88
iyirminci illərdəki fəaliyyəti haqqında məlumat və bizə məlum olmayan fotoşəkli də verilib.
Kərim Oder yazır:
“Cümhuriyyət hökuməti əsgəri işlərə əhəmiyyət vermişdir. Hərbiyə nəzarətə general
Səməd bəy Mehmandarov təyin olunmuşdu. Onun müavini rus artilleriyasının “allahı”, general-
leytenant Əliağa Şıxlinski, baş qərargah rəisi isə general-leytenant Süleyman Sulkeviç idi. İyirmi
dörd min süngü, altı min piyada, süvari, topçu və digər siniflərdən ibarət hər cür silahla
yaraqlanmış bir ordu qurulmuş və Xəzər dənizində kiçik bir flot hazırlanmışdır. Bakıda,
Lənkəran və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən acınacaqlı vəziyyət
yaranmışdır. Rus və digər düşmən qüvvələr itaət və nizam altına alınmışdır”.
İyirminci illərdə general Səməd bəy Mehmandarovun təlatümlü keçən günlərini o vaxtlar
on iki yaşı olan oğlu daha yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman
iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki,
bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki,
səni güllələyəcəklər?”.
Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri
Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz
verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə...
Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi,
gələcəyi, mənim vəziyyətim?..”.
Atam qəti səslə: “Heç yerə getməyəcəyik”, - dedi. Anam inad elədi: “Axı qatar Biləcəridə
gözləyir...”. Atam: “Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur”.
Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama
görə saat yarım gözləmişdi”.
Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halından danışanda iyirmi birinci
ildən iyirmi dördüncü ilə kimi olan fəaliyyətindən demək olar ki, sükutla keçirlər. 1920-ci ilin
avqustun birindən Səməd bəy Mehmandarov Əliağa Şıxlinski ilə birlikdə baş qərargahda işləmək
üçün Moskvaya göndərilirlər. Şıxlinski Ali Artilleriya məktəbində gələcəyin marşalları
L.A.Qovorova, N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Voronova və
başqalarına dərs deyib. Səməd bəy Mehmandarov da Artilleriya Nizamnaməsi hazırlayan
komissiyanın tərkibinə daxil edilib, həm də hərbi Akademiyada taktikadan dərs deyib. İyirmi
birinci ilin yayında Azərbaycana qayıdan hər iki general Respublika hərbi Komissarlığının
sərəncamında saxlanılır. Əliağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on
səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi ikisində gəlib çatdıq. Bakıda biz
Azərbaycan Sovet Qoşunları Qərargahına daxil edildik. Bundan başqa hər ikimiz Azərbaycan
Komandirlər məktəbində topçuluqdan - Mehmandarov rus, mən isə Azərbaycan dilində dərs
deməyə başladıq. Qarnizon rəisi öz sədarəti altında olaraq, Bakı qarnizonu hərbi - Elmi
Cəmiyyətinin təşkili haqqında əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi özü
sədrlik etmirdi, adətən iclasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə təyin
edilmişdi”.
Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə
süpürtdürən kimlər idi? Mərkəzdə oturan Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında
“təmizlənmə” aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nərimanovun məsləkdaşlarına
qarşı mübarizəni gücləndirən AK (b) P Bakı Komitəsinin katibi L.Mirzoyan və onun əlaltıları
S.Qutun, A.Mikoyanın “varisləri” Sərkis və içərimizi qurd kimi gəmirən bir qrup keçmiş
daşnaklar, havadarları Stalinin əmrini canla-başla yerinə yetirirdilər. Həmin ildə onlar
Nərimanovu da Bakıdan perikdirmişdilər. Onlar yaxşı bilirdilər ki, Nərimanov general
Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirirdi.
Dostları ilə paylaş: