HƏSƏn məCİdzadə saVALAN (1947) Hətatı



Yüklə 100.6 Kb.
tarix23.12.2016
ölçüsü100.6 Kb.
Esmira Fuad (Şükürova)
HƏSƏN MƏCİDZADƏ SAVALAN

(1947)


Hətatı. Çağdaş Güney Azərbaycan ədəbiyyatının yaranması və inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli şairlərimizdən biri də Həsən Məcidzadə Savalandır. Savalan şair, ədəbiyyatşünas və publisist kimi fəaliyyət göstərərək xalq həyatının tərcümanına çevrilmişdir. 1947-ci ildə Güney Azərbaycanın Ərdəbil şəhəri yaxınlığında, Savalan dağının ətəklərindəki Nir qəsəbəsində dünyaya göz açan Həsən Məcidzadənin poeziyası Güney xalqının məhrumiyyətlərlə dolu ağır həyatını, istismarçı rejimə qarşı ardıcıl mübarizəsini, işıqlı, aydın gələcəyə inamını parlaq bədii boyalarla əks etdirir. Qələmə aldığı həqiqətləri Savalana gerçək həyatdakı müşahidələri, görüb-eşitdikləri diqtə edirdi. Şairin doğulduğu 40-cı illərdə İranda mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdəydi. Rza şah Pəhləvi hakimiyyətinin zülmünə, hakim üsuli-idarənin qanunsuzluqlarına, çinovnik və ərbabların özbaşınalıqlarına dözə bilməyən zəhmətkeş əhali mövcud rejimə qarşı etiraz səsini qaldırmış, milli haqq və hüquqları uğrunda mübarizəyə qalxmış, Güney Azərbaycanda milli-azadlıq hərəkatının yeni dalğası kükrəmişdi. Atası hərəkatın fəallarından biri kimi təqib olunduğundan ev-eşiyindən didərgin düşmüşdü. Ailənin başçısı Vətənin quzeyinə mühacirət etdikdən sonra babası Baratəli kişi külfəti Tehrana köçürmək məcburiyyəti qarşısında qalır. Çünki çox ağır bir dövr idi və Təbriz qan gölündə üzürdü. 1946-cı il 21 Azər hərəkatının, Milli Hökumətin irticaçı qüvvələr tərəfindən məğlubiyyətə uğradılmış, kütləvi qətl və qırğınlar törədilməyə, azadlıq fədailərinə divan tutulmağa başlanmışdı. İİR-ə səfəri zamanı Savalanla şəxsən görüşüb söhbətləşmiş xalq şairi Nəbi Xəzri bu faktla bağlı yazırdı: “Həyatda min əzab-əziyyətlə böyümüş, atalı ikən yetim qalmış (müharibə illərində onun atası Sovet İttifaqına mühacirətə gəlməyə məcbur olmuşdu. Onda Savalanın iki yaşı varmış) bir adam nə qədər gümrah və nikbin idi.” Bu görüş zamanı Güney Azərbaycan türklərinin mənəvi ucalıq rəmzi sayılan və zirvəsi daim qarla örtülü olan Savalan dağının adını özünə təxəllüs götürən Həsən Məcidzadə dağa nisbətdə cılız, arıq və balacaboy olduğunu, təxəllüsü ilə cisminin heç bir uyğunluq təşkil etmədiyini də N.Xəzriyə incə bir yumorla çatdırmışdı: “Elə dövrü qədimdən belədir. Keçəli zülfəli çağırarlar, kora Eynulla deyərlər. Hə, vallah! Mən də ona görə özümü Savalan adlandırmışam.”1

Həsən də erkən yaşlarından işləməyə, başsız qalmış ailəyə çörək pulu qazanmağa məcbur olur. Elektromexanika emalatxanasında şagirdlik edir və qısa müddətdə çilingərlik sənətini öyrənir. 12 saatlıq ağır iş rejimi onun ədəbiyyata, Azərbaycan dilinin tarixinə, türkcənin incəliklərinə olan tükənməz həvəsini boğa bilmir. O, Azərbaycan ədəbiyyatının Nizami, Füzuli, Həbibi, S.Ə.Şirvani, M.Ə.Sabir, S.Vurğun, S.Rüstəm, Ə.Vahid və b. yaradıcılığından ilham alır. Onların əsərlərindən təsirlənərək şeirlər qələmə alır, eyni zamanda, soydaşları arasında ədəbiyyatı təbliğ edir, ədəbiyyatşünaslığa dair məqalələr yazır. S.Ə.Şirvani, M.H.Rüşdiyyə, M.Müşfiq, Nəbi Xəzri kimi sənətkarların həyat və yaradıcılığına yeni ədəbi dəyərlər prizmasından yanaşaraq qələmə aldığı məqalələri «Varlıq» dərgisində dərc etdirir.

Tehran, Təbriz, Ərdəbil radiolarında, Rudəki salonlarında, şeir-sənət məclislərində ardıcıl olaraq çıxışlar edir. Başı qarlı Savalan dağına, ana Vətənə uca məhəbbətinin ifadəsi kimi, şeirlərini «Savalan» təxəllüsü ilə yazmağa başlayır və bütün türk dünyasında da elə bu imza ilə tanınaraq sevilir.

Yaradıcılığı. Elini, dilini, torpağını ürəkdən sevən, odlar yurdu Azərbaycanın aydın gələcəyinə inanan, xalqına və Vətəninə, onun mədəniyyətinə, adət-ənənələrinə, bir sözlə milli-mənəvi dəyərlərinə düşmənçilik mövqeyindən yanaşaraq xəyanət edənlərə, milli varlığına xor baxanlara qənim kəsilən Savalan ana dilinin saflığı, varlığının qorunması uğrunda bütün ömrü boyunca mübarizə aparmışdır. Şairin əsərlərində ana dilinə, Vətənə, el-obaya, türk ruhuna dərin sevgi, sonsuz məhəbbət qırmızı xətt kimi keçir. Ana dilini milli varlığın əsası sayan şair yazır:
Ey böyük ulusun anası anam!
Oğuz ellərindən qalan nişanam.
Eşqinlə yaşıyam, eşqinlə yanam
Sənsən bu bağrımda çırpınan, dilim2
Ana dili, qadağan edilmiş, milli haqq və hüquqları tapdalnnmış doğma xalqının var olduğunu-varlığını “Varlıq”ın səhifələrində ləyaqət və qürurla təcəssüm etdirən jurnalın təsisçisi və baş redaktoru, görkəmli alim-cərrah, dilçi və ədəbiyyatşünas Cavad Heyət, türkoloq-şair Həmid Nitqi, folklorşünas alim Məhəmmədəli Fərzanə və xalq ədəbiyyatının yorulmaz tədqiqatçısı Əli Kəmali, istedadlı şairlər-Kərim Məşrutəçi Sönməz, Əziz Möhsüni, İsmayıl Hadi, Əbdülkərim Mənzuri Xamneyi, professorlar - Qulamhüseyn Bəydili və Həmid Məmmədzadə və bir çox başqa ziyalılar kimi Savalan da uzun illərdən bəri milli haqq və hüquqlar, vahid ədəbi dil, vahid yazı mədəniyyəti yaratmaq uğrunda mübarizə aparır. Savalan Cavad Heyətin el-oba, Güney Azərbaycan xalqı və ədəbiyyatı qarşısındakı xidmətlərinə yüksək dəyər verərək ustada həsr etdiyi şeirində onu Sən elin daimi bir qayğıkeşi, məhrəmisən, Vətənin xadimi, yurd aşiqi, el görkəmisən,- deyə öyür.

Savalan yaradıcılığının müasir Güney Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. Onun yüksək ideyalı əsərlərində bir çox mətləblər sətiraltı və ya açıq təsvirlər vasitəsilə oxucunun idrakına, düşüncələrinə sirayət edir. 1970-ci ildə yazdığı qəzəlindən nümunə gətirdiyimiz bir parça əsərlərindəki fərdi üslub və ehsasatlı bədii dilin diqqət çəkən əsas cəhətlərdən olduğunu yansıdır:

Deyim bağlayıblar mənim dilimi?

Axı, bundan ayrı sözüm də varmı?

Ya əskik sayırlar doğma elimi?

Sözdədir, deyirlər bərabər bəşər.

Yurdumuz bölünmüş bir ürək kimi,

Odur ki, qan gedir ürəyimizdən.3

“Azərbaycan xalq şairi Süleyman Rüstəmim “Yasin əvəzinə” şeirinə cavab”ından gətir-diyimiz bu nümunədən də göründüyü kimi, Savalanın ədəbi düşüncələrinin inkişaf istiqaməti bədii fakt kimi oxucu qəlbini ehtizaza gətirir. Nadanlığa və cahilliyə qarşı mübarizə aparan şairin əksər əsərlərində məhz həqiqət üzərində qurulmalı olan bir cəmiyyətin yalnız elm, təfəkkür, Sözün işığı və iman nuru ilə hərtərəfli tərəqqi və kamilliyə nail olacağına əminlik özünü göstərir. Əsərlərini təsirli, emosional bir formada qələmə alan, həyatda və bədii yaradıcılıqda bütün ömrü boyunca Vətən və İnsan idealını-həqiqətini axtaran müəllifin mövcud hadisələrə konkret münasibətinin təzahürü olan şeirləri məhz bu üzdən inandırıcı təsir bağışlayır.

Savalan sözə vurğun şairdir və bu vurğunluq onun bütün yaradıcılığında özünü göstərir. Onun sevgi şeirləri hər bir sevən kəsin qəlbindəki göynərtiyə, ürəyindəki ağrıya şəfa verən məlhəmə çevrilə bilir. Şair lirik-fəlsəfi əsərlərində xeyirxahlıq və humanizmin, yaxşılığın-işıqlı aləmin spesifik cəhətlərini həssaslıqla oxucuya çatdırır. İnsanın meyar, ölçü kimi səciyyələnməsi, bu ardıcıllıqda İnsan adlandırılan bir varlığın Tanrı elçisi olduğu Savalanın əsərlərində fəlsəfi boyalarla verilir. İnsan mahiyyət etibarı ilə müqəddəslik xüsusunda boy verirsə, şairin qənaətində onun müəyyən mənada dəyişdiyini görürük. İnsan formaca dəyişən olsa da, xarakter etibarı ilə dəyişməzdir. Məhz bu dəyəri anlayan Savalan da artıq imtahan-sınaq məqamını yaşayan və bir-birinə qış-yaz münasibəti ilə baxan aşiq-məşuqun hələ səbəbi məlum olmayan ayrılığın tezliklə onların qəniminə çevriləcəyi faktının ağrı-acısını tək yox, eyni zamanda, aşiqanə hisslərin narahatçılığını vaxtilə yaşamış oxucu ilə bölüşmək istəyir. Qətiyyətlə deyə bilərik ki, şair bu məqsədinə nail olur və müraciət etdiyi şəxsin insan timsalında nədən belə bir hala düşdüyünü fakt olaraq oxucu qarşısına qoyur. Aydınlaşdırmağa çalışır ki, bu dəyişkənliyi yaradan səbəblər hansılardır? Cavab qısa və konkret, son dərəcə aydındır: - Cahillik, dini fanatizm, milli zülm və əsarət, doğma dilin qadağan edilməsi, yaxud ləhcə sayılması, milli təhsilin yoxluğu, elm və maarifin aşağı səviyyəsi, yaxud heç olmaması... Halbuki Savalan hətta qəzəllərində belə soydaşlarını elm və maarifi öyrənməyə, elin-ulusun, ana dilinin qədrini bilməyə, el üçün can yandırmağa, xalqın işinə faydalı, gərəkli olmağa səsləyir. O, insanın həyatda mütləq mənada özünü tapmasının, doğru-düzgün yaşamasının onun gələcək yolunu müəyyənləşdirməsində həlledici amilə çevriləcəyini bəyan edir:

Sən yurduna yan, yan elüvə, yanmalı vaxtdır,

Doğma dilüvə yansan əgər bisəmər olmaz.

Tut elini, tap özünü, sən yaşa düzgün,

Hər iş görəsən, bil ki, hədərsiz əsər olmaz.

Aç gözlərini, elmü-maarif çağıdır, bax,

İnsan tanınan kimsə belə bibəsər olmaz4

Ərəb ədəbiyyatında yaranan və klassik Şərq şeirində aparıcı mövqe tutan qəzəl janrı, şübhəsiz ki, Azərbaycan poeziyasında da ən çox işlənən lirik şeir forması olmuşdur. Ərəb-fars dillərini mükəmməl bilən və əruz vəzninin müxtəlif bəhrlərində şeirlər yazan Savalanın qəzəlləri isə daha çox ictimai-siyasi, fəlsəfi məzmunu ilə yadda qalır. İctimai məzmun onun qəzəllərində də aparıcı xətdir. Hakim Pəhləvi xanədanının məmurları tərəfindən xalqın başına gətirilən müsibətlər, milli zülm qəzəllərində də önə çəkilir.

Savalanın şeir və poemalarında məcazların, folklor nümunələrinin çoxluğu onun xalq ruhuna, soykökünə nə qədər bağlı olduğunun, şifahi xalq ədəbiyyatından yüksək sənətkarlıqla bəhrələndiyinin təzahürüdür. Şair yüksək bədii-poetik fikrin ən yığcam ifadə forması olan lakonik şeirlə-rini-bayatıları da əsl sənətkar məharətilə qələmə almışdır:


Əzizim, qara gözlər,

Baxırsan hara, gözlər?

Qolların sal boynuma,

Çatdıq ilqara, gözlər.

Və yaxud:

Firuzə üzük qaşı,

Göy daşdır üzük qaşı.

Kişidə qeyrət olsa,

Atmaz qohum-qardaşı.5
Bu bayatılarda, eləcə də lirik şeirlərində həyati-ictimai gerçəklik təcəssüm olunur. Şair həyati dəyərlərin və real hadisələrin, xalq ənənələrinin dolğun şəkildə inikasına çalışmışdır. O, yaxşı gündə də, çətin, ağır çağlarda da xalqının yanında olmağı bacaran, millətinin sevincinə sevinib kədərinə kədərlənməyi bacaran vətəndaş şair, vicdanlı ziyalıdır. Şair sənətkarlıqla qələmə aldığı qəzəllərində də onu düşündürən, narahat edən milli məsələləri, müşkülləri, xüsusilə ana dilinə qoyulan qadağaları qabardır, bu məhrumiyyətlərin çox çəkməyəcəyinə, zülm evinin nə vaxtsa bərbad olacağına, zalımların, zülmkarların qurduğu xanimanın öz başlarına uçacağına da inanır:

Daim yaşayış oldu bizə bir qara dustaq,

Əl-qol yerinə bəndə vurulduq dilimizdən.

Ancaq bilirəm, zülm evi odlanacaqdır,

Xəlq üsyanı, el ahı, bizim nisgilimizdən.6

Məhz bu səbəbdən “Savalanın şeirlərini xalqın həsrət və hicranının ədəbi səlnaməsinin çox oxunan səhifələri sırasına daxil etmək heç də yanlış olmazdı.” 7



Poemaları. Şair üçün ədəbiyyat bütün tarixi dövrlərdə xalqın yaşadığı gerçək həyatın, bu həyatda baş verən yeni keyfiyyət dəyişikliklərinin, onun duyğu və düşüncələrinin, başından keçən hadisə və olayların bədii inikasıdır. 1945-46-cı illər milli-azadlıq hərəkatının yatırılması, milli hökumətin məğlub edilməsi, inqilab fədailərinə divan tutulması onun yaddaşında tarixin qanlı səhifəsi kimi yazılmışdır. Savalan «Ana» poemasında məhz Milli Demokratik hökumət məğlub edildikdən sonra Cənubi Azərbaycanda baş verən hadisələri, canlı şahidi olduğu və ağrısını illər uzunu qəlbində yaşatdığı faciələrdən birini, qəhrəman ananın öz idealı uğrunda canını fəda etməsini qələmə almışdır.

«Dinlə, gəlin qayası» poemasının, adından da göründüyü kimi, mövzusunu Azərbaycanın xalq əfsanəsindən alsa da, şair əsərdə orijinal bir sevgi hekayəti qurmuş, qəhrəmanlarının simasında oxucusunu saf və əbədi məhəbbətin varlığına inandırmağa çalışmışdır. «Bahar bayramı» poemasında bütün yaradıcılığının baş mövzusu Vətən, ana dili, xalqının azadlıq, istiqlal duyğularının tərənnümü olan Savalan Azərbaycan xalqının qədim adət-ənənələrinə, tarixən yurdumuzda xüsusi məhəbbət və coşğunluqla qeyd olunan bahar bayramının özəlliklərindən və gözəlliklərindən bədii dilin qüdrətilə söz açmışdır. Min bir naxışlı, əlvan rəngli ana təbiətin ecazkarlığından, gözəlliyindən söz açdığı poemada mövzunu yenə də ümummilli məsələlərin üstündə, ictimai məzmunda kökləyir. Haqqı söylədiyinə, həqiqəti yazdığına görə böyük Sabirə rəhmət oxuyur, ancaq bir xalq mahnısından iqtibas verərək “Sən deyən olmayıb hələ, Arxa su dolmayıb hələ, Köhnəlikdən çox şey durur, Rəngi də solmayıb hələ” yazır və oxucuya sətiraltı mənada çatdırır ki, Güney xalqı qolundakı buxovlardan hələ də qurtulmayıb, arzuladığı istiqlala qovuşmayıb. Anayasa- konstitusiya ana dilində təhsil hüququ versə də, Güney xalqı bu gün də bu haqq və hüquqdan məhrumdur:

Anayasa yazıb ki, biz

Doğma dildə dərs oxuyaq.

Doğrudan insan sayılıb,

Dilimizdə təməl qoyaq.8

XX əsrin II yarısında İranda, eyni zamanda Güney Azərbaycanda formalaşan ədəbiyyatda da bu meyllər daha aydın görünməkdə idi. Bu dövr ədəbiyyatında bir sıra maraqlı və mürəkkəb proseslər baş verirdi. Məhz bu dövrdə yazıçı və şairlər xalq həyatına üz tutur, öz əsərlərində xalqın tarixi keçmişinə, yaşantılarına, əsrlərin sınağından keçərək mövcudluğunu qoruyub saxlamış ağız ədəbiyyatına, folklor qaynaqlarına müraciət edirdilər. Şifahi xalq yaradıcılığı, əfsanə və rəvayətlər, xalq mahnılarının motivləri əsasında yaranan əsərlərdən biri də Savalanın «Apardı sellər Saranı» poemasıdır. Şair bu məşhur poemanı hələ 1978-79-cu illər İslam inqilabından əvvəl, 1966-cı ildə yazmışdı. Lakin o, poemanı 12 il nəşr etdirə bilmir. Səbəb isə aydın idi: Əsərdəki milli-ictimai motivlər, xalq ruhunun inikası və ən başlıcası, Azərbaycan dilində qələmə alınması... Savalanın döymədiyi nəşriyyat qapısı qalmır, əsəri heç olmasa folklor nümunəsi kimi çap etdirmək istəyir, lakin heç bir naşir bu məsuliyyəti boynuna götürmür. Poemanın üçüncü çapına Gəncəli Səbahinin yazdığı ön sözdən məlum olur ki, «Apardı sellər Saranı» Savalanın 1967-cı ildən qabaq yazdığı üçüncü poemasıdır. Onlardan biri mövzusunu Azərbaycan xalq əfsanəsindən aldığı «Dinlə, gəlin qayası», digəri isə Milli hökumətin fədailərindən olan, öz idealı uğrunda canından keçən bir ananın parlaq obrazını yaratdığı «Ana» poemalarıdır ki, onların da çapı gerçəkləşməmişdi. Çünki 1947-1978-ci illərdə İranda və Güney Azərbaycanda Azərbaycan dilində kitab, qəzet, jurnal nəşri, uşaq bağçası və məktəblərdə bu dilin tədrisi qadağan idi. Və həmin tarixi mərhələdə «Fars dilinin İranın qeyri-fars əhalisi arasında yayılmasına aid şahın özünün xüsusi göstərişləri mövcud idi. Hələ 1958-ci ildə hökumət kabinəsi üzvlərinin iclaslarının birində İran şahı maarif nazirinə müraciətində ona belə bir göstəriş vermişdi: - Elə et ki, fars dili uşaq bağçalarında, məktəblərdə və mətbuat orqanları vasitəsilə yayılaraq bir müddətdən sonra xalqın adət və vərdişinə çevrilsin və onlar tədricən öz ana dillərini unutsunlar».9 Savalanın əli hər yerdən üzülür, çıxış yolu tapmaq üçün türkoloq-alim, şair Həmid Nitqiyə müraciət edir. Əsəri oxuyub redaktə edən doktor H.Nitqi «Ruzən» nəşriyyatının sahibi İbrahim Gülüstana yazır: ”Öz türkcəmizdə son illər bu gözəllikdə əsər oxumamışam. Hər necə olursa-olsun çap elə”. Və məsləhət görür ki, əsər fars dilinə tərcümə edilsin və hər iki dildə çap olunsun.

Şair poemanı fars dilinə çevirir, lakin yenə də nəşrinə nail ola bilmir. Yalnız 1978-79-cu illər İran İslam inqilabından sonra poema işıq üzü görür. Dövrünün tanınmış ictimai xadimi, həkim və şair Salamullah Cavidin “O günün həsrətilə” xatirələr kitabında bu hadisə ilə bağlı yazdıqları faktın təsdiqi kimi maraq doğurur: “İndi Azərbaycana və Azərbaycan dilinə qarşı şovinistlər tərəfındən fişar o qədər ağırdır ki, hətta Riza şah dövründə də belə olmamışdı. Dövlət tərəfındən Azərbay-canla bağlı nə kiçik, nə də böyük yazıların nəşrinə icazə verilmir. Dörd illik zəhmətdən sonra fars dilində hazırladığım "Nümunehaye folklore Azərbaycan" kitabının 2-ci cildini mətbəədə ona görə müsadirə etdilər ki, üzərində Azərbaycan sözü var. Gəncəli Səbahinin "Qartal" kitabının nəşrinə mane oldular. Həsən Məcidzadənin "Apardı sellər Saranı" kitabının farscaya çevrilməsinə baxmayaraq çapına yol vermədilər. Azəri dilində nəşrlərə imkan verilmir. Zahirdə "İdareye negareş" adlanan, həqiqətdə "Sazemane Əmniyyət"in senzurası olan idarə Azərbaycan dilində bir cümlənin belə çapına imkan vermir. "Vaqeye bərcəste-ye tarixe məşrute-ye İran" kitabının müqəddiməsinə yazdığım "yonca yeyib, məşrutə almışıq" cümləsinin də çap olunmasına icazə verilmədi.”10

«Apardı sellər Saranı» poemasının əsas məziyyətlərindən biri və ən başlıcası əsərin doğma dildə, Azərbaycan türkcəsində yazılması, güclü, sarslmaz milli ruha malik olması idi. Xalqımızın şanlı-şövkətli keçmişinin, milli mədəniyyətinin, çoxəsrlik zəngin ədəbi irsinin, milli-mənəvi sərvətlərinin inkar edilərək dilinin unutdurulduğu bir dövrdə bu səpkili əsərlərin araya-ərsəyə gətirilməsi böyük önəm daşıyırdı.

Savalan sələflərinin yaratdığı ənənəyə sadiqlik göstərərək Azərbaycan adlı qədim diyarın, Azərbaycan xalqının bədxahlarına poemada bir daha göstərirdi:

Azərbaycan! Sənin ucadır başın,

Tarixlə bərabər başlanıb yaşın,

Keçmişdən söz açır hər dağın, daşın

Çox sayın tarixə malik torpağın

Hər dərən, hər düzün, hər çayın, bağın.
On min ildən qabaq səndə yurd salan,

Hər bir çətinliyə qələbə çalan

İgid ellər olmuş qoynunda qalan

Alovlar ölkəsi tanırlar səni.

Ey igidlər yurdu, ərlər məskəni.11

Epik və lirik poemanın məziyyətlərini özündə təcəssüm etdirən əsərdə şair Azərbaycan xalqının tarixi kimliyini, şərəfli bir inkişaf, tərəqqi yolu keçdiyini bir daha xatırladaraq, ana yurdun füsunkarlığını, əsrarəngiz gözəlliklərini vəsf edir, iki sevən gəncin bədbəxtliyinə səbəb olan, atanı balasından edərək ocağını söndürən zalım, qəddar, yadelli hakim obrazı yaratmaqla yaşadığı dövrün eybəcərliklərini, insanlar arasındakı ayrı-seçkiliyi, qeyri-bərabərliyi, zalımın məzlumu əzmək, hüquqlarını boğmaq, tapdalamaq hərsliyinin bədii poetik təsvirini vermişdir. Savalan fars şovinizminin Domokl qılıncı tək Güney Azərbaycan türklərinin başı üstündə asıldığı çətin bir şəraitdə qədim xalq əfsanəsini doğma türkcədə, ancaq öz fikir və düşüncə ampulasında qələmə alaraq çağımızla əfsanənin yarandığı dövrün müqayisəsini aparır. Oxucuya anladır ki, Hakimlər üçün bu gün də heç nə dəyişilməyib, həyat da, qanunlar da onların-“güclülərin”, cahil hakimiyyət məmurlarının diktəsilə idarə olunur, məhkum insanların, məzlumla-rın, xalqın taleyi onların əlindədir...

Əsər «Xan çoban və Sara» qədim xalq əfsanəsinin və bu əfsanənin mahiyyətini özündə yaşadan «Apardı sellər Saranı» xalq mahnısının motivləri əsasında yaradıcı şəkildə qələmə alınmışdır. Əməkçi insanların, sevgisində, eşqində pak və son nəfəsədək sədaqətli olan sadə zəhmət adamlarının parlaq obrazları əsərə xüsusi təravət və oxunaqlılıq verir. Bu insanların qurduqları ailə - öz balaca dünyaları saf, təmiz, ləkəsiz, fərəhlidir.

Muğanın bağ-bağatlı, min bir toy-büsatlı Araza yaxın kəndlərinin birində gənc rəncbər Soltanla Gülnar da bir-birini qəlbən sevərək təməli mehribanlıq, sevgi və sədaqətdən yoğrulmuş bir dünya qururlar. Gənc ailənin yeganə həsrəti tezliklə sevgilərinin meyvəsini dadmaq, övlad sahibi olmaq idi. Onları Tanrı bu diləklərinə də qovuşdurur. Həsrət yolu qısalır, ailədə qaragöz, qarasaç, ceyrana bənzər bir qız dünyaya gəlir. Elin adətinə görə, yaxın-uzaq qohumlar, dost və tanışlar, Muğanın igidləri yığışaraq sevgililərə gözaydınlığı verir, adqoyma mərasimi keçirirlər. Körpəyə Sara adını verirlər. Ata-ana, mərasim iştirakçıları «ay-aybəniz» mənasını verən bu adı qoymaqla qızın böyüyüb göylər gəlini kimi gözəl olmasını, ay tək işıq saçmasını arzulayırlar. Körpə Sara ailəyə sonsuz sevinc, səadət gətirir. Lakin gənc ailənin xoşbəxtliyi uzun sürmür. Gülnar təzəcə ayaq açan balasına doyunca analıq etməmiş xəstələnərək ölüm yatağına düşür. Əbədi ayrılıq məqamının tale qapısını çox çox tez döydüyünü anlayan geniş ürəkli, həssas gənc ana sevimli həyat yoldaşını yanına çağıraraq vəsiyyətini edir. Sarasına həm ata, həm də ana olmasını, körpə uşaqla əziyyət çəkməsin deyə təkrar evlənməsini tapşırır və həmin qadının da qızına doğmalıqla yanaşmasını arzulayaraq gözlərini əbədi yumur. Əsərdə şair bu məqamda qəhrəmanlarının-Gülnarla Soltanın mənəvi-əxlaqi gözəlliklərini, nəcib insani keyfiyətlərini, mənsub olduqları bütöv bir xalqa məxsus milli psixologiyanın dərinliyinə diqqəti yönəldir.

Sevgilisindən ayrılıq Soltanı bərk sarsıdır, qəddini əyir. Bütün məhəbbətini, mehrini onun əmanətinə, bircə balasına salır, ona həm ata, həm də ana olur. Həsrətlə böyüməsini, toy edib gəlin köçürəcəyi, vəfalı qadınına verdiyi sözün gerçəkləşəcəyi günü gözləyir. Hər gün Saranı kürəyinə alıb çölə işləməyə gedir. Muğan çölündə qır çiçəklərinin, otların və güllərin qoynu Saranın yatağı, balalı ceyran isə süd anası olur. Beləcə, gül-çiçək qoxusunun, ot ətrinin, böcək nəğməsinin içində böyüyür, ceyran südü, saf bulaq suyu içir. Nəhayət, qızlar bulağından da su içib yetkinləşən Sara ceyran kimi bir qız, qənirsiz gözəl olur. Epik-lirik poemanın ünsürlərini özündə birləşdirən bu əsərdə Savalan baş qəhrəmanlarla yanaşı, orijinal yeni bir obraz da canlandırıb - min bir naxışlı, cilvəli, füsunkar Azərbaycan təbiətinin obrazını... Saranın böyüyüb boya-başa çatmasında əvəzsiz rol oynayan Ana təbiət, onun hər bir bucağı, naz-neməti qızcığaza simsar, arxa-dayaq olur:

Saraya ən gözəl güllər yar idi,

Şirin su durnagöz bulaqlar idi,

Eşqilə oxuyan bülbül, sar idi,

O, ilham alırdı azad çöllərdən,

Bağlarda güllərdən, çayda sellərdən.12


Şair bədii sözün qüdrətilə oxucunun nəzər-diqqətinə çatdırır ki, Ana yurdun əsrarəngiz gözəllikləri içərisində böyüyən, söz qanan, söz anlayan, dərdə qalan, həssas bir qız olan Sara füsunkarlığı ilə sanki təbiətin qoynunda Muğan gülü, Muğan çiçəyi kimi doğdu. Günəş, ay, ulduzlar belə onun gözəlliyinə qibtə etdilər, eşqindən alışıb-yandılar. Savalan qızın gözəlliyini orijinal bədii təşbeh, bənzətmə və mübaliğələrin vasitəsilə sevə-sevə tərənnüm edir:

Qaraqaşlı, iri qara göz oldu,

İstəkli, anlayan, şirin söz oldu.

Onun vurğunu dağ, dərə, düz oldu

Dağlar arxasından ay boylanarkən,

Baxdı, məftun olub söylədi: --Əhsən!13


Eşqindən odlanıb-yananlar, onu dəlicəsinə sevənlər çox olsa da, ağıllı, əməksevər, həssas təbiətli Sara Muğanın Xan Çobanına könül verir. Onların saf məhəbbətinə şahidlik edən ana təbiət də sanki bu ilişgidən sevinir. Savalan bu məqamda Azərbaycan xalqının əsrlərin sınağından çıxaraq çağımızadək gəlib çatmış qədim bir adətini də qabardır. Adətə görə, bir gözəli «çox igid sevəndə, qız onlardan birinə könül verirdisə, digər cavanlar nəinki kin bəsləməz, əksinə xoşbəxt igidi təbrik edər»,- dostlaşardılar:

Adəti belədir o gözəl yerin,

İgidlər bir qızdan sevgisin umar,

Qız ki birin sevdi, hamı göz yumar.14

Nişan mərasimi qurulur. Muğanın igidləri, qız-gəlinləri, ağsaqqal və ağbirçəkləri yığışıb gəlirlər. Sara Xan Çobana adaxlanır və mərasim böyük el şənliyinə çevrilir. Xan çoban yaylağa getməli olduğundan toy şənliyi nişanlının yaylaqdan qayıtmasından sonrakı zamana təyin olunur. Soltan özünü dünyanın xoşbəxti sanır. Çünki Sara atasına təkcə qız yox, həm oğul, həm də arxa-dayaq, yaxın köməkçi idi.

Sara atası ilə bərabər hər gün tarlaya gedir, bütün çöl işlərində ona yaxından kömək edirdi. Muğanın parlaq ulduzu qənirsiz gözəlliyi ilə hər kəsi heyran etdiyi kimi, əməksevərliyi, işgüzarlığı ilə də el-obanın böyük məhəbbətini qazanmışdı.

Belə xoşbəxt, qayğısız günlərdən birində Muğana basqın edən yadelli Hakim, işğalçı qəsbkar yorulub Arazda əl-üzünü yumaqda olan Saranı görür. Soyğunçuluq və talandan usanmayan yadelli çapqın hərisliklə Saranı da ovlamaq qərarına gəlir. Ataya qızıl, gümüş, var-dövlət, təminatlı həyat vəd edərək Saranı ondan almaq istəyir. Soltan qızın sözlüsü olduğunu, kişinin verdiyi sözünü tutmasını bir qeyrət, namus məsələsi olduğunu Hakimin diqqətinə çatdırır. Lakin azğın işğalçı razılaşmır və qıza zorla sahiblənmək istəyir. Hakimin əmri ilə atanın gözü qarşısında silahlılar Saranın qollarını bağlayırlar. Çarəsiz Soltan ani bir qərara gəlir və qızı ilə son dəfə görüşmək, vidalaşmaq istədiyini bildirir. Ata-bala qucaqlaşırlar, gizli bir razılığa gəlir. Ailəsinin, qızının şərəf və namusunu qorumaq, özünün kişilik qürurunu alçaltmamaq, Xan Çobana verdiyi sözə xilaf çıxmamaq naminə xilas yolunu ciyərparəsini Arazın sularında qərq etməkdə görür. Qərar verilmiş, vəfalı Sara da sevib könül verdiyi igiddən ayrılmaqdansa ölümü üstün sayır. Zavallı ata qızını qolları üstünə alaraq «Araz, tut!» deyərək azğın sulara təslim edir. Yadelli fatehin qoşunu çaşbaş qalır. Hakim isə bir müddət özünə gələ bilmir.

Savalanın yeni ədəbi dəyərlər prizmasından yanaşaraq yaratdığı təbiət obrazı ehtizaza gəlir. Bir ailənin ocağının sönməsinə, bədbəxtliyinə, atanın fəlakətinə, azğın bəşər övladının məzlum Soltana, Saraya və Xan Çobana etdiyi zülmə qarşı üsyan edir, buludlar toqquşur, ildırımlar çaxır, sellər-sular şaqqıldayır. Çoşğun dalğalar gözəl Saranı qoynuna alır. Təbiətin qəflətən coşaraq lərzəyə gəlməsi, Arazın qızı bağrına basması dünyanın sərvətindən, var-dövlətindən məhəbbət və ləyaqəti, şərəf və namusu üstün, müqəddəs tutan iki namus mücəssəməsini izzəti-nəfsinin alçaldılmasından qoruyur. Savalan poemanı xalqın yaratdığı varianta uyğun bir sonluqla bitirir. El-obanın qız-gəlinləri Sara üçün yas tuturlar. Soltanın halına ağlaya-ağlaya qəlbi dağlara, əsən yellərə üz tutaraq hüznlü, qəmli şərqilər oxuyurlar:

Saramızı ayırdılar,

Bizi qəmlə doyurdular.

Hər yetəni soyurdular,

Apardı sellər Caranı

O qara telli balanı.15

Savalanın «Apardı sellər Saranı» poemasında həsrət və ayrılığın nə qədər dözülməz, ağır və çətin olduğunu oxucu dərindən dərk edir. Çünki şair “bir ailənin faciəsini tarix boyu bir-birini əvəz edən qanlı işğalçı müharibələri, talan və vəhşilikləri nəticəsində Vətənə üz verən fəlakət kimi mənalandırmışdır. Zəhmətkeş insana xas olan əxlaqi gözəllik elin heç bir zaman əhəmiyyətini itirməyəcək adət-ənənələri vətərpərvərlik, əməksevərlik kimi mənəvi keyfiyyətlər əsərdə həm alimanə, həm də şairanə ifadəsini tanmışdır.”16

Əlbəttə, Savalan öz qəhrəmanlarında gördüyü gözəl əxlaqi cəhətləri, xarakter cizgiləri əsil-kökünə, tarixi kimliyinə sıx bağlı olan xalqa məxsus mənəvi keyfiyyətlər kimi qiymətləndirir. Və bu poemadan da göründüyü kimi, şairin vətəndaşlıq mövqeyi, el-obaya, bağrından qopduğu xalqa sədaqətli övlad məhəbbətinin təzahürüdür. Onun yaratdığı bədii qəhrəmanlar - Gülnar, Soltan, Sara, Xan Çoban əsil-nəcabətinə, soykökünə, Ana Vətənə sadiq insanlar, vətəndaşlardır.

Savalanın «Bahar bayramı» poeması da dövrünün ictimai ruhunun bədii dərkini özündə ehtiva edir. Poemada utopik əhvali-ruhiyyə yoxdur, təbii, bəlkə də oxucuların əksəriyyəti müəllifin çətin şəraitdə azad mühitdən yazmasını və azadlığı arzulamasını yalnız arzu, xoş bir xəyal kimi başa düşə bilər, amma şairin nəzərində oxucunun gəldiyi qənaət heç də gerçək məqam kimi təzahür edə bilməz. Çünki o dövr şairlərinin hər biri mübarizə ruhunun sonda inqilabla nətcələndiyini öz gözləri ilə görmüşlər. Ona görə də Cənubda yaşayıb-yaratmış bütün şairlərin qələm nümunələri gerçək həyatın ən çətin məqamlarını inandırıcı şəkildə, aydın əks etdirmişlər.

«Bahar bayramı» poemasında Savalanın sənətkarlıq məharəti bir daha özünü göstərir. Metaforik xüsusiyyətlərin qabarıqlığı ilə seçilən əsərdə bədii təsvir vasitələrindən, xüsusilə məcazlardan, müdrik kəlamlardan, atalar sözlərindən də yerli-yerində istifadə olunması fikrin daha təsirli ifadəsinə xidmət edir:

Qızıl günəş işıq salıb,

Min çiçəklə gəlib bahar.

Atalardan bir söz qalıb:

«Hər gecənin gündüzü var».

Və yaxud:

Atalar da böylə deyib:

«Yaxşıdan yaxşılıq törər».

Sən elləri ağırlasan,

Öz elin də hörmət görər.17

Şairin “Dinlə, Gəlin qayası” və «Apardı sellər Saranı» poemalarında folklor incilərinin meyar və ölçülərini müəyyən etməkdə oxucu çətinlik çəkmir.

Savalan və qələmdaşları dərindən dərk edirdilər ki, Güney Azərbaycan ədəbiyyatının güclənməsi orada milli-intellektual şüurun güclənməsinə ciddi təkan verəcək, istiqlala qovuşmaq arzusuna xalq bir az daha yaxınlaşacaqdır.

Dilini, elini, dinini sevən, bu müqəddəsliklərin dəyərini, qədrini bilən və qələmilə onların keşiyində duran Savalan yaratdığı zəif və ya güclü əsərlərində xalq ədəbiyyatına, folklora, əfsanə və rəvayətlərə müraciət etməklə göstərir ki, onun qəlbi yüksək bədii, həm də çox mühüm tarixi, ictimai-siyasi əhəmiyyəti olan Azərbaycan xalq yaradıcılığına məhəbbətlə boyaboy doludur. Bu məhəbbətin diqtəsilə Həsən Məcidzadə Savalan “Apardı sellər Saranı”, “Divani-həbibi”, “Əliağa Vahidin divanı”, “Türk mahnıları (İki cilddə)” kitablarını araya-ərsəyə gətirmiş, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərini müasir əlifbaya çevirmiş,  “Nəhcül-bəlağə”ni isə müasir əlifba ilə yığaraq tərtibatını vermişdir.

ƏDƏBİYYAT:

1.Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c., Bakı, 1988.

2. Məcidzadə Həsən (Savalan). Apardı sellər Saranı, Tehran. 1359.

3.Cəfərov M. Var olsun məhəbbət, «Azərbaycan müəllimi» qəz., 17 mart 1982.

4. Cəfər Xəndan. Uğur yolu, Azərbaycan Dövlət Nəşriyyatı, B., 1987.

5.Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. Güney Azərbaycan», B, 2000.

6.Güney Azərbaycan Ədəbiyyatı internet saytı.

7.Salamullah Cavid. O günün həsrətilə (xatirələr kitabı), Bakı, 2002.

8.S.Əmirov. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər), B.,

“Elm”, 2000.

9.Nəbi Xəzri. Sərhədlərin o tayında... Bakı: “Azərnəşr”, 1987, 254s., s.50-55.




1 Nəbi Xəzri. Sərhədlərin o tayında... Bakı: “Azərnəşr”, 1987, 254s., s.50-55.

2Güney Azərbaycan Ədəbiyyatı internet saytı.

3 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c., Bakı, 1988, s.185.

4 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c., Bakı, 1988, s.187.

5 Yenə orada, s.187.

6 Yenə orada, s.185.

7S.Əmirov. Cənubi Azərbaycan milli-demokratik ədəbiyyatı (1941-1990-cı illər), B.,

“Elm”, 2000, s.168.



8 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c., Bakı, 1988, s.187.

9 Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. Güney Azərbaycan», B, 2000. s.324.

10 Salamullah Cavid. O günün həsrətilə (xatirələr kitabı), Bakı, 2002.

11. Məcidzadə Həsən (Savalan). Apardı sellər Saranı, Tehran. 1359, s.13.



11


12 Məcidzadə Həsən (Savalan). Apardı sellər Saranı, Tehran. 1359, s.14.

13 Yenə orada, s.16.

14 Yenə orada, s.16.

15 Yenə orada, s.20.

16 Cəfərov M. Var olsun məhəbbət, «Azərbaycan müəllimi» qəz., 17 mart 1982.

17 Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası. II c., Bakı, 1978. s.186.




Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə