Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə3/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

11
Bel-Er stansiyası iki tunel arasında sıxılmış adaya, insan ayağı dəyməyən Sayel küçəsinin üzərindən asılmış oazisə bənzəyən platformadan ibarət idi. Hər birində beş ədəd olmaqla iki kolonna sırası sərnişinləri havanın şıltağından qoruyan çardaqla genişləndirilmiş rənglənmiş taxta tavan üzərində tikilmişdir. Digər stansiyalardan fərqli olaraq burada çardaq müxtəsər təsir bağışlayır və ümumən Bel-Er stansiyası bəzi kənd yerlərində olduğu kimi çox miskin görünür.

İlk baxışdan bütün ehtimalların əksinə olaraq Maksın məhz burada bir daha Rozanı görmək xülyasını nəzərə almasaq, bu yerlərin üzərində daha ətraflı dayanmaq üçün əlimizdə çox az səbəb var. Necə deyərlər, hər şey gözləmədiyin yerdə baş verir. Maks təzəcə perrona çıxmışdı, istəyirdi ki, Nationa getsin, tam əks istiqamətə gedən qatar gəlib çatanda bu hadisə baş verdi. Sərnişinlərin müəyyən qismi vaqonu tərk etdi, ora demək olar ki, heç kəs daxil olmadı. Maks çıxışa tərəf gedən və bir-bir pillələrdə gözdə itən sərnişinlərə baxırdı. Rozanı onların arasında arxadan gördü. Doğrudan da, bu dəfə bu adamın Roza olduğuna inanmaq olardı, hesab etməsək ki, indi əynində tünd-mavi şalvar və yaşıl gödəkçə var idi, nə idisə yaxşı-yaxşı baxmaq, ayırıb seçmək imkanı yox idi, həmişə olduğu kimi bu dəfə də məsələ bir neçə saniyədə həll olunmalı idi. Maks Rozanın həmin tərəfə gələn qatardan düşdüyü barədə düşünməyə və bunu qəribə hesab eləməyə imkan belə tapmadı, halbuki bir saat bundan qabaq bu qadını əks istiqamətdə izləmişdi, üstəlik tamam başqa paltar geymişdi. Heç nə üst-üstə düşmürdü – nə yer, nə paltar, nə zaman, hər şey irəliyə qaçır, qabağa cumurdu!

O, plafonsuz iyirmi dörd cüt neon lampasının işıqlandırdığı perronda qaçırdı, lampaların kəskin işığı başını döyəcləyir, saçının lap dibini göynədirdi, qaçır, yanından metropoliten stansiyasının klassik atributları batıb çıxırdı: nəzarət monitorları, yanğınsöndürənlər, plastik oturacaqlar, güzgülər, elektrik xəttinin öldürücü təhlükəsi haqqında xəbərdarlıq edən şəkillər, zibil qabları – Etual istiqamətində dörd zibil qabı, Nation istiqamətində isə yalnız ikisi var, nəyə görə? Bəlkə ona görə ki, varlı məhəllədən çıxanlar yeri daha az zibilləyirlər, bununla belə, metrodan çıxıb götürüldükdə əbəs yerə bilet alması barədə də düşündü.

Sayel küəsində əvvəllər olduğu kimi ins-cins gözə dəymirdi, nə sağda, nə də solda. O, piyadalar üçün nəzərdə tutulmuş körpü ilə stansiyadan çıxmaq qərarına gəldi. Aşağıda kola və digər sərinləşdirici içkilərin qutuları necə gəldi atılmışdı, dörd həndəvərdə sınmış şüşələri, əyiş-üyüş ayaqqabıları, yaşıl plastik qutuları görə bilərdin, bunların hamısının üzərinə On ikinci Dairənin himni kimi «səslənən» sakitlik çökmüşdü. Və bu sakitliyin içində göz dolusu baxsan da, heç nəyi və heç kimi görə bilməzdin. Yaxşı. Gəl vəziyyəti aydınlaşdıraq. Dörd haldan biri olmalıdır: ya doğrudan da Roza Passi stansiyasında həmin plaşda olub, ya da o, Bel-Erdə yaşıl gödəkçədə görsənib. Hər iki halda bu şəxs Rozaya çox oxşayırdı; yarım saatdan da az müddətdə qadın paltarını dəyişə bilər və metroya minib əks istiqamətdə gedə bilərdi, – kimi düşünmək yanlışdır. Görünür, hər iki halda bu qadın Roza olmayıb, bu ola bilər ki, ən mümkün haldır. Yaxşı, sən gəl beynindən bütün bu fikirləri at, evə qayıt. Metroya gir və yerin altında səyahətinə başla, əlbəttə yenidən bilet almalısan. Qaşqabağını sallayıb durma.

Qayıdan baş uzun-uzadı yolboyu – on dörd stansiya və iki keçid boyu yol getdi, metro bu dəfə Maksa həmişə olduğundan daha çirkli və cansıxıcı görünürdü, təmizliyi təmin edən işçilərin canfəşanlığının da əhəmiyyəti yox idi. Məlumdur ki, əvvəlcə hamı heç bir problemin olmayacağına ümidli idi, stansiya divarları nümunəvi klinikalarda olduğu kimi buraya daxil olan insanın beynində və xəyalında yaranan narahatlıq hissini mahiyyəti etibarilə yüngülləşdirməli, bəlkə də tam şəkildə neytrallaşdırmalı idi, – qaranlıq, buxarlanma, miazma, nəmişlik, xəstəlik, epidemiya, siçanlar bütün bu qarışıq şeylərin doğurduğu təəssüratı öldürmək üçün hər şey xoş niyyətlə həyata keçirilməli idi. Ancaq nə edəsən ki, əks effekt yaranırdı, belə ki, heç də tam şəkildə təmiz olmayan vannada olur ki, başqaları ilə müqayisədə bir az çirkli təsir bağışlayır. İstəyir Arktika buzunun, yaxud sadə bir mələfənin ağ rəngi olsun, cüzi bir ləkə kifayətdir ki, artıq o, belə ideal təmiz görsənməsin. Yaxud qəndqabına balaca bir milçəyin qonması bəs eləyər ki, iştahdan düşəsən. Ağ plitələr arasında çatlar, dırnaqlar arasında çirk və dişdəki qara nöqtələr kimi dünyada insanı iyrəndirən şeylər yoxdur. Evə çatdıqda, Maks o qədər heysiz idi ki, vanna otağına girməyə gücü çatmırdı.

Ancaq səhərisi, evdən çıxarkən blokun ağzında yenə itlə gəzən qadını gördü. Bu dəfə qadının gözəlliyi təbii təsir bağışlayırdı və onun axşam geyindiyi paltarın füsunkarlığı ilə alış-veriş dalınca dükana geydiyi idman paltarı arasında orta mövqedə idi. Kişini görən kimi qadın istiqamətini dəyişib ona sarı gəlməyə başladı.

- Ah, mösyö, - qadın tapança kimi açıldı, - sizi dünən axşam televizorda gördüm, pultun düyməsini basan kimi ekrana gəldin və … - Qadın bir anlığa sözünü kəsdi, gülümsədi, həmsöhbətinə elə bil ki, onun səfehliyi haqqında düşünmək fürsəti verərək, sözünə davam etdi:

- Bilməzdim ki, böyük bir musiqiçi ilə yan-yanaşı yaşayıram. Ərimdən (aha, Maks ürəyində dedi) sizin diksklərinizi almağı xahiş edəcəyəm.

Qadın bu dəfə onun üzünə əvvəlkilərdən nə iləsə fərqlənən tərzdə gülüümsədi. Gülümsədi və gözlənilmədən dabanları üzərində dövrə vurub yoluna davam etdi. Maks baxışları ilə onu uzun-uzadı ötürdü, düşündü ki, necə olmasa da musiqi musiqidir, yaxşı şeydir.
12_______________________
Üstündən bir neçə gün keçəndən sonra Maks kiminsə nəfinə verilən xeyriyyə konsertində iştirak etməli oldu, bu da Parizinin fikrincə, imicin qorunub saxlanılmasında az rol oynamır. Səhnəyə bir-birini əvəz eləyən ifaçılar çıxırdılar. Onların hamısı demək olar ki, Maksın köhnə tanışları idi, onları hələ tələbəlik illərindən yaxşı tanıyırdı, ona görə də kulis arxasında səmimi münasibətlərdən yaranmış sakit atmosfer hökm sürürdü: əsəbilik dərəcəsi sıfır həddindəydi. Zaldakı ovqat da həmişə olduğundan bir elə gərgin deyildi. Doğrudur ki, konsertə, klassik musiqinin çalındığı konsertə ailəvi getmə bir balaca yerinə düşməsə də dəhşətli də deyildi. Burada söhbət arvad-uşağı yanına salıb, heç nə anlamayacağını əvvəlcədən dərk edərək klassik musiqi konsertlərinə getməkdən gedirdi. Bu axşam Şumanın «Uşaq səhnələrini» ifa edəcək Maks öz növbəsində keçib royal arxasında yerini tutanda, zaldan qalxan qeyri-adi səs-küy onu təəccübləndirdi. Gülüşlər, ah-uflar, söhbətlər, fanatiklərin hərarətli pıçıltıları, - həmişə rastlaşdığı mənzərə idi. Nə eləsən də, klassik musiqi həvəskarları, bir qayda olaraq özünü tərbiyəli aparmağa öyrəşib, bir növ adət edib, - hətta müsiqi nömrəsi xoşuna gəlməsə də çınqırını çıxarmır.

Bütün bunlardan inciməyən, əksinə bu vurhavurun içində sakit oturan Maks «Uzaq ölkələr və adamları» ifa edirdi, bəzən səs-küy elə həddə çatırdı ki, ilk taktlarda özü-özünü belə eşitmirdi. Ancaq davam elədikcə, çaldıqca, səs-küy elə bil dərin bir quyunun dibinə düşdü, kəsildi, və nəhayət tam sakitlik çökdü, aldadıcı yağışlar kimi, dərhal təmiz duru hava göy üzünə hakim kəsilir. Maks hiss etdi ki, auditoriyanı ələ ala bildiyini düşündü, zalda oturanların diqqətini cəlb edə bilib, dəhlizdə olduğu kimi, güclü əlləriylə öküzün buynuzlarından yapışıb sərt hərəkətlə onu özünə doğru çəkə bilib. Hansı məqamdasa zaldakı sakitlik pozulmağa başladı, elə bil illər boyu mürgü döyən musiqi alətinin simlərinə toxunmuşdun, səs-küydən başgicələndirici uğultu yarandı. Səs-küy elə musiqi kimi maqnetik və əsəbi idi. Biri-birinə toxunaraq əks-səda verən bu iki axın unisonda rezonans verirdi, əlləri bu anda dillər üzərində sakitcə ömrünü yaşayan Maks isə bu titrəşimin onun özündən, indicə elədiyi həpəkətdən yarandığını və ya şimşək kimi başqa bir qüvvənin təsiri ilə meydana gəldiyini deyə bilməzdi və açığı bu halda da deyildi. Az-az hallarda baş verən hadisədir, ancaq belə də olur, Maks iyirmi dəqiqədən sonra pyesin son dövrəsi olan «Şair danışır»ı ifa edib başa çatdırında quyunun dibinə daş atıldı, hamı yerində donub qaldı, bir az keçəndən sonra zal alqışdan titrəməyə başladı, bu alqışdarı Maks Yelisey Çöllərindəki teatrda səslənən alqışlara dəyişməzdi.

Şampan şərabı. Bəli, bir neçə qurtum şampan içib özünə gəlməyin vaxtıdır. Ancaq, nə olar bir az tələs, - dinləyicilərin xahişi ilə təşkilatçılar Maksdan disklərin üstünü yazdırmağı xahiş edirlər. Bəli, bir bokal da içim, artıq sizin sərəncamınızdayam. Ətrafında həyəcanlandırıcı növbənin dayandığı stol və stullar düzülmüş zala qayıtdı. Maksın iki il əvvəl yazıdırdığı «Uşaq səhnələri» bir an içində əldən qapıldı, növbə sonra Şumanın başqa əsərlərinə gəlib çatdı, daha sonra isə – xoşbəxtlikdən əl altda olan başqa romantik musiqi nömrələri yazıldı. Həyəcanı getməmiş və həmin hissiyyatla da sövq-təbii gülümsəyən kişilər, uşaqlarının əllərindən yapışmış, eyni həyəcanla təbəssüm bəxş edən qadınlar Maksın qabağından keçdilər. O isə bir ucdan avtoqraf yazırdı.

Bir azdan sonra qənşərində çox yaxşı geyinmiş, üzündən nur yağan, yənində sifarişlə tikilən kostyum olan kişi peyda oldu. İrəli yeriyib Maksın qabağına üç disk qoydu və bir azca ona tərəf əyilərək ciddi şəkildə dedi:

- Siz məni tanımırsınız, ancaq arvadımı və itimi yaxşı tanıyırsınız.

Maks bir anlığa söhbətin kimdən getdiyini anışdırıb, ölüm saatının gəlib çatdığını düşündü, biz də onun ölümünün uzaqda olmadığını bilə-bilə, bu hadisənin məhz bu an baş verə biləcəyi ehtimalını istisna etmirdik. Yox, ancaq yox, qorxulu heç nə baş vermədi. Görünür bu kişinin arvadı onların qısa gecə görüşlərindən danışmış və görünür bu hadisə kişidə qısqanclıq hislərinin baş qaldırmasına səbəb olmamışdı. Kişinin sözlərinə görə, onun özü də tərbiyəsi və təhsilinə görə musiqidən uzaq bir adam deyildi.

- Kimin adına yazım? – Maks gizli bir ümidlə soruşdu.

- Mənim adıma, - kişi cavab verdi, - adım Jorjdur, bu gün konsertə arvad-uşaqsız, tək gəlmişəm.

Həmən gün Maks itlə gəzən qadının adını bilə bilmədi. Ümumən, hər şey yaxşı keçdi, pis heç nə baş vermədi, ancaq xeyriyyə konsertindən çıxarkən Maks nədənsə bir balaca əsəbiləşdi. Konsert ərəfəsində əsəbiləşməmişdisə də və demək olar ki, ürəyindən içmək keçmirdi, konsertdən sonra – əksinə, həmkarları ilə şampan içdi, bokal bokal dalınca, hamı dağılana qədər içdi, düşündü ki, burdan çıxıb evə getməyin məqamıdır. Evə gedərkən yolda gözucu bir neçə bara nəzər yetirdi, bir neçəsinə daxil olub bağlanana qədər oturdu, sonra isə, - aman allah, - indi mütləq evə qayıdıb, soyunub yerinə girməlidir, əlac tək bunadır.

Hava qaranlıq, soyuq və nəmiş idi, üstəlik bir azdan yağış başladı, Maks nəhayət öz küçələrinə çatanda orada heç kəs yox idi, küçə tənhalıqdan sıxılırdı. Evə çatmaq üçün hökmən 55 nömrəli evin yanından keçməliydi, belə olduğu üçün, qarşısına, qaranlığa diqqətlə baxırdı, öz beyninə yeritmək istəyirdi ki, həmin qadının əri, üzündəki xeyrixah ifadəni qəzəblə dolduraraq hardasa tinlərin birində gizlənib, gizlənib ki, onu görsün və əyləşib bir ürək söhbəti edələr. Ancaq yaxşı olardı dala, arxaya baxaydı, çünki qəfil hiss elədi ki, kiminsə əli yaxılığından yapışaraq, çəkib onu səkiyə tulladı, yerə yıxılanda gözlərini döyməyə belə macal tapmadı, iki naməlum şəxs başının üstünü kəsdirdi. Üzünü qorumağa cəhd göstərərək, Maks əli ilə sifətini örtməyə çalışdı, hücum çəkənlərsə onun ciblərini axtarmağa girişdilər. Heç nə demədən plaşı əynindən çıxardılar, elə möhkəm dartılar ki, plaşın iki və ya üç düyməsi qopdu, fırlanıb arxa yumbalandı , - özün doğru buyururdun, bu elə düymə düşmə fəslidir.

Soyğunçular Maksın ciblərində tapdıqları şeyləri bir-bir çıxarıb çölə atdılar, bütün bunların uzun çəkdiyini görəndə Maksın başına belə bir fikir gəldi ki, qışqırsın, ürəyində çox zəif bir ümid vardı ki, bəlkə qışqırsa, kimsə harayına yetişə bilər. Ancaq Maksın boğazından çox zəif bir qışqırıq səsi çıxmışdı ki, kimsə ayağını onun boğazına dayayıb sıxdı. Doğrudur, əlyilə yapışsaydı bu ayağı boğazından asanca kənarlaşdıra bilərdi, kişinin ayağı bir yeniyetmənin ovuc içi boyda olardı, ancaq qorxdu, çünki gözlərini açıb kişinin əlində silah gördü, bu əlin öhdəsindən gəlmək çətin olacaqdı, üstəlik də ayaqdan yayılan çirk iyindən az qalırdı ki, ağzı ürəyinə gəlsin, sövq-təbii ağızını yumdu.

Bütün bunlardan başqa, canına süstlük hakim kəsilmişdi, ona elə gəlirdi ki, hərəkətsiz, baş verənlərə qarışmadan, canına yayıln mütilik hissinə tam təslim olaraq, qımıldanmadan uzanıb beləcə qalmaq daha rahatdır. Hər dəqiqəsi kədərlə dolu ümidsiz məhəbbətdə və ya əməliyyat stolunun üstündə uzananda da elə belə olur, burada - əməliyat blokunun pambığa bürünmüş sükutunda, lampanın gözqamaşdırıcı işığı altında anestezioloq cərrahların əhatəsində üzünüzə maska geyindirirlər. Bəli bu zaman, bu iki tip onun üzərində elə ustalıq və cəldliklə işləyirdilər ki, əllərini görmək olmurdu, ancaq Maksa elə gəlirdi ki, lenti yavaşıdılmış sürətlə fırladırlar, hər bir hərəkət əvvəldən sonadək, bütün incəlikləri nümayiş etdirirərək icra olunurdu.

Bunu etmək lazım deyildi, ancaq bəzən sövq-təbii hərəkətdən özünü saxlaya bilmirsən, heyrətdən ürəyi partlayan Maks da baş verənlərə barmaqları arasından tamaşa etməyə başladı – bunların ikisi də çox cavandı, - maraqlıdır görəsən nə vid-fasondadırlar, və birdən, cəld hərəkətlə, nə etdiyini bir an belə düşünmədən onlardan birinin üzündəki dəsmalı çəkdi. Duman içində gördüyü sifət doğrudan da çox cavan idi. Bu sifətdə ancaq bir-birini əvəz edən həyəcan, nifrət və qəzəb ifadəsini oxuya bildi, bu gənc elə ayağı altındakı qurbanı kimi özünü itirmiş halda cəld hərəkətlə dizini onun boğazına dirədi. Lezva dərisinə batıb keçdi, sonra yuxu damarını zədələyərək qida borusunu kəsdi, daha sonra iki fəqərə arasında sürüşərək dayandı, bu zaman ətrafda ins-cins görünmürdü.

Bütün pəncərələr qaranlığa bələnmişdi, heç kəs baxıb eləmirdi, o qadının itindən başqa: bu dəm beşinci mərtəbədə 55 saylı mənzilin sahibi yatmamışdı. Təkcə bu fikirli və sakit it, - bu xüsusiyyətini Maks hələ o zaman görmüşdü, - yata bilmirdi, pəncərədən baxırdı, təkcə o bu dəhşətli səhnənin şahidinə çevrildi. Əgər bu heyvan təbiəti etibarilə dərin düşüncələrdən ayıla bilsəydi Maksın ürəyinini necə səssiz uçmasının, sinəsini tərk etməsinin, yumşaq və çəkisiz efirin içində necə əriməsinin də şahidi olardı.


II HİSSƏ

13_____________________


Yox.

Nə uçuş, nə efir, nə də başqa bir şey olmadı. Qəribə deyil ki, Maks ölərkən də ətrafında cərəyan edənləri hiss edirdi. Divarları stolüstü lampanın işığını sümürən sarı-qırmızı rənglə boyanmış otağın dörddə bir hissəsini tutan dar çarpayıda lüt uzanmışdı. Maks bir neçə dəqiqə idi ki, gözləri açıq halda uzanmışdı, nə qədər cəhd etsə də dönüb ətrafına baxa bilmirdi. Bir neçə dəqiqə də keçdi, bütün bu anlar ərzində Maks necə olursa olsun başına nə gəldiyini kəsdirməyə çalışırdı. Heç bir nəticə hasil olmadı. Nəhayət, ağlına heç nə gətirmədən ədyalı üstündə atdı, baş gicəllənmə ilə mübarizə apararaq çarpayıdan qaxdı, stolun başından səliqə ilə qatlanmış şalvarı əyninə çəkdi və qapıya tərəf addımladı. Qəribədir, ona elə gəlirdi ki, qapı açarla bağlanıb.

Səhv edirdi. Qapı heç bir problemsiz açılsa da, uzun və boş dəhlizə açılırdı, dəhliz boyu qapılar da beləcə baglı idi, onların arasında bərabər məsafədə lampalar qoyulmuşdu, onların işığı yuxu gətirirdi. Dəhliz o qədər uzun idi ki, nə bu , nə də digər tərəfdə onun harada qurtarmasını bilmək olmazıd, pəncərə və digər interyer detallarının olmaması isə insanı aciz vəziyyətdə saxlayırdı. Qurşağa qədər lüt olan Maks artıq geri-otağa qayıtmaq istəyirdi ki, birdən dəhlizin o başında əynində sarı xalat olan, onun kimi qapının yanında dayanmış bir şəxsi sezdi. Bu varlığın necəliyi haqqında düşünmədən Maks bilmədi ki, neyləsin; işarə versin, yoxsa gizlənsin, bunu fikirləşirdi ki, gözünə bir başqa fiqur da sataşdı, bu ikincisi peyda olanda birinci-əynində sarı xalat olan cəld divara qısıldı. Başdan-ayağa ağ paltar geyinmiş bu yeni personaj asta, ancaq qəti şəkildə Sarı Xalatlıya əmr etdi, o isə öz növbəsində çıxıb getdi.

Maksı görən kimi ağ siluet ona tərəf gəldi və lap yaxınlaşanda xarici görkəmi ilə Doris Deyi xatırladan gənc bir qadına çevrildi: uzunboylu, parlaq saçları vardı, əyninə tibb bacısı paltarı geyinmişdi. Bir az yüngül, ancaq qəti etiraz işarəsi ilə Maksa palataya qayıtmağı məsləhət gördü.

– Siz orada gözləməlisiniz. – Doris Deyin səsi ilə dilləndi. – Sizə yaxınlaşacaqlar.

– Bağışlayın, mən… – Maks danışmaq istəsə də, gənc qadın onun bu cəhdinin qarşısını yüngül əl hərəkəti ilə aldı. Elə bil ki, onların arasından qanadlarını çırpa-çırpa bir quş uçub getdi. Diqqətlə baxdıqda, bu qadın doğrudan da Doris Deyə oxşayırdı: bu da onun kimi enli sinəsi, yumru sifəti, qabarıq yanaqları, hündür alnı, bir az qabağa çıxmış alt dodağı və sifətinə olmazın yaraşıq verən təbəssümü ilə hündürboylu bir qadın idi. Yüksək mənəviyyatla sağlam bədənin birliyini nümayiş etdirən bu qadın bütün görünüşü ilə qorxudan çox sakitlik yaradırdı.

Palatasına qayıdan Maks buraya daha diqqətlə baxmağa başladı. Palatada bu qədər mebelin qoyulması üçün çox az yer var idi: çarpayıdan və kiçik stoldan başqa – hər iki əşya qırmızı ağacdan hazırlanmışdı – burada həm də palıd ağacından hazırlanmış divar şkafı gözə dəyirdi. Şkafdan Maksın ölçüsündə paltar asılmışdı, şalvarı səliqə ilə qatlanıb stulun başına keçirilmişdi. Divarlarda bəzək-düzək adına heç nə yox idi. Orada kitab və jurnallara rast gəlməzdin, gecə stolunun üstündə Bibliya yox idi, burada hazırda olduğun yerdən bəhs edən reklam layihələrinə də rast gəlməzdin. Otaq çox təmiz və rahat idi, bu cür otaqlar adətən mənən rahat olmaq istəyən insanlar üçün ayrılır, bəzi abbatlıqlar onu kifayət qədər gəlir götürmək üçün tənha adamlara kirayə verirlər. Pəncərə olmadığı üçün otağa kondisioner qoyulmuşdu, burada nə radio, nə də televizor yox idi, – sükut hökmran idi. Şüşə qapının arxasında adi tualet var idi, Maks əl-üzyuyanın üstündə də güzgüyə rast gəlmədi. Maks istədi ki, güzgüdə özünə baxsın, boynunun kökündə qara ləkəni gördü. Özündə güc tapıb bu ləkəyə toxunmaq istədikdə, xəbərdarlıq edilmədən qapı taybatay açıldı. İçəriyə daxil olan Maksdan bir az hündür, ondan azca arıq bir kişi idi, başqa vaxt olsaydı, onu görəndə Maks əsəbiləşərdi. Öz görünüşü ilə hamıya meydan oxuyan lovğalığını nümayiş etdirirdi, bəli, bu tipli insanlarla Maks professional fəaliyyəti boyu, direktorların, reklam şöbəsinin işçiləri, səsyazma firmalarının müdirləri, musiqi tənqidçiləri və ya deyək ki, çox dar ixtisaslı temaya, məsələn, Barokko musiqisinə həsr edilmiş festival təşkilatçıları arasında çox görmüşdü. Onun yüngül və sərbəst paltarı – boz rəngli kostyumu, tünd-boz maykası və böyük ölçülü ayaqqabıları çox gözəl görünürdü. Dərhal bilinirdi ki, xarici görkəminin üstündə əsən adamdır. Sıx saçları Allah bilir hansı zülmlə arxaya daranmışdı. Dərisi gündən yanmışdı. Üzünə baxanda bilinirdi ki, ömrü boyu idman zallarında olmuş, ən bahalı bərbərxanalara getmiş, hətta çay içəndə də ucuz meyxanalarının qapısını döyməmişdi.

– Salam Maks, – laqeyd-rəsmi səslə dilləndi. – Sizinlə tanış olmağa şadam. Adım Kristian Belyardır, siz məni Kristian da çağıra bilərsiniz, sizinlə mən məşğul olacağam.

Belə bir başlanğıc – Maksı az-çox tanıyanların hamısı dərhal anlaya bilərdi ki, yaxşı heç nə vəd etmir: belə bir tanış olmayan subyektin deyək ki, amerikanlar kimi onu dərhal adı ilə çağırması şübhəsiz ki, xoşuna gəlmədi, ən dəhşətlisi isə bu adamın ona saymazyana münasibət bəsləməsində idi. Bu kişi demək olar ki, ona baxmadan danışırdı və əsəblərini tarıma çəkən bir də bu oldu ki, söhbət zamanı bütün görünüşü ilə hər şeyə tam laqeyd olduğunu aşkar şəkildə nümayiş etdirirdi, vaxtaşırı olaraq otağa göz gəzdirir, dərhal da baxışlarını çəkirdi, elə bil yanında hər şeyi dəqiqliklə qeydə alan bir müfəttiş də vardı. Bircə bu qalırdı ki, Maksa sən deyə müraciət etsin. Maks doğrudan da başa düşmürdü, nəyə görə və hansı hüquqla bura gəlməsi ilə onu dəhşətli dərəcədə narahat edən bu adam utanıb-qızarmadan deyir ki, narahat olma, səninlə mən məşğul olacağam. Yaxşı olardı ki, kimsə gəlib ona nəzakətlə burada nə baş verdiyini, lap Maksın özünün burada nə etdiyini izah edəydi. Ancaq bir şey də var idi ki, bu tipin intuisiyası yerində idi, ən azı kifayət qədər təcrübəyə malik idi ki, bu an, bu zaman Maksın başına nə gəldiyini anlaya bilsin.

– narahat olmayın, – özünü Belyar adlandıran şəxs dodaqucu gülümsəyərək və çarpayının üstündə oturaraq dedi, – hər şey yaxşı olacaq. İndi sənə hər şeyi izah edəcəyəm.

Onun izahatından belə çıxırdı ki, Maks buraya müvəqqəti gəlib. Buraya, yəni ixtisaslaşdırılmış mərkəzə, yaxud başa düşdüyü kimi çeşidləmə mərkəzinə, məhz bu yerdə onun sonrakı taleyi həll ediləcəkdi. Onun müvafiq komissiyaya seçilməsi üçün lazım olan vaxt bir həftədən artıq olmayacaq, bu zaman Maks istirahət edə, mərkəzin avadanlıqlarından könlü istəyən kimi istifadə edə bilər. Belyarın sözlərinə görə buranın mətbəxinə söz ola bilməzdi. Ounn işi ilə bağlı komissiyanın qərarına gəlincə, hər şey sadədən də sadə idi: yalnız iki mümkün variant var, komissiyada qarşılıqlı istisna prinsipinə əsaslanaraq onlardan birinin üzərində dayanmalı idi. Müzakirənin nəticələrinə görə Maksı həmin iki təyinat yerindən birinə göndərə bilərdilər.

– Bir sözlə, heç narahat olmayın, – Belyar dedi, – onların hər ikisinin yaxşı tərəfləri var. Mənə elə gəlir, beş dəqiqədən sonra nəyi nəzərdə tutduğumu anlayacaqsınız. Lütfən geyinin, xahiş edirəm.

Onlar otaqdan çıxdılar, hər iki tərəfi ilə eyni görünüşlü, üzərində nömrəsi olmayan, bir-birindən torşerlərlə ayrılmış qapıların sonsuzluğa uzandığı dəhliz boyu addımlamağa başladılar. Bu qapıların hamısı bağlı idi. Yalnız onlardan biri azca aralı idi, eynən Maksın otağına oxşayırdı. Tozsoran maşının və bahalı yuyucu tozun iyindən bilmək olardı ki, bu otağı təmizləyirlər: Maks burada, arakəsmədə önlük taxmış və çox qısa, qara don geyinmiş ev qulluqçusunu gördü, qadınlar arxası ona tərəf, metal arabanın üzərində əyilmiş halda dayanmışdılar, bu arabaya gigiyena əşyaları və təmiz mələfələr, döşək üzləri və dəsmallar yığılmışdı, haçansa istifadə olunmuş döşək ağı, döşək üzləri, dəsmal və əlcəklər bir tərəfə yığılmışdı.

Sonra qapı sol tərəfə açıldı və burada onlar yaxınlaşan kimi ayaq saxlayan, Maksın burada birinci tanıdığı şəfqət bacısı çıxdı. Maks başının hərəkəti ilə nəzakətlə onu salamladı və onunla yanaşı gedən Belyara baxanda gördü ki, kişinin sifətində müəmmalı bir ifadə oynadı.

– İyirmi altıncı otağın sakini çox narahatdır, – şəfqət bacısı qayğılı səslə dedi, – bilmirəm neyləyim.

– Qulaq as, – Belyar sakitcə etiraz etdi, – yaxşı bilirsən ki, iyirmi altıncı xüsusi bir haldır. Təlimatı ki bilirsən.

– Əlbəttə, – şəfqət bacısı cavab verdi, – ancaq inanın, hər şeyi sınaqdan keçirsəm də köməyi olmayıb.

– Mənə dəxli yoxdur, – Belyar yenə etiraz etdi, – belə çətinliklərin öhdəsindən gəlmək sizin borcunuzdur, burada gördüyünüz işlər vəzifə borcunuzdur. – Bunu deyib həyəcanlandı: – Görürsünüz ki, mən məşğulam, cənab Lopeslə danışın. Gücünüz çatmırsa, zəhmət çəkib sizə başqa iş taparlar, gedib mətbəxdə işləyərsiniz, orada adam çatmır. Sağ olun.

Onlar bir-birindən narazı halda ayrıldılar.

– Mənə belə gəlir ki, bu qız heç də pis deyil, – Maks da özündə cəsarət tapıb rəyini söylədi. – Ancaq təəccüblüdür, necə də Doris Deyə oxşayır.

– Elə özüdür ki, var, Doris Deydir, – Belyar laqeydcəsinə cavab verdi.

– Necə yəni? – Maks təəccübləndi.

– Bəli, Doris Dey, yəni demək istəyirəm ki, əvvəllər bu xanımın adı Doris Dey olub. Nəyə görə soruşursunuz, onu tanıyırsınız?

– Aman Allah, – Maks qışqırdı, – onu kim tanımır! Mən onu bir neçə filmdə görmüşəm, hələ evimdə bir-iki diski də var.

– Belə de, – Belyar dilləndi, həmişə olduğu kimi maraqsız danışırdı, – görünür, siz ikiniz də musiqi ilə məşğul olmusunuz?

– Belə də, əgər demək olarsa, bəli, ancaq digər tərəfdən başqa şeylərlə də, yəni demək istəyirəm ki, başqa janrlarla da maraqlanıram.

Bir anlığa səsini kəsdi, əli ilə havada hərəkətlər etdi və bir an dayanmadan təxəyyülündə cızdığı klaviaturanın üzərində barmaqlarını gəzdirdi.

– Sizə deməliyəm ki, işin öhdəsindən gələ bilərəm, nə desəniz eləyərəm, – Maks dava etdi. – Musiqi aləti olmadan burada çox qala bilmərəm.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə