M. Fuad Köprülü Azəri Bakı


II. Qaraqoyunlu və Ağqoyunlular dövrü: XV əsr



Yüklə 0,59 Mb.
səhifə4/7
tarix31.01.2017
ölçüsü0,59 Mb.
#6975
1   2   3   4   5   6   7

II. Qaraqoyunlu və Ağqoyunlular dövrü: XV əsr.
Cəlayirilər dövrünün mədəni və siyasi ən‘ənələrini davam etdirən bu iki türkmən sülaləsi dövründə İraq, Azərbaycan Şərqi Anadoluda klassik Azəri ədəbiyyatının inkişafının davam etməsi təbiidir. Əsas qüvvələri köçəri türkmən tayfalarının təşkil etdiyi orduda və saraylarda türk dilinin nüfuzu artmışdır. Lakin dövlət işlərində və siyasi münasibətlərdə rəsmi dil olaraq fars dili işlədilirdi. Bu dövrdən qalan bir neçə fars dilində yazılmış sənədlər İlxanlılar Cəlayirilərdəki divan ən‘ə­nələrinin bunlarda da davam etdiyini göstərməkdədir. İbtidai bir köçəri tayfasının rəisi ikən, sonradan müntəzəm saray və idarəetmə təşkilatına malik yarıfeodal böyük bir dövlətin hökmdarı mövqeyinə keçən Qaraqoyunlu Ağqo­yun­lu padşahları İran ədəbiyyatının inkişafına xidmət etdikləri qədər türk dilində əsərlər yazılması üçün də təbliğat apardılar. Ancaq, bu dövrdən qalan türkcə əsərlər az olduğu kimi tarixi mənbələrdə də bizim bildiyimizə görə bu barədə çox az mə‘lumat vardır. Yalnız Qaraqoyunlu hökmdarı Ca­hanşah bəy Qara Yusifin Həqiqi təxəllüsü ilə farsca şe‘rlər yazdığı mə‘lumdur. O, hətta yazmış olduğu divanını böyük İran şairi Camiyə göndərdiyi və onun hörmətini qazandığı tarixi mənbələrdə göstərilir. Həqiqi təxəllüsü ilə yazılmış bu divanda yalnız fars dilində deyil, türkcə yazılmış şe‘rlər də vardır. Onun bu divanının mərhum Xalis Əfəndinin bə‘zi kitabları ilə birlikdə 18 il əvvəl Britiş Muzeyi tərəfindən satın alındığı rəvayət edilməkdədir. Cahanşahın Kürdüstan Lu­ris­tanı zəbt etmək üçün göndərdiyi Arslan bəyin bu tapşırığı yerinə yetirməkdən boyun qaçırmasının Həmədan və onun ətrafının hakimi olan Baharlu türkmənlərinin rəisi olan Əlişə­kər bəy tərəfindən alqışlanması Cahanşahı çox kədərlən­dir­mişdir. Kədərlənən şahın heca vəzninin yeddisi ilə bədahətən türkcə iki misra söylədiyi tarixi mənbələrdə göstərilir (bax: Molla Abd əl-Baki Nihavəndi, Ma‘asiri Rəhimi, Kəlküttə, 1910, 1, 47). İfrat şiə əqidələrinə bağlı olub, farsca sufiyanə şe‘rlər yazan bü türkmən hökmdarının dini əqidələrini türkmənlər arasında yaymaq üçün türkcə şe‘rlər də yazması və bunlarda heca vəznini də işlətməsi heç də ehtimaldan uzaq deyildir. Həmçinin bunun ikinci bir oxşarını Şah İsmayıl Səfəvidən bəhs edərkən görəcəyik. Buna görə «Ma‘asiri Rəhimi»dəki rəvayət tarixi bir həqiqəti ifadə etdiyi çox real qəbul oluna bilər. Əlilahi zümrəsinə mənsub Quşçuoğlu adlı bir türk şairinin heç bir tarixi əsasa dayanmamaqla bərabər Cahan­şah ilə müasir hesab edildiyini yuxarıda söyləmişdik. Belə­liklə, Cahanşah dövründə böyük bir mə­dəni fəaliyyət göstə­rən Qaraqoyunlu sarayı ətrafında türk dilində yazan bir neçə şairin toplandığı asanca təxmin oluna bilər.

Ağqoyunlular dövründə xüsusilə güclü bir ədəbi mə­dəniyyətə malik olan Sultan Yaqub zamanı alimlərə və şai­rlə­rə qarşı böyük bir diqqət və himayə göstərilirdi. Bunu biz bir çox müəlliflərin və şairlərin Ağqoyunlu şahzadələri adına yazdıqları əsərlərdən də aydın görürük. Əllamə Cəlal Dəv­va­ni başda olmaqla bərabər bir çox adları göstərmək müm­kündür (Ətraflı bax: Məhəmmədəli Tərbiyət, Danişməndani Azərbaycan. Tehran, 1314, s. 402). Lakin bu bir çox adlar arasında türkcə yazdıqları söylənən müəllif və şairlər, yaxud, türkcə yazılmış əsərlər çox azdır. Uzun Həsən adına, onun sifarişi ilə yazılmış bir «Kirani Həbəşi» hekayəsinin tərcü­mə­sinin Parisdə «Bibl.Nat.»də və «Britiş Muzeyi»ndə saxlan­dığını bilirik (Bax: Ch. Rieu, Catalogue of the Turkish Manu­scripts, 1888, s. 219: E.Blochet. Catalogue des manucrits tures, Paris, 1932, 1, 1041, v.d.).

İran-Turan mübarizəsinə aid farsca bir xalq romanının tərcüməsindən ibarət olan bu əsərdən başqa, Uzun Həsən dövrünə aid digər türkcə yazılmış bir əsərin olması haqqında heç bir mə‘lumata malik deyildir. Farsca şe‘rlər yazdığı bütün qaynaqlarda göstərilən Sultan Yaqubun türkcə də şe‘rlər yazmış olduğu səlnaməçi Əli tərəfindən söylənilsə də, biz indiyə qədər bunlara təsadüf etmirik. Hələlik Sultan Yaqub dövrünə mənsub olaraq əsərləri hələ əlimizə keçməyən təbrizli Bihoədini, sonradan İsmayıl Səfəviyə xidmət edən və bir müddətdən sonra İstanbula gələn Həbibini, Təbrizdəki təkyəsi ilə o dövrdə böyük bir əhəmiyyət qazanan aydınlı Şeyx Ömər Rüşənini Sultan Yaqub adına türkcə bir «Yusif və Züleyxa» məsnəvisini yazmış olan Xətaini göstərə bilərik. Əslən aydınlı olmaqla bərabər divanı və müxtəlif məs­nəviləri yaşadığı ərazinin Azəri ləhcəsi xüsusiyyətlərini göstə­rən Rüşəni yalnız Ağqoyunlu sarayındakı mə‘nəvi nüfuzunun yüksəkliyi e‘tibarilə deyil, sufiyanə lirizmindəki coşğunluq və səmimilik baxımından da məşhur bir şəxsiyyətdir. Azərbay­can­dakı şiəlik cərəyanlarına qarşı sünniliyi müdafiə edən bu sufi şairin əsərləri şiə Azəri ərazisindən çox sünni Anadoluda şöhrət qazandığı üçün onu Osmanlı ədəbiyyatının təkamülü çərçivəsində tədqiq etmək daha doğrudur. Səfəvilərin Təbrizi istila etmələrindən sonra şəhəri tərk edərək əhalisinin əksəriyyəti sünni olan əraziyə sığınmağa məcbur olan İbrahim Gülşəninin də böyük nüfuzu var idi. O istər Misirdə və istərsə də Osmanlı imperiyasının müxtəlif yerlərində xeyli tərəfdarlarına malik idi. Sultan Yaquba ittihaf olunmuş türkcə olan «Yusif və Züleyxa» məsnəvisinin müəllifi olan Xətai haqqında artıq bir şey bilmirik (Məhəmmədəli Tərbiyət, eyni əsər, s. 137; Müəllif bu əsərin onda olduğunu söyləyir).

XV əsrin Azəri ədəbiyyatının ən mühüm şairi şübhəsiz Hə­bibidir. O, Azərbaycanın Göyçay mahalının Bərgüşad qə­sə­bəsində anadan olmuşdur. Həbibi bir təsadüf nəticəsində Sultan Yaqubun himayəsində yaşamışdır. Səfəvi dövlətinin qurulmasından sonra Şah İsmayılın hüsn-rəğbəti ilə «Məlik əl-şüəra» adını alan bu qüdrətli şair bizə mə‘lum olmayan bir səbəblə I Bəyazidin dövrünün sonunda İstanbula gəlmiş və I Səlim dövründə burada vəfat etmişdir. Onun cənazəsi Süt­lücədə Cəfərabad təkyəsində dəfn olunmuşdur. Şiə və hürufi olan bu şair Nəsimi ilə Şah İsmayıl (Xətai)Füzuli ara­sında bir mərhələ təşkil edir. Nəsiminin güclü tə‘siri altında Azəri ləhcəsi ilə sufiyanə və səmimi aşiqanə şe‘rləri yazdığı üçün Osmanlı təzkirəçiləri onu «özünəməxsus bir yazı üslu­buna malik olması ilə bu vadidə misilsizdir» deyə e‘tiraf et­mişdilər. Osmanlı şe‘rinin o dövrdə davam edən növündən uzaq qalan həbibinin bu xüsusiyyəti yalnız ona aid olmayıb o dövrdə yetişən bütün Azəri şairlərində də özünü gös­tər­miş­dir. Məsələn: Sultan I Səlim dövründə Səfəvi sarayından qa­çıb İstanbula gələn Şahi-i Şərqi kimi şairlərdə də eyni xü­su­siyyətlər gözə çarpmaqdadır. Məşhur hürufi olan Şəm­səddin və ya Şəms Allah adlı birisinə mənsub olan şe‘r­lərdən an­la­şılır ki, Həbibi üzərində Şeyxi Əhməd Paşa ilə Xəlili kimi- Azəri sahəsinə yabançı görünməyəcək – Os­man­lı şairlərinin tə‘si­ri çox az görünməkdədirsə də, onun istər sə­nət, istərsə ideoloci baxımdan Nəsiminin şagirdi və ardıcılı say­maq daha doğrudur. Füzuliyə müəllimlik etdiyi haqqındakı iddia heç bir tarixi sənədə əsaslanmamaqla bərabər şe‘rlə­rinin onun üzə­rin­də tə‘sir etmiş olduğu gerçəkdir. Nəsimidəki sufiyanə və ilahi vəcdi, Füzulidəki coşğun və yüksək lirizmi Həbibidə ara­maq, axtarmaq mə‘nasız olur. Belə olmaqla bə­ra­bər şöh­rəti Füzuli dövrünə qədər davam edən bu şairin Azəri şe‘ri­nin ümumi təkamülündə unudulmaz bir yeri vardır (Həbibinin həyatı və şəxsiyyəti haqqında bax: Fuad Köprülü. Habibi. Edeb. fakül.mecm. İstanbul, 1932, vIII, sayı 5, s. 86-133; Bu­rada şairin 42 parça mənzuməsi də nəşr olunmuşdur).



XV əsr Azəri ədəbiyyatına aid xülasəmizi tamamlamaq üçün türk dilində bir «Divan»ı mə‘lum olmaqla bərabər indiyə qədər heç bir şe‘ri nəşr olunmayan və əsasən bir şair kimi də şöhrət qazanmamış olan hişni Kayfa Əyyubi hökmdarı Mə­lik əl-Kamil Xəlili (1432-ci ildə taxta oturmuşdur) qeyd etmək olar (Bax: Brockelmann. Ein neues sudturkisches Sprach­den­kmal. Islamica, IV, z). Yenə bu əsərdə Şirvanşahlar sara­yın­da farsca və türkcə yazan klassik şairlərdən başqa, ozan və ya ozançı deyilən xalq-şair – çalğıçılarının mövcud ol­du­ğunu qeyd etmək lazımdır. (Şirvandan Anadoluya gələrək bu­rada yaşayan və farsca şe‘rlər yazdığı üçün Əcəm Hamidi adı ilə şöhrət qazanan şairin «Divan»ı bu şair çalğıçılar haq­qında mə‘lumat verir. Bu «Divan»ın bir nüsxəsi İstanbul Ar­xeo­logiya Muzeyində, digəri Türk Tarix Qurumu kitabxa­nasın­dadır; Atanın «Əndərun tarixi»ndə bə‘zi mənzumələr möv­cud­dur). Farsca və azəricə şe‘rlər yazan Şirvanlı Minis adlı bir şairin oğlu olan Hamidi öncə Şirvanşahlar sarayının şair­lərindən olmuş və sonra Kastamonu əmiri İsmayıl bəyin ya­nına gəlmiş və 864-cü ildə isə Fatihin sarayında yaşamışdır. O, bu sarayda böyük iltifatlar görərək dəyərli əsərlər ya­ratmışdır. Ancaq, nəhayət onu istəməyənlərin intriqasına dö­zə bilməyən şair Bursaya köçmüş və Bəyazid dövründə orada da vəfat etmişdir. Ədəbi baxımdan dövrünün siyasi və ictimai tarixini özündə əks etdirən bu «Divan» Şirvanşahlarda XV əsrdə bir neçə türk şairinin yetişdiyini və türk xalq ədəbiyyatının, musiqisinin saraylarda da əhəmiyyətini itirmə­diyini göstərməklə Azəri ədəbiyyatının inkişafı haqqında bizə yeni mə‘lumat vermiş olur.
III. Səfəvilər dövrü: XVI-XVIII əsrlər
Ən son tarixi əsərlərdə də tamamilə yanlış olaraq «İran­da aryanizmin qələbəsi» tərzində təsvir edilən (Mə­sə­lən: H.Hauser et A.Renaudet, Les Debuts L‘Age moderne, 1929; R.Grousset. Historie de L‘Asie, 1922) Səfəvilər dövrü həqiqətdə ifrat şiə əqidələrinə sahib yarıköçəri türk tayfalarına dayanaraq İranlı Sasanilər dövründəki siyasi vəhdətini yeni­dən quran bir türk sülaləsinin hakimiyyəti dövrüdür. İranın əsil fars və kürdlərin çoxluq təşkil etdiyi ərazilərdə sünniliyi zorla ləğv edərək on iki imam şiəliyini dövlət dini olaraq qəbul et­dirən Səfəvilər bu hərəkətləri ilə Mavəraünnəhr və Anado­ludakı sünni türk dövlətlərinə qarşı çox təbii bir cəbhə açmış olurdular. Şeyx Səfiəddin Ərdəbili kimi böyük və nüfuzlu bir sünni şeyxi sonradan – XV əsrdə Qərbi İranda şiəliyin qüv­vət­lənməsi nəticəsində şiəliyi qəbul etdi. Bə‘zi təşəb­büs­lər­dən sonra Səfəvilər nəhayət, Şah İsmayıl dövründə şiəliyi qəbul etmiş türk tayfalarının yardımı sayəsində bir dövlət qurmağa müvəffəq oldular. Səlcuqlar və İlxanlılar dövründə İranda yerləşən türk tayfalarının şiəliyin İrana yayılmasındakı böyük rolları və nəticədə İranda bir şiə dövlətinin quruluşunun Səfəvilərdən əvvəl necə hazırlanması vaxtilə izah edilmişdir (Bax: Fuad Köprülü, Anadoluda İslamiyet, Edebiyat fakültəsi mecm. 1922, II). İfrat şiə, daha doğrusu hürufi əqidələrinə bağlı olan İsmayıl dövlət dili olaraq on iki imam şiəliyini, yə‘ni şiə məzhəblərinin ən ortodoks formasını qəbul etməklə siyasi mənfəəti naminə mübarizə aparırdı. Lakin oturaq əhalinin və xüsusilə də fars ünsürünün əksəriyyəti sünni (hənəfi və ya şəfii), digər bir hissəsi də on iki imam şiəliyinə mənsub olan İranda ifrat şiə əqidələrini dövlət dini olaraq qəbul etməyə heç bir zəmin yox idi. Şəhər əhalisi və varlı torpaq sahibləri üzərində böyük bir nüfuza malik olan üləma sinfi belə bir hərəkətin əleyhinə olacaqdılar. Bu kimi zərurətlər qarşısında Səfəvilər ortodoks şiəlikdən İranın müxtəlif xalqlarını toplayıb birləşdirmək üçün bir vasitə kimi istifadə etdilər. Əski Sə­fəviy­yə təriqətinin irsi şeyxi olan Şah İsmayıl yalnız cismani sifət və səlahiyyətə malik olan bir hökmdar deyil, eyni zamanda ruhani bir rəis digər bir ifadə ilə bütün ifrat şiə türk tayfalarını özündə birləşdirən təriqətin başında olan bir mürşid idi. Dövlət təşkilatında hələ əvvəlki üsul-idarələrdən qalan müəs­sisələr də var idi və dövlət açıqdan-açığa feodal bir mahiyyət daşıyırdı. Bu vəziyyət ancaq I Abbasın yeni islahatlarından sonra az- çox mərkəziyyətçi bir hal almışdır. I Abbasın is­lahat keçirməyinə o dövrlərdə Osmanlı imperiyasının nüfu­zunun da böyük tə‘siri olmuşdur.

İranda iki əsr yarıma qədər hakimiyyət sürən Səfəvi sülaləsi dövründə türk dilinin və türklərin böyük nüfuzlarına baxmayaraq, fars dili və ədəbiyyatı da öz inkişafını davam etdirdi, hökmdarlardan və səltənət ailəsindən bir çoxunun şe‘r və ədəbiyyatla məşğul olmaları, şair və alimləri himayə etmələri bir çoxu da türk nəslindən olmaqla yüzlərlə şairin yetişməsinə səbəb oldu.

XVI-XVIII əsrlərdə yazılmış bir çox təzkirələr İranın hər tərəfində yetişən bu şairlərin adlarını və əsərlərini qeyd et­məkdədirlər. Bu əsərlərin böyük bir hissəsi dövrümüzə qədər gəlib çatmışdır. Lakin bütün bu şair bolluğuna baxmayaraq, Səfəvi dövrünün sənət baxımından çox zəif inkişafı qəbul edil­məkdədir. Urfi, Kelim, Sa‘ib, Şövkət, Naziri Talib, Zü­huru Feyzi kimi Osmanlı şe‘rinin təkamülü üzərində tə‘siri olmuş bir neçə şair istisna edilərsə, bu iki əsr ərzində İranın əski böyük sənətkarları ilə müqayisə ediləcək heç kəs çıxmamışdır. Fars dilinin bu əsrlərdə Mavəraünnəhrdəki türk mühitində və Hindistanda qurulmuş Hind-Türk imperiyası sarayı ətrafında böyük bir rəğbət qazandığını görürük. Biz, xüsusilə, Hindistan saraylarına İrandan bir çox alim və şair­lərin sel kimi axdığına şahid oluruq. İran şe‘ri hind mühitində qərib və incə təşbihlər, qaranlıq istiarələr, ləfzi və mə‘nəvi sənətlərin çoxluğu ilə seçilən yeni bir üsluba malik olur. Ədəbiyyatçılar arasında Hindistan üslubu (səbk-i hindi) deyilən bu yeni məktəb İrandan çox Mavəraünnəhrdə və xü­susilə, XVIII əsrdən başlayaraq Türkiyədə də böyük rəğbət qazanmışdır. Lakin, əcəm şe‘rinin tənəzzülə uğraması aydın şəkildə özünü göstərməkdədir. Yə‘ni əski vadidə sufiyanə şe‘rlər, qəsidələr və qəzəllər artıq nüfuzdan düşmüşdür. On­ların yerinə isə bir tərəfdən şiəlik ideologiyasını tərənnüm edən qəsidələr, Əli Fatiməyə və onların uşaqlarına (yə‘ni imamlara) aid mədhiyyələr, mərsiyyələr kimi dini şe‘rlərlə yanaşı, digər tərəfdən də çox açıq və adətən eşq və şöhrət şe‘rləri, saqinamələr, şəhrəngizlər (və ya şəhra şublar), həcv və lətifələr üslubunda yazılmış mənzumələr yaranmışdır.

Bu yuxarıda saydıqlarımıza əski mövzuları təkrarlayan məsnəvilər, yaxud, hökmdarlara məxsus şahnamələri (mən­zum tarixlər) də əlavə etmək olar. Bu şahnamələr əvvəlki dövr­lərdə yazılanlardan məzmunca o qədər də fərqlənmirdi. Nəsr sahəsi genişlənmişdi, yə‘ni əskidən, ümumiyyətlə, ərəb dilində yazılan kəlam, fiqh və hədis kitabları artıq fars dilində yazılmağa başlanmışdır. Bu dövrdə tarixi əsərlər və münşəat­lar da çoxalmışdır. Lakin, ədəbi tə‘sir baxımından əski əsərlər bu dövrlərdə də çox qiymətli hesab edilirdi. Nasirlər və mün­şilər əski dövrlərin ustadlarını çox aşağı səviyyədə təqlid et­mək­də idilər. Xülasə, istər nəzmdə və istərsə də nəsrdə fikir və üslub baxımlarından çox açıq bir geriləmə gözə çarpmaq­dadır.



Səfəvilər dövrünün indiyə qədər heç əhəmiyyət veril­məyən və tədqiq edilməyən xüsusiyyətlərindən biri türk dilinin və türk ədəbiyyatının bu əsrlər əsnasında böyük bir mövqe qazanmasıdır. Hökmdar ailəsinin, bütün hərbi aristokratiyanın və ordunun ana dili olaraq türk dili, yə‘ni Azəri ləhcəsi rəsmi dil və ədəbiyyat dili kimi sarayda və divanda fars dilindən son­ra ikinci yeri tuturdu. İran mədəniyyətinin və fars dilinin heç azalmayan nüfuzuna baxmayaraq, sarayda, orduda, aris­tokrat mühitində, türk şəhər və kəndlərində, türk tayfaları arasında danışıq dili kimi türk dili hakim idi. «Tarixi aləm ara-i Abbasi», Övliya Çələbinin «Səyahətnamə»si və İranda olan Osmanlı səfirlərinin raportları təşkil etdiyi Şərq mənbələri bunu açıqca göstərdiyi kimi, Qərbi Avropadan olan Pietro del­la Valle, Kardin, Tavernier, Sanson, R. du Mane, Olea­rius Qrakias de Silva Fiqvəroden kimi səfir və səy­yahların ifadələri də bunu təsdiq etməkdədir. Həmçinin P.del- la Valle (Voyages de Pietro della Valle, yeni nəşri, Rouen, 1745, III, 43 v.d.) I Şah Abbas dövründə rəsmi dil olaraq fars dilinin əhəmiyyətini də ayrıca olaraq qeyd etməkdədir. Dövlətin daxili işlərində rəsmi dil olaraq fars dilinin işlədilmə­sinə müqabil, digər dövlətlərlə siyasi danışıqlarda fars dili ilə bərabər türk dili də işlədilirdi. Şərqdəki hökmdarlara, Krım xan­larına və rus çarlarına daha çox cığatayca, Avstriya və Polşa krallarına, Osmanlı sarayına isə göndərilən məktublar osmanlıca yazılırdı. Kalmıq valilərinə göndərilən məktublar bə‘zən cığatayca, bə‘zən də osmanlıca olurdu (Bu xüsusda XVII əsrə aid bə‘zi rəsmi məktubların üzləri xüsusi kitabxa­namızdadır. Ayrıca Şah Səfi dövründə İstanbula göndərilmiş bir məktub; Tarixi Təbrizi, Raqip paşa kitabxanası, № 211; IV Murad dövrünə aid bə‘zi türkcə məktublar üçün baxın: Hammer. Dövləti Osmaniyyə tarixi, IX, 306; Bir də Firudin bəy münşəatı və Osmanlı münşəat məcmuələri, L.Faketenin nəşr etdiyi türkcə iki məktub; İran şahlarının türkcə iki mək­tubu, TM, V). XIII əsrdən bəri güclü inkişaf etmiş və ədəbi məhsulları İran Türkləri arasında da hələ XIV əsrdən bəri yayılmağa başlamış olan Osmanlı ədəbiyyatı və Osmanlı ədəbi ləhcəsi Səfəvilər dövrü İranında Azəri türkləri arasında əsla məchul olmamışdır. Eyni kökdən gələn və heç bir zaman böyük fərqlər göstərməyən bu iki qardaş ləhcə məhsullarının İran və Türkiyə arasındakı sıx münasibətlər nəticəsində sür'ət­lə hər iki dövlətdə də yayıldığını düşünsək, Səfəvi diva­nın­da Osmanlı ləhcəsinin işlədilməsi səbəblərini asanca anla­yarıq. Şah Təhmasibin Osmanlı şairlərindən XəyaliRəh­minin qəzəllərini bəyənmişdir. Bundan başqa, Şah Təhma­sibin böyük şair Baki ilə tanışlığını, hələ əvvəlki Osmanlı şairlərinin əsərlərinə də yabançı olmadığını və Hind dənizin­dəki uğursuz təşəbbüsündən sonra quru yolla Türkiyəyə qayı­dan Katibi ləqəbli Seydi Əli Reisin Osmanlı ləhcəsi ilə yazdığı şe‘rlərin Səfəvi sarayında zövqlə oxunduğunu Səfəvi təzkirəçisi Sadiqi xüsusilə qeyd edir. Cığataycaya gəlincə, xüsusilə, Nəvaidən sonra bütün türk məmləkətlərində böyük bir nüfuz qazanan bu ləhcə ədəbiyyatı yalnız Teymurlular dövründə daha çox yayıldığı Xorasanda deyil, İranın hər tərəfindəki türk ziyalıları arasında qəbul edilərək sevilməkdə idi. Cığatayca yazmaq dəbi Hind və Osmanlı sarayları ətrafındakı türk şairləri kimi İran türkləri arasında da güclü idi. Şah Təhmasib dövründə Nəşatinin İbn Bəzzazın məşhur «Səfvat əl-səfa»sını Cığatay ləhcəsi ilə tərcümə etməsi (Ricu, Cat. of the turk. Mss. s. 281) Şərq türkləri arasında Səfəvi təbliğatı aparmaqdan çox bu ən‘ənənin tə‘siri ilə olmuşdur. Həmçinin I Şah Abbasın kitabçısı Sadiqinin «Məcmə əl-Həvass» adlı şe‘rlər təzkirəsini Cığatayca yazması, yenə bu dövrdə Şirvanlı Ətiqinin Cığatayca yazmış olduğu şe‘rləri də bu ən‘ənənin nüfuzunun olmasını göstərməkdədir. Osmanlı və Cığatay ədəbiyyatlarının İran türkləri üzərindəki bu nü­fuzunu Səfəvilərdən sonrakı dövrlərdə də görəcəyik. Bütün bu ümumi mütaliələrdən sonra Azəri ədəbiyyatının Səfəvilər dövründəki təkamülünü xronoloci bir surətdə xülasəsini ver­mə­yə çalışaq. Bu dövrün ilk şairi olaraq dövlətin böyük qu­rucusu I Şah İsmayılı göstərmək lazımdır. Xətai ləqəbi ilə farsca şe‘rlər yazmağından başqa, türkcə gözəl məsnəvi və rübailərdən ibarət olan bir «Divan»ı və ayrıca «Dəhnamə» adlı bir məsnəvisi olan bu şair eyni ilə Nəsimi Həbibi kimi qatı bir hürufi idi. Bir az Həbibinin və daha çox Nəsiminin tə‘siri altında əcəm əruzu ilə yazdığı mənzumələrdən başqa, sırf dini təbliğat məqsədi ilə heca vəzni ilə qoşma şəklində dördlüklər də yazmışdır. Bunlar Anadolu qızılbaşları və bektaşi – hürufilər arasında son zamanlara qədər oxunmuş­dur (Bunlardan nümunələr üçün bax: Sadəddin Nüzhət. Bektaşi şairləri, 1930, s. 135-169). Qızılbaş şairlərinə aid bir neçə mənzumələrin də ona istinad edildiyi unudulmamışdır. Ona aid əsil motivləri ayırmaq üçün yeni antologiyalardan çox Xətai «Divan»ının əski nüsxələrinə müraciət etmək lazımdır. Əski bir nüsxədən alınaraq bə‘zi hissələri 1923-cü ildə Bakıda «Maarif və Mədəniyyət» məcmuəsində çap olunmuş «Dəhnamə»nin tam bir nüsxəsi Leninqradda Asiya muzeyində 1039-cü ildə yazılmış bir məcmuə içərisində olmaqla saxlanan əlyazmalar arasındadır (№ 297). 1400 beytdən çox olan və məfulu məfailun faulun vəzni ilə yazılan bu məsnəvidə qısa bir tə‘rifdən sonra Şah-i Mərdan (Əli) haqqında mədhiyyələr və ayrıca «Allah- Məhəmməd- Əli» salavatını açıqdan-açığa tərənnüm edən bir dördlük vardır. Ara-sıra eyni vəzndə qəzəllər ilə də bəzənən bu qəzəl məs­nəvi dilinin və nəzm texnikasının qüvvətli olmasına baxmaya­raq, tez-tez sadə və canlı təbiət təsvirlərini əhatə etməkdədir. Avropa kitabxanalarında yaxşı nüsxələrinə təsadüf edilən divanın XVI əsrdə yazılmış bir nüsxəsi Ərdəbil kitabxanasın­dadır. Şairimizin ədəbi və ruhi şəxsiyyətini göstərən ən gözəl parçalar da elə bu nüsxədədir (Məhəmmədəli Tərbiyətin «Da­­niş­məndani Azərbaycan» adlı əsərində bəhs edilən «Nə­si­hətnamə» divan içərisindədir. «Mənakib əl-əsrar və behcət əl-əhrar» isə bir məsnəvi olmadığı kimi, Xətaiyə istinadı da səhvdir; Bax: Fuad Köprülü. Türk edebiyyatına ilk mutasav­vıf­lar, əlavə və səhvlərin düzəliş hissəsi). Əvvəllər şe‘rə və şairlərə çox maraq göstərirkən, sonradan zahidanə münasi­bətlərin tə‘siri altında yalnız dini şe‘rlərə qiymət verən I Təh­masibin sırf fars dilində deyil, ara-sıra türkcə şe‘rlər də yaz­dığını əlimizdəki bə‘zi nadir nüsxələrdən öyrənirik (xüsusi bir kitabxanamızdakı bir məcmuədən Qanuni Süleyman ilə bir deyişməsi də vardır). Bu illərə aid olaraq 931-ci ildə yazılmış və müəllifi məchul bir «Leyli və Məcnun» (Rieu, eyni əsər, s. 258) məsnəvisi ilə Füzulinin «Bəngü badə» məsnəvisini göstərə bilərik. Azəri ədəbiyyatı qədər Osmanlı ədəbiyyatının təkamülündə də böyük bir nüfuzu olan Füzulidən bəhs etməyəcəyik». «Divan»ı və «Leyli və Məcnun»u Təbrizdə də bir neçə dəfə nəşr olunmuş olan bu ilahi şair İran türklərinin adətən müqəddəs kitabı sayılan külliyyatı ilə türk dilini yüzillərlə yabançı tə‘sirlərdən qorumağa müvəffəq olmuşdur.

Azəri ədəbiyyatının XVI əsrdə yetişdirdiyi bir çox şairlər də vardır ki, bunlardan Bidari, Səhabi, Məsihi, Pənahi, Məş­rəbi, Anqa Şahi kimi Anadoluya gələnlər haqqında Osmanlı təzkilərində çoxlu mə‘lumat vardır və əski məc­muə­lərdə əsərlərinə təsadüf edilir. Xüsusilə, Bağdadlı Əhdinin məşhur təzkirəsində bu dövr Bağdad şairləri haqqında mü­hüm təfsilata rast gəlinir ki, bunların bə‘zilərində Azəri ləhcə­sinin xüsusiyyətləri nəzərə çarpır. Bunlardan başqa, bu dövr haqqında başlıca olaraq iki mənbəyə malikik. Birincisi, Səfəvi şahzadəsi Sam Mirzənin XVI əsrin ilk yarısına aid «Tuxfa-i Sami»si, ikincisi və ən əhəmiyyətlisi də Sadiqinin Sam Mir­zədən sonra yazmış olduğu «Məcmə əl-həvas» adlı təzkirə­sidir. Tərcümə və xülasələri ilə bir əsrdən çox dövrdən bəri Qərb şərqşünaslarına mə‘lum olan «Tuxfa-i Sami» bu son illərdə Vahidi Dəstgərdi tərəfindən çox qüsurlu və tənqidsiz olaraq nəşr olunmuşdur (Tehran, 1314). Yalnız İran sənəti və ədəbiyyatı üçün deyil, Azəri ədəbiyyatı üçün də çox mühüm bir mənbə olan «Məcmə əl-həvass»dan isə heç istifadə edil­məmişdir (Brovi İran ədəbiyyatı tarixində bundan heç bəhs etmir; Grund. diran. Philolga isə yalnız Qotha nüsxəsi tək ola­raq qeyd olunur. Halbuki Leninqradda digər bir nüsxəsi mə‘­lum olduğu kimi (Bax: Smirnov. Monuscrits turcs de L‘institut des Langues orientales. Peterburg, 1897, s. 139), üçüncü bir nüsxə də Parisdədir (Bibl.Nat., S.T., № 1002 və Blochet, ey­ni əsər, II, 126; Bu tədqiq olunmamış əsərin fars­ca və Şərq türk­cəsi, yə‘ni cığatayca yazan şairlərdən bəhs etdiyini Blok­het qeyd etməkdədir). Bu kitabın İstanbulda da müxtəlif nüsxələri vardır (Nuruosmaniyyə kitabxanası, № 3720; Uni­versitet kitabxanası, Xalis əfəndi əlyazmaları № 1844 və 6781; bir nüsxə də xüsusi kitabxanamızdadır; bu əsər­dən bə‘zi xülasələr üçün bax: Xacə Fahim, Səfünnial-şüara, İstanbul, 1259; Ləbib, Cavahiri multakata, İstanbul, 1286).



«Tuhfa-i Sami»də türk dilində yazmış olan aşağıdakı şairlərin adı çəkilir: Ayqut Sultan (ölm. 956=1549); Sam Mirzənin xüsusilə hörmət etdiyi Yusif bəy; türk dilində tərtib olunmuş divanı olan və «Küy-u çevkan»a nəzirə olaraq türkcə bir məsnəvi yazan Xəyali (ölm. 952=1544, Qəzvin); Naranci Sultan; Yusif bəy Tuşimal; Xorasan türklərindən olub şe‘r­lərində əli-ilahi və hürufi əqidələri çox açıq olan Tufayli; Əmni (ölm. 955=1548); sərbəst dini şe‘rlər yazdığı söylənilən Yerilmiş bəy; Cədidi (ölm. 939-1533); intihalları ilə məşhur olan Susani təbrizli Kalimi. Həmçinin elimizdə türkcə şe‘rləri olan bir neçə şair var ki, Sam Mirzə onlardan bəhs etməklə bərabər, türkcə yazdıqlarını da açıqca göstərmişdir. Məsələn: qəzvinli xəttat Kişvəri (bu şairin bə‘zi qəzəlləri müasirlərindən Tufayli, Xətai və İlahinin bə‘zi qəzəlləri ilə bir­likdə yuxarıda göstərdiyimiz «Dəhnamə-i Xətai» adlı məc­muədədir). Bu açıq dəlilə əsaslanaraq «Tuhfa-i Sami»də ad­ları çəkilən türk nəslindən olan bir çox şairin də Azəri ləhcəsi ilə şe‘rlər yazdıqlarını ehtimal edirik. Bə‘zilərinin əsərlərində Anadolu, bə‘zilərində isə Cığatay ləhcələrinin tə‘siri gözə çar­pan bu şairlərdən ölüm tarixləri göstərilməyənlər 957 (1550)-ci ildə hələ həyatda idilər. Çox tanınmış bə‘zi Osmanlı və Cığa­tay şairlərindən də bəhs edən Sadiqinin bizə tanıtdığı Azəri şairləri bunlardır: Fikari ləqəbli Murad xan bəy Tey­mur xan; Əməni təxəllüslü bayburtlu Məhəmməd bəy (bə‘zi türkcə şe‘rləri Brit.Muz.-də olan Əməninin /doğ. 945 – ölm. 1016-cı ildən sonra/ bu adam olması ehtimal olunur); Sadiq ləqəbli Əli xan Mirzə; İsgəndər Münşinin türkcə gözəl bir rübaisini qeyd etdiyi Şahqulu bəy Rumlu; Piri bəy; Kirami; Xoy ətrafında İvaqlı bölüyünə mənsub Mirzə Məhəmməd; bağdadlı Qılıç bəy; xalq musiqiləri ilə məşhur olan Şəmsi ləqəbli Məhəmməd bəy; Mövlana Türkmən; Tənhan bəy; təbrizli hakim Bədii; divan sahibi təbrizli Şarif (ölm. 906-1500/1501, Əhsən əl-təvarix, s. 339; divanı İndia Offike kitabxanasındadır); şirazlı Mövlanə Şahifi; marağalı qazi A‘raci (topal olduğu üçün bu ləqəbi almışdır); Ərdəbil qazilərindən Bakai Sadiqi yuxarıda adı çəkilən Susani bəy­dən bəhs edərkən Həmədanda öldüyünü və onun «Divan»ını tamamladığını söyləyir. Əfşar tayfasına mənsub olub I Şah Abbas dövrü haqqında «Abbasnamə» adlı farsca məsnəvilər və şe‘rlər yazan türkcə və farsca münşəat məcmuəsi tərtib edən Sadiqi dövrünün məşhur bir şəxsiyyəti olmuşdur. O, məşhur nəqqaş Müzəffərəlinin ən tanınmış şagirdlərindən olub macəralar dolu bir həyat sürdükdən sonra bir müddət I Şah Abbasa kitabxana müdiri olmuşdur. Lakin sonralar şıltaq xasiyyətinə görə haqqı ödənilməklə vəzifəsindən uzaqlaş­dırıl­mış­dır. (Bax: Aləm ara-i Abbasi, «Tahiri Nəsrəbadi» təzkirəsi və xüsusilə «Məcmə əl-həvass»da həyatına və əsərlərinə aid ətraflı yazılmışdır. Hələlik ona aid ən ətraflı tədqiqat əsəri budur: Məhəmməd Əli Tərbiyət, Sadiqi-i Əfşar, Məcələ-i ər­mağan, Tehran, XVI, 15). Türkcə şe‘rlərindən və nəsr əsər­lərindən başqa, Cığatay ləhcəsi ilə şairlər təzkirəsi yazması Azəri şairləri ilə bərabər, Osmanlı və Cığatay şairlərindən də bəhs etməsi türkcəsinin müxtəlif ədəbi ləhcələrini çox yaxşı bildiyinə və geniş mə‘nada türk mədəniyyətinə qiymət verdiyinə dəlalət edir.

Bu adlara əlavə olaraq türkcə şe‘r söylədiklərini başqa ədəbi və tarixi mənbələrdən öyrəndiyimiz bə‘zi şairləri də qeyd edək. Şah Təhmasibin qardaşı şair Bəhram Mirzənin ikinci oğlu İbrahim Mirzənin müxtəlif sənət növlərindən başı çıxdığı və sənətkarları himayə etdiyi, zəngin bir kitabxanası olduğu mə‘lumdur. Şair Cahi təxəllüsü ilə farsca və türkcə gözəl şe‘rlər də yazmışdır və 984-cü ildə (1576) II İsmayıl tərəfindən qətlə yetirilmişdir (Bax: Aləm arz-i Abbasi, 1, 149; bu şahzadə haqqında və ümumiyyətlə, Səfəvi sülalələrinə dair Zambaur, Manuel de gencal. Et de chronol. Pour İ‘histoire de l‘Islam‘da verilən mə‘lumat natamam və səhvdir).



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin