Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə4/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

– Belə de, – Belyar gülümsədi. – Qorxuram hər şey sizin düşündüyünüz qədər sadə olmasın. Söz verirəm ki, bu məsələnin üstünə bir də qayıdarıq. Onda mən sizə hər şeyi izah edərəm.

– Nə dediniz? – Maks ayaq saxladı.

– Demək istəyirəm ki, – Belyar izah etməyə başladı, – siz sənətinizi dəyişməlisiniz. Buraya gələn adamların hamısının başına gəlir bu iş. Bu mənlik deyil, hamı üçün ümumi qaydadır.

– Bəs mən nə etməliyəm, əlimdən başqa heç nə gəlmir! – Maks narahat şəkildə dilləndi.

- Bir şey düşünərik, – Belyar dedi, – bir şey fikirləşər və sizin üçün bir qərara gələrik. Götür elə Dorisi, o da peşəsini dəyişməli oldu. Tibb sahəsini seçdi, xəstələrə qulluq etmək xoşuna gəlir, işinin öhdəsindən də pis gəlmir, üstəlik zahiri görkəmi də buna imkan verir. Ancaq bir şeyi demək lazımdır ki, bu qadın özünün əvvəlki vərdişlərindən də tam yaxa qurtara bilməyib. Zaman keçdikcə, köhnə şeylər beynini ağrıdır və bu zaman lazım gəlir ki, onu yerində oturdaq.

- Bəli, bunu gördüm, – Maks dedi, – siz onunla heç də yaxşı rəftar etmədiniz.

- Məsələ heç də bunda deyil, – Belyar cavab verdi, – ümumiyyətlə mənim bu tipli qadınlardan xoşum gəlmir.

- Hansı tip? – Maks soruşdu.

- Belə də, – Belyar kəkələdi, – ucaboylu qadınlardan. Onları tanıyıram.

Dəhlizin lap axırında dönməliydim və bundan sonra daha bir dəhliz gəlirdi, iki böyük pəncərəni ötüb keçdikdən sonra gün işığına çıxacaqdım. Pəncərənin birindən baxdıqda iki su damcısı kimi Parisə oxşayan şəhər görünürdü, fərqli məqsədlərə görə inşa edilmiş müxtəlif dövrlərin qüllələri: Eyfeldən tutmuş Monparnas və digər abidələrə qədər özünün klassik simvolları ilə seçilən və tanınan bir şəhər. Aşağı doğru uzanan bu uzaq perspektivdə nə şəhərin hansı bucaq altından görunduyunu, nə də bunların əsl həqiqətdə harada yerləşdiyini müəyyənləşdirmək mümkün deyildi, belə ki, Maksa ömründə bircə dəfə də olsun Parisə bu nöqtədən baxmaq nəsib olmamışdı. Paris və ya ona oxşayan şəhər, - görünür, günlərlə yağan turşu yağışı altında qaldığından, həm də üzərinə qalın qurğuşun şüaları çiləndiyindən boğulurdu. Bu tərəfdən baxanda günəş şüaları tünd, zəhərli və boğucu idi, ancaq qarşı pəncərəyə dəyib sınan şəfəqlər yüngül və könülaçan idi. Bu pəncərə böyük bir parka açılırdı – başdıbaşına buraxılmış massiv, başdan-ayğa göy-göyərtiyə bələnmiş yerlər… Aydın və açıq səmanın altında bu göyərtili məkan göz işlədikcə uzanırdı.

- Ümumi plan budur, sizi gözləyən aqibət, - Belyar dedi, - və bir daha bu iki pəncərəni göstərdi. – Gördüyünüz kimi, qarşınızda yalnız iki mümkün seçim var: park və ya şəhər. Sizi bu yerlərdən birinə göndərəcəklər. Bir daha deyirəm, həyəcanlanmayın. Sizə aid qərar nə pis, nə də yaxşı ola bilməz. Hər iki variantın pis və yaxşı tərəfləri var. Sizə bayaq dediyim kimi, Mərkəzdə təxminən bir həftə qalmalısınız, bildiyiniz kimi bu gün mümə axşamıdır, demək, buradan gələn həftənin çərşənbə axşamı çıxacaqsınız.

- Aydındır, - Maks maraqsız şəkildə dilləndi. – Burada qala bilərəmmi? Bura mənim üçün heç də pis deyil, nəzərə alın ki, nəsə faydalı bir iş görə bilərəm..

- Yox, bir daha yox, - Belyar onun sözünü kəsdi. – Bura olsa-olsa bölüşdürmə məntəqəsidir.

- Bəs Doris? – Maks soruşdu.

- Doris – başqa məsələdir, Belyar məkrlə gülümsəndi. - O, istisnadır. Onun yuxarıda himayadarları var, buna görə də burada qala bilib. Bu sistemdə, başqa sistemlərdə olduğu kimi müəyyən çatışmazlıqlar və qüsurlar mövcuddur, olur ki, kiminləsə gözlənilmədiyi halda çox nəzakətlə davranırlar. Özün bilirsən, hər yerdə bu kimi cəhətlərə rast gəlmək mümkündür.

Maks Dorisin kimin sayəsində belə üstünlüklərə malitk olmasını soruşmağa çürət etmədi.

Fikirli-fikirli çənəsini qaşıyanda bildi ki, gör neçə gündür üzünə ülgüc dəyməyib, səkidə baş verən hadisəylə bu gün arasında gör nə qədər sular axıb, görəsən bu barədə soruşmağa dəyərmi? – sövq-təbii əlini göynəyinin yaxalığına apardı, Belyar cəld onu dayandırdı.

- Yaranıza toxunmayın, - dedi, - onunla məşğul olacaqlar. Hər şey yaxşı olacaq, - maksın boynuna tərəf əyilərək əlavə etdi, çox diqqətlə, lap professional bıxışıyla baxdı, - nə qədər tez məşğul olsalar bir o qədər yaxşı olacaq. İndi isə geri, otağınıza qayıdın, yolu tanıyırsınız.

- Bəli, - maks itaətkarlıqla razılaşdı, - bir az acmışam, yeməyə nəsə verəcəklərmi?

- Boğazınızın vəziyyətini nəzərə alsaq, - Belyar dedi, - yemək sizə hələ tövsiyə edilmir.

- Deyin görək, boğazıma nə olub ki? – Maks soruşdu. – Heç nə hiss etmirəm. Məncə, hər şey yerindədir, yaxşıdır.

- Bu normaldır, - Belyar dilləndi, - əməliyyat qabağı xüsusi pəhriz var. İndi yox, əməliyyatdan sonra yemək yeyəcəksiniz, indi azca da olsa nəyisə udmaq, çeynəmək qadağandır, lap istəsəniz də alınmaz. Hər şeyi yoluna qoyacağam, kimsə gəlib sizin qayğınıza qalacaq.


14 ______________________


Maks öz nömrəsinə qayıtdı, burada olmadığı qısa müddətdə nəsə dəyişiklik etmişdilər, məqsəd bu idi ki, özünü burada tam rahat hiss etdə bilsin. Rəfdə ekzotik, ancaq qadağan edilmiş mer-meyvə dolu podnos qoyulmuşdu: kivi, manqo, banan və selafon bükülü başqa meyvələr, meyvələrin düz böyründə isə güllər qoyulmuşdu. Sakitcə musiqi çalınırdı – ladlar, tonlar tanış idi, elə esçilmişdi ki, heç kəsin əsəbinə toxunmasın, qıcıqlandırmasın, görünür, ənənəvi zövqü olan şəxs tərəfindən seçilmişdi.

Stolun üstündə bir qalaq kitab yığılmışdı, əksəriyyəti qırmızı rəngdə cildlənmişdi. Maks əvvəlcə adlarına baxdı. Diqqətlə nəzər yetirdikdə aydın olurdu ki, kitablar da, musiqi də eyni meyarlar əsasında seçilmişdi: bütün klassik müəlliflər idi – Dante, Dostoyevski, Tomas Mann, Kretyen dö Trua, əgər Maksın bir neçə dəqiqə ərzində laqyedliklə vərəqlədiyi «Materializm və Empriokritisizm» adlı kitabı istisna etsək, kitabların hamısı eyni ruhda idi. Ayaqyolunun şüşə qapısında bir daha yarasına baxmaq üçün uğursuz cəhd göstərdikdən və bananı soyub yeməkdən özünü güclə saxladıqdan sonra Maks çarpayıya sərələndi. Leninin əsərini bir tərəfə qoyub Oqüst Deplasın köhnə tərcüməsində (1840-cı il) «Yerusəlimin azad edilməsi» kitabını açdı.

Kitabı oxumağa girişmişdi ki, qapı döyüldü. Bu, Bernar olmaya? Ancaq o deyildi. Otağa gülümsəyə-gülümsəyə, ağ-qara rəngli don geynimiş mərtəbə xidmətçisi daxil oldu.

- Hər vaxtınız xeyir, cənab.

Əlində içində yemək olan adi podnosla birlikdə metal ştativ vardı, ucunda iynə olan plastik borunun uzandığı şəffaf maye flakonunun birləşdiyi ştativ. Bunu başqa sözlə damızdırıcı da adlandırırlar.

Bu – uca boylu, qıvrım-qara saçlı, məşhur Din-Martin gülüşüylə gülümsəyən bir gənc idi. Zahiri görkəmcə, usta rəqqas yerişinə və canlı, diri, işıq saçan ala gözlərinə qədər doğrudan da Din Martini xatırladırdı. Oxşarlıq o qədər yaxın idi ki, Maks, Doris Deyi yadına salıb, öz-özünə fikirləşdi ki, həmsöhbəti doğrudanmı Din Martinin oxşarı yox, özüdür? Çox incə bir məsələyə toxunduğundan, marağını saxlaya bilmədi.

- Bağışlayın, - üzünü mərtəbə qulluqçusuna tutdu, - təsadüfən Din Martin deyilsiniz ki?

- Bəli, cənab, təssüf ki, yox, - mərtəbə qulluqçusu əsl Din-Martin təbəssümüylə cavab verdi.

- Onu elə sevirdim ki. Ola bilməz, necə də oxşayırsınız, - Maks bir az təssüflə əlavə etdi.

- Ola bilər, - mərtəbə qulluqçusu ciddi şəkildə cavab verdi, - bu barədə çox eşitmişəm. Lütfən, köynəyinizin qolunu qatlayın. Yox, yox, yaxşı olardı sağ qolunuzun.

Maks düz bir saat çarpayıda uzandı, sulu qlükoza məhlulu, vitaminlər və mineral duzlar borudan keçib orqanizminə daxil olurdu. Sonra yenə qapı döyüldü, - həmişə belə olacaq, - bu dəfə gələn gözəl, füsunkar Doris Dey idi. Onun dalıyca otağa santiar geyimində, məşhur adamlardan heç birinə bənzəməyən bir kişi daxil oldu.

Maksdan paltarını soyunub xüsusi pijama, şapka, ağ sintetik parçadan hazırlanmış çəkmə geyməyi, sonra isə axırıncı daxil olan gənc oğlanın dəhlizə sürdüyü arabaya oturmağı xahiş etdilər, sonra onlar əks istiqamətə döndülər, xəstəxanada olduğu kimi böyük və sürətli yük liftinin yanına gəldilər. Məlumdur ki, bu tipli liftlər çox böyük yüksəklikdən sürətlə aşağı gəlir, buna görə də Maks bir neçə dəfə udqundu ki, tutulmuş qulaqları açılsın, bu zaman onlar üçüncü yeraltı mərtəbəyə çatmışdılar.

Yenidən ağ işığa bələnmiş, çoxlu böyük, iki laylı qapıları olan dəhlizə gəldilər, bunlardan biri onu əməliyyat zalına apardı, bura indiyə qədər gördüyü əməliyyat bloklarından heç nə ilə fərqlənmirdi, elə cərrahın özü də yaddaşında heç bir tanış assosiasiya doğurmamışdı.

- İndi gəl səni bir az təmir edək, - həkim Maksın qoluna, bu dəfə sol qoluna daha bir iynə keçirərək tövsiyyə etdi, - izah etdi ki, söhbət həyat üçün vacib olan funksiyaların bərpasından gedir. Bizim işimiz yaranı təmizləmək, ziyan çəkmiş damar və hüceyrələri tikmək, onurğa beyninin zədələnmiş hissəsini bərpa etməkdən ibarətdir – bu, doğrudan da vacib bir məqamdır – hücum edənlərin qoyduğu izləri aradan qaldırmaq üçün bir balaca kosmetik əməliyyata ehtiyacınız var.

İzahatını qurtarar-qurtarmaz Maks artıq yuxuya getmişdi.

Qəfildən oyandı. Bu an otağında olduğunu başa düşər-düşməz bir neçə an keçdi, ancaq dərhal çarpayının baş tərəfindən qoyulmuş stolda oturan və hansısa broşuranı vərəqləyən Doris Deyi tanıdı. Nəsə soruşmaq istəyirdi ki, qadın sakitcə ağzını sol əlinin ovcu ilə yumdu, şəhadət barmağını isə öz dodaqlarının üstünə qoydu.

- Danışmayın, - incə səslə dedi, - hələ çox tezdir, danışsanız, ağrıyarsınız. Narahat olmayın, bundan sonra hər şey yaxşı olacaq. Sizin kimi adamların yarası çox tez bitişir, görərsiniz, sabah bu günkündən daha yaxşı olacaq.

Qadının bayaqdan dediklərindən bir şey anlamasa da, itaətkarcasına başının işarəsi ilə hə dedi, gözlərinin ucu ilə damızdırana baxdı, damızdıranın iynəsi yenə də sol çiyninə sancılmışdı, dərin yuxuya getdi.

Gözlərini açanda dərhal tanıdığı otağında bu dəfə heç kəs yox idi. İndi artıq sakitliyi pozacaq bir şey yox idi, yaxşı yata bilməsi üçün musiqini söndürmüşdülər. Bilmək olmurdu ki, neçə gündü burda uzanıb, nə qədər səhər, gündüz, axşam, yaxud gecə ötüb keçib. Maks başını nə ilə qatmağı ağlına gətirmədən mərkəzə gəldiyi gündən aldığı məlumatı ümumiləşdirmək və bundan sonra başına nə gələcəyi haqqında düşünmək qərarına gəldi – axı onu iki zonadan birinə göndərə bilərdilər. Məsələyə estetik baxımdan yanaşmalı olsaq, haqq ən yaxşı seçim idi. Halbuki, burada nə edəcəyini ağlına belə gətirmirdi. Belyar demişdi ki, qərar onun dosyesini ətraflı şəkildə öyrəndikdən sonra qəbul ediləcəkdi, buna görə də Maks həyatının müsbət nəticəsinə ümidlə baxırdı.

Özünü tanıdığı gündən davranışında və xarakterində pis şeylər olmamışdı. Yaşadığı həyatı qısaca ümumiləşdirəndə belə bir nəticəyə gəldi ki, heç bir ciddi günaha yol verməyib. Əlbəttə, bəzən olub ki, canından şübhələr əl çəkməyib, alkoqolizm və depressiyaya düçar olub, bu anlarda şübhəsiz ki, özünü saxlaya bilməyib, qəzəblənib, ancaq nə edəsən! Bütün bunlar ona elə gəlirdi ki, bağışlanan səhvlərdir. Parka giriş ləyaqətdən və bu kimi digər göstəricilərdən asılıdırsa, Maks buraya düşməmək üçün elə bir səbəb görmürdü. Ancaq bütün bu düşüncələr gələcək taleyinin ona məlum olmayan tərəfləri haqqında mühakimələrdən ibarət idi. Elə bu an qapı açıldı və Belyar daxil oldu.

15 ______________________
- Bəli, - Belyar ruhlandırıcı həkim səsi ilə dedi, - bu gün özünüzü necə hiss edirsiniz? Bu gün ikinci günün səhəridir.

Maks istəyirdi ki, cavab versin, qapı yenə döyüldü, bu dəfə mərtəbə qulluqçusu içində əsl yeməklər olan podnosla içəri girdi.

- Artıq əmin olun ki, burada hər şey çox sürətlə baş verir, - Belyar dedi, cibindən güzgü çıxardıb Maksın üzünə tutdu. – Heç sarğı da lazım olmadı, yara demək olar ki, tam bitişib.

Doğrudan da, Maks güzgüyə baxanda boynundakı yaranı görmədi, onun yerində çox zəif şəkildə uzanan bir tikiş xətti vardı.

- İndi siz normal şəkildə yeyə bilərsiniz, - Belyar əlavə etdi. Mərtəbə qulluqçusu iynəni Maksın çiynindən çıxartdı, ounn yerini spirtlə təmizlədi və cəld bir hərəkətlə buraya kvadrat formada leykoplastır qoydu.

- Əladır, - Belyar dedi, - bununla bağlı işimiz başa çatdı, artıq geyinə bilərsiniz.

- Bu cür yemək müvəqqətidir, - mərtəbə qulluqçusu üzr istəyirmiş kimi alçaq tonla dedi, bu zaman Maks köynəyini geyinirdi, - bilirsiniz, əməliyyatdan sonra bir balaca pəhrizi gözləmək lazımdır. Ümidvaram ki, yeməyi görüb bizə acığınız tutmaz. Bir azdan özünüz görəcəksiniz, menyu o qədər çeşidli olacaq ki.

Səhər yeməyi buğda bişmiş tərəvəz qatılan ağ düyüdən, bir parça mal əti, yoğurt və üstünə mineral su qatılmış kompotdan ibarət idi.

- Necədir? – Mərtəbə qulluqçusu narahat şəkildə soruşdu və boşqabları yavaş-yavaş stolun üstünə düzdü.

- Cəld olun, Dino, işinizi başa çatdırın, görünür, vəzifəcə özündən aşağı olan personala söz deməkdən xoşlanan Belyar üzünü turşutdu.

Ancaq Dino həmişə olduğu kimi gülümsəyir və halını pozmurdu, çalışırdı ki, Belyara diqqət yetirmədən öz işini səliqə ilə başa çatdırsın.

- Baxın, görün, həyəcanlı günlər arxada qaldı, özünüzə necə də tez gəldiniz, Belyar dedi. – İndi isə gəlin gedək buraları sizə göstərim.

Onlar yenə də həmin liftə sarı getdilər. Lift Maksı əməliyyat otağına apardı. Onlar aşağı düşdükcə Maks Belyardan Dinoya aid hansısa məlumatları çəkib çıxartmaq istəyirdi.

- Nəyə görə bu sizi bir belə maraqlandırır? Ötkəmliklə soruşdu.

- Bilmirəm, doğrudan da bilmirəm, - Maks dedi, - bəlkə ona görə ki, bu oğlan burda gördüklərimin heç birinə oxşamır.

- Sizə heç nə deyə bilmərəm, - Belyar sakitcə cavab verdi, - biləndə ki, onun haqqında söhbət gedir, xoşuna gəlməz. İstəyir ki, onun haqqında heç kəs heç nə bilməsin və onun bu arzusuna hörmətlə yanaşmaq mənim borcumdur. Bizim müəssisədə bütün insanların buna haqqı çatır. Ancaq sizdən nə gizlədim, bəzən bu oğlan məni bərk qəzəbləndirir, son dərəcə sərbəst olduğuna görə.

Bu dəfə lift əməliyyat blokundan üç mərtəbə yuxarıda, yəni mərkəzin birinci mərtəbəsində dayandı. Onlar daha geniş, daha bərli-bəzəkli, stolların üstünə gül buketləri, heykəlciklər və divarlarında qeyri-adi peyzajlar asılmış dəhlizlərin labirintində gözdən itdilər – burada adamlar da çox idi – gözünü gəzdirsəydin xadimələri, gözlərinə eynək taxmış katibələri və digər şəxsləri görə bilərdin. Nəhayət, Maksla Belyar çox böyük bir zala daxil oldular, bura əvvəlki dəhlizlərlə müqayisədə çox işıqlı idi, tavandan nəhəng çilçıraqlar asılmışdı, buradan yuxarı, simmetrik olaraq iki tərəfə ayrılan nərdivanlar uzanırdı.

- Belə, - Belyar dedi, mərkəzə giriş burdandır.

Əsl həqiqətdə də fırlanan qapının arxasında çınqıl tökülmüş açıq məkanı görmək olardı, - bu cür yerləri ancaq çox zəngin evlərin qarşısında görə bilərdin, bu evlərin qarşısında yağ ləkələri və təkər izləri olardı. Ancaq Maks durduğu yerə diqqətlə baxdıqdan sonra terrasda nə bir ləkə, nə də təkər izi görmədi.

Nə zalda, nə də bayırda heç bir mühafizə dəstəsi qoyulmamışdı. Əslində burada nə gözətçi, nə də videokamera vardı.

- Baxıb görürəm ki, sizdə gözətçiləriniz ciddi deyil, - Maks dedi. – Kim istəyir girib-çıxır.

- Hər şey sənin düşündüyün kimi sadə deyil, - Belyar cavab verdi. İlk baxışdan bu bəlkə də belədir. Biz burada özünənəzarət prinsipinə üstünlük veririk, insanların üzərində nəzarət yoxdur, hər kəs özü öz davranışına nəzarət etməlidir. Sizi maraqlandırarsa, sabah parkı sizə göstərəcəyəm, bu gün isə sizi direktora təqdim etmək istərdim. Onunla tanış olmaq istərdinizmi.

- Bəli, əlbəttə, gözəl fikirdir, - Maks cavab verdi, - direktorla görüşmək istərdim.

- Əvvəlcə baxaq görək yerindədirmi, - Belyar dedi. – Jozef, cənab Lopes otağındadırmı?

Müsbət cavab aldıqdan sonra onlar nərdivanla yuxarı qalxdılar. Meydançada təzəcə yetkinlik yaşına çatmış çox cavan insanlar dayanmışdı. Onların əynində zolaqlı şalvarlar, başlarında isə nazik çitdən tikilmiş papaqlar var idi. Maks və Belyarın buraya daxil olması ani də olsa, onları işlərindən ayırmağa məcbur etdi. İkinci mərtəbəyə qalxıb böyük bir qapının ağzına gəldilər, burada Belyar nəzarətçi ilə görüşdü, içəri girdilər. Burada bir neçə geniş otaqdan keçib getdilər. Bu otaqların bəzisi boş, bəzisi isə arakəsmələrlə bölünmüşdü. Daha bir dəhlizi ötüb keçdikdən sonra Belyar növbəti qapını döydü, qapı dərhal açıldı, bura direktorun kabineti idi. Kabineti təfərrüatla təsvir etməyəcəyik, yalnız bir şeyi qeyd edək ki, bu otaq Maksın bütün gün ərzində adlayıb keçdiyi otaqlarla müqayisədə daha kasıb və kədərli təsir bağışlayırdı.

Direktorun kabinetində arasını qat kəsmiş, yarpaq kimi saralmış sənədləri bir-birinin üstünə yığmaq üçün sakitcə işləyən arıq kişidən başqa heç kəs yox idi. Əynində boz, ucuz parçadan tikilmiş paltar var idi. Orta boylu idi. Sifətinə baxanda başa düşmək olardı ki, yemək-içməyi yerində deyil, gözləri daim sulanırdı. Bilib tanımasaydın, onu cüzi maaş verilən notarial kontorun işçisinə oxşadardın. Görünür, o, ya katib, ya da mühasibdir, yaxud katib və ya mühasibin köməkçilərindən biridir.

- Cənab Lopes, - Belyar ona müraciət etdi, - cənab Delmarı sizə təqdim edirəm, bu həftə bizə təşrif gətirib. O, sizi görmək istəyir.

- Bəli, bəli, - başını qaldırıb qeyri-müəyyən nəzərlərlə Maksa baxdı, - xoş gəlmisiniz.

Nəzakət xətrinə olsa belə, Maksa heç bir sual vermədi. İlk baxışdan qorxacaq adama oxşayırdı, görünüşü elə idi ki, elə bil qəfil nəyinsə üstündə tutmuşdun, ancaq yox, bu şəxs həyatda yaxşı yaşamağın yolunu bilən bir adamın maneralarını nümayiş etdirirdi. Görünür, Maksın başına gələnləri bundan yaxşı bilən tapılmazdı.

- Bağışlayın, soyadınız necə oldu? – Üzünü Belyara tərəf tutdu, o isə Maksın soyadını heca-heca təkrarladı.

- Aydındır, - Lopes dedi. – Bir az gözləyin.

Yenidən başını stola tərəf əydi, stolun üstünə səpələnmiş sənədlərin arasında eşələndi, nəhayət onlardan birini götürdü və Belyara verdi. Belyar sənədi cəld oxudu, sonra nəzərlərini sənəddən ayırdı.

Bu zaman bir az aralıda durmuş Maks uzaqdan gözünü sənədə dikmişdi: bu, ölçüsü on iknin on ikiyə santimetr olan, saralmış, kənarları əzilib qatlanmış, bütün künc-bucağı yazılmış düzbucaqlı formada kartoçka idi. Görünür, Lopesin stolunun üstündəki əksər sənədlər kimi dünən doldurmağa başlamamışdılar. Zahiri körkəmcə doğrudan da əvvəllər, kataloqların kompüter yaddaşına köçürülməsindən qabaq kütləvi kitabxanalarda işlənən kartoçkaya bənzəyirdi.

- Buranı hələ də komrüterləşdirməyiblər? – nəhayət Maks cürətini toplayıb soruşa bildi.

- Bəyəm görünmür? – Belyar gözlərini qaldırmadan cavab verdi. Bu zaman stolun arxasında oturan Lopes əlinin arxasıyla stolun üstündəki tozu sildi. Kartoçkanı oxuyub başa çatdıran Belyar dərhal Maksa baxdı və sənədi Lopesə qaytardı.

- Bəli, - o dedi, - indi hər şey aydın oldu.

«Orada görəsən nə var ki? – görəsən bu sənəddə qeyri-adi nə vardı ki?»

Nömrədə yolunu yumurta qayğanağı, bir şüşə pivə və bir dilim yemiş gözləyirdi, - qida rasionunun ilk ciddi əlamətləri. Doğrudan da ertəsi gün yeməklərin çeşidi zənginləşdi, şam isə bahalı restoranlarda olduğundan pis deyildi. Əməliyyatdan sonrakı ikinci gün Maks otağına qapanıb qalmalı oldu, əlinə keçən kitabları vərəqlədi, ancaq bu kitabları mütaliə etməyə zərrə qədər də həvəsi yox idi. Onu narahat edən Lopesin kabinetində gördüyü kartoçkaya bənzər sənəd idi, nahardan sonra əhvalı tamamilə çöndü. Dino özünəməxsus dəiyşilməz qayğısız təbəssümü ilə yenə boynuna düşənləri çox səliqəylə həyata keçirirdi. Gülürdü, ürəyin rahat olurdu, di gəl maqqaşla da olsa dilindən söz çəkmək mümkünsüz idi. Axşamüstü bir fincan çay içmək xətrinə yanına Belyar gəldi, Maks sabahkı günü nə edəcəkəlrini qayğılı şəkildə ondan soruşdu.

- Görürsünüzmü, burada mən bir az darıxıram, - deyə etiraf etdi. Olmazmı ki, hərdənbir gəzintiyə çıxım?

- Olar, siz tam azadsınız. – Qapınız üstünüzə bağlanmır ki,, müəssisə daxilində ürəyiniz istədiyi qədər gəzə bilərsiniz. Əyləncələrə gəlincə, bu barədə hələ fikirləşərik. Siqar çəkirsiniz?


16________________________
Növbəti günün başlanğıcı çox darıxdırıcı təsir buraxdı. Görünür, bu ona görə baş veriridi ki, bazar günü idi, hər yerdə olduğu kimi bu Mərkəzdə də bazar günü çox ləng keçir, boş-boşuna keçir, rəngsçiz olur, adamı darıxdırır.

Maks nomrədə oturmuşdu, yenə, bir daha fikrən Lopesin otağında təsadüf etdiyi kartoçka ilə bağlı epizodun üstünə qayıdırdı, nəhayət qapı döyüldü, otağına soyuq səhər yeməyi gətirdilər, bu o demək idi ki, mətbəxdə kimsə yoxdu. Bunun adına heç səhər yeməyi də demək olmazdı, səhərdən yemək istəyən Maks dəhlizə boylandı, Dinonun gəlib-gəlmədiyini bilmək istəyirdi, gördü ki, yemək padnosun içində qapının ağzına qoyulub. Dino kimi Belyar da qanuni istirahət günündən istifadə etmək fikrinə düşmüşdü. Səhər yeməyini yeyəndə bir daha əmin oldu ki, tam sağalıb, buna görə də bir balaca gəzişmək istədi.

Bu heç də asan olmadı. Yaxın günlərdə Belyarla birlikdə adlayıb keçdiyi yerləri fikrən təsəvvürünədə bərpa etməli oldu. Həmişə olduğundan bu gün bir az da boşalmış dəhlizdən keçəndə adamın başına hava gəlirdi, eynən tətil günləri boşalmış internata bənzəyirdi, dərslər başa çatmış, hamı şələ-küləsini götürüb evinə getmişdi, sən isə, bayquşun biri bayquş tək qalıbsan, sənsən, bir də xidmətçilər, ona görə ki, cəzandı, çəkməlisən, ona görə ki, heç kəsin yoxdu bu dünyada, yetimsən. Getdikcə gedir, qarşısına bir kimsə çıxmırdı. Ona elə gəldi ki, uzaqdan tozsoranın səsini eşidir, ya da kimsə döşəməsiləni əlinə götürüb işləyir, ya da bu deyiləçnlərin heç biri baş vermir, tək olduğundan hövüllənib, qulağı səsə düşüb. Bəsdi, bəsdi daha.

Lifti tapmaq çətin olmadı və qapılar örtülən kimi, Maks özünü daha dəhşətli, daha heybətli bir sükutun içində, bətnində gördü. Liftin mexanizmi qımıldanmır, susurdu və bu sükut sakitliyin içində sakitlik, fırlanmağıyla heç nə vəd eləməyən kub içindəki sakitlik idi. İnamsız halda şəhadət barmağını yuxarı qaldıraraq, birinci mərtəbənin düyməsini basdı. Aşağı hərəkət o qədər uzun çəkdi ki, maks həyatı boyu baş vermiş hadisələri götür-qoy etməyə vaxt tapdı, lift nəhayət səsli siqnal verdi və bir az da ləngər vurdu.

Liftdən çıxarkən əvvəl olduğu kimi yenə də eyni labirintin içinə düşdü, bu labirint onun yerləşdiyi mərtəbədəki ilə müqayisədə daha az monoton idi. Qarşısında tanış otaqları gördü, Maks qapılara diqqətlə nəzər yetirdi, burada gördükləri iş otaqlarına, nümayiş zallarına və döşəməsinə xalçalar sərilmiş iclas salonlarına bənzəyirdi, ya bəlkə özündən uydurur, ya da xəyalında, təxəyyülündə özü üçün toqquüşdururdu. Bu zallardan biri açıq-aşkar təntənəli tədbirlər üçün nəzərdə tutulmuşdu – sovet ovqatında bəzədilmiş geniş bir zal idi: mərmər panellər, modellər, kənarları naxışlı parçalardan hazırlanmış ağır portretlər, cizgiləri aydın şəkildə bilinməyən rəsmli xalçalar və çox böyük bir ərazini zəbt eləyən, çexola bürünmüş zövqsüz mebel. Otağın lap dibində isə – royal. Böyük konsert royalı.

Bu otağa göz gəzdirərkən Maks birdən anladı ki, ötüb keçən bir neçə gün ərzində demək olar ki, musiqi yadına düşməyib. Musiqi onun həyatıdır, yaxud daha dəqiqini deməli olsaq, musiqi onun həyatı idi. Belyarla söhbətləşəndə musiqini xatırlamışdısa, hər dəfə ürəyinə gəlirdi ki, daha bundan imtina etməli olacaqdı. Maks xatırladı ki, bu xəbər birinci dəfə Belyarın dilində səslənəndə ona bir elə təsir eləməmişdi, ancaq indi… budur, royal gözlərinin qabağındadır… Royal. Çox astaca və ehtiyatla, kəskin hərəkət qarşısında yerindən sıçrayıb vəhşi səslər çıxara-çıxara qaça bilən vəhşi heyvana yaxınlaşırmış kimi Maks alətə yaxınlaşdı. Düşündü ki, Belyarın istirahət günündə olmamasından istifadə edərək bu alətin canında nələr yatmasını bilmək pis olmazdı, yaxınlaşsın, toxunsun, görsün necə səslənir? Ondan təqribən bir metr aralıda dayanaraq royalın markasını müəyyənləşdirməyə çalışdı. Nə Havo, nə Steynvey, nə Behşteyn, nə Byozendorfer, heç biri deyil, Royalın heç bir yerində markadan əsər-alət yoxdu. Böyük, qara, ağır, lak çəkilmiş bir maşın, tənha və adsız. Maks ayaqlarının ucunda ona yaxınlaşaraq royalın ətrafında dövrə vurdu, barmaqlarının ucuyla royalın qapağına toxunanda, başa düşdü ki, qapağı açarla bağlayıblar, klaviaturaya toxunmaq mümkün olmayacaqdı. Maks qapağı möhkəmcə dartdı, ancaq heç nə alınmadı, - bağlıdır ki, bağlı. Açar və qıyılları mexaniki üsullarla açmağın ən böyük ustası olan Berni burda olsaydı onu iki cəhddə aça bilərdi. Axı Berni də onun həyatının bir hissəsi idi.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə