İctimai inkişafda mədəniyyətin aparıcı roluna dair fikirlər və multikulturalizm



Yüklə 21,8 Kb.
tarix28.11.2023
ölçüsü21,8 Kb.
#169351
ictimai inkişafda mədəniyyətin aparıcı rolu


İctimai inkişafda mədəniyyətin aparıcı roluna dair fikirlər və multikulturalizm

Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində assimilyasiya, izolyasiya və izolyasiyanın variantı olan aparteid siyasət modelləri ilə müqayisədə multikulturalizm siyasəti daha səmərəlidir, çünki o, etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasına yönəlmişdir. Tarixi prosesdə formalaşan, müsbət və obyektiv xarakter daşıyan, insanların dünyagörüşünün və fəaliyyətlərinin məzmununu müəyyən edən və istiqamətləndirən etnik-mədəni müxtəliflik və onun əsasını təşkil edən etnik-mədəni dəyərlər müasir ictimai inkişafda müəyyənedici rol oynayır. Bu isə müasir dövrdə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynamasından irəli gəlir.


Müasir dövrdə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyası ictimai inkişafın, xüsusilə də onun səbəb və istiqamətinin, o cümlədən xalqların ölkə daxilində və beynəlxalq münasibətlər sistemində davranışının tədqiq olunmasının ən mühüm metodoloji prinsiplərindən biridir.
Mədəniyyətin ictimai inkişafda aparıcı rol oynaması ideyasını əsaslı şəkildə ilk sübut edənlərdən biri tanınmış alman sosiologu Maks Veber olmuşdur. O, mədəniyyətin dəyərlərini cəmiyyətin sosial-iqtisadi inkişafının mühüm səbəblərindən biri kimi qələmə verirdi. Konkret tarixi faktlara əsaslanaraq, Veber mədəniyyətin dəyərlərinin, xüsusilə müəyyən dinlərdə olan etik dəyərlərinin sosial-iqtisadi inkişafa səbəb olmasını göstərmişdir. Mədəniyyətin ictimai inkişafda aparıcı rolunun artması müasir ictimai inkişafın xüsusiyyətlərindən irəli gəlir. Bu xüsusiyyətlər isə dünya kommunist sisteminin dağılması və beynəlxalq münasibətlərin yeni sisteminin formalaşması ilə bağlıdır.
Məlum olduğu kimi, soyuq müharibə illəri dövründə ideoloji, siyasi, iqtisadi və hərbi sahələrdə bir-birinə düşmən olan iki siyasi sistem – keçmiş Sovet İttifaqının başçılıq etdiyi kommunist sistemi və ABŞ-ın ətrafında birləşən Qərb dünyası – qarşı-qarşıya duranda onların xalqlarını, həmçinin bu sistemlərdən birinə mənsub olan “üçüncü dünya” ölkələrinin xalqlarını ilk növbədə qarşı tərəfdən gələ bilən təhlükə narahat edirdi. Belə olan şəraitdə bu xalqlar arasında əsas fərqli cəhətlər ideoloji, siyasi yaxud iqtisadi xarakter daşıyırdı.
Dünya kommunist sisteminin dağılması eyni zamanda bir-birinə zidd olan iki sosial-siyasi sistemdən birinin tarix arenasından getməsinə gətirdi. Nəticədə dünya xalqları öz mədəni köklərinə, daha konkret desək, etnik-mədəni dəyərlərinə müraciət etmək imkanını əldə etdilər. Başqa sözlə desək, dünya kommunist sisteminin dağılması soyuq müharibəyə son qoymaqla bir-birinə zidd olan iki sosial-siyasi sistemin siyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurmasını aradan qaldırdı. Bunun nəticəsində dünya xalqları öz etnik-mədəni dəyərlərinə müraciət etmək imkanını əldə etdilər.
Post-kommunist dövrdə tarixinə, dininə, dilinə, ümumiyyətlə etnik- mədəni dəyərlərinə müraciət edən xalqlar öz kimliyini müəyyən edirlər. Bu dəyərlər xalqlar arasında olan əsas fərqləri təşkil edir.
Bununla əlaqədar Samuil Hantinqton “Sivilizasiyaların toqquşması və dünya düzəninin yenidən qurulması” adlı kitabında qeyd edir: “Yeni dünyada xalqlar arasında əsas fərqlər ideoloji, siyasi, iqtisadi deyil, mədəni xarakter daşıyır”.
Müasir dövrdə xalqlar öz tarixlərinə, dinlərinə, etnik-mədəni dəyərlərinə müraciət edərək kimlikləri müəyyən edirlər. Müasir Qərb ədəbiyyatında Samuil Hantinqton, Ronald İnqleqard, Frensis Fukuyama, Zbiqnev Bjejinski, Fərid Zəkəriyyə və başqa müəlliflər ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığını qeyd edirlər. Samuil Hantinqton yuxarıda qeyd etdiyimiz kitabında ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyasına əsaslanaraq, müxtəlif ölkələrin sosial-iqtisadi inkişafında əldə etdikləri nailiyyətləri, eləcə də üzləşdikləri çətinlikləri onların mədəniyyətlərinin xüsusiyyətləri ilə izah edir. Həqiqətən, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyası müasir ictimai inkişafın, xüsusilə də onun səbəblərinin müəyyən edilməsinin mühüm metodoloji prinsiplərindən biridir.
Beləliklə, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması müasir dövrdə etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin qorunmasının və inkişafının vacibliyini əsaslandırır. İctimai inkişafda mədəniyyətin aparıcı rol oynaması multikulturalizm siyasətinin düzgün siyasət olduğunu sübut edir.
Bunu tarixi hadisələrin gedişatı da sübut etdi. Belə ki, etnik-mədəni müxtəlifliyin dövlət tərəfindən tənzimlənməsi tarixi assimilyasiya və izolyasiya siyasət modellərinin səmərəsizliyini göstərməklə ötən əsrin 60-70-ci illərində multikulturalizm siyasətinin meydana gəlməsinin başlıca səbəblərindən biri olmuşdur.
Bəşər cəmiyyətinin münaqişəli xarakteri ona apriori (lat. a priori - əzəli, təcrübəyə qədər məxsus olan deməkdir) xas olan əlamətdir. Səmavi kitablarda ilk insanın yaranışı səhnəsi və onunla bağlı bütün hadisələr konflikt motivləri əks etdirir. Bu motivlərin apogeyini isə Adəmin oğulları Habil-maldar və Qabil-əkinçi arasında, Habilin ölümü ilə nəticələnən qanlı münaqişə təşkil edir. Qardaşlar tərəfindən tanrıya gətirilən qurbanlara “fərqli tanrı münasibəti” kimi təsvir olunan bu “dini avansəhnə”də baş verən hadisələr (Habilin gətirdiyi qurbanın qəbul edilməsi, Qabilin qurbanının isə rədd edilməsi), əslində insanlar arasında əbədi münaqişə yaratmaq deyildi. O, yaxın keçmişdə tanrıya xəyanət etmiş Adəmlə Həvvanın izdivacından yaranmış fərdlərin ilk sınağı idi. Göründüyü kimi, potensial münaqişə daşıyıcısı olan insan bu sınaqdan çıxa bilmədi.
Bu münaqişəli motiv isə minilliklər ərzində insan həyatının potensial məzmununu təşkil edir. Yer üzərində insanların sayının məhdud olmasını nəzərə alsaq, bu hadisə bəşərin 1/4 hissəsinin məhv olması ilə nəticələnən ilk qlobal münaqişə idi. Məlum faciədən sonra isə Qabil Edemdən (ərəb. Cənnət - ingilis tarixçisi Devid Maykl Rol (ing. David Michael Rohl - 1950) iddia edir ki, Cənnət bağı Təbrizdə və onun ətrafında yerləşirmiş) şərqdə yerləşən Nod ölkəsində məskunlaşdı və özündə ən radikal münaqişə kodları daşıyan nəsillər yetişdirməyə başladı.
Adəmlə Həvvanın Sif adlı oğlundan başlayan qövm (ərəb. kiçik xalq, tayfa) isə Nuh (ivrit. Noah), İbrahim (qədim yəh. Avraham), Musa (ivrit. Moşe, yun. Movses), İsa (ivrit. İeşua, yun. İisus) və Məhəmməd (salavatullah) kimi böyük rəsullar və peyğəmbərlər nəsli yetişdirdi. Göründüyü kimi, Adəm övladlarının bütün tarixi, bir tərəfdən genetik qarşıdurma, intolerantlıq, qibtə, paxıllıq, nifrət, digər tərəfdən isə sülh, əmin-amanlıq, humanizm, mərhəmət, alicənablıq və ilahi məhəbbət üzərində qurulub. Məhz bu iki fərqli substansiya min illərdir ki, “xeyir və şər antinomiyası” şəklində bəşəriyyət tarixinin münaqişəli məzmununu təşkil edir. Buna görə də, tanrı tərəfindən öz bəndələrinin ixlası üçün göndərilmiş bütün müqəddəs kitablarda, vəhylərdə və kəlamlarda Yer kürəsində həyatın əbədi mövcudluğu üçün əsas şərt olan barışığa gəlmək, Qabilin səhvini təkrar etməmək göstərilir. Lakin bəşərin genetik kodunda kök salmış yad həlqə, min illər ərzində intolerantlığı, münaqişəni və müharibəni şüurlu həyatın əsas motivlərinə çevirmişdir. Bununla belə, insanın sağlam düşüncəsi hər bir yeni tarixi dönəmdə qalib gəlmiş və bəşəriyyəti tam iflasdan qurtarmışdır. Bu baxımdan tarixin ən müxtəlif böhranlı mərhələlərində qəbul olunmuş böyük “barışıq aktları”, yüksək təşəkküllü tənzimləmə sistemləri xüsusi əhəmiyyət kəsb edir. Onu qeyd etmək lazımdır ki, multikulturalizm ideyaları və onlarla bağlı həyata keçirilən yeni siyasət hələ “Habillə və Qabil əyyamında” başlanmış və bugünədək davam edən bütün münaqişələri tənzimləmək üçün yüksək təşəkküllü tədbirlər sistemi kimi təzahür edir.
Rəsmi sənədlərdə öz əksini tapmış ilk barışıq aktı Milan və yaxud Mediolan edikti (lat. Edictum Mediolanense) hesab olunur. 313-cü ildə Roma imperatorları I Konstantinlə (306-337) Lisini (308-324) tərəfindən yazılmış və imperiya ərazisində dini dözümlülüyü elan etmiş məktuba əsaslanır. Milan edikti bütün dinlərin və əqidələrin bərabər hüquqlarını de-yure qəbul edən ilk belə tarixi sənəd idi . Beləliklə, Milan edikti dini dözümlülüyü, dolayı yolla multikultral dəyərləri hüquqi müstəviyə çıxaran ilk rəsmi sənəd kimi qiymətləndirilə bilər. Qərb və Şərq sivilizasiyalarının dini bayraq altında toqquşduğu XIII əsrdə baş vermiş, tarixin dini barış yaddaşında unikal hadisə kimi qalmış çox kompromis bir nümunəni - Müqəddəs Roma İmperiyasının imperatoru, Səlib yürüşlərinin aktorlarından biri olmuş və müsəlmanlara qarşı xüsusi qəddarlığı ilə yadda qalmış I Fridrix Barbarossanın (1155- 1190) nəvəsi II Fridrix Ştaufenin (1212-1250), Əyyubilər sülaləsindən olan, 1187-ci il tarixdə Yərusəlimi səlibçilərdən azad etmiş Səlahəddin Yusifin (1174-1193) qardaşı oğlu, Misir sultanı Nəsirəddin Məhəmməd əl-Kamillə (Meledin - 1218-1238) Yərusəlimin statusu haqqında razılığa gəlmələrini qeyd etmək lazımdır.
Belə razılıq 1228-1229-cu illərdə baş vermiş VI Səlib yürüşü (qeyd etmək lazımdır ki, bu yürüşdə xristianlarla müsəlmanlar arasında 1 dənə də döyüş olmamışdı) zamanı 1229-cu il 11 fevral tarixində Yaffoda (indiki Tel-Əviv-Yaffa) əldə edilmişdi və onillik müqaviləyə əsaslanırdı. Müqaviləyə görə, Yərusəlim, Nəzarət, Vifleem və sahil boyu koridor da daxil olmaqla, Yərusəlim krallığı sülh yolu ilə II Fridrixə verilmişdi. Məbəd Dağı və Əl-Əqsa məscidi isə müsəlmanların nəzarəti altında qalmışdı. Müsəlmanlara şəhərdə toxunulmazlıq statusu və digər imtiyazlar verilmişdi. II Fridrix Neaopolitan Universitetini (lat.Universita degli Studi di Napoli Federico II -1224) təsis etməklə orta əsrlər universitet təhsilinə xüsusi töhfə vermişdi. Belə ki, universitetdə ilahiyyatla yanaşı dünyəvi elmlər də tədris olunurdu, həm də müəllimlərin içərisində çoxlu sayda yəhudi və müsəlman alimləri fərqli elmləri tədris edirdilər. II Fridrixin cangüdənlərinin çoxu etnik saratsinlərdən (lat. saraceni - ərəbcə “şərq” sözündən götürülmüşdür və Avropalılar tərəfindən əsasən müsəlmanlara münasibətdə işlədilirdi) ibarət idi. Təbii ki, hökmdar belə sülhyaradan əməlinə görə “bütün mövcud intolerant dünyanı”, müharibə və zorakılıq partiyalarını özünə düşmən etmişdi. Xüsusilə də, “tanrıdan sülhyaradan tapşırıq almış” Roma papaları III İnnokentiy (1198-1216), III Honoriy (1216-1227), IX Qriqoriy (1227-1241) və IV İnnokentiy (1243-1254) əsl təyinatlarını unudaraq, II Fridrixi müsəlmanlarla sülhə və razılığa gəldiyi üçün kilsədən iraq salmış və ona qarşı qəti anafemalar elan etmişdilər. İmperatorun siyasi opponentləri isə onu “antixrist” (ər. Məsih əl-Dəccal) adlandırırdılar.1245-ci ildə I Lion kilsə yığıncağında II Fridrix Ştaufenin imperator titulu da ləğv edilmişdi. Hətta bəzi mənbələrdə hökmdarın öz doğma oğlu Manfred tərəfindən öldürüldüyü qeyd olunurdu. Lakin buna baxmayaraq, müasirləri II Fridrixi əsl tolerantlıq, humanizm və tərəqqi nümunəsi kimi qəbul edir və onu “Dünyanın möcüzəsi” (lat. Stupor mundi) adlandırırdılar.
İngilis xronisti, tarixçi və monax Matfey Parisli (1200-1259) II Fridrix Ştaufenin ölümündən sonra yazırdı: “Fridrix - yer üzündəki knyazlardan ən böyüyü, “Dünya möcüzəsi” vəfat etdi”. Məşhur ingilis tarixçisi Eduard Frimen (1823-1892) isə II Fridrix haqqında bu sözləri yazmışdı: “İnsan övladlarından ən istedadlısı, təbiət etibarı ilə İskəndərdən, Konstantindən, yaxud Böyük Karldan yüksəkdə duran, nə vaxtsa başında tac daşımış bütün şahzadələrdən ən böyüyü”. Əlbəttə ki, tarixin ən görkəmli şəxsiyyətlərindən olan II Fridrixin və Əl-Kamilin qüdrəti zamanı qabaqlamaq, həqiqətin sülhdə və barışıqda olmasını dərk etmək bacarığında, “qəlblərinin isə yüksək tolerantlıq ruhunun məskəni olmasında” idi. Şərq-müsəlman mədəniyyətinin vurğunu olan II Fridrix vəfat edəndə, onun vəsiyyətinə uyğun olaraq büküldüyü “plat”, yaxud plaşanitsa (kəfənin xaçpərəst modifikasiyası) ərəb hərfləri ilə yazılmış Quran kəlamları ilə bəzədilmişdi.
Bu intolerantlığın və dini antaqonizmin hökm sürdüyü bir şəraitdə möhtəşəm hadisə idi. Tarixi sənədlərdə öz əksini tapmış daha bir məşhur barışıq aktı Nant ediktidir (frans. iedit de Nantes). O, protestantlara (quqenotlara) azad ibadət imkanları vermiş hüquqi akt idi. Edikt Fransa kralı IV Henrix Burbonun (1589-1610) əmri ilə tərtib olunmuş, Nant şəhərində 13 aprel 1598-ci il tarixində təsdiq edilmişdi. 93 maddədən və 36 gizli qərardan ibarət Nant edikti Avropada 100 ildən artıq davam edən və “Möhtəşəm əsr” kimi xarakterizə olunan konfessiyalararası yeni sülhün başlanğıcını qoymuşdu.
18 oktyabr 1685-ci il tarixində Fransa kralı XIV Lüdovik (1643-1715) “Fontenblo edikti” ilə Nant ediktini ləğv etmiş, bununla da protestantların Fransadan kütləvi şəkildə mühacirəti başlanmışdı. Avropada tolerantlığı rəsmi səviyyədə elan etmiş daha bir barışıq aktı 15 may və 24 oktyabr 1648-ci il tarixində bağlanmış, Müqəddəs Roma imperiyasının (962-1806) ərazisində “30-illik müharibəyə” (1618- 1648) son qoymuş və konfessiyalar arasında sülh, əmin-amanlıq bərqərar etmiş Vestfal (Vestfaliya - Almaniyanın şimal-qərbində tarixi əyalətdir) sülhüdür. Sülhün ən başlıca məqsədi isə imperiyadaxili, konfessional və beynəlxalq siyasi münasibətlərin tənzimlənməsindən ibarət idi. Vestfal konqresinin bütün iştirakçıları 1555-ci ildə bağlanmış “Auqusburq dini sülhünün” (Müqəddəs Roma imperiyasının katolik və lüteran subyektləri ilə Roma kralı I Ferdinand (1531-1564) arasında 25 sentyabr 1555-ci il tarixində Auqusburqda (C. Bavariya) bağlanmış və lüteranlığı rəsmi din kimi tanımış, həmçinin imperiya zümrələrinə dini seçim azadlığı vermiş sülh müqaviləsi) müddəalarını tam qəbul etdilər və “Restitusiya haqqında edikti”in (alm. Restitutionsedikt - 6 mart 1629-cu il tarixində Müqəddəs Roma İmperiyasının hökmdarı olan II Ferdinand (Habsburq-1617-1637) tərəfindən verilmiş və Auqusburq sülhünün əsas müddəalarını təsdiq edən fərman) müddəalarını rədd etdilər. Vestfal sülhü katoliklərin, protestantların, kalvinistlərin və lüteranların hüquq bərabərliklərini elan etdi. İndiyədək tam qüvvədə olan və “cujus regio, ejus religio” (“kimin vətənidirsə, onun da müqəddəs dinidir”) kimi prinsipi ləğv etdi, dini dözümlülüyü əsas sülhyaradan prinsip kimi bəyan etdi.
Sülhyaradan dözümlülük aktları və barışıq tədbirləri, həmçinin Şərq aləmində, müsəlman dünyasında həmişə çox aktual olmuş və rəsmi tarixi sənədlərdə öz əksini tapmışdır. Buna misal olaraq, 1556-1605-ci illərdə Böyük Moqollar İmperiyasına (1526-1858-ci illərdə özlərini Böyük Əmir Teymurun nəsli-mənsəbinə uyğun olaraq “Gurxanilər” (Xanın kürəkəni) adlandıran Orta əsrlər imperiyası) rəhbərlik etmiş və Böyük Əkbər kimi tanınmış Əbülfət Cəlaləddin Məhəmmədin tədbirlərini göstərmək olar. Hindistan subkontinenti kimi böyük bir ərazidə indus-müsəlman icmaları arasında barışığı və əbədi sülhü təmin etmək məqsədi ilə o, 1575-ci ildə “Fəthpur Zikri” (Qələbə şəhəri) şəhərində dini məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş “dini ibadət evi” inşa etdirmişdi.
1582-ci ildə isə islamın, hinduizmin, caynizmin, zərdüştlüyün, xristianlığın ən mütərəqqi ənənələrini özündə ifadə edən sinkretik dini-fəlsəfi doktrina - “dini-ilahi” yaratmışdı. Böyük Əkbər “barışıq dini” qismində “dini-ilahi”ni bütün imperiyanın ərazisində əsas nüfuz obyekti elan etmişdi. Dini-ilahi özündə digər dünyagörüşləri ilə yanaşı, mistikanı, fəlsəfəni, eləcə də naturalizmi ifadə edir, müxtəlif dinlərdə təzahür edən tək tanrını yeganə nüfuz sahibi elan edirdi. Politeizmi qəti olaraq inkar edir, hinduizmdə təmsil olunan “ilahi plüralizmi” tək tanrının ən müxtəlif mahiyyətləri olduğunu təsdiq edirdi. Yüksək dini tolerantlıq nümayiş etdirən Böyük Əkbər qiblə kimi üzünü Günəşə tutur, zərdüştlüyə məxsus olan sönməz odun yandırılması ayinini yerinə yetirir, boynunda brahman ipi gəzdirir, alnına isə hinduizm nişanları vururdu. Hökmdar sarayda heyvan ətinin yeyilməsini belə qadağan etmişdi. Dini-ilahi daha çox bir əxlaqi konsepsiya kimi təzahür edən təlim təəssüratı bağışlayırdı.
Təlim hər şeydən əvvəl Hindistanın müsəlman dünyasını “Ramayana”, “Mahabharata”, “İncil” və “Avesta” kimi müqəddəs kitabların tərcümələri ilə zənginləşdirdi. Qeyd etmək lazımdır ki, Böyük Əkbər tarixdə dini tolerantlığı fövqəladə şəkildə tərənnüm edən yeganə müsəlman hökmdar olmuşdur. Onun tolerantlığı hansısa barışıq sənədinin imzalanması ilə bitmirdi. Hökmdar praktikada, öz şəxsi həyat tərzində sülhün, rifahın, barışığın, multimədəni dəyərlərin, tolerantlığın sintezindən yaranmış siyasəti davamlı inkişafın əsas şərti, alternativi olmayan tənzimləmə sistemi kimi tətbiq edirdi. Onun undus Racput rackumarisi Hira Kunvari (Codha, Codbay, yaxud Məryəm-üzZamani - 1542-1623) ilə çox möhtəşəm ittifaqı və məhəbbəti də, bəşər tarixində tolerantlığın və barışığın təkrarolunmaz nümunəsi kimi ifadə olunurdu. Böyük Əkbərin “Dini-ilahi” kimi “tolerantlıq əsəri” bu gün də hind cəmiyyətində indus-müsəlman fikir ayrılığında tənzimləyici amil kimi təzahür edir.
Şərq-müsəlman dünyasında əsas etnoslararası və konfessiyalararası tənzimləyici faktor kimi ortaya çıxmış daha bir möhtəşəm hadisə 1839-cu ilin 3 noyabr tarixində Osmanlı sultanı I Əbdülməcid (1839-1861) tərəfindən qəbul olunmuş Tənzimat (tənzimləmə), yaxud “Gülhaneyixətti-Şərif” (ifadənin hərfi mənası - “Gülhanədə (türk.“Gül evi”- Osmanlı sultanlarının iqamətgahı Topqapıda park) verilmiş müqəddəs fərman) hesab olunur. Sözügedən xüsusi tarixi sənəd dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, imperiyanın təbəələrinin həyatının və əmlakının qorunmasını, onların bərabər hüquq və azadlıqlarının təmin edilməsini nəzərdə tuturdu.
Sənəd, həmçinin xalqla hökumətin birliyini elan edirdi. Tənzimat “osmançılığı” mütərəqqi ideya kimi imperiyanın çoxmillətli əhalisinin əsl beynəlmiləlçilik prinsiplərinə əsaslanaraq, sülh, barışıq və qarşılıqlı yardım şəraitində yaşamasının və inkişaf etməsinin təmin olunmasına yönəltmişdi. XX əsrdə etnik-milli və etnik-dini tənzimləmə məsələləri daha çox həyati əhəmiyyət kəsb etməyə başladı.
Bu dövrdə baş vermiş iki total miqyaslı hərbi münaqişə - I və II Dünya müharibələri, nüvə silahlarının kəşfi və onun kütləvi istehsalı bəşər əqlindən daha ciddi təhlükəsizlik tədbirləri görməyi tələb edirdi. 1945-ci il iyunun 26-da yaradılmış BMT (BMT-nin Nizamnaməsi 24 oktyabr 1945-ci ildə qüvvəyə minmişdir) və 10 dekabr 1948-ci il tarixində bu təşkilatın Baş Assambleyasının qəbul etdiyi “İnsan hüquqları və azadlıqları haqqında ümumi qətnamə” (217 A saylı rezolyusiya) belə təhlükəsizlik tədbirləri içərisində ən möhtəşəm hadisələr hesab olunur. “Qlobalizasiya” adlanan mütləq bir prosesin cərəyan etdiyi XX əsrdə insanların etnik-siyasi və dini-mədəni birliyi üçün ciddi təhlükə yaradan və potensial hərbi münaqişələrin mənbəyi olan məsələlərdən biri də, separatizm meylləri ilə bağlıdır. XX yüzillikdə, əsrlər boyu mövcud olmuş imperiyaların məhv olması dünyanın siyasi xəritəsinin tanınmaz şəkildə dəyişməsinə səbəb olmuşdu.
Separatizm və siyasi differensiasiya prosesi XX əsrin 2-ci yarısında daha intensiv templərlə cərəyan etməyə başladı. Belə bir şəraitdə ayrı-ayrı dövlətlərin siyasi birliyini qoruyub saxlamaq, separatizm amillərini tam aradan qaldırmaq, müxtəlif etnos, din, əqidə, məzhəb sahiblərinin iqtisadi-siyasi birliklərdə könüllü və düşünülmüş şəkildə təmsil olunmalarına zəmanət vermək üçün yüksək təşəkküllü tənzimləmə siyasətinə, optimal tipli barışıq konsepsiyalarına və qarşılıqlı anlaşmaya əsaslanan kompromis sistemlərə ehtiyac var idi. XX əsrin 60-cı illərində belə bir orijinal təhlükəsizlik sistemi qismində multikulturalizm ideyası təzahür etdi.
Bununla da etnik-milli və dinimədəni tənzimləmə tarixində yeni bir mədəni era başlandı - fikirlərin, ideyaların, dünyagörüşlərinin müxtəlifliyini, dəyərlərin plüralizmini elan etmiş multikulturalizm erası. Əslində, multikulturalizm yeni bir sosial hadisə deyildi, o, minilliklərin təcrübəsini, müxtəlif tipli mədəni-siyasi dövrlərin əsas ideallarını birləşdirmiş yeni təhlükəsizlik tədbirləri sistemi kimi özünü təsdiq edirdi.
İbrahim peyğəmbərdən (e.ə. XIX əsr - e.ə. 1812-1637) başlamış, 1968-1979 və 1980- 1984-cü illərdə çağdaş Kanadanın Baş naziri olmuş Pyer Tryudoya qədər sağlam və olduqca mütərəqqi düşünən bəşəriyyət Məhəmməd Rəsülullahın (s.s.s. - 570-632) və Həzrət Əlinin (599-661), Şeyx Fəzlullah Nəiminin (1339-1401), Mahatma Qandinin (1869-1948), 4 sentyabr 2016-cı il tarixdə “Müqəddəslər” siyahısına daxil edilmiş və bütün dünyada Tereza ana kimi tanınan Müqəddəs Tereza Kəlküttəlinin (Aqnes Qonce Boyaciu -1910-1997), 1978-2005-ci illərdə 264-cü Roma papası olmuş (dünyəvi adı Karol Yuzef Voytıla - 1920-2005) II İoann Pavelin və digər belə çox mütərəqqi şəxsiyyətlərin möhtəşəm simasında yeni əhdin, barışığın, mərhəmətin və humanizmin əsas simvollarına çevrilmişdir. Bu gün isə multikulturalizm çoxlu sayda polietnik məkanlarda baş qaldırmış separatizm cəhdlərinin qarşısını daha effektli üsullarla almağa qadir olan siyasət, yeni-yeni nəsllərin ideoloji konstruksiyasının, ıııııııııııııııııııııııııdünyagörüşlərinin formalaşdırılması ilə bağlı vəzifələri üzərinə götürmüş prinsiplər sistemi kimi təzahür edir. O, bu imkanlarını XX əsr ərzində polietnik siyasi birliklərin simasında dönə-dönə sübut etmiş və bu gün də edir.
Alternativi olmayan tənzimləmə sistemi kimi multikulturalizm çoxlu sayda siyasi qurumların davamlı inkişafını təmin edən siyasət qismində də xüsusi növ aktuallıq kəsb edir, bütün polietnik məkanlarda özünəməxsus profilaktika tədbirləri kimi təzahür edir.
Yüklə 21,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin