Əl-Fatihə (Kitabı açan) surəsi (Məkkədə nazil olmuşdur, 7 ayədir)



Yüklə 3.09 Mb.
səhifə71/71
tarix19.06.2017
ölçüsü3.09 Mb.
1   ...   63   64   65   66   67   68   69   70   71

Bismillahir–rəhmanir-rəhim!





  1. And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);

  2. And olsun (günəşin) ardınca çıxan aya;

  3. And olsun onu (günəşi) parlaq edən gündüzə;

  4. And olsun onu (günəşi) örtən gecəyə;

  5. And olsun göyə və onu yaradana;

  6. And olsun yerə və onu döşəyənə;

  7. And olsun nəfsə və onu yaradana (ona biçim verənə);

  8. Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,

  9. Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!

  10. Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

  11. Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.

  12. Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman

  13. Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).

  14. Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.

  15. (Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)

.92.


əl-Leyl (Gecə) surəsi

(Məkkədə nazil olmuşdur, 21 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

  2. And olsun işıqlanmaqda olan gündüzə;

  3. And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

  4. Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

  5. Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

  6. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

  7. Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

  8. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

  9. Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

  10. Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

  11. (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

  12. Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

  13. Axirət də Bizim, dünya da Bizimdir!

  14. (Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

  15. Ora ancaq azğın (kafir) daxil olar.

  16. O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

  17. Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

  18. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

  19. O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

  20. O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

  21. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!

.93.

əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi

(Məkkədə nazil olmuşdur, 11 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. And olsun səhərə;

  2. And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,

  3. (Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.

  4. Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!

  5. Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!

  6. Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

  7. Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!

  8. Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!

  9. Elə isə yetimə zülm etmə!

  10. Dilənçini də (qapıdan) qovma!

  11. Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç!

.94.


əl-İnşirah (Açılma və ya Genişlənmə) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)

  2. Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)

  3. (Elə bir yük ki) sənin belini bükürdü.

  4. Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)

  5. Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)

  6. Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)

  7. (Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)

  8. Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !)

.95.


ət-Tin (Əncir) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. And olsun əncirə və zeytuna;

  2. And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına;

  3. And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki,

  4. Biz insanı ən gözəl biçimdə yaratdıq!

  5. Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!

  6. Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir.

  7. (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?!

  8. Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?!

.96.


əl-Ələq (Laxtalanmış qan) surəsi

(Məkkədə nazil olmuşdur, 19 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

  2. O, insanı laxtalanmış qandan yaratdı.

  3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

  4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

  5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

  6. Xeyr, insan azğınlıq edər,

  7. Özünün dövlətli olduğunu gördüyü üçün!

  8. Axı sənin axır dönüşün Rəbbinədir!

  9. Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

  10. Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?

  11. Bir de görək, əgər o doğru yoldadırsa,

  12. Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!

  13. (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,

  14. Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

  15. Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -

  16. Özü də yalançı, günahkar kəkilindən!

  17. Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!

  18. Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!

  19. Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!

.97.


əl-Qədr (Qədr gecəsi) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik!

  2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!

  3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! (O, ramazan ayının on doqquzuna, iyirmi birinə, iyirmi üçünə, iyirmi beşinə, bir rəvayətə görə isə iyirmi yeddisinə təsadüf edir).

  4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.

  5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)

.98.


əl-Bəyyinə (Açıq-aydın dəlil) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. Kitab əhlindən (yəhudilərdən və xaçpərəstlərdən) kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər (dinlərindən) ayrılan deyildilər.

  2. (Bu açıq-aşkar dəlil isə) pak səhifələri onlara oxuyan, Allah tərəfindən göndərilmiş peyğəmbərdir (Muhəmməd əleyhissəlamdır).

  3. O səhifələrdə doğru-dürüst hökmlər vardır.

  4. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (dində) ayrılığa düşdülər (onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şəkk-şübhə içində qaldı).

  5. Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!

  6. Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

  7. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.

  8. Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür!

.99.


əz-Zilzal (Zəlzələ) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman;

  2. Yer öz yükünü çıxardıb atacağı zaman;

  3. İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman -

  4. Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir -

  5. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!

  6. O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar).

  7. Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).

  8. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).

.100.


əl-Adiyat (Qaçan atlar) surəsi

(Məkkədə, bir rəvayətə görə isə Mədinədə nazil olmuşdur, 11 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara;

  2. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara;

  3. And olsun sübh çağı hücum edən atlara;

  4. And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara;

  5. Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki,

  6. İnsan öz Rəbbinə qarşı çox nankordur.

  7. Və o özü də buna şahiddir.

  8. Həqiqətən, insan var-dövlətə çox hərisdir!

  9. Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı;

  10. Ürəklərdə olanlar faş ediləcəyi zaman

  11. Həmin gün Rəbbi onları (özlərinin bütün əməllərindən) xəbərdar edəcəkdir (cəzalarını verəcəkdir)!

.101.

əz-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi

(Məkkədə nazil olmuşdur, 11 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. Ürəkləri dəhşətə salan qiyamət!

  2. Nədir qiyamət?!

  3. Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!

  4. O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);

  5. Dağlar isə didilmiş yun kimi olacaqdır!

  6. (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,

  7. (Cənnətdə) xoş güzəran içində olacaq!

  8. Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,

  9. Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!

  10. Sən nə bilirsən ki, o (Haviyə) nədir?!

  11. O çox qızmar bir atəşdir!

.102.

ət-Təkasur (Çoxluqla öyünmə) surəsi

(Məkkədə nazil olmuşdur, 8 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. (Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

  2. Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

  3. Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

  4. Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

  5. Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

  6. (Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

  7. Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

  8. Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

.103.


əl-Əsr (Axşam çağı) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,

  2. İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?

  3. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)

.104.

əl-Huməzə (Qeybətçi) surəsi

(Məkkədə nazil olmuşdur, 9 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!

  2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).

  3. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.

  4. Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!

  5. Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!

  6. O, Allahın yanar odudur.

  7. Elə bir od ki, ürəkləri yandırıb-yaxar.

  8. O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.

  9. Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!

.105.


əl-Fil (Fil) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!

  2. Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!

  3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.

  4. (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.

  5. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!

.106.

əl-Qüreyş (Qüreyş) surəsi

(Məkkədə nazil olmuşdur, 4 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə,

  2. Onlara qış və yay səfərini müyəssər edilməsi (qışda Yəməndə, yayda Şamda istirahət və ticarət edə bilmələri) xatirinə.

  3. Bu evin Rəbbinə (Kə’bənin sahibi Allaha) ibadət etsinlər!

  4. O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi.

.107.

əl-Maun (Zəkat) surəsi

(Məkkədə nazil olmuşdur, 7 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

  2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);

  3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

  4. Vay halına o namaz qılanların ki,

  5. Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);

  6. Onlar (namazlarında) riyakarlıq edər,

  7. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

.108.


əl-Kovsər (Kövsər) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol ne’mət, yaxud Qur’an, peyğəmbərlik) bəxş etdik!

  2. Ona görə də (bu ne’mətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

  3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)

.109.


əl-Kafirun (Kafirlər) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər! Sənə - bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!

  2. Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!

  3. Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!

  4. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!

  5. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!

  6. Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”

.110.


ən-Nəsr (Kömək) surəsi

(Məkkədə nazil olmuşdur, 3 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

  2. İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

  3. Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

.111.

Əbu-Ləhəb (Alov atası) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


  1. Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (Və ya: Əbu Ləhəbin əlləri qurusun, o ölsün!)

  2. (Qiyamət günü) ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı (və ya: oğul-uşağı).

  3. O, alovlu atəşə girəcəkdir.

  4. Onun odun daşıyan (Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən) övrəti də həmçinin!

  5. Onun (övrətinin) boğazında xurma lifindən hörülmüş ip (və ya: yetmiş arşın uzunluğunda zəncir) olacaqdır!

.112.


əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi

(Məkkədə nazil olmuşdur, 4 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);

  2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)

  3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)

  4. Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

.113.


əl-Fələq (Sübh) surəsi

(Məkkədə nazil olmuşdur, 5 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!

  2. Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;

  3. Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;

  4. (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;

  5. Və bir də paxıllığı tutanda paxılın şərindən!”

.114.


ən-Nas (İnsanlar) surəsi

(Məkkədə nazil olmuşdur, 6 ayədir)


Bismillahir–rəhmanir-rəhim!


  1. (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə;

  2. İnsanların ixtiyar sahibinə;

  3. İnsanların tanrısına;

  4. Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən-

  5. O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır,

  6. (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”



Поделитесь с Вашими друзьями:
1   ...   63   64   65   66   67   68   69   70   71


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə