Jan Eşnoz və onun «Royal Arxasında» romanı



Yüklə 449.13 Kb.
səhifə2/8
tarix01.06.2017
ölçüsü449.13 Kb.
1   2   3   4   5   6   7   8

6_____________________
Pleyel zalında konsert verildiyi gündən bir həftə keçmişdi, Maksın qabaqda hələ yaşamağa on beş günü qalırdı, biz indi səhər tezdən Maksın axşamüstü Qraslen operasında Forenin əsəri üzrə verdiyi konsert qurtardıqdan sonra Nantdan Parisə qayıtdığı sürət qatarında irəliləyirdik. Maksın cismində və qəlbində dünənki çıxışı zamanı baş qaldıran qorxu hissi yatmışdı, ancaq bu axşam yenə də Qavo zalının səhnəsinə çıxacağı üçün həyəcan canını bürümüşdü. Bu həyəcanı qovub rədd edərək və başını nə iləsə qatmağa cəhd göstərərək Maks yerindən qalxdı, bara doğru üz tutdu, qatarın hərəkətindən səndələməyə başladı və buna görə də belini oturacaqlara söykəyə-söykəyə gedirdi.

Çox da uzaq getmədi. Bu zaman bar demək olar ki, bomboş idi, pəncərədən çox sakit və mülayim bir peyzaj görünsə də, ona tamaşa etmək üçün əyilmək və ya nəyinsə üstünə qalxmaq lazım gəlirdi, çünki pəncərə şüşələrində nəyə görəsə göz səviyyəsində geniş və üfüqi köndələn tirlər vurulmuşdu; ancaq bu peyzaj da onu dərindən maraqlandırmadı.

Pivə sifariş verdikdən sonra Maks cibindən mobil telefonu çıxarıb nömrəni yığdı.

- Alo, – Parizi dərhal cavab verdi. – Sənsən? Nantda konsertin necə keçdi?

- Belə də, pis keçmədi, – Maks cavab verdi, – ancaq oteldəki otaq heç xoşuma gəlmir.

- Niyə? Nə olub ki? – Parizi qayğıkeşliklə soruşdu. – Aha, bildim nəyə görə.

- Ağlına nə gəldi ki? – Maks da dilini dinc qoymadı. – Nəyə görə mənim üçün siz əlillər üçün nəzərdə tutulan otaq sifariş vermisiniz?

Əslində xüsusi çarpayı, xüsusi niyyətlə quraşdırılmış vanna, vannada oturacaqlar, şimala açılan pəncərə, oturub düşünəndə elə əlillər üçün nəzərdə tutulmuşdu, – bu otaq tam şəkildə təsəvvür edildikdə xəstəxana təəssüratı yaradırdı və tənha kişinin, üstəlik tənha musiqiçinin, canına həyəcan yerimiş bir kəsin ovqatını heç cürə yaxşılaşdıra bilməzdi.

- Elədir, bilirəm, – Parizi razılaşdı, – ancaq başqa bir şey də tapa bilmədik. Yadından çıxıb, Nantda böyük bir konqres keçirilir, bütün otellər ağzına qədər doludur.

- Deyək ki, sən deyənlər doğrudur, – Maks cavab verdi, – ancaq axı…

- Bilirsən, – Parizi davam etdi, – sənin oturduğun nömrələrin yaxşı cəhətləri də var. Gözünü aç bax, otağın gör necə genişdir. Sonra, gördüyün kimi orada qapılar da enlidir.

- Enlidir? – Maks soruşdu.

- Bəli, bəli, ona görə ki, bu qapıdan iki əlil kreslosu keçə bilsin, – Parizi izah etdi.

- Nəyə görə iki? – Maks hirsləndi.

- Əlillərin sevmək hüququ var – Parizi xatırlatdı.

- Deyək ki, bu belədir, – Maks təkrar etdi, – ancaq burada heç kiçik bir bar da yoxdur.

- Əlillər içmirlər, – Parizi soyuqqanlılıqla cavab verdi.

- Yaxşı, – Maks dedi, – yaxşı. Görüşənə qədər.

Pivəni axıra qədər içdikdən sonra barda iki kiçik butulkada spirtli içki alıb ciblərinə soxdu və evə qayıtdı.

Kupedə siqaret çəkənlər üçün ayrılmış yerdə Maks tək-tənha oturmuşdu. Belə sürət qatarlarında şübhəsiz ki, rahatlıq var: birinci dərəcəli on üçüncü vaqonda siqaret çəkənlər üçün kupe barla yanaşıdır və bunun özü yaxşı əlamətdir. Siqaret çəkməyənlər üçün nəzərdə tutulan kupedən bir kişi ona yaxınlaşıb yanındakı kreslolardan birində oturmaq istədi, dəqiqləşdirdi ki, bir-iki siqaret çəkdikdən sonra çıxıb gedəcək.

- Üzr istəyirəm, – Maks qonaqpərvər jestlə elə bil evindəymiş kimi dedi.

Kişi təşəkkür edərək cibindən siqareti və alışqanı çıxardı, diqqətlə Maksa baxdı və bu dəm bu təsadüfi yolçunu haradasa gördüyünü düşünürdü. Əsl həqiqətdə onun şəkli tez-tez qəzet və xüsusi jurnal səhifələrində, afişalarda və kompakt-disklərin üst tərəfindən görünürdü, ola bilər ki, elə bununla bağlı olaraq kimsə onu tanıya bilər, qəribə deyil ki, ictimai nəqliyyatda bu hadisə vaxtaşırı baş verirdi. Şübhəsiz ki, onun üçün bu xoş hadisə sayılmamalıydı, bəzən də narahatlığına səbəb olurdu, ancaq bu səhər yolun da beləcə bitib-tükənmədiyi qatarda oturan Maks ağzını açıb danışmaq həvəsində deyildi. Ancaq «Malbro» çəkən naməlum kişi qarşıdakı oturacaqda ağzı açıq halda mürgüləmişdi, siqareti axıra qədər yanıb sönmüşdü. Ancaq yol gedərkən nə məsələdir ki, həmişə bu tipli hadisələrlə rastlaşır. Hətta hardasa tanınanda, məşhur olanda belə həmişə, hər yerdə şəraitdən asılı olaraq istədiyin şəkildə yox, baş verən hadisənin diktəsi ilə tanınırsan. Başımı nəylə qatım. Barmaqları ilə cibini yoxladı, birinci butulkanı çıxardı.

Gəlib çatmazdan qabaq, qatarın dayanmağına çox qalmış oturduqları yerdən yük çantalarını götürən sərnişinlər xəbər eşidibmiş kimi yerlərindən qalxıb qapının ağzında topalaşdılar. Maks axırıncı yanaşdı. Vaqondan çox gec çıxdı və onu Monparnas vağzalının səkkizinci platformasında gözləyən Berni dərhal Maksın kefinin yaxşı olmadığını sezdi. Görən kimi irəli cumdu, Maksın əlini tutdu və dil qəfəsə qoymadan onu çıxış tərəf çəkdi. Pianoçuya xəbər verdi ki, mətbuatın Pleyel zalında verdiyi son konsertindən yazdığı məqalələr ucdantutma tərif idi, – əlbəttə, həmişə belə deyirlər, mən özüm heç zaman resenziyaları oxumuram, – şübhəm yoxdur ki, bu axşam Qavo zalı ağzına qədər dolacaq, Birləşmiş Ştatlardan zəng ediblər, bir aylıq turneyə dəvət ediblər, Fujer festivalının təklif etdiyi qonorar Parizinin sözlərinə görə təhqiramiz dərəcədə qəbuledilməzdir. O, səbirsizliklə Şossonun əsərlərinin yazılmasını gözləyir, bir tərəfdən də yaponlar Serumen studiyasına qabaqcadan sifariş vermək üçün təkidlə tarixi konkretləşdirməyi tələb edirlər, – onlar görəsən bu axmaq sözü hardan tapıblar, nə qədər axmaq olasan ki, studiyaya qulaq tıxacı deyəsən! – Bundan sonra bütün xəbərləri bir-birinə qarışdırıb ağlına gələni danışdı.

Maks eskalatorla düşdükləri zaman deyilənlərə səbrlə qulaq asdı, aradabir, Berninin sözlərini kəsməmək üçün gülümsəyirdi və nəfəs alıb-verdikcə havadan gələn qoxunu canına çəkirdi.

- O axşam Parizi ilə nədən danışdınız? – Maks soruşdu. – Əlavə qonorar haqqında?

- İkimiz də xeyli danışıb razılaşdıq, – Berni cavab verdi, – ancaq bu axırda sizdən asılı olacaq.

- Özünü üzmə, – Maks dedi, hər şey qaydasında olacaq. Bircə ondan canımızı qurtara bilsəydik. İmpresarionu həmişə dəyişmək olar. Səninlə mən birlikdə bir-birimizi yaxşı anlayırıq, Parizi isə gicbəsərdir.

- İcazənizlə, – Berni etiraz etdi.

- Onun musiqidən başı çıxmır, kefir butulkasına necə baxırsa, bədii əsərə də o cür yanaşır. Üstəlik, – sözünə davam etdi, demək olar ki, kardır.

- Yox, – Berni bir də təkrar etdi və Maksın biləyindən yapışdı.

- Elədir, sənə deyirəm ki, elədir, – Maks razılaşmadı, – onun karlığı o dərəcədədir ki, qulaqları yalnız eynək saxlamağa yarayır. O, heç mənim fikirlərimi də anlamır. O, başqa məsələ ki, başqaları da, elə mən özüm də bəzən nə demək istədiyimi anlamıram.

Saat birə işləyirdi, Berni Maksı taksi ilə evə apardı, özü isə kiməsə rast gəlmək ümidi ilə Barbes bulvarında təkbaşına gəzməyə başladı. Qarşısına çıxan ilk yeməkxanaya girib həmişəki yeməyini sifariş elədi, birinci mərtəbəyə düşdü, burada tualet və telefon budkaları olurdu. Əvvəlcə kabinəyə girdi, telefonun dəstəyini götürüb Parizinin nömrəsini yığdı.

- Dostumuz necədir? – Parizi narahatlıqla soruşdu.

- Necə deyim, – Berni cavab verdi, – məncə yaxşı deyil.

- Necə, – yenə Parizi səsini qaldırdı, – yenə pərişandır? Günün bu vədəsində.

- Bir az yorulub, – Berni vəziyyətdən çıxmağa çalışdı, – qarşılayanda gördüm ki, çox yorğundur.

- Mənə qulaq as, Bernar, – Parizi sakitcə dedi, – keçən dəfəki söhbətimiz yadındadı, buna birbaşa sən cavabdehsən. Konsert gözlənildiyi kimi yaxşı keçməsə, orada nəsə baş versə, müqaviləmizə xitam veriləcək. Ağlınızı başınıza yığın.

Maks Şato Rujda yerləşən evində Alisin mətbəxdə onun üçün saxladığı buğa verilmiş cücəni yedikdən sonra studiyadakı divanda uzandı, ancaq birdən-birə bütün bədəninə yayılan qorxu hissi onu yerindən durmağa məcbur etdi. Çalışdı ki, bu qorxu hissini canından spirtli içki ilə qovsun, ancaq bundan sonra qorxu bir az da gücləndi. Axşamüstü Berni onu konsertə aparmaq üçün dalınca gələndə, Maks vağzaldakından da ümidsiz görünürdü, Berni isə geyinməyə kömək etməzdən qabaq əlini tutub duşa apardı. Daha sonra Küstin küçəsinin tinində dayanıb taksi çağırdı.

- Monso parkına, – Berni dedi.

- Nəyə görə Monso parkına? – Maks etiraz etdi. – Niyə məni həmişə ora aparırsan?

- Ora yaxşıdır, – Berni cavab verdi, – rahatdır, gözəldir, təmizdir. Mənim evimlə yanaşıdır. Bundan daha yaxşı bir şey fikirləşə bilməzdim.

Hava getdikcə qaralırdı. Vaxtaşırı olaraq hərdənbir ürək sıxan və ağır havanın içi ilə sərin meh əsir və taksinin aşağı salınmış şüşəsindən onların üzünə vururdu. Maks plaşının düymələrini adda-budda bağlamış halda oturmuşdu.

- Görürsən də, – birdən sözə başladı, taksi boz rəngli darvazanın qabağında saxlayanda,- bircə bu yağış çatmırdı.

- Bir az gözlə, yerindən tərpənmə, – Berni dedi, – qoymaram üstünüzə yağış çilənsin. Zəhmət olmasa, qəbz yazın, – üzünü sürücüyə tutdu, sonra cəld maşının arxasına keçərək, çətiri götürdü və onu Maksın başı üzərində açdı, Maks maşından çıxmış və ayaqlarını yanpörtü qoyaraq çiskinli yağışın altında dayanmışdı.

Onlar parka girdilər. Berni bir əli ilə Maksdan, o biri əli ilə isə çətirdən yapışmışdı.

- Çətiri öz başına tut, – Maks səbirsizliklə dedi, – islanarsan.

- Heç nə olmaz, plaş geyinmişəm, – Berni xatırlatdı.

- Qulaq as, – Maks dedi, – bəlkə sizə gedək, bir stəkan vuraq, mənə belə gəlir ki, bir az pivə içmək pis olmazdı.

- Yox, cənab Maks, – Berni qətiyyətlə cavab verdi.

- Qulaq as, – Maks təslim olmadı, – yaxşı bilirsən ki, nəmişlik mənim əllərimə zərərlidir. O, mənim barmaqlarımı keyləşdirir. Artrit baş qaldıracaq, elə bilirəm bax elə indicə tutma başlanacaq.

- Cənab Maks! – Berni bilmədi ki, nə desin.

Berninin güzəştə getməyə hazır olduğunu hiss edərək, Maks əllərini plaşının cibinə saldı, qatarda aldığı butulkanı cibindən çıxarıb havada nar kimi saxladı.

- Bax, sən bundan qorxursansa, elə indicə ayrılaq, səninlə kəlmə də kəsmərəm. Bunu içsəm, bədənim qızışar. İkisindən biri olmalıdır: ya sənin evində pivə içməliyik, ya da bu saat bunu başıma çəkirəm. Elə bilirsən, yaxşıdır?

- Əlbəttə yaxşı deyil, – təslim olan Berni cavab verdi, – şübhəsiz ki, yaxşı deyil.

- Burada pis nə var ki, – Maks təəccübləndi, yaxşı olardı harada yaşadığını deyəsən.

- Murilo küçəsində, – Berni mısmırığını sallamış halda cavab verdi, – bax orada.

- Aydındır, – Maks dedi və gülümsədi. – Buna bax, gör necə yaxşı rayonda yaşayır.

- Mənim mənzilim demək olar ki, toyuq hini kimidir, balacadır, – Berni zəif şəkildə etiraz etdi, – sonuncu mərtəbədə yerləşir. İçəri girsən görərsən, mənə və oğulluğuma çatacaq qədər balacadır.

- Getdik, – Maks amiranə səslə dilləndi.

Deyilənlərlə razılaşan Berni ayaqlarını Maksın dalınca sürüdü, əlinin işarəsi ilə onu alaqapıya tərəf yönəltdi və bunu ona görə elədi ki, Şopenin abidəsinə çatmamış burulub keçsinlər, Şopen royal arxasında oturaraq hansısa musiqini səsləndirirdi, alətin aşağı tərəfində dizlərindən yapışmış halda oturan qız isə cuşa gələn hisslərini gizlətmək üçün əli ilə üzünü tutmuşdu.

- Aman Allah, inana bilmirsən, musiqidən necə məst olmalısan ki, bu şəklə düşəsən, indiyə qədər bu oğlanın gözlərini görməmişdim.

Murilo küçəsindəki dörd nömrəli ev həqiqətən kifayət qədər gözəl olsa da, kiçik idi, radısqallıqdı burda; Berninin mənzili olsa-olsa bir-birinə girişi olan üç otaqdan ibarət idi. Berni eyni zamanda həm qonaq otağı, həm mətbəx, həm də yeməkxana olan əsas otağa daxil oldu, onun çarpayısı da burada idi. Açıq qapıdan oğulluğunun, Allahın böyük istedad vediyi uşağın otağına baxarkən Maks burada kompüter və axırıncı modelli monitoru gördü. Şərtləşdikləri kimi Berni pivəni gətirdi; baxıb dəhşətə gəldi, Maks pivənin içinə parkda cibindən çıxarıb havada nar kimi oynatdığı butulkalardan birinin tən yarısını tökmüşdü. Sonra adət-ənənəyə xilaf çıxmadan Berni pianoçunu əyləndirməyə və onu konsert haqqında düşünməməyə məcbur etdi. Həmişə belə olurdu, bu dəfə isə müvafiq mövzu və arqumentləri tapmaq dəhşətli dərəcədə çətin idi, çünki Maksın sərxoşluğu hər an artırdı. Burada yaxşı bir şey olmasa da, qorxunun yavaş-yavaş, kölgə kimi çəkilib getdiyinin şahidi olurdun.

Saat səkkizin yarısında Maks və Berni Messina bulvarını keçib Qavo zalına yaxınlaşdılar və düz saat səkkizdə, Maksı dümdüz dayanmağa uzun-uzadı cəhd etdikdən sonra Berni vərdişinə xilaf çıxmayaraq musiqiçini səhnəyə tərəf itələdi. Maks, həmişəkinin əksinə olaraq qəti addımlarla musiqi alətinə və gözünün önündə heç də aydın mənzərə cızmayan klaviaturaya tərəf yönəldi, bu an ona elə gəlirdi ki, bu iki alət yaxınlaşan kimi əl-qolunu bağlayıb onu parça-parça edəcəkdilər. Səhnəyə çıxar-çıxmaz zal ayağa qalxdı, sürəkli onu alqışladı. Keçən həftə olduğundan bu gün daha da güclü səslənən alqışların göyün yeddinci qatından torpağa can atan Niaqara şəlaləsi guruldayırdı, başı dumanlı olan, heç nəyi anlamayan Maks isə elə başa düşdü ki, konsert artıq başa çatmışdır. Bir neçə dəfə təzim edib camaata təşəkkür etdi və eyni qəti addımlarla kulisə doğru irəlilədi, burada Parizinin dəhşətli baxışları ilə qarşılaşdı. Berni isə bir az düşündükdən sonra Maksın çiyinlərindən yapışaraq ehmalca öz oxu ətrafında fırlatdı və güclə itələyərək onu təzədən səhnəyə istiqamətləndirdi.

- Yox, indi sonata çalacağam.

- Əla, – Parizi cavab verdi. – səndən olmaz Bernar, doğrudan əhsən sənə.

- Elə bilirsən asandır, – Berni dodaqucu dilləndi. – Elə olur ki, lap başımı itirirəm.


7_________________________
İki saat keçdikdən sonra, konsertdən sonra özünə gələn Maks Delmar könül rahatlığı ilə taksinin arxa oturacağında əyləşmişdi. Maşın nəhayət, onun evinin qabağında dayananda Maks gözlərini açaraq yaşadığı evin alaqapısının qarşısında çömbəlib oturmuş, diqqətlə onun səmtinə baxan iti gördü. Maks gediş haqqını verib taksidən düşərkən it gözlərini ondan ayırmamışdı. Bu çox böyük nyufaundlend, ola bilər ki, çox dinc və xeyirxah görkəmi olan mastif idi. Bir azdan sonra durub yola düzəldi. Maksın kinokameranın obyektivinə bənzəyən gözləri yol boyu hər şeyi izləyirdi, axırda arxası Maksa tərəf dayanmış qadın fiqurasına toxunub dayandı. Hətta kürəkdən də, uzaqdan belə, iki lampadan biri yandıqda belə, Maks həmişə rastlaşdığı fövqəladə gözəlliyə malik olan qadını tanıdı. Bu qadın iti ilə birlikdə La-Villet meydanına tərəf üz tutmuşdu. Maks xüsusən də belə gec vaxtlarda tanış olmadığı qadınlarla küçədə çənə döymək istəyən kişilərdən deyildi. Şübhəsiz ki, bu prinsipial bir məsələdir, ancaq səbəbi həm də Maksın bu işlərdə qabiliyyətinin olmaması ilə bağlı idi. Bununla belə, bütün gün ərzində içdiyi alkaqolun təsiri ilə gec reaksiya verməsi, bəlkə başqa bir səbəbə görə Maks qadının arxasınca düşdü, artıq qadınla tanış olmağı qəti şəkildə qərarlaşdırmışdı. Qadına nə deyəcəyini təsəvvürünə gətirmədən irəliləyirdi, bundan heç narahat da olmurdu və özünün sakitliyinə, təmkinli hərəkətinə bir az mat qalmışdı, – son anda deməyə yəqin ki, bir söz tapacaq. Qadına yaxınlaşdığı zaman nəsə dediyini eşitdi, bir az da yaxına gəldikdə qadının mobil telefonla danışdığını başa düşdü. Bu vəziyyətdə ona yaxınlaşmaqdan söhbət gedə bilməzdi, buna görə də Maks heç nə olmayıbmış kimi iti addımlarla, guya üç evdən sonra La-Villet meydanına gedirmiş kimi qadının yanından keçdi. Günün bu vədəsində məhəllənin küçələri kimsəsiz olur. Görünür, qaranlıq fasadların altında Maksın addımlarının güclü əks-səda verən səsi onun niyyətini gizlətməyə mane olmuşdu, elə bu səbəbdən Maks özünü narahat hiss etdi. Meydana gəlib çatdıqda beynində başqa bir plan oyandı, çox sadə bir plan: geri qayıdacaq, qadına yaxınlaşacaq və bu dəfə hökmən onunla danışacaqdır. Yenə də ona nə deyəcəyini ağlına gətirmirdi, ancaq qəribə deyil ki, bu problemə o, mənasız bir iş kimi baxırdı.

Beləliklə, meydana çatar-çatmaz fırlanıb geri qayıtdı, uzaqdan bu dəfə sahibindən qabaqda gedən iti gördü. Qadın sürətlə irəliləyirdi, Maks duydu ki, o, yenə telefonla danışır və yenə də tanışlıq fikrindən vaz keçdi. Başını aşağı salıb gözünü çəkmələrinin burnuna zilləyərək çox sürətlə qadını keçdi. Ola bilər ki, mənim ora-bura necə vurnuxduğumu sezib və ona elə gəlir ki, mən dəliyəm, başqa nə ad qoymaq olar, səfehəm ki, səfeh. Hər şey batdı. Alaqapını itələyib içəri keçdi, dərhal Alisin otağında işıq yandığını gördü, öz kabinetinə qalxdı, plaşını çıxarıb divanın üstünə atdı və həmişə olmadığı kimi ayaq saxlamadan birbaşa yataq otağına keçdi. Qəzəbdən nəfəsi kəsilə-kəsilə soyundu və qəzəbli halda çarpayısına uzandı. Ancaq uzanan kimi də sıçrayıb yerindən qalxdı, ildırım sürəti ilə paltarlarını götürüb əyninə keçirtdi, kabinetindən keçərək qaça-qaça qapını açıb özünü küçəyə atdı. Bəlkə də artıq evinə çatmış olar, bəlkə də yox, bilmirəm, nə deyim ona? Gözlərimə inanmıram, o, hələ də buradadır. O da, iti də, hər ikisi buradadır.

Ürəyində öz-özünə cürətli ol, deyə-deyə Maks qadına yaxınlaşdı. İt yenə də, artıq bu dəfə hirs-hikkəsini udaraq gözlərini ona zilləmişdi. Maraqlıdır, görəsən bu iti yanında niyə gəzdirir. Qadın da təəccüblə yaxınlaşmaqda olan Maksı süzdü, qaşlarını azacıq da olsa çatmadan və cibindən yandırıcı bibər cövhəri qatılmış aerozol çıxarmadan.

- Xahiş edirəm qorxmayın, – Maks bir az həyəcanlı şəkildə dedi, – bir dəqiqə vaxtınızı alacağam. Çoxdandır sizinlə bizim məhəllədə rast gəlirəm.

- Doğrudan? – Qadın gülümsündü.

Bu lap əla oldu, – Maks düşündü. O, məni görüb, bu isə artıq nədənsə xəbər verir.

- Mən sadəcə sizin kim olduğunuzu bilmək istərdim. – Çox cəsarətli oğlansan.

Qadın yenə gülümsündü.

- Mən burada yaşayıram, əlli beşinci evdə və gördüyünüz kimi iti havaya çıxarıram (mən isə əlli doqquzuncu evdə yaşayıram, Maks yalan danışdı). Adətən iti uşaqlar gəzdirir (aha, Maks öz-özünə dedi), bu gün onlar evdə yoxdur. – Fasilə və yenə də təbəssüm işartısı. Söhbəti elə buradaca kəsmək məqamıdır, əks halda səfehliyin aydın olacaq. Maks səfeh görünmək istəmədiyi üçün yüngülcə təzim etdi, sifətinə xeyirxah ifadə verdi.

- Çox yaxşı, – sizə gözəl istirahət arzulayıram.

Həyətdən keçərkən yenə də Alisin pəncərələrində yanan işığı gördü, ancaq ona baş çəkməmək qərarına gəldi. Konsertdən sonra necə çıxış etdiyini danışmaq və ondan vaxtını necə keçirdiyini soruşmaq üçün həmişə Alisin yanına gedərdi, ancaq bu gün bu mümkün olmayacaqdı, getsəydi dili dinc durmayacaqdı və mütləq başına gələnləri danışacaqdı və bu dəfə özü-özünü səfeh görkəmdə görmək istəmirdi, ən əsası isə dəhşətli dərəcədə həyəcanlanmışdı. Kabinetinə qayıtdı, təbii ki, sonuncu dəfə bir stəkan içdi, royalın qapağını qaldırdı, dərhal da əlindən buraxıb örtdü, könülsüz halda qəzeti varaqladı və nəhayət yerinə uzandı: uzun müddət itlə gəzən qadını düşündü, arada bir Roza yadına düşdü, bu elə yuxu dərmanıdır ki, var – gecən xeyrə qalsın.
8_____________________________
Son günlər Maks itlə gəzən qadını tez-tez görürdü, hər addımbaşı qarşısına çıxırdı. İndi, o axşam qısa rastlaşmalarından sonra hər şey ani təzim və təbəssümlə ötüşüb keçirdi, çünki onlar tanış olduqları zaman özlərini alicənab aparmışdılar. Ancaq bu təbəssümlərin bir-birindən fərqi də var idi. Belə ki, həmin axşam, qadın olduğundan daha füsunkar görsənirdi, o dərəcədə ki, hər şey öz-özünə aydın idi: o, şadyanalığa gedir və şübhəsiz ki, tək getmir, – burada belə bir məqam çox maraqlıdır, görəsən bu zaman Maks canında qısqanclıq acısını hiss etməmişdi ki, axı arada demək olar ki, heç nə baş verməmişdi, – sadəcə üzünə gülmüşdü. Bu təbəssümün işığı hətta qadın arxasını ona çevirdiyi zaman belə sönməmişdi, Maks əvvəlcə özünü pis hiss etmiş, sonra isə həyəcanlanmışdı.

Daha sonra, hələ günorta olmamış uzaqdan qadunun küçənin o biri başında qaçış üçün idman formasında necə ona sarı gəldiyini gördü. Bu, Ermes kostyumu necə olmasa da, idman üçün nəzərdə tutulmuşdu. Metal supermarket arabasını qabağına qatıb sürürdü. Doğrudur, arabanın içində «Konran» dükanının markası gözə dəyirdi, ancaq necə yozsan da, bu elə arabaydı. Həmin səhər hər gün olduğundan az ənlik-kirşan işlətmişdi, bir elə səliqəylə daranmamışdı, məğrurluq atından bir az enmiş kimi görünürdü, həmişəkindən bir az daha sadə təsir bağışlayırdı. Qadın dükanları gəzib-dolaşandan sonra evə qayıdırdı, belə görünürdü ki, ovqatı bir elə yaxşı deyildi, ən azı ona görə ki, onu bu vid-fasonda görmüşdülər, indi onun son dərəcə xəfif təbəssümü Maksa daha sirli-sehrli təsir bağışlayırdı.

Növbəti dəfə onu 55 nömrəli evin yanında, qadın yağış altında maşınını, balaca, qara rəngli «audi»ni qaraja qoyduğu zaman görmüşdü, Maksın sözləri ilə desək, qadın maşını qarajın içində açıq-aydın darısqal yerə soxmaq istyirdi. Arxa şüşəyə tərəf çevrilərək və görünür, bir az qəliz manevrdən özünü itirmiş halda qadın Maksa necə deyərlər tapmacalı təbəssüm yolladı, elə bir təbəssüm ki, sizi hər şeyi əlbəəl anlayan bir görkəmlə gözünüzü səmaya zilləməyə məcbur edir. Bu təbəssümlər xüsusən yağışlı havalarda, dodağa çəkilən rəng su şırnağıyla bir aşağı süzüldüyü zaman daha ifadəli təsir bağışlayır. Öz maşını olmayan Maks bu günə kimi bu qadını tanımadığına şübhə etmirdi, bir dəfə baxmaqla nömrəsini əzbərlədi. Bu xatırlanan halların heç birində it gözə dəymirdi və hər dəfə Maks bütün gücünü sərf etdi, özünü son dərəcə nəzakətli aparmağa cəhd göstərərək, təbəssümə lütfkarlıqla cavab verməyə çalışdı. Bir sözlə, özünü əsl centlmen kimi aparırdı və bu zaman böyür-başında heç bir təhlükə-filan hiss etmirdi.

Bu konkret işarəli təbəssümlə yadda qalan təbəssüm günündə Maks Parizinin gəlişini gözləyirdi. İlk dəfə idi ki, impressario Maksa evində baş çəkmək qərarına gəlmişdi, o məqsədlə ki, bu dəfə özü konsertin televiziya üçün yazılmasından qabaq ifaçıya nəzarət edə bilsin. Gözəl orkestr, məşhur solistlər, dəvətnamə ilə çağrılmış seçmə publika, konsertin tədris kanalı ilə gecə yarsı veriləcəyinə baxmayaraq, onu «Radi Frans» studiyası ilə bibaşa efirə vermək də planlaşdırılmışdı. Həmin gün Parizi şırhaşır axan təri udmaq və dəhşətli tər izini gizlətmək üçün nəzərdə tutulan qara kostyumla təşrif gətirsə də, bir daha təsdiqlədi ki, onun özü partituranı görmək arzusundadır və bəzi texniki məsələləri yoluna qoymaq istəyir, qarşısına belə bir məqsəd qoymuşdu ki, konsertə bir neçə gün qalmış adəti üzrə əsəbləşməyə başlayan Maks ifa öncəsi əldən düşməsin, canında yorğunluq hiss etməsin. Bir qayda olaraq, Parizi Maksa nəzarəti köməkçisinə tapşırardı, ancaq bu dəfə məsələ daha böyük əhəmiyyət kəsb edirdi, hər şeyi Berninin tək canına yükləmək olmazdı. Maks çox pərişan görünürdü, «audi»nin nömrə nişanındakı rəqəmlərlə takt və partituranın nömrələri arasında uyğunluq axtarırdı.

- Mənə belə gəlir ki, siz içmək istəyirsiniz, - Maks dedi, - nəsə gətirimmi?

- Qulaq asın, - Parizi sözə başladı, - indidən deyirəm, istərdim ki, siz...

- Narahat olmayın, - Maks onun sözünü kəsdi, - alkoqol olmayacaq. Bilmirəm bu gün mənə nə olub, heç nə ürəyimcə deyil. Kofe içim bəlkə?

- Məmnuniyyətlə, - Parizi cavab verdi.

Maks daxili telefonla Alisdən kofe gəitirməyi xahiş etdi və onu da dəvət etdi. Sonra, bir az gəzişdikdən sonra divanın üstünə çökdü.

- Hər şey qaydasındadır? – Parizi həyəcanlandı. – Həyəcanın kəlləçarxa qalxmayıb ki?

- Qəribə olsa da, yox, - Maks cavab verdi, - televiziya zalda konsert vermək deyil ki.

- Bilirsənmi, televiziya yayımı birbaşa olmayacaq, - Parizi yada saldı, - heç nəyin fikrini çəkmək lazım deyil. Hətta nəsə yerinə düşməsə belə, başqa bir passajı yaza bilərik.

- Əlbəttə, əlbəttə, - Maks dedi, qalxdı, studiyanın pəncərisinə nigaranlıqla baxdı.

Küçədə küləyin və yağışın əl-ələ verməsinə görə ins-cins gözə dəymirdi. Trotuarda bükülü qoyulmuş lineliumun bir rulonunun qiymətinin əvvəlki qaydada 25% aşağı düşməsini hesaba almasaq, diqqət çəkən heç nə yox idi; aptekdə yaşıl neon həmişəki kimi işarmağındaydı, qonşu piştaxtada isə, düzülən şeylərin hər birinin qiyməti 10 franka idi. Alis əlində podnos içəri girdi.

Maksdan iki yaş balaca idi, boyu boyuna çatırdı, çox da arıq-ələngə deyildi, saçları Maksda olduğu kimi bəyazlamışdı, bir az yöndəmsiz və demək olar ki, rənglənməmişdi, boynuna nazik qızıl sep salmışdı; Alis əyninə açıq-boz kostyum geyinmişdi, kostyum çox yüngül və sadə idi. Podnosu divanın böyründəki stolun üstünə qoyaraq, gülümsədi və Pariziyə yaxınlaşdı; Alis içəri girən kimi Parizi yerindən dik atılmış, qəddini düzəltməyə imkan tapmamış iki qatlanıb təzim etmişdi. Görünür, Alis onda elə güclü təəssürat yaratmışdı ki, qız ona müraciət edən kimi, gözlərini ondan bir an da çəkməyərək, nəsə demək istəmişdisə də bacarmamış, dili topuq çalmış, əyni-başı tərləmişdi. Alisin kişilərdə belə reaksiya yaratmağına öyrəşməmiş Maks, təəccüblə impressarioya baxdı, onun gic vəziyyətinə düşməsinə ürəyində gülmüşdü də. Özünü bir az ələ alandan sonra Parizinin xoş bir söz deməsindən sonra Alisin üzü təbəssüm işığına büründü. Çox da gözəl olmayan bir çox qadınlar kimi o da şadyanalıq üçün əlinə düşən fürsətdən yararlanırdı, indi də fürsət var ikən gülürdü, özü də ara vermədən, buna görə də gülümsəmək şaqqanağa keçirdi, elə bil ki, qəzəbindən, acıqlandığına görə gülürdü, bir sözlə kişi qıza əzab verirdi, elə bil ki, bu kişinin köməyi ilə qız içində ona rahatlıq verməyən nədənsə ciddi-cəhdlə xilas olmaq istəyirdi.

Bununla belə Alisin gülüşünün hələ özündən çıxarmadığı Parizi, - onu ümumiyyətlə həzm eləməyən və onun olduğu yerdə ümumən nəsə gülməli bir söz deməyi ağlına belə gətirməyən Maks haqqında bu sözləri qəti demək olmazdı, - birdən nəsə deyib onun dodaqlarını qaçıra bilərdi. Necə olmasa da, Maks vəziyyəti aydınlaşdırmaq qərarına gəldi.

- Hə, - o dedi, - icazə verin bacımı sizə təqdim eləyim. Siz deyəsən tanış deyilsiniz.
9____________________
Sizi mən çox yaxşı tanıyıram, haqqınızda nə lazımsa bilirəm. Siz yəqin ki, ağlınıza gəlib ki, Maks da qadın düşgünüdür, qadınları başdan çıxaran, onların arxasınca ağzı sulana-sulana sürünən, nə qədr körkəmli, yaraşıqlı olsa da bir o qədər alçaq adamlardan biridir. Roza, Alis, indi isə itlə gəzən qadın sizi məhəbbət macəralarında bulaşan kişi obrazını yaratmağa məcbur etdilər. Hesab elədiniz ki, bu obraz kifayət qədər düşükdür, siz də şübhəsiz ki, haqlı deyildiniz. Ancaq necə olmasa da, siz haqlı deyilsiniz, ona görə ki, bu musiqiçinin həyatında indiyə qədər haqqında söz açılan qadınlardan biri bacı, digəri xatirə, üçüncüsü isə olsa-olsa xəyaldan başqa bir şey deyildi. Başqaları yoxdu, ona görə də nahaq yerə narahat oldunuz. Gəlin, davam edək.

Onların kofe içdikləri bütün müddətdə Parizi Alisdən gözlərini ayırmadı, o çıxıb gedən kimi isə dedi ki, getməlidir, maşını Klinyankur küçəsində saxlayıb. Maks pianoçu paltarını geyindi. Əsəbləşib-eləmədən, hətta görünməmiş sakitliklə paltarını geyindiyi dəmdə, pencəyin daha iki düyməsi düşdü. Biri diyirlənib şkafın altına girdi, o biri döşəmənin üstüylə diyirlənib parketin deşiyinə düşdü. Görünür, Maksın qarderobunda xüsusi dəyişmə baş verir, düymə tökümü məhz bunun əlamətidir. Ora-bura qaçmağa da vaxt qalmadığından Alis təsdiqlədi ki, vəziyyəti dəyişmək gücündə deyil. Maks smokinqli köynəyini dəyişməli oldu, daha sadə təsir bağışlayan köyənklərdən birini tapıb əyninə keçirdi. Nə qədər kədərli olsa da, başqa bir çıxış yolu yoxuydu və tezliklə Parizinin «Volvo»sunda oturub Şato-Ruj tərəfdən baxdıqda demək olar ki, Parisin əks tərəfində yerləşən, öz növbəsində şəhər hüdudları daxilində Yeni Zelandiya adlandırıla biləcək onaltıncı dairəyə tərəf götürüldülər.

- Vəziyyət pisdir, Parizi donquldandı, mərkəzdən nə qədər uzaq olsaq bir o qədər yaxşıdı.

Əslində yağış səhərdən bəri kəsmədən yağdığına görə, küçələrdə sən deyən tıxac yaratmağa da imkan olmamışdı, - hərə başını götürüb qaçmağa yer axtarırdı. Maşınların az qala üst-üstə qalandığı Parisdə vaxt itirməmək üçün dairəvi bulvardan keçib getməyə üstünlük verdilər.

Onlar, Klinyakur küçəsini tezliklə arxada buraxaraq, sağa, Şampyon küçəsinə buruldular, bu küçəni adlayıb Paussoner bulvarına çatdılar, ordan isə səkilərində adda-budda cavan qadınların, zənci, litvalı, moldovalı, slovak, alban, Seneqal və Fil Sümüyü adalarından olan gözəlçələrin dayandığı xarici bulvara çıxdılar.

Açıq-saçıq paltarda çətir altında duraraq onlar həmişə kişilərin ən azı dörddə

birinin diqqət mərkəzində olurdular. Əvvəla, onları baştutanlar-himayəsində saxladıqları qadınları əməllicə təlimatlandıran, - yəni, gün ərzində nə eləyirsən elə, ən azı otuz görüşün olmalıdı, iyirmi beşdən az olsa, qıçlarını çındıraram,- türklər və ya bolqarlar çox silindirli göz qaytaran maşınlarında ayaqlarını isti peçin altına uzadıb qızınaraq onları nəzarət altında saxlayırdılar. İkincisi, baxışları gecə də, gündüz də qızların həyasız baxışlarından yağır olan, uşaqlıqdan əzbərlədikləri şeir kimi arada bir az pauza verərək, on beş yevro- minet, otuz yevroya – sevişmək sözlərini eşidən müşətrilərin halını təsəvvür elmək bir elə çətinlik törətmirdi. Bunlar daha çox gecələr vaqe olurdu, amma bir elə qır-saqqız olub yapışmırdılar: «Salam, salam. Polisdir. Sənədlərinizi təqdim edin. Necə, yoxdur? Onda kserosurətini verin görək». Biz hələ dördüncü kateqoriyadan - televizionçulardan danışmırıq, o şəxslərdən, daha doğrusu, əbləhlərdən ki, bu mövzuda min birinci reportajın gecə nümayişi zamanı çörək pulunu gecələr qazanan gecə quşlarının sifətinin özəl həyatın müdafiəsi haqqında qanuna tam müvafiq şəkildə göstərilməməsinə riayət edirlər. Suşe bulvarından başlayaraq çoxusunun hələ on səkkiz yaşı olmamış bu gənc qadınlara az rast gələrdin, Bulenvil bulvarında isə ins-cins görünməzdi. Parizi maşını məhz bura, Radio Evinə tərəf sürdü.

Səs saat on səkkizdə yazıya alınmalı olsa da, studiyaya uyğunlaşmaq, işıqçılar və səs rejissorları ilə bəzi-para məsələləri qaydasına salmaq, orkestrlə iki-üç məsələni çözmək də üstünə gələndə vaxt uzandı, halbuki neçə gün dalbadal məşqlər zamanı hər şey çoxdan işlənib hazırlanmışdı. Sonra qrimə keçdilər, adamlar üç-üç gəlirdilər, güzgünün qənşərində qoyulan üç kresloda oturur, necə deyərlər özlərini mütəxəssislərə təslim edirdilər; onlardan bəzisi öz işlərini laqeydliklə icra etsələr də yaxşı təsir bağışlayırdılar. Yeri gəlmişkən, yalnız solist və drijorları qrimləyirdilər. Sifətlərində azacıq pudra izi qalan melanxolikləri və sanqvinləri nəzərə almasaq, orkestrin əsas hissəsi öz təbii görünüşlərini saxlamışdılar. Orkestrə minimum məkan lazım olduğuna baxmayaraq, studiya ekranda göründüyündən daha darısqal təsir bağışlayırdı, ancaq televiziya görntüsü həmişə elə belə olur: məkan, ekran, ideyalar, layihələr – orda hər şey olduğundan daha kiçik ölçüdə görünür.

Bir azdan konsert başlandı. Dirijor kəskin hərəkətlərə meylliydi. Üzündə quruyub qalmış təbəssümlə havada asta və dairəvi hərəkətlər edirdi, elə bil ki, orkestr üzvlərinə sirli işarə-ismarıclar göndərir, bu zaman barmaqlarını dodaqlarının üstünə qoyurb ani dayanırdı və yenidən bütün bədənini tərpədirdi. Ona baxa-baxa musiqiçilər də bu qəribə oyuna qatılırdılar: bir neçə taktla ümumi axardan fərqlənmə imkanı verən partitura epizodundan istifadə edərək, qaboyçu üzünə ifrat konsentrasiya ifadəsi verir və ani də olsa böyük planı zəbt edirdi. Bir az keçəndən sonra mətndəki bir neçə təsirli sözün sayəsində iki ingilis də irəli çıxıb solo oxudular. Hələ günortaüstü bir az qalib görkəminə malik olan qorxunun son damlasının da üzülüb düşdüyü anda Maks royal arxasında qeyri-adi hərəkətlərə keçdi, qaşlarını qaldırdı, üzünə qəribə ifadələr verdi. Passajın xarakterindən asılı olaraq gah başını çiyni üstünə əyir, gah da birdən dikəlir, alətə, çaldığı əsərə, musiqiyə və nəhayət özünə də baxıb gülümsəyirdi.

Daha sonra, hər şey bitdikdən sonra evə qayıtmağın məqamı gəlib çatdı. Bu görünüşdə sifətinin daha ifadəli oldğunu düşünərək Maks qrimi yumamaq qərarına gəldi. Əvvəl üzr istəyərək sözə başlayan Parizi dedi ki, onu evinə apara bilməyəcək, yağış kəsdiyi üçün Maks evə piyada getdi. Qrenel köpüsünü keçib Sonalar xiyabanına çatdı. Planı beləydi ki, 6-cı xətdə metroya minəcək, Etualda düşəcək, buradan başqa xəttə keçib Barbes stansiyasında düşəcəkdi. Passi stansiyası adamda xoş təəssürat oyadır, demək olar ki, o çox genişdir.

Maks sakitcə platformada dayanıb qatarı gözləyirdi. Qatar stansiyada dayadı, kimlərsə düşüb, kimlərsə mindi, bu zaman əks tərəfdə Nasyon istiqamətinə yüyürən qatar dayandı. Əvvəlki qatar kimi o da əvvəlcə boşaldı, sonra doldu. Maks vaqona mindi və şüşəli qapının arxasında dayandı. Desəniz, yanaşı dayanan qatarda kimi gördü və ya ona elə gəldi ki, gördü – əlbəttə, Rozanı.

Tünd boz kostyum və açıq bej, bir az köhnəlmiş, kəməri azca dartılıb düyün vurulmuş yay plaşı geyinmiş Rozanı. Onun haçança belə geyinməyi Maksın yadına gəlmirdi, ancaq geyim-keçimi nəzərə almasaq, ötüb-keçən otuz ildə bu qadın demək olar ki, dəyişməmişdi.


10­___________________________
Tez! Yola düşmə xəbərdarılığını verən siqnal çalınsa da, Maks başını itirmiş halda, böyrüylə qapının taylarına söykənərək vaqondan çölə atıldı və qapılar bağlanarkən çölə atılmazdan qabaq çiyinlərini bir azca sıxdı. Heyətlə bir sırada durmuş dördqatlı pəncərə şüşələrindən yenə də baxıb Rozanı görmək istədi. Onun qatarı Etual istiqamətinə çapıb getdi, digər heyət göründü, sonra Maks fikirləşdi ki, doğrudanmı həmin vaqonda Rozanı görüb, yoxsa bu bir xəyal idi. Bu qadının doğrudan da Roza olduğunu əminliklə deyə bilməsə də, o, qarşısında bir neçə saniyə ərzində görünüb yoxa çıxdı, düşündü ki, burada nə olmasa da, ən azı oxşarlıq qaçılmazdır. Hətta ona qəribə gələn plaşda da bir oxşarlıq vardı, Maks qadının əynində heç zaman belə bir plaş görməsə də, ona elə gəldi ki, bu plaş da qızın geyim manerasını əks etdirir, hardasa bu keçən ilin modasına edilən düzəlişə bənzəyir.

Əminlik yox idi, burada hansı əminlikdən söhbət gedə bilərdi? Pillələrdən atıla-atıla Maks əks tərəfdəki platformaya çıxan keçidə doğru qaçdı, istədi ki, növbəti qatara özünü tez çatdırsın, bu an beynində bu işin kifayət qədər çox çəkdiyini düşünürdü. Təşəbbüsü absurd idi. Metroda kimisə izləyib yaxasından yapışmaq mümkün olmasa da, özünü inandırmaq istəyirdi ki, gözünü aldadan bu qadını tapacaq. Bir az vaxtını öldürmək üçün qatarı gözləyərkən sərnişinlər üçün yazılmış qaydaları acgözlüklə oxudu, burada həmişə olduğu kimi təsdiq edilirdi ki, pulsuz gediş-gəliş hüququ verilən şəxslər beş kateqoriyaya ayrılıb, siyahıda yenə də əvvəlki kimi axırıncı yerdə himayəsiz gəzən, hər iki əlindən məhrum şəxslər göstərilmişdi. Qatar gəlib çatdı, Maks vaqona daxil oldu. İçəridə çoxlu boş yer olsa da, Maks qapıya söykəndi, buradan o, gediş-gəlişi istədiyi kimi izləyə bilərdi. Passi rayonundan çıxan qatar Bir-Hakim körpüsünü keçəndə Maksın gözləri önündə Senanın mənzərəsi açıldı, sonra isə stansiyalararası keçidlərdə bir daha şəhərə tamaşa etmək imkanı qazandı.

Metronun varlı rayonları köhnə fəhlə rayonları ilə birləşdirən Etual-Nation xətti, – təyinatına baxmayaraq, getdikcə daha artıq dərəcədə elə qaynayıb-qarışır ki, birini digərinin yerinə qəbul edirsən və düşünürsən ki, bu artıq əvvəlki deyil, – əksərən yerin üstündən keçir: hər iki stansiyadan biri yerin üstündə yerləşmişdir. Bu xətt digərlərindən fərqli olaraq gündüz işıqlanma üstünlüyünə malikdir. Sinusoidə və dəniz ilanına oxşayan qatar bir az yol qət etdikdən sonra yerin altından qıvrılıb çıxır, bəlkə ona görə ki, bir azdan sonra dərinlikdə yoxa çıxsın.

Ancaq Bir-Hakim stansiyasında, Senaya çatmamış birinci dayanacaqda Maks seçdiyi rəngdə plaşdan heç bir əsər-əlamət görmədi. Şüşəli ikiqat tavanın altındakı ağappaq işıqlı Düpleks stansiyasında da Roza tapılmadı. Qatar yaşayış evlərinin lap yaxınlığından, mətbəx, hamam, qonaq otağı və axşam düşərkən elektrik işığına qərq olacaq otel otaqlarının düz bərabərindən ötüb keçəndə belə bir təşəbbüs Maksa çox şübhəli göründü. Pəncərələr bir qayda olaraq qalın pərdələrlə örtülsə də, vaxtaşırı olaraq içəridə nəyin baş verdiyini ani də olsa sezə bilərdin. Budur, üç kişi stol arxasında oturmuşdur. Uşaq torşerin böyründə əyləşib. Bir otaqdan digərinə keçən qadın. Başını balınca qoyub yatan pişik, bəlkə də it. Rozanın izini La-Mot-Pike-Qrenel stansiyasında da tapmayandan sonra Maks həm tutduğu işə görə peşman oldu, həm də ürəyinə dərin qüssə çökdü. Belə olduğuna görə bu axmaq təşəbbüsündən demək olar ki, əl çəksə də, şəhərdən getdikcə uzaqlaşırdı, hara getdiyini özü də bilmirdi.

Müəyyən müddət keçdikdən sonra hansısa stansiyanın yanından keçəndə adamlara diqqət yetirmirdi. Yuxarıda metro xəttinin yanından keçdiyi eyvan və terraslarda tanımadığı və bilmədiyi insanları və əşyaları görürdü: qurudulmaq üçün sərilmiş yataq dəsti, pəncərə bəndindən asılmış velosipedlər, supermarketdən alınmış metal arabalar, sınmış paltaryuyan maşınlar, su dəydiyindən əyiş-üyüş olmuş karton qutular, xalçalar, dibçək gülləri, o cümlədən sınmış oyuncaqlar, vannalar və plastik vedrələr gözü önündə açılan məkanı doldurmuşdu. Bundan başqa, burada köhnə yeni ildən qalmış küknar ağaclarını görə bilərdin, gözlərin önündə çanaq antenaları görünürdü, sən az qala eyvandan sallana qalmış, baxışları ilə qatarı ötürən yarıçılpaq qadınları görə bilərdin.

Paster stansiyasının yanından keçərkən artıq Rozanı tapmağa heç bir ümidi qalmamış Maks oturacağa əyləşdi və məqsədsiz baxışlarla stansiyaya ani göz gəzdirdi. Qatar yerin üstü ilə gedəndə göz önündə açılan mənzərələrə baxırdı, yerin altına girdikdə isə qarşısında əyləşmiş iki kişiyə nəzər yetirdi. Onların görünüşündə elə bir cazibədarlıq yox idi: onlardan birinin alnında çapıq var idi, ayaqları arasında çamadanı saxlayırdı, o birisi isə adı «Aliment tutulması haqqında təlimat» olan broşuranı oxuyurdu. Maks əlində tutduğu bileti oxumağa üstünlük verdi.

Bu zaman xüsusi heç nə baş verməsə də, ötən vaxtı bilet oxumaqla başa vurmaq olar, hamıya bəllidir ki, adi gözlə mənasız görünsə də, metro bileti kimi predmetlər çox şey deyir, xüsusilə ondan əlavə istifadə istiqamətində, – məsələn, diş təmizləyici kimi, bu bileti bürmələyib ehmalca dırnaqlarını da təmizləyə bilərsən, ondan kağız kəsən qayçı kimi, kitab arasına qoyulan xətkeş və ya başqa bir alət kimi istifadə edə bilərsən, fövqəladə hallarda üstünə telefon nömrəni yazıb tanımadığın qıza ötürə bilərsən və bununla da onun taleyini həll edə bilərsən: əlində tutduğu bileti iki, yaxud dörd qatlayıb nişan üzüyünün, brosletin, yaxud qol saatının altına keçirə bilərsən.

Qatar təzədən yerin üstünə çıxdıqda, Maks metro xəttinin keçdiyi körpülərə baxdı. Bu şan-şöhrətli köhnə bərələr ağlın və məntiqin gücünə tikilmiş memarlıq abidələridir, hər şeydən əvvəl metal konstruksiyaya çəkilmiş qələbədir, ancaq bundan da başqa: yerin altından qəfil işıqlı dünyaya çıxdıqda gözünə sataşan ilk həyat əlamətidir. Bir halda ki, axtardığını tapa bilməyib və məqsədinə nail ola bilməyib, düşünüb-daşındığı plan baş tutmayıb birdən-birə National stansiyasında düşmək qərarına gəldi. Sonra, sadəcə heç bir işi olmadığı üçün tələsmədi, əvvəlki kimi açıq havada altıncı xətt boyu getməyə başladı, yolboyu elə bil əl dəyməmiş xam torpaqları arxada buraxırdı. O, köhnə malların alınıb-satıldığı bazarları və piştaxtaları ötüb keçdi, çox da böyük olmayan basketbol meydançalarının yanından keçdi, bura elə bir ərazi idi ki, gözləmədiyin yerlərdə, harda gəldi maşın stansiyalarını görə bilərdin, bir sözlə o, ürək sıxan, dar, havası səhra qoxuyan yerlərdən keçirdi və bu zaman hansı səbəbdənsə ürəyi qüssə ilə dolurdu. Maks bu marşrutla Senaya qədər getdi, bir azdan bir saat qabaq keçdiyi istiqamətə tərəf döndü, piyada Bel-Er stansiyasına qədər getdi, stansiyaya çatanda yorğunluq hiss etdiyindən dayana bilmədi, özünü təzədən metroya saldı.




Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə