Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Qarabağ məsələsi Azərbaycan Milli Azadlıq Hərəkatının katalizatoru kimi



Yüklə 12,01 Mb.
səhifə65/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   61   62   63   64   65   66   67   68   ...   201
Qarabağ məsələsi Azərbaycan Milli Azadlıq Hərəkatının katalizatoru kimi

Erməni separatizminin Azərbaycanda milli hissləri necə körüklədiyinin və Milli Azadlıq Hərəkatının katalizatoru rolunda çıxış etməsinin bəzi incəliklərini dərindən anlamaq üçün həmin dövrdə Ermənistanda və Dağlıq Qarabağda baş verən proseslərə xüsusi diqqət yetirmək çox önəmlidir.

Beləliklə, hələ 1987-ci ilin sonlarında Ermənistanda və Dağlıq Qarabağın əsasən ermənilərlə məskun hissələrində Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə həyata keçirilən kütləvi mitinqlərə və imza toplanması kampaniyasına başlanıldı ki, həmin aksiyaların təşkilatçılarının nəzərində sözügedən imzatoplama kampaniyası «xalq səs verməsi», başqa sözlə, «referendum» idi. Həmin ilin dekabr ayının birində Qarabağ ermənilərinin Moskvaya yollanan nümayəndələri, toplanan və müxtəlif mənbələrə görə sayı 70-80 min olan imza siyahılarını, eləcə də Qarabağ ermənilərinin «tələb»lərinin əks olunduğu məktubları Sov. İKP MK-nın qəbul şöbəsinə təqdim etdilər.

1988-ci ilin yanvar ayında Qarabağda aşağıdakı məzmunda vərəqələr yayıldı: «Vilayətin aparıcı müəssisələrində, kolxoz və sovxozlarda gündəliyinə Qarabağın ana vətənlə qovuşması məsələsi də daxil edilən ümumi partiya, həmkarlar və komsomol iclaslarının keçirilməsi vaxtı artıq yetişmişdir. Aşkarlıq və yenidənqurmanın ruhu bu məsələnin açıq və səmimi müzkirəsinə impuls verməlidir. Bu iclaslasların müvafiq möhürlərlə möhürlənmiş çıxarışları Sov. İKP MK-ya göndərilməlidir» (7 ).

Elə həmin ilin həmin ayındaca Moskvaya yazıçı-publisist Zori Balayanın təşkilatçılığı və İqor Muradyanın köməyi ilə yeni bir nümayəndə heyəti yola düşdü. Onlar özləri ilə Qarabağın tarixini, mədəniyyətini, iqtisadi durumunu və etnoqrafiyasını təhrif edən 84 «tarixi sənəd» götürmüşdülər. Nümayəndələr Sov. İKP MK-nın qəbul şöbəsinin müdiri A. Kripin, Sov. İKP MK üzvülüyünə namizəd P. Demiçev, eləcə də MK-nın millətlərarası münasibətlər şöbəsinin müdiri A. Mixaylov ilə görüşdülər. Daha bir nümayəndə heyəti isə fevralın əvvəllərində öncə A. Mixaylov, daha sonra isə SSRİ xarici işlər naziri A. Qromıko ilə görüşməyə nail oldular (11).

1988-ci ilin fevral ayının 13-də Xankəndində (Stepanakertdə) Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə kütləvi mitinq təşkil edildi. Onun təşkilatçılarından biri İ. Muradyan idi (8). Növbəti gün, yəni ayın 14-də isə Silva Kaputikyan Ermənistan yazıçılarının qurultayında Qarabağ ermənilərini dəstəkləyən nitqlə çıxış etdi (9).

Fevralın 16-da isə Xankəndinin mərkəzi meydanında düz martın 2-nə qədər davam edən fasiləsiz mitinqə start verildi. Buna qarşılıq fevralın 19-da azərbaycanlı tələbələr Bakıda ilk etiraz mitinq keçirdilər.

Ermənilər durmaq bilmirdilər. Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatlar Sovetinin 20 fevral tarixli növbədənkənar sessiyası keçirildi və erməni deputatlar Azərbaycan və Ermənistan respublikalarının rəhbərliklərinə müraciət edərək, onlar qarşısında vilayətin Azərbaycanın tərkibindən çıxardılaraq Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdılar. Elə həmin gün İrəvanda sözügedən məsələyə dəstək məqsədilə kütləvi mitinq keçirildi. Daha sonra isə muxtar vilayətin rəhbərliyi vilayətin Azərbaycan respublikasının tərkibindən çıxması barədə qərar qəbul etdi.

Bütün bu kimi addımlar Azərbaycanda vəziyyəti əməlli-başlı gərginləşdirməkdə idi. Gərginlik özünün ən yüksək nöqtəsinə Qafan rayonundan qovulan azərbaycanlıların Bakıya axışması səbəb oldu. Ölənlər haqqında məlumat olmasa da, qaçqınların əksəriyyətinin bədənlərində işkəncə izləri vardı (10).

Qaçqınlar Sumqait yaxınlığında yerləşən Fatmai və Saray kəndlərində yerləşdirildi. Elə bu da fevralın 27-28-i tarixlərində Sumqayıtda baş verən məlum hadisələrin meydana gəlməsinin əsas səbəblərdən biri oldu.

Martın 1-də Xankəndində (Strpanakertdə) erməniləri «Krunk» (Durna) adlı ictimayi-siyasi təşkilatı yaradıldı. Ona Xankəndi tikinti materialları kombinatının direktoru Arkadi Manuçarov başçılıq etməyə başladı. Təşkilatın ideologiya bölməsinə Xankəndi ipək fabrikinin partiya komitəsinin sədri Robert Koçaryan başçılıq edirdi. S. Şaumyan adına Xankəndi (Stepanakert) stadionunun direktoru Razmik Petrosyan isə «xalq drujinaları» yaratmaqdan məsul idi. Sonralar o, «Qarabağ könüllü özünü müdafiə dəstələri»nin qərargah rəisi oldu (10).

«Krunk» təşkilatının üzdə bəyan edilən məqsədləri guya bölgənin və onun Ermənistanla əlaqələrinin tarixinin öyrənilməsi, tarixi abidələrin bərpası idi. Əslində isə təşkilat öz üzərinə kütləvi tədbirlərin, o cümlədən tətillərin təşkilini və keçirilməsini götürmüşdü (2). Tom de Vaalın yazdığına görə, «Krunk» SSRİ tarixində tətillər təşkil edən və ondan siyasi təzyiq mexanizmi kimi istifadə edən ilk təşkilat olub (10). Sonralar bu vasitədən Bütün SSRİ-də, o cümlədən Bakıda da istifadə ediləcəkdi.

Ç. Sultanov yazır ki, sözügedən təşkilatın üzvləri tətildən siyasi təzyiq vasitəsi kimi 1988-ci ildə bir neçə dəfə istifadə etmişlər. Ən uzun tətillər martın 24-dən aprelin 5-nə, mayın 23-dən iyulun 24-nə, sentyabrın 12-dən oktyabrın 9-na, eləcə də noyabrın 14-dən dekabrın 7-nə qədər davam edən tətillər olub (7).

Əlbəttə ki, bu tətillər həm Azərbaycanın, həm də ümumilikdə SSRİ-nin iqtisadiyyatına ciddi ziyan vurmaqda idi. Odur ki, erməni separatçılarının arxasında bilavasitə sovet rəhbərliyinin, ilk növbədə də Qorbaçovun durduğu haqda Azərbaycanda geniş yayılmış fikir bizə inandırıcı görünmür. Üstəlik də, unutmayaq ki, Sov. İKP MK Qarabağ ermənilərinin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi barədə təklif və tələbini müsbət qarşılamamış və bunun qeyri-mümkünlüyü barədə qərar çıxarmışdı. «Krunk»un rəhbəri A. Manuçarovun, eləcə də «Qarabağ» Komitəsinin aparıcı simalarının sonralar SSRİ prokurorluğu tərəfindən həbs edilməsi və il yarım istintaq altında saxlanılması da belə düşünməyə əsas verir.

Azərbaycan SSR Ali Soveti 1988-ci il mart ayının 24-də «Krunkun» ləğv edilməsi barədə qərar qəbul etsə də, təşkilat buna əhəmiyyət verməmiş və fəaliyyətinə davam etmiş, mayın 8-də isə adını dəyişərək «Direktorlar şurası»na çevrilmiş və Qarabağ ermənilərinin separatçı hərəkatına rəhbərlik etmişdir (4).

Həmin dövrdə Ermənistanda Qarabağ ermənilərinə dəstək hərəkatı genişlənməkdə idi. İrəvanda «Qarabağ» Birləşmə Təşkilat Komitəsi yaradıldı. Onun liderləri məqsədlərinə çatmaq üçün hökumət və dövlət orqanlarına təzyiqləri artırmağa çağırırdılar. Məhz «Qarabağ» Komitəsi respublikada milliyyətçilik ideyasının əsas daşıyıcısı kimi çıxış edirdi. Toma de Vaalın yazdığına görə, bu təşkilat, demək olar ki, kommunist partiyasını bütünlüklə kölgədə qoymuşdu (10). Təşkilat üzvləri qətiyyən rus imperiyasına və ya sovet dövlətinə qarşı çıxmır, özünün mübarizə hədəfi kimi Azərbaycanı və azərbaycanlıları görürdü. Ən əsas hədəf isə Azərbaycan torpaqları, daha dəqiq desək, Qarabağ ərazisi hesabına Ermənistan ərazisini genişləndirmək idi.

İrəvanda və Ermənistanın digər şəhərlərində keçirilən mitinqlərdə Leninin və Qorbaçovun portretləri qaldırılır, aksiyalar «Lenin – Partiya – Qorbaçov» şüarları altında keçirilirdi. Çıxış edənlər Leninin milli siyasətindən danışır, sonda isə söhbəti, bir qayda olaraq, Qarabağın üzərinə gətirir, Qarabağın qədim erməni torpaqları olduğunu iddia edir və Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi tələbini irəli sürürdülər (5). Mitinqə qatılanların sayı hər keçən gün artırdı. Bəzi iddialara görə, fevralın 25-26-da iştirakçıların sayı 1 milyona çatmışdı (8). Fəqət bu rəqəmin ən azı iki dəfə şişirdilmiş olduğunu hesab edənlər də var (1).

M. Qorbaçov erməni separatizminin güclənməsindən, bunun Azərbaycanda qarşısı çox çətinliklə alınan reaksiyaya səbəb olmasından, daha doğrusu gələcəkdə böyük bir hərəkata gətirib çıxara biləcəyindən çox narahat idi və var gücü ilə erməniləri fikirlərindən daşındırmağa çalışırdı. Bu məqsədlə o, fevral ayının 28-də Kremldə Zori Balayan və Silviya Kaputikyanı qəbul etdi. Onları Qorbaçovun qəbuluna A. Yakovlev gətirmişdi (8).

A. Qraçovun yazdığına görə, M. Qorbaçov Qarabağda baş verənləri «arxadan zərbə» kimi xarakterizə edərək, bu kimi hadisələrin təhlükəli vəziyyət yaratdığını, azərbaycanlıları əks addım atmaqdan saxlamağın çətin olduğunu söylədi və bildirdi ki, ölkədə onlarla etnik qarşıdurma ocağı var və Qarabağda baş verənlər heç nədən çəkinməyən insanları düşünülməmiş addım atmağa vadar edə bilər. O, Qarabağın Ermənistana birləşdirilməsinin qeyri-mümkün olduğunu dedi və xəbərdarlıq etdi: «Azərbaycanda yaşayan erməniləri hansı taleyin gözləyə biləcəyini təsəvvür edirsinizmi? Orada onların sayı 500 mindir» (2). Sonra isə müsahiblərindən Ermənistana dönərək, əhalini sakit etmələrini onlardan xahiş etdi. Balayan və Kaputikyan onunla razılaşdılar və belə də edəcəklərinə söz verdilər (8).

Həmin gün Yerevanda, mitinqdə Qorbaçovun «Ermənistan və Azərbaycan zəhmətkeşlərinə və xalqlarına Müraciəti» oxundu. Mitinq iştirakçıları aksiyalara son qoymağa qərar verdilər (5.) , lakin ardınca Sumqayıt hadisələri baş verdi və vəziyyət daha da gərginləşdi. Sanki, gözəgörünməz bir əl aləmi qarışdırmaqda maraqlı idi.

Həmin dövrdə əslində nələrin baş verdiyini, M. Qorbaçovun sərgilədiyi mövqeni daha dərindən başa düşə bilməmiz baxımından Sov. İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələrinə həsr olunmuş gizli iclasının stenoqramından bir fraqment ilə (bəzi ixtisarlarla) tanış olmaq çox önəmlidir (6, s. 82-90):



Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin