Şə
r nizi
Mən kiçik S. şəhərində müstəntiq işləyən uşaqlıq dostum Şaiqə həm yolüstü, həm də
atüstü qonaq olmuşdum. Onu çoxdan görmədiyimə görə fürsətdən istifadə edib onunla
görüşmək üçün yoldan burulmuşdum.
Burada uzaqbaşı iki saat, iki saat yarımdan artıq vaxt itirməməyi düşünürdüm. Yayın
sonu olduğu üçün istilər bir qədər sınmışdı. Amma hələ də günortalar nəfəs almaq
olmurdu.
Ona görə də günün əyilməyini gözləyəcəkdim.
Dostum məni kiçik bir restoranın yaşıl həyətinə gətirmişdi. Ağac kölgəsindəki stolun
başında əyləşib ordan – burdan söhbət edirdik.
Bu vaxt dostum bizdən azacıq aralıda qoyulmuş stola yaxınlaşan iki nəfərin biriylə
salamlaşdı və astaca mənə dedi:
– Dön o hündür kişiyə bax, sənə onun haqqında bəzi şeylər danışacağam.
Dostumun dediyi kimi kişinin boyu çox uzundu. Arıq adamdı, yaşı yetmişi keçərdi. Macal
tapıb üz cizgilərini tam görə bilməsəm də, onun sifətinin profili yadımda qaldı. Profildən
yay kepkasının dimdiyi, xırda burnu, irəli çıxmış çənəsi görünürdü. Məncə onun geyimini
təsvir etməyə ehtiyac yoxdur, başqa paltarda da onu görə bilərsiniz.
Dostum dedi:
– Bu kişini yadında saxla, bir gün o, sənin də qapını döyə bilər.
Onun dediklərindən bir şey anlamadığımı görən dostum söhbətinə davam etdi:
– Bilirəm qəribə adamlar haqqında olan söhbətlərin, maraqlı əhvalatların ölüsüsən. Bu
kişinin əsl adı Niyazdır, burada hamı ona "Şər Nizi" deyir.
Gülümsədim. Dostum yerini rahatlayıb dilləndi:
– Niyaz uşaqlıqdan indiyəcən həmişə bu balaca şəhərdə yaşayıb. Beş-altı yaşından
atadan yetim qalıb. Anası çox davakar, qarayaxa bir qadınmış, bir neçə il bundan əvvəl
ölüb. Arvadın adı "Kübra" imiş, dalda hamı ona "Kobra" deyirmiş. Evləri lap köhnədən
şəhər bazarının arxasındadır.
Atasından ona heç nə qalmadığı üçün və məktəbdə xadimə işləyən anası ilə çox kasıb
yaşadıqlarına görə uşaqlıqda Niyazın günü bazarda sülənməkdə keçib.
Niyaz elədiklərini danışmaqdan utanan adam deyil. Hərdən özü də özünə "Şər Nizi"
deyir. O, mənə danışıb ki, on bir-on iki yaşı olanda bir dəfə onu bazarda meyvə
oğurluğu üstə meyvəsatanlardan biri döyür.
Onun qıy-qışqırığına bazarın sahə milisi Lazım özünü yetirir və zərərçəkənlə onu döyəni
milis məntəqəsinə aparır. Sahə milisi içəridə meyvəsatanı xuliqanlıqda ittiham etməyə
başlayır və işi böyüdüb onun haqqında cinayət işi başladacağını eşitdirir.
Meyvəsatan nə qədər günahı Niyazın üstünə yıxmaq istəsə də, xeyri olmur.
İzahat yazmaqdan ötrü qələm-kağız ortaya gələndə kişi əllərini yuxarı qaldırır. Müqəssir
ilişdiyini görüb, bağışlanmasından ötrü yalvarmağa başlayır. Sonra sahə milisiylə
meyvəsatan arasındakı xısınlaşmadan balaca Niyaz bir şey anlamır.
Nəhayət sahə milisi meyvəsatanı özü dediyi kimi «cərimə edib» irişə-irişə yola salır və
həmin «cərimədən» Niyazın cibinə şax bir onluq basır.
Hətta bazarın ağzındakı çayxanadan bir çaynik çay gətirdir və Niyazın stəkanına
xoruzquyruğu çayı özü süzüb əlini onun kürəyinə vuraraq deyir:
– Nizi bala, rahatca çayını iç. Nə qədər ki, Lazım əmin bu bazarda uçaskovudur, bir
köpəyoğlunu lülüşünə alma. Kefin nə istəyir, onu da elə. Sən kişi oğlansan!
Sahə milisi papirosunu tüstülədə-tüstülədə Niyazın anasını bir qeyrətli-namuslu qadın
kimi o ki var tərifləyir…
Dostum Şaiq söhbətinin bu yerində pıqqıldayıb güldü:
– Bu əhvalatı Şər Nizi təxminən bir ay bundan qabaq mənə danışıb. Söhbətin bu
hissəsində o, deyirdi:
– İndiki ağlımnan düşünürəm ki, o vaxt uçaskovu Lazım anamın qeyrətindən –
namusundan dəm vuranda tamam boşboğazlıq edirmiş. Çünki, anam namusunu
qorumaqdan ötrü xüsusi səy göstərmirdi, sadəcə heç kəs qorxusundan ürək eləyib ona
yaxın düşmək istəmirdi. Neynirdilər o qancığı…
Dostum Şaiq əllərimi çənəmə söykəyib huş-guşla ona qulaq asdığımı görüb dedi:
– Sən yeməyini ye, söhbətim uzundu.
– Yeyirəm- deyib əlimi süfrəyə uzatdım.
– Hə- dostum söhbətinə davam etdi – uçaskovu Lazım Niyazı qapıdan ötürəndə onun
qulağına pıçıldayır:
– Apar pulu ver anana, sabah yox, birisigün bu vaxt gələrsən yanıma, səninlə işim
olacaq.
Niyaz niyə sabah yox, məhz birisigün gəlməyin mənasını yekələndən sonra başa düşür.
Uçaskovu Lazım demək istəyirmiş ki, işin ağını çıxartmaq olmaz.
Niyaz şellənə-şellənə gəlir anasının yanına. Döyüldüyünü anasına deyəndə Kübra
doğrudan da kobra kimi başını uzandığı dəmir çarpayıdan qaldırıb oğluna baxır. Oğlu
bilir ki, bu dəqiqə anası tumanının balağını çırmayıb cumacaq onu döyənin üstünə. Odur
ki, tezcənə deyir:
– Ana, uçaskovu Lazım əmi məni döyənin sıxıb suyunu çıxartdı.
Kübranın gözlərindən çınqı çıxır:
– Döyülən ki sənsən!
Niyaz cibindən şax onluğu çıxarıb anasına uzadır:
– Bu pulu Lazım əmi verdi.
Arvad onluğu görüb yumşalır və pulu xışıldada-xışıldada soruşur:
– Lazım hansıdır, o gombul, qırmızısifət kişi?
Niyaz bic-bic gülür:
– Hə…
Arvad daha dinməsə də, Niyaz hiss edir ki, o, oğlundan razı qalıb.
Niyaz Lazımın sözündən çıxmır, birisigün alverin şıdırığı vaxtı bazara girir, ancaq birbaşa
uçaskovunun yanına getmir. On-on beş gün əvvəl çırpışdırdığı bir camış böyrəyi üstə
ona solaxay şillə ilişdirmiş qəssab Babaşın dükanının qarşısında əllərini belinə qoyub
forslu-forslu dayanır və qəssaba tərs-tərs baxır. Qəssab Niyaza çımxırır:
– Müştərilərin gələn vaxtıdır , dükanın qabağını kəsmə, itil burdan!
Niyaz himə bənd imiş kimi xoruzlanır:
– Harda duraram özüm bilərəm, dədənin bazarıdır? Çox elə səndən ət alan var, hamı
bilir ki, dana əti adına balağ ətini itələyirsən camaata.
Qəssab piştaxtanın arxasından çıxıb Niyaza sarı götürüləndə uçaskovu Lazım peyda
olur.
Niyaz onun zəhmindən və gözünü ağartmasından qorxub aradan çıxır. Ancaq bazarın
çölündə bir qədər hərlənib-fırlanandan sonra həmin gün uçaskovu Lazımın yanına
getməli olduğunun vacibliyini düşünüb, onun kabinetinin yerləşdiyi binaya üz tutur.
Niyaz uçaskovunun qapısını döyüb içəri girəndə orada tamam başqa Lazımı görür.
Uçaskovu Lazım dönüb olur «Lazım əmi».
– Lazım əmi, – Niyaz dillənir…
Uçaskovu Lazım onun sözünü ağzında qoyur:
– Nizi, bala, yaxşı-yaxşı yadında saxla: hər adama ilişmə, başın ağrıyar. Qəssab Babaş
pis oğlan deyil, özün görəcəksən. Günortaya qədər bazarda hərlən (Yəni gör kimə ilişə
bilirsən), günortadan sonra gedərsən onun yanına, ədəblə salam verərsən, o da sənin
könlünü görəcək.
O gün Niyaz günortayacan üç-dörd dəfə cəhd eləsə də, özünü döydürə bilmir.
Axşamüstü qəssab Babaşın yanına gedir, uçaskovu Lazımın öyrətdiyi kimi ədəblə salam
verir, hətta qəssabın kefini də soruşur.
Qəssab Babaş qan ləkələri qurumuş kağız bükülüsünü ona uzadıb deyir:
– Malın qara ciyərinin yaxşı yerindəndir. Yarım kilodan artıqdır. Apar ananla yavanlıq
elə.
Evdə anası Niyazı gülərüzlə qarşılayır. Axşam ana-bala ciyər qovurması yeyirlər. Ertəsi
gün Niyaz uçaskovu Lazımın yanına gələndə Lazım əmi ona deyir:
– Bazarda bir nəfər çox yağlanıb, onun yağını əritmək lazımdır.
İndi mən düşüb bazarı gəzəcəyəm. Sən də gendən mənə göz qoy! Hansı satıcının
qarşısında ayaq saxlayıb əlimi cibimə salsam, bil ki, dediyim odur.
Uçaskovu Lazım yandırdığı papirosuna dəm verib Niyazın saçını sığallayır:
– Onun böyür-başına hərlən, elə elə ki, sənə acıqlı bir söz desin. O saat onun yeddi arxa
dönənini söy-yamanla. Dalısıynan işin yoxdu. Kişiliyi çatır, qoy sənə əl qaldırsın?! Bu
dəfə sənə yaxşı pul verəcəyəm. Get, işində ol!
Niyaz işini bilib adamını tanıyandan sonra hücuma keçir. Əvvəlcə hərifin satdığı
kişmişdən ovuclayıb tum kimi bir-bir ağzına ata-ata piştaxtanın qabağında var-gəl
etməyə başlayır. Satıcının ona baş qoşmadığını görüb daha da həyasızlaşır.
Qoz kisəsindən bir neçə qoz götürüb yerə atır və balaca toplarla oynayırmış kimi ayağı
ilə qozların hərəsini bir yana vurur.
Sataşılan özündən çıxır. Söyüşmə başlanır. O, Niyazı söyür, Niyaz ona ağzına gələni
deyir, axırda qızışan meyvəsatan Niyazı ayağının altına salır, vur ki vurasan. Harayçılar
birtəhər Niyazı onun əlindən alırlar. Ağzı-burnu qanamış Niyaz nə qədər ətrafa baxırsa,
uçaskovu Lazımı görə bilmir.
Anasından və uçaskovu Lazımdan başqa üstünə getməli bir adamı olmayan Niyaz
ağlaya-ağlaya evə gəlir.
Anası onu görüncə vay-şivən qoparır:
– De görüm, kim döyüb səni, Nizi, kim?
Niyaz zarıya-zarıya cavab verir:
– Mən bilmirəm, ana, Lazım əmi bilir.
Uçaskovu Lazımın adını eşidən Kübranın köpü yatır. Oğlunun özünü qəsdən
döydürdüyünü başa düşüb su dalınca gedir və qayıdıb bir əlilə aftafadan su töküb o biri
əlilə Niyazın üzünün qanını yuyur. Sonra uşağı çarpayıya uzadır, ancaq Niyazın sızıltısı
kəsmir.
Kübra oğlunun çox döyüldüyünü görüb oturduğu yerdə əllərini dizinə çırpıb və
«Qarabaxt yetim balam!», «Allah səni niyə bu günə qoydu?» deyə-deyə hönkürür.
Niyaz anasına təskinlik verir:
– Ana, ağlama, Lazım əmi deyirdi bu dəfə sənə çox pul verəcəm.
Elə bu vaxt uçaskovu Lazım Niyazigilin qapısını döyüb içəri girir. Onu görən ana-bala
ürəklənir.
Kübra yarıgiley, yarışikayət dillənir:
– Ay Lazım qardaş, gör bu yetimi nə hala salıblar? Al qan içində idi. Balamın qanını öz
əllərimlə yumuşam. Döyülməkdən üzü-gözü, bədəni qançır olub.
Uçaskovu Lazım fışıldayır:
– Məni rəis çağırmışdı. Bazarda olmadığımı görüb uşağı döyüblər. Ürəyinə salma , Kübra
bacı, bu saat gedib o oğraşın boğazını üzəcəyəm.
O, Niyazın köynəyini yuxarı çırmayıb diqqətlə onun bədəninin qaralmış, sıyrılmış yerlərini
gözdən keçirir, uşağın şişmiş üzünü əliylə yoxlayır və dərin xəsarət almadığına əmin
olandan sonra deyir:
– Kübra bacı, heç narahat olma, mən görüb-götürmüş adamam, Nizi balada qorxulu bir
şey yoxdur. İndi gedib o düdüyün dərsini verərəm. Axşamüstü də gəlib uşağa baş
çəkəcəyəm.
Doğrudan da axşamüstü uçaskovu Lazım gəlib çıxır və irəli çıxmış qarnının üstündə tuta-
tuta gətirdiyi dolu sarı kağız torbanı Kübraya uzadır.
Kübra torbanı mətbəxə qoyub qayıdanda uçaskovu Lazımı Niyazın başını sığallayan,
oğlunu isə əlində tutduğu qırmızı onluqları səliqə ilə üst-üstə qoyub çinləyən görür.
Bu əhvalatdan sonra Niyazın döyülməkdən gözü qorxur. Çünki, təpik dəymiş böyrü xeyli
müddət ağrıyır.
Anası da ona bərk-bərk tapşırır:
– Bala, o qırmızısifət porsuq nə deyir desin, quyruq ələ verib özünü çox döydürmə. Bir
şillə vurulan kimi aradan çıx.
Onsuzda bazarda daha Niyaza baş qoşan olmur. Rayon yeridir, bir hadisə olan kimi hamı
xəbər tutur. Niyazın işləkləri aləmə bəlli olandan sonra kimdi ona yaxın düşən?! Amma
onun adına ayama qoşulur: «Şər Nizi»
Şər Nizidən xeyir gəlməsə də , uçaskovu Lazım arada bir-iki dəfə onun başını sığallayıb
cibinə üçdən-beşdən dürtür. Uşaqsa bazarda başını girləməkdə davam edir.
Onun xatasından yaxa qurtarmaq üçün biri Şər Nizinin qılığına girir, biri ona xırda-para
pay verib canını qurtarır, başqası bu vələduzinanı söyməklə hirsini soyudur, bir ayrısı
anasının üstünə şikayətə gedir… əlqərəz heç kəsin ona çırtması dəymir.
Həmin ilin yayında qazanc yiyəsi olmaqdan ötrü ora-bura vurnuxan Şər Nizi bazarda
alver etmək fikrinə düşür. Ürəyindən keçəni anasına bildirəndə anası «Hələ uşaqsan!»
deyib onun ağzından vurur. Ancaq oğlunun qırsaqqız olub əl çəkmədiyini görəndə
yumşalır və oğluna deyir:
– A bala, axı təkcə mənim razı olmağımla iş bitmir. Əlimizdə bir qəpik mayamız yoxdur.
Puldan ötrü kimin üstünə gedək?
Kübra bir neçə gün baş sındırdıqdan sonra oğlunu səhər erkən rayon mərkəzindən beş-
altı kilometr aralı kənddə yaşayan qoca dayısının üstünə göndərir.
Kübranın dayısı bacısının törəməsinin fikrini öyrənən kimi bağını ona göstərib dillənir:
– Həyətdə meyvələri quşlar basıb yeyir. Bir özüməm, bir də qarım. Əlimdən tutan
yoxdur. Döşünə döyən oğulsansa, yığ bu mer-meyvəni, çək bazara. Həm sən bir şey
qazan, həm də bizə «görüm-baxım» elə. Arabam da var, uzunqulağım da.
Arabanı qoşaram uzunqulağa, verərəm sənin ixtiyarına.
Qocanın sözlərini eşidən Niyazın uçmağa qanadı olmur. Tez bağdan meyvə yığmağa
girişir. İki səbət, üç-dörd yeşik, beş-altı torba meyvə yığılınca, araba uzunqulağa
qoşulunca və yük yerbəyer edilincə axşamüstü olur.
Şər Nizi anasının dayısı ilə süfrəyə əyləşir, qarnını bərkitdikdən sonra arabaya atılıb
uzunqulağı çubuqlaya-çubuqlaya yola düşür.
Şər Nizi araba sürməyin çəmini az-maz bilirmiş, çünki o zamanlar yolda-izdə at arabası,
eşşək arabası çox olardı. Hətta bir dəfə o, mindiyi arabada yüyəni əlində tutub atı qamçı
ilə dəhmərləmişdi də.
Doğru deyirlərmiş ki, eşşəyi sürmək atı sürməkdən çətindir.
Yolun tən yarısında axşamın düşdüyünü görən Şər Nizi əlindəki söyüd çubuğu ilə
uzunqulağın tənbəl yerişinə haram qatmaqdan ötrü onun belindən zol çıxartmağa
başlayır. Eşşək ki eşşək, çala-çuxura düşəndə nə təhər təntiyirsə, arabanı aşırır və uşaq
qalır arabanın altında.
Təkərləri havada fırlanan araba Şər Nizini düşdüyü yerdə torpağa sıxmasa da o, heç cür
arabanın altından çıxa bilmir.
Bədbəxt oğlu nə qədər hay-haray salırsa, ağlayıb-sıtqayırsa, səsinə səs verən olmur.
Getdikcə sıxlaşan qaranlıq onu vahimələndirir.
Çaqqallar ulaşmağa başlayanda yazığın lap bağrı yarılır. Canının hayında olan zərəydidə
zarıya-zarıya yolun gələn və gedən tərəfinə baxa-baxa göydən Allahın bir zənbil
endirəcəyini gözləyir. Arabanı qaytarıb təkərləri üstə qoya bilməyəcəyini gözünün altına
alan uzunqulaqsa peşiman-peşiman susur.
Birdən uzaqda görünən maşın işığı Şər Nizinin ağlını üstünə gətirir. O, ürəklənib maşının
yaxınlaşmasını gözləyir. Araba düz torpaq yolun üstündə aşdığına görə maşındakı
mütləq onu görməli idi.
Yaxınlaşıb dayanan maşının işığı çevrilmiş arabanın taxta barmaqlıqları arasından baxan
Şər Nizinin ağlamsınan üzünə vurur. «Qaz-51»in kabinəsindən düşən iki kişi arabaya sarı
gəlir və səs eşidirlər:
– Ay əmi, ay dayı, kömək edin, araba aşıb altında qalmışam.
İşıq kişilərin arxasından düşdüyünə görə onların üzünü ayırd etmək çətinmiş.
Kişilərdən biri dörd-beş metr aralıda çömbəlib zəndlə arabanın altına baxdıqdan sonra
ayağa durur və yoldaşına deyir:
– Qancıq Kübranın oğlu Şər Nizidir. Gəl, gedək, qoy bu bicbala burda qalıb qurda-quşa
yem olsun. Allah yaxşı bilir neynir.
Kişilər cəld maşına minirlər. Sürücü maşını necə tərpədirsə, maşının banında hürkmüş
balaqların böyürtüsü eşidilir. Möhkəm qaz verilmiş maşının səsi Şər Nizinin qıy-qışqırığını
eşidilməz edir.
O, danışan kişini səsindən tanıyır – bu, qəssab Babaş imiş.
Dostum Şaiq nəfəsini dərib gülə-gülə dedi:
– Əcəb səni qonaq elədim. İmkan vermirəm, yeməyini rahat yeyəsən.
– Bu istidə yemək olur ki? - mən dilləndim.
O, içib boşaltdığım bokala yenidən soyuq mineral su ilə süzə-süzə danışdığı əhvalatı
bitirdi:
– Əlbəttə, həmən gecə Şər Nizi qurd-quşa yem olmur, qəzadan canını qurtarır. Amma,
həlləm-qəlləm işlərindən bu gün də əl çəkməyib.
Mən dostuma söz atdım:
– Yəqin o, arabir sənin də işinə yarayır.
Dostumla aramız açıq olduğuna görə o, həqiqəti gizlətmədi:
– Xəbərin istisini xəbərçilər gətirir.
Mən eyhamı anladım və saata baxdım.
– Artıq getmək vaxtıdır, - dedim.
Dostum Şaiq ilə ayrılandan təxminən üç həftə sonra bir əhvalat baş verdi.
İdarəmizdə iş təzəcə başlamışdı. Giriş qapısındakı polis telefonla xəbər verdi ki, bir qoca
kişi təcili mənimlə görüşmək istəyir, guya dövlət əhəmiyyətli mühüm bir xəbər verəcək
mənə.
Mühüm xəbərin bizim işlə bağlı olduğunu düşünüb, qocanın yanıma buraxılmasını
tapşırdım.
Qoca qapımdan içəri girən kimi dərhal onu tanıdım. Bu, Şər Nizi idi.
Salamlaşdıqdan sonra mən ona əyləşməyi təklif etdim. O, oturmadı. Vəzifəli adamların
qəbullarında çox olmaqdan sürtülmüş adam kimi özünü tam sərbəst aparan Şər Nizi ani
olaraq mənə zənn ilə baxdı, sonra isə kabineti gözdən keçirib ərklə dedi:
– Əvvəlcədən bilmək istəyirəm : Mən sözümü siz müəllimə deyəcəyəm, yoxsa divara?
Onun qabaqdangəlmişlik eləməyi məni açmadı, hətta xətrimə dəydi:
– Siz sözünüzü deyin, yerinə çatacaq.
Buzumun əriməməyi onun şaxını sındırdı. O, irişdi:
– Adım Niyazdır. Şaiq müəllimdən sizə salam var.
Laqeyd-laqeyd cavab verdim:
– Əleyküməssalam!
O:
– Düzü, məndə dövlət əhəmiyyətli heç bir mühüm xəbər-filan yoxdur. Şaiq müəllimin
dostu olduğunuzu bildiyim üçün gəldim ki, sizdən bir az cibxərcliyi alım, – dedi.
Onu sancdım:
- Hesab edin ki, sözünüzü divara demisiniz.
O, bir az da sərbəstləşdi və yenə də irişə-irişə:
- Beş-on manata görə xahiş edirəm mənimlə acı danışmayın.
Şər Nizinin ovcuna tez nə isə basıb başımdan rədd eləmək istədim, hətta əlimi cibimə də
saldım. Ancaq sürtüyün istəyinə belə asanca çatması məni fikrimdən daşındırdı.
- Başqa sözünüz yoxdursa, gedə bilərsiniz - dedim.
O, halını pozmadan qapıya üz tutdu və əlini qapının dəstəyinə atanda çevrilib dilləndi:
- Mənə cibxərcliyi vermirsiniz verməyin. Onsuzda gedib sizin adınızdan Şaiq müəllimdən
bir şey qopardacağam.
Şər Nizi qapıdan çıxdı. Telefonun dəstəyinə əl atdım. İstədim Şaiqə zəng
edib əhvalatı ona danışam, ancaq bunun yersiz olduğunu, dostumun onu məndən yaxşı
tanıdığını düşünüb dəstəyi yerinə qoydum.
Börüsoy
Rəssam Nadirin qapısı döyüldü. Nadir yarıya qədər çəkdiyi siqaretini konserv
qutusundan düzəltdiyi külqabıya qoyub cınqırını çıxarmadan qapıya sarı getdi.
Taxta qapı təzədən döyüldü və çöldən Börüsoyun səsi gəldi:
– Nadir! Nadir!
Nadir Baksovetin qarşısındakı Mirzəbəyovun beşmərtəbəli binasının mansardında
yerləşən emalatxanasına hələ gözlüklü-zadlı ala-babat bir dəmir qapı qoydura
bilməmişdi.
Bu, biçarənin yaralı yeriydi. Ələngə qapıya nə etibar?!
Həmişə xoflanırdı ki, günlərin birində gəlib onun nəyi var silib-süpürüb aparacaqlar. Ona
görə də havalar xoş olanda gecəsi-gündüzü emalatxanada keçirdi.
Nadirə mərhəm olanlar bilirdi ki, Nadirin qapısını döyüb səs çıxarmasan, qapını açan
deyil.
Çünki bəzi yaramaz tanışları Nadirin üzüyumşaqlığından istifadə edib hərdən onun
yanında sallanıb otururdular və onu işindən-gücündən eləyirdilər.
Börüsoy havayı «Nadir, Nadir» demirdi.
Nadirin əvvəlcə qapını açmağa həvəsi olmadı. Çünki, o, Börüsoyun bivec, əlindən bir iş
gələn olmadığını yaxşı bilirdi.
Həm də onun naqqallığı Nadiri açmırdı. Bilirdi ki, Börüsoy danışıb-danışıb qəfildən peyda
olduğu kimi qəfildən də qeyb olub gedəcək.
Ayrı-ayrı siyasətçilər adını siyasətçi qoyan Börüsoyun tez-tez saqqızını oğurlayıb özlərinə
qoşurdular.
O, gah millətçi olurdu, gah sosial-demokrat, gah da respublikaçı. Amma, Börüsoy çox
saf adamdı.
Qapı bu dəfə daha əsəbi döyüldü. Və Börüsoy dörd dəfə Nadiri çağırdı.
Nadir sanki amanabənd qapısının yerindən çıxacağından qorxub «Hə, hə, gəlirəm» dedi.
Qapı Börüsoyun üzünə açıldı. Qonaq həmişəki kimi Nadirlə bərk-bərk qucaqlaşıb öpüşdü.
– Yatmışdın? – soruşdu Börüsoy.
– Yox, içəri otaqdaydım – Nadir mızıldandı.
– Səhərdən iki dəfə gəlmişəm, səni yerində tapmamışam.
Nadir ağızucu dedi:
– Ola bilər…
– İstəyirəm sənə xeyir verim.
– Nə xeyir?
– Ayın onikisi mitinqimizdir.
– Mitinqdə çıxış edim? - Nadir rişxəndlə güldü.
– Yoox! – Eynəyini düzəldən Börüsoyun üzü durulaşdı - Sənə başqa işimiz düşüb.
Nadir ürəyində dedi: «Kopoyoğlu düzünəgulu adamdı də, atmacanı da başa düşmür».
– Təcili Bozqurdun dördün beşə (yəni 4 metrin – 5 metrə) portretini işləməlisən.
O, nimdaş qara çantasını eşələyib oradan çıxartdığı bozqurdun şəklini stolun üstünə
qoydu.
Nadir Börüsoyun təklifini ciddi qəbul eləmədi.
– Börüsoy, başqa söhbət elə!
Börüsoy alındı.
– Nadir, məsələ ciddidir. Mitinqin təşkilat komitəsində portreti çəkdirməyi mən boynuma
götürmüşəm. Yaxşı pul verəcəklər.
Pul adını eşidən Nadir səksəndi. O, bayaq konserv qutusundan olan külqabıya qoyduğu
tüstülənən siqaretini götürüb dərin bir qullab vurdu:
– Axı, o boyda portreti onikisinə çatdırmaq olmaz. Arada altıca gün var.
– Nazimlə Ağayarı da qoşarsan işə!
Nazim Nadirin qardaşı, Ağayar oğlu idi, hər ikisi rəssamdı. Börüsoy onları yaxşı tanıyırdı.
– Nə qədər verirlər?
– Üç paçka.
Nadir dərhal üç paçkanı, yəni üç milyon manatı dollara çevirdi, təxminin 600 dollardan
bir qədər artıq…
– Dəfdi ki…
Rəssam Nefçalada doğulduğu üçün o tərəflərdə «çox yaxşı» mənasında işlənən bu
sözdən başqa söz tapa bilmədi və çəkib kötüyünə çatdığı siqaretinin oduna təzə siqaret
yandırdı.
– Beh verirlər?
Börüsoy ərklə:
– Beh mənim sözümdü.
– Heç olmasa qabaqcadan rəngin, xolstun (kətanın) pulunu versinlər.
– Qardaş, materialı sənə nisyə verirlər, bilirəm. İyirmi ilin sənətkarısan, satıcılar hamısı
səni yaxşı tanıyır. Puldansa arxayın ol, başımla cavabdehəm.
– Börüsoy, neynirəm sənin yelbeyin başını?
- Bir gün mənim də başıma pul kəsərlər, onda bilərsən lələşinin kəlləsinin qiymətini.
Börüsoy hakimiyyət iddiasında pörşələnən müxalifətdə olduğuna işarə edirdi. Ancaq bu
sözün Nadir üçün bir qara qəpik qədər qiyməti yoxdu. O, bilirdi ki, Börüsoy öz
partiyasında mininci dərəcəli adamdır.
– Yaxşı, bəs pulu haçan verəcəklər?
– Portreti təhvil alandan bir gün sonra özüm öz əlimlə pulları sayıb qoyacağam ovcuna.
– Birdən verməsələr?
– Ürəyini buz kimi saxla!
Nadir bilirdi ki, bu sözlər Börüsoyun ağzından elə-belə çıxmır. O, haqq-hesabda düz
adamdır, görünür kiməsə arxayındır.
– Yaxşı, - Nadir stolun üstündən götürdüyü bozqurdun şəklinə baxa-baxa dilləndi -
görək neynirik.
12-si, allah qoysa, gəlib portreti evdən apararsan.
Börüsoy Nadirin qardaşı Nazimlə Biləcəridə bir həyətdə şərik tikdirdiyi evdə iki-üç dəfə
olmuşdu.
– Bozqurdun portreti 12-si saat üçə qədər «20 yanvar» metrosunun qabağına
çatdırılmalıdır, tapşırıq belədir. «Qələbə» kinoteatrına qədər portret əldə aparılacaq.
Börüsoy çox vacib adam kimi vaxt itirmədən rəssam dostu ilə sağollaşıb getdi.
Nadir üçüncü siqaretini yandırdı və təzədən şəkkə düşdü.
Bəlkə heç Börüsoyun sifarişini götürməyəydi? Bəlkə özünü işə salıb? Börüsoy işi
yarıtmasa, bunun günü qara olacaq. Nazim deyingənin biridir, axşam da pulu soruşacaq,
səhər də, günorta da.
Ancaq bir məsələ var ki, bu saat özü də, oğlu da, qardaşı da boşbekardılar. Sifariş
gəlmir. Əşşi, cəhənnəmə, bekar qalmaqdansa, havayı işləmək yaxşıdır.
Heç olmasa, işləyəndə başın üstündə olur. Qara-qura fikirləri götür-qoy etməkdən
beynin qaynamır. Həm də plakat janrında çəkmək elə çətin deyil.
Nadir ürəyində plan cızdı: bu dəqiqə o, emalatxanadan çıxıb tanış mağazadan lazımı
qədər nisyə kətan götürür və fitilləyir düz Biləcəriyə…
Evdəki rənglər bu portretə çatar. Çərçivəlik taxta da olmalıdır həyətdə. Altı günə 600
dollar. Zırıltı puldur!
Nadir tanış mağazadan xaltura iş hesab etdiyi bozqurdun portreti üçün əsil kətan
əvəzinə ucuz Türkiyə bezi götürdü və özünü evə çatdırdı. İki qardaş, bir oğul evlərinin
həyətində dar günbatan çağına qədər bozqurdun portreti üçün çərçivə hazırladılar,
kətanı çərçivəyə bərkitdilər.
Bozqurdun başını çəkməkdən ötrü ayaqaltı kimi istifadə ediləcək taxta çəlləyi də hasarın
dibindən diyirlədib evin qarşısına gətirdilər. Sabah obaşdan işə başlayacaqdılar.
Səhər erkən acqarına dəstgah başlandı. Nadir bozqurdun Börüsoy verən kiçik şəklinə
baxa-baxa karandaşla ağzını göyə tutub ulayan heyvanın ümumi cizgilərini cızırdı.
Şərtləşdikləri kimi Nadir bozqurdun başını çəkəcəkdi, Nazim libasını geyindirəcəkdi,
Ağayar isə quyruq işinə baxacaqdı. Portret iri olduğu üçün hər üçünə işləməyə yer
vardı.
İki ildi onlar ortaq işləyirdilər. Həmişə əsas ağırlıq Nadirə düşürdü.
Çünki, ən vacib məsələ portretin üzüdür.
Qalan işlər də vacibdir, amma üz qədər yox. Axır vaxtlar Bakıda dəb düşmüşdü, imkanlı
adamlar ya özləri, ya da onların adamları şeflərinin portretini çəkdirirdilər.
Ona görə də o, çəkdiklərini azacıq da olsa, özü demişkən, qəşəngləşdirirdi.
Məsələn, burnun donqarını bir qədər hamarlayırdı, məşşatə kimi qalın qaşları alırdı, qara
dərinin rəngini açırdı, şəklənmiş qulaqları yerinə qaytarırdı, biz-biz bığlara tumar çəkirdi.
Bu işləri görüb qurtarandan sonra Nazimə deyirdi:
– Hə, kostyumunu geyindir!
Nazim sol əliylə uzun, cod saqqalını tumarlaya-tumarlaya bütün portretlərə
«parlamentski» kostyum geyindirib öz sözüylə desək, onların yaxalarını «originalnı»
düymələrlə düymələyirdi. Əlbəttə, köynək son rəsmi dəbdə, qalstuk «prezidentski»
olmalıydı.
Axırda növbə çatırdı oğula. O, şəklə şuxluq gətirirdi, yəni portreti laklayırdı.
Bozqurdun portreti üzərində iş pis getmirdi. Hər üç rəssam işi vaxtında başa
çatdıracaqlarına əmindilər.
İşini bərk tutan Börüsoy altı gündə iki dəfə Nadirgilə baş çəkdi. Onun narahatlığını sezən
Nadir tox görkəmlə hər dəfə ona deyirdi:
– Börüsoy, «Bozqurd» mitinqə gedəcək!
Mitinq günü «Bozqurd» mitinqə hazırdı. İki qardaş, bir oğul Börüsoyun yolunu
gözləyirdi.
Günortaya yaxındı, indiyə Börüsoy gələydi gərək. Əsər nəhəng olduğuna görə onu yola
salmaq tək adamın işi deyildi.
Hər üçü, xüsusən, Nadir çox tutqun görünürdü. Dünən axşamdan əsən xəzri hələ
səngiməmişdi. Belə havada bu boyda işi maşına qoyub aparmaq böyük riskdi.
Nadir siqaret çəkə-çəkə var-gəl edirdi. Nazim «Bozqurd»un özü çəkdiyi yerlərini gözdən
keçirirdi.
Ağayar balkonda çay içirdi və bir gözü yolda qalmışdı.
Onların evlərinə gələn çınqıllı yol açıqlıqda idi, yola bir toyuq çıxsaydı da, uzaqdan
görünürdü.
Yoldan arabir yük maşınları gəlib keçirdi. Amma, hələ Börüsoydan xəbər yoxdu. İri
qoşqulu «Kamaz» darvazanın qabağında dayananda bildilər ki, Börüsoy gəlib.
Börüsoy maşından düşüb darvazadan içəri girən kimi Nadir dilləndi:
– Qardaş, gecikmirsən?
Börüsoy şeşələndi:
– Buradan «20 yanvar» metrosuna uzağı 25 dəqiqəlik yoldur. Vaxtımız çoxdur.
– Belə küləkdə bu boyda şeyi tək apara bilməyəcəksən.
– Kəndir gətirmişəm, portreti möhkəm bağlayarıq.
Börüsoyun başçılığı ilə darvazanı açıb Bozqurdun portretini «Kamaz»ın banına qaldırdılar
və kəndirlə bir neçə yerdən yanlara bərkitməyə başladılar. Sürücü də onlara kömək
edirdi.
Kəndirin axırıncı düyününü vuranda ləhcəsindən əsil bakılı olduğu bilinən sürücü
Börüsoydan soruşdu:
– Əmiyoğu, bu şəkildəki itdü?
Börüsoy sürücüyə kəkələndi:
– Bu bozqurdun portretidir, bozqurdun. Bizim millət bozqurddan törəyib.
Sürücü xeyli təəccübləndi:
– Alə, bəs deyirdilər bəşər meymundan əmələ gəlib?
– Onu avropalılar deyib, onların əcdadı meymundur, bizimki bozqurd.
– Həri?
Börüsoy bakılı ləhcəsində kəsə cavab verdi: - Həri!
Sonra o, yolda portreti tutmaqdan ötrü «Kamaz»ın yük yerinə mindi.
«Kamaz» işə düşüb hərəkətə gəldi.
Maşın darvazadan aralananda bir əlilə portretdən tutan Börüsoy o biri əlini bir anlıq
rəssam qardaşlara və oğula yellətdi və yolda çala-çuxura düşüb silkələnən maşında
müvazinətini saxlaya bilməyib havada olan əlilə bortdan yapışdı.
Qardaşlar darvazanı bağlayıb həyətdə siqaretə dəm verdi. Ağayar isə yenidən balkona
çıxıb çayını təzələdi.
Küləyin daha da güclənməsi Nadiri heç açmırdı. Nazimlə söhbət etsə də, fikri küləkdə
idi.
Aradan beş dəqiqə keçərdi, ya keçməzdi, balkondan Ağayarın səsi gəldi:
– Dədə!
Nadir hövülləndi:
– Hə, hə?
– «Bozqurd» qayıdır.
– Nöşün, balam?
– Nə bilim.
İki qardaş, bir oğul darvazadan küçəyə atıldılar. «Kamaz» fısıldaya-fısıldaya onların
qənşərində xıxdı. Börüsoyun başı «Bozqurd»un cırılmış qarnından çıxmışdı.
Onun həmişə taxdığı minus üçyarımlıq eynəyi gözündə yoxdu.
Börüsoy ağlamsındı:
– Peşmançılıq oldu. Portreti külək əlimdən aldı, ilişib cırıldı, onu yaxşı bərkitməyibmişik.
Tez olun, kömək edin, «Bozqurd»u külək aparır, zorla saxlamışam.
Ağayar tez bana qalxdı. Köməkləşib portreti aşağı düşürtdülər. «Bozqurd» başından
qurşağına qədər, təxminən iki metrə qədər cırılmışdı. Elə bil şəkli ölçüb-biçib iti bıçaqla
dübbədüz kəsmişdilər.
Onlar portreti həyətə gətirib balkonun qabağında külək tutmayan yerə söykədilər.
Börüsoy başını bulayıb özünü söyürmüş kimi dedi:
– Sovxa eynəyim də düşüb sındı. Bu külək mənimçün əsirmiş.
Rəssamların matı-qutu qurumuşdu.
Börüsoy Börüsoy olmazdı axırda ümidli bir söz deməsəydi:
– Gələcəyəm, sözümüz sözdür! Mən tez özümü mitinqə çatdırım!
O, cavab gözləmədən darvazadan çıxdı və atılıb «Kamaz»ın kabinəsinə mindi. «Kamaz»
həyətdən aralanandan sonra Nazim əzvay-əzvay dilləndi:
– Bəxtəvər oğlu mitinqə prisepli «Kamaz»nan gedir.
Ertəsi gün Börüsoy Nadirin emalatxanasına gəldi. Cibindən iki əlli minlik çıxarıb stolun
üstünə qoydu və dedi:
– Nadir, portretin pulunu xırda-xırda verəcəyəm. Üzüm gəlmir ortada olmayan şeyin
pulunu partiyadan istəyim.
Nadir bunları mənə danışanda əhvalatın baş verdiyi gündən üç ay, doqquz gün
keçmişdi.
O, vaxtdan Börüsoydan xəbər çıxmırdı, yəqin pul tapa bilmədiyi üçün Nadirin üzünə
çıxmağa utanırdı.
|