəlmiş toxumluq meyvələrin kütləsi 740-820q həddində olmuşdur. Təcrübələr nəticəsində Bahar sortunun 310q elit toxumu tədarük edilmişdir

Hesabat ilində Bahar sortunun 322 kq əmtəəlik məhsulu yığılaraq təhvil verilmişdir.

Şirin bibərin bitki tiplərinə və meyvələrin formasına görə müxtəlif olan yeni sortlarının, hibridlərinin və sabitləşdirilmiş xətlərinin əlamətlər kompleksinə görə qiymətləndirilməsi və ən əlverişli nümunələrin ilkin toxumçuluğunun təşkili Ə.Babayev, Z.Əliyeva, R.Nəbiyev tərəfindən aparılmışdır.

Təcrübə ilində şirin bibərin istixanalar üçün yaradılmış və hazırda Dövlət Komissiyasında sınaqda olan yeni Töhfə sortunun ilkin toxumçuluğu işi yerinə yetirilmişdir.

Təcrübə ilində Töhfə sortunun 300q elit toxumu tədarük olunmuş, pomidorun açıq sahə üçün rayonlaşmış İlkin, Leyla və Zəfər sortlarının ilkin toxumçuluğu işi də icra edilmişdir.

Tədqiqatların aparılmasında məqsəd İlkin və Leyla sortlarının orijinal, Zəfər sortunun isə elit toxumlarının istehsalı olmuşdur.

İlkin və Leyla sortlarının hərəsinin 100-220q orijinal, Zəfər sortunun isə 410,0 qram elit toxumları istehsal edilmişdir.

Respublikanın torpaq-iqlim şəraiti üçün yararlı, yüksək məhsuldar, əsas xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı kartof sortlarının yaradılması, rayonlaşdırılmış və perspektiv sortların elit toxumlarının yetişdirilməsi və müasir becərmə texnologiyasının işlənməsi V.Abdullayevin rəhbərliyi altında A.Abbasov (Tovuz BTS), İ.Həsənov (Şəmkir DM), M.Nəsibova (Şəmkir DM), İ.Məmmədov (Tovuz BTS), İ.Ağayev (Tovuz BTS) tərəfindən aparılmışdır.

Təcrübələr iki yerdə: Şəmkir DM-də və Tovuz BTS-nin Sarıtala sahəsində qoyulmuşdur.

Şəmkir DM-də təcrübələr üç kolleksiya, müsabiqəli sınaq və artırma pitomniklərində qoyulmuşdur. Sort nümunələri kolleksiyasında 38 nümunə, o cümlədən 14 ədəd Tacikistandan gətirilmiş klonlar, müsabiqəli sinaq pitomnikində 7 nümunə və artırma pitomnikində 7 nümunə əkilmişdir.

Müsabiqəli sort sınağı üzrə hər nümunədən (sortdan) dörd cərgə olmaqla təcrübə dörd təkrarda qoyulmuşdur.

Mövzunun öyrənilməsində əsas məqsəd respublikanın torpaq-iqlim şəraiti üçün əlverişli, xəstəlik və zərərvericilərə qarşı nisbətən davamlı yeni kartof sortlarının yaradılmasıdır. Bu məqsədlə klon seleksiyası üsulundan istifadə edilir. Respublikamızda kartofun hibridləşməsi üçün lazımi şərait olmadığı üçün (istixanalar və s.) bu iş klon seleksiyası üsulu ilə yerinə yetirilir. Bu məqsədlə təcrübə qoymaq üçün 20 adda yerli və xarici mənşəli sortnümunələri toplanmış və kolleksiya pitomnikində əkilmişdir.

Rayonlaşdırılmış sortların elit toxumlarının yetişdirilməsi üsullarının işlənməsi və təkmilləşdirilməsi H.Həsənov, Ə.Abbasov, V.Əmiraslanov (Tovuz BTS) və İ.Həsənov (Şəmkir DM) tərəfindən aparılmışdır.

Tədqiqat işi Tovuz BTS-nin dağ-dəmyə şəraitinə malik olan Sarıtala sahəsində öyrənilir. Bu məqsədlə 2012-ci ildə rayonlaşmış “Əmiri-600”, “Sevinc” və “Telman” kartof sortlarının toxum materialından 40-80 qramlıq yumrular seçilib (kondision toxum yəni klonlar) 70 x 25 sm qida sahəsində əkilmişdir. 2014-cü ildə: 2013-cü ildə əkilmiş nisbətən sağlam yumrulardan alınmış tam sağlam yumrular klonların 2-ci il sınağı pitomnikində əkilmiş və superelit toxum materialı alınmışdır və 2015-ci ildə təcrübə sahəsində əkilmişdir.

Əkilmiş superelit toxum materialından alınmış elit toxum materialı aşağıdakılardır:

1. Əmiri-600 -5075 kq- 1,8 ha

2. Sevinc -2775 kq- 0,96 ha

Respublikanın qərb bölgəsində faraş kartofun əkin sxemlərindən asılı olaraq becərilmə texnologiyasının öyrənilməsi T.Məmmədov, F.Abbasov, Y.Mustafayev, N.Nağıyev tərəfindən aparılmışdır.

Təcrübə Tovuz BTS-nin aran suvarılan sahədə 2 sort üzrə 3 əkin sxemində qoyulmuşdur: 70x30sm, 70x25sm, 70x20sm

Təcrübə sahəsi hər bir sort üçün 3 əkin sxemindən 3 təkrarda olmaqla 9 ləkdən ibarət olmuşdur.

Alınmış nəticələrin 1- ci il üçün təhlili göstərir ki, respublikanın qərb bölgəsində faraş kartofun erkən əkin müddətində 70x20 sm sxemi aparılması zamanı məhsuldarlıq 70x30 sm və 70x25 sm sxemləri ilə müqayisədə daha yüksəkdir və faraş kartofu təsərrüfatlarda 70x20 sm sxemi ilə əkmək tövsiyə oluna bilər.

BECƏRİLMƏ TEXNOLOGİYASI. Respublikanın müxtəlif tərəvəzçilik bölgələrində tərəvəz, bostan və kartof bitkilərindən ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli əmtəəlik toxum məhsulunun alınması, torpaq münbitliyinin bərpasını təmin edən intensiv becərmə texnologiyasının və gübrələmə sisteminin elmi əsaslarla işlənməsi və tətbiqi M.Ferensin rəhbərliyi altında aparılmışdır.

Pomidor bitkisi üzrə texnologiyanın öyrənilməsi T.Rüstəmov (Abşeron), H.Hüseynov (Lənkəran BTS), N.Qurbanəliyev (Qusarçay BTS) tərəfindən aparılmışdır.

Tədqiqat ilində pomidorun əkin müddətlərinin öyrənilməsi məqsədi ilə 3 sort (Elim, 94 və 588) və 3 səpin müddətində təcrübə qoyulmuşdur. Nəticə olaraq müəyyənləşdirilmişdir ki, Abşeron şəraitində pomidorun becərilməsi üçün optimal müddət 1-5 maydır.

Superelit və elit toxumlarının alınması məqsədilə hesabat ilində tərəvəz lobyasının perspektiv və rayonlaşdırılmış sortlarının toxumçuluğu ilə məşğul olunmuşdur, Sevinc və Zülal sortlarının müvafiq olaraq 10-30 kq orijinal, 20-47 kq superelit və 200 kq-a yaxın elit toxumları istehsal olunmuşdur.

Fermer təsərrüfatlarını təmin etməkdən ötrü noğullaşdırılmış pomidor toxumlarının açıq sahə üçün şitil yetişdirilməsinin texnologiyasının işlənməsi M.Ferens tərəfindən aparılmışdır.

Təcrübə altı cərgəli lent üsulu ilə, lentdə cərgələrin arası 15 sm olmaqla cəm halda 75 sm olub, lentin kənar cərgələrində məsafə 65 sm təşkil etmişdir ki, bu da traktorun 140 sm təkərlər arası məsafəsinə uyğundur. Bu sxem toxumun mexanikləşdirilmiş və s. üsulla səpilməsinə imkan yaradır.

Bu səpin üsulu pomidorun əmtəəlik məqsədilə şitilsiz əkinində çox əhəmiyyətlidir.

Respublikanın müxtəlif bölgələrində gübrələrin (üzvi, mürəkkəb və mikro) tərəvəz bitkilərinin (pomidor, xiyar, baş kələm, baş soğan, sarımsaq, tərəvəz lobyası) və kartofun məhsuldarlığına, keyfiyyətinə və ekoloji mühitin çirklənməsinə təsirinin elmi əsaslarla işlənməsi və tətbiqi Ş.Quliyevin rəhbərliyi ilə aparılmışdır.

Hesabat dövründə laboratoriyada göstərilən iş üzrə qeyd edilən tərəvəz bitkiləri və kartofla Abşeron, Lənkəran-Astara və Tovuz bölgələrində tədqiqatlar aparılmışdır.

Bütün təcrübələrdə istifadə olunan peyin və mürəkkəb mineral gübrə olan NPK+ME (tərkibi 8% N, 24% P2O5 və 24% K2O+ME) ilə 6 variantlı sxemlə işlər aparılmışdır:



  1. Gübrəsiz (nəzarət)

  2. 30t peyin (fon)

  3. fon+(NPK+ME)200

  4. fon+(NPK+ME)220

  5. fon+(NPK+ME)240

  6. fon+(NPK+ME)250

Pomidor bitkisi üzrə tədqiqat işi Lənkəran BTS-da Ə.Ağayev tərəfindən aparılmışdır.

Pomidorun Leyla sortunun toxumu fevralın əvvəlində səpilib, şitilləri aprelin ortalarında daimi yerinə 70x30-35 sm sxemi ilə 4 təkrarda əkilməklə təcrübələr qoyulmuşdur.

Leyla sortundan ən yüksək əmtəəlik pomidor məhsulu 30 t peyin+(NPK+ME)240 və 30 t peyin+(NPK+ME)250 variantlarından əldə olunmuşdur (390,5 və 407,3 s/ha) ki, bu da nəzarət variantın göstəricisindən (300,9 s/ha) 20-25%, yaxud 90-100 sentner çoxdur.

Xiyar bitkisi üzrə iş Lənkəran BTS-da Ə.Ağayev tərəfindən aparılmışdır.

Xiyarın Azəri sortu ilə yuxarıda göstərilən sxem üzrə tədqiqatlar aparılmışdır. Toxumlar aprelin əvvəlində 140x35-45sm sxemi ilə səpilmişdir.

Müvafiq fenoloji müşahidələr, ölçmələr və çəkmələr aparılmışdır. Ən yüksək əmtəəlik xiyar məhsulu 30 t peyin+(NPK+ME)250 variantından əldə olunmuşdur (413,8 s/ha) ki, bu da gübrəsiz (nəzarət) variantdan 1,5 dəfə çoxdur (300,7 s/ha).

Ağbaş kələm bitkisi üzrə tədqiqat işi Abşeronda Ə.Əsədova tərəfindən aparılmışdır.

Ağbaş kələmin Apşeronskaya ozimaya sortunun toxumu 18 sentyabrda soyuq şitillikdə səpilmişdir. Şitillər noyabrın ortalarında daimi yerlərinə köçürüləcəkdir, 6 variantlı sxem üzrə metodikaya uyğun olaraq təcrübələr davam edəcəkdir.

Baş soğan bitkisi üzrə iş Abşeronda Ş.Quliyev tərəfindən aparılmışdır.

Soğanın Aytac sortunun toxumu fevralın 15-də 50+20sm sxemi ilə səpilmişdir.

Öyrənilən variantlar arasında 30 t peyin+(NPK+ME)240 və 30 t peyin+(NPK+ME)250 variantları məhsul çıxımına görə üstünlük təşkil etmişlər, onlardan müvafiq olaraq 540,0 və 563,3 s/ha məhsul alınmışdır. Bu göstəricilər gübrəsiz (nəzarət) variantın göstəricisindən 110-123,3 s/ha (430 s/ha) çoxdur.

Sarımsaq bitkisi üzrə tədqiqat işi Abşeronda T.Soluyanova tərəfindən aparılmışdır.

Cəlilabad sarımsaq sortunun dişləri (əkin materialı) 2014-cü ilin 17 oktyabrında 70x4-5 sm sxemində ilə 3 təkrarda əkilmişdir.

Alınan nəticələrin təhlili göstərmişdir ki, ən yüksək məhsuldarlıq 30 t peyin+(NPK+ME250) variantından alınmışdır. Belə ki, bu variantda məhsuldarlıq 158 s/ha təşkil etmiş və nəzarət variantından 69,3 sen və ya 78,1 % çox olmuşdur (Nəzarət variantında məhsuldarlıq 88,7 s/ha təşkil etmişdir).

Lobya bitkisi üzrə iş Abşeronda E.Məmmədova tərəfindən aparılmışdır.

Tərəvəz lobyasının Sevinc sortunun toxumu 6 apreldə səpilmişdir.

Aparılan işin nəticələri göstərir ki, lobya bitkisindən ən yüksək məhsul 30 t peyin+(NPK+ME)250 variantından alınmışdır. Belə ki, bu variantdan orta məhsuldarlıq 45,6 s/ha təşkil etmişdir ki, bu da nəzarət (gübrəsiz) variantına nisbətən 17,2 sen və ya 60,5 % artıqdır. Nəzarət variantının orta məhsuldarlığı 28,4 s/ha təşkil etmişdir.

Kartof bitkisi üzrə iş Tovuz BTS-da X.Tanrıverdiyev tərəfindən aparılmışdır.

Peyin və mineral+mikro gübrə olan NPK+ME-in kartofun Əmiri 600 sortunun məhsuldarlığına və keyfiyyətinə təsirini öyrənmək məqsədi ilə yuxarıda qeyd olunan 6 variantlı sxemlə təcrübələr qoyulmuşdur.

Yumrular martın birinci ongünlüyündə 70x25sm sxemi ilə əkilmişdir.

Ən yüksək məhsul 30 t peyin+(NPK+ME)240 (123,8 s/ha) və 30 t peyin+(NPK+ME)240 variantlarından alınmışdır. Bu nəzarət (gübrəsiz) variantına (68,9 s/ha) nisbətən 1,7-1,9 dəfə çoxdur.

Azərbaycanda becərilən tərəvəz,bostan bitkiləri toxumlarını immunitet istiqamətində öyrənməklə əsas xəstəlik və ziyanvericilərə qarşı mübarizə usullarının işlənib hazırlanması B.Eyyubovun rəhbərliyi altında aparılmışdır.

Abşeron bölgəsində tərəvəz və bostan bitkilərinin kolleksiya nümunələrinin təbii və süni infeksiya fonunda xəstəliklərə qarşı davamlılığının öyrənilməsi B.Eyyubov, X.Məmmədova, A.Mirzəyev və Z.Mehdiyev tərəfindən aparılmışdır.

2015-ci il mövsümündə yeni yemiş sortları almaq məqsədi ilə institutun təcrübə sahəsində 0,5ha-da 21 sort və sortnümunələri üzrə təcrübə qoyulmuşdur.

Kolleksiya pitomnikində 7 yerli sortlardan başlanğıc material kimi istifadə olunmuşdur. Nəzarət olaraq Kolxozçu 749/753 sortu götürülmüşdür.

Kolleksiya pitomnikində yerli sortlardan Abşeron 1 və Abşeron 2 nümunələri seçilmişdir. Bu nümunələrin orta məhsuldarlığı bir bitkidən 2,5-5,0 kq olmuşdur.

Hibrid pitomnikində 6 hibrid, 3-cü nəsil öyrənilmişdir.


  1. Kirim х Yokneam 56 F3 (4x36)

  2. Naxçıvan 3 х Yokneam 56 F3 ( 8 x 36)

  3. Abşeron 1 х PMR45 F3 (18x 38)

  4. Şahnisə х PMR45A F3(1x 41)

  5. Abşeron 4 х PMR45A F3 ( 21 x 41)

  6. Abşeron 3 х PMR45 F3 ( 20 x 38)

Bu hibridlərdən aşağıdakılar seçilmişdir:

Abşeron 1 х PMR45x F3 (18x 38)-bir bitkidən 4,0-6,0 kq,

Abşeron 3 х PMR45 xF3 ( 20 x 38)-bir bitkidən 4,5-7,0 kq məhsul alınmışdır.

Onların meyvəsində quru maddənin miqdarı 10,3-12,3% olmuşdur.

Xəstəlik və zərərvericiləri nəzərə alsaq görərik ki, bəzi sortlar Quba-Xaçmaz zonasında davamlı və məhsuldardır. Bunlardan 1, 62, 45, 38, 46, 5, 28 nömrəli sortnümunələrini göstərmək olar.

Perspektiv və rayonlaşdırılmış tərəvəz sortları məhsullarının əmtəəlik keyfiyyətinin mövcud standartlarla qiymətləndirilməsi, saxlanması və emalının tətbiqi üzrə tədqiqat işləri S.Həsənovun rəhbərliyi ilə həyata keçirilir.

Perspektiv və rayonlaşdırılmış tərəvəz sortları məhsullarının emala yararlılığının müxtəlif üsullarla öyrənilməsi P.Həsənov, A.Rəcəbli tərəfindən aparılmışdır.

Pomidor meyvələrindən sortlar üzrə nümunələr götürülmüş, onların tərkibində olan quru maddənin miqdarı müəyyən olunmuş, orqanoleptik göstəriciləri təyin olunmuş, meyvələrin qabığının qalınlığı mikrometrlə ölçülmüş, sonra həmin meyvələrdən hər birinin çəkisi 4 kq olmaqla politelin torbalarda 20C temperaturda soyuducu kameralara yığılmış və 10 gün müddətində saxlanılmışdır. Saxlama zamanı yaranan təbii itkilərin miqdarı müəyyən edilmiş, tullantının miqdarı və məhsulun yararlılığı qiymətləndirilmişdir.

Nəticədə konservləşdirilmiş, xiyar, pomidor, göy qabaq konservləri alınmışdır. Əlavə olaraq göy qabaq meyvələrindən mürəbbə hazırlanmış, onun xammal və şəkər sərfi normaları müəyyən olunmuşdur.

FAO-nun köməyi ilə İnstitutda təzə yaradılmış biotexnologiya laboratoriyasında kartofun 19 ədəd süfrə sortları Almaniya və Hollandiyadan gətirilərək Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilmiş və Gədəbəy, Şəmkir və Şəki rayonlarında əkilərək sınaqdan keçirilmişdir.

Biotexnologiya laboratoriyasında aparılacaq işlərin xırda partiyalarla öyrənilməsi davam edir. Lakin layihənin daha bir il uzadılaraq 2015-ci ildə davam etdirilməsi nəzərdə tutulmuşdur.

Virussuz kartof toxumunun alınması üçün elmi-tədqiqat işləri davam etdirilmişdir. 3 yerli (Telman, Əmiri, Sevinc) və 5 xaricdən gətirilmiş (Roza, Krudo, Pinasso, Fabula, Panamera) kartof sortlarının apikal meristem toxumlarından sınaq şüşələrində bitkilər alınmış, onlar bölünərək artırılmış və mikroyumrular istehsalı üçün hazırlanmışdır.

İstixanada təcrübələrini davam etdirmək üçün 3 növ torf substratı alınmış, mineral gübrələrlə qarşılışdırılmış və mikroyumrular əldə etməkdən ötrü təcrübələrdə istifadə olunacaqdır.

BAĞÇILIQ
Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunda elmi-tədqiqat işləri tumlu, çəyirdəkli, subtropik, qərzəkli, sitrus meyvə bitkiləri və çay bitkisinin genetik ehtiyatlarının toplanaraq qorunub saxlanması, öyrənilməsi, təsərrüfat-bioloji əlamətlərinə görə üstün olan sort və formalarının seçilib istifadəsi, yaxın və uzaq xarici olkələrdən respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn, məhsuldar və presrektivli yeni meyvə bitkiləri sortlarının introduksiyası, ənənəvi və müasir seleksiya üsullarından istifadə edilməklə yeni sortlarının yaradılması, müxtəlif cins və sortların bioloji xüsusiyyətlərinə və becərildiyi ərazilərin iqlim şəraitinə uyğun olan, elmi cəhətdən əsaslandırılmış beçərmə texnologiyalarının işlənib hazırlanması, meyvə bitkiləri aqrosenozlarının zərərli canlı orqanizmləri əleyhinə inteqrir mübarizə tədbirlərinin zərərvericilərin bioloji xüsusiyyətlərinə, habelə becərildiyi şəraitin bioekologiyasına uyğun olaraq işlənib hazırlanması, eləcə də istehsal olunmuş meyvə məhsullarının saxlanması problemlərinin və emalının mühüm əhəmiyyət kəsb edən məsələlərinin araşdırılması istiqamətində aparılmışdır.

Qeyd olunan istiqamətlərdə elmi-tədqiqat işləri üzrə 3 proqram – “Meyvəçilik”, “Subtropik bitkilər”, “Azərbaycan çayı”, 12 mövzu və 53 iş yerinə yetirilmişdir.


I. “MEYVƏÇİLİK”
Problemə 7 mövzu və 26 iş daxildir. Problem üzrə elmi-tədqiqat işləri institutun pomoloji kolleksiya bağlarında meyvə bitkilərinin sortlarının öyrənilməsi, alma, armud, gilas, heyva bitkilərinin yeni sortlarının yaradılması, meyvə bağlarının becərilmə texnologiyasının təkmilləşdirilməsi, meyvələrin biokimyəvi və emalı texnologiyasının öyrənilməsi üzrə yerinə yetirilmişdir.

SELEKSİYA. İntensiv bağçılığın və bazar münasibətlərinin tələblərinə cavab verən yüksək məhsuldar və əmtəə qabiliyyətli, yerli sortlardan bütün keyfiyyət göstəricilərinə görə üstün olan tumlu, çəyirdəkli və giləmeyvə meyvə bitkilərinin yeni sortlarını yaratmaq və mövcud sortları öyrənmək Ə.Sadıqovun rəhbərliyi ilə aparılmışdır.

Alma bitkisinin yerli və introduksiya edilmiş genefondunun öyrənilməsi, seleksiyada yeni, spur tipli, tez məhsula düşən, keyfiyyətli, davamlı sortlarının yaradılması və seçilməsi üzrə tədqiqat işləri institutun Quba YTT və Zərdabi adına ETB-nin kolleksiya, seleksiya və hibrid bağlarında aparılıbdır. 2015-ci ildə yeni alma sortları yaratmaq məqsədilə 3 kombinasiya üzrə 3681 ədəd çiçək təcrid edilmiş və onlardan 3293 ədədində tozlandırma aparılmışdır. Ata valideyn Cır Hacı və Sarı turş, ana valideyn kimi isə ikinci nəsil hibrid formalarından C3-A1, C4-A4 , C4-A12 istifadə edilmişdir. Vegetasiyanın sonunda 69 ədəd meyvə, 484 ədəd toxum alınmış, bir meyvəyə düşən toxumun miqdarı 7,2 ədəd olmuşdur.

2014-cü ildə əldə edilmiş 427 ədəd hibrid toxumları 2015-ci ilin aprel ayında açıq sahəyə səpilmiş, həmin toxumlardan birinci yoxlamadan sonra 358 ədəd, ikinci yoxlamadan sonra 346 ədəd cücərti, ilin sonuna isə 142 ədəd hibrid toxmacarı əldə edilmişdir.

Hesabat ilində seleksiya və hibrid bağlarında sort və formaların aktiv inkişaf fazaları məhsuldarlığı, ağacların biometrik ölçüləri və onların meyvələrinin keyfiyyət göstəriciləri, xəstəlik və zərərvericilərə davamlılığı öyrənilmişdir.

Öyrənilən hibrid formalarının məhsuldarlığı bir ağacdan 18,0-21,2 kq olmaqla hektardan 90,0-106,0 sen həddində olmuş, bir meyvənin orta kütləsi 120-127 q, maksimum kütləsi isə 135-140 q arasında dəyişmiş, adi otaq şəraitində meyvələrin qalma müddəti yaylıq sortlarda 25-58 gün, qışlıq sortlarda isə 70 gündən çox təşkil etmişdir. 8 alma sortu rayonlaşdırılmaq üçün SNS və MDK-na təqdim edilmişdir.

Armud bitkisinin genefondu əsasında yeni, alçaqboylu, tez məhsula düşən, məhsuldar, davamlı sortların yaradılması və seçilməsi V.Əliyev və A.İbahov Meyvəçilik və Çayçılıq ET İnstitutunun Quba YTT-da armudun kolleksiya bağında yerinə yetirilmişdir.

Hesabat ilində armudun seleksiyası üzrə tədqiqat işləri davam etdirilmiş, 3 kombinasiyada 3720 ədəd çiçək təcrid edilmiş, 3588 ədəd çiçək tozlandırılmışdır. Cəmi 123 ədəd meyvə, bunlardan isə 189 ədəd hibrid toxumu alınmışdır. Seleksiya işində ana valideyn kimi ikinci nəsil hibrid formalarından (C2-A1, C9-A30, C70-A19), ata valideyn kimi isə Vilyams sortlarından istifadə edilmişdir.

2014-cü ildə seleksiya işinin nəticəsi olaraq əldə edilmiş 331 ədəd hibrid toxumu stratifikasiya edildikdən sonra 2015-ci ilin aprel ayında açıq sahəyə səpilmiş, I yoxlamadan sonra 102 ədəd, II yoxlamadan sonra 86 ədəd və ilin sonuna isə 35 ədəd hibrid toxmacarı alınmışdır.

Yüksək təsərrüfat və digər göstəricilərinə görə əvvəlki illərdə olduğu kimi V-5-87, V-3-10, V-5-17, V-3-43, V-7-78 və V-3-55 saylı hibrid formaları fərqlənmiş və elitə seçilmək üçün müəyyənləşdirilmişdir.

Gilas bitkisinin mövcud genefondu üzərində məhsuldar, keyfiyyətli, davamlı, yeni sortların yaradılması və seçilməsi Q. Mərdanov tərəfindən Quba YTT-nın gilas bitkisinin hibrid bağlarında aparılımışdır.

Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün cari ildə 3 kombinasiyada 2615 ədəd çiçək təcrid edilmiş və 2550 ədəd çiçəkdə tozlandırma işi aparılmışdır. Tozlandırılmış çiçəklərdən 604 ədəd meyvə toplanmış və onlardan 592 ədəd sağlam toxum əldə edilmiş və onlar sentyabr ayının axırında stratifikasiyaya qoyulmuşdur.

2014-cü ildə əldə edilmiş 547 ədəd hibrid toxumları 2015-ci ilin mart ayında açıq sahəyə səpilmiş, I yoxlamadan sonra 66 ədəd, ikinci yoxlamadan sonra 65 ədəd, ilin sonuna isə 44 ədəd hibrid toxmacarı qalmışdır.

Tədqiqat işinin nəticəsi olaraq hesabat ilində yüksək təsərrüfat göstəricilərinə malik daha 3 hibrid forması (C8A10-92), (C3A4-92), (C5A6-92) elitə seçilmiş, sort Sınağına təqdim etmək üçün 1 gilas sortunun sənədləri tam hazırlanmış, 2 sortun isə sənədləri hazırlanır.

Şəki-Zaqatala bölgəsində alma, armud sort və formalarının genefondunun öyrənilməsi, kolleksiya bağına cəlb edilməsi, qiymətləndirilməsi və seçilməsi üzrə tədqiqat işi S.Hacıyev, N.Əhmədov tərəfindən Qəbələ Dayaq Məntəqəsində 2010-2012-ci illərdə əkilmiş 15 alma, 1964-cü ildə əkilmiş 16 armud sortları üzərində aparılmışdır. Almanın kolleksiya bağı cavan olduğuna görə həmin sahədə ağacların boy və inkişafı, eləcə də bioloji xüsusiyyətləri öyrənilmişdir.

Armudun kolleksiya bağında sortların təsərrüfat-bioloji xüsusiyyətləri, xəstəlik və zərərvericilərə davamlılığı və keyfiyyət göstəriciləri öyrənilmişdir.

Müşahidə altında olan sortların məhsuldarlığı orta hesabla bir ağacdan 10-30 kq, hektardan isə 20,8-62,4 sentner arasında dəyişmişdir. Yüksək məhsuldarlığına görə Əntiqə (62,4 s/ha), Meşə gözəli (60,3 s/ha), Məhsuldar (56,1 s/ha) sortları fərqlənmiş, ən az məhsul isə Narıncı (20,8 s/ha) sortunda qeydə alınmışdır.

Əmtəəlik sort çıxımına görə Lətənz (95,1 %), Gülşən (94,8 %), Lətifə (93,0 %), Böyrü qırmızı (92,6 %), Məhsuldar (91,7 %) fərqlənmiş, ən az isə Abasbəyi (77,1 %), Anjel gözəli (81,1 %) və Nar armudu (82,7 %) sortlarında qeydə alınmışdır.

Şirvan bölgəsində heyva bitkisnin genetik ehtiyatlarına daxil olan sort və formaların öyrənilməsi, mövcud kolleksiya bağının genefondunun zənginləşdirilməsi, qiymətləndirilməsi və seçilməsi üzrə tədqiqat işi E.İsmayılov, H.Əliyev tərəfindən Göyçay DM-də ümumi sahəsi 0,5 ha olan heyvanın kolleksiya bağında 12 sort və formalar üzərində aparılmışdır.

Təcrübə altında olan sortların məhsuldarlığı orta hesabla bir ağacdan 30-43 kq, bir hektardan isə 150-215 sentner olmuş, yüksək məhsuldarlığına görə, Xosrovheyva, Cək heyva və Bağça heyva sortları fərqlənmiş, onların məhsuldarlığı 210-215 s/ha təşkil etmişdir. Ən az məhsul Cardam (150 s/ha ) və Bardaq heyva (150 s/ha ) sortlarında qeydə alınmışdır.

Quba-Xaçmaz bölgəsində alça sort və formalarının genefondunun öyrənilməsi və seçilməsi M.Babayev tərəfindən aparılmışdır.

Bölgədə yayılmış alçanın sort və formalarının aşkarlanaraq toplanması məqsədilə Quba, Qusar və Siyəzən rayonlarının fərdi və ictimai təsərrüfatlarına ekspedisiyalar təşkil edilmiş, 2015-ci ildə daha 2 yeni forma müəyyən edilmişdir. Tədqiqat illərində bölgə üzrə cəmi 47 sort və forma aşkar edilmiş, onlardan 40 sort və formanın ünvanları bir daha dəqiqləşdirilmiş və 21 sort forma üzərində müşahidə və ölçü işləri aparılmışdır.

Hesabat ilində ünvanları dəqiqləşdirilmiş 7 formanı kolleksiya bağına cəlb etmək məqsədilə, onların hər birindən 8-10 ədəd olmaqla, cəmi 63 ədəd göz calağı vurulmuş, 2014-cü ildə calaq üsulu ilə artırılmış 12 sort və formanın birillik tingləri kolleksiya bağına əkilmişdir.

Quba-Xaçmaz bölgəsində yeni introduksiya olunmuş alma sortlarının təsərrüfat-bioloji xüsusiyyətlərinin öyrənilməsi İ.Bəyəhmədov tərəfindən Şabran rayonunun Daşlıyataq kəndində 2008-2009-cu illərdə 5x3 m və 4x3 m əkin sxemində əkilmiş 21,0 ha alma bağında aparılmışdır.

İntroduksiya olunmuş-Qrani Smit, Fuji, Conaqold, Conaqored, Reynedes renettes, Ağ renet, Qolden Delişes x 972, Qolden Delişes və Simirenko reneti sortları götürülmüşdür. Simirenko reneti və Qolden Delişes sortları nəzarət sortları kimi tədqiqata cəlb edilmişdir.

Sortlardan və əkin sxemindən asılı olaraq orta hesabla bir ağacdan məhsuldarlıq 15-25 kq, hektardan isə 10,0-20,8 ton arasında dəyişmişdir. Yüksək məhsuldarlığına görə Qrani Smit (20,8 ton), Qolden Delişes x 972 (18,4 ton) sortları fərqlənmiş, ən az məhsul Ağrenet (10,0 ton) və Conaqored (12,9 ton) sortlarında qeydə alınmışdır.

Yeni calaqaltı formalarını introduksiya etmək yolu ilə klon calaqaltılarının kolleksiyasını yaratmaq və intensiv tipli meyvə bağları salmaq üçün yararlığına görə qiymətli təsərrüfat əlamətləri üzrə onları qiymətləndirmək İ.Qurbanovun rəhbərliyi ilə aparılmışdır.

Tumlu və çəyirdəkli meyvə bitkilərinin (alma, armud, gavalı və gilas) alçaq boylu klon calaqaltılarını introduksiya etmək və üfiqi qələmlik (üfiqi çoxaltma) anaclığı kolleksiyasında öyrənilməsi A.Hacıyev tərəfindən aparılmışdır.

Tədqiqat işinə 2015-ci ildən başlanılmış, tədqiqat işinin məqsədi meyvə bitkilərinin introduksiya olunmuş klon calaqaltılarının morfoloji xüsusiyyətlərini öyrənmək və anaclıq kolleksiyasında qiymətləndirmək olmuşdur.

Cari hesabat ilində klon calaqaltı anaclığı kolleksiyasına ilk yazda Belarus Respublikasından introduksiya edilmiş almanın 5, heyvanın 1, gilas və gavalının hər birindən 1 ədəd olmaqla, noyabr ayında isə almanın daha 2 vegetativ üsulla artırılan calaqaltı formaları əkilmişdir. Metodika və təqvim planına uyğun olaraq calaqaltıların hündürlüyü, ştambının diametri və digər biomorfoloji xüsusiyyətləri öyrənilmişdir.

İntroduksiya olunmuş klon calaqaltıları hesabına alma calaqaltı anaclığını genişləndirmək və onları anaclıq kolleksiyasında qiymətləndirməsi T.Məmmədov tərəfindən aparılmışdır.

Tədqiqat işinə 2015-ci ildən başlanılmışdır. Tədqiqat işinin məqsədi almanın klon calaqaltılarının biomorfoloji xüsusiyyətlərini öyrənmək və qiymətli təsərrüfat əlamətlərinə malik formalarını seçməkdən ibarətdir.

Calaqaltı anaclığına introduksiya olunmuş MM 106, M 9, ПБ klon calaqaltı formalarının hər birindən 1000 ədədə yaxın köklü əkin materialı əkilmiş və onlar üfiqi istiqamətə əyilərək torpağa bərkidilmişdir. Tədqiqat işinin metodikası və təqvim planına uyğun olaraq calaqaltıların pöhrəvermə qabiliyyəti (pöhrələrin hündürlüyü, ştambın diametri, bir ana kolda pöhrələrin miqdarı) və onların biomorfoloji xüsusiyyətləri öyrənilmişdir.

Tumlu meyvə bitkilərinin yerli (aborigen) və introduksiya olunmuş sort və formalarının, onların yabanı nümunələrinin, həmçinin calaqaltı formalarının toplanması, tədqiqi və kolleksiyalarının yaradılması Ə.Babayevin rəhbərliyi altında aparılmışdır.

Alma bitkisinin yerli və introduksiya olunmuş sort və formalarının, həmçinin onların yabanı nümunələrinin toplanması, tədqiqi və kolleksiyalarının yaradılması R.Atakişiyev tərəfindən Quba YTT-da 0,02 ha sahədə aparılmışdır.

Ekspedisiya yolu ilə 4 yerli alma sortunun (Əyyubi, Qara turş, Nöyüt alması və Şirvan gözəli) yerləri müəyyənləşdirilmiş və avqust ayında həmin sortların eləcə də əvvəlki illərdə aşkar edilmiş sortların hər birindən 10-15 ədəd olmaqla göz calağı vurulmuşdur.

Onların genefond materialı kimi qorunub saxlanılması və seleksiya işində istifadə olunması məqsədəuyğun hesab edilmişdir.

Toplanılmış-Sarı turş, Qara turş, Cır Hacı, Şıxıcanı, Şirvan gözəli, Qızıl Əhmədi, Cibir, Nöyüt alması, Ağ turş, Əyyubi, Qolden Delişes, Vaqner Prizovoy, Starkrimson, Əlvan Sinab, Simirenko reneti, Kol alması, Qafqaz alması, Qara alma, Şahkoma alması, Şafran, Qənd alması və London pepeni alma sortlarının hər birində 5-8 ədəd standart tingi yetişdirilmiş və aqrobotanika bağına əkilməsi nəzərdə tutulmuşdur.

Tumlu meyvə bitkilərinin yerli, yabanı və introduksiya olunmuş calaqaltı formalarından ibarət genefondunun toplanması, tədqiqi və kolleksiyalarının yaradılması Ə.Babayev tərəfindən aparılmışdır.

Tədqiqatın məqsədi tumlu və çəyirdəkli meyvə bitkilərinin calaqaltı formalarını toplamaqda kolleksiya sahəsinin salınmasıdır.

Hesabat dövründə daha 1 heyva və 2 alma calaqaltı forması aşkar edilmişdir. Bu calaqaltıların hər birindən 5-8 ədəd köklü pöhrə təcrübə sahəsinə əkilmiş, onlara müvafiq qulluq edilmişdir.



BECƏRMƏ TEXNOLOGİYASI. Kooperativ və digər özəl təsərrüfatlarda meyvə bağlarının hər hektarından yüksək keyfiyyətli meyvə məhsulu əldə edilməsinə cavab verən intensiv becərmə texnologiyasını işləyib hazırlamaq və mövcud texnologiyanı təkmilləşdirmək B.Quliyevin rəhbərliyi altında aparılmışdır.

Çəmənbağının tələblərinə cavab verən yeni seleksiya və introduksiya olunmuş alma sortlarını seçməklə, becərmə texnologiyasını təkmilləşdirmək B.Quliyev və S.Süleymanova tərəfindən aparılmışdır.

Tədqiqat işi Zərdabi adına ETB-da 2014-cü ilin mart ayında 90x30 sm əkin sxemində əkilmiş, 0,02 ha çəmən bağı sahəsində aparılmışdır. Təcrübə sahəsinə MM 106, M 9 calaqaltıları üzərində introduksiya edilmiş alma sortlarının (Qolden Delişes, Redvinter, Qala, Simirenko reneti) 132 ədəd, institutun seleksiya alma sortlarının 50 ədəd tingləri və MM 106 klon calaqaltısının 67 ədəd köklü əkin materialı əkilmişdir. Əkilmiş calaqaltılara cari ilin avqust ayında institutun seleksiya alma sortları (Ülvi, Çıraqqala, Vətən, Elvin və Nigar) calaq edilmişdir.

Aparılmış biometrik ölçülər nəticəsində müəyyən edilmişdir ki, ağacların hündürlüyü 93-70 sm, ştambın diametri 9-18 mm, bir yarpağın səthi 15,0-29,0 sm2 arasında dəyişmiş, ən hündür ağac bütün sortlarda MM 106 calaqaltısında, ən yoğun ştamb Qolden Delişes sortunun MM 106 calaqaltısında, ən iri yarpaq Starkrimson sortunun M 9 calaqaltısında qeydə alınmışdır. Starkrimson və Qolden Delişes sortlarının bir ağacından orta hesabla 2,8 kq məhsul qeydə alınmış, hektardan məhsuldarlıq 103,6 ton təşkil etmişdir.

Müxtəlif əkin sxemli intensiv tipli alma bağlarında cərgəarası torpağın saxlanılması sistemini təkmilləşdirmək T.Kərimov və X.Balakişiyev tərəfindən aparılmışdır.

Cari ildə təcrübə sahəsi seçilərək, müxtəlif əkin sxemləri (4 x 2,5 m, 4 x 2,0 m və 4 x 3,0 m) üzrə təcrübələr qoyulmuşdur.

Tədqiqat obyekti kimi MM 106 calaqaltısı üzərində olan Qrani Smit və Simirenko reneti sortları ağacları götürülmüşdür.

Meyvə bağlarından və tinglik sahələrindən yüksək meyvə məhsulu və ting istehsalına təminat verən gübrələmə sistemini işləyib hazırlamaq və təkmilləşdirmək üzrə tədqiqat işi X.Muradovun rəhbərliyi ilə aparılmışdır.

İntensiv tipli alma bağlarında makro və mikro gübrələrin optimal, artırılmış və izafi dozalarının tətbiqinin ağacların boy, inkişaf və məhsuldarlığına təsirini öyrənmək F.Əliyev tərəfindən aparılmışdır.

Tədqiqat işinə 2015-ci ilin yazında 4 x 1,5 m əkin sxemində əkilmiş, 3,0 ha superintensiv tipli alma bağında 6 variant və 3 təkrarda təcrübələr qoyulmuşdur. Müşahidə altında almanın Simirenko reneti, Qrani Smit, Fuji, Qala və Qolden Delişes sortları olmuşdur.

Hesabat ilində təcrübə sahəsi torpağının aqrokimyəvi, aqrofiziki xassələri öyrənilmiş, bitkilər üzərində fenoloji müşahidələr və biometrik ölçü işləri aparılmışdır.

2015-ci ildə tədqiqatın metodikasına uyğun olaraq makro və mikro gübrələrin müxtəlif dozaları ilə ayrı-ayrı variantlar üzrə təcrübə sahəsinə gübrələr verilmiş və ağacların boy və inkişafı öyrənilmişdir.

Üzvi və mineral gübrələr fonunda (maye, yarpaq gübrələri) tumlu meyvə bitkilərinin (alma) boy, inkişaf və məhsuldarlığına təsirini öyrənilməsi Q.Şirinova tərəfindən aparılmışdır.

Zərdabi adına ETB-da təcrübə sahəsi seçilərək, metodikaya uyğun 7 variant və 3 təkrarda təcrübələr qoyulmuşdur. Müşahidə altında almanın Qrani Smit, Qala, Fuji və Qolden Delişes sortları olmuşdur.

Hesabat dövründə mineral gübrələr fonunda maye yarpaq gübrələrinin alma sortlarının fenoloji fazalarının dəyişməsinə, ağacların boy və inkişafına təsiri öyrənilmişdir. Təcrübənin birillik nəticələrinə görə hər 3 göstərici üzrə ən yüksək nəticələr fon + Bolver 3 litr/1 ton su variantında qeydə alınmış, nəzarət variantına nisbətən artım ağacların hündürlüyündə 16,4 sm, zoğun uzunluğunda 4,0 sm, ştambın diametrində 6,5 mm təşkil etmişdir.

Ekoloji amilləri nəzərə almaqla pestisidlərdən minimum (zəruri hallarda) istifadə etməklə meyvə bitkilərinin zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizə sisteminin təkmilləşdirilməsi M.Qurbanovun rəhbərliyi altında həyata keçirilmişdir.

Alma ballıcasının bioekoloji xüsusiyyətlərinin tədqiqi əsasında ona qarşı səmərəli mübarizə tədbirləri sisteminin işlənib hazırlanması N.Sadıqova tərəfindən aparılmışdır.

Tədqiqat işinə 2015-ci ildən başlanılmışdır. Iş üzrə təcrübə sahəsi institutun Zərdabi adına ETB-da seçilmiş, ümumi sahəsi 0,25 hektardır. Metodikaya uyğun olaraq müxtəlif dərman preparatları (imidachlorid 0,04-0,06 %, asetamphrid 0,06-0,1 %, thiachloprid 0,02-0,05 %) ilə 4 variant və 3 təkrarda təcrübələr qoyulmuşdur.

Alma ballıcasının yayılma ocaqlarını və inkişafını müəyyən etmək məqsədilə 2015-ci ildə bölgənin müxtəlif təsərrüfatlarında ayda bir dəfə olmaqla, o cümlədən təcrübə sahəsində 6 dəfə marşrut tədqiqatları aparılmış, zərərvericinin yumurtadan kütləvi çıxışı aprel ayının I və II ongünlüyündə qeydə alınmış, orta hesabla təcrübə sahəsində aylardan və alma sortlarından asılı olaraq zərərvurma həddi 2,3-2,5 balla, özəl təsərrüfatlarda isə 2,4-4,1 balla qiymətləndirilmişdir.

Əldə edilmiş birillik nəticəyə əsasən il ərzində zərərverici əleyhinə 1 dəfə qış (tumurcuqlar oyanmadan öncə) və 3 dəfə vegetasiya çiləməsi aparılması məqsədəuyğundur.

Yeni introduksiya olunmuş gilas bitkisi sortlarının xəstəliklərinin öyrənilməsi və onlara qarşı mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi M.Qurbanov tərəfindən aparılmışdır.

Hesabat müddəti ərzində bölgənin müxtəlif rayon və kəndlərində yerləşən 45 ha yeni salınmış intensiv tipli gilas bağlarında 14 dəfə marşrut tədqiqatları aparılmış, əsasən mikoz quruma, qismən isə monilioz, klasterosporioz, kitrəaxma və bakterial xərçəng xəstəliklərinin yayıldığı aşkar edilmişdir.

Xəstəliyə qarşı 0,025 % Skor, 0,1 % Delan, 0,4 % Abiqa-pik və 0,3 % Funquran funqisidləri tətbiq edilmiş, onların bioloji səmərəsi 84,7-94,1 % arasında dəyişmiş, ən yüksək səmərə Funquran preparatında qeydə alınmışdır. Ən aşağı bioloji səmərə (84,7 %) Skor preparatında olmuşdur.

Alma bitkisi tingliyində mövcud olan xəstəliklərinin araşdırılması və onlara qarşı inteqrir mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi R.Həkimov tərəfindən aparılmışdır.

Tədqiat işlərinə 2015-ci ildən başlanılmış və iş üzrə tədqiqatlar institutun Zərdabi adına ETB-da yerləşən 1,0 ha tinglik sahəsində aparılmışdır. Aparılmış müşahidələr nəticəsində tinglik sahəsində dəmgil və unlu şeh xəstəlikləri müşahidə edilmiş, alma tinglərinin unlu şehə 0,5-3,0 balla, dəmgillə isə 1,0-3,2 balla yoluxduğu aşkar edilmişdir. Xəstəliklərə qarşı metodikada nəzərdə tutulmuş fungisidlərlə (Best Bakir, Effekt, Skor və Valsazeb) mübarizə tədbirləri yerinə yetirilmişdir.

Tətbiq olunan preparatların bioloji səmərəsi 68,2-71,1% arasında dəyişmişdir.

Alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin skrininqi və seleksiyada tətbiqi H.Şıxlinski və E.Xankişiyeva tərəfindən aparılmışdır.

Tədqiqat işi İnstitutun Zərdabi ETB və Quba Yardımçı Təcrübə Təsərrüfatının meyvə bağlarında yerinə yetirilir.

Hesabat ilində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi Elmi Təcrübə Bazasının meyvə bağlarından yığılmış 40 ədəd müxtəlif alma sortlarının təbii inokulyasiya şəraitində dəmgil xəstəliyinə qarşı davamlılığı müəyyən edilmişdir. Aydın olmuşdur ki, 2015-ci ildə sortların meyvə və yarpaqlarının xəstəliyə yoluxma dərəcəsi ən çox Red Delişes (49,3 %), Qolden Delişes (41,1 %), Mehdi cırı (30,9 %) sortlarında qeydə alınmışdır.

Bizim tədqiqatlarda Vf davamlılıq geninə sahib olduğunu ehtimal etdiyimiz Qızıl Əhmədi, Şıxıcanı, Əyyubi yerli alma sortlarında xəstəliyə yoluxma halları təsbit edilməmiş, bu səbəbdən 6 və 7 saylı irqlərin bu əraziyə yayılmadığı qənaətinə gəlmək olar.

Beləliklə, 40 ədəd müxtəlif alma sortlarının xəstəliyə davamlılıq dərəcəsi müəyyən olunmuş və böyük variasiyalar aşkar edilmişdir.

EMAL. Müxtəlif meyvə bitkiləri meyvələrinin emalı və saxlanması texnologiyasını işləyib hazırlamaq Q.Hafizovun rəhbərliyi altında aparılmışdır.

Nar, xurma və digər subtropik meyvələrindən dietik-müalicəvi təsirə malik məmulatların istehsalı texnologiyasını işləyib hazırlamaq Q.Hafizov tərəfindən aparılmışdır.

Tədqiqatın obyekti nar, şərq xurması və digər subtropik meyvələr və onlardan alınmış məhsullardır.

Bu məqsədlə 11 nar sortu seçilərək, onların mexaniki və kimyəvi analizləri aparılmışdır. Kimyəvi analizlər nəticəsində aşkar olunmuşdur ki, meyvələrdə həll olan quru maddənin miqdarı 16,0-20,5 %, P-fəal polifenollar 0,21-0,42 %, monosaxaridlər 14,39-16,8 %, saxaroza 0,09-1,48 %, üzvi turşular 0,58-2,10 %, “C” vitamini isə 2,46-7,57 % təşkil etmişdir.

İnstitutda yaradılmış və yeni introduksiya olunmuş alma sortları meyvələrinin müxtəlif üsullarla saxlanılması rejimlərinin öyrənilməsi H.Abubəkirov və M.Piriyeva tərəfindən aparılmışdır.

Hesabat ilində tədqiqat obyekti kimi institutun yeni seleksiya alma sortları (Sevinc, Vətən, Nəsimi, Şabran, Babək, Azərbaycan və Neftçilərə hədiyyə, Qolden Delişes x 972, Breburn, Qolden Delişes, Qrani Smit və Fuji) götürülmüşdür. Sortların hər birindən 25 kq olmaqla, Timiryazev qəsəbəsində olan soyuducu anbarın saxlama kamerasına qoyulmuşdur.

Müəyyən edilmişdir ki, sortlardan asılı olaraq bir meyvənin orta kütləsi 120-186 q, meyvə lətinin bərkliyi 5,6-11,4 kq/ sm3 arasında dəyişmişdir.

Saxlanmaya qoyulmuş meyvələrdə ayda bir dəfə olaraq təbii itkinin miqdarı, kimyəvi tərkibində gedən dəyişikliklər, eləcə də meyvələrdə baş verən fizioloji və mikrobioloji xəstəliklər öyrənilir və onların nəticələri növbəti ilin hesabatında veriləcəkdir.



Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin