Həftənin sonuna yaxın quzğunlar, pəncərələrin dəmir qəfəslərini söküb prezident



Yüklə 5.02 Kb.
Pdf просмотр
səhifə1/28
tarix29.05.2017
ölçüsü5.02 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   28

 

  
                                                 
 
(roman)  
Tərcümə: A.Məsud  
Həftənin  sonuna  yaxın  quzğunlar,  pəncərələrin  dəmir  qəfəslərini  söküb  prezident 
sarayına doluşdular, qanadlarını çırpa-çırpa, saray otaqlarının uzun müddətdən bəri 
dəyişilməyən kifsəmiş havasını çalxaladılar və öz çürük əzəməti ilə bir əsrlik ölüm 
yuxusuna getmiş şəhər, bazar ertəsinin ala-toranında nəhayət ki, yuxudan ayıldı... 
biz,  yalnız  bundan  sonra  içəri  girməyə  ürək  elədik  və  artıq,  nə  bəzi  qoçaqların 
dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o birilərin düşündüyü kimi, 
giriş  qapılarını  öküz  qoşqularıyla  dağıdıb-sökməyə  ehtiyac  olmadı,  bir  vaxtlar 
Uilyam  Deymperin  gürzlərinə  şərəflə  davam  gətirən  binanın  qapıları,  yüngülcə 
toxunmaqla öz-özünə açıldı və biz, ötüb keçən əsrə qədəm qoyduq, sakitliyinin özü 
belə köhnə və kövrək olan, içindəki əşyalarıyla bir bu kövrəkliyin və ilğımın içində 
dumanlanan  bu  qəsrin  xarabalıqlarında  az  qala  boğulduq;  döşəməsi,  az  qala 
buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə 
biz,  saray  qarovulunun,  qəfil  düşən  qovhaqovdan,  tələm-tələsik  ora-bura  atıb 
qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın 
niməçələrdə  çürüyən  artıqlarını, bir  vaxt  dəftərxana  yerləşən  yarıqaranlıq  tikilini, 
bu tikilinin divarlarını basmış rənbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri 
yaddan  çıxdığından,  gedişatı  məzmunsuz  həyatın  özündən  də  uzun  çəkən,  lakin 
baxılmadığından, qovluqlarının araları araları mamır bağlayan şəxsi işləri, qüllələri 
az qala buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç 
suyuna  çəkildiyi  iri  çəni,  həyətin  lap  qurtaracağında  vitse-kralın  anbarı  kimi 
işlədilən  tövləni,  orda  güvə  dumanı  içində  qaralan  Böyük  Qalmaqal  dövrünün 
karetini,  Taun  dövrlərindən  qalan  üstübağlı  faytonu  və  Dünyanın  Birinci  Əsrinin 
əfsanəvi  limuzinini  gördük;  bunların  hamısı  yaxşı  vəziyyətdəydi,  hər  biri  milli 
bayraq  rəngində  rənglənmiş  halda,  qalın  tozun  və  hörümçək  torlarının  altında 
bozarmaqlarına  davam  edirdilər;  o  biri  həyətdə  isə,  dəmir  çəpərin  o  biri  üzündə, 
sanki  ay  tozundan  tökülmüş  gümüşü  rəngli  qızılgüllər  açmışdı;  bir  vaxtlar  bu 
güllərin kölgəsində cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən, 
bu  əfsanəfi  gül  kolları  çoxalıb  az  qala  bütün  həyəti  bürümüşdü  və  bu  səbəbdən, 
havadan  da  qızılgül  ətri  gəlirdi…  bu  ətrə,  bağın  dərinliyindən  yayılan  digər 
üfunətli  iylər  də  –  toyuq  hininin,  mal  təzəyinin,  qatı  əsgər  sidiyinin  iyləri 
qarışmışdı;  biz  qızılgül  kollarının  boğanağından  keçib,  içinə  qərənfil,  ətirli  astra, 
inciçiçəyi  basdırılmış  dibçəklərlə  dolu  tacşəkilli  artırmaya  çıxdıq;  bura  onun, 
qadınlarıyla  əyləndiyi  yer  idi,  üst-üstə  qalanmış  qarmaqarışıq  tullantılardan, 
müxtəlif növ  zir-zibildən  və  saysız-hesabsız  tikiş  maşınlarından təxminən bilmək 
olurdu ki, bu barakda nə qədər qadın və nə qədər, bəlkə də azı minəcən vaxtından 
tez  doğulan  uşaqlar  yaşayıb;  biz  həmçinin,  çoxdannan  bəri  işlənməyən  kimsəsiz 
mətbəxlərdəki  iyrəncliyi  -  ləyənlərdə  qalıb  iylənmiş  yaş  camaşırı,  kişilər  və 
qadınlar  üçün  genişləndirilmiş  ümumi  ayaqyolunu,  bir  vaxtlar  Kiçik  Asiyanın 
torpağında  bitib  göyərən,  həmin  torpaqla  da  doldurulub  nəhəng  çəlləklərdə 
gətirilmiş,  yarpaqlarının  üstü  sanki  narın  şeh  bağlamış  vavilon  söyüdlərini  də 
gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir qəfəsləriylə bir 

kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli 
evi  ucalırdı;  bizə,  qapıları  sındırmaq  lazım  olmadı,  onlar  elə  öz-özünə,  elə  bil 
səsimizin  gücünə  açıldılar  və  biz,  daş  pillələrə  salınmış,  inək  dırnağı  altında 
tapdanıb  eybəcər  kökə  düşən  təmtəraqlı,  teatral  xalçaların  üzəriylə  qalxaraq, 
binanın əsas mərtəbəsinə daxil olduq, birinci artırmadan axıracan – mərtəbənin lap 
qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş çəkdik, xidməti yerlərdən 
saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə, üzləri heç nə ifadə eləməyən 
inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel sınıqları 
arasında  saralan  müqəddəs  ikonaları  və  sərkərdələrin  portretlərini  tapdalaya-
tapdalaya,  kresloların  ipək  üzlüklərini  isladır,  zəhlətökən  moultularla  moulaya-
mouldaya  qonaq  otağında,  konsert  zalında  ağa  kimi  gəzişirdilər;  hər  yer  inəklə 
dolu  idi…  biz,  sınıq  domino  və  bilyard  stollarını,  üstləri,  inəklərin  sanki  indicə 
otlayıb  yalın  qoyduqları  yamyaşıl  çəməni  xatırladan  açıq  yaşıl  rəngli  mahudu, 
künclərin birində, öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini 
unutdurmaq  üçün  işlədilən  küləklər  maşınını  -  dəniz  küləyinin  səsini  çıxaran 
əcayib qurğunu, bir də, hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş 
qəfəslərini gördük; saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki, qədəm 
qoyduğu  taleyüklü  bazar  ertəsinin  ciddiliyini  dərk  eləməyən  nəhəng  əjdaha 
görünürdü… şəhərdən sonra isə, bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indi isə 
ay  külünə  bənzər  kələ-kötür  yarğanlar  və  vulkan  dəlikləri  açılan  ucsuz-bucaqsız 
çöllər  uzanırdı;  onun  gizli  iş  otağından  isə,  bizlərdən  yalnız  bəzilərinin,  hələ  bu 
hadisədən  bir  qədər  əvvəl  ürəklənib  daxil  olduğu  yerdən  üfunətli  çürüntü  və 
cəmdək iyindən boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz, bu üfunətli 
qoxunun iziylə qartalların ardınca gedib, iclas zalına çıxdıq və orda da yenə həmin 
inəkləri - bu dəfə, zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin, 
zalın  nəhəng  güzgülərində  birə  on  artmış  ayrı-ayrı  əzalarını  gördük;  sonra  biz, 
onun iş otağına aparan gizli qapını - arxa qapını itələdik və orda nəhayət ki, onun 
özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan 
həmin  uzunboğaz  çəkmələrində  tapdıq;  o,  Yer  üzünün  bütün  canlılarından  qoca 
vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü 
balışa  basan  tək,  ovuclarına  basıb  gizlətmiş  vəziyyətdə,  döşəmədə  üzü  ütə 
uzanmışdı; olsun  ki, həmin  bu görkəmdə o, öz  qəddar  -kahin ömrünün neçə-neçə 
saysız-hesabsız,  bitib-tükənməz,  gecələrini  yatmışdı;  amma  biz  onu  kürəyi  üstə 
çevirib  üzünə  baxanda,  həmin  dəqiqə  başa  düşdük  ki,  onun  şəxsiyyətinin  təsdiq 
edilməsi,  təkcə,  saraya  doluşan  quzğunların,  onun  üzünü  dimdikləyib  tanınmaz 
hala  saldığı  üçün  yox,  həm  də  sağlığında  heç  birimiz  bu  üzü  əməlli-başlı 
görmədiyimiz səbəbindən baş tutan məsələdeyil və hərçənd ki, onun, əjdaha şəkilli 
bayraqla  təsvir  olunmuş,  cansız  əlini  sinəsinə  bərk-bərk  sıxdığı,  qızılı  çərçivəli, 
litoqrafik  portreti  hər  saat,  hər  dəqiqə  hamının  gözləri  qarşısındaydı  və  profili 
dəmir  pulların  hər  iki  tərəfinə  döyülmüşdü,  poçt  markalarının,  qarınağrı 
dərmanlarının,  kəmər  və  sarğıların,  ipək pul kisəciklərinin  də  üzərinə  çəkilmişdi, 
biz  bilirdik  ki,  bütün  bu  əkslər  onun,  hələ  lap  uzaq  keçmişlərdən  bizim  günlərə 
gəlib çıxan keçmiş surətlərin sürətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; 
həmin  o  ildən  ki,  onun  kimliyi  və  görkəmi  barədə  bizim  valideynlər  öz  ata-
analarından, onlar da öz növbələrində, öz dədə-babalarından eşidib-öyrənmişdilər; 
biz  isə  lap  uşaq  yaşlarımızdan  onun  əbədi  olduğuna  və  əbədi  olaraq,  öz 
iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; biz bilirdik ki, kimsə, 
nə  vaxtsa  bayram  axşamı  onun,  iqamətgahın  çıraqlarını  yandırdığını,  kimisi, 
prezident  karetinin  qaranlığından  baxan  kədərli  gözlərini,  qanı  qaçmış  solğun 
dodaqlarını,  karet  pəncərəsinin,  kahin  cübbəsi  kimi  gümüşü  saplardan  hörülmüş 

pərdəsi  altından  kimsəsiz  küçələrə  xeyir-dua  verən  yuxulu  əlini  görmüşdü;  biz 
onun  sağ  və  salamat  olduğunu,  bir  neçə  il  bundan  əvvəl,  unudulmuş  şair  Ruben 
Darionun  şerlərini  küçənin  ortasında  beş  sentə  ucadan  oxuduğuna  görə  tutulan, 
sonradan,  həmin  o  poeziya  tədbirinə  görə  dəmir  pulla  mükafatlandırılıb  azadlığa 
buraxılan,  gözləri  kor  bir  tüfeylidən  də  öyrənib  bilmişdik;  o  bədbəxt,  həmin  o 
məlum  səbəbdən  generalın  üzünü  görə  bilməmişdi,  gözləri  görsəydi  belə,  onu 
onsuz da o səbəbdən görə bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana 
onun üzünü, Yer üzünün bir canlısı görməmişdi; amma, biz bilirdik ki, o sağdı, Yer 
kürəsi də, məhz buna görə hələ ki, hərlənir, həyat davam edir, poçt işləyir, nəfəsli 
bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas meydanının tozlu palmaları və 
kədərli  fənərləri  altında  gic-gic  valslar  çalır,  yeni,  gənc  musiqiçilər,  qocalıb 
ölənlərin yerini tutur və hətta son illər, onun hakimiyyət qəsrindən artıq insan səsi, 
mahnı,  ya  quş  səsi  eşidilməyəndə,  saray  hasarının  zirehli  darvazaları  daha 
açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın, bir vaxt dənizə 
açılan dəyirmi pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala 
divarlarının o üzündən, at ayaqlarının və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir 
dəfə  isə  yanvar  ayında  biz,  prezident  sarayının  artırmalı  eyvanında  qürubu  seyr 
edən  inəyi  də  görmüşdük;  siz  bir  təsəvvür  edin,  ana  Vətənin  fəxri  eyvanında 
inək!?..  Biabırçılıq!..  Belə  ölkəyə  nə  deyəsən?!..  Bunu  görəndə  hamımız  çaşıb 
qaldıq:  prezident  sarayının  eyvanı  hara,  inək  hara?..  Yəni  sarayda  inək  var?.. 
Yoxsa  inkələr  sarayın  içi  ilə,  pilləkənlər  boyu,  xalçalar  döşənmiş  saray  pillələri 
boyu özləri üçün rahat-rahat gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, 
axırda  heç  biz  özümüz  də  bilmədik  nə  baş  verdi:  bu  lənətəgəlmiş  inəyi  biz 
prezident  sarayının  eyvanında  gördük,  yoxsa  bu  fağır  heyvan  bizim  gözümüzə 
Armas  meydanında  görünmüşdü?!.  Axı  bu  eyvanda,  yaxınlıqdakı  kəndçi 
xəstəxanasının  məhəccərlərində  mürgüləməkdən  bezib  həmin  o  həlledici  cümə 
gününün  ala-toranında  hücum  çəkib  sarayın  pəncərələrini  dağıdan  qartallardan 
savayı,  çoxdannan  bəriydi  ki,  bir  canlı  belə  görünməmişdi?!..  Həmin  o  gün 
qartallardan sonra, bir vaxt dənizin, indi isə qatı toz dumanının yırğalandığı uzaq 
üfüqdən,  bir-birinin  ardınca  qatar-qatar  ayrı  quşlar  da  uçub  gəlmişdi  və  quşların, 
qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən, qartal dəstəsi bütün günü 
iqamətgahın  başına  dövrə  vurmuşdu,  sonra  çilik-çilik  olan  şüşələrin  səsi, 
möhtəşəm  meyidin  iyi  gəlmişdi  və  qartallar  o  yan-bu  yana  uça-uça  insan  nəfəsi 
gəlməyən bu kimsəsiz evin pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi 
biz də ürəklənib içəri girdik, bomboş iqamətgahın, ötüb keçib, artıq uzaq keçmişdə 
qalan zəngin həyatının tör-töküntüsünü, onun, qartalların didişdirib tanınmaz hala 
saldığı meyidini, incə qadın əllərini gördük; dövlət möhürü olan üzüyü onda onun 
sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də qollarında və 
qasığında  qəribə,  xırda  səpkilər  gözə  dəyirdi,  qurşağında,  qartalların  niyəsə 
toxunmadığı  nəhəng  qarnını  saxlayan  brezent  qayışın  toqqası  fürülmüş  öküz 
böyrəyini xatırladırdı; biz onu hamılıqla birgə, öz gözlərimizlə gördüksə də, onun 
ölduyünə yenə o səbəbdən inana bilmədik ki, onun bu sayaq «ölüsünü» bir vaxtlar 
da, elə bu kabinetdəcə tapanlar çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, 
bir vaxtlar görücü-falçının suya baxıb dediyi kimi, deyəsən öz ölümü ilə – yuxuda 
ölmüşdü;  o  dövrlər  isə,  ömrünün  payızı  hələ  təzə-təzə  qədəm  qoymağına 
baxmayaraq,  o  özünü  öz  iş  otağında  o  səbəbdən  tam  təhlükəsiz  hiss  edirdi  ki,  o 
dövrlər ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də elə buna görə ölkəni də elə 
idarə eləyirdi, elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, öz 
ətraf  həyətləriylə  bir,  saraydan  çox,  eşşəklərin,  ağır  yüklərini  boşaltdığı, 
dəhlizləridən  -  içi  tərəvəz  və  toyuq  dolu  səbətlər  daşıyan  ayağıyalın  əsgərlərin 

arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə mürgü döyə-döyə, 
hökumətdən  mərhəmət  payı  uman  qadınlarının  arasından  keçilə  bilməyən  bazar 
meydanını  xatırladırdı;  burda  həm  də  onun,  gecədən  qalıb  soluxan  güllərini 
təzələyən  deyingən  aşnalarının,  saray  güldanlarından  yuxarıdan  aşağı  boşalan 
bulanıq sulardan vaxtında qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri 
yaş  əsgilərlə  silə-silə  cuşa  gələn  qadındarın  xatakar  məhəbbətdən  oxuduğu 
mahnılar, süpürgələrin taqqıltısına, döşəkçürüdən məmurların həyasız çığırtılarına 
qarışırdı;  məmurlar  yazı  stollarının  gözlərinə  doluşub  orda  altdan-altdan 
yumurtlayan səfeh toyuqları qova-qova öz aralarında söyüşürdülər; bu səsə ümumi 
ayaqyolundan  gələn  səslər,  quşların  qaqqıltısı  və  iclas  zalında  boğuşan  küçə 
itlərinin  səsi  qarışırdı;  bir  sözlə,  it  yiyəsini  tanımırdı  və  yüzlərlə  taybatay  açılan 
nəhəng  qapılarından  boylandıqca,  bu  vay-həşirdə,  bu  basabasda  nəyin  harda 
olduğu, kimin nəyi idarə elədiyi, kimin kim, nəyin nə olduğu bilinmirdi və bütün 
bu  vurhavurda,  bu  qarmaqarışıqlıqda  saray  sahibinin  şəxsən  özü  nəyinki  iştirak 
edirdi,  bütün  bu  məşəqqətin  baş  ilhamvericisi  və  təşkilatçısı  onun  özü  idi;  eə  ki, 
prezidentin  yataq  otağının  pəncərələrində  işıq  yanırdı  -  bu  işıq  isə  birinci  xoruz 
banından  çox-çox  qabaq  yanırdı,  səhərin  ala-toranında  prezident  qvardiyası 
şeypurunun  cır  səsi  eşidilməyə  başlayırdı;  Kondanın  yaxınlıqda  yerləşən 
kazarmaları isə həmin dəqiqə şeypurlara züy tutub, saraydan gələn bu siqnalı daha 
uzaqlara  -  San-Xeronimodakı  bazaya  sarı  ötürürdülər;  ordan  bu  səslər  liman 
qalasına  çatdırılırdı,  qalada  isə  bu  siqnalı  altı  taktla,  əvvəl  paytaxtın  sakinlərini, 
sonra  isə  bütün  ölkəni  oyada-oyada  dönə-dönə  təkrar  eləyirdilər;  ölkəni  yuxudan 
oyadan bu «oyanma» mərasimi uzandıqca, sarayın sahibi şəxsi ayaqyolunda oturub 
səhər düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan 
ötrü  ovuclarını  qulaqlarına  basır,  topaz  təki  tüstü  rəngli  boz  dənizin  dalğalarıyla 
üzən  gəmilərin  işıqlarına  baxır,  sonra  gün  ərzində  nə  qədər  süd  sağıldığını 
yoxlamaq,  südün  paylanmasına  nəzarət  eləmək  üçün  fermaya  yollanırdı;  sağılan 
südün  hamısını  prezident  kareti  ilə  şəhərin  kazarmalarına  daşıtdırdıqdan  sonra 
əlavə  sağılan  südün  həcmini  yoxlamaqla  prezident  şəxsən  özü  məşğul  olurdu; 
əslində  o,  südün  paylanması  məsələsinə,  hələ  sarayda  məskən  saldığı  ilk  gündən 
nəzarət etməyə başlamışdı; nəzarət mərasimi bitib başa çatdıqdan sonra o, mətbəxə 
keçib orda  bir  fincan  qara  qəhvə  ilə bir tikə  kasabe*  yeyə-yeyə,  yenicə başlamış 
günün  nə  ilə  sona  yetəcəyi  barıdı  qətiyyən  düşünmədən,  bunu  təsəvvürünə  belə 
gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən, maraqla qulluqçuların söhbətlərinə 
qulaq  asmağa  başlayırdı;  onun  bu  iqamətgahda  dil  tapdığı  yeganə  insanlar 
qulluqçular  idi;  qulluqçularla  davranmaq  onun  üçün  o  səbəbdən  asan  idi  ki,  o, 
onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadı insanların qəlblərini 
asanlıqla oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, 
saat  doqquz  radələrində  həyətdəki  şəxsi  patiosunda,  badam  ağaclarının 
kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan dolu isti vannada 
saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz 
xofu  əritməyə  və  sakitləşməyə  çalışırdı;  bir  vaxtlar  onu  prezident  kürsüsünə 
oturdan  dəniz  desantı  hələ  təzə-təzə  şəhərə  yerləşəndə  o,  desant  qoşununun 
komandiri  ilə  öz  kabinetinə  girib  qapını  o  üzdən  kilidləyir  və  onunla  bir  vətənin 
taleyini  həll  edir,  qanuna  minmiş  müxtəlif  qanunları  və  qərarları  baş  barmağının 
möhürü  ilə  imzalayır,  o  vaxtlar  tam  savadsız  olduğundan,  yazıb-oxuya 
bilmədiyindən və bu savadsızlığı ilə vətənin taleyi həlli ilə üzbəüz qaldığından, o 
bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını 
qaraltmaqdansa,  ölkəni,  Allahın  köməyi  ilə  idarə  etsə  yaxşıdı  və  bu  minvalla 
ölkəni,  yaşına  uyğun  olmayan  qıvraqlıqla,  hakimiyyət  pillələrində  kəndirbaz 

ehtiyatı ilə oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman 
cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından can qurtara bilmədi; deyilənə 
görə,  duz  onun  əlində  məlhəmə  dönürdü,  ətrafındakı  diplomlu  siyasətbazlar, 
həyasız  avaralar  və  yaltaqlar  isə  onu,  zəlzələlərin,  bütün  göy  əlamətlərinin, 
təhlükəli  illərin  və  Allahın  digər  səhvlərinin  korrexidoru*  adlandırır,  o,  ağır 
ayaqlarını, qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə, dövlət 
və  məişət  məsələlərini  ötəri  cəldliklə  –  bir  qapını  çərçivəsindən  qopartdırıb  ayrı 
yerə  saldırdığı,  sonra  elə  həmin  dəqiqə  də  ordan  çıxartdırıb  əvvəlki  yerinə 
qaytardığı  kimi,  asanlıqla  həll  eləyirdi;  ümumiyyətlə,  onun  bütün  əmrləri,  qala 
saatı  zənginin,  günortalar  və  gecə  yarısı  adəti  üzrə  on  iki  dəfə  yox,  həyat, 
olduğundan  uzun  görünsün  deyə,  iki  dəfə  çalınması  üçün  verdiyi  əmri  həmin 
dəqiqə  yerinə  yetirilən  tək,  göz  qırpımındaca,  tərəddsüz  həll  edilirdi;  bircə 
siestanın  ölü  saatlarında,  hər  şey  sustalıb  donuxanda,  o,  öz  yarıqaranlıq  «qadın 
hininə»  girər,  arxasınca  qapını  bağlamadan,  qadınların  birini  o  birindən  seçib 
ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə 
yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, nə özü, nə də də qadını soyundurmadan, 
elə  pallı-paltarlı  işini  görərdi…  bütün  saray  isə  onun,  it  zingiltisini  andıran  ağır 
iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının 
səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından az qala 
yerə  girən  qadınların:  «Rədd  olun  burdan!  Marş  həyətə!  Belə  şeylərə  baxmaq 
olmaz!  Uşaqlar  belə  şeylərə  baxmaz!»  -  qşıqıran  həyacan  dolu  səsləri  eşidilirdi; 
belə  məqamlar  vətənin  üstündən  elə  bil  səssiz  mələk  ötüb  keçirdi;  səslər  kəsilir, 
hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: «Ss-s! Səs salmayın… nəfəs 
almayın, sakit! General eyş-işrətlə məşğul olur!» – deyirdi; amma onu tanıyanlar, 
onun  ikiləşmə  qabiliyyətinə  bələd  olanlar,  onun  bu  işarası  məhəbbət  fasiləsinə  o 
səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radılırində onu qonaq otağında 
domino  oynayan  yerdə  görənlər  onun,  elə  həmin  vaxt,  saat  düz  yeddidə  mal 
təzəyini  tüsdülədə-tüsdülədə  iclas  zalındakı  mığmığaları  qovduğunu  şahidi 
olurdular:  sarayın  bütün  pəncərələrində  işıq  sönməmiş,  üç  qıfılın,  üç  kilidin 
şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, onun gün 
ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi döşəməyə 
düşəndə və körpə yuxusu tək şirin yuxuya gedən bu fəndkir qocanın əvvəl qırıq-
qırıq,  sonra  dənizin  səviyyəsi  ilə  bir,  su  yuxarı  qalxdıqca  dərinləşib  qaydasına 
düşən nəfəsi eşidilməmiş isə, onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və 
məhz  onda  küləyin  simləri  gecənin  sakitliyində  təbillərin  pərdəsi  üstə  çalan  tək 
tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü 
qədimdən  vitse-kralların  və  bukanyerlərin*  məskəni  olan  bu  qoca  şəhərin 
küçələrinə axır, ordan sarayın pəncərələrinə dolub, binanı suyun içinə qərq edirdi; 
iclas  zalının  güzgülərinə  yapışan  ilbizlər  isə  balina  ağzına  bənzər  ağızlarını  açıb 
əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq, 
bütün  Yer  üzünü,  fəzanı  və  zamanı  zəbt  edirdi  və  bircə  o  –  öz  hərbi  səhra 
geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki, ovuclarına basıb, 
öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyid kimi üzürdü; onun ikiləşmək 
istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola, həm də 
birinci mərtəbədə tək-tənha dayanaraq, dənizin uzaq ənginliklərini seyr etməsi və 
elə həmin vaxtda da eyş-işrət nəşələrində titrədib əsməsi, nə bəzi yaltaqların dediyi 
kimi,  onun  qeyri-adi,  ali  bir  sima  olmasına  dəlalət  edirdi,  nə  də  bu,  onun 
düşmənlərinin  danışdığı  kimi,  kütləvi  qarabasma-zad  deyildi;  sadəcə,  bu  adamın, 
ona  it  sədaqətlylə  qulluq  etməyə,  yolunda  ölümə  belə  getməyə  hazır  olan,  zahiri 
görünüşcə  əkiz  tayı  –  Patrisio  Araqones  adlı  inanılmış  adamı  var  idi;  bu  adam 

tamamilə  təsadüfən,  axtarılıb-aranmadan,  öz-özünə  tapılmışdı;  günlərin  ir  günü 
prezidentə  bu  mətnli  bir  məlumat  çatdırılmışdı:  «Mənim  generalım,  eyni  ilə 
prezident  karetinə  oxşar  bir  karet  kəndləri  gəzir,  karetin  içində  isə  avaranın  biri 
özünü  sizin  adınızdan  təqdim  edir  və  deyim  ki,  heç  də  pis  alınmır,  mənim 
generalım!  Adamlar  yarıqaranlıq  karetdən  onun  kədərli  gözlərini  görüblər  –  bu 
eyniylə  sizin  gözlərinizdi,  mənim  generalım!  Onun  sarımtıl  dodaqlarını  –  sizin 
dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə 
karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti 
müşayiət  edən  zabit  geyimli  iki  atlını  görüblər.  Siz  bir  təsəvvür  edin  general, 
allahsızlığa  bir  bax!..»  Bu  məlumatdan  sonra  prezident  o  fırıldaqçını  yerindəcə 
cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə, 
başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə 
görə,  avaranı  dərhal  tutub  saraya  gətirmişdilər  və  ona  təhvil  verəndə,  özü  özünü 
sanki  kənardan  görən  prezidenti  qəribə  bir  təhqir  hiss  bürümüşdü;  bu  küçə 
adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən 
prezident  özü-özlüyündə:  «lənət  şeytana,  bu  adam  mən  özüməm  ki?!..»  -  deyə 
fikirləşmişdisə də, o vaxtlar o adam heç də onun özü deyildi, hətta onun amiranə 
səsini  belə  təqlid  edə  bilmirdi,  amma  hərifin  ovcundakı  həyat  xətti  tam  aydın 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   28


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə