"Mənə nə olub görəsən?" o düşündü



Yüklə 215,32 Kb.
səhifə2/4
tarix25.04.2017
ölçüsü215,32 Kb.
#15727
1   2   3   4

II

Qreqor ancaq toran qovuşanda ağır, bayğınlığa bənzəyən yuxudan ayıldı. Əgər onu narahat etməsəydilər, onsuz da bir az sonra oyanacaqdı. Çünki dincini kifayət qədər almışdı və özünü yuxudan doymuş kimi hiss edirdi. Amma ona elə gəldi ki, yuxudan onu kiminsə yüngül addımları və yaxud dəhlizə açılan qapının səsi oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana və mebelin yuxarı hissəsinə düşmüşdü. Aşağı, Qreqorun sərildiyi yer isə qaranlıq idi, Qreqor baş vermiş hadisəyə baxmaq üçün qədrini hələ indi bilməyə başladığı qarmaqlarının köməkliyi ilə qapıya doğru süründü. Onun çapıq sol böyrü göynəyirdi, bədəninin hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər onun qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – ağır yaralanmışdı və taqətsiz çolaq qıçı Qreqor öz arxasınca sürüyürdü.

O, yalnız qapının yanına çatanda bura niyə gəldiyini başa düşdü: nəsə dadlı bir qoxu gəlirdi. Onun üçün şirin südlə dolu bir kasa qoyulmuşdu içinə ağ çörək də doğranmışdı. O, sevincdən az qala güləcəkdi, çünki səhərkinə nisbətən daha şiddətlə yemək istəyirdi. Başını az qala gözləri qarışıq kasaya soxdu, lakin tezliklə dilxor olub başını çıxartdı, sol böyrü yaralı olduğuna görə yemək arxasında oturmaq ona çətin gəldi, - o, ağzını geniş açıb, bütün gövdəsini işə salsaydı, rahat yeyə bilərdi, - lakin onun çox xoşladığı və bacısının da bu səbəbdən gətirdiyi süd, birdən-birə ona tamamilə dadsız göründü; o, ikrahla kasadan üz döndərdi, geriyə - otağın ortasına tərəf süründü.

Qreqor qonaq otağında işıq yandırıldığını qapının çatından gördü; ata adətən həmişə bu vaxtlar anaya, bəzən də bacıya axşam qəzetlərini ucadan oxuyurdu, ancaq indi içəridən heç bir səs-səmir gəlmirdi. Həmişə bacının nəql etdiyi və ya məktublarında yazdığı bu qiraət ola bilsin son zamanlar, ümumiyyətlə, məişətdən çıxmışdı. Evdə adam olduğuna baxmayaraq, içəridə sakitlik idi. Qreqor öz-özünə pıçıldadı: “Ailəm nə qədər sakit həyat keçiri”. Gözələrini qaranlığa zilləyib, ata-anasına, bacısına belə gözəl mənzil və yaxşı həyat bəxş etdityinə görə sevinib qürrələndi. Əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa? Belə fikirlərə qapılmamaq üçün Qreqor əzələlərini tərpətməyi, yumşaltmağı və otaqda sürünməyi qərara aldı.

Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal örtüldü. Sonra başqa bir qapı cırıldadı: görünür, kim isə içəri girmək istəyir, amma ehtiyat edirdi. Qreqor tərəddüd keçirən bu adamı bir təhər saxlamaq, heç olmazsa onun kim olduğunu müəyyənləşdirmək üçün düz qonaq otağının qapısının yanında dayandı, lakin qapı açılmadı, Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Qapı səhər bağlı olan zaman hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində yəqin açılmışdı, ancaq heç kəs onun yanına gəlmirdi; elə açarlar da bayır tərəfdən qapının üstündə sallanıb qalmışdı.

Qonaq otağının işığı gecədən xeyli keçmiş söndürüldü, bu zaman məlum oldu ki, onun ata-anası və bacısı hələ bu vaxta qədər oyaq imişlər, çünki indi aydın eşidildiyi kimi , onlar pəncələri üstündə yataqlarına doğru hərəkət edirdilər. İndi əlbəttə, səhərə qədər Qreqorun yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq məsələsi haqqında onun maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxt vardı. Amma üzüqoylu sərələndiyi bu boş və həddən artıq hündür otaq onun canına qorxu salırdı. O, bu qorxunun səbəbini başa düşmürdü, axı bu otaqda düz 5 il yaşamışdı. Qeyri-iradi dönərək divanın altına sürünməyə başladı, kürəyi incitsə də, başını qaldırmaq mümkün olmasa da, özünü çox narahat hiss etdi, bircə ona heyifsləndi ki, bədəni çox enli olduğuna görə divanın altına yerləşmir.



Bütün gecəni orada keçirdi: bunun bir qismini aclığın tez-tez hürkütdüyü mürgüləmədə, bir qismini isə qayğılar və tutqun ümidlər içərisində; belə nəticəyə gəldi ki, özünü mütləq dinc aparmalı və indiki vəziyyəti ilə ailənin başına gətirdiyi müsibəti öz səbri və qanacağıyla yüngülləşdirməlidir.

Obaşdan – demək olar, hələ gecə idi – bacının tamam geyinmiş halda dəhliz qapısını açdığı, ehtiyatla onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın möhkəmliyini sınaqdan çıxarmaq üçün Qreqorun əlinə fürsət düşdü. O, Qreqoru dərhal görmədi, lakin sonradan onu divarın altında görəndə - ilahi axı o, bir yerdə olmalı idi, uçub gedə bilməzdi ki, - elə qorxdu ki, hətta özünü ələ ala bilməyib tələsik qapını çırpdı. Sonra tutduğu işdən peşman olubmuş kimi, yenə qapını açdı, ağır xəstənin, yaxud kənar adamın yanına gedirmiş kimi pəncələri üstə otağa daxil oldu. Qreqor başını yavaş-yavaş divanın kənarından çıxarıb bacısının hərəkətlərinə göz qoymağa başladı. Görəsən, ac ola-ola onun südə toxunmadığını bacısı duyacaqdımı, ona daha münasib olan başqa bir yemək gətirəcəkmi? Əgər bacı duymasaydı, Qreqor acından ölsə də, bacısının nəzərini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşsün, ondan yaxşı bir yemək istəsin. Bacı içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa az-maz süd çiləndiyini görüb heyrətləndi, kasanı götürüb - əlbəttə, əli ilə yox, bir əski parçası ilə - apardı. Bunun əvəzində nə gətirəcəyi isə Qreqor üçün çox maraqlı idi, bu haqda hətta cürbəcür fərziyyələr uydurmağa başladı. Lakin nə qədər fikirləşdisə də, təbiətən mərhəmətli olan bacının nə edə biləcəyini anlamağa qədər gəlib çıxmadı. Bacı onun hansı yeməkdən xoşu gəldiyini bilmək üçün bir yığın müxtəlif yemək gətirib köhnə qəzetin üstünə düzdü. Burada çürümüş göyərti, şamdan qalmış bir neçə sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadığı bir tikə pendir, yağ yaxılmış bir az çörək, duz səpilmiş başqa bir çörək tikəsi də vardı. Bunların yanına, - görünür, Qreqor üçün həmişəlik ayrılmış – bir kasa da qoyulmuşdu. Kasada su vardı. Bacı Qreqorun onun yanında heç nə yeməyəcəyini qət edib çıxıb getdi. Hətta onun xatircəm olması üçün də şərait yaratdı – açarı arxadan burdu. Qreqor yeməyə doğru süründü. İndi onun ayaqları bir-birindən daha sürətlə qabağa tullanırdı. Yaraları da sağalmışdı. Heç bir maneə hiss etmirdi. O, buna təəccüb edərək xatırladı ki, aydan artıqdı barmağını bıçaqla yüngülvari kəsib. Bu yara onu sırağagünə qədər incidirdi. “Mən doğurdanmı, indi həssaslığımı itirmişəm” – Qreqor düşündü və acgözlüklə, böyük həvəslə pendirə girişdi. Pendir başqa yeməklərdən daha çox xoşuna gəlirdi. Aldığı ləzzətdən gözləri yaşarmışdı, əlinə keçənləri – pendiri, göyərtini, sousu – tələsik içəri ötürürdü. Təzə xörək isə, əksinə, xoşuna gəlmirdi, hətta qoxusu da ona dözülməz gəlirdi. Yeməyini çoxdan yeyib qutarmışdı, elə həmin yerdəcə tənbəl-tənbəl uzanmışdı. Lakin bu zaman yerinə getməsinin vaxtı çatdığına işarə olaraq bacı açarı ağır-ağır hərlətdi. Artıq mürgüləməyə başlasa da, bu səs onu hürkütdü və o tələm-tələsik divanın altına süründü. Lakin bacının otaqda olduğu bu qısa müddət ərzində divanın altında qalmaq Qreqordan böyük səy tələb edirdi. Çünki çox yediyinə görə gövdəsi bir qədər yumrulaşmışdı, girdələşmişdi, bu darısqal yerdə nəfəs almaq belə ona əzab verirdi. O, təngnəfəs olmuşdu. Gözlərini bərəldib bacısına baxırdı. Bacısı isə heç nədən şəklənmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta heç onun toxunmadığı və sanki daha heç bir şeyə yaramayacaq yeməkləri süpürüb bir yerə yığdı, hamısını da tələsik vedrəyə töküb ağzını taxta parçası ilə örtdü və götürüb getdi. Bunlar Qreqorun nəzərindən qaçmadı. Bacı dönüb getməyə macal tapmamış Qreqor divanın altından çıxıb döşəməyə sərələndi və şişman qarnını qaldırdı.

Beləliklə, Qreqor hər gün yeməklə təmin olunurdu: bir səhərlər valideynləri və qulluqçuları yatdığı vaxt, bir də ümumi nahardan sonra. Onun valideynləri bu vaxtlar yatırdı. Bacı isə qulluqçunu bir tapşırıqla evdən çıxarıb Qreqor üçün yemək gətirirdi. Əlbəttə, Qreqorun acından ölməsini onlar da istəmirdilər, lakin Qreqora yemək verilməsinin bütün təfərrüatını bilmək , yəqin ki, onlar üçün dözülməz olardı. Görünür, bacı onları heç olmazsa xırda dərd-qüssədən qorumaq istəyirdi. Çünki onlar bunsuz da kifayət qədər əzab içində idilər.

Bu hadisənin baş verdiyi hələ birinci səhərdə həkimlə çilingəri evdən hansı bəhanə ilə yola saldıqlarından Qreqor xəbərsiz qaldı. Vaxta ki, onun başa düşmürdülər, hətta heç kəsin, o cümlədən, bacısının belə ağlına gəlmirdi ki, o başqalarını başa düşür. Buna görə də bacı onun otağında olan zaman Qreqor yalnız “ah-uf”, bir də, müqəddəslərə yalvarış eşidə bilirdi. Sonralar, bacının hər şeyə bir qədər alışdığı zaman – tam alışmaq barədə təbii ki, heç söhbət gedə bilməzdi – Qreqorun qulağına hərdən mehriban sözlər də dəyirdi. Yeməyini axıra kimi yeyirdisə, bacısı “bu gün yemək onun xoşuna gəlib”, - deyirdi. Əksinə olanda, yəni Qreqor yeməyi yeməyəndə - get-gedə bu hadisə tez-tez təkrar olunurdu – bacı kədərli-kədərli söylənirdi ki, “yenə hamısı tökülüb qalıb”.

Ümumiyyətlə, heç bir təzə xəbər öyrənə bilməyən Qreqor qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asırdı, səs şeidən kimi dərhal həmin tərəfə cumurdu, bütün bədəni ilə qapıya qısılırdı. Xüsusən ilk vaxtlar elə bir söhbət olmurdu ki, örtülü də olsa, axırda gəlib onun məsələsinə çıxmasın. İlk günlər hər dəfə yemək zamanı bu vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; yeməklər arası vaxtda da bu mövzuda söhbət gedirdi. İndi evdə həmişə ailə üzvlərindən ikisi qalırdı, görünür, heç kəs evdə tək qalmaq istəmirdi, evi yiyəsiz qoyub heç yerə getmək də olmazdı. Yeri gəlmişkən, qulluqçu – baş verən hadisə haqqında onun nə bildiyi tam aydın deyildi – elə birinci günü ananın qarşısında diz çöküb yalvardı ki, onu dərhal azad etsin. On beş dəqiqə sonra onlarla vidalaşarkən işdən çıxarmağı ən böyük tərəhhüm sayaraq, göz yaşları içində anaya təşəkkür etdi və and-aman elədi ki, bu barədə heç kəsə bir kəlmə də danışmayacaq, halbuki ondan bunu heç kəs tələb etmirdi.

İndi evin biş-düşünü bacı ilə ana eləyirdi. Bir də bu, çox böyük zəhmət tələb etmirdi, demək olar ki, evdə heç kəs bir şey yemirdi. Qreqor yemək üçün bir-birini əbəs yerə dilə tutan valideynlrəin səsini tez-tez eşidirdi, cavab isə “sağ ol, mən toxam”, yaxud buna bənzər bir şey olurdu. Deyəsən, içkiyə də meyli olan yox idi. bacı, atadan pivə içmək istəyib istəmədiyini tez-tez soruşurdu və deyirdi ki, məmuniyyətlə özü gedib alar, atanın susduğunu gördükdə onu hər cür şübhədən xilas etmək ümidi ilə deyirdi ki, pivə almağa dalandar qadını da göndərə bilər, bu zaman ata qəti cavab verirdi: “Yox”. Bundan sonra bu barədə heç bir danışıq olmurdu, söz-söhbət kəsilirdi.

Ata elə birinci gün ana və bacıya ailənin maddi vəziyyətini və gələcək planlarını izah etdi. O, tez-tez masa arxasından durub beş il bundan qabaq iflasa uğramış firmasından qalan balaca ev kassasını açır, gah bir qəbz, gah da qeyd dəftərini çıxarırdı. Onun mürəkkəb mexanizmli qıfılı necə açdığını, axtardığı şeyi tapdıqdan sonra açarı necə hərlətdiyini Qreqor yaxşı eşidirdi. Atanın bu izahatları Qreqorun dustaq vəziyyətinə düşdüyü vaxtdan sonra eşitdiyi qismən ilk təsəlliverici yeniliklər idi. O, elə hesab edirdi ki, həmin firmadan atasında heç bir şey qalmamışdır, hər halda ata bunun əksini təsdiqləmirdi, Qreqor da bu barədə soruşmurdu. O vaxt Qreqorun yeganə arzusu bundan iabrət idi ki, hamını tam ümidsizliyə gətirib çıxaran iflası mümkün olduqca tez unutdurmaq üçün əlindən gələn hər şeyi etsin. Buna görə də Qreqor xüsusi ehtirasla işə girişmişdi, qısa müddətdə prikazçikdən adlayıb kommivoyajör olmuşdu, əlbəttə, kommivoyajörün qazancı başqa idi, onun iş uğurları, komisyonşularda olduğu kimi, nəqd pula çevrilirdi, o da pulu evə gətirib heyrət içində gözlərini döyən, səadətə çatan ailənin qarşsıına qoyurdu. O zaman yaxşı vaxtlar idi, sonra o vaxtlar bir daha əvvəlki dəbdəbəsində olduğu kimi təkrar olunmadı, halbuki Qreqor sonralar da ailəni saxlayacaq qədər qazanırdı və onları təmin edə bilirdi. Buna hamısı adət etmişdi: ailə də, Qreqorun özü də; pulu ondan minnətdarlıqla qəbul edirdilər, o da həvəslə onlara pul verirdi, amma xüsusi sevinc yaranmırdı. Yenə də ona ən yaxın olanı bacı idi, bacı ondan fərqli olaraq musiqini çox sevirdi, yaxşı skripka çalırdı, son vaxtlar Qreqorda onu konservatoriyaya düzəltmək kimi gizli bir istək yaranmışdı. Bununla bağlı böyük xərclər olacağına və bu xərclərin yerini nə isə başqa bir şeyin hesabına doldurmaq lazım gələcəyinə baxmayaraq, qreqor arzusunu həyata keçirmək istəyirdi. Onun şəhərdə ləngidiyi qısa vaxt ərzində bacı-qardaş arasında olan söhbətlərdə konservatoriya sözü tez-tez xatırlanırdı. Bunlar bir qayda olaraq yalnız xam xəyalı, arzunu əks etdirsə də, bununla belə hətta bu məsum anılmanın özü də valideynlərində narazılıq doğururdu. Fəqət Qreqor konservatoriya haqqında çox düşünürdü və öz niyyətini Milad axşamı təntənəli sürətdə bildirmək istəyirdi.

Dikələrək qapıya doğru söykənib söhbətə qulaq asdığı zaman, onun başında bu cür, indi tamamilə faydasız olan fikirlər dolaşırdı. Yorulduğuna görə hərdən dinləməkdən də əl çəkirdi, qəfildən başı sallanıb qapıya toxunur və əlüstü də dikəlirdi. Çünki o, balaca bir şaqqıltı salan kimi qapının o tayında eşidilir və bu səs hamını susmağa məcbur edirdi. Bir qədər sonra ata qapıya baxıb: “O, yenə orda nə oyun çıxarır?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.

Ata izahatlarını təkrar edirdi – həm ondan ötrü ki, öz işindən çoxdan ayrılmışdı, həm də ona görə ki, ana bir dəfə deyəndə hamısını başa düşmürdü. Qreqor tədricən təfərrüatı ilə öyrənirdi ki, bütün bədbəxtliklərə, başlarına gələn fəlakətə baxmayaraq, evdə bir az varidat saxlanmışdır və faizinə toxunulmadığı üçün bu illər ərzində bir az üstünə də gəlmişdir. Bundan başqa məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o, həmişə özündə bir neçə qulden (red. Hollandiyada gümüş pul vahidi) saxlayırdı – bütünlüklə xərclənməmiş, onun qalığından bir balca sərmayə düzəlmişdir. Qreqorun qapının arxasında dayanıb belə gözlənilməz ehtiyat və qənaət üçün sevinib başı ilə razılığını bildirirdi. Ümumiyyətlə, o, bu artıq pulla atasının bprclarının bir hissəsini verib, öz qulluğundan istədiyi vaxt imtina etmək gününü yaxınlaşdıra bilərdi, amma atanın pulalrı məhz belə sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.

Ailənin faiz hesabına yaşaması üçün bu pullar hər halda çox az idi; bir ilə, uzaq başı iki ilə çatardı və deməli, bu pul xərclənmək üçün deyil, ancaq pis gün üçün saxlanılırdı, gündəlik xərclik üçünsə mütləq qazanmaq lazım idi. ata sağlam olsa da, qoca idi, beş il idi ki, işləmirdi və özünə bir elə gümanı da gəlmirdi; keşməkeşli, uğursuz həyatında ilk fasilə olan bu beş il ərzində o, xeyli şişib ağırlaşmışdı. Bəlkə astma xəstəliyinə tutulub nəfəs təngiməsindən olmazın əziyyət çəkən və bütün gün pəncərə qabağındakı taxtda tir kimi uzanan qoca anası pul qazanmalıdır? Bəlkə də bacısı? Ancaq o axı hələ on yeddi yaşlı bir uşaq idi, indiyəqədər yaşadığı kimi yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, bir növ adi əyləncələrdə iştirak etməyə, hər şeydən əvvəl skripka çalmağa haqqı var idi. İndi qazanc haqqında evdə söhbət gedərkən Qreqor birdən-birə qapıdan qopdu, özünü yaxınlıqda qoyulmuş üzü dərili divanın üstünə atdı, xəcalətdən, dərddən bədəninə hərarət axdı.

O, çox vaxt uzun gecələri bir an belə yuxuya getmədən uzanırdı, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud zəhmətinə heyfislənmədən istədiyi yerə dırmaşmaq üçün kreslonu pəncərənin yanına sürüyürdü, bəzən də bədənini kresloya söykəyib, özünü pəncərə altlığına salırdı, əlbəttə, bütün bunları ona acılı-şirinli xatirələr aşılayırdı. Əslində isə o özündən aralı olan şeyləri gündən-günə daha pis görürdü. Əvvəllər zəhləsi getdiyi üzbəüzdəki xəstəxana yenə onun gözləri qarşısında idi, amma Qreqor artıq onu tanıya bilmirdi, əgər sakit və geniş şəhər küçəsi olan Şarlottenştrassda yaşqadığını dürüst bilməsəydi, düşünə bilərdi ki, o, öz pəncərəsindən səhraya baxır, elə bir səhra ki, orada boz yerlə boz səma fərqedilməz dərəcədə bir-birinə qarışmışdır. Son dərəcə diqqətli və iltifatlı olan bacı gördü ki, evin ortasındakı kreslo pəncərənin qabağına çəkilmişdir, bundan sonra o, otaqda hər dəfə yır-yığış edərkən qəsdən kreslonu pəncərə qabağına gətirir və pəncərənin içəri qatını taybatay qoyurdu.

Əgər Qreqor bacısı ilə danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə biləsydi, bacısının əziyyətini qəbul etmək asanlaşardı, amma bunu edə bilmədiyinə görə o əzab çəkirdi. Doğrudur, bacı yaranmış vəziyyətdən doğan əzab-əziyyəti yüngülləşdirmək üçün əlindən gələni edirdi, onun gördüyü uişlər getdikcə daha yaxşı nəticə verirdi, ancaq vaxt ötdükcə Qreqro hər şeyi daha aydın başa düşürdü. Onun gəlişi Qreqor dəhşət idi. Ümumiyyətlə, bacı Qreqorun otağına heç kimin baxmasına imkan verməsə də, özü içəri girəndə arxasınca qapını bağlamağa vaxt sərf etmir, birbaşa pəncərəyə tərəf qaçır, tələm-tələsik, indi boğulacaqmış kimi pəncərəni taybatay açır, sonra isə lap soyuq olsa da pəncərənin qabağında durur, dərindən nəfəs alırdı. Bu hay-küylə, tələsik hərəkətləri ilə o, gündə iki dəfə Qreqoru qorxudurdu. Qreqor divanın altında əsirdi, halbuki çox yaxşı bilirdi ki, əgər bacı onunla pəncərənin bağlı olduğu vaxtda bir otaqda qalsaydı, şübhəsiz onun canını bu qorxulardan xilas etmiş olardı.

Qreqorun həşərata çevrilməsindən bir aya yaxın vaxt keçirdi, buna görə də bacıda onun görkəminə heyrətlənməyə elə bir əsas qalmamışdı. Bir dəfə o, Qreqorun yanına həmişəkindən tez gəldi və qardaşını o vaxt pəncərədən harayasa baxan gördü; o, hərəkətsiz durmuşdu, dəhşətli görkəmi vardı. Əgər bacı otağa girməsəydi, bu, Qreqor üçün heç də gözlənilməz hadisə olmazdı, çünki o, pəncərənin qabağında olduğuna görə bacısı pəncərələri aça bilməzdi; qız nəinki içəri girmədi, hətta, geri sıçradı və tez qapını bağladı; onu kənardan müşahidə edən olsaydı, elə zənn edərdi ki, Qreqor qızı didmək, parçalamaq istəyirmiş. Qreqor əlüstü divanın alıntda gizləndi, ancaq bacısı bir də günortaüstü qayıtdı, özü də bərk həyəcanlı idi. Qreqor anladı ki, bacı hələ də onun görkəminə alışmayıb və heç zaman da alışmayacaq; o hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə qaçmamaq üçün min bir əziyyətə qatlaşır. Bacını bu hissəni görməkdən xilas etmək üçün bir dəfə o, belində mələfə gətirdi – bu işə dörd saat vaxt sərf etdi – və mələfəni divanın üstünə elə sərdi ki, bütünlüklə üstünü örtsün, hətta bacı əyilsə belə onu görə bilməsin. Əgər bacı bu mələfəyə ehtiyac olduğunu düşünməsəydi, onu yığışdıra bilərdi, axı Qreqor bu mələfəyə kef üçün bürünmürdü, bu, kifayət qədər aydın idi. bacı mələfəyə toxunmadı, hətta qreqora elə gəldi ki, bunun necə qarşılandığını bilmək üçün mələfənin yanını qaldıranda bacının minnətdarlıq bildirən baxışları ilə qarşılandı.

Birinci ikihəftə ərzində valideynləri özlərini onun yanına gəlməyə məcbur edə bilmirdilər və o, bacının indiki işinin necə tərfiləndiyini tez-tez eşidirdi, halbuki əvvəllər ara-sıra ona hirslənirdilər, çünki qız onlara dedikcə ağılsız, yelbeyin görünürdü. İndi ata və ana bacının içəridə yır-yığış etdiyi müddətdə çox vaxt Qreqorun otağı qabağında intizarla gözləyir, bacı otaqdan çıxan kimi, onu otağın nə vəziyyətdə olması, Qreqorun yeyib-yeməməsi, bu dəfə özünü necə aparması, yaxşılığa doğru kiçik bir əlamətin olub-olmaması barədə müfəssəl nəql etməyə məcbur edirdilər. Ana, Qreqoru görməyi nisbətən tez arzu etdi, amma ata ilə bacı ağıllı, inandırıcı dəlillərlə bu arzunun qarşısını kəsdilər. Qreqor bu dəlilləri eşidir və tamamilə bəyənirdi. Sonra isə ananı güclə saxlamaq lazım gəlirdi. “Məni Qreqorun yanına buraxın, o mənim bədbəxt balamdır. Məgər siz anlamırsız ki, mən onun yanına getməliyəm!” – deyə çığırdığı zaman Qreqor düşündü ki, əgər anası onun yanına gəlsəydi, - əlbəttə, hər gün yox, tutaq ki, həftədə bir dəfə, - həqiqətən yaxşı olardı. Axı ana hər şeyi bacıdan yaxşı anlayırdı, bacı mətanətinə, cəsarətinə baxmayaraq, uşaq idi, bəlkə də, elə bir uşaq şıltaqlığı ilə belə yükü öz üzərinə götürmüşdü.

Qreqorun anasını görmək arzusu tezliklə yerinə yetdi. O, valideynlərinin qayğısını çəkərək gündüzlər pəncərə qabağından görünmürdü, bir neçə kvadratmetrlik döşəməni sürünmək xeyli müddətə başa dəlirdi, hərəkətsiz uzanmaq gecələr də çətin idi, hətta tezliklə yeməklər də ona heç bir ləzzət vermədi, elə bil hər şey dadsızlaşmışdı. O, əylənmək üçün divarlarda və tavanda sürünməyə adət etdi. Tavandan sallanmağı xüsusilə çox sevirdi, bu, döşəmədə uzaqnmaq kimi bir şey deyildi, burada o daha rahat nəfəs ala bilir, bəzən yüngülcə yellənirdi də; yuxarıda olduğu həmin xoş və dalğın vaxtlarında özü də təəccüb edərək ara-sıra tavandan üzülür və gurultu ilə döşəməyə düşürdü. Lakin indi o bədənini, əlbəttə, əvvəllərdə olduğu kimic idarə etmirdi, nə cür yüksəklikdən düşür-düşsün, bədəninə az da olsa xətər dəymirdi. Bacı dərhal duydu ki, Qreqor özünə yeni bir əyləncə tapmışdı – axı o, hara sürünürdüsə, orada yapışqanvari iz qalırdı, - ona görə də bu əyləncə üçün daha çox yer ayırmağı qərara aldı, onün sürünməsinə mane olan mebeli, birinci növbədə sandığı və yazı masasını otaqdan çıxartmağı qət elədi. Lakin o, bu işi təkbaşına görmək iqtidarında deyildi; atasını köməyə çağırmağa ürək eləmirdi, qulluqçu isə şübhəsiz ki, kömək etməzdi, zira, köhnə qulluqçu gedəndən sonra onun yerinə götürülmüş on altı yaşlı qız, iş yerindən imtina etməsə də, mətbəxi bağlı saxlamağa, onu ancaq xüsusi çağırışla açmağa icazə istəmişdi, ona görə də atanın evdə olmadığı vaxt ananı bura gətirməkdən başqa çarə yox idi. ana Qreqorun yanına həyəcanla, sevinclə yollandı, amma qapı ağzında sustladı. Əlbəttə, bacı əvvəlcə otağın qaydada olub-olmadığını yoxlayıb, ananı yalnız bundan sonra içəri buraxdı. Qreqor əlüstü büzüşdü, mələfəni başına çəkdi; guya mələfə divanın üstünə təsadüfən atılıb. Mələfənin altından Qreqor bir dəfə də olsun baxmadı, ananı görmək imkanından bu dəfəlik imtina etdi, amma onun gəlişinə sevindi.

Bacı:

- Gəl, o görsənmir, - dedi və ananın əlindən tutub apardı



Qreqor bu zəif qadınların köhnə, ağır sandığı yerindən tərpətməyə necə çalışdıqlarını və gücə düşəcəyindən ehtiyat edən ananın məsləhətlərinə qulaq asmayan bacının işin ən ağır hissəsini üzərinə götürdüyünü görürdü. Bu, çox uzun sürdü. Onlar on beş dəqiqə əlləşdikdən sonra ana dedi ki, sandıq elə yerində qalsın, əvvəla, o, çox ağırdır, onlar atanın gəlməsinə qədər bu işin öhdəsindən onsuz da gələ bilməyəcəklər, sandıq otağın ortasında qalsa, Qreqorun yolunu tamam kəsər, həm də mebelin evdən çıxarılmasının Qreqorun xoşuna gəlib-gəlməyəcəyi də məlum deyil. Ana dedi ki, məncə, bu daha çox xoşagəlməz olacaqdır, quru divarlar onun özünü də sıxır, məyus edirsə, nə üçün Qreqoru dilxor etməməlidir, - axı o, mebelə alışmışdır. Bunsuz boş otaqda o özünü tamamilə atılmış, unudulmuş, baxımsız hiss edər.

Ana çox astadan danışırdı, demək olar ki, pıçıldayırdı, elə bil istəmirdi ki, yerini bilmədiyi Qreqor onun səsini eşitsin, ana onun söz başa düşməməsinə də şübhə etmirdi. Axırda o, lap astadan dedi:

- Məgər biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına ümidimizi itirdiyimizi, rəhmsiz surətdə onu tənha buraxdığımızı, əlimizi ondan üzdüyümüzü göstərmirikmi? Məncə çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor əvvəlki vəziyyətinə qayıdarkən otaqda heç bir dəyişiklik görməsin və tezliklə o dövrü unutsun.

Ananın sözlərini eşidən Qreqor düşündü ki, ailənin daxilindəki yeknəsəq həyat tərzi nəticəsində adamlarla bilavasitə ünsiyyətdə olmadığından, görünür, bu iki ay ərzində onun ağlı dumanlaşmışdır. Zira, o boş otaqda qalmaq ehtiyacının birdən-birə əmələ gəldiyini heç vəchlə başqa cür izah edə bilmirdi. Yəni doğurdanmı, o, qədim mebeli, rahat, isti otağını mağaraya çevirmək istəyirdi? Düzdür, o, bu boş otaqda heç bir maneəsiz hər tərəfə sürünə biləcəkdi, amma bunun müqabilində insani keçmişini tezliklə və büsbütün unutmalı olacaqdı. Axı o elə indi də bu vəziyyətə yaxın idi, ancaq çoxdan eşitmədiyi ana səsi onu ayıltdı, hərəkətə gətirdi. Heç nəyi evdən çıxarmaq lazım deyildir, hər şey öz yerində qalmalıdır, mebel ona o tərəf-bu tərəfə mənasızcasına sürünməkdə mane olurdusa, bu onun zərərinə deyil, xeyrinə idi.

Lakin bacı başqa fikirdə idi; Qreqor məsələnin müzakirəsində valideynlərinin ziddinə olaraq bir mütəxəssis kimi çıxış etməyə alışmış qız, - onun buna əsası vardı- bu məsələdə anasının məsləhətlərini kifayət qədər əsaslı hesab etsə də, onun dediklərinin əksinə olaraq təkcə divan istisna olmaqla bütünlüklə mebelin otaqdan çıxarılmasını israr etdi. Əlbəttə, bu tələb bacının təkcə uşaq inadından, son vaxtlar belə gözlənilmədən və belə çətinliklə qazanılan özünə inamından doğmamışdı; yox, o, həqiqətən görürdü ki, hərəkət etmək üçün Qreqora çox yer lazımdır, hər şeydən göründüyü kimi isə o, mebeldən qətiyyən istifadə etmirdi. Bəlkə də onda özü yaşda olan qızlara məxsus bir xəyal çılığınlığı yaranmışdı, elə bir xəyal ki, meydana çıxmaq üçün həmişə fürsət gözləyir və indi Qreqora bu vaxta kimi olduğundan daha artıq xidmət göstərmək üçün Qretanı onun vəziyyətini daha vahiməli, daha qorxulu etməyə sövq edirdi. Yalnız Qreqordan və quru divardan ibarət olan otağa girməyə Qretadan başqa çətin ki, bir adam cəsarət edərdi. Buna görə də bacı ananın məsləhətlərinə fikir vermədi, otaqda tərəddüd və həyəcan keçirən ana çox çəkmədən susdu, sandığı qapıdan çıxaran bacıya öz qüvvəsi daxilində kömək etməyə girişdi. Qreqor bəd ayaqda sandıqsız keçinə bilərdi, amma yazı stolu qalmalı idi. Hər iki qadın ləhləyə-ləhləyə sürüdükləri sandıqla otaqdan çıxan kimi, Qreqor ehtiyatla və mümkün olduqca bu işə nəzakətlə müdaxilə etmək üçün başını divanın altından çıxardı. Lakin bədbəxtlikdən birinci ana qayıtdı, qonşu otaqda tək qalan Qreta isə hər iki əli ilə sandıqdan yapışıb onu silkələyir, di gəl yerindən tərpədə bilmirdi. Ana Qreqorun görkəminə alışmamışdı, onu görüb hətta xəstələnə bilərdi, buna görə Qreqor qorxu içində divanın o biri başında gizləndi, bu zaman qabaqdan sallanan mələfə tərpəndi. Bu, ananın diqqətini cəlb etmək üçün kifayət idi. O, ayaq saxladı, bir qədər dayanıb Qretanın yanına qayıtdı.

Qreqor hey öz-özünə deyirdi ki, elə bir şey baş vermir, sadəcə olaraq otaqda mebelin yerini dəyişirlər; qadınlaırn ara vermədən o tərəf-bu tərəfə getmələri, asta-asta danışmaları, yaxud döşəmə ilə sürülən mebelin cırıltısı – bütün bunlar, özünün tezliklə etiraf etdiyi kimi, ona hər şeyi caynağına keçirən sonsuz bir mərəkə kimi gəlirdi; başını qısıb, ayaqlarını gövdəsinə sıxıb, gövdəsini də döşəməyə bərk-bərk yapışdıraraq öz-özünə söyləməyə məcbur oldu ki, bu həngaməyə çox dözə bilməz. Onlar onun otağını boşaldırdılar, ona əziz olan hər şeyi əlindən alırdılar, lobzikini və başqa alətlərini yığdığı sandığı aparmışdılar, indi də parketdə izi qalan yazı stolunu dartıb aparırdılar. Bu stolun arxasında o, ticarət, realnı, hətta xalq məktəbində oxuyarkən dərslərini hazırlamışdı və artıq onun burada olduqlarını, demək olar, unutduğu qadınlaırn xeyirxah niyyətlərini dərk etməyə vaxtı yox idi, çünki onlar yorulduqlarından səssiz-səmirsiz işləyirdilər, təkcə ağır ayaq səsləri eşidilirdi.

Ona görə də o, divanın altından çıxdı, - bu zaman qadınlar qonşu otaqda idilər, onlar yazı masasına söykənib nəfəslərini dərirdilər, - içəridə ilk növbədə nəyi qoruyub saxlamaq lazım olduğunu dürüst bilmədiyindən o gah bu, gah digər tərəfə sürünə-sürünə istiqamətini dörd tərəfə dəyişdi, boş divarda xüsusi olaraq nəzəri cəlb edən xəz şlyapalı qadın portretini gördü, cəld ona doğru dırmaşdı, şüşəyə qısıldı, şüşə qarnını yaxşıca sərinlətdi. İndi üstünə qapanıb qaldığı portreti yəqin heç kəs Qreqorun əlindən ala bilməzdi. Qreqor geri qayıdan qadınları görmək üçün başını qonaq otağının qapısına sarı çevirdi.

Onlar çox da dincəlmədilər, artıq qayıdırdılar; Qreta bir əli ilə anasını qucaqlamışdı, demək olar, onu qucağında gətirirdi.

- İndi nəyi aparaq? – deyə Qreta ətrafa nəzər saldı.

Burada onun nəzərləri divara yapışmış Qreqorun baxışları ilə toqquşdu. Görünür, anası burada olduğu üçün soyuqqanlı davranaraq, Qreta ananın Qreqora baxmasına mane olmaq üçün ona doğru əyildi və əsə-əsə:

- Bəlkə bir dəqiqəliyə qonaq otağına qayıdaq? – dedi.

Qretanın niyyəti Qreqora aydın idi. Qız ananı təhlükəsiz bir yerə aparmaq, sonra isə Qreqoru divardan qovub düşürmək istəyirdi. Neynək, qoy sınaqdan keçirsin! Onsuz da portretin üstündə oturub onu əldən verməyəcəkdi, uzaqbaşı Qretanın üzündən yapışacaqdı.

Ananı təşvişə salan da, elə Qretanın sözləri oldu, o, geri çəkildi, güllü divar kağızının üzərində iri, qonur bir ləkə gördü, bunun Qreqor olduğunu dərk etməzdən əvvəl civiltili, qulaq batırıcı səslə: “Pərvərdigara, pərvərdigara!” – qışqırdı, taqətdən düşmüş, heysiz qollarını açaraq divanın üstünə yıxıldı, donub qaldı.

Bacı yumruğunu qaldırdı, gözlərini bərəldib çığırdı:

- Ey Qreqor!

Bu, onun başına çevrilmə hadisəsi gələndən sonra bilavasitə ona müraciətlə deyilən ilk söz idi. Qız ananı sakitləşdirmək üçün qonşu otaqdan damcı dərman gətirməyə getdi; Qreqor da anaya kömək etmək istəyirdi – portreti qorumaq üçün hələ vaxt var idi; Qreqor şüşəyə bərk yapışdığı üçün ondan güclə aralandı və qonşu otağa qaçdı, elə bil əvvəllərdə olduğu kimi, bacıya məsləhət verə bilərdi, amma boş-boşuna qızın arxasında durmağa məcbur oldu, bacı müxtəlif dərman şüşələrini götürüb geri döndü və qorxdu; dərman şüşələrindən biri əlindən düşüb sındı; şüşə qırığı Qreqorun sifətini yaraladı, dərman onun üstünə çiləndi;Qreta, artıq gözləmədən ovcu tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına qaçdı, ayağı ilə qapını çırpdı. İndi Qreqorun anaya tərəf gedən yolu kəsilmişdi, anası onun təqsiri ucbatından ölüm ərəfəsində idi, əgər o, bacısını otaqdan çıxarmaq istəmirdisə, qapını açmamalı idi, bacısı isə anasının yanında olmalı idi; indi onun gözləməkdən başqa çarəsi qalmamışdı; o, peşmançılıq və təlaş içində sürünməyə, hər yerə baş vurmağa başladı; divarları, mebeli, tavanı dolaşdı və nəhayət, bütün ev onun başına fırlananda ümidsiz halda iri stolun tən ortasına düşdü.

Bir neçə saniyə keçdi. Qreqor taqətsiz halda stolun üstünə sərilmişdi, ətrafda sakitlik idi, bəlkə, bu yaxşı əlamət idi. Birdən zəng səsləndi. Qulluqçu, əlbəttə, mətbəxdə bağlanıb qalmışdı, qapını Qreta açmalı oldu. Gələn ata idi.

- Nolub? – onun ilk sözü bu oldu. Yəqin Qretanın görkəmi ona hər şeyi anlatmışdı. Qreta boğuq səslə cavab verib, üzünü atasının sinəsinə qoydu.

- Anamın ürəyi getmişdi, indi yaxşıdır, - dedi, - Qreqor yerindən çıxdı.

- Axı mən bunu gözləyirdim, axı mən həmişə deyirdim, amma siz arvadlar heç kəsə qulaq asmırsız.

Qreqora aydın idi ki, ata Qretanın çox qısa məlumatını ayrı cür başa düşdü, o qət etdi ki, Qreqor zor işlətmişdir. Buna görə də indi Qreqor atasını birtəhər yumşaltmağa cəhd etməliydi, axı məsələni aydınlaşdırmaq üçün nə vaxtı vardı, nə də imkanı. Və otağına sarı cumaraq, qpaıya qısıldı ki, atası dəhlizdən içəri girərkən dərhal Qreqorun bilatəxir öz yerinə qayıtmağa hazır olduğunu görsün və bilsin ki, onu geri qaytarmaq lazım deyil, sadəcə olaraq, qapını açmaq kifayətdir ki, o dərhal içəri keçib gözdən itsin.

Lakin ata belə incəlikləri görmək halında deyildi.



O, içəri girən kimi: - Ba! – elədi, bu sözü elə bir ahənglə dedi ki, sanki eyni zamanda həm acıqlı və həm də şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. O, atasını heç bir zaman indi gördüyü kimi təsəvvür eləmirdi; doğrudur, son zamanlar otağın hər tərəfində sürünməyə başlayan Qreqor, evlərində olub-keçənlərə əvvəlki kimi diqqət yetirmirdi, ona görə də indi heç bir dəyişikliyə təəccüb etməməli idi. Ancaq necə olsa da, yəni doğurdanmı, onun atası idi? Bu, Qreqor işgüzar səfərlərə çıxarkən, həmişə yorğun halda yatağa girən, səfərdən qayıdan Qreqoru axşamlar xəlvətdə qarşılayan, kreslodan qaxlmaq iqtidarı olmadığından sevinc əlaməti olaraq yalnız əlini bir azca yuxarı qaldıran, hər hansı bazar günü, yaxud böyük bayramlarda kip düymələnmiş köhnə paltosunda əl ağacını ehtiyatıa irəli atan, Qreqorla ananın arasında asta addımlarla gedən – onların özləri də ağır-ağır yeriyirdilər – bir şey demək istəyəndə öz müşayiətçilərini başına yığmaq üçün ayaq saxlayan həmin adamdırmı? İndi o çox vüqarlı idi; əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir vardı; yağlı buxağı tarım, dik yaxalığının üstünə sallanmışdı, qalın qaşlarının altından qara gözləri diqqətlə və iti nəzərlərlə baxırdı, adətən dağınıq olan ağ saçları çox səliqə ilə yana daranmış, yağlanmışdı. O, üstündə hansısa bankın qızılı monoqramı ( red. – bir neçə baş hərfin hörgü şəklində bir-birinə keçirilməsi) olan furajkasını bütün otaq boyu fırladaraq divanın üstünə atdı, əllərini şalvar cibinə qoydu, bu zaman uzun mundirinin ətəkləri dala getdi, üzü qəzəbdən dəyişib tanınmaz hala düşdü; belə görkəmlə Qreqorun üstünə yeridi. Görünür, nə edəcəyini özü də bilmirdi: amma o, ayağını çox yuxarı qaldırdı. Qreqor onun çəkməsinin altının bu qədər böyük olmasına təəccübləndi. Lakin gecikmədi, axı, o, təzə həyatının ilk günündən bilirdi ki, ata ona qarşı çox ciddi olmağı ən düzgün yol hesab edir. Ona görə də o, atadan qaçır, ata dayananda dayanır, ata tərpənən kimi özünü qabağa aıtrdı. Onlar boş-boşuna bir neçə dəfə otağı fırlandılar, ləng tərpəndiklərindən bu heç də təqibə oxşamırdı. Buna görə Qreqor hələ döşəmədə sürünürdü, qorxurdu ki, divara, yaxud tavana dırmaşsa, bu, atasına hədsiz həyasızlıq, hörmətsizlik kimi çıxar. Amma Qreqor hiss edirdi ki, bu cür qaçışa çox da tab gətirə bilməz. Ata bir addım atırdısa, Qreqora bu vaxt ərzində saysız-hesabsız hərəkət eləmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə, əvvəllərdə olduğu kimi heç də tam arxayın olmaq mümkün deyildi. Budur, o, ayaqlarını güclə sürüyərək, çətinliklə gözlərini açıq qaçmaq üçün bütün qüvvəsini toplamağa çalışdığı bir zamanda, - , ümidsizlik içində heç bir başqa qurtuluş yolu haqqında düşünmürdü, diblərinə girintili-çıxıntılı, qəribə naxışlı mebellər düzülmüş divarlardan istifadə etməyi, demək olar ki, tamamilə unutmuşdu, - birdən yuxarıdan atılmış bir şey lap onun yanına düşdü və dığırlanıb getdi. Bu, alma idi; birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində dayandı, artıq qaçmaq mənasız idi, çünki atası onu alma ilə bombardman etməyi qərara almışdı. O, bufetin üstündə olan meyvə vazındakı almaları cibinə doldurmuşdu, indi isə çox da diqqətlə nişan almadan, bir-birinin ardınca tullayırdı. Bu balaca qırmızı almalar elektrikləşdirilmiş kimi, döşəmə boyu dığırlanır və bir-birinə toxunurdu. Yüngülcə atılmış almalardan biri düz Qreqorun kürəyinə dəydi, zərər vermədən diyirlənib getdi. Dərhal bunun arxasınca atılmış başqa bir alma isə Qreqorun belində ilişib qaldı. Qreqor sürünüb uzaqlaşmaq istədi, guya o, yerini dəyişdirməklə qəflətən gələn bu dözülməz ağrını azaldacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşunu itirərək yerə sərildi. O, yalnız öz otaq qapısının necə açıldığını və oradan çığıra-çığıra nə isə söyləyən bacısını qabaqlayaraq alt köynəyində irəli şığıyan anasını görməyə imkan tapdı, - qəşş edən zaman rahat nəfəs alması üçün bacı onu soyundurmuşdu, ana ataya sarı qaçarkən açılmış yubkası sürüşüb yerə düşdü, ayaqları yubkaya dolaşa-dolaşa atanın qucağına yıxıldı, onu bərk-bərk qucaqladı – bu zaman Qreqor artıq görmürdü - əli ilə kişinin peysərindən tutaraq yalvardı ki, Qreqora toxunmasın, vurub öldürməsin.

Yüklə 215,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin