İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında



Yüklə 34.82 Kb.
tarix12.12.2016
ölçüsü34.82 Kb.
"İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
 "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000 - ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
  1. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası Qaydaları və Şərtləri" təsdiq edilsin (1 nömrəli əlavə).
  2. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı" təsdiq edilsin (2 nömrəli əlavə).
  3. "Transplantasiya üçün insan orqan və (və ya) toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması Qaydaları" təsdiq edilsin (3 nömrəli əlavə).
  4. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın qəbul edilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
İnsan orqan və (və ya) toxumalarının transplantasiyası  QAYDALARI və ŞƏRTLƏRİ

 

1. Bu Qaydalar və Şərtlər "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə və "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə " Azərbaycan Respublikası Prezidentinin 2000 - ci il

15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinin beşinci abzasına uyğun olaraq hazırlanmışdır, Azərbaycan Respublikasının ərazisində insan orqan və (və ya) toxumalarının transplantasiyası qaydalarını və şərtlərini müəyyən edir.
 2. İnsan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir.
 3. Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür.
 4. Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir.
 5. Resipiyent 18 yaşına çatmamışdırsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir.
 6. Resipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir.
 7. Transplantasiya yalnız ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə həyata keçirilir.
8. Orqan və (və ya) toxumanın transplantasiyasına zərurət yarandığı təqdirdə, resipiyent xəstəlik tarixindən çıxarış (epikriz) və digər tibbi sənədlərlə birlikdə müalicə olunduğu müəssisə tərəfindən transplantasiya aparılan ixtisaslaşdırılmış tibb müəssisəsinə tibbi baxışa göndərilməlidir.
9. Transplantasiyanın zəruriliyi barədə tibbi qərar transplantasiya aparılan tibb müəssisəsində müvafiq qaydada təşkil edilmiş komissiya tərəfindən qəbul olunaraq, müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.
10. Resipiyentin və donorun transplantasiya əməliyyatı üçün hospitalizasiya edilməsi müvafiq qaydada təşkil edilmiş komissiyanın rəyi əsasında həyata keçirilir.
11. Transplantasiya əməliyyatı aparılacaq resipiyentlər müalicə həkiminin nəzarətində olmaqla, müvafiq qeydiyyata alınırlar.
12. Qeydiyyata götürülən resipiyentlərə transplantasiya əməliyyatının aparılmasının ardıcıllığı orqan və (və ya) toxumaların genetik uyarlığına əsasən həyata keçirilir.
13. Transplantasiya gözləyən resipiyentdə əsas və yanaşı gedən xəstəliklərlə bağlı yaranmış və əməliyyatın nəticəsinə təsir edə biləcək fəsadları korreksiya və müalicə etmək üçün o, tibb müəssisəsinə hospitalizasiya edilir.
14. Orqan və (və ya) toxuma köçürülmüş resipiyentlərin və donorların dispanser müşahidəsi tibb müəssisəsində ildə bir dəfədən az olmamaqla klinik, laborator və instrumental müayinələrdən ibarət olmalıdır.

15. Transplantasiya işinin təşkili zamanı aşağıdakılar qadağandır:


15.1. 18 yaşına çatmayan şəxslərin donor qismində cəlb edilməsi (sümük iliyinin transplantasiyası istisna olmaqla);
15.2. resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan və (və ya) toxumaların götürülməsi;
15.3. resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdəki şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən orqan və (və ya) toxumaların götürülməsi;
15.4. insan orqan və (və ya) toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur edilməsi;
15.5. donor və resipiyentin razılığı olmadan tibb işçilərinin transplantasiya barədə məlumat yaymaları;
15.6 ölüm vəziyyətində olan potensial donorun müalicəsində və donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı.
16. Transplantasiyanı həyata keçirən tibb müəssisələrinə insan orqanlarının və (və ya) toxumalarının alqı-satqısı, həmçinin onların götürülməsinə məcburetmə halları məlum olduqda, bu barədə dərhal aidiyyəti hüquq mühafizə orqanlarına məlumat verilir.
17. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin donor və resipiyent kimi cəlb edilməsi Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin SİYAHISI


 

Müəssisənin adı



 

Transplantasiyanın növü

 


M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası

böyrəklər

Mərkəzi Gömrük Hospitalı

qaraciyər,

mədəaltı vəzi və onun seqmentləri,

böyrəklər, gözün buynuz qişası


Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi

gözün buynuz qişası

Mərkəzi Neftçilər Xəstəxanası

 

 



qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə, gözün buynuz qişası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə  təsdiq edilmişdir 3 nömrəli əlavə


Transplantasiya üçün insan orqan və (və ya) toxumalarının götürülməsi, hazırlanması

(konservasiyası) və saxlanması QAYDALARI
1. Bu Qaydalar "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 3-cü hissəsinə və "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 251 nömrəli Fərmanının 1-ci hissəsinin altıncı abzasına uyğun olaraq hazırlanmışdır, Azərbaycan Respublikasının ərazisində insan orqan və (və ya) toxumalarının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydalarını müəyyən edir.
2. Orqan və (və ya) toxumaların götürülməsi cərrahiyyə əməliyyatı tələblərinə riayət edilməklə aparılır.
3. Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması yalnız ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində həyata keçirilir.
4. Şəxs donorluqla bağlı münasibətini bildirməmişdirsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etmişdirsə, ölümündən sonra ondan transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.
5. Meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə qanunvericiliyin tələbləri gözlənilməklə, həkim konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını (beyin ölümü) təsdiq edən inkaredilməz faktın olmasından sonra tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.    Donorun ölüm aktının təsdiq edilməsində transplantoloqun və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır. Meyitin məhkəmə-tibb ekspertizası zəruri olduqda, meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi tibb müəssisəsinin baş həkimi ilə yanaşı, məhkəmə-tibb ekspertinin rəsmi icazəsi olduqda aparıla bilər.
6. Donordan orqan və (və ya) toxumaların götürülməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır:
6.1. donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı ilə bağlı sağlamlığında baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış olmalı;

6.2. donor kənar təsirlər olmadan orqan və (və ya) toxumalarının götürülməsinə yazılı razılığını bildirməli;


6.3. donor hərtərəfli tibbi müayinədən keçirilməli və həkim-mütəxəssislərin ondan orqan və (və ya) toxumaların götürülməsinin mümkünlüyü barədə rəyi olmalı;
6.4. orqan və (və ya) toxumalarının götürülməsi nəzərdə tutulan donorun resipiyentlə genetik uyğunluğu müəyyən olunmalıdır (sümük iliyindən başqa).
7. Donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqan və (və ya) toxumalardan isə donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpaolunmaz pozuntular yaratmayacaq miqdarda və həcmdə götürmək olar.
8. Orqan və (və ya) toxumaların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması üsulları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış təlimata uyğun olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmişdir 4 nömrəli əlavə
İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın qəbul edilməsi QAYDASI
1. Bu Qayda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində insan orqan və (və ya) toxumalarının transplantasiyasının zəruriliyi barədə tibbi qərarın qəbul edilməsi qaydasını müəyyən edir.
2. Transplantasiyanın zəruriliyi barədə tibbi qərar transplantasiya aparılan ixtisaslaşdırılmış tibb müəssisəsində təşkil olunmuş komissiya tərəfindən qəbul edilir. Komissiyanın tərkibinə müalicə həkimi, cərrah, anestezioloq və ehtiyac olduğu halda, digər mütəxəssislər daxil edilirlər. Komissiyanın tərkibi həmin müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.
3. Resipiyentə tibbi baxış aşağıdakı sənədlər əsasında həyata keçirilir:
3.1. şəxsiyyəti təsdiq edən sənəd;
3.2. doğum haqqında şəhadətnamə (16 yaşa qədər uşaqlar üçün);
3.3. qanuni nümayəndə olduğu təqdirdə, onun şəxsiyyətini təsdiq edən sənəd;
3.4. tibbi sığorta şəhadətnaməsi (olduğu təqdirdə);
3.5. klinik, laborator və instrumental müayinələrin nəticələri və müvafiq ixtisas üzrə həkim-mütəxəssislərin rəyləri daxil olmaqla, müalicə aldığı tibb müəssisəsindəki xəstəlik tarixindən çıxarış (epikriz);

3.6. müalicə müəssisəsinin göndərişi.


4. Transplantasiya aparılan tibb müəssisəsinin komissiya üzvləri tərəfindən resipiyentə tibbi baxış keçirilərkən, əlavə müayinələrin aparılması barədə qərar qəbul edilə bilər.
5. Tibbi qərar şəxsən resipiyentə, 18 yaşına çatmayan və qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslər barədə isə onların qanuni nümayəndələrinə verilir. Bu barədə resipiyentin ambulator kartında, stasionarda yatan resipiyentin isə xəstəlik tarixində müvafiq qeydiyyat aparılır.
6. Resipiyentin hospitalizasiyası üçün tibbi sənədlərin transplantasiya aparılan tibb müəssisəsinə göndərilməsi yalnız transplantasiyanın zəruriliyi barədə tibbi qərar olduğu təqdirdə həyata keçirilir.




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə