Klassik Alman felsefesi Plan: Georq Vilhelm Hegel L. Feyerbax Imanuel Kant



Yüklə 69,18 Kb.
səhifə10/14
tarix02.01.2022
ölçüsü69,18 Kb.
#38813
1   ...   6   7   8   9   10   11   12   13   14
referat 5076 (1)

İncəsənət və mifologiya

İndi Şellinqin başqa bir fikrini gözdən keçirək. Yadınızdadırsa, o, mifologiyadakı tanrıları gözəllik qanunları ilə qurulmuş sayırdı. Şellinq istəsə də, istəməsə də onun bu fikri yunan əsatiri üçün doğrudur (misirlilərin çaqqalbaş, qartalbaş tanrılarını yəqin ki gözəl saymaq Şellinq üçün çətin idi).

Bu alman filosofu yazır ki, incəsənət Absolyutu (heç nədən asılı olmayanı) ayrıca nəsnələrdə, olaylarda üzə çıxarmağa çalışır, yəni məhdud olanda məhdudsuzun əngəlsiz bilinməsini açır. Belə ayrıcalar gözəldir, çünki, adətən, hüdudsuzla, hüdudlu bir-birinə tərsdirlər, qarşıdırlar, gözəllik isə bu ziddiyyəti əridir, qeyri-məhdud olan məhdud sınırlarda olan ayrıcalarda gerçəkləşir. Sonra Şellinq artırır: həmin ziddiyyət ilk dəfə ən yüksək dərəcədə mifologiyanın Tanrı obrazlarında əridilir. Mifologiyada hər bir tanrı ayrıcadır, ancaq eyni zamanda hər belə tanrı (və ya onun obrazı) Absolyutla tam zənginləşir. Ona görə də tanrılar haqqında ilkin rüşeym təsəvvürlər poetik təxəyyülün sayəsində bir bütövə çevriləndə (məsələn, Homerin «İliada»sında) görək nə baş verir? Nəticədə öz sınırlarında, çərçivəsində bitginləşmiş mifologiya sistemi (məsələn, yunan əsatirləri korpusu) yaranır. Bu mifologiya öz bütövlüyü sayəsində müstəqilləşir, daha qıraq şeylərin təsirinə düşmür. Bircə-bircə öz imkanlarını açmaqda bulunur. Bu mifologiya içində hər Tanrının Absolyutdan gələn zənginliyi özünü onda göstərir ki, hər Tanrı başqa Tanrı ilə bütün mümkün əlaqələrə girməyə başlayır. Bütün Tanrı obrazları bir-biri ilə bütün mümkün hörgülərə düşür.

Şellinq mifologiyanı sənət üçün ilkin material və ilkin görk sayır. Bu nə deməkdir? Birincisi, o deməkdir ki, sənət yaradıcılığı sənətdən öncə ümumiyyətlə yaradıcılıq prinsipləri formasında qabaqca universuumun törənişində, sonra isə mifologiyanın törənişində işləyib. Və yalnız sonralar həmin prinsiplər mifologiyadan çıxaraq başqa bir yaradıcılıq bölgəsini, yəni bizə tanış olan incəsənəti qurub-düzəldib.

Bu prinsiplərin bir neçəsinə baxaq. Şellinq söyləyir: mifologiyada Tanrı görkünün törənməsində onun (Tanrının) ayrıcalığında (təkcəliyində) ümuminin, Absolyutun əriməsi önəmli iş görür. Oxşar durum incəsənətdə də var. Sənətkar bədii görkləri, gerçəklikdən seçdiyi kəsimi (fraqmenti) Tanrı, mif modelində bədiiləşdirir. Yəni bütün böyük sənətkarlar dünyanın onlara açılmış parçasını mənaca bir bütövə çevirirlər və onun materiallarından sanki öz miflərini yaradırlar. Məsələn, Şekspir çağının adətlərindən, xalqının tarixi materiallarından çoxlu əsərlər yazsa da son nəticədə bütöv bir mif kimi dünyanın görkünü yaratmışdı.

Şellinqin bu ideyası indi də estetikada önəmli prinsip kimi qalır. Həmin prinsipi belə də yozmaq olar: bədii əsər, sözsüz, gerçəkliyin, hamısını yox, parçasını göstərir. Ancaq sonucda o, bütün dünyanın obrazına çevrilir. Bədii əsər bütün dünyanın durumunu duydura bilir, bütün dünya üçün qaçınılmaz halları, çıxış yollarını görükdürə bilir.

Bədii əsərin obraz kimi belə tutum, genişlik qazanmasını açıqlayaq. Əgər o, məsələn, gerçəkliyin bir parçasında əxlaqi, siyasi ziddiyyət, problem tapırsa və onları dəyərləndirirsə, bütün bunlar qlobal xarakter daşımalıdır, yəni belə duyulmamalıdır ki, bütün bunların yalnız Leyli adlı filan qızla Məcnun adlı filan oğlana dəxli var.

Yuxarıda deyildiyi kimi, belə bir ideyanın kökündə Şellinqin başqa düşüncəsi durur: incəsənət üçün xarakterik olan yaradıcılıq ən öncə mifdə özünü göstərir».




Yüklə 69,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin