Esmira Fuad (Şükürova) Filologiya üzrə Fəlsəfə doktoru amea nizami ad. Ədəbiyyat İnstitutu Cənubi


şüşələr qırıldı şaşarax şaraaaaaq



Yüklə 259,07 Kb.
səhifə3/7
tarix31.12.2016
ölçüsü259,07 Kb.
#3887
1   2   3   4   5   6   7
şüşələr qırıldı şaşarax şaraaaaaq

çəpiklər üzə çalındı şapalaaaaaaq

zindanlar



səkkiz il daha Səid Mətinpurlaşacaqdır (2)”

O, imperializmin bir üzünü tanıyır: Dünyanın harasında olmasından asılı olmayaraq insanları ölümə, istisara, cismani və mənəvi ölümə sürükləyən, məhkum edən qəddar, cəllad, ölümsaçan qara qüvvələr!.. Və bu ölümü nə ilə, hansı yolla həyata keçirmələrinin heç bir fərqi yoxdur:

nə fərqi ölümə?

Trotskinin başına balta ensin

ya da Pişəvərini dərəyə aşıran otumbıl olsun

biz ki , baş sağlığı verməyə kimsəni tapanmadıq(2)”

“Baş sağlığı verməyə kimsə tapılmır, ancaq düşmənlərimizi tamaha salan sərvətləri-miz olub və ölkəmiz talanıb həmişə” fikrini şairə xanım “Təbrizin qurabıyyəsi qonaqların sulu ağzında əriyirdi, bizi lağa qoyanları başa salmağa çalışırdım, bütün məhkəmələrin məhkumu isə sənlə mən idik” sözlərilə izah edir. “telfunlar (telefon) Dilqəmi çalır, sevişməyə girəvə yox, savaşmağa silah, get, buralar təhlükəli...” - təklifinə qarşı dirənən lirik qəhrəman qadınlığında və sevgisində qərarlı idi və bütün problemlərin həlli, tapdanan haqq və hüquqların bərpa olunması uğrunda savaşmaq gücündə olan yeni qadını doğurmaq sancısı yaşayır... Bu vəhşilikləri, üzdə “təməddünçü, saxta təbəssümlü” imperializmin iç üzünü açıb xalqa göstərən, soyğunçu siyasətlərin mahiyyətini açan və “şairlərin kölgəsini ayaqlamaqdan” insanları çəkinməyə səsləyən bu üsyankar xanım heç bir “nisbi arxayınlığa, başlar tərsinə kəsilən sarı bayraqların zahiri əmniyyətinə inanmır (“Sarı əmniyyət” şeirində)”, çünki arxasında soyuq küləklərin əsdiyini və bu küləklərin bütün müqəddəs-liklərin külünü göyə sovurduğunu görür... Hətta gələn nəsillərin xarakterində getdikcə daha artıq cırlaşma getdiyini apaçıq dərk edən şair “dölümüzə damazlıq gərək” həqiqətini də anlayır və bu anlayışın vəsvəsəsində gizlicə içinə axan göz yaşları qəlbinin dərinliklərində sanki coşub-çağlayan bir dənizə dönür:



Saçlarım gizli bir hıçqırığın darağında,

Dən-dən tökülür.

Başımın ağrısı qapının cəftəsini ağırladır,

Qapı açılmır, açılmır qapı.

Açılıbsa, Önündə divar durur.

Mən bu sarı arxayınlığa inanmıram (12)

Etiraf edim ki, “saçlarım gizli bir hıçqırığın darağında dən-dən tökülür, sarı arxayın-lıq, sarı bayraqların əmniyyəti (ölüm kabusu)” ifadələri çox uğurlu yeni səpkili metaforik tapıntılardır.



Istər-istəməz bircə anlıq gənc şair Maral Təbrizlinin “Uçuş” şeirini xatırladım və kəpənək qanadlarına bənzər yupyumşaq misralar fikir süzgəcimdən süzüldü, misralardakı düşüncə fərqliliyinə, ənənəvi mövzuya yeni baxış tərzinə, fikrin tamamilə yeni ifadə özəlliyinə və bədiiliyinə, şeirin ən başlıca tələblərindən biri olan bədii libasının gözəlliyinə diqqət kəsildim:

Mən kəpənəkləri uçanda,

Çiçəkləri açanda sevirəm.

Mən uçuşu qanadsız anlamam,

Çiçəyi yarpaqsız düşünməm.

Uçuşa qanad, açışa topraq gərək.

Aça çörək kimi, Diriyə ürək kimi...

Mən hər nəyi uçanda

Və açanda sevirəm... (12)

Əgər ayağının altında Vətən torpağı olmazsa, özgür deyilsənsə, demək qanadın yox-dur, uça bilməzsən, çiçək olsan da yarpağın yoxdur, yarpaqları olmadan çiçək açsa da, gözəlliyi qısıtlı olar, yaşarılığı isə şübhəli... Və bunlar Tanrının yaratdığı hər bir insanın acına “çörək, dirisinə isə ürək kimi...” gərəkdir... Maral xanımın həm siyasi, həm də fiziksəl baxımdan vurğuladığı həqiqət budur: Vətənsiz, Ana torpaqsız insanın yaşamı qanadsız quşun həyatına bənzər, əəgər quş uça bilmirsə, axı, o quş deyil, sadəcə canlı bir varlıqdır, çiçəklərin açdığı budaqların üstündəki yarpaqlar isə insanın yaşaya bilməsi üçün oksigen qazını-nəfəsini təmin edir... Kiçik bir şeir nə qədər dərin məna qatına malikdir!.. Əsl poeziya, şeiriyyət budur!..



Bu gün Güneyin çağdaş qadın yazarlarının əsərlərini oxuduqda onların ailədaxili sıxıntılardan, gündəlik həyatda mövcud olan bir sıra çatşmazlıqlardan, ən adi qadın hüquq-larının pozulmasından başlayan bu etirazının artıq məişət çərçivəsindən çıxaraq daha geniş miqyas aldığını və ümumən haqsızlıq üzərində qurulmuş cəmiyyətə və despotizm rejiminə qarşı ünvanlandığının şahidi oluruq. Gənc yazar Lalə Cavanşirin çağdaş dövr İran cəmiyyətində qadının, xüsusilə Azərbaycan qadınının bütün sahələrdə hüquqlarının pozulmasını təsbitləyən açıqlaması bu durumu daha dəqiq açıqlayır, qadınların mövcud hüquqi çətinliklərinə ayna tutur. O, İran İslam Respublikasında Azərbaycan qadınlarının üzləşdikləri hüquq pozuntuları təkcə siyasi sferaya deyil, iqtisadi, sosial statusa da sirayət edir və qadınların mütəmadi şəkildə alçaldılmasının əsasında totalitar diktatura, teokratik rejim və cəmiyyətdə əsrlərdən bəri daşlaşmış patriarxal münasibətlər dayanır. İranda mövcud şəriət qanununun qədim zamanlardan miras qaldığını və qadınları əzən bir funksiya daşıdığını qeyd edir. Belə ki, “1979-cu il İslam İnqilabından sonra fundamentalist prisniplərin hüquqi müstəviyə tətbiq olunması qadınların bir çox hüquqlarını əllərindən almış, onları de-yure və de-fakto ikinci dərəcəli vətəndaşlara çevirmişdir. Ölkə qanunvericiliyində əksini tapmış boşanma və boşanmadan sonra uşaqla əlaqəli qanunları, irs qanunu və bir çox başqa qanunlar, əslində bu gün İranda yaşayan bütün qadınları məhdudlaşdırır, ancaq qeyri-fars qadınlar əlavə çətinliklərlə də üz-üzədirlər, yəni məhkəmələrdə fars dilini bilməyən qadınlar daha artıq problemlərlə üzləşirlər.” Lalə Cavanşir söylədiklərinə örnək olaraq İran İslam Respublikası tərəfindən daş-qalağa məhkum edilən Təbrizli Səkinə xanım Məhəmmədinin adını çəkir və bəyan edir ki, Səkinə Məhəmmədinin vəkilinin sözlərinə görə, Səkinə xanım farsca bilmədiyi üçün məhkəmədə ona oxunan sənədi yaxşı anlamadan imzalamışdı. Lalə xanım Cavanşir İslam rejiminin qadınlarla bağlı məhdudlaşdırıcı qanunları ilə birlikdə cəmiyyətdə geniş yer alan folklor və xalq ədəbiyatında mövcud bəzi düşüncələri basqılara rəvac verən faktorlar kimi dəyərləndirir və bildirir ki, “Ərimdir, döyər də, sevər də,” və “Qızını döyməyən dizini döyər”, (bu izaha “Döyülməyən düyüdən aş olmaz”, “Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya da zurnaçıya”, “Qız yükü, duz yükü” məsəllərini də əlavə etsək, mənzərə tam aydındır) kimi deyimlər qadınların ikinci dərəcəli insan olması haqda təsəvvürlərdən xəbər verir. Habelə “qeyrətli kişi” və “sərt kişi” konseptlərinin (məfhumlar) cəmiyyətdə müsbət qarşılanması da qadınlara qarşı vacib sayılan məhdudlaşdırıcı təfəkkürdən qaynaqlanır.” Yaxın şərq mədəniyyətləri üzrə tədqiqatlar aparan araşdırmaçı xanım Azərbaycan türklərinin müsəlman aləmində proqressiv (mütərəqqi) düşüncənin daşıyıcıları olduqlarını, İranda yaşayan Azərbaycan türklərinin Quzey və Türkiyə vasitəsi ilə Qərb mədəniyyətini daha yaxından tanıdığını və buna görə də İranda qadın hüquqları ilə bağlı hərəkatın önündə getdiklərini də vurğulayaraq İranda qadınların seçib-seçilmək haqqını ilk dəfə 1945-46-ci illərdə Azərbaycan Milli Höküməti dövründə qullandıqlarını nümunə gətirir. Təkcə Lalə Cavanşirin deyil, digər qadınların da bu məsələlərə qarşı etiraz notları, üsyankar fikirləri poetik təfəkkürlü xanım şairlərin təsəvvürlərindən əsərlərinə köçür. Xanım yazarların bu motivlərə söykənən, etiraz duyğuları ilə yoğrulan ictimai məzmunlu, fəlsəfi tutumlu dəyərli əsərləri bu gün böyük oxucu məhəbbəti qazanmışdır. Ziba Kərbasınin nümunə gətirdiyimiz bu şeirində həmin etirazın nidaları birbaşa deyil, sətiraltı mənalarda duyulmaqdadır:

Daha gəlmə!

Ceyran, naqışlı gedən yollar

Cızıx-cızıxdır.

o taydan bu taya

Ayağımın izini tutub gəlsəydin,

Tutuşardıq.

Tox zəmanənin qoynunda

qucaqlaşardıq...(8)

Həmidə Rəiszadə Səhər da bu düşüncələrin, bu ortamın şairə çevirdiyi xanımlardan biri, Güney ədəbiyyatında modern şeirin öncüllərindəndir. Güneyin çağdaş qadın yazarı sevilən modern şairlərindəndir. Nigar Xiyavinin “Gözlüyünü itirmişdi dünya” (“gözlüyünü itirmişdi, öz işində deyildi dünya, biz su deyil, araq deyil, yorğanı çəkir başımıza, gözü-müzü gizləyirdik bir-birmizdən”) şeirində demək istədiyi mətləblər və dünyanın məhz gözlüyünü itirməsi səbəbindən baş verən rəzalət və çirkinlikləri görə bilməməsi, bu pisliklər hətta o dərəcəyə çatmış ki, insanlar utancdan bir-birinin gözünə baxmamaq üçün sanki yorğanını başına çəkərək gözlərini gizlətmək istəməsi gerçəyi onun da şirinlərini acıya çevirmiş, arzularını, diləklərini sürgün etmişdir:



Döyünür ürəyim, deyinir, deyir,

Yer qərib, göy qərib, dam-duvar qərib...

Yarpaqlar sarıdır, ağaclar arıq,

Şirinlər acıdır, hər nə var qərib...
Ləhzələr upuzun, diləklər sürgün,

Ulduzlar üzünə çevirib börkün,

Bilirəm, istıyir söhbətin, sözün,

Hayana çevirib, hayana çəkə?

Bu çılğın sızlayır səni görməyə...

(Bir səbət yumurta, Şeir toplusu, Təbriz,2009, s.)
Bir müşahidəm mənə əsas verir deyim ki, Lalə xanımın söylədiyi həmin haqların, hüquqların pozulması nəticəsində bu gün Güney qadını cəmiyyətdə deyil, evdə, ailədə daha özgür, daha modern, daha geniş anlamda qadın-insandır. Güneyli ər bu gün öz qadınına uşaq doğuran, ev-eşiyi yığışdırıb səliq-sahmana salan, küftə-bozbaş bişirən məişət qadını kimi deyil, bir xanım, bir insan kimi baxır və ev işlərində, məişətin, ailənin problemlərini onunla paylaşır. Quzey Azərbaycanda isə əksər ailələrdə bunun tam əksi müşahidə olunur və qadın hüquqlarının pozulması, məişət zorakılığı adi haldır. Bu tam gerçək, həqiqətdir ki, cəmiyyətdə müəyyən hüquqları, mövqeyi, yeri olan qadın ailədə o mövqeyini qoruya, saxlaya bilmir... Lalə Cavanşirin Səkinə xanım Məhəmmədini cəmiyyətdə hüquqlqrı pozulan qadınların nümayəndəsi kimi, mən isə zəngin mənəviyyatına görə sonsuz hörmət və sayğı duyduğum Məsumə xanım Şükürzadəni ailəsi, doğmaları arasında hüquqlarını qoruyub saxlayan modern düşüncəli xanımların-bir insan kimi dəyər verilən varlıqların örnəyi olaraq gördüm. Çağdaş şeirdə, nəsrdə, sənətdə də bu iki qütbün ifadəsi parlaq şəkildə öz əksini tapır.

Ancaq Azərbaycan ədəbiyyatında tarixən poeziya, şeir sənəti daha çox inkişaf etmiş, şairlər müxtəlif həyat hadisələrinə emosional münasibətlərini poetik şeir dili ilə oxucularına çatdırmaq yoluna üstünlük vermişlər. Lakin böyük imperiya dövlətləri Azərbaycanı iki yerə-şimala və cənuba parçalayandan sonra, el-oba, xalq, tarixi Vətən torpaqları bölünsə də, söz sənəti, ədəbiyyat bölünmədi, öz bütövlüyünü, vəhdətini qoruyub saxladı.



Səid bəy Muğanlı bu vəhdəti qoruyub saxlayan Çağdaş Güney Azərbaycan poeziyasında bu gün həm forma, həm də məzmunca modernləşmənin gücləndiyini, modernləşmənin, yeniləşmənin artıq dönməz bir prosesə çevrildiyini, modern və postmodern ədəbiyyatın bütün gücü ilə öndə olduğunu da vurğulayır. Güney Azərbaycanda çağdaş şeirin durumunun aydın xülasəsini verən, istedadlı gənc şairlər sırasında öncüllərdən biri olan və bitkin modern şeirlər yazan Məlihə xanım da Səid Muğanlı ilə, demək olar ki, eyni fikirdədir. Ədəbiyyat sahəsində bəzi qələm sahiblərinin yalnız modern və avanqard ədəbiyyatı dəstəklədiyini, bəzilərinin klassik ədəbiyyatı yenidən qavrayaraq ona yeni özəlliklər aşılamaqla çağdaşlaşdırmağın tərəfdarı olduğunu, bir qisim şairin ədəbiyyatı şeirdən, bəzilərinin isə yalnız və yalnız nəsrdən ibarət sandığını bəlirləyən şair-tədqiqatçı yazır ki, istər şeir, istərsə də nəsr əsərlərinin əsas mövzusu yenə də vətən, özgürlük, sürgünlük, sevgi, ayrılıq, həsrət və s.-dir. Şeirdə modernləşmənin tərəfdarı olan və Pəhləvi rejimi devrildikdən sonra Vətənin fəzası bir az açılıb aydınlaşdı, Güney Azərbaycan şeirində yeni dönəm başlandı, - deyən Məlihə xanım 1986-cı ildə Səhər xanımın (Həmidə Rəiszadə) “Mavilər” adlı şeir kitabının nəşrini çağdaş Güney ədəbiyyatında yeni ədəbi hadisə sayır. ”Mavilər” kitabındakı şeirlərin ədəbiyyatda yeni ruh, yeni atmosfer yaratdığına və Güney poeziyasının canlanmağa başladığına diqqət çəkən şair-araşdırmaçı Səhər xanımın fikir və duyğularının ifadəsində də tamamilə dəyişik, yeni bir forma-canlı təsvir, simvol və rəmzlər, orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə yaşadığı dövrün, cəmiyyət və fərdlərin çağdaş istəklərinə və bu istəklərə qovuşma yollarında mövcud olan əngəl və çətinliklərə toxunduğunu, açıq-gizlin dərdlərini ədəbi-bədii formada cəsarətlə açıqlamağı bacardığını vurğulayır. Əlbəttə, başının üstünü qara buludlar almış Ana yurdun qaranlıqları içərisində, sanki zülmət səltənətinin fəzasında doğmuş ay bacasından boylanan və bir işıq-masmavi göy üzü bulan Səhər xanım havasızlıqda ciyər dolusu nəfəs ala bildi, durğunluq içində olan bir mühitdə üzü küləyə qarşı getdi. Onun ədəbiyyata gətirdiyi yeni düşüncə və ifadə tərzini şeirlərindən aşağıdakı nümunəni gətirməklə təsbitləyir:

Gecə

yurdun qana dönmüş dənizində,

necə bir qəmli bulud-qanlı söyüd...

Gecədir! Baxıram  ay bacasından

Başqa bir mavi göyə...(3)

Heca vəznli poeziya nümunələrindəki yeni nəfəs əruzda yazılan və qədim ənənələrə malik klassik qəzəl janrının tələblərinə cavab verən şeirlərdə də aydın duyulur. Çağdaş şairlərin qəzəllərində gülün, bülbülün, gözəlin qara xalının, al buxağının, qələm qaşının, ala, yaxud xumar gözünün, burma-burma tellərinin vəsfinin yerini gerçək həyatın sərt üzü, şairin yaşamının zor tərəfləri, problemlərə açıq və sərt baxış, onu əhatə edən mühitin reallıqla-rının poetik əksi tutur. Zeynal Cəfərpurun bu qəzəlində olduğu kimi:

Buludlar yağmur qusur bir üzdən üzümüzə,

Ulduzlar kefli-kefli toxunur gözümüzə.

Xiyavan, asfalt üstü, qaldırım çıxır dizə,

Bu halda sən ayrılıb gedirsən evinizə.

Mən qalıram, Ay qalır, bir də duvarlar qalır,

Bir də duvarlar üstə qırmızı şuarlar qalır.

Tək qaldıqda hamımız, tək oluruq hamımız

Mən qalıram, Ay qalır, duvarlar yalqız qalır

Sən evizə gedirsən, mənə bir Təbriz qalır...(3 )

Buludların yağmur qusması, ulduzların kefli-kefli gözümüzə toxunması, xiyabanın, asfaltın və qaldırımın dizə çıxması, aşiqin sevgilisindən ayrılıb evinə gedincə lirik “Mən”in, Ayın, üzərində qırmızı şüarlar yazılmış divarların yalqız qalması yalnızlığın yeni poetik ifadə üsuludur və qəzəlin sonundakı Sən evizə gedirsən, mənə bir Təbriz qalır” misrası Z.Cəfərpurun ənənəvi Vətən, Ana torpaq, doğma şəhər, xalq və millət mövzusuna sadiqliyini və “Qaranquş gəldi-gedərdir, bizə qalan boz sərçədir” məsəlinin fikir yükünə yaslandığını yansıdır. Ərdəbil ədəbi mühitinin yetirməsi olan və çağdaş söz sənətinə gətirdiyi yeni məzmun və forma dəyişikliklərilə sanki bir intibah yaradan Həmidə Rəiszadə (Səhər) “Desinlər” qəzəlində ənənəvi formanı saxlamış, lakin tamamilə yeni məzmun, ənənəvi motivlərə yeni yanaşma nümayiş etdirmişdir:

Gəl eşqə uyaq, qoy bizə divanə desinlər,
Zülmət diləyənlər, günə biganə desinlər.
Aç qollarını, al məni nisgil budağından,
Qoy qoynuna, qoy qoynun için lanə desinlər.
Əl sal saçıma, duyğu dəvamilə tumarla,
İlqar yuvası cəmi-pərişanə desinlər.
Keflən, gözümün eşqə uzalmış baxışından,
Qoy gözlərimə xəlq ara meyxanə desinlər.
Dildən dilə sal gizli baxışlardakı şövqü,
Eldən elə qoy sirrimi dəstanə desinlər.
Sığmaz diləyin yelkəni yellərə, qanad çal,
Qoy düşdü başı eşqdə tufanə desinlər.
Dalmaqdadı dalğaları sən bağrıma gəl, qoy,

Çəkdi «Səhər»i eşq əli bir yanə desinlər (Anlam.biz).

Qəzəldəki “Zülmət diləyənlər, günə biganə desinlər, Əl sal saçıma, duyğu dəvamilə tumarla, İlqar yuvası cəmi-pərişanə desinlər, Keflən, gözümün eşqə uzalmış baxışından, Qoy gözlərimə xəlq ara meyxanə desinlər” – misralarında yansıyan sevgiyə yeni məzmun vermək, ənənəvi eşq, məhəbbət, əhdə vəfa, sədaqət, eşqdən xumarlanan gözlər, onların dərya tək dərinliyinə dalmaq və batmaq mənaları Səhər xanımın qələmində büsbütün yeni çalarda səslənir. Dalmaqdadı dalğaları, sən bağrıma gəl, qoy...

Çəkdi «Səhər»i eşq əli bir yanə, desinlər... Ümumiyyətlə, çağdaş Güney şairlərinin əsərlərində təbiət hadisələri dərin ictimai məzmun kəsb edir. Ana təbiət, doğallıq və qaçılmaz təbiət hadisələri onlar üçün məqsəd deyil, fikirlərini daha sərrast, konkret ifadə etmək üçün ən uyğun orijinal bir vasitədir. Onların yaratdığı bədii tablolar, güclü ruh oxucunu hadisələrin təsvir olunduğu zamana, dövrə qaytarır.

Güney yazarlarının yaradıcılığında bir maraqlı cəhət də diqqətdən qaçmır. Onların ən istedadlıları hər nə qədər yeni-modern şeir yazmağa həvəsli olsalar da, fikir yelkənini açaraq poetik ustalığını, bədii sözyaratma gücünü nümayiş etdirir və hər üç üslubda qələmlərini sınayırlar. Ancaq hansı vəzndə, yaxud üslubda yazırlarsa-yazsınlar, onların yaradıcılığının əzəl mübtədası, baş mövzusu Vətənin azadlığı, istiqlal, bağımsızlıq duyğuları, ana dilinin əsarətdən qurtuluşu, yurda məhəbbət, el-obaya sədaqət hissləridir. Şeiri insanın həyat və yaşayışının aynası kimi dəyərləndirən Məlihə xanım da müsahibələrində daim vurğulayır ki, şeirləri məhz Güney Azərbaycanı, doğma xalqının real həyatını tərənnüm edir. Çağdaş dövrün şairləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada şeirə gətirirlər... Məhz bu baxımdan Süleymanoğlu “Bilimsəl”, Ziba Kərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar “Arəstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaratmışlar... Ümumiyyətlə yanaşdıqda, aydın görünür ki, bu gün Güney Azərbaycanın gənc şairləri “Avangard şeir”ə çox böyük maraq göstərirlər.

Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, “Avangard şeir” tərəfdarlarının əsərlərində də aparıcı mövzudur və bütün bunlar, mütləq mənada onların əsərlərində öz parlaq əksini tapır. Seyid Heydər Bayat da ənənəvi 11-lik heca qəlibində qələmə aldığı şeirlərinin birində onu hər an düşündürən, hər gün ruhunda dolaşan müqəddəs bir arzuya-azadlığa yetməyin, Vətənin ağ günlərinə çatmağın yolunu axtarır və bu yolun izinə, sorağına düşsə də, mənzil başına çatmamış azıb qaldığını yazır. Şeirin alt qatında gizlənən mənanı (xalqın azad Vətən, bağımsız dövlət qurmaq amacıyla XX əsrdə dörd dəfə həyata keçirdiyi, lakin hansısa səbəblərdən əldə saxlaya bilmədiyi və sonda məğlubiyyətlə nəticələnən inqilablar-məhz bu üzdən o, yeni yol axtarır və şairin “Tapdanmış yollardan acığım gəlir” etirafı son dərəcə haqlı səslənir!) isə o, orijinal deyim tərzi ilə, heç kəsi təkrarlamadan oxucuya çatdıra bilir:

Tapdanmış yollardan acığım gəlir,

Onların axırı sənə yetişmir.

Nə qədər döyürəm mən bu yolları

Gün gələ uzanır, bir yerə bitmir.

Bir yol axtarıram sənə yetişsin,

Dərə olur-olsun, dağ olur-olsun,

Axı, çox azmışam harayıma çat,

Bir yol göstər mənə, sənə yetişsin(3).

Seyid Heydər Bayatın özgürlüyün yollarını axtaran misralarına Kiyan Xiyavın:



Qafqazın doğal suyunda

yuyunmuş bir məmləkət.

Xana-xana evləri oddan tikilmiş bir şəhər.

Duvarları arzudan hörülmüş bir ev,

Canım Azərbaycanım!(21.s.34)

-şeirində də Böyük Vətənlə bağlı arzuları dəstək olur...

Bir həqiqət vardır ki, haqqın nuruna, işığına bələnməyən düşüncə bir tərəfdən tərəqqini gücləndirərək inkişafı sürətləndirirsə, digər tərəfdən insanların mənəviyyatını, əxlaqını korlayır, onları əksər hallarda düz yoldan sapdırır, böyük haqsızlıqlar etməyə, təbiətin düzənini, dünyanın xəritəsini pozmağa istiqamətləndirir. Düşüncənin, ağılın məhz birtərəfli inkişaf etdiyi sivil ölkələrin, yəni Amerika kimi dünyaya ağalıq etmək iddiasında olan super dövlətlərin hakim təbəqələri soyqırğınlarının miqyasını genişlən-dirir, əzilənlərlə əzənlər, zalımlarla məzlumlar arasındakı ənənəvi nifağı gücləndirir, müftəxorlar alın təri tökərək qazandıqları cüzi vəsaitlə yaşayışını təmin edən zəhmət adamlarını, əzabkeş xalqı getdikcə daha çox istismar edir. Bütün bunların da nəticəsində zorakılıq, xudbinlik, xəbislik, milli zülm artıb dözülməz həddə çatır, sərhədləri aşır. Belə çətin, xaotik bir dövrdə, super dövlətlərin elmin, real təfəkkürün və tərəqqinin nailiyyət-lərindən yararlanaraq bəşəriyyəti, xüsusən də müsəlmanları, İslam hümmətini məhv etməyə doğru yönəldiyi bir zamanda, təbii ki, Güneyli şairlər iki dünyanın-mənəviyyatla maddiyyatın, gücün savaşına seyrçi qalmır, bu prosesləri böyük ürək ağrısı və həyəcanla qarşılayır və bütün bunları əsərlərində kəskin şəkildə tənqid və ifşa hədəfinə çevirirlər. Eyni zamanda şeir və nəsr nümunələrində hər cür xudbinlikdən, pislik və rəzalətlərdən uzaq müqəddəs bir mənəvi dünya qurur, bəşər övladının xoşbəxtliyinə, şəxsiyyətin təmizliyinə inam aşılayır, insanın mənəvi aləmini daima təbii, saf və gözəl görmək istə-yirlər. Düşüncələri fəlsəfi məqamlara daha çox söykənən Hadi Qaraçayın “Qəribə bir dünyadayıq” lakonik şeiri sanki yaşadığı dövrün, zəmanənin simasıdır. Şair ağalar və qullar dünyasındakı təzadlara, ulu Yaradanın heç bir fərq, ayrı-seçkilik salmadan, eşit olaraq xəlq etdiyi insanların maddi durumundakı, yaşayışındakı kəskin uyğunsuzluqlara, “evində uşaqlarının sayı qədər çörəyi olmayan fəqirlərin və uşaqlarının sayı qədər saraylara və maşınlara” sahiblənən harın varlıların vəziyyətinə-bu paradoksallığa nifrətini hayqırır. “Quran”a, Allaha, imamlara yalan andlar içən, ürəklərində saxta andlar, ciblə-rində minlərlə yalan-palan, çiyinlərində isə bu yalanların günahlarını gəzdirən saxta dindarlara istehza edir. Axı, Hadi yaxşı bilir ki, Tanrının təkcə lal yaratdığı bəndələrin yalanı eşitmədiyi və yalan danışmadığı üçün yeri cənnətdir. Yalan təkcə eşitməyən, danışmayan bəndələr üçün yox, şüurlu hər bir insan üçün böyük günahdır. Yalan heç bir dünyəvi din, heç bir qanun tərəfindən qəbul edilməyən qeyri-insani keyfiyyətlərdən biridir. Ulularımız yalan ayaq açar, amma yeriməz, - desələr də, bu saxta dindarların, məzlumların əməyini mənimsəyərək haram yolla milyonlar qazanan qoluzorluların yalan-ları insanları çaşbaş salır və bu yalanlar cəmiyyəti elə ağuşuna alır ki, insanlar nəyin doğru, nəyin yalan olduğunu anlamaqda çətinlik çəkirlər... Talelərinə əsən qara yellərin Yer üzündə fəlakətə saldığı məzlumlara şairin sevgi və rəğbəti nə qədər böyükdürsə, ehtiyac içində yaşayan insanların əməyi hesabına əldə olunan böyük sərvət, haram yolla milyonlar sahibi olan dövlətlilərə, məmurlara, “Quran”a, Allaha yalandan and içən saxta dindarlara, qudurğan meşşanlara nifrəti o qədər sonsuzdur:

Qəribə bir dünyadayıq

Ağalar var: Uşaqları sayısında sarayları,

Uşaqları sayısında maşınları

Ciblərində-Imam haqqı, Allah haqqı

Sözlərinin şablonları.

Ciblərində-minlər yalan, minlər palan,

Qəribə bir dünyadayıq.

Qullar da var.

Evlərində uşaqların sayı qədər çörəyi yox.

Ciblərində min arzunun,

Sürgünlərdə puçurlamış sümükləri...(8)

“Qəribə bir dünyadayıq” şeirində “şair rəndəli və ölçülü bədii üsullardan istifadə edir, canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst vəznin incəliklərini şeirə elə bir ustalıqla gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, ahəng isə əruz və ya heca vəznində olduğu kimi, münasibətini qətiyyən itirmir... (15.s.151.)”



Maraqlıdır, şeirlərində bir-birindən gözəl, mükəmməl bədii tablolar, çoxqatlı metaforik ifadələrlə süslü peyzajlar yaratmaq, bədii ifadə və təsvir vasitələrindən yüksək sənətkarlıqla isifadə etmək qüdrəti yansıyan istedadlı ədəbiyyat tədqiqatçısı və şair Hümmət Şahbazinin “Haraya gedir bu həyat?” şeiri həyatın paradoksallığı, təzadları, dildə Tanrının bərabər yaratdığı, lakin cəmiyyətdə tutduqları mövqeyə, sosial vəziyyətinə görə tamamilə fərqlənən, qeyri-bərabər olan insanların yaşam tərzini müşahidə edərək “Qəribə bir dünyadayıq” şeirini yazan qələm və əqidə dostu Hadi Qaraçayın fikrinin təsdiqi, açıq cavabı kimi səslənir. Xüsusilə də “Nə dənizdə bir sevinc, nə damlada bir arzu, Səssiz-səmirsiz hıçqırtıdır bu həyat... Haraya gedir görəsən, bu durumda bu həyat?..” misraları ki, təkcə onun deyil, bütöv bir xalqın boğulmuş həyatının hıçqırıqlarını, dişində boğulan harayları hayqırır:

Haraya gedir görəsən, bu durumda bu həyat?
Qorumaqla da olmur sevdanı yaşamaq.
Uzanır yalaqlıq İlğımlı nərdivanla
Dimdikləyir quşlar dalğaların izini…
Günəş: bir sıldırım qaya
Arxasında sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda bəlkə də.
Hər addımda sanki İllərin qoxumuş izi var.
Bu izlərdə: Qoxumuş əllər, çürümüş dillər
Bu dillərdə: Boğulmuş həyat!
Bu durumda bu həyatın: “Sağ olsun!” sədası gəlsin
Bu bir sevinc, bu bir nisgil.
Haraya gedir görəsən bu durumda bu həyat?
Nə dənizdə bir sevinc, nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır bu həyat.
Bəbəklərində iz qoyan bu baxışların tozunda
haraya gedir görəsən bu həyat,


bu durumda?

bu durumda...(8)

Dərdi oturub dizinə-başına döyə-döyə, ağlayıb-sıtqamaqla çatdırmaq üsulundan qat-qat güclüdür bu deyim... İnsanı, oxucunu durduğu yerə mıxlayacaq gücdədir bu misralar... Düşündükcə düşünməyə sövq edir öz oxucusunu və “Boğulmuş həyat”a nəfəs verməyə, bu həyata məhkum olunmuşları ölümün dəhşətli pəncəsindən xilas etməyə səfərbər edir... Poeziyanın məqsədi, şairin amacı da elə budur: Düşündürmək, səfərbər etmək, birlik yaratmaq və... nəfəs kəsən amillərə, güclərə qarşı mübarizəyə, savaşa qalxmaq!.. Çünki onlar dərindən dərk edirlər ki, “Əgər bir millətin fəlsəfi və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkməz. Məsələn, bir gənc bir şer, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənər və o ruhda yaşamağa yeltənər və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə, adətən, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar (16).

Yüklə 259,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin