Kənd Təsərrüfatı İlin də Azərbaycan Respublikasında aqroparkların formalaşdırılması mexanizmləri və fermərlərin prosesdə iştirakçılığının gücləndirilməsi



Yüklə 0,88 Mb.
səhifə5/6
tarix24.05.2020
ölçüsü0,88 Mb.
#31540
1   2   3   4   5   6
ISIM Aqrar Aqropark 2015 (1)

Biopark Terneuzen bioyanacaq zavodlarının təqdim edilməsinə və istixana təsərrüfatı üçün istilik və CO2 kimi tullantı qalıqlarının yenidən istifadəsinə əsaslanan aqropark yaratmağa çalışır. Bu, təkcə ənənəvi “aqro-qida” təsərrüfat ərazisində deyil, həmçinin, əsas intensiv istehsal ərazisində yerləşəcək ilk istixanadır7.

Biopark Terneuzen layihəsinin əsaslandığı ideya gübrə fabrikindən CO2 -nın buraxılmasını istixana şirkətləri üçün material kimi əlaqələndirmək yolu ilə iki fərqli sənaye arasında dövrəni tamamlamaqdır. Ikinci dərəcəli proseslə bağlı olaraq dövrənin bağlanması mühitə zərərli təsirlərin azaldılması ilə xərclərin də azaldılmasını nəzərdə tutur. Ancaq ödəniləcək məbləğ qalmaqdadır. Əvvəlcə, ilkin və ikinci dərəcəli proseslər arasında yüksək qarşılıqlı asılılıq istilik və CO2 təchizatlarının pozulması riskini azaltmaq üçün iki qat investisiya qoyuluşuna gətirib çıxartmışdı. Şirkətlər enerji təchizatına zəmanət vermək üçün ikiqat investisiya qoymuşdular və avadanlıqların quraşdırılması həyata keçirilmişdi. Ilkin prosesdən gəlirlərin itmə riski ikinci dərəcəli prosesdəki xərclər üzərində qənaətdən artıq idi. Ikinci problem isə təsərrüfatçının seçimləri ilə bağlı idi. Niderlandda həmçinin, təsərrüfatçıların sərbəst və müstəqil sahibkar kimi işləməsi istixana mədəniyyətinin bir hissəsidir. Belə olan halda Biopark Terneuzen təsərrüfatçıları enerji təchizatında iflas etmə riskini azaltmaq üçün müstəqil olmaq istəyirlər. Ancaq onların müstəqil işləmək səlahiyyəti yoxdur. Biopark Terneuzen layihəsi uğur qazanmaq üçün iqtisadi aspektlərin vacib olduğu dəyər zəncirinin inkişafındakı çətinlikləri göstərir8.

Agropark Bergerden

Bergerden Agropark” dövlət tərəfindən dəstəklənən layihədir və Lingewaard Bələdiyyəsinin ərazisində, Niderlandın quru sahəsindəki ən böyük əyalətində yerləşir. Hələ 2003-cü ildə Bergerdendə 110 hektara yaxın sahədə 15 bağçılıq şirkəti yerləşirdi. Agropark Bergerden layihəsinin əsas məqsədi istilik, elektrik, su və CO2 üçün birgə mübadilə sistemlərinin yaradılmasıdır. Bu hədəflər reallaşdırılsa da, iqtisadi böhran nəticəsində aqroparkın fəaliyyət qabiliyyəti aşağı düşmüşdür.

2008-ci ilədək Agropark Bergerden elektrik enerjisinin istehsalı ilə bağlı dəyişən, əsaslı dərəcədə aşağı xərclərlə, ölkə daxilindən və xaricdən bir sıra ödənişsiz reklam və ziyarətçiləri ilə real müvəffəqiyyət nümunəsi hesab olunurdu. Uğurun nəzərə alınmasına baxmayaraq, bu Agropark ilə bağlı vəziyyətin araşdırılması şirkətlərin qeyri-rəsmi, ictimai əlaqələrə nisbətən rəsmi razılaşmalar vasitəsilə bir-biri ilə daha sıx əlaqə saxladığını göstərdi. Bu, şəbəkəyə qoşulmaq üçün saziş üzrə nisbətən yüksək xərclərə, kənar tərəflər üçün daha zəif təşviqata səbəb ola və yeni məsələlərin qəbul edilməsindən, eyni zamanda, ideyaların meydana çıxmasından əvvəl daha çox zamanın sərf olunmasına səbəb ola bilər. Ümumiyyətlə, Bergerden 2003-2008-ci illərdə fəaliyyətə başlayan, lakin 2008-2013-cü illərdə arzuedilməyən faktorlarla üzləşən, buna baxmayaraq, 2014-cü ildən etibarən yenidən qruplaşan və inkişafa nail olan üstün potensiala malik aqrosənaye kompleksi kimi təsvir edilə bilər9.

Enerji təchizatı və su toplama sistemi Bergerden Agropark-da enerji xərclərini 10%-dək azaldan iki nəzərəçarpan faktordur. Bergerden Agropark ilk kommersiya kollektiv enerji sistemidir. Təbii qazlar və bioyanacaq xammal olaraq, enerji sistemini təchiz edir. Generatorların əsas məhsulu olaraq, elektrik, istixanaların işıqlandırılması və yaxınlıqda yerləşən şəhərlərin elektrikə olan tələbini təmin etmək məqsədilə istifadə olunur. Enerji sisteminin tullantıları, istilik və Co2 də istixanalarda istifadə olunur. Fiwihex adlandırılan yeni növ istilik dəyişdiricisi istilikötürmə məqsədilə istifadə olunur. İstilik dəyişdiriciləri yayda istiliyi istixananın qızdırılmış havasından suya ötürür və qışda ilıq suyu istixananın qızdırılmamış havasına ötürür. Fiwihex sistemində nazik simlər və borular istiliyi havadan suya və ya sudan havaya çox səmərəli şəkildə ötürür. Bergerden su sistemi istixanalarda su kimi istifadə etmək üçün yağış sularını istixana damından boru vasitəsilə ümumi istifadə üçün nəzərdə tutulmuş çənlərə toplamaq məqsədilə layihələndirilmişdir. Ehtiyatlardakı su təmizlənir və xüsusi infrastruktur vasitəsilə hər bir istixanaya vurulur. Bu, istixanalar üçün A keyfiyyət tipli su təmin edir10.



Hindistan

Hindistanda tətbiq edilən aqropark layihələrinin iki əsas məqsədi var. Birincisi, onlar emal imkanlarını yaratmağı və tələb edilən anbarla təmin etməyi nəzərdə tuturlar. Ikincisi isə, onlar Hindistanda orta sinifin genişlənməsi və “daxili bazardan kənar” anlayışı ilə yaradılan yeni bazar tələbi üzərində durmağı qarşıya məqsəd qoyublar. Təbii ki, bu məqsədlərin həlləri aqroparklarda aqroemal vasitəsilə əlavə edilə bilən emalın yeni yolları və digər loqistikaların təqdimatından ibarətdir. Hindistandakı bu cür Aqropark təşəbbüsünün nümunəsinə Nellordakı Aqropark IFFCO Kisan SEZ (IKSEZ) aiddir. Bu şəbəkə digər aqroparkların da daxil olduğu Ağıllı Aqrologistika Şəbəkəsinin elementi kimi qurulmuşdur. Aqropark IFFCO Kisan SEZ (IKSEZ) metropolisdə aqroməhsullar və aqroparklarda geniş miqyaslı istehsalat üçün tələb arasında əlaqəni təmin edən birlik mərkəzlərindən ibarətdir11. IKSEZ Aqroparklarının əsas missiyası əsasən, ərzaq emalı sənayesini təmin edən və qlobal istehsal şirkətlərini yerləşdirən biznes infrastruktur avadanlıqları ilə “Təsərrüfatçıya məxsus-Təsərrüfatçı tərəfindən idarə edilən” (“Farmer Owned-Farmer Managed”) xüsusi iqtisadi zonanı inkişaf etdirməklə “Hindistan Təsərrüfatçısına səlahiyyət vermək”dir12.

1100 ha ərazini əhatə etməklə, onun ən vacib uğur faktoru Hindistan investorları və beynəlxalq sahibkarlar arasında birgə müəssisələrin yaradılmasıdır. Onlar texnoloji yardımçılar, peşəkar təlimçilər kimi insan gücü tətbiq etməklə layihəyə öz operativ biliklərini əlavə edirlər. Eyni zamanda bu birgə müəssisələrin bəzi problemləri mövcuddur. Ən əsas problemlərdən biri Hindistan hökumətinin ağır bürokratiyası ilə mübarizədədir13. IKSEZ 2012-ci ilin Oktyabr ayından fəaliyyət göstərir və onun ixrac imkanları 2015-ci ilin Avqust ayına kimi R.s. 20.12 balı keçmişdir14.



Çin

Çin hökuməti keçmişdə qida təhlükəsizlik standartları ilə bağlı məsələlərlə üz-üzə gəldiyindən diqqəti qida təhlükəsizliyi və qlobal qida standartlarına yönəldib. Çin qida parklarına investisiya cəlb etmək məqsədilə biznesi asanlaşdırma tədbirləri həyata keçirir. Çin hökumətinin stimulu həmçinin, texnologiya, R&D (Tədqiqat və İnkişaf) və ən yaxşı idarəetmə təcrübələrini əldə etməyə yönəldilib. Çindəki Aqropark təşəbbüslərinin nümunələrinə daxildir: Greenport Şanxay and Greenport Kaofeidian.

Şanxayda bir çox digər meqaşəhərlərdə olduğu kimi aqro-qida istehsalının böyük bir hissəsi şəhərdə və şəhərin kənarında baş tutur. Şanxay qida təhlükəsizliyi problemini qida istehsalının sürətləndirilmiş islahatına üstünlük verməklə, məsələn, kiçik miqyaslı kənd təsərrüfatından Aqroparklara yönəlməklə həll etməyə çalışır. Dünyanın başqa yerlərində olan Aqroparklar kimi Vaqeningen Universitetindən və Tədqiqat Mərkəzindən olan ekspertlər də Greenport Şanxay-ın (Şanxayın yaxınlığında Çongming Adası boyunca 80 km ərazində 27 km2 –lik ekoloji aqropark) yaradılmasına cəlb edilib15. O, 1.1 milyon donuz, 7 milyon toyuq, 113.000 ton tərəvəz potensialı və 844 kV elektrik istehsalı ilə indiyə qədər dünyada ən ambisiyalı və geniş miqyaslı aqroparkdır16. Greenport Şanxay-da hökumət görülən işlərin xərclərini kəskin şəkildə azalda biləcək vahid pəncərə şəffaflığını təmin etməyi planlaşdırıb. Greenport Şanxay-da şirkətlərə düzgün tərəfdaş tapmaq üçün stimullar və iqtisadiyyat, kənd təsərrüfatı və elmi siyasət barədə məlumatlar verilib. Onlar həmçinin, marketinq, texniki-iqtisadi əsaslandırma və yeni bazarların araşdırılması sahələrində yardım almışlar. Parkın əsas planı yüksək keyfiyyətli Hollandiya standartları ilə hazırlanmışdır və texnologiya və R&D perkolyasiyası kimi müsbət xarici təsirlərə yol açır17. Buna baxmayaraq, Greenport Şanxay heç vaxt planlaşdırma mərhələsini keçməmişdir. Greenport Şanxay layihəsi göstərir ki, Aqropark konsepsiyalarının potensialının olmasına baxmayaraq, bu parkları faktiki olaraq reallaşdıra biləcək təşkilatların klasterlərini yaratmaq olduqca çətindir18.

Tangşan şəhərinin cənubunda tam yeni sənaye ərazisi kimi təyin edilən Greenport Kaofeidian Kaofeidian hökumətinin təşəbbüsü ilə həyata keçirilir. Aqropark Greenport Kaofeidian Çində Pekindən 300 km şərqdə Tangşan şəhərində sənaye və metropoliten inkişaf ərazisinin bir hissəsi kimi planlaşdırılmışdır. Aqropark yeni eko-şəhər və su anbarının ətrafında yerləşmişdir. Əgər bu layihə həyata keçirilərsə, 10.000 işçi ailəsi ilə birlikdə onun mərkəzində yerləşən ekoloji şəhərdə yaşaya bilər. Hökumət fəal şəkildə bütün dünyada inkişaf və icraat üçün başlanğıc nöqtəsindən layihə ilə əməkdaşlıq etmək istəyən fərdi şəxslər axtarır19.



Yamayka

Yamayka daxilində icra olunan aqropark layihələri aşağıdakıların asanlaşdırılması məqsədilə tikilmişdi:

1) dövlət-özəl sektorun əməkdaşlığı əsasında investisiyalarının təqdimatı,

2) resurs bölgüsü və istifadəsinin səmərəliliyinin nümayişi,

3) miqyaslı iqtisadiyyatın təkmilləşdirilməsi,

4) bazara girişin yaxşılaşdırılması,

5) davamlılığın təmini və stimullaşdırılması,

6) uzunmüddətli və mövsümi məşğulluğun yaradılması,

7) kənd təsərrüfatının inkişafı üçün mərkəzi məntəqələrin yaradılması.

İcrası nəzərdə tutulan 9 aqropark layihəsindən 7-si hazırda həyata keçirilir. Digər iki aqropark layihəsi isə 2015-ci ilin sonunadək həyata keçiriləcək. Artıq icra olunan 7 aqroparka daxildir: Amity Hall - St. Catherine; Ebony Park – Klarendon; Yallahs - St. Thomas; Plantain Garden River – St. Thomas; New Forest/Duff House - Mançester, St. Elizabeth; Hill Run - St. Catherine; Spring Plain – Klarendon. Bu aqroparkların istehsala cəlb olunan 1,011.38 ar sahəsində cəmi 225 fermer iştirak edir. Əsas bitkilərə kalış (bu günə kimi 188 ar biçilib), yerli heyvan yeminin əvəz edilməsi üçün ot (65 ar); soğan, zəncəfil, tərəvəz, meyvə və kök yumruları daxildir. Hazırda cəmi 18,880 buşel kalış, 7,200 ot tayası, 120,576 funt soğan və 830,469 funt tərəvəz, kök yumruları və meyvə yığılmışdır. Bu aqroparklarda aqroparkda 225 fermerlə bərabər 839 işçi çalışır.

Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyinin Strateji Biznes Planına uyğun olaraq, proqram çərçivəsində aqroparkların 6,360 ar sahəsi plana daxil edilmişdir. Bu sahənin 4,939 arı AİC-in birbaşa idarəçiliyinə, qalan 1,421 arı isə özəl investorların idarəçiliyinə daxildir. AİC-in idarəçiliyinə daxil olan 4,939 ardan 55.8%-i, yəni 2,756 arı icarəyə verilmişdir. Qalan 44.2% isə infrastrukturun tam inkişafını nəzərdə tutmaqla işlənməkdə olan icarə müqaviləsinin müxtəlif mərhələlərindədir.

Hökumət Avropa İttifaqı/ Şəkər Transmissiyası Qurğusu Proqramı vasitəsilə infrastukturu maliyyələşdirir və İnter-Amerikan İnkişaf Bankı tərəfindən maliyyələşdirilən Kənd təsərrüfatı üzrə Rəqabət Proqramını təmin edir. Daha ətraflı desək, ayrılan vəsaitlərə bunlar daxildir: Şəkər Transmissiyası Qurğusu vasitəsilə Avropa İttifaqı – 427 milyon Yamayka dolları; ACP layihəsi ilə İnter-Amerikan İnkişaf Bankı (İİB) – 620 milyon Yamayka dolları. Fermerlərdən/ İnvestorlardan dövriyyə kapitalını ya öz resursları ya da kreditlə təmin etmək tələb olunur. Bununla bərabər, maliyyə təşkilatları dövriyyə kapitalını təmin edir və marketoloqlar isə qablaşdırma obyektlərinin qurulmasında AİŞ ilə əməkdaşlıq edəcək20. Ümumiyətlə hər bir ölkənin qida məhsullarının istehsalında özünü təmin etməli olduğu ilə bağlı ənənəvi fikirlər mövcuddur. Amma qlobal sferada belə bir sual meydana çıxır ki, növbəti 10-20 il ərzində 9 milyarddan çox əhalinin qidalanmalı olduğunu nəzərə alsaq, dünya intensiv qida istehsalı olmadan bütün bunları idarə edə bilərmi21. Aparılan saysız araşdırmalar göstərdi ki, kənd təsərrüfatının intensiv inkişafı əsas çıxış yoludur, lakin prosesin mənfi təsirlərinin aradan qaldırılması cəhdləri mümkün qədər sürətləndirilməlidir.



Azərbaycanın aqropark təcrübəsi

Güclü iqtisadi mövqeyə nail olmaq üçün Azərbaycanın kənd təsərrüfatı sənayesi dünya bazarında davam edən liberallaşmadan töhvəsini almalıdır. Dünyanın digər bölgələrində güclü rəqabət mühiti mövcuddur və Azərbaycan müxtəlif ölkələrdən müxtəlif qida məhsulları idxal edir. Başqa ölkələr bu məhsulları hətta ən aşağı qiymətə istehsal edə bilər. Bu o deməkdir ki, Azərbaycanın kənd təsərrüfatı sənayesi qlobal miqyasda rəqabət aparmaq iqtidarında deyil. Bu səbəbdən yenidən formalaşdırma qaçılmazdır. Hazırda kənd təsərrüfatından irəli gələn bütün problemləri həll etmək üçün hərtərəfli yenidənqurmanın həyata keçirilməsi şərti ilə Azərbaycan intensiv kənd təsərrüfatına keçidi mütləq şəkildə davam etdirməlidir. Lakin yadda saxlamaq lazımdır ki, bütün qida məhsullarının istehsalı aqroparklarda həyata keçirilmir. Kənd təsərrüfatının daha geniş formaları üçün yer qalır. Beləliklə, müxtəlif sosial, mədəni və iqtisadi ehtiyaclar nəzərə aldıqda fərqli mənzərə yaranır.

İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına görə, “Aqropark” inkişaf konsepsiyası ölkənin ixrac potensialının artırılması, milli brendlərin yaradılması, kiçik və orta fermerlərin innovativ təcrübəsininin artırılması, kənd təsərrüfatı sektorunda koordinasiyalı sistemin yaradılması, istehsalçı, işçi və istehlakçı arasında inteqrasiyanın təmin olunması, yüksək məhsuldarlığın əldə olunması, aqrar sahədə yüksək ixtisaslı mütəxəssisləri təkmilləşdirilməsi və yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq.

Azərbaycanda mövcud vəziyyət onu göstərir ki, emal sənaye müəssisələri ilə kənd təsərrüfatı istehsalçıları arasında qarşılıqlı əlaqə tam olaraq qurulmayıb, emal sənəyesinin və kənd təsərrüfatı istehsalı ilə inteqrasiyasında problemlər mövcuddur. Buna baxmayaraq, Sahibkarlığa Kömək Milli Fondu fermerlərə və kənd təsərrüfatı istehsalçılarına müəyyən məbləğdə güzəştlı kreditlər ayırır, kəmçinin logistika mərkəzi, soyuducu və saxlama kameraları layihələrini maliyyələşdirir. Bunların 37-si istifadəyə verilib, 9 logistika mərkəzi isə tikintisi davam edir. Milli Aqroparkların fermerlər üçün təmin etdiyi şəraiti aşağıdakı kimi izah etmək mümkündür:

- İştirakçı fermlerlərin istehsal etdikləri məhsulların realizə edilməsində problem olmur, məhsulun dəyərsizləşməsi və yaxud zay olması halı aradan qalxır

- Mənfəət norması yüksəlir

- Fermerlərə elmi dəstək verilir (Aqroparklarda Elmi Araşdırmalar və İnnovasiya Mərkəzi yaradılıb)

- Kiçik fermerlərə konsultasiya xidmətləri göstərilir

- AqroAptek fəaliyyət göstərir, İsveçrə, Almaniya, İtaliya, Fransa və İsraildə istehsal olunan yüksək keyfiyyətli gübrə pestisitlər ilə təmin olunur.

- Kənd təsərrüfatı məhsullarının intensiv istehsal olunması, daşınması, saxlanılması və eyni zamanda onun satışını təşkil edilir.

Bildiyimiz kimi kənd təsərrüfatı məhsulları tez xarab olan məhsul olduqlarına görə onların realizasiya prosesidə sürətli olmalıdır əks halda isə becərilmiş məhsullar yararsız vəziyyətə düşür. Bir çox ölkələrlə müqayisədə müəyyən etmək mümkündür ki, Azərbaycanda kənd təsərrüfatı zəif inkişaf səviyyəsi ilə ciddi islahatların aparılmasını tələb edir. Məsələn Almaniyada aktiv əhalinin 2,7 % - i kənd təsərrüfatı sahəsində işləyir və bu göstərici getdikcə azalmaqdadır. Mövcud torpaqların 80 %-i kənd təsərrüfatı və meşəçilik sahəsini əhatə edir və ümumi ixracın 5 %- i kənd təsərrüfatı məhsullarından ibarətdir. Bu ölkədə kənd təsərrüfatının intensiv inkişafı kooperativlik fəaliyyətinin başlanğıcı hesab edilən “Raiffeisen” modelindən götürülüb. Burada əsas prinsip “ Öz özünə kömək etmək” prinsipi durur. Ümumiyyətlə isə F. Wilhem Raiffeisen və Herman Schulze – Detitzsh dünya ədəbiyyatında kooperativ fəaliyyətinin üstünlüklərinin izah edən nəzəriyyələri ilə tövhə veriblər və bir çox ölkələr kooperativ fəaliyyətlərin təməlində bu model dayanır. F. Wilhem Raiffeisen istehsalçıların tələblərinə uyğun və məqsədli kredit kooperativlərini yaradıb, Hemen Schulze isə kiçik biznesmenlərin maliyyə ehtiyacları üçün kredit koorperativləri qurub.

Alman Raiffeisen Kooperativləri Birliyi aşağıdan yuxarıya doğru vahid kooperativlər, regional kooperativlər və milli səviyyədəki kooperativ mərkəz birliyi şəklində təşkilatlanıb.Almaniyada kooperativlər yaradıldığı tarixdən etibarən dövlət müdaxiləsindən kənardı, kooperativlərdə özəl fəaliyyat göstərərək dövlətdən maliyyə yardımı almırlar. Kənd Təsərrüfatı sektorunda bir çox məhsulda, istehsaldan satışa çıxarmağa qədər olan prosesin idarəsi kooperativlərin əlindədir. Məsələn; ölkədə istehsal olunan südün 70 %-i, şərabın 35-%i, toxumun 70 %-i, və yem tədarikinin 60 %-i kooperativlər vasitəsilə həyata keçir. Alman kooperativçiliyi 150 illik keçmişə sahibdir və formalaşma müddətini tamamlayıb. Kooperativlər son 30 ildə sürətlə birləşmə-inteqrasiya prosesi yaşamaqdadır. Hal-hazırda Almaniyada 14 milyon ortağı olan ümumi 4,184 kənd təsərrüfatı sahəsində kooperativlər xidmət göstərir. Alman kooperativləri istehsaldan son istehlakçıya qədər bütün müddəti nəzarət altına götürür. COGEC-yə ( General Confederation of Agriculture cooperatives in the European Union ) üzv olan kooperativlər iqtisadi və ictimai güclərini eyni zamanda ortaqlarının mənfəətini qoruyan güclü təşkilatlardır. 8 milyon əhaliyə sahib olan Avstriya torpaqlarının 90 %-i kənd təsərrüfatı və meşə ərazisidir. Kənd təsərrüfatında gəlirlərin 30 %-i əkinçilik sahəsindən gəlir və bu sektorun məşğulluqda xüsusi çəkisi mərhələlərlə azalmaqdadır. Beləki 1980-ci ildə ölkə əhalisinin 10%-i bu sahədə fəaliyyət göstərirdisə hazırda həmin göstərici 5 %-ə düşüb.

Kənd təsərrüfatı kooperativləri quruluşunun ilk illərində maliyyə dəstəyini Raiffeisen banklarından əldə edib. Yerli səviyyədə qurulan kooperativlər ilk olaraq “ Landerszentrale” adlı birlik, qısa müddət sonra 1898-ci ildə isə “ Avstriya kənd təsərrüfatı kooperativləri birliyi” yarada bildilər. Avstriya AB-nə üzv olduqdan sonra kənd təsərrüfatı sektoru sürətlə inkişaf etmiş, ölkədə mövcud olan çoxsaylı kiçik kooperativlər birləşmiş və bu birləşmə 1980-ci ildə yeni kooperativlər qanunu yenidən tənzimlədi. Avstriya kooperativlik modelində də Almaniyaya oxşar olaraq Yoxlama Birlikləri mövcuddur. Bu birliklər 1903-cü ildə yaradılıb və 1934-1936-ci illərdə həmin qanunda edilmiş dəyişikliklərlə ölkədəki hər cür kooperativlər Yoxlama Birliyinə üzv olması zəruriləşdi.

Avstriya kooperativ qanununa görə kooperativlər ümumi , idarə və yoxlama heyəti olmaqla üç orqandan ibarətdir.

Avropa Birliyində istehsalçı təşkilatlar ;

- Avropa Birliyi Kənd Təsərrüfatı Təşkilatları Komitəsi (COPA)

- Avropa Birliyi Kənd Kooperativlərinin Ümumi Komitəsi (COGECA)

- Avropa Gənc Fermerlər Şurası (CEJA)

İstehsalçı təşkilatlarının ölkələrə görə bölüşdürmələri olduqca fərqlidir. Belçika, Danimarka, Avstriya, Finlandiya və İsveçdə 10-dan az istehsalçı təşkilatı varkən Yunanıstan,İspaniya, Fransa, İtaliyada 100-dən çox istehsalçı təşkilatı fəaliyyət göstərir. İstehsalçı təşkilatlarının iqtisadi ölçüsü baxımından baxıldığında, istehsalçı təşkilatları vasitəsilə satışa çıxarılan bütün istehsalın əhəmiyyətli bir qisiminin, kiçik bir qrup istehsalçı təşkilatın əlində olduğu görülməkdədir. Yalnız Belçika və Hollandiyada istehsalçı təşkilatları 100 milyon avroya yaxın və meyvə və tərəvəz istehsalının 70%-dən çox bazar payına malikdir. 5-20 milyon avroluq istehsal həcmi olan kiçik və orta həcmli istehsalçı təşkilatları vasitəsilə satışa çıxarılan məhsullar ümumi istehsalın 55 %-ni təşkil edir.

İstehsalçı təşkilatlar vasitəsi ilə planlı şəkildə yüksək keyfiyyətlı məhsulların istehsalı reallaşdırmaq, standartlara uyğun şəkildə məhsul realizasiyasını təşkil edir, istehsal xərclərinin aşağı düşməsinə, istehsalçı qiymətlərində sabitliyin təmin olunması, istehsal prosesində yaradılmış tullantıların qiymətləndirməsi ətraf mühitin qorunmasının tətbiqinə təşfiq, Su və torpaq ehtiyatları ilə landşaft keyfiyyətinin qorunmasını təmin etmək, Bioçeşitliliyin davam etdirilməsini təmin və təşviq etmək və sair digər üstünlüklərə sahibdir.

Avropa Birliyinin əksər ölkələrində olduğu kimi Danimarkada da kooperativlik 19-cu əsrdə yaranmağa başlayıb, təxminən 5,5 milyon əhaliyə malik olan Danimarkada əhalinin 4 % -i kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. 1880-ci illərdə texnoloji inkişafla paralel olaraq artan süd və süd məhsulları tələbatının ödnilməsi məqsədi ilə süd istehsalçıları kooperativlər nəzdində təşkilatlandı.

1900-cu ilin əvvəlində yumurta istehsalı ilə məşğul olan fermerlər də kooperativlər qurdular ki, nəticədə Danimarkada kooperativ fəaliyyətlərin formalaşma prosesi daha da sürətlənərək kiçik və gücsüz kooperativlərin oz aralarında birləşərək daha da böyük güc əldə etməsinə səbəb oldu. Hazırda Danimarkada istehsal olunan kənd təsərrüfatı məhsulları ölkənin daxili tələbatından təxminən 3 dəfə artıqdır. Danimarkda mövcud olan torpaq və ərazinin 65%-i kənd təsərrüfatında istifadə olunur və kənd təsərrüfatı məhsullarının 75 %-i ixrac olunur. Bu ölkədə kooperativlər üçün xüsusi qanunvericilik aktları yoxdur, kooperativlərin fəaliyyəti ticarət qanunu ilə tənzimlənir. Həmçinin kooperativlər ölkədə mövcud olan rəqabət qanunlarına uyğun fəaliyyət göstərmək öhdəliyi daşıyır. Kənd təsərrüfatı kooperativlərinin əsas xüsusiyyəti onların müəyyən sahə üzrə ixtisaslaşmış olmasıdır. Vahid kooperativlər lokal səviyyədə istehsalın səmərəliliyini təmin edərkən, regional və milli səviyyədəki birliklər məhsulun emalı və satışa çıxarılması ilə əlaqədar fəaliyyətləri icra etməkdədir. Danimarkada istehsal olunub satışa çıxarılan ət, süd və balıq məhsullarında kooperativlərin payı 90 %-dən artıqdır. Kooperativlər marketinq, bankçılıq və sığorta sahəsində də inkişaf ediblər. Gəlir vergisi ödəyən kooperativlər özlərinin maliyyə ehtiyaclarını ödəmək qabiliyyətinə sahibdir, kooperativlər il sonunda əldə etdikləri mənfəətlərinin bir qismini fondlarına yönəldirlər. Danimarkada kənd təsərrüfatı sektorunun ortaya çıxan problemlər hökümət və fermer təşkilatları arasında ortaq şəkildə həll olunur. Elmi tədqiqat və inkişaf proqramlarının maliyyələşdirməsində dövlətin aktiv iştirakçılığı təmin edilib.

Danimarkada kənd təsərrüfatı məqsədli kooperativlərin milli səviyyədə təşkilatlanması ilk dəfə 1899-cu ildə “ Danimarka Kooperativlər Federasiyası”-nı qurmaqla yaradılıb. Federasiya üçüncü şəxslərə qarşı ölkə daxilində kooperativlərin mənfəətini qorumaq məqsədi ilə 30 iştirakçının birləşməsi ilə formalaşıb. Hazırda isə bu Federasiya, COGECA və IFAP kimi AB birliyindəki təşkilatlarda Danimarkanı təmsil edir.

Fİnlandiyada kənd təsərrüfatı sektorunun 70%-ni heyvandarlıq təşkil edir, bu məhsullardan süd və süd məhsulları xüsusi əhəmiyyətə malikdir. 5 milyon əhalinin 130.000 –nə yaxını kənd təsərrüfatında fəaliyyət göstərir. Finlandiyada kənd təsərrüfatı kooperativlərinin inkişafında istehlak kooperativlərinin əhəmiyyətli rolu olub. Beləki istehlak kooperativləri məhsulları alaraq birbaşa istehlakçıya çatdırılmasında nəqliyyat xidməti öhdəliyi daşıyır. Kooperativlər qanununa görə kooperativlər ümumi heyət, idarə heyəti və müəyyən nəzarət komitəsindən ibarətdir. Kooperativlərin məsuliyyəti məhdud və ya qeyri-məhdud ola bilər. Kooperativə daxil olmaq və yaxud çıxmaq sərbəstdir. Finlandiyada kooperativlərin maliyyələşdirilməsi iştirakçı paylarından və ilin sonunda bölüşdürülməmiş mənfəətin yığıldığı fondlar tərəfindən həyata keçirilir. Hazırda kooperativ bankların sayı təxminən 300-ə yaxındır. Bu banklar kooperativləri maliyyələşdirməklə onların maliyyə əlçatanlığını artırır. Kooperativlərə xüsusi vergi növü tətbiq olunmur. Daxili bazarı təmin eden daha zəif kooperativlərin Avropa Birliyi daxilində rəqabətqabiliyyətini gücləndirmək məqsədi ilə son zamanlar xüsusi marketinq üsulları işlənib hazırlanıb, keyfiyyəti yüksəltmək və istehsalçıları maarifləndirmək üçün proqramlar icra edilir.

1989-ci ildə hələ vahid və bölgə təşkilatlanmalarının təşəkkül tapmadığı dövrlərdə milli səviyyədə "FINN COOP PELLERVO" təşkilatı qurulub və bu birlik hazırda COGECA , ICA, IFAP və CEA-ya (Avropa Kənd Təsərrüfatı Federasiyası) üzvdür.

Kooperativlər ümumi iqtisadi və ictimai ehtiyacların qarşılanması üçün ortaq şəkildə, sahib olduqları məqsədlər istiqamətində, demokratik idarə olunan və könüllülük prinsipi ilə meydana gətirilən sərbəst təşkilatlanmadır. Fiziki şəxslər, təkbaşlarına edə bilməyəcəkləri və yaxud birlikdə edərək daha yüksək nəticə əldə etmək məqsədi ilə iqtisadi güclərini bir yerə gətirərək kooperativləri formalaşdırır. Həm inkişaf etmiş və həm də inkişaf etməkdə olan ölkələr üçün müasir təşkilatlanma forması olan kooperativçilik xüsusi əhəmiyyət daşıyır. Avropa Birliyi ölkələrində də kooperativ fəaliyyət geniş yayılıb və bu kooperativlər güclü idarəetməyə sahib olmaqla tamamilə sərbəstdirlər. Hazırda AB ölkələrində 132 min kooperativ var və kooperativ üzvlərinin sayı təxminən 84 milyondur. AB ölkələrində xüsusilə kənd təsərrüfatında kooperativ fəaliyyət sferası daha geniş yayılıb. Beləki, günümüzdə AB-də üzvlərinin sayı 12 milyondan artıq olan 32 min kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir.

Neft gəlirlərinin kəskin azaldığı indiki dövrdə Azərbaycan iqtisadiyyatı üçün qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımların atılması qaçılmazdır. Qeyri-neft sektorundan metallurgiya, turizm, kənd təsərrüfatı, yüngül və ağır sənaye sahələrini inkişafı üçün perspektivlər daha güclüdür. Azərbaycanın əlverişli təbii-coğrafi mühiti, iqlimi kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. Kənd təsərrüfatının inkişafına diqqəti artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidenti 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib22.


2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə qərara alıram:


1. 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə birlikdə 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2015-ci il.






Baxmayaraq ki, Azərbaycan aqrar ölkə statusunu artıq itirib amma bununla belə sektorun dayanıqlığını təmin etmək məqsədi ilə hazırda 19 rayon üzrə (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektar sahədə 22 sahibkarın iştirakı ilə 30 iri fermer təsərrüfatı yaradılır. Dəyəri 162,4 milyon manat olan bu layihələrin yaradılması üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 61,6 milyon manat güzəştli kredit ayrılıb23.

Ötən dövr ərzində kənd təsərüfatının dəstəklənməsi, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul olunması, bölgələrdə infrastruktor layihlərinin icrası, həmçinin fermerlərə güzəştli kreditlər verilməsi, torpaq vergisi istisna olunmaqla digər vergi növlərindən fermerlər azad olunması, fermer və sahibkarlara Aqrolizinq ASC tərəfindən lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara, dövlət büdcəsindən subsidiyaların ayrılması, aqroparkların yaradılması sektorun inkişafına yönəlmiş addımlar hesab edilə bilər. Bu məqsəd ilə dövlət tərəfindən yerli şərait nəzərə alınmaqla 1300 ton elit taxıl toxumu, 50 ton elit pambıq çiyidi, 6,0 ton elit yonca toxumu, 7,0 ton elit qarğıdalı toxumu, 2,5 ton elit noxud toxumu, 41 ton elit kartof toxumu, 2,5 ton elit çəltik, 61 kq elit pomidor, 41 kq elit xiyar, 70 kq elit soğan və 8,0 kq elit kələm toxumu güzəştli şərtlərlə fermerlərə çatdırılıb.

Ölkənin ərzaq təhlükəsizliyinin təmini və kənd təsərrüfatınınm o cümlədən aqrarsənaye kompleksinin modernləşdirilməsi istiqamətində yeni yanaşma - aqrar sahədə aqroparkların yaradılması konsepsiyasının tətbiqinə başlanılıb. Bir çox xüsusiyyətlərinə görə Azərbaycanda yaradılan aqroparklar nəinki postsovet respublikaları, hətta Avropa ölkələri üçün də yeni bir təcrübədir24 .

Azərbaycanda aqropark təcrübəsi yeni anlayış hesab olunduğundan, onların yaradılması prosesi hələ başlanğıc səviyyədədir. Bir sıra regionlarda aqroparklar yaradılıb, bəzilərinin isə tikintisi davam etməkdədir. Hazırda ölkə üzrə Şəmkir, Xaçmaz və Xızı rayonlarında 3 aqroprark yaradılır. Bu Aqroparklarda müasir istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulub ki, ümumilikdə nəzərdə tutulan işlərin icrası məqsədi ilə 23 milyon manat güzəştli kredit ayrılıb. Şəmkir və Yalama aqroparklarında işlərin birinci mərhələsinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub. Xızı aqroparkında isə hazırda müvafiq layihələndirmə işləri aparılır25. Aqroparkların İnkişaf Konsepsiyasına əsasən burada istehsal olunan məhsulların vahid brend adı altında və vahid pəncərə üsulu ilə satışının təşkili nəzərdə tutulub.

Şəmkir Aqropark

Şəmkir rayonunda olan “Şəmkir Aqroparkı” 543 hektar ərazini əhatə edir26. Aqroparkda müasir istixana kompleksi, meyvə və tərəvəz emalı zavodları, soyuducu anbar, satış mərkəzləri, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, logistika və aqroservis mərkəzi, otel, elmi araşdırma və innovasiyalar mərkəzi yaradılması nəzərdə tutulub. Aqroparkda istehsal olunan məhsullar müəyyən standartlar tətbiq olunacaq, bu həmçinin fermerlərdən alınacaq məhsullarada aiddir. Şəmkir Aqroparkında infrastuktur yaradılması, fermerlərin infrasturuktor xərclərinin azalmasına imkan yaradır. “Şəmkir Aqropark”-ın su təhcizatını təmin etmək məqsədi ilə Şəmkir çayı üzərində dəryaçanın inşası region üçün də mühüm əhəmiyyətə malikdir.

Hazırda "Şəmkir Aqropark" MMC tərəfindən layihə çərçivəsində mümkün investisiya imkanları, innovativ-texnoloji yeniliklər barədə təbliğat kompaniyaları təşkil edilməklə potensial investorları aqroparkın fəaliyyətinə cəlb edir.


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin