I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması


II mövzu: Mədəniyyətin tarixi tipləri



Yüklə 0,69 Mb.
səhifə2/8
tarix21.04.2017
ölçüsü0,69 Mb.
#15175
1   2   3   4   5   6   7   8

II mövzu: Mədəniyyətin tarixi tipləri

Plan:

  1. İbtidai mədəniyyət

2. Orta əsrlər mədəniyyəti

3. Qərbi-Avropa İntibah mədəniyyəti

4. Yeni dövr mədəniyyəti: XVII əsr mədəniyyəti; XVIII əsr mədəniyyəti

5. XIX əsr Qərbi-Avropa mədəniyyəti

6. XX əsr Avropa mədəniyyəti

Mədəniyyətin tarixi tipləri dedikdə cəmiyyətin inkişafında bir-birlərini əvəz edən dövrlər nəzərdə tutulur. Onları bu cür ardıcıllıqla sıralamaq olar: ibtidai mədəniyyət, Qədim (Yaxın) Şərq mədəniyyəti, antik mədəniyyət, orta əsrlər Avropa mədəniyyəti, İntibah mədəniyyəti, Yeni dövr mədəniyyəti. Bu tarixi dövrlərinin hər biri müvafiq cəmiyyətlərin unikal, özünəməxsus mədəniyyət tiplərinə uyğun gəlir. Mədəniyyətin ilk tarixi tipi olan ibtidai mədəniyyət 40 min il bundan əvvəlki dövrü əhatə edir.



İbtidai mədəniyyət – bəşər tarixinin ən çox davam edən tipidir. O, Yer kürəsinin bəzi yerlərində indiyədək qalmaqdadır. İbtidai mədəniyyətin xarakterik əlaməti – sinkretizmdir, yəni mədəniyyətin zəif inkişafı səbəbindən bölünməməsidir, diffirensasiyaya uğramamasıdır. İbtidai mədəniyyətə yazı xas deyil. İbtidai mədəniyyət magik idi, ibtidai insanın həyatı əmək fəaliyyəti qədər zəruri olan çoxsaylı ayinlərin yerinə yetirilməsindən ibarət idi. İbtidai mədəniyyətin sonunda mifoloji dünyagörüşü formalaşır.

Bəşər tarixində ibtidai mədəniyyətin davamlılığı tapılmış əmək alətlərinə əsasən 3 inkişaf mərhələlərinə bölünür: a) daş dövrü (40 min il – b.e.ə. IV minilik ); b) tunc dövrü (b.e.ə. III-II minilik); c) dəmir dövrü (b.e.ə. I minillik).



Daş dövrü (paleolit, mezolit, neolit) primitiv daş alətlərlə, ilk qayıqların hazırlanması ilə, qayaüstü rəsmlərin çəkilməsilə xarakterizə olunur. B.e.ə. 12-8 min il əvvəlki paleolit həyat tərzinə xas olan ovçuluq və yığıcılıq mezolitin ev heyvanlarının əhilləşdirilməsi, oturaq həyat tərzinə keçmə, ox və yayın yaranması ilə əvəzlənir. B.e.ə. 9-4 minillikdə ibtidai cəmiyyətdə maldarlıq və əkinçilik möhkəmlənir, daşdan istifadə texnikası mükəmməlləşir.

Tunc dövrü (b.e.ə. III-II minillik) sənətkarlığı əkinçilikdən ayırır və ilk sinifli dövlətlərin yaranmasına səbəb olur.

Dəmir dövrü (b.e.ə. I minillik) müxtəlif növlü mədəniyyətlərin inkişafını sürətləndirir.

Mədəni prosesin başlanmasının başlıca şərti dilin meydana gəlməsidir. Nitq insanın özünü təyin etməsi və özünü ifadə etməsi üçün yol açdı, şifahi verbal ünsiyyəti formalaşdırdı. Bu təkcə kollektiv fikrin qurulmasına deyil, həm də ayrı-ayrı hadisələrə öz münasibətinin, fikrinin olmasına rəvac verdi. İnsan predmet və hadisələrə adlar verməyə başlayır. Bu adlar simvollara çevrilir. Tədricən əşya, heyvan, bitki, elə insanın özü də gerçəklikdə sözlə müəyyənləşən yerini alır və beləliklə də, qədim dünya mədəniyyətinin ümumi mənzərəsini formalaşdırır.

Qədim insanların əxlaqi şüurunun ilkin strukturu tabu mədəniyyətidir, yəni öz qrupundan olanlarla – qan qohumu hesab edilənlərlə nikah əlaqəsi və öldürmələrə qadağanın qoyulmasıdır. Tabunun köməyilə ərzağın bölüşdürülməsi və başçının toxunulmazlığı tənzimlənir.

Qadağa mənasını verən tabu prosesi totemizmlə - qəbilə ilə bitki və ya heyvanlarla qan qohumluğu əlaqəsinə inamla birlikdə meydana gəlir. İbtidai insanlar həmin heyvandan, yaxud bitkidən asılılığı tanıyır və ona sitayiş edirdilər.

İbtidai cəmiyyətin ilkin çağlarında dil və nitq hələ primitiv idi. Ona görə də mədəniyyətin başlıca kommunikasiya kanalı əmək fəaliyyəti idi. Əmək fəaliyyətinə aid informasiyanın ötürülməsi qeyri-verbal yolla, sözsüz baş verirdi. Təlim və ünsiyyətin əsas vasitələri tamaşa (göstərmə) və təlqin idi. Müəyyən faydalı və effektiv fəaliyyət nümunəyə çevrilir, sonra təkrarlanır, nəsildən-nəslə ötürülür və ayinə çevrilirdi.

Fəaliyyətlə onun nəticələri arasındakı səbəb-nəticə əlaqələri dil və təfəkkürün az inkişafı dövrü şüur tərəfindən yaxşı mənimsənilmədiyindən bir çox ayinlər praktiki olaraq faydasız hərəkətə çevrilirdi. İbtidai insanın bütün həyatı çoxsaylı ayinlərin yerinə yetirilməsindən ibarət idi. Onlardan bir çoxunun rasional izahı yoxdur, onlar magik xarakter daşıyırdılar. Ancaq qədim insan üçün magik ayinlər istənilən əmək fəaliyyəti qədər zəruri və effektiv idi. Onun üçün əməklə magik ayin arasında heç bir fərq yox idi. Ayinlər qədim dövrün mədəni “mətnləri”dir. Mədəniyyət qadağaların qoyulması ilə başlayırdı.

Dil və nitqil meydana gəlməsilə yeni informasiya kanalı – verbal ünsiyyət formalaşır. Təfəkkür və fərdi şüur inkişaf edir. Fərd artıq kollektivlə eyniləşmir, onun hadisə, davranış, plan və s. haqqında müxtəlif fikir və təklif yürütmək imkanı yaranır (düzdür, müstəqil təfəkkür hələ uzun müddət çox məhdud qalır).

Bu mərhələdə ibtidai mədəniyyətin mənəvi əsası kimi mifoloji şüur çıxış edir. Miflər, real biliklərin azlığına baxmayaraq hər bir şeyi izah edir. Miflər qəbilə üzvlərinin ətraf aləmə eyni çür baxmağını təmin edir. “Öz” miflərinə inam onları “özgəninki”ndən ayırır. İbtidai mədəniyyət mənəvi mədəniyyətin əsas sahələrinin – din, incəsənət, fəlsəfə, elmin rüşeymlərini daşıyır.

Dinin ilkin formalarını həm də mənəvi mədəniyyətin ilkin formaları hesab etmək olar. Bunlar: a) totemizm – (totem – “onun qəbiləsi”) – qəbilənin, icmanın əcdadı hesab etdiyi heyvan, bitki və ya əşyaya sitayişidir; b) animizm – (anima – “ruh”) – insan, heyvan, bitkinin ruha malik olmasına inamdır; c) fetişizm – xüsusi predmetlərin fövqəltəbii xüsusiyyətlərinə inamdır; ç) magiya – xüsusi ayinlərin həqiqiliyinə inamdır.

Qədim Şərq mədəniyyəti. Qədim (Yaxın) Şərq mədəniyyətinin formalaşması b.e.ə. III minilliyə təsadüf edir. Bu mədəniyyətlərdən biri iki çayarası (Tiqr və Yevfrat) Mesopotamiya, ikincisi isə Misir – Nil vadisi mədəniyyəti adını alıb. İnd və Qanqla Qədim Hind, Xuanxe ilə Qədim Çin mədəniyyəti bağlıdır. Bunun izahı isə sadədir – çayların ərazisində torpaq münbit və məhsuldar olur. Qədim Şərq ölkələrinin mədəniyyəti ənənəvi cəmiyyət tipi adı alıb. Ənənəvi cəmiyyət tipi ictimai-iqtisadi münasibətləri yaradan ənənələrin uzun müddət saxlanıldığı cəmiyyətdir. Ənənələrin əsasında insanın təcrübəsi artır, mədəni ənənə yaranır. Belə mədəniyyətlərə Mesopotamiya, Qədim Misir, Qədim Hind və Çin mədəniyyətlərini aid etmək olar. Qədim Şərq mədəniyyətinin ümumi cəhətlərinə nəzər salaq:

• Ənənəvi cəmiyyətlərdə tarixi proseslərin inkişaf dinamikası yoxdur. Zaman sanki donur. Sivilizasiya bir neçə minilliklər ərzində stabildir, özünün sabitliyi ilə fərqlənir;

• Ənənəvi cəmiyyət tiplərində insan şəxsiyyət olaraq sosial qrupala sıx bağlıdır və ona tabedir. Belə sosial qrup rolunda müəyyən fəaliyyət növü ilə məşğul olan qəbilə, icma, tayfa, kasta, nəsil çıxış edə bilər. Məsələn, Hindistandakı kasta sistemi, Misirdə kahin təbəqəsi;

• Qədim Şərq insanının təfəkkürü təbiətlə və ictimai həyatın vəhdəti ilə xarakterizə olunur. Yaponiya – Günəş doğan ölkədir, Çin – Böyük Səmaaltı ölkəsidir və s. “Təbiət” anlayışına insan təbiəti anlayışı da daxildir;

• İnsan və təbiətin harmoniyası yoqa, dzen-buddizm, kamasutra kimi qədim şərqə xas olan mədəniyyət fenomenlərinin yaranmasına gətirib çıxartdı. Bu mənəvi mədəniyyət hadisəsi insanın təbiətlə harmonik münasibətlərinə, orqanizmin fiziki və psixi imkanların genişlənməsinə istiqamətlənib;

• Mifologiya və din ənənəvi cəmiyyət insanının dünyaduyumunu müəyyənləşdirir. Qədim Şərqin bütün xalqlarında dünyanın, insanın, Allahların, qəhrəmanların yaranmasına dair miflər vardır. Sintoizm, daosizm, konfusiçilik, hinduizm, buddizm və s. buna misaldır. Bu dinlərin bir çoxu indi də Yaponiya, Çin, Hindistan və digər Şərq ölkələrinin mədəni xarakterini müəyyənləşdirir. Ənənəvi cəmiyyət tiplərində insan dünyanın mənzərəsini mif və dinlərlə müəyyənləşir;

• Ətraf aləm canlılaşdırılır, insaniləşdirilir, dağ, çay, meşə və i.a. ruh və allahlarla məskunlaşdırılır. Səbəb-nəticə əlaqəsinin bu mənzərədə xüsusi rolu yoxdur. İnsanın varlığı əsasən xeyirxah ruhlarla, allahlarla harmoniya təşkil edir, münaqişələr təsadüfi sayılır.

Son illərin mədəniyyətşünaslığına dair ədəbiyyatlarda şərqqərb (avropa) təfəkkür tərzlərinın fərqli cəhətləri barəsində kök salmış təsəvvürlər mövcuddur. Şərq təfəkkür tərzi dünyaya seyrçi, sakit münasibətilə xarakterizə olunur. Burada bütün canlıları ilahiləşdirərək təbiətə müdaxilə etməmək prinsipi qorunulur. Qədim Şərq fəlsəfəsinin mərkəzində öz daxili aləminə müraciət edən və özü vasitəsilə ətraf aləmi dərk etməyə çalışan müdrik durur. Ön plana ontoloji və ya qnoseoloji problemlər deyil, həyatın etik, əxlaqı tərəfləri çıxarılır. Budda – tanrı deyil, varlığın başlıca həqiqətini kəşf edən və ali müdrikliyə, nurlanmaya çatan bir müdrikdir. Fəlsəfi fikirləri qədim Çin mədəniyyətində əhəmiyyətli rol oynayan Konfusi dini sistemdən daha çox etik sistem yaratmışdı. Hinduizm və buddizm, daosizm və konfusiçilik insan psixologiyasının və əxlaqının dərinliklərinin idrakına yönəlmişdir.

Qədim Şərq mədəniyyətinə xas obrazlı təfəkkürün aparıcı əhəmiyyəti simvolik incəsənətdə (Çin və Yaponiyada heroqliflərin yazılışı, Hindistanda rəqs sənəti) əks olunur.

Ənənəvi Şərq mədəniyyəti üçün ümumi xüsusiyyət ənənəvilikdir. Ancaq bu heç də onların eyni yollarla inkişaf etməsi demək deyil, Misir, Hindistan, Çin özünəməxsus inkişaf edib.



Qədim Misir mədəniyyəti b.e.ə. V minillikdən mövcuddur və öz məzmununa görə ən ənənəvi mədəniyyətlərdəndir (ona görə də onu Şərq mədəniyyətinə aid edirlər). Qədim Misir sivilizasiyasının inkişafına təsir göstərən başlıca amil təbii şərait olmuşdu. Nilin məhsuldar ərazisindən ildə iki dəfə məhsul götürmək olurdu. Bəzi məlumatlara görə 1 hektardan 100 sentner məhsul götürülürmüş. Nil boyu məhsuldar sahələr ensiz idi. Çayın hər iki sahilindəki ensiz məhsuldar torpaqlardan sonra cansız səhralıq başlayırdı. Nilin daşmasından sonra suyu əkin sahələrinə vermək lazım gəlirdi – suvarma sistemi inkişaf etmiş və təkmilləşmiş səviyyədə idi.

Piramidalar və suvarma sistemləri qədim Misir sivilizasiyasının özünəməxsus fərqləndirici xüsusiyyəti idi. Misir cəmiyyəti qapalı tipli cəmiyyət idi. Həmin qapalı cəmiyyət – quldarlıq despotiyası, öz sosial quruluşuna görə piramidaya bənzəyirdi: ən aşağıda qullar, sonra kəndlilər, sənətkarlar, mirzələr, kahinlər, məmurlar, əyanlar və ən başda hüdudsuz və mütləq hakimiyyətə malik firon dururdu. Firon hər şeylə məşğul idi: ticarət, siyasət, irriqasiya (süni suvarma sistemi) işləri, din. O, özündə ali dini və siyasi hakimiyyəti birləşdirirdi. O, ilahi fiqur idi. Qədim yunanlar Misir piramidalarını dünyanın 7 möcüzəsinə daxil edirdilər. Piramidalar öz ölçülərilə onları heyrətləndirirdi. Antik dünya buna bənzər bir şey görməmişdi. Xeops piramidasının ölçüsü insanı heyrətə gətirir: bünövrəsi – 5 hektar, hündürlüyü – 146,5 m. Hər birinin çəkisi 2,5 t olan 2 300 000 qranit daşdan qurulmuşdu. Ancaq piramidaların praktiki faydası yox idi. Onlar heç kimin həyatını yüngülləşdirmirdi. Onların tikintisi misir iqtisadiyyatı üçün ağır yük idi. Bununla belə, piramidalar bir neçə yüzilliklər ərzində tikilirdi. Nə üçün?

Çay boyunca yaşayan insanlar dünyanı başqa cür qavramağa başladılar. Əvvəllər reallıq xaos və kosmosun, ilahi və adinin qatışığı idi. Lakin indi aləmin quruluşu haqqında təsəvvürlər dəyişdi.

Hamıya məlumdur ki, piramidalar fironların sərdabələri kimi ucaldılırdı. Onlardan hər biri bir hökmdara həsr olunub. Piramidaların nəhəngliyini nə ilə izah etmək olar? Fironların gücü və böyüklüyü barəsində təsəvvürün yaranması zəruriliyi ilə. Fövqəlinsanlıq – artıq ilahi olmaq deməkdir. Çarın şəxsiyyəti ilahiləşdirilirdi. Qədim Şərq insanlarının təsəvvüründə məhz çar – allah istənilən qədim Şərq mədəniyyətini xarakterizə edən bütün monumental tikililərin mənbəyidir. Bu tikililər insanlar arasında onların hökmdarı simasında ilahinin çıxış etməsini ifadə edirdi. Buradan da qədim şərq mədəniyyətinin monumentalizmi (əzəmətlilik) və çar hakimiyyəti qırılmaz şəkildə bağlıdırlar, bir-birlərini tamamlayırlar və aşkara çıxarırlar.

Qədim misirlilərin dövlət fəaliyyətinin xarakteri və vüsəti onların maddi və mənəvi mədəniyyətlərinin istiqamətini müəyyənləşdirirdi. Suvarma sistemlərinin böyük vüsət alması dəqiq təşkil edilmiş işin, praktik və elmi biliklərin olmasını tələb edirdi. Misirlilərin riyaziyyat və astronomiya sahəsindəki bilikləri hamıya məlumdur. Onlar çevrənin sahəsini hesablamış, dünyaya təqvimi, sutkanı 24 saata bölünməsini, yazını (24 heroqlif), papirusu, kərpici, mayalı çörəyi və s. təqdim etmişlər. Xüsusilə tibb sahəsinə töhfələrini vermişlər. Kahinlər təkcə kult xadimləri deyil, eyni zamanda həkim, meteoroloq, maq idilər.

Qədim Misir mədəniyyətində gözəl incəsənət abidələri vardır: miflər, nağıllar, nəsihətlər. Ədəbiyyat nümunələri ritmik formaya, ənənəvi süjetə malik idi.

Təsviri incəsənətdə qədim misirlilər portret, heykəltəraşlıq, memarlıq nümunələrini irs qoymuşlar. İnsanın heykəldə təsviri öz statikliyi, hərəkətsizliyilə fərqlənir. Əgər təsvir daş üzərində verilirdisə, insan bədəni düz istiqamətdə, başı və ayaqları isə yanakı təsvir olunurdu. Bu onunla izah olunur ki, rəssamlığın mənbələrindən biri piktoqrafiya – heroqlif yazıya keçmə forması ilə idi. Qrup kompozisiyasında adi insanların arasında əyan və ya fironun təsviri 1,5-2 dəfə hündür təsvir olunurdu.

Qədim Çin mədəniyyətinin ideya mənbəyi b.e.ə. VI əsrdə meydana gəlmiş konfusiçilik olmuşdur. Konfusiçilik cəmiyyət və aləmin bütövlükdə əbədi və dəyişməz olduğu ideyasından çıxış edir. Cəmiyyətin hər bir üzvü onun üçün başlanğıcdan təyin edilən yeri tutmalıdır. Humanizm, mərhəmət insanlar arası münasibətə sirayət etməlidir. Hər bir kəs başqasına kömək etməli, can atdığına çatmalı, özünə rəva görmədiyini başqalarına da görməməlidir. Bu etik qayda sonralar İncildə də öz əksini tapmış və əxlaqın qızıl qaydası adını almışmışdı.

Konfusi cəmiyyətlə dövlət eyniləşdirirdi. Onun fikrincə, dövlət böyük ailədir, hökmdar (imperator) – “Göylərin Oğlu”, “xalqın Ata və Anası”dır. Belə dövlətdə hüquq deyil, ciddi əxlaq normaları hökm sürürdü. Uzun müddət konfusiçilik Çində dövlət ideologiyası funksiyasını həyata keçirib.

Çində ikinci əsas istiqamət daosizm olmuşdu (b.e.ə. VI əsr). Daosizm nöqteyi-nəzərindən aləmdə hər şey hərəkətdə, dəyişmədədir, hər şey nisbi və sonludur. Daoya uyğun olan dünyaqurumuna riayət edilməlidir. Ölməzlik əldə etmək üçün yoqanı xatırladan hərəkətlər etmək lazımdır.

Çinlilər uzun müddət özlərinin müstəsnalığına inanmış və XVIII əsrin ortalarına kimi bütün digər xalqları barbar hesab etmişlər. Çin sivilizasiyası qədim sivilizasiyalardan biridir. Çin dünyaya heroqlif yazısını, ipək, kağız, fosfor, kompas, kotan, barıt bəxş etmişdi. Çin tibbi, astronomiyası, riyaziyyatı dünyada məşhurdur.

Çində Allah haqqında anlayış yox idi. Dünya Tanrı tərəfindən yaradılmayıb, o, öz gizli əsasından gülün öz qönçəsindən açıldığı kimi açılıb.

Çin mədəniyyətində ruh və bədən anlayışları, materiya ideyası yox idi. Aləm ruh və materiyaya bölünməyərək qəbul edilmişdir. İnsan Səmanın kosmik qüvvəsinə bərabərdir və kainatda mərkəzi yeri tutur. Həyatın istənilən hadisəsinə yanaşma əxlaq anlayışından başlayır (konfusiçilik).

Çin mədəniyyəti kateqoriyaları içində ən vacibi Tzsidir. Onun hərfi tərcüməsi yoxdur. Bu anlayışı belə başa düşmək olar: buz isinəndə suya çevrildiyi, su da baxara çevrildiyi kimi Tzsi də qatılaşaraq maddəyə, incələrək ruha çevrilir. Dünyada nə varsa – Tzsidir, ondan başqa heç nə yoxdur. Tzsi əzəli təbiətdə ilkin ruhdur. Daş da ruha malikdir. Dünyadakı hər bir şey kimi Tzsi də hərəkətdədir. Baxın, dağ. Nə zamansa yaranmışdı, lakin zaman keçdikcə qocalır, küləyin təsirindən ovulur, quma çevrilir və tez və ya gec qumdan yeni bir dağ əmələ gəlir. Beləliklə də, Tzsi – aləmi dolduran həyat enerjisidir.

Çin təfəkkürü avropalılara xas səbəb-nəticə təfəkküründən fərqlidir. Məsələn, metal, Qərb, ağ gül, ağciyər və ədalət arasında ümumi olan nədir? Avropalı burada hər-hansı əlaqənin olduğunu hesab etmir. Çinliyə isə hər şey aydındır: sadalananların hamısında ilkin element metaldır.

Bu cür təfəkkür tərzinin əsasında simpatiya (tib. bədənin bir yerində əmələ gələn dəyişikliklərin bilavasitə təsiri altında başqa bir yerində yaranan dəyişiklik) nəzəriyyəsi durur. Varlığın müsbət sahəsi – Yan, mənfi sahəsi – İn. Hər hansı bir şey özünəbənzərlə qarşılıqlı əlaqədədir. Bir çinli şair yazırdı ki, “Sən gülü dərə bilməzsən, ulduzları narahat etməmək üçün”.



Çin mədəniyyəti nikbindir. Kosmos harmoniyadadır, qanunauyğundur, həyat və enerji ilə doludur. Səma – kişi başlanğıcıdır, tam şəkildə Yanla doludur. Səmanın əksi olan yer – qadın başlanğıcı olan İndir. Torpaq Yan və İnin harmoniyasını ifadə edir.

Məkan: Şərqdə gənc müsbət enerji (ağac) hökmranlıq edir, Cənubda yaşlaşır (kamilləşir). Cənub – oddur, Qərb – metaldır, Şimal – sudur. Çinlilər üçün Şimal soyuq və qaranlığın məskəni kimi qəbul edilirdi, oradan vəhşi köçərilərin hücumları baş verirdi. Cənub Yanın işıqlı və qaynar mənbəyidir. Bu çinlilərin şəhərlərinin planlaşdırılmasında inikas edir: şəhərlər kvadrat şəklində, baş qapıları cənuba doğru tikilirdi. İmperator öz taxtında üzü cənuba doğru otururdu. Əvvəllər çinlilər səmanı dairəvi, yeri isə kvadrat hesab edirdilər. Sonra onlar anladılar ki, səma Tzsinin həyat qüvvəsinın “töküldüyü” boşluqdur.

Həyat və ölüm haqqında təsəvvürlər: “Həyat öz axarında axmadır, ölümsə sadəcə yolda dincəlmədir”. Cinlilər aləmi elə bu cür təsəvvür edirdilər. Çin fəlsəfəsində ruhun ölməzliyi haqqında təlim yox idi. Həyat və ölüm – vahid zaman prosesinin iki zəruri mərhələləridir. Həyat – xeyir, ölümsə dəf edilməli olan şərdir. Dinlərdən biri olan daosizm həyatın uzadılması üsullarını işləyib hazırlamışlar: xüsusi seksual praktika, nəfəs hərəkətləri, meditasiya, gimnastika.

İncəsənət və ədəbiyyat: Çin kainatı gözəllik üzərində qurulur. Kosmos “naxışlıdır”, naxışlar sonradan “yazılı işarələr”in mənasını ifadə etdi, yazı “yazı işarələrində ifadə olunmuş mədəniyyətdir”. Çin mədəniyyətinin başlıca anlahyışlarından biri – VEN anlayışıdır. Ven Kainatı bəzəyən, naxışı ifadə edən kosmik başlanğıcdır. Müqəddəsliyin əlaməti kimi şamanın hökmən belə naxışlı döyməsi olmalıydı. VEN kosmosun insanda təzahürüdür. Başını yuxarı qaldıraraq şaman bürcləri öyrənir. Başını aşağı salaraq – heyvan və quş izlərinin gizli mənasını dərk edir. Bu cür baxışın nəticəsi heroqlif yazısı və mədəniyyəti oldu. Çinlilərin fikrincə, yazı özündə böyük Daonu – yolu daşıyır. Xalqın yazıya əsl xeyir kimi münasibət bəsləməsi də buradandır.. Ədəbiyyatla məşğul olmaq – xeyirxah və şərəfli işdir. Lakin ədəbiyyat deyəndə roman deyil, fəlsəfi nəsr başa düşülürdü.

Çin rəssamlığı – şeylərin deyil, ideya, düşüncələrin təsviridir. Eyni rəngli rəsmlər burada xüsusi yer tutur. Təsvir qara mürəkkəblə ağ kağıza və ya azca rənglənmiş parçaya çəkilir. Rəssamlar bütün varlığın sanki hava kimi yüngül “əsası olmayan” kimi təsvir etməyə cəhd göstərirlər. Çin rəssamlığında kosmosla vəhdət və harmoniyanın axrışı məsələsi qoyulur.

Din: Konfusiçiliyi din hesab etmək düzgün olmazdı. Bu əxlaqi-siyasi təlimdir. Çoxsaylı qarışıq inam və kultlar vardır. Çinin dinləri müxtəlif inamları qəbul edir. Monoteizm yox idi. Buddizm Çinə Hindistandan gəlmişdi. Çinli eyni zamanda üç dini qəbul edə bilərdi: işdə konfusiçi ola bilər, dostlarıyla və təbiət qoynunda – daosist, özü ilə tənha qaldıqda isə həyatı və ölümü barəsində düşünərkən buddist ola bilərdi.

İctimai dəyərlər: a) əxlaq cəmiyyətinin yaradılması imkanına inam, bu ideal, ali liderləri tələb edir; b) ailə - dövlətin proobtazıdır. Ailəsini düzgün saxlaya bilən insan dövləti idarə edə bilər; c) alicənab, xeyirxah ər, məmur, monarx idealı.

Qədim Çin mədəniyyətində əcdadların mənşəyi, yüksək rütbəli olması böyük rol oynayırdı.

Hakim təbəqə imtahanların köməyilə toplanırdı. İstənilən sakin konfusi mətnləri və ədəbiyyatdan imtahanlar verə və bu və ya digər elmi dərəcə ala bilərdi.

Rəiyyətdən olan syutsaya (çiçəklənən istedad) dərəcəsi almaq üçün hətta ən aşağı imtahanı verərsə, onun həyatı tamamilə dəyişə bilər. O, vergi, hərbi və əmək mükəlləfiyyətindən azad olur, alim xələti və baş örtüyü gəzdirərdi. Beləcə, idarəedənlər (mandarinat – mandarin “əmr etmək” sözündəndir) təbəqəsi meydana gəldi. Çin mədəniyyətində “məmur” və “ziyalı” anlayışları üst-üstə düşürdü. Bütün bunlar təhsilə necə dəyər verməni göstərir.



Çin təhsili humanitar xarakter daşıyırdı. Filologiya, fəlsəfə, tarix şərəfli elmlər hesab olunurdu. Təbiət elmləri tətbiqi xarakter daşıyırdı. Ticarət, biznes elə də yüksək dəyərləndirilmirdi. Məmurlar tacirlərə ikrah hissi ilə baxırdılar. Əkinçilər – yaxşı xalq hesab olunurdu, tacirlər isə “pis”.

Qədim Hind mədəniyyəti. Hindistanın tarixini və mədəniyyətini bir neçə mərhələyə bölmək olar. Birincisi ved dövrüdür (qədim dini mətnlərin adı ilə bağlıdır). Cəmiyyətdə aparıcı rol kahinlərə - brəhmənlərə aiddir. Hind tarixinın ikinci mərhələsi brəhmənizm adlanır. Bu dövrdə kasta sistemi yaranmışdı. Yeni Allah – Brəhmə meydana çıxır.

Dini həyatda politeizm: Allahların üçlüyü – Brəhmə, Şiva və Vişnu qərarlaşır. Kşatrilərdə İndra allahı meydana çıxır. Hindlilərin dini təsəvvürləri ruhun dövr etməsi, karma anlayışı təlimində ifadə olunur. Bu təlimə görə canlı və cansız varlıqlar arasındakı sərhəd dəf ediləndir, hərəkətdədir. İnsanın ruhu üzvi və qeyri-üzvi aləmin müxtəlif varlıqlarına keçə bilər. Əgər canlı, üzvi bədənə keçirsə, seçim karma qanunları ilə əvvəlcədən müəyyənləşir. Xeyirxah işlər görən, əxlaq normalarını pozmayan kəs, gələcək həyatında yuxarı kastalarda yenidən dünyaya gələcək. Əxlaq prinsiplərinə riayət etməyən isə aşağı kastanın nümayəndəsi kimi dünyaya gələ bilər, yaxud da sadəcə heyvan və ya təbii daşa keçə bilər. Öz xoşagəlməz karmanı yalnız ləyaqətli işlərinlə və dürüstlüyünlə aradan qaldıra bilərsən.

Hind mədəniyyətinin üçüncü mərhələsi b.e.ə. VI əsrdə buddizmin qərarlaşması ilə bağlıdır. Buddizm təlimində insan üçün düzgün həyat anlayışı formalaşır ki, bu da beş ehkamdan ibarətdir: 1) cansızlara xələl gətirməmək; 2) özgənin malını götürməmək; 3) qadağan olunmuş cinsi əlaqədən uzaq durmaq; 4) boş və yalan danışmamaq; 5) məstedici içkilərdən uzaq durmaq.

Ruhun karmadan azad olmasına insandan intizam, dözüm, inadkarlıq tələb edən yoqa kömək edir.

Hindistan dünyaya şahmat, onluq hesablama sistemini və sıfırdan istifadə etməklə numirasiyanı (nömrələmə), dünyada ilk dəfə olaraq qrammatikaya dair traktatı, düyünü becərmə sirlərini öyrətdi.

Hind mifologiyasında başlıca mifik obyekt –“şəfəq saçan gündüzlü səma”dır, o, ali ilahi qüvvədir. Səma atadır, o, həmişə öz arvadı Yerlə - ana ilə birgə çıxış edir.

Səma ilə yerin ayrılmasından sonra ön plana günəş, şimşək, göy gurulrusunu təcəssüm etdirən allahlar çıxır. Onların hakimi – İldırımsaçandır. Qara qüvvələr – xaosdur, onları Əjdaha təmsil edir.

Hindistanda Allahlar çoxdur, belə ki, burada politeizm və monoteizm mövcuddur. Bu barədə bizə ədəbi abidə olan “Vedlər” məlumat verir.

Ved allahları: Baş Allah İndra – göy gurultusu və yağış allahıdır. Ati – ev tanrısıdır, torpaqla bağlıdır. O, həm də od allahıdır. Hinduizm milli dininin yaranması ilə yeni allahlar da meydana gəldi. Bunlardan ən tanınmışı məhsul tanrısı, çobanların hamisi, rəhimli, lirik, hər şeyə qadir Vişnudur. “Avatar” nəzəriyyəsi, yəni haqsızlığı cəzalandırmaq məqsədilə allahın torpaqda təcəssüm olması onunla (Vişnu ilə) bağlıdır. Vişnudan danışan zaman Krişna, yaxud Rama nəzərdə tutulur. Krişna – çox gözəldir, o, gözəl oxuyur, rəqs edir, heç bir qadın ona qarşı biganə deyil. O, güclü əsgər, qəhrəmandır. Rama da çox populyardır. O, “Ramayana”nın baş qəhrəmanıdır. Şiva – dağıdıcı tanrıdır, varlığın mərkəzidir, fil şəklində təsəvvür edilir.

Hindlilərin həyat və ölüm haqqındakı təsəvvürləri özünəməxsusdur. Ölümün, cənnət və cəhənnəm haqqında təsəvvürlərin faciəvi tərəfi dərk olunurdu. Cəhənnəm – Yama, axirətdəki hakim yeridir. Ruhun təkrar təcəssüm olması (sansara – dövretmə) haqqında təsəvvürlər vardır. Sansaranı fırlanan təkərlə müqayisə edirlər. Bu fasiləsiz, təkrarlanan dəyişmələrdə olan aləmdir. Orada yaşamaq çətindir. Təbii olaraq ondan qurtulmaq arzusu yaranır.



Karma – “nə kərsən, onu da biçərsən” deyiminə uyğun gəlir. Yaxşı əməllərin sahibi yaxşı kimi yenidən dünyaya gəlir, pis əməllərin sahibi isə pis kimi yenidən dünyaya gəlir. Yaxşı karmaya nail olmaq – həyatın birinci məqsədidir.

Dxarma” – dünyanın dayağıdır. Bu şəxssiz kosmik qanundur, ayrı-ayrı sosial qruplar üçün nəzərdə tutulmuş qaydalar toplusudur, əxlaqi borcdur, doğru həyat tərzidir, düzgün dini təlimdir. Dxarma hindlinin ikinci həyat məqsədidir: dindar, inamlı olmaq.



Kama insan həyatının üçüncü məqsədidir. O, hissi sahəyə yönəlib. Kama gül kamanından öz qurbanına dəqiq ox atan sevgi tanrısıdır. Kama arzu, ehtirasdır.

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin