OKSİGENDƏN İSTİFADƏ EDİLMƏSİ
Qanda oksigenin çatmamazlığı, o cümlədən böyük fiziki yükün istifadə edilməsi zamanı süni yolla oksigenin yeridilməsi məqsədəuyğundur. Oksigen çatışmadıqda orqanizmdə turşu-qələvi müvazinətliyi pozulur, süd turşusu və maddələr mübadiləsinin digər yarımçıq məhsullarının miqdarı artır. Bunun nəticəsində qaraciyər, ürək əzələsi, mərkəzi sinir sisteminin funksional vəziyyəti pisləşir. Oksigen aclığı (hipoksiya) zamanı damarların keçiriciliyi artır, birləşdirici toxumanın şişməsi müşahidə edilir. Bu səbəbdən oksigenin toxumalarda diffuziyası məhdudlaşır, toxumalarda degenerativ dəyişikliklər meydana çıxır. Oksigenlə müalicə oksidləşmə-bərpaedici prosesləri sürətləndirir, toxumaların qanla təchizatını və onların oksigenlə doymasını yaxşılaşdırır.
Orqanizmin oksigenlə zənginləşdirilməsi bir neçə üsulla həyata keçirilir:
1. İNQALYASİYA ÜSULU. Bu məqsədlə böyük fiziki işdən sonra, yarışlar zamanı, həmçinin hamam, sauna, masajdan sonra idmançılar 5-15 dəq. müddətində nəmləşdirilmiş oksigen qazı udur. Stasionar şəraitndə (idman zalında, stadionda, idmançıların otaqlarında və s.) oksigen balonundan, qaçış yollarında, velosiped traslarında 1-2 litrlik kiçik oksigen balonundan istifadə edilir. Bundan əlavə oksigen inqalyatorları, əleyhqazları və balışları da tətbiq edilə bilər. Oksigen nəmləşdirilərkən 1-10 dəqiqə müddətində qəbul edilir. Stasionar şəraitdə uzun müddətli fiziki yükdən sonra idmançılar 30-60 dəqiqə müddətində oksigen çadırlarında istirahət edirlər.
2. OKSİGEN KOKTEYLİ. Bu vitamin qidalandırıcı içki olub tərkibində yumurta zülalı və oksigen olur. Məşqlərdən, yarışlardan, saunadan, masajdan, həmçinin yuxudan əvvəl 1-2 stəkan qəbul edilir. Kokteyl qəbulundan sonra oksigen mədə-bağırsaq sistemindən qana sorulur. Yarışlardan və məşqlərdən sonra bərpa dövründə məsləhət görünür.
Dostları ilə paylaş: |